Vəhdətin zəfəri

Dünya böyük bir gərginlik içindədir...

Çox yox, cəmi bircə il əvvəlin elə bugünkü günlərində kimə desəydin ki, Yer üzü COVID-19 adlı qəribə bir kabusun əlində naçar qalacaq, yəqin hamı gülüb keçərdi.

İnformasiya texnologiyalarının inkişafı, elmi mərkəzlərin bəşəriyyətə təqdim etdikləri möcüzəvi innovasiyalar bizi o qədər arın-arxayın salmışdı ki, elə bilirdik, daha insanın zəkası qarşısında, elmi-texnoloji yeniliklərin təsir gücü önündə heç nə duruş gətirə bilməz.

Amma budur, yeni bir reallıq ortaya çıxan kimi belə iddialı təsəvvürlərimizin çoxu COVID-19 gerçəyinə dəyib çilik-çilik yerə ələndi.

Məlum oldu ki, dəvası tapılmayan adicə bir xəstəlik bəşəriyyətin tarix boyu qazandığı elmi nailiyyətlərə, təbabətin zərrə-zərrə əldə etdiyi uğurlara meydan oxuyub çox şeyi yenidən öz ibtidasına qaytara bilər.

Biliklərin, texnologiyaların gücü ilə təbiəti özünə ram etmək iddiasına rəğmən, insan övladının həyatda aciz qaldığı məqamlar az qala ömrümüzün anlarının sayı qədər hesabsızdır.

Biz düşünürdük ki, son onilliklərdə görünməmiş sürət götürən və insanları da öz ağuşuna alıb aparan zamanı, dünyanın inkişaf axınını daha hansısa məqamda dayandırmaq mümkün deyil. Amma çox yanılmışıqmış...

COVID-19 dünyanın əyləcini basdı, sanki zaman bir yerdə donub durdu. Dünyanın hər bir yerində insanlar təhlükəli virusdan qorunmaq və başqalarını da qorumaqdan ötrü günün qlobal tələbinə çevrilmiş "Evdə qal!” çağırışına əməl edib evlərində qalmaqla həm də öz vicdanları, mənəvi dünyaları ilə baş-başa qaldılar.

Koronavirus pandemiyasının çox az sayda faydalarından biri də bəlkə elə bəşəriyyəti və onun ayrı-ayrı üzvləri olaraq hər birimizi vicdanımız, mənəviyyatımız, keçmişimiz, bu günümüz, gələcək haqqında təsəvvürlərimizlə rubəru əyləşdirib özümüzün və dünyamızın taleyi haqqında ətraflı düşüncə fürsəti verməsidir, kim bilir...

Alber Kamyunun 1947-ci ildə çapdan çıxmış "Taun” əsərini oxuyanda hələ xeyli gəncdim. Sonradan tənqidçilərin rəyləri ilə tanış olub biləcəkdim ki, Kamyu bu romanda sətiraltı mənalarla taun epidemiyası adı altında əslində bir zamanlar qara bəla kimi Avropada yayılmış faşizmi anladırmış. Amma ilk dəfəsində, yeniyetmə yaşında, nə gizlədim, bu romanı elə sırf taun haqqında yazılmış təsirli bir əsər kimi oxuyurdum.

Romanı diqqətlə mütaliə etmiş oxucuların yadında olar, epidemiya vaxtilə Fransanın müstəmləkəsi olmuş Əlcəzairin şəhərlərindən birində - Oranda başlanır. Bu hekayətin izi ilə dahi Kamyu öz oxucularını adi vaxtlarda, əhvalımızın şad-xürrəm vədələrində çoxumuzun bəlkə heç fərqində belə olmadığımız yalın həqiqətlər mənzərəsindən keçirir.

Oxucu insanların ölümün bir addımlığında olduqları zaman düşdükləri psixoloji vəziyyətlə üz-üzə qalır. Onların özləri ilə, öz vicdanları ilə daxili hesablaşmasını eşidib-duyur. Həyatın adi axarı ilə davam etdiyi zamanlarda o qədər də etina etmədiyimiz xırdalıqların əslində bizim üçün nə qədər böyük önəm kəsb etdiyini göstərir.

Təsəvvür edək ki, dünənə kimi əlimizi uzatsaq, çata biləcəyimiz doğmalardan gözlənilmədən ayrı düşmüşük. Bizə ən doğma olan adamları günlərdir ki, görüb bağrımıza basa bilmirik. Nə qədər can atsaq da, onlara yetişə bilməməyin yaratdığı ayrılıq qorxusundan adamı vahimə basır.

Hələ bir vaxtlar adamlarla dolub-daşan küçələrin, meydanların indi daş kimi səssizliyi, qaynarlığını, qələbəliyini itirmiş gündəlik həyatın qərib tənhalığı...

Kamyu insanların bəzi şeyləri yalnız başlarının üstünü bəla aldığı zaman, fəlakətə düçar olduqda dərk etdiklərini həyatımızın ən acı etiraflarından biri kimi üzümüzə çırpır.

Amma keşkə bu bəzi olanları tək belə sınaqlar vaxtında yox, həyatmızın bütün məqamlarında nəzərə alsaq, onları diqqətdən kənarda qoymasaq, sonradan peşmanlığını yaşayacağımız yanlışlara yol verməsək...

***

"Taun” romanı bəşəriyyətin üzləşdiyi bəlalardan sovuşmağın yeganə yolunu da göstərir: yaxşı insanların öz güclərini birləşdirməsi. Bu birləşən güc ən böyük bəlalardan da daha üstündür. İnsanın hansı məzhəbə qulluq etməsi, hansı əqidənin sahibi olması fərq etmir, əsas odur ki, o, qəlbini yaxşılıqlara açsın, yaxşı insanların qalib gəlməsindən ötrü özü də əməlləri ilə onlardan biri olsun.

Kamyunun "Taun”undakı bütün yaxşı insanlar Oran şəhərində tüğyan edən, hər gün yüzlərlə can alan bu bəlaya qarşı birlikdə mübarizə aparır və sonda qalib gəlirlər. Nə qədər də tanış mənzərədir, deyilmi?!

Biz də dünyamızdakı bütün yaxşılıqları birləşdirsək və bu birliyi indən sonra həmişəlik qorusaq...

İnanın ki, bu xəyal etdiyimizdən də daha asan başa gələ bilər...

***

Bu gün Yer üzündə bəşəriyyətin COVID-19 pandemiyasına qarşı maraqlı bir vəhdətini görürük. Maraqlı olansa budur ki, sərhədlər açıq olanda qəlblər bir-birinə bağlı idi, amma indi sərhədlər qapalı, qəlblər açıqdır...

Ümumi bəla, qorxulu aqibət, bütün insanları mənən bir-birinə yaxın edib. Hər kəs dünyamızın bu mərəzdən tezliklə qurtulmasına çalışır. Ən azı öz gündəlik həyat tərzini müəyyən edilmiş normalara uyğunlaşdırması ilə xəstəliyə qarşı mübarizə tədbirlərinə bir adam sayı qədər kömək göstərmək istəyir.

Dünyada silah səsləri də səngiyib elə bil...

Lənətə gəlmiş işğalçı qonşularımızın cəbhə xəttində ara-sıra yol verdikləri təxribat əməllərindən, atəşkəs rejimini pozma cəhdlərindən savayı, neçə gündür müharibələrlə bağlı elə bir xəbər rastıma çıxmır. Çünki özünə hörmət edən hansısa ölkə dünyanın bu qarışıq vaxtında insanlıq üçün əlavə problem yaratmaq istəmir. Dünyanın sözü-söhbəti koronavirus pandemiyasıdır, xəstəliyin artım və azalma dinamikasıdır, ona qarşı görülən tədbirlərdir.

Bu gün dünyada müşahidə olunan mənzərə əslində belə bir reallığın təsdiqidir ki, bəşəriyyət istəsə, zəruri saysa, başqa zamanlarda da bir araya gələ bilər, başqa bəlalara qarşı da gücünü birləşdirməyi bacarar, bu bəlaları da həyatından birlikdə qoparıb ata bilər.

Yetər ki dünyamızda bunu istəyənlərin sayı həmişə indiki kimi çox olsun...

***

COVID-19 böhranı başqa həqiqətləri də gün işığına çıxarır.

Son illər dünyada sanki bir dəyərsizləşdirmə təbliğatı gedirdi. Belə bir düşüncə aşılanırdı ki, gələcəkdə insanların dəyərlərə ehtiyacı qalmayacaq. Yaxud ehtiyac qalacaqsa da belə, bu daha dədə-babalarımızın yaratdıqları ənənəvi dəyərlər olmayacaq. Guya gələcək özü öz dəyərlərini formalaşdıracaq. Eyni zamanda dünyada dövlətsizləşdirmə düşüncəsinə doğru ardıcıl bir meyillə də qarşı-qarşıya idik. O qədər də uzaq olmayan gələcəkdə qloballaşma proseslərinin guya bütün sərhədləri ortadan götürəcəyi, klassik mənada dövlətçilik institutlarının öz əhəmiyyətini itirəcəyi ilə bağlı illüziya formalaşdırılırdı.

COVID-19 böhranı isə bu yalançı təbliğatı sabun köpüyü kimi partlatdı. Mənəvi və dövlətçilik dəyərlərinin həyatımızda əslində necə böyük əhəmiyyət daşıdığını göstərdi. Güclü bir dövlətə sahibliyin keçmiş qədər bu gün və gələcəkdə də xalq üçün necə mühüm önəm kəsb etdiyini ən azı Azərbaycan nümunəsində gördük. Və o dövlətin daim güclənməsinə çalışmağın hər birimiz üçün bir ömürlük borc olduğunu bir daha dərk etdik.

Məhz güclü dövlət və güclü lider amili bu bəlanın ölkəmizdə başqa ölkələrlə müqayisədə o qədər də geniş yayılmasına imkan vermədi. Şükür ki, bu sətirlərin qələmə alındığı günlərdə vəziyyət daha da yaxşılığa doğru dəyişməkdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyəti, vaxtında verdiyi qərarlar sayəsində bütün dövlət institutları, ümumən cəmiyyətimiz bu qlobal bəlaya qarşı səfərbərliyə alındı, lazımi karantin tədbirləri həyata keçirildi və bu tədbirlər yenə də davam etdirilməkdədir.

Azərbaycan başqa ölkələrin koronavirus pandemiyasına qarşı yol verdiyi heç bir səhvi təkrarlamadı. Əksinə, bu səhvlərdən faydalı təcrübə formalaşdırdı. Bu da görülən tədbirlərin düzgünlüyünə, məqsədyönlülüyünə və müsbət nəticələrinə təminat yaratdı. Başqa ölkələrdə yaranmış dəhşətli mənzərə onu söyləyirdi ki, bu bəladan mümkün qədər itkisiz çıxmağın ən düzgün yolu güclü və güzəştsiz karantin tədbirləridir. İnsanları bir-birindən uzaq tutmaqla epidemiyanın öz hüdudlarını genişləndirməsinə imkan verməməkdir. Yoxsa hər yoluxan bir nəfər onlarca insanın eyni mərəzə mübtəla olması, xəstəxanaların dolub-daşması və faciə saylarının artması demək olar.

Azərbaycan koronavirusla mübarizə sahəsində bu günə qədər atılmış bütün addımları düzgün istiqamətə yönəltməyə və nəticədə vəziyyəti tez bir zamanda nəzarət altında saxlamağa nail olması ilə bir çox ölkələr üçün də nümunəyə çevrildi. Təsadüfi deyil ki, bu gün bir çox ölkələr koronavirusa qarşı mübarizə tədbirlərində məhz Azərbaycan təcrübəsindən faydalanır.

***

Bəşəriyyət qorxulu bir röyadadır sanki...

Bəlkə kimlərsə durumun nə dərəcədə ciddiliyini hələ də lazımi qədər anlaya bilməyib. Amma fərqində olmaq lazımdır ki, söhbət hansısa sıradan bir xəstəlikdən getmir. Bu o qədər miqyaslı bir pandemiyadır ki, heç bir döşünə döyən dövlət ondan özünü sığortalaya bilməyib. Heç bir ölkənin səhiyyə sistemi bu xəstələrin artan dinamikası qarşısında duruş gətirmək gücündə deyil.

Koronavirus bəlası inkişaf səviyyələrinə görə dünyanın ən öncül ölkələrindən sayılan, uzun illər ərzində mükəmməl səhiyyə infrastrukturu formalaşdırmış, güclü təbabətə, ən yüksək peşəkarlıq səviyyəsinə malik həkimləri olan ölkələrdə hər gün minlərlə can alır. İraq olsun, Azərbaycanda da geniş yayılsaydı, virus bizdə hansı faciələrə gətirib çıxara bilərdi, adam bu barədə düşünmək belə istəmir.

Amma dövlətimizin gördüyü qabaqlayıcı tədbirlər ölkəmizdə nəticələrin aradan qaldırılması ilə yanaşı, səbəblərin qarşısının alınmasına doğru atılan addımlar bizi genişmiqyaslı faciələrdən də sovuşdurdu. Arzu edək ki, prosesin davamında da bu belə olsun.

Bu günlərdə xəstəxanalarda böyük gərginlik içində gecə-gündüz çalışan, günlərdir evə gedib doğmalarının üzünü görə bilməyən həkimlərimiz, tibb işçilərimiz qədər karantin rejimini yüksək ciddiyyətlə qoruyan polis əməkdaşlarımız, əsgər və zabitlərimiz, karantin rejimində cəmiyyətin cari tələbatlarını, ehtiyaclarını təmin edən digər peşə sahiblərimiz də böyük hünər göstərirlər. Bu, əsl qəhrəmanlıqdır.

Hər birinə nə qədər minnətdarlıq etsək, yenə azdır.

Allah bu fədakar insanlarımızı qorusun!..

***

Bəllidir ki, koronavirus pandemiyasının gətirdiyi bəlalar təkcə insanların həyat və sağlamlığı ilə məhdudlaşmır. Bu virusun ən böyük zərbələrindən biri də qlobal iqtisadiyyata dəyib. Dünya iqtisadiyyatı demək olar ki, iflic vəziyyətinə düşüb və yaranmış durumdan tezliklə çıxış yolu əfsus ki, hələ görünmür.

Azərbaycanda koronavirusa qarşı aparılan mübarizə tədbirlərinin özünəməxsusluğu isə həm də ondadır ki, bu tədbirlər fərd olaraq hər bir vətəndaşımızın həyat və sağlamlığı ilə yanaşı, sosial rifahını, ölkənin sosial-iqtisadi həyatının ən müxtəlif seqmentlərini də əhatə edir.

Dövlətimiz, Prezidentimiz insanların həyat və sağlamlığı qayğısına qaldığı kimi, iqtisadiyyatın da ayaqda qala bilməsindən, vətəndaşlarımızın güzəranının təmin olunmasından ötrü addımlar atır və bu sahədə də nümunə yaradır.

Cənab İlham Əliyevin sərəncamı ilə ölkə iqtisadiyyatının müxtəlif seqmentlərinə dövlət dəstəyi üçün 3,5 milyard manata yaxın proqramlar hazırlanıb. Bu, iqtisadiyyatın həcmi ilə müqayisədə MDB məkanında və regionda dövlətin yaranmış yeni şəraitlə bağlı ölkə iqtisadiyyatına ən böyük dəstək paketidir.

Proqramlar qısa müddətdə hazırlansa da, ən incə detal belə diqqətdən kənarda qalmayıb. Dövlət ədalət prinsipini qoruyub. Fəaliyyət sahələri təsnifləşdirilib, yəni ən çox zərər çəkmiş sahələr, mənfi təsirə əhəmiyyətli dərəcədə məruz qalmış sahələr, minimal təsirə məruz qalmış və ya təsirə məruz qalmamış sahələr müəyyən edilib. Bunların hər birinə dövlət dəstəyi pandemiyanın təsirinə adekvat olacaq. Bu da məsələyə yüksək peşəkarlıqla yanaşmanın, hər bir nüansın nəzərə alınmasının göstəricisidir.

***

Bir qədər də rəqəmlər danışsın: hazırlanmış proqramlar, ümumilikdə, 600 minə yaxın insanı əhatə edir. Qırx dörd min sahibkarlıq subyektində çalışan 300 mindən çox işçinin əməkhaqqının əhəmiyyətli hissəsini dövlət ödəyəcək. Həmçinin dövlət dəstəyindən 290 mindən çox mikro və fərdi sahibkar faydalanacaq. İşsiz şəxslərin sosial müdafiəsi üçün 50 min ödənişli ictimai iş yeri yaradılacaq. Banklar tərəfindən sahibkarlara yeni ayrılan 500 milyon manat həcmində kreditlərin 60 faizinə dövlət zəmanəti veriləcək. Zəmanət verilən kreditlər üzrə faiz dərəcəsinin yarısı dövlət büdcəsinin vəsaitləri hesabına subsidiyalaşdırılacaq. Dövlət zəmanəti olmayan 1 milyard manat həcmində mövcud bank kreditləri üzrə faiz dərəcəsinin 10 faiz bəndi subsidiyalaşdırılacaq. Bu tədbirin əsas məqsədi pandemiya səbəbindən faizlərin ödənilməsində çətinliklərlə üzləşmiş sahibkarlara kömək etməkdir.

Bu proqramlar COVID-19-un ölkə iqtisadiyyatına zərərlərini minimallaşdıracaq, iqtisadiyyatımız qısa zamanda vəziyyətdən çıxıb yenidən normal inkişaf axarına davam edəcək.

Ona qədər isə məşğulluğa və sosial rifaha dəstək məqsədi ilə də fəal siyasət həyata keçirilir. Cənab İlham Əliyevin 19 mart 2020-ci il tarixli sərəncamına uyğun olaraq reallaşdırılan Tədbirlər Planı, aprelin 17-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan olunan və 2,5 milyon vətəndaşı əhatə edən yeni dəstək tədbirləri, insanlarımızın məşğulluğu və sosial rifahı üçün müvafiq həcmdə vəsaitin ayrılması bunun təzahürüdür. Ümumilikdə dövlət sektoru üzrə 900 mindən artıq işçinin, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqı saxlanmaqla məşğulluğu təmin edilib. Qeydiyyata düşmüş işsizlər üçün birdəfəlik ödəmələrə başlanıb.

Dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün digər məqsədyönlü addımlar da atılır. Özünüməşğulluq proqramı genişləndirilir, bu proqramın icrası sürətləndirilir. Xüsusi həssas təbəqələrin sosial müdafiəsi məqsədi ilə işlər görülür. Tənha yaşlılara sosial xidmətlər təşkil olunur, xüsusi əhali qrupları üçün digər dəstək tədbirləri reallaşdırılır. Aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqları ödənilir. Vətəndaşlarımıza müəyyən kommunal xidmətlərin ödənişində güzəştlər edilir.

Azərbaycan Prezidenti İlham Əliyevin "Xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” 2020-ci il 14 aprel tarixli Sərəncamı da xüsusi karantin rejimi dövründə vətəndaşlara sosial xidmətlərin səmərəli təşkilinə xidmət edən şəxslərə, ümumiyyətlə, sosial xidmət işçilərinin əməyinə verilən yüksək dəyərin və onlara xüsusi qayğının ifadəsidir.

Bütün bunlar onu göstərir ki, Azərbaycan dövlətinin dəstək əli yenə də öz vətəndaşlarının üzərindədir. Bu da Prezident İlham Əliyevin "Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır”, "Azərbaycan dövləti hər zaman vətəndaşın yanındadır” fikirlərinin real əməllərə söykənməsinin daha bir bariz örnəyidir.

***

Bu dövrdə yaşananlar Azərbaycanın ən çətin vədələrdə belə təmkinli mövqeyini, strateji baxışlarını qoruduğunu, yeni vəziyyətlərə çox tez bir zamanda və çevik şəkildə uyğunlaşmaq imkanlarını, cəmiyyəti toparlamaq gücünü ortaya qoydu. Bütün bunlar isə təbii ki, Prezident İlham Əliyevin xalqımızın Ümummilli Lideri Heydər Əliyevdən əxz etdiyi keyfiyyətlərdən, liderlik bacarıqlarından, istənilən vəziyyəti idarə etmək gücündən, problemləri imkanlara çevirə bilmək müdrikliyindən, ən əsası isə xalqın ona olan inamından irəli gəlir.

Pandemiyanın ölkəmiz üçün ən gərgin çağlarında Azərbaycanın təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün keçirilməsi cənab İlham Əliyevin bu əzminin, bu günə və gələcəyə aydın strateji baxışının, başqalarını konkret məram və məqsədlər ətrafında bir araya gətirə bilmək qüdrətinin təzahürü idi. Bircə məqamı xatırladaq ki, Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşü keçirdi. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi dövründə dünyada təşkilatın nüfuzunun daha da artırılması, üzv ölkələr arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində səylər göstərən Azərbaycan bu addımı ilə Türk Şurasını həm də dar günün qardaşlığı formatı kimi dünyaya təqdim etdi.

Müasir siyasət və diplomatiya anlamında zirvə görüşünün əsas məqsədi pandemiyaya qarşı milli səviyyədə atılan addımlara dair təcrübə mübadiləsinin aparılması, lazım olan anda bir-birinə dəstək göstərilməsi və xalqlar arasında həmrəyliyin möhkəmləndirilməsi idi.

Mənsə o toplantıdan görüntüləri izlədikcə türkün Ana Kitabı olan "Kitabi-Dədə Qorqud” dastanlarının konkret epizodları keçirdi ağlımdan. Ellərin xoş günündə də, dar günündə də uca dağ başında tonqallar qalayıb bir-biri ilə xəbərləşən, türk ellərinin sevincinə, dərdinə, qayğılarına şərik olan, kömək təklif edən, kömək istəyən, dar ayaqda göz qırpımında atını çapıb qardaş köməyinə tələsən, birgə toplantılar keçirib ümumi qərarlar qəbul edən ərənlərimiz keçirdi yaddaşımdan...

Azərbaycan dövləti, Prezident İlham Əliyev, onun təşəbbüslərinə dəstək verən digər türkdilli ölkələrin dövlət rəhbərləri bu mənəvi dəyəri, ucalığı, əxlaqı tarixin indiki çağlarına qədər gətirməyi bacarıblar.

Ululardan gələn belə dəyərlərə, hər cür diplomatiyanın, siyasətin fövqünə ucalmış bu mənəviyyata pandemiyadan sonrakı dünyamızda çox ehtiyac olacaq.

Bu mənada Prezidentimizin irəli sürdüyü "Biz birlikdə güclüyük!” çağırışı təkcə Azərbaycan cəmiyyətini deyil, həm də böyük türk dünyasını, ümumilikdə isə dünyanın xoşbəxt gələcəyi üçün çalışmağı özünə mənəvi borc bilən bütün insanları əhatə edir.

Dövlət rəhbərimiz düzgün qənaətdədir ki, bu çağırış gələcəkdə də öz aktuallığını qoruyacaq.

***

COVID-19 həm də bir ibrət dərsidir...

Bu dərsdən hələ çox şeylər öyrənəcəyik. Düşünürəm ki, dünya bundan sonra mənəvi dəyərlərə daha çox tapınmağa başlayacaq. Zahiri parıltılardan, mənasız təmtəraqlardan bir qədər usanacaq, bəlkə... Təbiətin qayğısına qalacaq. Ola bilər ki, şəxsi gigiyena məsələlərinə bundan sonrakı həyatımızda daha ciddiyyətlə yanaşacağıq. Əllərin dezinfeksiyası da çoxları üçün gündəlik adətə çevriləcək. Əllə salamlaşmaqdan, görüşəndə qucaqlaşıb öpüşməkdən bəlkə hansımızsa çəkinəcək.

Yaxud salamlaşanda bir-birimizdən məsafə saxlayacağıq. Nə biləsən, bəlkə adətlərimiz sırasına yaponsayağı salamlaşma etiketləri də daxil oldu yavaş-yavaş. Əlbəttə, bu, dəyərli oxucularımın ovqatını yüksəltmək üçün bir yumordur.

Nəticə çıxarmağı bacarsaq, bu dərs bizə çox şeyləri qazandıracaq. Açıq etiraf edək, son onilliklərdə qloballaşan dünyamızın sel-suyuna verib yavaş-yavaş unutmaqda olduğumuz, mərhəmət, paylaşma, yardımlaşma, qarşılıqlı kömək kimi dəyərlərimizi, əslində bizi biz edən bu duyğularımızı yenidən həyatımıza daxil edəcəyik. Necə ki, pandemiya günlərinin sınaqları bu dəyərlərimizi gün işığına çıxardı.

Günlərdir sosial şəbəkələrdə böyük qürurla izləyirəm ki, dövlətin insanların rifahı üçün atdığı addımlar öz yerində, adi vətəndaşlarımız da əllərində torbalar aztəminatlı insanlara yardım daşıyırlar. Birdən kimsə bu çətin günlərdə ərzaq qıtlığı çəkər deyə, əl-ayağa düşüblər.

Bakıdan başlamış ölkənin ən ucqar rayon və kəndlərinə qədər bir çox mağazalarda üzərinə "Ehtiyacın var götür, imkanın var əlavə et” lövhəsi asılmış ərzaq rəfləri qoyulub. Şəkillərinə baxıram və müxtəlif mağazalarda çəkilmiş bu rəflərin hamısını zəruri ərzaq məhsulları ilə dolu görürəm. Deməli, imkanı olub başqaları üçün rəfə ərzaq alıb qoya bilənlərimiz, ehtiyacı olub rəfdən ərzaq götürənlərimizdən daha çoxdur, şükürlər olsun.

Və bu çoxluq həm də xeyirxahlığın hüdudlarını genişləndirir. Xeyir əməlləri bir dəyər kimi təqdim və təbliğ edir. Görən hər kəs xeyir əməl sahibi olmağın insanı da, cəmiyyəti də necə gözəl yöndən təqdim etdiyinə şahid olur və bacardığı yaxşılıqlarla bu xeyirxahlıq aynasında özünü də görmək istəyir.

Bu xeyir işdə, savab əməldə sıravi insanlardan rayon icra hakimiyyəti orqanlarının nümayəndələrinə, bələdiyyə təmsilçilərinə, iş adamından tələbəyə, cavanından yaşlıya qədər hər kəs və hamı var.

Bu, Azərbaycan Prezidentinin, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın illərdən bəri öz şəxsi nümunələri ilə cəmiyyətimizdə səpdikləri xeyirxahlıq toxumunun barı, bəhrəsidir. Qoruya bilsək, həyatımızın əbədi dəyərinə çevirməyi bacarsaq, qısa müddətdən sonra dünyanın ən öndə gedən toplumlarından biri də biz olacağıq, əmin olaq buna.

***

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva hər zaman olduğu kimi, karantin rejimi dövründə də cəmiyyətimiz üçün böyük bir dəyər yaradır. Onun insanlarımızın həyat və sağlamlığından dolayı narahat duyğularla və vətəndaşlarımıza qayğıkeş münasibətlə hər birimizə ünvanladığı müraciətlər böyük mənəvi motivasiyadır. Günlərdir ki, doğmalardan uzaq qalan, gündəlik həyat tərzindən kənar düşən, pandemiya ilə bağlı qeyri-müəyyənlikdən canı sıxılan hər kəsin qəlbini isidən, sıxıntılarını ortadan götürən ruhani gücdür.

Bu durumda Mehriban xanım dövlətimizin Ana simasıdır...

Tarixən Azərbaycan qadınının ən gözəl xüsusiyyətlərindən birinə çevrilmiş qayğıkeşliyi, narahatlığı, doğmalarının cansağlığından yana sevgi dolu əndişəni ana simasında təqdim edən Mehriban xanım bununla cəmiyyətdəki vəhdəti, həmrəyliyi daha da gücləndirir. Hər hansı anlaşılmazlıqları aradan qaldırır. Atılan bütün addımların vətəndaşların həyat və sağlamlığı üçün olduğunu qəlbinin sevgisi ilə anladır və bizi özümüzü, eləcə də başqalarını qorumağa çağırır.

Bəllidir ki, karantin rejiminə hamılıqla riayət olunması dövlətin həyata keçirdiyi qabaqlayıcı tədbirlərdən irəli gələn prinsipial tələbdir. Bu tələbə hamının əməl etməsindən ötrü dövlət qurumları yeri gələndə qanunun ən sərt üzünü göstərməlidirlər. Mehriban xanım Əliyevanın tutduğu mövqe, cəmiyyətə ünvanladığı mesajlar insanları daha anlayışlı olmağa, durumun ciddiyyətini düzgün dəyərləndirməyə, məsuliyyətli davranmağa sövq edir.

Onu hər hansı vəzifə öhdəlikləri, rəsmi titullar çərçivəsindən çıxararaq, hər bir Azərbaycan ailəsinin doğma üzvünə çevirmiş fəaliyyətinin ən dəqiq simvolu kimi "Sizin Mehriban” imzası ilə bitən və ilk baxışdan bu sadə müraciətlər əslində məsələyə, problemə əsl mütəfəkkir yanaşmasıdır...

Mehriban xanım bu müraciətlərində insanları dəyərlər barədə düşünməyə, həyatımızdakı sadə həqiqətləri dərk etməyə, öyrənməyə və öyrəndiklərimizə əməl etməyə çağırır: "Biz bir-birimizdən fərqliyik, amma evimiz birdir. Özgə dərd olmur. Ağrı və iztirablar sərhəd tanımır. Virusa qarşı immunitet vaksin tapıldıqdan sonra yaranacaq. Biganəliyə qarşı immuniteti isə hər kəs özündə formalaşdırmalıdır”.

Pandemiyadan sonrakı dünyaya, gələcəyə doğru yolumuzda bundan da dəyərli mənəvi bələdçi ola bilərmi?!

***

Bir halda ki, bu mövzudan söhbət açıram, bir məqama da toxunmasam, olmaz. Azərbaycan xalqı olaraq bizim xeyirxahlıq, başqalarına təmənnasız kömək qədər nəcib əməllərə birbaşa aidiyyəti olan başqa bir dəyərimiz də var: "Sağ əlin verdiyini sol əl bilməməlidir”.

Düzdür, xeyirxahlıq hansısa formada təbliğ olunmalıdır, göstərilməlidir ki, bu başqalarına da sirayət etsin, qətiyyən buna qarşı deyiləm. Amma bu məsələdə də mütləq təvazökarlığın sərhədləri gözlənilməlidir. Yoxsa bir də görürsən, kimsə tutaq ki, aşağı-yuxarı 500 manatlıq yardım edib, amma televiziyalarda, informasiya portallarında bunun reklamına çəkdiyi xərci "çötkəyə vursan”, 5 min manatdan da çox edər. Balaca bir qutunun reklamı bütün saytları, televiziyaları bürüyür, buna nə hacət?!

Ya da baxırsan ki, kimlərsə bir əlində yardım torbası, o birində də kameralı telefon düşüblər küçələrin canına. Yardım verməkdən çox özlərinin reklamı, başqalarının ittihamı ilə məşğul olurlar. Əgər niyyətin yardım etməkdisə, et, Allah razı olsun! Amma daha məsələni kontekstdən çıxararaq siyasiləşdirib, bu həssas dönəmdə insanların hissləri ilə niyə oynayırsan?!

Əfsus ki, belə təsadüfi avantüristləri sonuncu parlament seçkisi vaxtı da çox gördük. Stəkanda fırtına yaratmaq üçün ucuz şoulara baş vuranlar, qışqır-bağırla, tərbiyəsizliklə yalanına həqiqət donu geyindirməyə uğursuz cəhd göstərənlər, daim avantüraları, boşboğazlıqları, bacarıqsızlıqları ilə tanınan macəraçılar həmin günlər əslində cəmiyyətimizdə mənəvi koronavirus yayıcıları idilər. Xaricdə əyləşib özünü bizdən biri sayan, yalançı "xeyirxah” obrazları ilə əslində gecə-gündüz Azərbaycanın mənafelərinə, birbaşa dövlətimizə qarşı çalışan ünsürlərin maliyyələşdirdikləri bu adamların qəsdi ölkədə gərginlik yaratmaq, insanları üz-üzə qoymaq, sağlam inkişaf meyillərini əngəlləmək idi.

Belələri indi də ortalarda dolaşıb "xeyirxahlıq” adı ilə su bulandırmağa, qərəz bəslədikləri insanları sıradan çıxarmağa çalışırlar. Amma kimin kim olduğunu yaxşı bilən cəmiyyətimiz buna imkan verərmi heç?!

Azərbaycan insanı nələrdən keçib, nələr adladıb?!

Yaşım daha az sayılmaz. O sınaqların çoxunu özüm gündəlik həyatımda yaşamışam, İkinci Dünya müharibəsindən sonranın aclıq-qıtlıq illərini də görmüşəm, 60-cı illərin ərzaq talonlarını da, 90-cı illərin əvvəllərinin sıxıntılarını, çörək növbələrini, bir-birindən ağır mərhumiyyətlərini də, torpaqlarından didərgin salınmış qaçqın və məcburi köçkünlərimizlə bağlı üzləşdiyimiz humanitar fəlakəti də. Ona görə də geniş müqayisə imkanına malikəm. Azərbaycan cəmiyyəti o sınaqların heç biri qarşısında indiki qədər məğrur, ümidli, gələcəyə inam dolu olmayıb.

Çünki indi bütün bunlara əsas yaradan, sabaha təminat verən güclü dövləti, ən çətin şərtlər daxilində belə bu dövlətin davamlı inkişafını təmin etməyə qabil güclü Lideri var...

***

Dünyadır, ola bilər ki, COVID-19-dan sonra tamam fərqli inkişaf səviyyəsində görünsün. Pandemiya dünyadakı iqtisadi böhranı daha da dərinləşdirsin. Bundan sonra çox şeylər əvvəlki kimi olmayacaq, etiraf edək. Qlobal dünyanın, beynəlxalq iqtisadiyyatın bir hissəsi kimi Azərbaycanda da müəyyən problemlər, onillərdir yüksələn xətt üzrə irəliləməsinə adət etdiyimiz iqtisadi inkişaf dinamikasında müəyyən səngimələr gözləniləndir. Çünki əgər dünya iqtisadiyyatı geriləyirsə, bu, Azərbaycan iqtisadiyyatına da istər-istəməz nüfuz edəcək. İqtisadiyyatımızın əsas barometrlərindən olan neftin qiyməti hələlik tənəzzüldədir və tezliklə yüksəlməsi ehtimalı da real görünmür. Azərbaycan qlobal logistika zəncirinin əsas həlqələrindəndir. Hazırda böhrandan dolayı tranzit imkanları zəifləyib və bu zəncir tam gücündə çalışmır. Karantinlə bağlı bir çox istehsal müəssisələri fəaliyyətini dayandırıb. Əlbəttə, bütün bunlar küll halında Azərbaycan iqtisadiyyatına öz mənfi təsirlərini göstərəcək. Şübhəsiz, əhalinin dolanışığında da müəyyən mənfi təsirlər yaranacaq. İqtisadi inkişafla əhalinin sosial rifahının bir-birinə necə bağlı olduğunu hətta iqtisadiyyatdan heç bir anlayışı olmayanlar da yaxşı bilirlər.

Amma bütün bunların fonunda bir məqamı xüsusi vurğulayım ki, Azərbaycan bu problemlərdən çox tez bir zamanda və daha da güclənib çıxacaq. Bu problemlərin içində Azərbaycan daha da qüdrətlənəcək.

Bizi qüdrətləndirənsə bu dəfə iqtisadiyyatımızdan da çox milli birliyimiz olacaq. Əsas budur. Milli birlik olan yerdə iqtisadiyyat da düzələndi, inkişaf da yenidən yüksələndi, əhalinin rifahı da ən yüksək səviyyəsinə çatandı. Biz bunu bacaracağıq. Çünki əsas olana nail ola bilmişik.

Vəhdətin zəfəri bizimdir. Biz son günlərin sınaqları dövründə bu vəhdəti göstərdik. Bu zəfəri qazandıq.

Elə bu sətirləri yazdığım məqamda maraqlı bir sorğunun nəticəsi ilə tanış oldum. Sosial Tədqiqatlar Mərkəzinin 2020-ci ilin birinci rübündə əhali arasında keçirdiyi sorğunun nəticələrinə görə, cənab İlham Əliyevin vətəndaşlarımız arasındakı reytinqi 94,7 faiz təşkil edir. Sorğunun nəticələrindən də göründüyü kimi, ölkə əhalisinin mütləq əksəriyyəti Prezident İlham Əliyevin fəaliyyətini, onun qlobal təşəbbüslərini, həyata keçirdiyi sosial-iqtisadi, siyasi islahatları, daxili və xarici diplomatiyasını, o cümlədən dünyanı bürüyən koronavirus pandemiyası dövründə gördüyü qabaqlayıcı tədbirləri tam dəstəkləyir.

Bu, bizə Vəhdətin zəfərini qazandırmış Liderə olan inam və etimaddır.

Vəhdətin zəfəri İlham Əliyevin zəfəridir...

Gerisi təfərrüatdır...

Hüseynbala MİRƏLƏMOV,

Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilatının sədri

http://www.azerbaijan-news.az/view-187824/vehdetin-zeferi?fbclid=IwAR3baCA1-KxS8Pc7vz2C-cbu8D9Fg2E9jfy0yD5TmDP4UxZJ_0r4K2EgosA