Tarixin şərəfli imzası

... Şuşa sevinci ilə yuxuya dalmışdım. Bir gün əvvəl Ali Baş Komandan İlham Əliyevin Vətənin ən müqəddəs məkanı olan Şəhidlər xiyabanından xalqa yetirdiyi Şuşa müjdəsinin bütün həmvətənlərimiz kimi qəlbimə dolmuş həyəcanı röyada da davam edirdi.

Yuxunun dərinliyində bu sevgili şəhərin daş döşənmiş küçələrində qanad açıb uçurdum, dumana bürünmüş saf havasını tamarzı kimi ciyərlərimə çəkirdim, havasından, suyundan, torpağından, daşından, ağacından, otundan, çiçəyindən doya bilmirdim.

Elə röyada "Güllələnmiş heykəllərin fəryadı” əsərimi yaşadım. Qulaqlarımda möhtərəm Prezidentimiz İlham Əliyevin dediyi sözlər səsləndi: "Mən bilirəm nəyi, nə vaxt və necə etmək lazımdır...”

Əsərdə Molla Pənah Vaqif Pənahəli xanın ruhuna ehtiramla deyir: "Tələsmə, xan, tədbirli ol. İddia, mənəm-mənəmlik adlı bir qara ilan sürünür içimizdə, gərək əvvəlcə onu boğaq. Ağıl və tədbir üstün silahdır. Düşmən ağılla çökdürülməlidir. Ağlın uçurmadığı sədd yoxdur. İndi qoy hər kəs özü düşünsün, qərar çıxarsın!”

Bəli, ağıllı və tədbirli olmaq!

Ali Baş Komandan bunu Vətən müharibəsinin gedişində bütün dünyaya sübüt etdi.

Amma bununla bahəm içimdə bir narahatlıq da vardı. Hərbi əməliyyatlar hələ bitməmişdi. İgid balalarımız əldə silah müqəddəs torpaqlarda düşmənə qarşı haqq savaşını davam edirirdilər. Hər an itkilər baş verə, gəncəcik talelər qarala bilərdi. Axı müharibənin öz qanunları var.

Bu an içimdə bir hiss baş qaldırmışdı: kaş bu nigaranlıq tez bitəydi, şəhidlərimiz, yaralılarımız olmayaydı, Böyük Qələbəyə tez bir zamanda itkisiz, ağrı-acısız qovuşaydıq...

***

...Telefonun qəfil zənginə oyandım.

Ekranda oğlumun adı görünürdü. Telefon zənginin səsi gecəyarı küçədən eşidilən qələbəliyin səsinə, insanların sevinc hayqırtılarına qarışmışdı.

Telefona cavab verənə qədər oğlumun bu qəfil zənginə bir anlıq hövülləndim, son dərəcə önəmli nəsə baş verməsəydi, bu vaxtlar zəng edib yuxudan oyatmazdı. Amma elə o an da küçədəki qələbəlikdən hiss etdim ki, bu zənglə bu hayqırtılar bir-biri ilə necəsə əlaqəlidir. Yanılmamışdım...

- Ata, tez televizoru aç. Prezidentimiz danışacaq. Ermənistan məğlub oldu! Biz qalib gəldik! Anamı da oyat...

Sevincindən uşağı qəhər boğurdu.

Xoş xəbərə görə "sağ ol, oğlum, şad xəbər olasan, muştuluğun məndə” deyib telefonu qapatdım. Televizoru açdım. Həyat yoldaşımı oyatmağa gərək qalmadı. Səsə yuxudan özü oyanıb gəldi, Prezidentimizin çıxışını birgə dinləməyə başladıq.

Həmin an adama elə gəlirdi ki, o gecə bütün doğmalar bir-birinə zəng edib. Bir-birinə xoş xəbəri yetirib.

Bütün dünya azərbaycanlıları oyaqdır, ayaqdadır, öz liderinin bu tarixi çıxışını göz yaşı içində dinləyir...

***

"Dedik yetər artıq, bu əsarət yetər! Bizim şəhərlərimiz əsarət altında nə qədər qalacaq?! Mənfur düşmən bizim təbiətimizi nə qədər murdarlayacaq, bizim torpağımızda gəzəcək, yeyəcək, içəcək, rəqs edəcək, bizi təhqir edəcək. Dedik ki, düşmənə yerini göstərəcəyik, düşməni torpaqlarımızdan qovacağıq və qovduq da! Sentyabrın 27-də nə baş verib, onu tarixçilər deyəcək”...

Dövlət rəhbərinin qürur dolu kəlmələrini dinlədikcə həyat yoldaşım bir tərəfdə xısın-xısın ağlayırdı, özümün də gözlərimdən ixtiyarsız yaş süzülürdü.

Yeri gəlmişkən deyim ki, həyatımda iki dəfə hönkür-hönkür ağlamışam; 20 yanvar 1990-cı ildə, 8 may 1992-ci ildə - Şuşanın işğalı günü.

Cənab İlham Əliyev Ermənistanın faktiki kapitulyasiya aktı olan bəyannamənin məzmunu haqqında danışırdı, düşüncələrimdən isə Azərbaycanla bağlı tarixin müxtəlif dönəmlərində imzalanmış müqavilələr keçirdi.

1813-cü ildə bağlanmış "Gülüstan” müqaviləsini düşünürdüm...

207 il əvvəlin 12 oktyabr günü indiki Goranboy rayonunun Gülüstan kəndində Rusiya imperiyası ilə Qacarlar dövləti arasında imzalanmış həmin o müqaviləni...

Bu müqavilənin mətnini Böyük Britaniyanın Qacar imperiyasındakı nümayəndəsi olan və hakimiyyətə böyük təsir gücünə malik Ser Qor Ousli hazırlamışdı. Sənədə imza atanlar isə Rusiya tərəfdən Nikolay Rtişev, Qacarlar tərəfindən Mirzə Əbülhəsən xan Elçi idi.

... Sonra 1928-ci ilin 10 fevral günü imzalanmış "Türkmənçay” müqaviləsini xatırladım.

Yenə bir tərəfdən İranın vəliəhdi şahzadə Abbas Mirzə və Fətəli şahın nümayəndəsi Allahyar xan Əsəf əl-Dövlə, Rusiya imperiyası tərəfdən də general İvan Paskeviç...

Fakt yanlışsa, o dövrün peşəkar tədqiqatçıları qüsuruma baxmasın, bildiyim qədər "Türkmənçay” müqaviləsinin imzalanması mərasimində biz azərbaycanlıların iştirakı olsa-olsa həmin dövrdə zabit kimi çar ordusunda xidmət edən böyük maarifçimiz Abbasqulu ağa Bakıxanovun dilmanclığından o tərəfə getmirdi...

Tarixi taleyinə qərar verilən böyük bir xalq özü bu müqavilələrin şərtləri barədə nə düşünürdü, bu müqavilələrdə irəli sürülən müddəalarla, şərtlərlə razı idimi, razı deyildimi, heç soruşan belə yox idi...

Varkən yox sayılırdıq...

Bütün danışıqlar, razılaşmalar bizdən heç nə soruşmadan həyata keçirilirdi. Qərarlar bizi saya salmadan başımızın üstündən aparılırdı...

Gələcəyimizə biçilən tale ilə barışmaqdan özgə nə əlacımız vardı ki?!

Kim idi rəyimizi öyrənən, kim idi bizim istəklərimizlə hesablaşan. Ondan sonra əldə edilən müxtəlif razılaşmalar, verilən qərarlar, bağlanan müqavilələr, sazişlər də eləcə...

Həmişə tarixə boylananda ürəyimizi yandırıb-yaxan ən çox bu olub. Unudulmaz şairimiz Bəxtiyar Vahabzadə cavab tapa bilmədiyimiz bu sualı Yerin, Göyün gözəgörünməz sahibinə ünvanlayırdı:

 

Çəliyə möhtac ikən, mən özgəyə çəliyəm,

Min gülləyə tuş olan bir ceyranam, əliyəm.

Özgə nə əmr eləsə mən boyun əyməliyəm,

Neçin mənə özgəsi "Allah” olmuş, ay Allah?!

 

Bu sualın cavabı o idi ki, taleyimizə qərar verildiyi o tarixi dövrlərdə özümüzə aid güclü bir dövlətimiz yox idi. O dövlətin maraqlarını müdafiə edəsi, xalqın mənafeyini qoruyası, mövcudluğumuzu, milli varlığımızı, el birliyimizin qüvvəsini qəbul etdirməkdən ötrü qətiyyət göstərəsi, gələcəyimizə görə məsuliyyəti üzərinə götürəsi Liderdən məhrum idik.

Ona görə həmişə diktə olunan tərəf idik...

Həmişə bizim üçün müəyyənləşdirilmiş taleyə boyun əyməli idik...

***

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin o gecəki çıxışında isə ilk dəfə idi ki, tamam başqa bir gerçəklik görürdüm.

Son bir neçə əsrdə ilk dəfə idi ki, Azərbaycan diktə olunan yox, özü diktə edən tərəf kimi çıxış edirdi!

Müqavilə tərəfləri məhz Azərbaycan dövlətinin irəli sürdüyü şərtlərlə razılaşmaq məcburiyyətində qalırdılar!

"Tarixin ən güclü Azərbaycanı” ifadəsindən yazılarımda çox istifadə etmişəm. Bu ifadə müxtəlif inkişaf mənzərələri ilə bağlı publisistik müşahidələrimə əsaslanırdı.

Cənab İlham Əliyevin gecənin o dəqiqələrində televizorun ekranından gözlərimə köçən şəkli tarixin ən güclü Azərbaycanının portreti idi!

Ölkə rəhbərimizin üçrəngli bayrağımızın və dövlət gerbimizin qovuşuğundakı rəsmini yaddaşıma məhz belə həkk etdim.

O bayraq, o gerb və o Lider qovuşanda tarixin ən güclü Azərbaycanı ucalırdı...

Və işğalçı Ermənistan keçmişin, bu günün və gələcəyin hüdudlarından baxanda Azərbaycanın bu əzəmətinin qarşısında o qədər miskin, cılız görünürdü ki, təcavüzkar ölkənin baş naziri tarixin heç zaman yaddaşlardan silinməyəcək bu utanc anını öz sifəti ilə vizuallaşdırmamaqdan ötrü sənədi göz qabağında imzalamaqdan çəkinmişdi.

El dilimizdə desək, adam arasına çıxacaq üzü qalmamışdı. Ona görə də Nikol Paşinyanın həmin sənədi harada - öz vətəndaşlarının qorxusundan qaçıb gizləndiyi bunkerdəmi, kameraların nəzərindən uzaq başqa bir dəlmə-deşikdəmi imzaladığını özündən və ətrafındakı az sayda kəslərdən başqa yəqin bir kimsə bilmədi. Amma bu davranışı ilə də o, erməni siyasilərinin tarixdə süxurlaşmış mənfur xislətini sərgilədi. Onların mərdanə davranışlardan nə qədər uzaq olduqlarını, bütün önəmli işləri ortalardan itərək, köstəbək kimi qaranlıq künc-bucaqlarda çevirdiklərini bir daha göstərdi.

Bu da Paşinyanın o hərəkətləri timsalında erməni millətçilərinin öz xalqlarına cızdıqları acınacaqlı taleyin, gələcəksizliyin, bu regionun sabahında görünməkdən özünü məhrum etmənin rəsmi idi.

***

"Əminəm, hər bir Azərbaycan vətəndaşı hesab edir ki, onun həyatında bu günlər, bu dəqiqələr ən xoşbəxt günlər və dəqiqələrdir. Mən də xoşbəxtəm ki, bu xoş xəbərləri, bu müjdəni Azərbaycan xalqına verirəm. Xoşbəxtəm ki, bu tarixi sənədə imza atmışam. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!

Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!..”

Bu sözləri dinləmək üçün tam 30 il dözmüşdük...

Bu 30 ilin mənəvi məşəqqətləri, sarsıntıları, bədbinliyi, ağırlığı bir anın içində məhv oldu getdi...

Daxilən yüngülləşdik, gözlərimizdən axan sevinc yaşları içimizdəki kədəri, qəmi yudu apardı...

Və bizləri bu müzəffər zəfərə aparan Komandanla yanaşı, bu çətin, şərəfli yolda şəhid olan, qazi olan can parçalarımızın da ruhu qarşısında əbədi ehtiramımızı, borcumuzu elə həmin dəqiqələrdə anladıq...

"Güllələnmiş heykəllərin fəryadı” əsərində vaxtilə belə yazmışdım: "Göydən daş yağacaq! Bu daşlar yağının başına töküləcək!..”

Bəli, 44 günlük müharibə dövründə bütün bəşəriyyət bunun canlı şahidi oldu...

***

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı bu qələbə yeni bir reallıq yaratdı.

Tariximizdə tamam başqa bir səhifə açdı...

Tarixin axarında böyük bir dönüş nöqtəsinə çevrildi...

Biz böyük xalqıq, bunun sübuta ehtiyacı yoxdur, əcdadlarımızın bu torpaqlarda yaratdıqları zəngin mədəniyyətin hər kəlməsi, hər nişanəsi böyüklüyümüzü sübuta yetirir. Əsrlərboyu başımıza açılan müsibətlərə rəğmən dilimizi, inancımızı, milli kimliyimizi, dövlət qurmaq əzmimizi qoruyub saxlaya bilməyimiz də böyüklüyümüzdən, içimizdəki ruhun gücündən gəlir. Bununla belə nə qədər acı olsa da, etiraf edək ki, tarixən uğursuzluqlarımız uğurlarımızdan daha çox olub. Zərrə-zərrə qazandığımız nailiyyətləri bir anın içində əlimizdən alıblar, vəziyyəti dəyişə bilməmişik, özgələr başımıza hakim kəsilib, torpaqlarımız zaman-zaman qəsb olunub, haqqımızı geri almağa gücümüz çatmayıb.

Cənab İlham Əliyev isə uzun zamanlardan bəri ilk dəfə bunun tamam əksini bacardı!

Xalqımız onun təpəri hesabına haqqımız olanı ala bildi. Azərbaycan Prezidenti tək 30 illik problemi həll etmədi, iki əsrin münaqişəsinə son qoydu!

İki keşməkeşli yüzillik boyu bağrımızın başında qövr edən, əcdadlarımızdan üzübəri bu yurdun insanına rahatlıq verməyən yaranı kəsib atdı!

Amma bu da Ali Baş Komandanımızın, Ordumuzun qazandığı parlaq Zəfərin tarixi mahiyyətini tam əhatə etmir...

Azərbaycan düz beş əsrdən sonra ilk dəfədir öz torpaqlarını geri qaytara bildi!

Bu nə deməkdir, bir anlıq təsəvvürünüzə gətirə bilirsinizmi?!

O deməkdir ki, düz beş yüz ildir itirə-itirə gəlirdik... Bir xalqın öz dövlətini qura bilməsindən, eləcə də mövcud dövləti qoruyub, saxlayıb inkişaf etdirməsindən ötrü ilk mühüm şərt olan torpaqlarımız dörd bir tərəfdən qoparılırdı, yurdlarımız zaman-zaman əldən verilirdi.

Xalq şairi Nəriman Həsənzadə demiş, hər qonşuda bir parçası əsir qalan Azərbaycan...

Beş əsrdən sonra məhz İlham Əliyev tarixin bu gərdişini dəyişdi, Azərbaycan torpaqlarının geri qaytarılması ilə vaxtın axarında dönüş yaratdı.

Bu 5 yüzildə itirdiklərimiz təkcə dörd bir yandakı torpaqlarımız deyildi, aramsız məğlubiyyətlər, istilalar ruhumuzda da bir natamamlıq kompleksi yaratmışdı. Həmişə daxilimizdə gələcəklə bağlı xəfif nigaranlıq vardı, uzun vədəli planlar qurmağa çəkinərdik, elə bilərdik yenə də zamanın səmum yelləri qurduğumuz bütün xəyalları vurub uçuracaq, taleyimizi nagahanlığa sovurub aparacaq.

İlham Əliyev ilk dəfə Azərbaycan xalqında özgüvən yaratdı!

Qazandığı Qələbə bu xalqın yeddidən yetmiş yeddiyə hər bir nümayəndəsini əmin etdi ki, artıq özümüz öz taleyimizə sahibik, başqalarının başımız üzərində ağalıq etdikləri dövranlar keçmişdə qalıb!

Əgər milli birliyimizi hər zaman qorusaq, zamanın çağırışlarına həssaslıq göstərib addımlarımızı ona uyğun müəyyənləşdirsək, doğrulara sarılsaq, uğurlar, qələbələr hər zaman bizim, məğlubiyyətlər, məyusluqlar isə bizi istəməyənlərin olar!

Vətən müharibəsindəki qələbənin anlatdığı ən böyük həqiqətlərdən biri də elə budur...

***

Ötən il martın əvvəlləri idi. Azərbaycan Prezidenti tariximizdən gəlib-keçmiş ən böyük hökmdarlardan Şah İsmayıl Xətainin Bakıdakı heykəlinin ziyarətinə getmişdi. Dövlət rəhbərimiz cari fəaliyyətində müxtəlif mədəniyyət abidələrinə tez-tez baş çəkir, vəziyyətlə tanış olur, tapşırıqlarını verir.

Amma tarixi romanlar müəllifi kimi o ziyarət düşüncələrimdə tamam başqa anlam kəsb etmişdi. Xatırlayıram ki, həmin ziyarətdən çəkilmiş şəkillərə xeyli tamaşa etmişdim, fotolardan birində təkcə Şah babamız və İlham Əliyev idi...

Üz-üzə durub elə bil əsrlərin üstündən iki zirvədə bir-biri ilə kəlmələşirdilər...

Daha bir fotoda isə Azərbaycan Prezidenti sanki kürəyində, bütün vücudunda bu heykəlin simvolizə etdiyi möhtəşəm dövlətçilik tarixinin gücünü hiss edərək, eyni zamanda məsuliyyət yükünü duyaraq hansısa hədəfə doğru qətiyyətlə baxırdı...

Düşünürəm ki, 2020-ci ilin 10 noyabr gecəsi Azərbaycan xalqına verilən o möhtəşəm qələbə müjdəsindən, imzalanmış o sənəddən sonra cənab

İlham Əliyevin tarixdəki məqamı hər zaman Şah Xətai ilə birgədir...

Kürəyini o tarixə söykəyib, qılınc və qələmlə yazılmış bütöv Azərbaycan salnaməsinin gücü, enerjisi, vüqarı İlham Əliyevin canındadır, minillik hədəfləri gələcəyə tuşlanmış sərrast baxışlarındadır...

***

Ədəbiyyat taleyim elə gətirib ki, təxminən son otuz ildəki bədii əsərlərimi əsasən tarixi mövzulara həsr etmişəm. Qarabağ mövzusunun da romanlarımdan, dram əsərlərimdən tutmuş publisistik yazılarıma qədər ümumən yaradıcılığımda həmişə xüsusi yeri olub.

Ömür nə qədər vəfa etsə, bundan sonra da belə olacaq...

Ulu Öndər Heydər Əliyev tarixi mövzuda əsərlər yazan yazıçılara üzünü tutub deyirdi: "Tarixi simaların obrazları yaradılan və tariximizin çox mühüm dövrləri tərənnüm olunan ədəbi əsərlər ən yüksək səviyyədə yazılmalıdır. Bunlar çox mühüm, açıq deyək ki, mürəkkəb mövzulardır. Bu mövzuların öhdəsindən yalnız yüksək istedadlı, dərin bilikli sənətkarlar gələ bilərlər”.

Bu əsərləri qələmə almaqdan ötrü tariximizi dayanmadan oxumağa, öyrənməyə, keçmişin mübhəm sirlərini açmağa çalışıram. Son günlər çox qəribə bir hiss ruhuma hakim kəsilir: öz xələflərimə, tarixi mövzularda əsərlər qələmə alacaq yazıçılara yaxşı mənada qibtə edirəm.

Çünki qismətimə əfsus ki, Azərbaycan tarixinin məğlubiyyətlər, uğursuzluqlar dövrünü qələmə almaq düşüb... Yazdığım əsərlərdə xalqımızın maraqlarına zidd tarixi müqavilələrin sözü gedir...

Onları ürək ağrısı, qəlb yanğısı ilə qələmə almışam, hər dəfə onları oxuyan oxucularımın da ürəyinin başına od düşüb. Bunun fərqindəyəm...

Gələcək yazıçılara isə ona görə qibtə edirəm ki, onların nəhayət ki, Azərbaycan dövlətinin tarixi uğur salnamələrindən yazmaq üçün böyük mövzuları var...

Onlar Azərbaycan xalqının maraqlarını ehtiva edən müqavilələri mövzuya çevirəcəklər, bu müqavilələrdən yazacaqlar...

Azərbaycanın tarixini dəyişən müqavilələr haqqında təəssüratlarını qələmə alacaqlar...

Ona görə gənc xələflərimə yaxşı mənada qibtəmi gizlətmir, onları əvvəlcədən təbrik edib bağrıma basıram...

***

Azərbaycan Respublikasının Prezidenti o razılaşma sənədinə noyabrın

9-dan 10-na keçən gecə imza atdı. Bu tarixi, bu imzanı heç vaxt unutmayaq...

Çünki tariximizdəki imzaların ən möhtəşəmidir o...

"Yox millətimin imzası bu imzalar içində” deyə haray çəkən Hadilərimizin yaralı ruhunun məlhəmidir...

O sənədə xalqımız, dövlətimiz adından İlham Əliyev imza atdı...

Amma bu imzada müstəqil dövlətimizin memarı Heydər Əliyevin də imzası var...

Bu imzanı İlham Əliyevlə bərabər, Şah İsmayıl Xətai, onun birlik, bütövlük missiyasını davam etdirmək istəyən Nadir şah da, vaxtilə zorla məğlubiyyətə məhkum edilmiş Pənahəli xanla İbrahim xan, cümhuriyyət qurucularımız Mustafa bəy Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli də atırdı...

Eyni zamanda bu şərəfli imzada Azərbaycan tarixinin şanlı səhifələrini öz qanları ilə yazmış 2783 balamızın, eləcə də bu Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin imzaları var...

Bu, Azərbaycan xalqının böyüklüyünün imzalı təsdiqidir...

Bir salnaməçi kimi tam əminəm ki, onilliklər, yüzilliklər keçəcək, tarix XX və XXI əsrlərə məhz 10 noyabr məqamından, bu imzadan baxacaq...

Elə Azərbaycan tarixi də iki mərhələyə bölünəcək: 10 noyabrdan öncəki və sonrakı dövrlər...

Tarix yaratmaq bax budur...

"Tarixin ən güclü Azərbaycanı”nı yaratmaq budur...

Və İlham Əliyevə bu tarixə, bu Azərbaycana görə yalnız əcdadlarımızın ruhu və indiki nəsil yox, həm də hələ doğulmamış azərbaycanlılar - onilliklər, əsrlər sonrası 10 noyabrla qürur yaşayacaq xələflərimiz də minnətdardırlar, borcludurlar...

Hüseynbala MİRƏLƏMOV

9 dekabr 2020