Hüseynbala Mirələmov

 

Böyük çölün fəryadı...

(esse)

 

...Qış günəşinin isitməyən, ancaq parlayaraq insanı fərəhləndirdiyi bir gün yolumuzu gedirdik.  Qarşıda Bakının amansız tıxacı bizi sel kimi cənginə aldı. Nə irəli, nə geri hərəkət edə bilmədiyimiz tıxacda ümidsizliklə yolun açılmasını gözləməyə başladıq. Bekarçılıqdan radionun dalğalarında gəzişdim, ürəyəyatımlı bir musiqi axtardım. Və... Radiodan son dərəcə məlahətli, kövrək səslə oxunan bir nəğmə ətrafa yayıldı, məni içinə düşdüyümüz tıxacdan da böyük bir qüvvə ilə götürüb haralarasa apardı...

Arpa çayı aşdı daşdı,

Sel Saranı aldı qaçdı,

Ala gözlü, qələm qaşlı,

Apardı sellər Saranı,

Bir ala gözlü balanı!..

     Bu heyranedici  səsin sehrində donub qaldım, varlığım lərzəyə gəldi, bu nə idi belə? İlahi, səslər necə obrazlar yarada bilərmiş, səslər necə canlı mənzərə çəkərmiş? Səslər də rəssamlığı bacararmış, hər ritmdə, hər notda bir rəng varmış. Səsinin bütün pərdələri sanki canlı bir rəssam idi, dinləyənləri rəngli bir dünyanın içərisinə sürükləyib aparırdı. “Apardı sellər Saranı” mahnısı ilə sanki tarixin rəngarəng bir tablosunun içərisinə düşdüm və heç oradan çıxmaq istəmədim... Ecazkar səs sahibi “apardı sellər Saranı” naləsi ilə məsum bir balanın ölümünə ağı, mərsiyə deyirdi.

     İfaçının səsinə diqqət kəsildim, kim olduğunu müəyyənləşdirməyə çalışdım. Əməkdar artist Elnarə Abdullayeva... Bu səsi dinlədikcə kükrəyən, dəli-dolu Arpaçay  bütün coşqunluğu ilə gözlərimin önündə canlandı. Əsrlərin yaddaşından keçib üzübəri gələn məşhur əfsanənin detalları təxəyyül gücü ilə  yenidən düşüncələrimdə dirildi. İfaçı öz mahir ifası ilə insan duyğularının sarı simlərinə elə toxunurdu ki, eyni anda həm qəzəb, həm sevgi, həm çarəsizlik hissləri bir-birinə qarışırdı. 

    Bilmədim ki, Xançobanın namusunu qurtarmaq üçün Muğan düzünün gözəl alagözlü gəlini Saranı dəli selinin qucağına alıb  aparan çaya hirslənimmi? Yoxsa Saranı qaçırtmaq üçün onun ardınca düşən mənhus niyyətli quldura qəzəblənimmi? Çarəsizlik içində namusunu yad nəfəsdən qorumaq üçün selin ağuşuna atlanıb bəlkə də könüllü olaraq ölümü seçən Saraya acıyımmı? Yoxsa əlçatmaz-ünyetməz uzaqlıqda bu faciəni eşidəndə  necə dözülməz bir dərdə batan Xançobanın nələr hiss etdiyini anlamağa çalışımmı?

Gedin deyin Xançobana,

Gəlməsin bu il Muğana...

Muğan batıb nahaq qana,

Apardı sellər Saranı,

Bir alagözlü balanı!

    Böyük Muğan çölü batdığı nahaq qanın babalının nə qədər ağır olduğunu anlayırdı...O əzəmətli səs “Apardı sellər Saranı” fəryadı ilə hayqıraraq gah yaralı bir quşa dönüb qanadlarından qan axa-axa  səmalara pərvazlanır, gah da kədərli bir zənguləylə süzüb Muğanın boz torpağına tappıltı ilə düşüb qalırdı. O səs igidlər igidi Xançobana gözəllər gözəli Saranın ruhunun yaralı bir quş kimi artıq uçub uzaqlara getdiyi xəbərini çatdırırdı.

     Elnarə Abdullayevanın şövqlə, ürəkdən səsləndirdiyi ifasına qulaq asdıqca düşünürdüm ki, bəlkə də bu nəğmə nakam bir məhəbbətin faciəsinə oxunan ən təsirli ağılardan biridir...

    Artıq nə tıxacı, nə də onun yaratdığı sıxıntını düşünmürdüm. İlk dəfə idi ki, tıxacda darıxmırdım, bezmirdim. Əsrarəngiz bir səslə kədərli bir əfsanənin birgə yaratdığı bu sehrli dünyanın içərisindən çıxmaq istəmirdim.  Böyük Muğan çölünə qoşulub bu ağıya ağlamaq, bu faciəyə yas tutmaq keçirdi könlümdən. Çünki böyük çöllərin böyük dərdləri olur... Çölün sinəsindən elədən-elə, belədən-belə əsən dəli küləklərin hansı dağıdıcı niyyətlə oradan keçdiyini, o çölü əməllicə sarsıtmaq istədiyini, yaşıl otlarını qurutmaq istədiyini bilirəm. Mən çölün böyük ağrıdan doğulan lal fəryadına yaxşı bələdəm. Çölün ağrısı da, səbri də böyük olur. Çöl dəniz deyil ki, dalğaları ilə şahə qalxıb hirsini büruzə verə bilsin, haqsızlıqlara dəli qasırğaları ilə  cavab versin. Çöl dağ da deyil ki, sinəsinə daha bir dağ çəkiləndə düz ortasından vulkan kimi püskürüb qəzəbi ilə ətrafı yandırıb yaxsın, qızmar lavaları ilə cavab verib qəzəbini soyutsun. Çöl daha səbirli, daha müdrik, daha təmkinlidir, ağısı da, ağrısı da, fəryadı da sakitdir, dərindədir. Saranı aparan sellər də keçir çölün sinəsindən, özünü-sözünü  bilməyən qaçaq-quldurlar da. Bunlara tab gətirib bu ağrını içində yaşatmaq böyük çölə yaraşar...

    Dünyada sözdən, musiqidən, ümumiyyətlə həqiqi sənətdən ülvi nəsə varmı? Həqiqi olmayan nə varsa, gəldi gedərdir, bir gün sabun köpüyü kimi partlayıb yox olur, ya da səhra qumu kimi barmaqlarının arasından süzülüb yoxa çıxır. Ancaq sənətin insan təxəyyülünə yön verən, xariqələr yaradan mənəvi ehtişamı, həqiqi qüdrəti əbədidir. Bir xalqın bağrından qopan möhtəşəm səsin və gözəl bir mətnin vəhdətindən yaranan bu nəğməni dinləyəndə bir daha həqiqi sənətin insanı arındırma qüdrətinə inandım...

Arpa çayı dərin olmaz,
Axar sular sərin olmaz,
Sara kimi gəlin olmaz,
Apardı sellər Saranı,
Bir ala gözlü balanı!

   Bu faciənin bir əsas şahidi, bəlkə də səbəbkarı var, desək doğru olar: Arpaçay. Buz kimi sularının qoynunda alagözlü bir balanı gizlədən, bəlkə də heç faciə niyyəti ilə yox, öz doğma balasını yadellidən qorumaq istəyən ana şəfqəti ilə  Saranı bağrına basıb onu  pisliklərdən uzaqlaşdıran  Arpaçay. Bəlkə də Saranın dərin olmayan sularından bir yerdə qurtaracağına ümid edərək niyyəti sadəcə onu qorumaqmış. Amma atalar yaxşı deyib, olacağa çarə yoxdur. Bəlkə də Sara özü ələ keçməkdənsə, Xançobandan başqasına yar olmaqdansa, elə ölməyi seçmişdi, o dayaz ləpələrin, o buz kimi suların qoynunda öz su təmizliyini qorumaq istəmişdi, kim bilir? Bildiyim budur ki, Elnarə Abdullayevanın səs də elə Arpaçayın suyu kimi dalğa-dalğa yayılır, gah sel kimi kükrəyib zilə qalxır, gah da içinə çəkilib o ağrını bəmdə yaşayırdı.  

   Əfsanələr  uydurulmuş da ola bilər, real həyat hadisələri əsasında yarana da bilər. Əsas olan odur ki, xalq dəyərli hesab etdiyini bədiiləşdirib sazın-sözün yaddaşında əsrlər boyunca yaşadır. “Apardı sellər Saranı” nəğməsi kimi.

    Bu hekayənin içində yer alan bir obraz da sevgilisini itirən, uzaqlardan onun ölüm xəbərini alan Xançobandır. Bəlkə də ölümün gözünə dik baxacaq qədər  bir igid, bəlkə də təkbaşına bir orduyla savaşa biləcək qədər güclü bir kişi. Ancaq sevdiyi qadının faciəsi ilə sarsılıb bir anda dərdə təslim olan bir insana çevrilir. Çünki bəzən ayrılıq sevən bir qəlb üçün ölümdən daha betərdir. Sevdiyi qadını göydə Allaha, yerdə isə onun özünə əmanət edib uzaqlara getmək məcburiyyətində olan, elə orada da onun əbədilik sulara qərq olduğunu eşidəndə bu dərdə  dözmək üçün Xançoban Muğan çölü kimi təmkinli olmağı bacarmalıydı. Kim bilir bəlkə elə Xançoban da bu dərdə dözməyib öz alagözlü Sarasının ardınca Arpaçaya atlayıb, onu yalnız buraxmayıb. Ya da Saradan  sonra Xançoban üçün həyatın da bir mənası qalmayıb? Bəllkə də Sarasından sonra aylarla, illərlə Arpaçayın sahilində oturub qan-yaş töküb, öz böyük məhəbbətinin izlərini Arpaçayın buz kimi sularında axtarıb? Yaxud da  sevgilisinin ölümünə səbəb olanları, elə Muğan çölünü də, Arpaçayı da, lap elə bəxtini də fəryadlar içində lənətləyib?! Bəlkə Muğan çölü də faciə önündə diz çöküb təslim olan bu igid balasının dərdi ilə bir daha fəryad qoparıb? Bu sualların cavabları yəqin ki, tarixin dolanbaclarında gizlənib qalıb. 

    Bu ürəkdağlayan nəğmənin əsl baş qəhrəmanı isə Saradır. Sağlığında gözəlliyi ilə, ölümündən sonra da namusu, heysiyyəti ilə dillərə dastan olan alagözlü bir el qızı. Dillərə saqqız olmaqdansa, sellərə qurban olmağı seçən məğrur, qorxmaz, ölümdən belə qorxmayan şərəfli bir azərbaycanlı övladı. Sevgisinə də, heysiyyətinə də sahib çıxmağı bilən, elə bu  insani keyfiyyətlərinə görə əsrlər keçməsinə baxmayaraq unudulmayan Sara  könülləri fəth etməyi bacarıb.

     Əlbəttə, burada adları çəkilən məkan və insan adları şərti də ola bilər, bu əfsanənin mahiyyəti tamam başqa cür olmuş ola bilər, bəlkə də heç bütün bunlar baş verməyib, xalqın zəngin yaradıcılıq təxəyyülünün məhsulu da ola bilər?! Ancaq Elnarə Abdullayevanın insanı sehrləyən səsi ilə hafizəmizin dərin qatlarında uyuyan xatirələrimizi oyadan “Apardı sellər Saranı”  fəryadı o qədər həqiqi və təsirlidir ki, belə bir  nalə özlüyündə istənilən əfsanəni yaratmağa qadirdir. Bir xoşbəxtliyin puç olmağının, bir sevginin nakam qalmasının, bir-birini sevən iki insanın - Sara ilə Xançobanın ayrılığının, Muğan çölünün fəryadının, Arpaçayın peşmanlığının ana  dilimizdə, doğma musiqimizlə bundan daha təsirli bir ifadəsi ola bilərmi?

     Bu ifa uzun illər ürəyimdə yığılıb qalan xatirələri  oyatdı, həm təsirləndirdi, həm də məlhəm oldu. O tıxacda zamanın necə keçdiyini, bir səsin qüdrəti ilə tarixin hansı dövrlərinə gedib çıxdığımın da fərqinə vara bilmədim.  Amma bildiyim bu idi ki, bu səslə yaddaşımın qapıları açıldı, gəncliyin, yetkinliyin xatirələri oyandı. Bir səsin sehri ilə artıq həyatda olmayan doğmalarım öz unudulmaz xatirələri ilə bir daha gözlərimin önündə canlandılar, onları ehtiramla yad etdim. Allahın mənə bəxş etdiyi və hər zaman yanımda olan doğmalarımın, sevdiklərimin, dostlarımın sevgisi, vəfası üçün də şükürlər olsun dedim.

     Bu səs məni Saranın faciəsinə ağlatdığı qədər həm də qəlbimi onun xatirəsini nəğmələrdə əbədi yaşadan xalqıma qarşı təşəkkür hissi ilə doldurdu.

     İndiyədək bir çox peşəkar xanəndələrin oxuduğu, ancaq əməkdar artist Elnarə Abdullayevanın bənzərsiz ifasında  valeh olduğum “Apardı sellər Saranı” mahnısı ilə ülvi duyğuları oyatdığına görə, bir neçə dəqiqədə unudulmaz bir sənət ziyafəti yaşatdığına görə ifaçıya da dərin minnətdarlıq hissi duydum.

                                                          ***

     Tıxac seyrəkləşməyə başlamışdı, avtomobillər yavaş-yavaş hərəkətə gəldi, yol açıldı, irəlilədik. Bu unudulmaz ifa  yoldakı tıxacı sıxıntısız keçirməyimə səbəb olmaqla yanaşı, ürəyimdə sıxlaşıb süni tıxaca düşən duyğularımın və təxəyyülümün də yolunu yenidən açdı. Rəvan şəkildə yolumuza davam edərkən məmnunluqla gözlərimi yumub pıçıldadım:  Yaşasın əsl sənət!.. Çünki yalnız əsl sənət  əsl insani duyğuları yaşatmağa qadirdir...

"Ədəbiyyat qəzeti", 14 yanvar 2023-cü il