Həyatla bağlı ilk təsəvvürü formalaşanda ən ülvi arzularından biri rəssam olmaq, dünyanı rənglərlə canlandırmaq idi. Erkən yaşlarından həvəskar rəssam marağı ilə çəkdiyi şəkillərdən bir neçəsi bu gün də qiymətli muzey eksponatıdır. Bu şəkillər onun rəssamlıq arzusunun fitri bir istedaddan qaynaqlandığını sərgiləsə də, tale sanki millətin nicatı naminə Heydər Əliyevi siyasət meydanına gətirdi. İncəsənətdən uzaq düşsə də, xəyallarını, təxəyyülünü, ürəyindən keçən istəkləri Azərbaycan böyüklükdə bir tablonun üzərinə köçürdü. Qurub-yaratdığı, müstəqilliyini yaşatdığı dövlətin timsalında xəyallarındakı ən nəcib arzuları gerçəkliyə qovuşdurdu…

 

Rənglərin dili ilə…

 

Xalqının qəlbində özü üçün ədəbi bir məşəl yandıran fenomen şəxsiyyətin istək və arzuları isə sanki göy və qızılı rənglərdə dolğun ifadəsini tapdı. Səmanın, demokratik dəyərlərin, dürüstlüyün, dincliyin, etibarlılığın, səmimiliyin, əminliyin, milliliyin rəmzi olan göy, Günəşin, sülhün, inkişafın, işıqlı gələcəyin nişanəsi olan qızılı rənglərdə… Böyük siyasi anlamı olan bu rənglərin əks olunduğu loqo indi demək olar ki, dünyanın hər yerində tanınır. 9 il əvvəl fəaliyyətə başlamış Heydər Əliyev Fondu üçün hazıranmış loqo dəyərli məzmununda təcəssüm etdirdiyi ideyalarla bütün ölkələri fəth edir. Təlqin etdiyi dəyərlərlə Yer üzünü göy və qızılı rənglərin harmoniyasında görmək istəyən insanların sırasını genişləndirir…

İctimai əsaslarla belə bir qurumun yaradılması ideyası rəsmi səviyyədə ilk dəfə 2004-cü il 10 mart tarixli «Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında» fərmanda təsbit edildi. Fondun yaradılması ilə qarşıya qoyulan əsas məqsəd başlanğıcdan kifayət qədər aydın və konkret idi. Sağlığında Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və qüdrətlənməsi naminə həyata keçirdiyi möhtəşəm tədbirlərlə canlı əfsanəyə çevrilmiş ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun ölməz ideyalarının geniş təbliğ olunaraq praktik həyatda tətbiqi və gələcək nəsillərə çatdırılması…

Heydər Əliyev Fondu dünyada məşhur tarixi şəxsiyyətlərin adını daşıyan, fəaliyyəti sırf xeyriyyəçiliklə məhdudlaşan analoji qurumlardan tamamilə fərqlənməyə başladı. Yaradılarkən çoxlarının yalnız xeyriyyəçilik yönümündə fəaliyyət göstərəcəyini zənn etdiyi bu fond zaman baxımından qısa müddətdə reallaşdırdığı çoxşaxəli layihələrin miqyası ilə gözlənildiyindən xeyli böyük amalları uğurla gerçəkləşdirdi. Ümummilli liderin ideallarını yaşadaraq, qısamüddətli fəaliyyəti dövründə elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə və idmanın inkişafına xidmət edən layihələrin reallaşdırılması; milli-mənəvi ideallara, humanist, insanpərvər dəyərlərə sadiq gənc nəslin formalaşdırılması; gender bərabərliyinin təmini; sivilizasiyalararası dialoqun təşviqi; nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığın dərinləşdirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xüsusilə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyinin beynəlxalq aləmdə dəstəklənməsi istiqamətində son dərəcə uğurlu nəticələrə imza atdı, dərin ictimai rəğbət qazandı.

Heydər Əliyev Fondunun nəcibliyə, insanpərvərliyə və humanizmə əsaslanan çoxşaxəli fəaliyyəti ilk gündən ictimai həyatın bütün sahələrində milli-mənəvi və intellektual tərəqqini təmin etməyə yönəldi. Qurumun uğurlarını təmin edən başlıca amillərdən biri də ictimai dəstəyə ehtiyac duyan sahələri dəqiqliklə müəyyənləşdirərək dövlət səviyyəsində gerçəkləşdirilən layihələrə əlavə təkan verməsidir. Mədəniyyət, elm, təhsil, səhiyyə, idman və digər sahələrdəki əzmkar fəaliyyəti həm də dövlətin bu sahələrin inkişafı naminə həyata keçirdiyi uğurlu layihələrə ictimai birliklərin, qeyri-dövlət təsisatlarının, biznes strukturlarının, ayrılıqda hər bir fərdin əməli dəstəyini təmin etməkdir. Fond bu mənada, həm də cəmiyyətin ən müxtəlif təbəqələrini milli məqsəd və ideallar uğrunda səfərbər edən, ümumi səyləri bir nöqtədə birləşdirən əlahiddə statuslu mərkəzdir.

 

Real iş, konkret nəticələr

Hər hansı ideyanın cəmiyyət üçün cəlbedicilik səviyyəsi onun praktik tətbiq və reallaşdırılması imkanları ilə şərtlənir. İrəli sürülən məqsədlər, ideyalar nə qədər cəlbedici görünsə belə, bütün bunların real icra mexanizminə əsaslanmaması bəzən onların kağız üzərində qalması, müxtəlif təqdimatlar, müzakirələr səviyyəsindən kənara çıxmaması ilə nəticələnir. Müasir dünyanın insanı isə kifayət qədər praqmatikdir. Həyata keçməyən ideyalarla, şüarlarla onun diqqətini uzun müddət hansısa məsələlərə cəlb etmək, düşüncəsini, fəaliyyətini yönləndirmək mümkün deyil. Bu mənada, ən əhəmiyyətli ideyaları da, sadəcə, müzakirələr səviyyəsində saxlamaqla qısa müddətdə gözdən salmaq olar. Çünki insanları sözdənsə real iş, bir qədər də dəqiqləşdirsək, bu işin konkret nəticələri daha çox maraqlandırır.

Fondun qarşıya qoyduğu məqsədləri incələyərkən, aydın görünür ki, əslində, onların heç biri əlahiddə səciyyə daşımır. Bu məqsədlərin hər biri Azərbaycanı qəlbən sevən fərdlərin arzuları, istəkləridir. Fəqət, fərdi güclər birləşəndə, ümumun gücü qarşıya qoyulmuş hədəflərə doğru istiqamətlənəndə həmin məqsədlərin reallaşması qaçılmaz olur. Bu mənada, fond fərdlərin istək və arzuları kimi, güc və imkanlarını da bir araya gətirdi. Mövcud potensialın Azərbaycanın bugünü və gələcəyi üçün ən vacib istiqamətlər üzrə aşkarlanmasına, məqsədə doğru hərəkətinə nail oldu. Bu yolda addımlayan hər kəs Heydər Əliyev Fondunun timsalında Azərbaycanın gələcəyinə, özünün, ailəsinin, övladlarının sabahına töhfə verdiyinin fərqindədir.

Qurumun Azərbaycanın zəngin mədəni-mənəvi irsinin dünyaya təbliğinə, muğamların, aşıq musiqisinin bəşəriyyətə tanıdılmasına, sivilizasiyalararası dialoq məkanının genişləndirilməsinə, eyni zamanda, maarifçiliyə xidmət edən çoxsaylı layihələrinin qayəsində yalnız bir məqsəd dayanır: Azərbaycan xalqının milli mənafeyinin qorunması ilə bağlı həyata keçirilən dövlət siyasətinə dəstək vermək!

Heydər Əliyev Fondu ictimai təşkilat kimi cəmiyyət həyatında fəal rol oynamaqla yanaşı, həm də onun potensialına, hərtərəfli dəstəyinə güvənir, həmfikir və əqidə yoldaşlarını bir araya gətirərək ümumi səyi, fəaliyyəti lazım olan məcraya yönəldir. Əgər fondun müxtəlif sahələrdə həyata keçirdiyi layihələrə nəzər salsaq, etibarlı tərəfdaşların ümumi işdə böyük payının şahidi olarıq. Bu təbiidir. Çünki Heydər Əliyev Fondu fəaliyyətini xeyirxah insanların dəstəyinə arxalanaraq həyata keçirir. Azərbaycanın birinci xanımı, bu qurumun rəhbəri Mehriban xanım Əliyeva da bəyan edir ki, fondun ötən müddətdə ən böyük uğuru xalqın inam və etimadını qazanmasıdır: «…Heydər Əliyev Fondu Azərbaycanın bugünü və sabahı naminə gələcəkdə də çalışmağa hazırdır. Bu yolda bizə dəstək verən, yardım edən hər bir insana, hər bir quruma — istər dövlət, istər qeyri-dövlət qurumuna, bizimlə əlaqə, əməkdaşlıq yaradan beynəlxalq təşkilatlara dərin minnətdarlığımı çatdırıram».

 

Yüksək vətəndaş təəssübkeşliyi

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev dərin məzmunlu nitqlərində deyirdi ki, mənəviyyat olmayan yerdə haqdan, ədalətdən, düzgünlükdən söhbət gedə bilməz. İstənilən cəmiyyətdə ədalət, insanpərvərlik, dürüstlük kimi mənəvi dəyərlərin özünə möhkəm dayaqlar tapması məhz nəcib, alicənab, kamil insanların əzmkar fəaliyyəti sayəsində mümkün olur.

Hazırda bu nəcib missiyanı yüksək mənəvi məsuliyyətlə üzərinə götürərək şərəflə, əzmlə, təmənnasızlıqla həyata keçirən insanlar arasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva ön sırada dayanır. İnamla deyə bilərik ki, ulu öndərin ali ideyalarına tapınan Heydər Əliyev Fondunun prezidentinin Azərbaycan xalqının milli mədəniyyətinin, mənəvi dəyərlər sisteminin qorunmasında, cəmiyyətə sağlam dəyərlərin aşılanmasında müstəsna xidmətləri var. Cəmiyyətdə könüllü sosial müdafiə, xeyriyyəçilik, sosial tərəfdaşlıq, korporativ sosial məsuliyyət və s. prinsiplərin qorunmasına çalışan Mehriban Əliyeva ötən 9 ildə bu məqsədlərə xidmət edən strateji əhəmiyyətli layihələri inamla həyata keçirmişdir.

Heydər Əliyev Fondunun 9 illik fəaliyyətinin ən mühüm nəticələrindən biri də respublikada xeyriyyə fəaliyyətinin canlandırılmasıdır. UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri haqlı olaraq qeyd edir ki, xeyriyyəçilik cəmiyyətdə mənəvi-psixoloji ab-havanın yaxşılaşmasına şərait yaradır, insanlar arasında münasibətləri humanistləşdirir, onların daha xeyirxah, səmimi və həssas olmasına müsbət təsir göstərir. Çətin məqamda başqalarından dəstək almış insan imkanı daxilində başqalarına kömək göstərməyə daha çox meyil edir. Beləliklə, cəmiyyətdə xeyirxah işlərin dairəsi genişlənir, qarşılıqlı kömək və dəstək sistemi yaranır. Bütün bunlar isə son nəticədə insanların qarşılıqlı münasibətlərinə, onların ovqatına və sosial əhval-ruhiyyəsinə müsbət təsir göstərir.

Bu xeyirxah fəaliyyət təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da böyük maraqla qarşılanır. Azərbaycanın birinci xanımının 2004-cü ildə UNESCO-nun, 2006-cı ildə İSESCO-nun xoşməramlı səfiri adına, 2007-ci ildə «Qızıl ürək» və Dünya Səhiyyə Təşkilatının İhsan Doğramacı adına Ailə Sağlamlığı Fondunun mükafatlarına, «Əsrlərin xeyriyyəçiləri» Beynəlxalq Fondunun «Yaqut Xaç» ordeninə, 2009-cu ildə «XXI əsrin böyük qadını» laureatına, 2010-cu ildə Fransanın «Fəxri Legion» ordeninə, yenə də UNESCO-nun «Qızıl Motsart» medalına, 2011-ci ildə Frans Montana Forumunun qızıl medalına layiq görülməsi bunun əyani təzahürüdür. Türkiyənin nüfuzlu iqtisadiyyat və iş dünyası nəşri olan «Ekovitrin» jurnalının keçirdiyi sorğunun nəticələrinə görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2011-ci ilin yekunları üzrə «İlin birinci xanımı» nominasiyasının qalibi olmuşdur.

2012-ci ildə Mehriban xanım Əliyeva İ.M.Seçenov adına birinci Moskva Dövlət Tibb Universitetinin fəxri professoru adına layiq görülmüş, eyni zamanda, ona Moskvada «Birlik ulduzları» dövlətlərarası mükafatı verilmişdir. 2013-cü ildə isə Azərbaycanın birinci xanımı Pakistanın «Humanizm rəmzi — Dünya miqyasında apardığı xeyirxah fəaliyyətinə, bəşəriyyətin ülvi ideyalarına xidmətinə görə» mükafatla təltif olunmuşdur. Bütün bu mükafatlar, şübhəsiz, dünyada fəaliyyəti ilə böyük nüfuz qazanmış, xüsusi xidmətləri olan insanlara verilir. Azərbaycanın birinci xanımının belə yüksək mükafat və titullara layiq görülməsi onun mədəniyyət, elm, təhsil, səhiyyə, sosial və digər sahələrdə həyata keçirdiyi çoxşaxəli fəaliyyətinin beynəlxalq miqyasda diqqət mərkəzinə çevrildiyini bir daha təsdiqləyir.

Heydər Əliyev Fondunun prezidentinin fəal təşəbbüsləri həm də Azərbaycan haqqında obyektiv beynəlxalq rəyin formalaşmasına, həmçinin respublikamızın dünya miqyaslı tədbirlərin təşkilatçısına çevrilməsinə xidmət etmişdir. Azərbaycanın birinci xanımı ingilis dilində səlist nitq söyləməklə — Avropa siyasi leksikonunda, ölkə həqiqətlərini dünyaya çatdırır, bəşəriyyəti sülhə, sabitliyə, qarşılıqlı faydalı əməkdaşlığa dəvət edir. Çıxışlarında qlobal problemlərin birgə həllinə səsləyən qlobal çağırışların yer alması onun UNESCO və İSESCO-nun xoşməramlı səfiri adına tam layiq olduğunu bir daha təsdiqləyir.

 

Maarifçilik ənənələrinin uğurlu davamı

 

İctimai statusda fəaliyyət göstərməsinə baxmayaraq, cəmiyyət həyatının müxtəlif sahələrində həllini gözləyən problemlərin həllində yaxından iştirak edən Heydər Əliyev Fondunun 9 illik fəaliyyəti elmə və təhsilə qayğı nümunələri ilə zəngindir.

Fondun təhsil sahəsində gördüyü işlər sırasında respublikamızın müxtəlif bölgələrində reallaşdırılan «Yeniləşən Azərbaycana yeni məktəb» proqramı müstəsna əhəmiyyət daşımışdır. Proqram təhsilin səviyyəsinə birbaşa təsir edən problemlərin həllinə — tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına imkan verən müasir məktəb binalarının inşasına istiqamətlənmişdir. İctimai dəstəyi vacib hesab edən Heydər Əliyev Fondu cəmiyyətin müxtəlif təbəqələrinin diqqətini bu məsələyə yönəltmək məqsədilə 2005-ci ilin iyununda müvafiq qurumların, habelə beynəlxalq təşkilatların iştirakı ilə «dəyirmi masa» təşkil etmiş, proqramın həyata keçirilməsi məqsədi üçün 100, 200 və 240 şagird yerlik məktəb layihələri hazırlanmışdır. Layihənin həyata keçirilməsi ilə bağlı fondun prezidentinin cəmiyyətə ünvanladığı əməkdaşlıq çağırışı geniş əks-səda doğurmuş, az sonra Azərbaycanın müxtəlif bölgələrində — hətta ucqar dağ kəndlərində belə, məktəb tikintisi geniş vüsət almışdır. Əslində, «Yeniləşən Azərbaycana yeni məktəb» layihəsinin ən üstün cəhətlərindən biri onun paytaxtla yanaşı, regionlarda da icra edilməsi olmuşdur. İnanılmaz görünsə də, layihənin icrası nəticəsində yalnız ilk 4 ayda ölkədə 132, ümumilikdə isə ötən 7 ildə 300-dən çox yeni məktəb binası inşa olunaraq istifadəyə verilmişdir.

Fondun «Təhsilə dəstək» layihəsi də özünün humanist mahiyyəti ilə diqqəti çəkir. Heydər Əliyev Fondu hər il layihə çərçivəsində Ermənistanın Azərbaycana təcavüzü nəticəsində daimi yaşayış yerlərini tərk etmiş qaçqın, məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə çanta və məktəb ləvazimatı hədiyyə edir. Gürcüstanda yaşayan soydaşlarımızın övladlarına, Qax, Zaqatala, Balakən rayonlarında tədrisin gürcü dilində aparıldığı məktəblərə hər il yeni dərslik və tədris ləvazimatları göndərilir.

«Təhsilə dəstək» layihəsi bir sıra xarici ölkələrdə də uğurla həyata keçirilir. Fond Pakistanda, Hollandiyada, Gürcüstanda, Misirdə, Rumıniyada, Rusiyada yeni məktəblər tikdirmiş və təmir etdirmişdir. Layihə çərçivəsində Pakistanda qızlar üçün yeni orta məktəb binasının inşası bu baxımdan xüsusi vurğulanmalıdır. Xatırlatmaq lazımdır ki, 2005-ci ildə Pakistanda böyük dağıntılara səbəb olmuş zəlzələdən sonra Müzəffərabad şəhərinin Rara ərazisindəki qızlar məktəbi tam yararsız vəziyyətə düşmüşdü. Fondun xəttilə qısa müddətdə inşa edilən 650 şagird yerlik təhsil ocağında müasir tələblərə cavab verən 10 xüsusi sinif otağı, laboratoriyalar, fənn kabinetləri, kompyuter otağı, idman meydançası vardır.

«Təhsilə dəstək» layihəsi çərçivəsində Gürcüstanın Dmanisi rayonunda da yeni elmi-tədris mərkəzinin binası inşa edilərək istifadəyə verilmişdir. Bundan əlavə, bir sıra xarici təşkilat və şirkətlərin fonda hədiyyə etdikləri müxtəlif adda 10 mindən çox kitab ölkənin ali və ümumtəhsil məktəblərinə, uşaq evlərinə, internat məktəblərinə paylanılmışdır. Layihə çərçivəsində, eyni zamanda, Rusiyanın Ulyanovsk şəhərində bərbad vəziyyətdə olan məktəb binasının ən müasir tələblər səviyyəsində təmir olunması da fondun təhsil layihələrinin Azərbaycan hüdudları ilə məhdudlaşmadığını, beynəlxalq miqyaslı olduğunu göstərir. Həmin məktəbin 2010-cu il sentyabrın 1-də istifadəyə verilməsi Rusiya ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

Heydər Əliyev Fondunun bu sahədə başlıca fəaliyyət istiqamətlərindən biri də ölkənin təhsil problemlərinin həllində nüfuzlu beynəlxalq təşkilatlardan sayılan UNESCO-nun geniş imkanlarından səmərəli şəkildə faydalanmaqdır. Bu nüfuzlu beynəlxalq təşkilatın diqqətinin ölkənin təhsil problemlərinin həllinə cəlb olunması, təşkilatla əməkdaşlıq şəraitində keçirilən birgə tədbirlər yaxın gələcəkdə mövcud əlaqələrin daha da intensivləşməsinə yaxşı imkanlar açmışdır.

 

Babadan nəvəyə  keçən mənəvi miras

 

Bu gün Mir Cəlal Paşayevin nəvəsi, xalqımızın taleyində, dövlətimizin, cəmiyyətimizin həyatında mühüm xidmətləri olan Azərbaycanın birinci xanımı, hörmətli Mehriban Əliyevanın mütəmadi şəkildə çıxışlarını dinləyir, məqalələrini, müsahibələrini oxuyuram. Xanımın üslubunda hər dəfə Mir Cəlal dogmalıgının, deyərdim ki, ənənələrinin, ahəngdarlıgının, axıcılıgının, ardıcıllıgının seyrçisi və heyranı olmaqdan məmnunluq duyuram. Bu qaydalarda nə qədər bir-birinə oxşarlıq, yaxınlıq və ülvilik var. Genlər vasitəsilə babadan nəvəyə keçən sadiq dilçilk, azərbaycançılıq xüsusiyyətləri Mehriban xanımın hər cümləsində, hər bir fikrində öz əksini tapır. Dogrudur, Mehriban xanımın hərtərəfli formalaşmasında dünyaya göz açdıgı görkəmli ziyalılar, alimlər, jurnalistlər ailəsinin, gəlini oldugu mütərəqqi elm və siyasi xadimlər, həm də böyük dilçilik məktəbi sayılan Əliyevlər ailəsi üzvlərinin öz təsiri, öz zəhməti olub, amma bir yazıçı kimi mən Mehriban xanımın təbii istedadında Mir Cəlal ənənələrini daha çox sezirəm.

Babasını hər zaman böyük məhəbbət və dərin ehtiramla yad edən Mehriban xanımın ürək sözləridir: «Mir Cəlal Paşayev yüksək mənəvi keyfiyyətlərə, dərin ləyaqət hissinə malik olan səmimi insan idi. Bu görkəmli şəxsiyyətin ətrafında olanlar hər zaman onunla maraqlı söhbətlər aparırdılar. Fitri istedadı və əsl humanistliyi ona həyatında üzləşdiyi çətinlikləri və maneələri dəf etmək, bir çox insanlara dəstək olmaq imkanı yaradırdı. Mir Cəlal hər zaman yol göstərməyə və yardımçı olmaga çalışırdı. Bu şəxsiyyət Azərbaycan tarixi və mədəniyyətinin ən görkəmli simalarından biri idi… Müəllim və maarifçi kimi Mir Cəlal Paşayev vurgulayırdı ki, dil və ədəbiyyat nəinki tarix və mədəniyyətin bir hissəsidir, o cümlədən bunlar hər bir insanın ürəyində və qəlbindədir. Bu şəxsiyyətin çoxşaxəliliyini sözlərlə təsvir etmək çətindir, çünki o, özündə yazıçı istedadını, alimin intellektual səviyyəsini və müəllim həssaslıgını cəmləşdirirdi.

Mir Cəlal əla müəllim keyfiyyətlərinə malik idi. O, gənclərə inanırdı. Onun tələbələrinin bir çoxu sonralar alim və yazıçı olmuşlar. O, hər bir gəncə qayğı və hörmətlə yanaşaraq, onun yaradıcı potensialını inkişaf etdirməyə çalışırdı. Mir Cəlal onlara öz gücünü sınamasında dəstək verirdi və hesab edirdi ki, insanı ruhlandırmaq və şəxsi gücünə əsaslandırmağa inandırmaq onun inkişafında ən münasib yoldur. O, bir çox hallarda öz tələbələrinə deyərdi: «Siz ən yaxşı tələbəsiniz, hər işdə ugur qazanacaqsınız». O, haqlı idi, bu gün onun bir çox tələbələri Azərbaycan cəmiyyətinin elmi və intellektual potensialını təmsil edirlər».

Elə Mehriban xanım da haqlıdır. Babasının nəsihətləri, vəsiyyətləri, bir sözlə, insanlıq fəlsəfəsindən geniş bəhrələnən bu xanım nəinki Azərbaycanın, artıq tərəqqipərvər dünyanın, istər Avropanın, istərsə də müsəlman, türk dünyasının şöhrət zirvəsinə ucalıb.

Yadıma 2008-ci ilin noyabrında Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutunda Azərbaycan dili fakültəsinin açılış mərasimi zamanı Azərbaycanın birinci xanımı, millət vəkili, Azərbaycan-Amerika Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, üç dildə-Azərbaycan, rus və ingilis dillərində nəşr olunan «Azərbaycan:İrs» jurnalının təsisçisi, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, fəlsəfə elmləri doktoru Mehriban xanım Əliyevanın dil haqqında, ana dilimiz haqqında dediyi sözlər düşür: «Bu gün Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutunda Azərbaycan dili fakültəsinin açılması Fransada Azərbaycanın tarixi haqqında daha geniş informasiya almaga imkan yaradacaqdır. Eyni zamanda, hesab edirəm ki, bu hadisə dövlətlərimiz arasında olan münasibətlərə, xalqlarımız arasında olan əlaqələrə, xoşməramlı, mədəni dialoqun qurulmasına güclü təkan verəcəkdir. Əsrlər boyu millətlərin, xalqların formalaşmasında dil misilsiz rol oynayır. Azərbaycan xalqı da çox qədim və zəngin tarixə və mədəniyyətə malik olan bir xalqdır. Eyni zamanda, Azərbaycan müstəqil dövlət kimi çox gəncdir. Biz Azərbaycan dilimizi qoruyub saxlamaqla, öz ənənələrimizi, milli-mənəvi dəyərlərimizi, öz köklərimizi qoruyub saxlamışıq. Əlbəttə, hər bir dil inkişaf edir, yeni kəlmələrlə, yeni terminlərlə zənginləşir. Amma biz gərək unutmayaq ki, dil özü-özlüyündə çox dəyərli bir mədəni və tarixi abidədir.»

Əlbəttə, bu, hörmətli Mehhriban xanımın simasında həm unudulmaz Mir Cəlal Paşayevin yazıçılıq qüdrətinin, parlaq istedadının, dogma ana dilimizə — Azərbaycan dilinə olan böyük sevgisinin, ehtiramının təzahürüdür. Dilimizin ədəbi normalarına düzgün riayət etmək, cümlələri müxtəsər və məntiqli ifadə etmək, az sözlə böyük fikirlər söyləmək, fikrin məgzində birbaşa hədəfə toxunmaq artıq hər qələm sahibinə nəsib olmayan özəl fitri qabiliyyətin vasitələridir. Bununla belə, kainat qədər zəngin olan sevimli ana dilini daim öyrənib kəşf etməkdən yorulmamalısan. Mir Cəlal Paşayev bu nəhəng məktəbin əvəzolunmaz müəllimi olaraq həmişə şərəfli sima kimi ürəklərdə yaşayır və yaşayacaqdır…

 

Milli mədəniyyətə qayğı örnəyi

 

UNESCO və İSESCO-nun xoşməramlı səfiri kimi fərqli mədəniyyətləri bir araya gətirmək missiyasını üzərinə götürmüş Mehriban xanım Əliyevanın bu sahədəki fəaliyyəti hələ 90-cı illərin ortalarından başlayır. O, 1995-ci ildən «Azərbaycan Mədəniyyətinin Dostları» Xeyriyyə Fondunun rəhbəri kimi ağır böhranla üzləşmiş milli mədəniyyətimizə böyük qayğı və diqqət göstərmişdir. Həmin vaxtdan musiqi təhsili və gələcək nəslin maarifləndirilməsi işi fondun daim diqqət mərkəzində olmuş, ardıcıl şəkildə təşkil edilən xeyriyyə konsertləri mədəniyyətimizin zəngin ənənələrinin qorunması işinə töhfə vermişdir.

Mehriban xanım özü 2008-ci ildə verdiyi müsahibələrin birində etiraf edirdi ki, dövlət başçısının xanımı kimi mənim üçün həmişə ən vacibi o olub ki, mən öz ölkəm üçün nə edə bilərəm? Axı, mənim bu gün məşgul oldugum ictimai fəaliyyət beş il bundan əvvəl, həyat yoldaşım Azərbaycan Prezidenti olan vaxtdan başlamayıb. Sadəcə olaraq, indi mənim fəaliyyətim mətbuatda daha çox işıqlandırılır. Mən Heydər Əliyev Fondunun prezidenti olandan sonra bu iş geniş miqyas alıb, yeni səviyyəyə çıxıb. Bu, fondun əsas iş istiqaməti ən müxtəlif sahələrdə humanitar fəaliyyətdir. Buraya valideyn himayəsindən məhrum olan uşaqlara kömək, uşaq evlərinin, internat məktəblərinin abadlaşdırılması və maddi bazasının yaxşılaşdırılması daxildir. Biz təhsil, səhiyyə və mədəniyyət sahələrində geniş proqramlar nəzərdə tutmuşuq və həyata keçiririk. Təbii ki, mən bu layihələrlə əvvəllər də məşgul olurdum, lakin birinci xanım statusu və fondda işləməyim bu fəaliyyəti sistemləşdirməyə, layihələrin miqyasını genişləndirməyə, onların həyata keçirilməsinə əlavə resurslar cəlb etməyə imkan verib. Bir daha vurqulamaq istəyirəm ki, mən Azərbaycan xalqının rifahına xidmət edən bu cür humanitar proqramların səmərəsini artırmaq üçün bütün mövcud imkanlardan istifadə etməyi özümə borc bilirəm…

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın 2004-cü ilin sentyabrında UNESCO-nun «Xoşməramlı səfiri» seçilməsi ilə fondun milli irsin mühafizəsi sahəsindəki fəaliyyəti bir qədər də genişlənmişdir. Azərbaycanın bir sıra görkəmli alimlərinin, yazıçı və bəstəkarların yubileylərinin keçirilməsi, habelə «Kitabi-Dədə Qorqud» dastanının 1300 illiyinin beynəlxalq miqyasda qeyd olunması, UNESCO-nun «Dünya irs siyahısı»na İçərişəhərin Şirvanşahlar Saray Kompleksi ilə birgə daxil edilməsi bu fəaliyyətin təqdirəlayiq məqamları kimi vurğulana bilər. Aşıq musiqisinin, muğamın UNESCO-nun qeyri-maddi irs siyahısına salınması, dünyada tanıdılması və təbliği də bilavasitə Mehriban xanım Əliyevanın tarixi xidmətləri ilə bağlıdır. «Qarabağ xanəndələri» adlı nəfis albomun buraxılması fondun milli irsə qayğısının təcəssümü olmaqla yanaşı, həm də Qarabağın əbədi və əzəli Azərbaycan torpağı olduğunu nümayiş etdirmək məqsədi güdür.

 

Xeyirxahlıq və mərhəmət işığında

 

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycanın tanınmış oğul və qızlarının adı ilə bağlı tarixi abidələrin bərpasını yalnız keçmişə hörmət və tarixi həqiqətin bərpası kimi deyil, eyni zamanda, gənc nəsli milli-vətənpərvərlik ruhunda tərbiyə etməyin əsas elementi, azərbaycançılıq ideologiyasının inkişafı kimi qiymətləndirir. Bununla yanaşı, fond xarici ölkələrdəki unikal mədəniyyət abidələrinin bərpası prosesində də yaxından iştirak edir.

Fond Fransada Dünya Mədəni İrs siyahısına daxil edilmiş Versal sarayını, Parisdə on dördüncü əsrə aid Notr-Dam, Strasburq Kafedral kilsələrinin, İkinci Dünya müharibəsində dağılmış Berlin şəhər sarayının, Romada Müqəddəs Pyotr və Marsellina sərdabəsinin, həmçinin Vatikan arxivlərində saxlanılan Azərbaycan orta əsrlər əlyazmalarının, bərpa olunmasına kömək etmişdir. Heydər Əliyev Fondu ilə Müqəddəs Arxeologiya üzrə Papa Komissiyası arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, hazırda fond Romanın Kapitoli Muzeyində bərpa işlərinin həyata keçirilməsinə dəstək verir.

2012-ci ildə «Eurovision» mahnı yarışmasının Bakıda yüksək səviyyədə keçirilməsi də məhz Heydər Əliyev Fondunun adı ilə bağlıdır. Müsabiqənin keçirilməsi üzrə təşkilat komitəsinə rəhbərlik edən Azərbaycanın birinci xanımının yüksək təşkilatçılığı sayəsində respublikamız nəinki bu məsuliyyətli işin öhdəsindən uğurla gəlmiş, eyni zamanda, milli mədəniyyətinin zənginliyini və özünəməxsusluğunu da təsdiqləmək imkanı qazanmışdır. 2013-cü ilin mayında isə fondun təşəbbüsü ilə Bakıda «Eurovision» kitabının və filminin prezentasiyası keçirilmişdir.

2013-cü il iyulun 13-də fondun təşəbbüsü ilə Fransanın Kann şəhərində «Azərbaycan Kannda» mədəniyyət günlərinin keçirilməsi mili mədəniyyətimizin təbliği baxımından mühüm əhəmiyyətə malik olmuşdur. Heydər Əliyev Fondunun və ölkəmizin Fransadakı səfirliyinin təşkilatçılığı ilə baş tutan mədəniyyət günlərinin rəsmi açılışında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak etmişdir. Azərbaycan mədəniyyətinin Kannda tanıdılması ilə bağlı işlər şəhərin müxtəlif yerlərində ölkəmizin təbliğinə həsr olunan posterlərin və banerlərin vurulması ilə başlamışdır. İlk tədbir — 4-cü beynəlxalq «Qız qalası» festivalının açılışı La Kruazetdə olmuşdur. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva qonaqları salamlayaraq Kann şəhərində başlayan Azərbaycan mədəniyyəti günlərində ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti və adət-ənənələrimizin təqdim olunacağını bildirmişdir.

Fondun təşəbbüsü ilə 2013-cü il iyulun 24-dən avqustun 6-dək Qəbələdə keçirilmiş V Beynəlxalq Musiqi Festivalı da uğurlu nəticələrlə yadda qalmışdır. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın festival iştirakçılarına ünvanladığı təbrik məktubunda deyilir: «Beynəlxalq mədəni əlaqələr, qarşılıqlı mədəni inteqrasiya Azərbaycanın dövlətlərarası siyasətlərinin əsas prioritetlərindən biridir. Biz zəngin mədəniyyətimiz vasitəsilə ölkəmizi dünyada tanıtmağa nail olmuşuq, bu gün beynəlxalq ictimaiyyət Azərbaycan mədəniyyətinə böyük maraq göstərir. Mən də UNESCO-nun xoşməramlı səfiri kimi dünya mədəniyyəti xəzinəsini olduqca dəyərli əsərlərlə zənginləşdirmiş, xalqımızın mədəni irsinin dünyada təbliğ olunmasına, dünya mədəniyyət nümunələrinin ölkəmizdə tanıdılmasına xidmət edən, xalqlararası mədəni-mənəvi inteqrasiyanın səmərəliliyini artıran layihələri daim dəstəkləyəcəyəm. Nüfuzu ildən-ilə artmaqda olan Qəbələ Beynəlxalq Musiqi Festivalının keçirilməsi ənənəvi xarakter almışdır. Bu gün Qəbələnin adı beynəlxalq tədbirlərin təşkil olunduğu şəhərlərin adları ilə bir sırada yer alır. Dünyanın bir çox ölkəsindən çoxsaylı musiqiçilərin iştirak etdiyi bu dostluq və musiqi bayramı mədəni irsimizin zəngin ənənələrinin qorunub saxlanılması ilə yanaşı, müxtəlif ölkələri təmsil edən musiqiçilərə ünsiyyət və əməkdaşlıq üçün əlverişli şərait yaradaraq, mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə öz töhfəsini verir».

Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında IV muğam televiziya müsabiqəsinin başlaması da milli irsə bağlılığın səmimi təcəssümüdür. Ümumilikdə 500-dən çox gəncin iştirak etdiyi birinci turdan növbəti mərhələyə 48 xanəndə vəsiqə almış, onlardan 21-i isə Bakı səhnəsində ifa etmək hüququ qazanmışdır.

 

Bəşəri sevginin təzahürü…

 

…1998-ci ilin iyunu idi. Respublika sarayında (indiki Heydər Əliyev adına saray) Rusiyanın məşhur balet ustaları Nadejda Pavlova və Vyaçeslav Qordeyevin, habelə Moskvanın «Rus baleti» Dövlət Teatrının iştirakı ilə balet gecəsi keçirilirdi. Azərbaycanın Milli Qurtuluş Gününə həsr olunmuş gecənin əsas təşkilatçısı Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti Mehriban xanım Əliyeva idi. Konsertdə ulu öndərimiz, həmin vaxtlar ölkəmizin Prezidenti olan Heydər Əliyev də iştirak edirdi. Nadejda Pavlova və Vyaçeslav Qordeyev «Rus baleti»nin artistləri ilə birlikdə Çaykovskinin, Qriqin, Hendelin və digər xarici bəstəkarların baletlərindən partiyaları ifa etdilər. Uğurlu çıxışlardan sonra Heydər Əliyev incəsənət xadimləri ilə görüşüb dedi:» Sizin hamınızı gözəl çıxışınız münasibəti ilə təbrik edirəm. Bu gün bizdə incəsənət bayramı, balet bayramıdır. Rus baletinin gözəl ustaları Nadejda Pavlova, Vyaçeslav Qordeyev və bütün bu qədd-qamətli, qəşəng balerinalar Bakıya ilk dəfə gəlmişlər. Siz bu gün çox əla rəqs etdiniz. Yəqin hiss etdiniz ki, tamaşaçılar sizi səhnədən buraxmaq istəmirdilər. Mən çox şadam ki, siz öz gözəl sənətinizi bizim tamaşaçılarımıza, xalqımıza göstərdiniz. Çünki siz böyük incəsənət ustalarısınız və sizinlə hər görüş estetik zövqdən başqa, həm də böyük hadisədir.»

Həmin ilin noyabrında yenə Respublika sarayının səhnəsində bənzərsiz milli geyimlərin füsunkar gözəlliyi göz oxşayır, hərarətli musiqi ürəkləri riqqətə gətirir, coşgun rəqslər hamını valeh edirdi. Həmin gün burada xalq artisti İqor Moiseyevin rəhbərliyi ilə dünya şöhrətli Rusiya Dövlət Akademik Xalq Rəqsləri Ansamblının konserti oldu. Məşhur baletmeystrin truppası da Bakıya Azərbaycan Mədəniyyətinin Dostları Fondunun dəvəti ilə gəlmişdi. Konsert «Yay» adlı sürətli, eyni zamanda, lirik rus rəqsi ilə açıldı. Cənublulara xas olan ehtirasla ifa edilən «Yay»dan tutmuş insanda nikbinlik, xoş əhval-ruhiyyə yaradan «Araqon xotası»nadək hər bir rəqs nömrəsi sürəkli alqışlarla qarşılandı. Rəqs sənətinin qızıl fonduna daxil edilmiş həmin rəqslər və digər nömrələrin əksəriyyəti Bakı tamaşaçısına yaxşı tanış idi. Bunlar «Qədim şəhər Kadrili», moldovanların «Cok» rəqslərindən süita, yunan «Sirtaki»si, italyan rəqsi «Siciliya tarantellası», xüsusi artistlik məharəti tələb edən kalmık rəqsi və Argentina çobanlarının bütün dünyada daim heyranlıqla qarşılanan «Qauço» rəqsləri idi. Köhnəlməyən və öz orijinallığını həmişə saxlayan bir rəqs — Rusiyanın əməkdar artisti Aleksandr Matus-Marçukun ifa etdiyi «İki körpənin güləşməsi» adlı nanay xalq oyunu tamaşaçılarda məftunluq hissi və şən gülüş yaratdı. Gözəl və yumor hissi ilə ifa olunmuş «Fin polkası», xoş ovqat və rəqs etmək həvəsi yaradan yəhudi «Hava-nagıla»sı, al-əlvan geyimləri, rəvan hərəkətləri ilə insanı valeh edən Misir rəqsi, habelə «Yuroçka» məzəli belorus rəqsi salondakıları ürəkdən sevindirdi. Xüsusi qeyd olunmalıdır ki, İqor Moiseyevin Bakı tamaşaçısına şəxsi hədiyyəsi üslubca orijinal və mürəkkəb motivlərlə zəngin, Azərbaycan xalq rəqsi olan «Çobanı»nı məharətlə, əsl Şərq jestləri ilə ifa etməsi oldu ki, bu da tamaşaçıları son dərəcə fərəhləndirdi.

Konsertin sonunda İqor Moiseyev salondakılara müraciət edib dedi: «13 illik ayrılıgımız sizə bəslədiyimiz xoş hissləri və sizin bizə səmimi duyğularınızı əsla azaltmayıb. Bunu biz bugünkü uğurdan və bizi necə qarşılamağınızdan görürük.» O, salonda əyləşən Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti Mehriban xanım Əliyevaya dərin təşəkkürünü bildirdi. «Ansambl bu dəvətə də cavab vermişdir, Bakı, kollektivimizi həmişə yaxşı qəbul etmiş və o, buraya həmişə ən səmimi hisslərlə gəlmişdir. Mən də, truppamız da, xoşbəxtik ki, əlaqələrimiz nəinki qırılmamışdır, hətta möhkəmlənmişdir.»

«Rusiya ulduzlarının nümayişi» adlı, daha sonra Rusiya Dövlət Akademik Kamera Orkestrinin — «Vivaldi-orkestr»in «Uşaqlar gələcəyimizdir» devizi altında və s. xeyriyyə konsertləri, sonralar Azərbaycanda keçirilən Qəbələ Musiqi Festifalları, F.Şopen, D.Şostakoviç, M.Rostrapoviçin yubiley gecələri də gənc nəslin musiqi zövqünün formalaşmasına və hərtərəfli inkişafına xidmət edirdi.Və bütün bunların hamısı elə ən intellektual sahələrdə məhz birinci olan Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fədakar əməyinin bəhrələri idi.

 

Vədlə əməlin vəhdəti

 

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Milli Məclisin fəal deputatı kimi həm də öz seçiciləri qarşısında verdiyi hər bir vədi əməli işi ilə doğruldur. Azərbaycanın birinci xanımı qısa müddətdə deputatı olduğu Xəzər rayonunda böyük layihələrin həyata keçirilməsinə nail olmuşdur. Məhz onun təşəbbüsü və dəstəyi ilə yaradılan «Xəzər rayonunun İnkişaf Fondu» Ədliyyə Nazirliyində qeydiyyatdan keçərək əməli fəaliyyətə başlamışdır. Fondun məqsədi rayonun potensialından səmərəli istifadə etməklə iqtisadiyyatın davamlı inkişafı, əhalinin məşğulluğunun artırılması, gənclərin ictimai fəaliyyətə cəlb edilməsi, rayonda investisiya qoyuluşunun sürətləndirilməsi, mövcud turizm resurslarından daha səmərəli istifadə edilməsi, tarix və mədəniyyət abidələrinin qorunması və bərpası sahəsində layihələrin həyata keçirilməsidir.

2004-2013-cü illərdə fondun yaxından köməkliyi ilə rayonun Zirə, Binə, Türkan, Qala və digər qəsəbələrdə yollar çəkilmiş, habelə onların su təchizatı yaxşılaşdırılmış, abadlıq-quruculuq işləri həyata keçirilmişdir. Fondun maliyyə vəsaiti hesabına, həmçinin dini və tarixi-mədəniyyət abidələrinin ətraf ərazisi abadlaşdırılmış, insanların asudə vaxtlarını səmərəli keçirməsi üçün parklarda lazımi şərait yaradılmışdır. 2010-cu il iyulun 7-də Bakının Türkan qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə müasir tələblər səviyyəsində inşa olunmuş mədəniyyət mərkəzinin açılışı olmuşdur.

Regional inkişafa xidmət edən sosial layihələr sırasında Qaradağ rayonu Lökbatan qəsəbəsində 20 min sakinin su təminatının yaxşılaşdırılmasına imkan verən su kəmərinin çəkilişini, Şamaxı rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün 16 mənzilli yaşayış binasının inşasını, istilik sistemi, ev əşyaları və zəruri avadaqlıqla təmin edilməsini xüsusi qeyd etmək lazımdır.

Xüsusi vurğulamaq istərdim ki, fondun bu sahədəki əzmkar fəaliyyətini deputatı olduğum Xətai rayonunun çoxsaylı sakinləri də qabarıq hiss edir, böyük rəğbət və ehtiramla qarşılayırlar. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə son illər rayonda bir sıra təhsil və mədəniyyət müəssisələri əsaslı təmir olunmuş, bir çox insanın müalicəsinə kömək göstərilmişdir.

Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın 2007-2013-cü illərdə 3 dəfə amnistiya təşəbbüsü ilə çıxış etməsi də yüksək insani dəyərlərin, mərhəmət hissinin cəmiyyətə aşılanmasına, ictimai şüura hakim kəsilməsinə yönəlmişdir. Amnistiya qərarlarının qəbulu ilə bağlı ölkədə formalaşmış müsbət ənənənin Heydər Əliyev Fondu tərəfindən geniş miqyasda davam etdirilməsi Azərbaycanda humanist dəyərlərin ictimai şüurda möhkəmlənməsinə xidmət edir. Ümummilli liderin humanist siyasətinə yüksək sədaqət nümayiş etdirən fondun prezidenti Mehriban xanım Əliyevanın 2013-cü ilin mayında ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya təşəbbüsü irəli sürməsi də cəmiyyətdə böyük rəğbətlə qarşılanmışdır.

Heydər Əliyev Fondunun millətin fiziki və mənəvi sağlamlığı, milli-genetik ruhunun qorunması naminə həyata keçirdiyi sosialyönümlü layihələr sırasında səhiyyəyə yardım, bu sahənin infrastrukturunun yeniləşdirilməsi, vətəndaşlara göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi də mühüm yer tutur. İxtisas etibarilə tibb elminin incəliklərinə dərindən bələd olan Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Azərbaycan səhiyyəsində mövcud olan problemləri daha yaxşı görməklə, ictimaiyyəti həmin problemlərin həlli istiqamətində səfərbər etməyə, ələlxüsus, tibbi yardıma böyük ehtiyacı olan aztəminatlı vətəndaşlara yüksək diqqətlə, həssaslıqla yanaşmağa çalışır.

Azərbaycanda kimsəsiz uşaqlar üçün nəzərdə tutulmuş müəssisələrə sığınan körpələrin problemlərinin həlli bu gün Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın qarşıya qoyduğu əsas vəzifələrdən biridir. «Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı» bilavasitə fondun prezidentinin təşəbbüsü və rəhbərliyi ilə hazırlanmış, Bakıda və ətraf qəsəbələrdə yerləşən uşaq evi və internat məktəblərdə mövcud problemlər öyrənilmiş, onların aradan qaldırılması üçün konkret işlər görülmışdır.

Fondun «Diabetli uşaqlara ən yüksək qayğı» və «Talassemiyasız həyat naminə» layihələri cəmiyyətdə daha böyük rəğbətlə qarşılanmış, bu xəstəliklərdən əziyyət çəkən insanların, ələlxüsus da, körpələrin və uşaqların şəfa tapmasına, pulsuz müayinə, müalicə almasına imkan yaratmışdır. Azərbaycanın birinci xanımının dəstəyi ilə ölkədə bir sıra yeni tibb müəssisələri, o cümlədən Talassemiya Mərkəzi inşa olunaraq insanların istifadəsinə verilmişdir.

Beynəlxalq miqyasda fəaliyyət göstərən, Rusiya, ABŞ, Türkiyə və Rumıniyada filialları olan fond müxtəlif ölkələrdə təbii fəlakətlərdən, o cümlədən zəlzələdən ziyan çəkən insanlara da yardım edir. Pakistanda zəlzələdən ziyan çəkən insanlara humanitar yardımın göstərilməsi bu missiyanın Azərbaycan hüdudları ilə məhdudlaşmadığını göstərir. Həmin tədbirlərin davamı olaraq 2012-ci il iyunun 14-də — Beynəlxalq Donorlar Günündə Pakistanda talassemiya, hemofiliya və qan xərçəngindən əziyyət çəkən xəstələrin müalicəsi ilə məşğul olan bir neçə xəstəxananı özündə birləşdirən Həmzə Xeyriyyə Fonduna Heydər Əliyev Fondunun adından xüsusi qanköçürmə və kiçik laboratoriya ilə təchiz olunmuş bir təcili tibbi yardım avtomobili, habelə 2 min qan köçürmə paketi təqdim edilmişdir.

Ümumilikdə, fondun həyata keçirdiyi müxtəlif layihələr son nəticədə insanlara səmimi yaxşılıq kimi bir müqəddəs istəyin reallaşdırılmasına yönəlmişdir. Azərbaycanın birinci xanımı «Busıness-Year» jurnalına müsahibəsində bu məqsədi daha dolğun şəkildə ifadə edərək demişdir: «Uğur xatirinə uğur, hakimiyyət xatirinə hakimiyyət və amnistiya mənim üçün heç vaxt aparıcı motiv olmayıb. Əsas məsələ odur ki, ehtiyacı olan insanlara kömək edəsən. Bu kömək müxtəlif cür ola bilər. Bəziləri itirdiyi sağlamlığını qaytarmağa çalışır, bəzisi təhsil almaq, digəri muzey yaratmaq istəyir, biri isə gələcək nəsillər üçün abidələri qorumaq istəyir. Bəzən infrastruktur dəyişikliklərini müdafiə etmək zərurəti yaranır, bəzən də maraqlı layihələrin təşkilati dəstəyə ehtiyacı olur. Ən əhəmiyyətlisi odur ki, biz həm böyük layihələrin həyata keçirilməsi ilə, həm də insanlara kömək etməklə məşğuluq».

 

İdman, gözəllik, sağlam gələcək…

 

2002-ci ilin oktyabrında Mehriban xanım Əliyeva Azərbaycanda Gimnastika Federasiyasının prezidenti seçiləndən sonra federasiya ilk növbədə, idmanın bu növünün inkişafı üçün kompleks strategiya hazırladı. Bu strategiyanı iki bərabər hissəyə bölmək olardı. Onlardan biri gimnastikanın ölkədə son dərəcə geniş yayılmış idman növünə çevrilməsinə, digəri isə beynəlxalq əməkdaşlıq sistemi yaradılmasına istiqamətləndirildi.

Ötən illəri təhlil edərkən demək olar: ilk qələbə ondan ibarət oldu ki, qısa müddət ərzində Mehriban xanımın əzmkar rəhbərliyi sahəsində Azərbaycan gimnastikasına olan münasibət istər ölkə daxilində, istərsə də dünyada əsaslı şəkildə dəyişildi. Əvvəllər adı yalnız kagız üzərində mövcud olan federasiya, indi işgüzar fəaliyyət göstərən, səlahiyyətli, eyni zamanda, məsuliyyətli, səmərəli qərargaha çevrildi. Federasiya idman gimnastikasının və bədii gimnastikanın, akrobatikanın, tamblinqin inkişafı, onların geniş yayılması və gündəlik idman həyatına tətbiqi sahəsində bütün işlərə başçılıq edərək, Azərbaycan gimnastikasının gələcəyinin təmin olunmasında əsas strateji xətti müəyyənləşdirə bildi. Yalnız ölkənin daxilində vəziyyət dəyişdikdən sonra burada yüksək səviyyəli beynəlxalq yarışlar keçirilməsi barədə məsələlər qaldırmaq mümkün idi.

Ardıcıl uğurlara nail olduqdan sonra federasiyanın vitse-prezidenti Altay Həsənovun başçılığı ilə Azərbaycan nümayəndə heyəti Afinaya — Beynəlxalq Gimnastika Federasiyasının 74-cü Konqresinə çempionatı keçirmək məsələlərini müzakirə etmək üçün tam səlahiyyətlə yola düşdü. Forumun iştirakçılarına Azərbaycanda bədii gimnastikanın inkişafından, mötəbər yarışların təşkili və keçirilməsi sahəsində Azərbaycanın imkanlarından ətraflı danışıldı. Bundan sonra bədii gimnastika üzrə dünya çempionatının keçirilməsi yeri kimi Bakının namizədliyi irəli sürüldü. Beynəlxalq Gimnastika Federasiyasının prezidenti cənab Bruno Qrandinin başçılığı ilə nümayəndə heyəti 2003-cü ilin yazında Bakıya gəldi. Onlar paytaxtımızın idman obyektlərinə baxdılar, ölkədə idmanın inkişaf səviyyəsini gördülər. Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev nümayəndə heyətini qəbul etdi. Milli Olimpiya Komitəsində görüş zamanı nəinki Bakının dünya çempionatını keçirməyə namizədliyi təsdiqləndi, eyni zamanda, daha bir yüksək nüfuzlu bir turnirin — Dünya Kubokunun mərhələ yarışının keçirilməsi də Azərbaycana həvalə olundu. Həmin yarış 2003-cü ilin avqustunda uğurla baş tutdu. 2004-cü ildəki Dünya Kuboku yarışları da idman tariximizdə layiqli izlər qoydu.

İdmanımızın bir-birini əvəz edən şanlı göstəriciləri qürurverici amillərlə davam edirdi. 2005-ci ilin mayında Bədii Gimnastika üzrə 27-ci Dünya Çempionatının təntənəli açılış mərasimində Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyeva çıxışında qeyd etdi iki, bu gün Azərbaycanın idman tarixində yeni səhifə açılır — ilk dəfədir ki, Azərbaycanın paytaxtı Bakı şəhərində bədii gimnastika idman növü üzrə dünya çempionatı keçirilir. Bu şərəf başqa idman növlərinə də nəsib ola bilərdi. Ölkəmizdə son illər idmanın fantastik sürətlə inkişafı bunu deməyə əsas verir və mən inanıram ki, bu, gələcəkdə belə də olacaqdır. Lakin dünya miqyaslı belə bir hadisə ilk dəfə məhz bədii gimnastikada baş verir. Bədii gimnastika təkcə idman növü deyildir. Bədii gimnastika gözəllik, zəriflik, yüksək sənət rəmzidir. Biz bu çempionatın keçirilməsini arzulayırdıq və arzumuz həyata keçdi… Mən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə xüsusi minnətdarlığımı bildirirəm. Ölkə Prezidenti və Milli Olimpiya Komitəsinin prezidenti kimi onun gördüyü işlər göz qabağındadır. Sözsüz ki, biz hamımız ona minnətdarıq. Gimnastika Federasiyasının rəhbəri, ölkə Prezidentinin xanımı kimi mən xüsusi vurğulamaq istəyirəm ki, onun qayğısı, yardımı, onun diqqəti olmasaydı, yəqin ki belə bir çempionatın keçirilməsi yalnız arzu olaraq qalardı. Çox sağ olun, cənab Prezident!

Hörmətli Mehriban xanımın rəhbərliyi ilə 2007-ci ilin iyununda Bədii Gimnastika üzrə 23-cü Avropa Çempionatı da parlaq nəticələrlə Bakıda keçirildi. Xatırlatmaq yerinə düşərdi ki, Bədii Gimnastika üzrə ilk Avropa Çempionatı 1978-ci ildə Madriddə keçirilib. Bu idman növü ilk dəfə Olimpiya proqramına Los-Ancelesdə keçirilmiş 13-cü Olimpiya oyunlarında daxil edilib.

Mehriban xanım Əliyevanın «Baku» jurnalına verdiyi müsahibədəki bəzi məqamları bir daha oxucuların diqqətinə çatdırmaq istəyirəm: «Azərbaycan artıq böyük idman ölkəsidir. İdmançılarımız Olimpiya oyunlarında, beynəlxalq idman yarışlarında böyük uğurlar qazanırlar. Azərbaycan idmanın müxtəlif növləri üzrə Avropa və beynəlxalq səviyyəli yarışlara ev sahibliyi edir. Bütün ölkədə Olimpiya idman kompleksləri tikilir. Bu məqamda Avropa Komitəsinin Baş Assambleyasının Birinci Avropa Olimpiya oyunlarının 2015-ci ildə Bakıda keçirilməsi barədə qərarını xüsusi qeyd etmək istəyirəm. Bu, mühüm tarixi qərardır.»

Bakıda keçiriləcək Avropa Oyunları Koordinasiya Komitəsinin birinci iclasında təşkilat komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bildirdi ki, biz Azərbaycanda ilk Avropa oyunlarına ev sahibliyi etməkdən qürur duyuruq. Avropa Olimpiya Komitəsinin bu qərarını ölkəmizin son illər müxtəlif sahələrdə, o cümlədən idmanda qazandığı uğurların tanınması kimi qəbul edirik. Qeyd etməliyəm ki, Azərbaycan hökuməti və xalqı bu oyunları dəstəkləyir. Biz ölkəmizin Avropa Olimpiya ailəsinin tarixində əsas rol oynayacağından çox həyəcanlıyıq. Biz üzərimizə düşən məsuliyyəti anlayırıq. Bu da öz növbəsində, bizdən ilk təcrübənin uğurlu olmasının təminatını tələb edir. Öz tərəfimizdən sizi əmin edə bilərik ki, bu məqsədə nail olmaq üçün Azərbaycan əlindən gələni etməyə hazırdır. Bu səbəbdən biz ötən illərdə keçirilən Olimpiya və regional oyunların təşkilatçılarının təcrübəsindən bəhrələnməyə hazırıq.

Mehriban xanım Əliyeva təşkilat komitəsinin rəhbəri kimi hazırlıq proseslərinə ciddi nəzarət edir, tikinti obyektlərinə yerindəcə baxış keçirir, cavabdehlərə müvafiq tövsiyə və tapşırıqlarını verir. Belə ki, bu ilin mayın əvvəlində «Olimpiya kəndi»ndə Mehriban xanım hazırlıq işləri ilə tanış oldu.

Bakının Nizami rayonunda yerləşən, Birinci Avropa Oyunlarının keçirilməsi zamanı istifadə olunacaq «Olimpiya kəndi» 382 min 397 kvadratmetr sahəni əhatə edir. Olimpiya kəndi Avropa oyunlarının keçiriləcəyi əsas idman komplekslərinə — Olimpiya stadionuna, Su idmanı növləri mərkəzinə, Gimnastika kompleksinə və Hava limanına yaxın olmaqla yanaşı, şəhərin müxtəlif istiqamətlərinə gediş-gəlişin rahat və sərfəli olduğu bir ərazidə yerləşir. On üç yaşayış binasından, yardımçı binalardan ibarət kompleksdə iki, üç və dörd otaqlı 1161 mənzil var. Burada həmçinin elektrik yarımstansiyaları, qazanxana, yeraltı su anbarı, nasosxana, hər binanın maşın parkı mövcuddur. Kompleksdə 3520 otaqdan əlavə, 42 min kvadratmetr sahəni əhatə edən dupleks evlərin salınması üçün də hazırlıq işləri görülüb. Koordinasiya komitəsinin fəaliyyəti, burada çalışan yerli və beynəlxalq ekspertlər üçün bütün lazımi şərait yaradılıb. Burada müxtəlif toplantıların keçirilməsi üçün böyük və kiçik zallar, müxtəlif kabinetlər var. Kompleksdə voleybol, basketbol meydançaları yaradılıb, qapalı üzgüçülük hovuzu, trenajor zalı inşa olunur. Həmçinin kütləvi informasiya vasitələri təmsilçilərinin fəaliyyəti də nəzərə alınıb. Bütünlükdə kompleksdəki hazırlıq işləri 2014-cü ilin sonunadək başa çatdırılacaq.

Hər bir azərbaycanlıya, Azərbaycan vətəndaşına bir daha bəyan olur ki, doğrudan da, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın Avropa oyunlarının təşkilat komitəsinə sədrlik etməsinin bu oyunların lazımi səviyyədə təşkilinə zəmin yaratdığını əbəs yerə söyləməmişdi.

 

«Bizim nəslin bəxti gətirib ki…»

 

Xalqımızın həqiqətən də, öz Mehriban qızı ilə fəxr etməyə haqqı var. Bu haqla da Mehriban xanım hansı xarici ölkəyə səfər edirsə, hansı beynəlxalq tədbirdə iştirak edirsə, bildirir ki, Azərbaycanın dinamik inkişafında məqsədyönlü siyasi və iqtisadi islahatların, neft strategiyasının, neft-qaz gəlirlərindən səmərəli istifadənin və güclü sosial siyasətin rolu böyükdür. Bütün bunların mərkəzində insan faktoru dayanır. İnsanın azadlığını, təhlükəsizliyini, yaşayışını təmin etmək dövlətin əsas vəzifəsidir. Müstəqillik — bizim xalqımız üçün çoxdan gözlənilən qiymətli dəyər idi. Bizim üçün dözümlülük, tolerantlıq, multikulturalizm təkcə son zamanlar dəbdə olan sözlər deyil. Bu, Azərbaycan xalqının çoxəsrlik həyat tərzi və fəlsəfəsidir. Bizim nəslin bəxti gətirib ki, Azərbaycanın böyük dəyişiklik proseslərinin şahidi və iştirakçısı ola bilər. Sadəcə, Vətəni sevmək və onu qiymətləndirmək lazımdır.

Dilimizdə ocaq müqəddəs sözlər sırasında gəlir. Azərbaycanlılar tarixən müqəddəs məkanları, qudsal ziyarətgah yerlərini ocaq adlandırmışlar. Bu gün Heydər Əliyev Fondu da mənəvi dünyamızda şölə saçan ocaqdır. Həm də elə bir ocaq ki, hərarətinə təkcə Azərbaycan deyil, həm də bir çox uzaq-uzaq diyarlar isinir.

 

Avqust 2013