TARİXİN DÖNÜŞ ANI 

Böyük şəxsiyyətlərin talelərini bir-birinə bənzədən qəribə bir qanunauyğunluq var - illər bir-birinin ardınca səflənib cərgələndikcə, bu insanların mənəvi boyu daha da ucalır, əzəməti aydınlığı ilə görünür, nə vaxtsa onlarla eyni bir zamanda yaşamanla, eyni dünyanın torpağını, havasını, suyunu, atəşini paylaşmanla qürur duyursan, onların ömürlüyündən, həyat tərzindən, ideallarından mümkün qədər çox öyrənmək, bacardıqca çox şeylər əxz etmək və bu qiymətli irsi övladlarına da ötürmək istəyirsən...

Tarixi şəxsiyyətləri bəzən tarixi təsadüflər yetişdirir. Əgər həmin təsadüflər baş verməsəydi, onlar da dünyanın milyardlarla insanından biri kimi yaşayar və öz sıravi statusları ilə dünyadan köçərdilər.

Elə tarixi şəxsiyyətlər də var ki, onların ömür yolu hər hansı təsadüflərlə bir araya sığmır, bu yolun hər bir addımında onların qolunun qüvvəsi, alın təri, mübarizə əzmi var.

Heydər Əliyev də, həyatı heç bir təsadüfdən asılı olmayan, ömrü möhtəşəm qələbələrdən və böyük maneələrdən, ən xoşbəxt dəqiqələrdən və acı kədərdən keçən, lakin bütün məhrumiyyətlərə rəğmən öz müqəddəs məramına yetişən ən görkəmli tarixi şəxsiyyətlərdən idi...

...Heydər Əliyevin doğulduğu bahar gününün havasına yaz fəslinin xoş istisi, yaz çiçəklərinin ətri ilə birgə zamanın hərarəti, gərginliyi də qarışmışdı. Rusiya imperiyasının ucqarlarından biri kimi Azərbaycanda da sovet hakimiyyəti yenicə qurulmuşdu. Cəmiyyət böyük bir çaşqınlıq içində idi, sabah nə baş verəcəyindən tam xəbərsiz şəkildə hamı həyatındakı hər şeyi yenidən qurmaq məcburiyyətində idi. İnsanların tapındıqları dəyərlər sarsılmışdı, cəmi 23 ay ömür sürmüş Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun dərin məyusluğu da dolmuşdu insanların qəlbinə.

O illərin uşaqlarının taleyində marksizm ideologiyası mühitində tərbiyələnmək, həyata bu ideologiyanın müəyyən etdiyi pəncərədən baxmaq vardı. Heydər Əliyev də marksizm ideologiyasının dəyərləri mühitində formalaşmışdı, bu dəyərlərə ürəkdən inanmışdı. Zaman gələcək, o, bir zamanlar qəlbən bağlandığı idealların puça çıxdığını görəcək, böyük əzmlə, yüksək sadiqlik hissi ilə xidmət etdiyi siyasi təsisatın onun ideallarına necə xəyanət etdiyini, necə dağıldığını böyük təəssüf içində müşahidə edəcək, yeni bir dönəmə qədəm basıb hər şeyi sıfırdan başlayacaq və yenidən siyasi zirvəyə yüksələcəkdi.

Ömürlüyünü nəzərdən keçirib, həyatının müxtəlif dönəmləri ilə tanış olunca bu fərqli həyat parçalarını sanki bir şəxsiyyətin deyil, ayrı-ayrı adamların yaşadığını düşünürsən.

Otuzuncu illər...

Naxçıvan Pedaqoji Texnikumunun əlaçı məzunu məktəblərin birində pedaqoji fəaliyyətə başlamağa hazırlaşır, amma məktəbdə müəllimlik ona nəsib olmur...

O, memar olmaq istəyir...

Qurub-yaratmaq arzusunun ardınca Bakıya doğru qanadlanır, Azərbaycan Sənaye İnstitutuna daxil olur, iki il memarlıq təhsili alır, fəqət, həyatının ilk ağır çətinlikləri ona təhsilini başa vurub memar olmağa imkan vermir...

Sonra Naxçıvan Xalq Daxili İşlər Komissarlığında keçən xidmət illəri...

Çekist karyerasının başlanğıcı, leytenantlıqdan generallığa - Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə qədər gətirən yüksəliş yolu...

Ardınca partiya işində ən yüksək vəzifə...

Azərbaycan SSR KP MK-nın birinci katibi, sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, SSRİ boyda ucsuz-bucaqsız imperiyanın rəhbərlərindən biri...

Və elə bu məqamda taleyin qəfil zərbəsi...

Bütün vəzifələrdən istefa, Moskvada fərdi təqaüdçü statusu ilə 3 illik guşənişin həyatı, dörd bir yandan üzərinə yönəlmiş təzyiq və təhdidlərə mənəvi müqavimət...

Azərbaycana, Naxçıvana - həyatının başlandığı nöqtəyə dönüş...

Naxçıvan Muxtar Respublikasının Sədri vəzifəsində keçən ağır illər və Qurtuluş missiyası, Azərbaycan Prezidenti...

Amma bunların hər birində ortaq olan dəyərlərlə, ümumi cizgilərlə qarşılaşırsan... O dəyərlər, o cizgilər zamanın işıq selində çiliklənmiş parçaları birləşdirir və heç vaxt, heç bir şəraitdə öz ideallarına, xalqına, dövlətinə asi çıxmamış, şəxsiyyəti ilə zamanın fövqünə ucalmış bir bütöv şəxsiyyətin tam portreti gözlərin önündə ucalır.

***

"XX əsrdə Azərbaycan tarixinin önəmli, əlamətdar bir mərhələsi var: 60-cı illərin sonundan başlanan və XXI əsrə adlayan tarixi zaman. İlk baxışda quru statistika və faktlarla dolu, möhtəşəm, ziddiyyətli, enişli-yoxuşlu bir dövrün mənzərəsi yaranacaq. Lakin ikicə kəlmə söz tarix səhifələrini canlandırıb, uğurları, itkiləri, tərəqqi və inkişafı onlarca müfəssəl cədvəldən, araşdırmalardan qat-qat tutumlu əks etdirə bilər. Heydər Əliyev. Tarix salnaməsinin XX əsr üçün taleyüklü səhifələrinin iştirakçısı, yaradıcısı, aparıcısı. 30 ildən artıq Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyan, onu bir dövlət və millət kimi tarixin sınaqlarından çıxaran Vətəndaş, Şəxsiyyət, Lider.

Mənim də mənsub olduğum nəsil üçün - dünyaya 60-cı illərdə göz açanlara - o, ailə üzvü qədər yaxın və doğmadır. Və bu yaxınlıq tamamilə təbiidir"...

Mehriban ƏLİYEVA

***

"Rəhbər işçinin iradəsi olmalıdır, böyük iradəsi. Hər bir rəhbər işçi bütün varlığı ilə dərk etməlidir ki, o öz xalqının, öz millətinin, öz torpağının keşiyində dayanmalıdır. Yəni sən kənara çəkilib yalnız öz maraqlarını düşünməməlisən. Özünü yalnız bu işə həsr etməlisən. Mən Mərkəzi Komitədə işlədiyim on dörd il ərzində özümü xalqıma, respublikamıza həsr etmişəm. Amma indi heç nəsiz qalmışam. Lakin təəssüf etmirəm. Əgər yenidən siyasi fəaliyyətə başlasaydım, yenidən bu yolu tutardım" - V.Andrianovla birgə qələmə aldığımız "Görkəmli adamların həyatı - Heydər Əliyev" kitabında da öz əksini tapmış müsahibəsini Heydər Əliyev Naxçıvana dönüşündən dərhal sonra vermişdi.

Bu, uzun illər ərzində zərrə-zərrə əldə etdiyi bütün karyera uğurlarını bir anda itirib, özünün söylədiyi kimi, indi heç nəsiz qalmış, üstəlik, təmsil olunduğu, inandığı Kommunist partiyasının xəyanətləri ilə üzləşmiş, haqqında min cür böhtan və şayiələr yazılan bir müdrik ictimai-siyasi xadimin ömrün küskün bir vədəsində özünə verdiyi təsəlli deyildi.

Heydər Əliyev, həqiqətən, həyatını məhz bu cür yaşamışdı və xalqa həsr edilmiş ömrün sonda ona verdiyi, əslində, heçnəsizlik deyildi, Azərbaycan xalqının böyük sevgisi idi.

Naxçıvana döndüyü gün şəhər meydanında onun görüşünə axışan on minlərin yaratdığı insan dənizi idi. Azərbaycanın hər yerindən üzərinə "Naxçıvana - Heydər Əliyevə" yazılmış, hər sətri Azərbaycan vətəndaşlarının yüksək hüsn-rəğbəti ilə süslənmiş məktublar idi...

Yenicə müstəqillik qazanmış respublikanın ağır anında məhz onu çağıran, taleyini məhz ona əmanət etmək istəyən insanların inam və etibarı idi...

İstedad və iradə Heydər Əliyev şəxsiyyətinin ali keyfiyyətləri idi. Bu keyfiyyətləri onun özünə qarşı son dərəcə sərt tələbkarlığı və mütəşəkkilliyi tamamlayırdı. Xalqla bu qədər vəhdət, birgəlik, yəqin ki, çox az dövlət adamına nəsib olur. O, təmsil etdiyi xalqın simasını, istək və arzularını, ideyalarını, məqsədlərini öz obrazında yüksək mütəşəkkilliklə əks etdirə bilmişdi.

Onun qərarlarında xalqın arzularını, məqsədlərini duyub hiss edirdin. Onunla insanlar hər zaman arxayın idilər, sabahdan bədgüman deyildilər, onların taleyinə görə çətin məsuliyyət hissinin daşınmasını Heydər Əliyevin öhdəsinə buraxmışdılar. Çünki Heydər Əliyevin heç bir qərarında onları yanıltmayacağı düşüncəsi vardı, vətəndaşların içində...

***

Onun simasında böyük siyasətçinin peyğəmbəranə uzaqgörənliyi və sərkərdə şücaəti cəmləşirdi. Dərin savada və fitrətən incə estetik duyuma malik idi. Heydər Əliyev yüksək ədalət və alicənablıq keyfiyyətlərini də özündə birləşdirmişdi.

O, qətiyyən kinli deyildi. Bilmədən səhv edənləri də bağışlamağı bacarırdı. Amma simasızlar, təmənna güdənlər, şəxsi mənfəəti naminə Azərbaycan xalqının, dövlətinin maraqlarını satanlar onun mərhəmətinə ümid bəsləyə bilməzdilər.

Heydər Əliyev yüksək savada malik ziyalı, müdrik dövlət adamı kimi həyatı boyu çox nəzərəriyyələr oxuyub öyrənmişdi, çox ideyalara vaqif olmuşdu. Amma bütün bu nəzəriyyələrin, ideyaların onu gətirib çıxardığı bir nəticə vardı: milli amil bütün ideyalardan, nəzəriyyələrdən, şüar və prinsiplərdən öndədir.

Bunu tarix özü də sübuta yetirdi və yaşadığımız dünyanın reallıqları içində hər gün sübuta yetirməkdədir. Ona görə də Heydər Əliyev xalqın milli ideyalar mühitində səfərbərliyi prosesinə hələ ötən əsrin 60-cı illərinin sonunda Azərbaycana birinci rəhbərliyi dövründə başlamışdı.

Heydər Əliyevin Azərbaycana rəhbər təyin edildiyi 1969-cu il SSRİ-nin özü üçün gərgin bir dövr idi. Cəmi bir il əvvəl Çexoslovakiyada məşhur "Praqa baharı" yaşanmışdı. Gərginlik odunu ənənəvi olaraq qanla səngitmək üçün sovet tankları bu ölkəyə daxil olmuşdu. Kreml eyni vəziyyətin əvvəl-axır 15 müttəfiq ölkədə də yaşanacağından əndişələnirdi. Çünki imperiyanın daha çox xammal mənbəyi kimi baxdığı Azərbaycan kimi milli respublikalarda, vəziyyət o qədər də ürəkaçan deyildi. Cəmiyyətin sosial-iqtisadi həyatının bütün sahələrində geriləmələr müşahidə edilirdi. Bunun müqabilində mərkəzdənqaçma təzahürü ilə nəticələnə biləcək milli əhval-ruhiyyənin yaranması təhlükəsi güclənirdi.

Azərbaycanın rəhbəri vəzifəsinə Heydər Əliyev kimi bacarıqlı və inanılmış kadrın təyin olunması bu təmayüllərin aradan qaldırılması məqsədindən irəli gəlirdi. Amma Heydər Əliyev özünün böyük dövlətçilik məharəti və müdrikliyi sayəsində bu missiyaya tamam başqa istiqamət verdi. O, həmin illərdə Azərbaycan cəmiyyətində müşahidə edilən gərginliklərin, əslində, millətçilikdən deyil, korrupsiyadan, haqq-ədalət meyarlarının itməsindən, dəyərlərin aşınmasından irəli gəldiyinə Kremli inandırdı.

Faktiki olaraq, millətçiliyə qarşı mübarizə missiyasını korrupsiyaya, ədalətsizliyə qarşı mübarizə missiyasına çevirdi. Milli ruhun oyanışına təkan verdi, bu prosesin insanlara ziyan gətirməyəcək, onları repressiyalarla üz-üzə qoymayacaq bir tərzdə, daha böyük faydalarla müşayiət olunacaq bir şəkildə aram-aram inkişafını təmin etdi.

Beləliklə, 1969-cu il iyulun 14-dən Azərbaycan tarixinin Heydər Əliyev dövrü başlandı. Elə bir dövrü ki, sovet quruluşunun inzibati-amirlik sisteminin mahiyyətindən doğan bütün məhdudiyyətləri və çatışmazlıqları ilə bərabər, respublikanın sosial, iqtisadi və mədəni inkişafında əvvəllər görünməyən sıçrayışlarla, ən başlıcası isə xalqın mənəvi intibahı, oyanış proseslərinin dərinləşməsi, milli özünüdərkin kütləvi şəkildə oyanması ilə xarakterizə olunurdu.

***

"Hələ məktəb illərindən universitetə qədər, oradan da müstəqil həyata vəsiqə alanlar üçün Heydər Əliyev möhkəm iradəsi, təşkilatçılıq və dövlətçilik vərdişlərinin unikal virtuozluğu ilə heyran edən, geniş erudisiyası, qibtəediləcək işgüzarlığı, sənətə vurğunluğu və sənət adamlarına himayədarlığı ilə örnək bir lider olmaqla yanaşı, həm də bizim gündəlik həyatımızın, məişətimizin təcridedilməz bir hissəsi idi. O zamanın qanunlarına görə yaşayan bir cəmiyyətdə respublika başçısının, sözün yaxşı mənasında, millətpərəst bir insan olması onun həyatının nə qədər maneələrlə, üstüörtülü təhlükələrlə, daxili sarsıntılarla dolu olduğunu göstərir. Başqa cür ola da bilməzdi! Axı Azərbaycan üçün Heydər Əliyev möhkəm sipər, dayaqdır. Bunu bizim nəslimiz 80-ci illərin sonunda Vətənin üstünü qara buludlar alanda - Qarabağ savaşında, 20 Yanvar faciəsində haqsızlıq və laqeydlik ilə üz-üzə qalanda hiss etdi. Onun Azərbaycan üçün varlığının taleyin Tanrı payı olduğunu onda dərindən duyduq. Hiss etdik ki, "Azərbaycan və Heydər Əliyev qırılmaz tellərdir" kəlmələrinin ifadəsi adi ritorika deyil".

Mehriban ƏLİYEVA

***

Heydər Əliyevin ötən əsrin 70-ci illərində gördüyü işlərlə Azərbaycanı müstəqillik dövrünə hazırladığını, bir neçə ildən sonra ölkənin öz istiqlalını elan etməsi planına hazırlıq gördüyünü iddia etmək tarixin kobud təhrifi olardı. Məsələ burasındadır ki, Heydər Əliyev ömrünün gənclik çağlarından inandığı Kommunist partiyasına da heç zaman xəyanət yolu tutmamışdı. Əsl ideya adamı kimi bu siyasi ideologiyaya sədaqət hissini də onun çöküşünü görənə qədər qorumuşdu.

Heç müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi illərdə də kimsə Heydər Əliyevin dilindən keçmişə ittiham dolu bir kəlmə belə eşitmədi. Heydər Əliyev öz keçmişinin bütün məqamlarına sahib çıxdı, bir ömrün, bir xalqın tarixi kimi daim uca tutdu, dəyərləndirdi.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər İkinci Dünya savaşını qələbə ilə başa vurmuş SSRİ-nin öz yetmiş illik tarixindəki ən güclü, dünyanı hərbə-zorba dili ilə qorxutduğu vaxtları idi. Ona görə də SSRİ-nin cəmi bir neçə ildən sonra param-parça olacağını, milli respublikaların müstəqillik əldə edəcəklərini o dövrdə heç kim xəyal edə bilməzdi. Azərbaycanın sosial-iqtisadi yüksəlişinin təmin olunması, milli ruhun oyanışı, milli kadr potensialının formalaşması yönündə işlərə isə Heydər Əliyev o illərdə ona görə o qədər böyük əzmlə zəhmət sərf edirdi ki, bunların tarixin bütün dövrlərində Azərbaycana lazım olduğunu, lazım olacağını fərq edirdi.

Heydər Əliyev onda da hesab edirdi ki, azərbaycanlılar dünyanın ən yaxşı yaşayan xalqlarından biri olmalıdırlar. Onda da düşünürdü ki, Azərbaycanın sözü, səsi ədəbi incilərimizin, milli musiqi sərvətimizin işığında dünyanı dolaşmalıdır. Yer üzündə Azərbaycan adlı bir dövlətin, bir xalqın varlığından hər kəs xəbər tutmalıdır.

Azərbaycan xalqı zamanın ən böyük elm adamlarını, şair və yazıçılarını, rəssamlarını, musiqi xadimlərini, müəllimlərini, həkimlərini, mühəndislərini yetirməlidir. Azərbaycanlılar sırasından ən peşəkar hərbçilər çıxmalıdır, azərbaycanlı gənclər hərbçiliyi də gələcək sənət arzusuna çevirməlidirlər. Azərbaycan balaları o illərin imkanları çərçivəsində SSRİ-nin ən nüfuzlu ali məktəblərində təhsil almalıdırlar.

Azərbaycanın ictimai fikir tarixində böyük rolu olmuş insanların xatirəsi uca tutulmalıdır, milli-mənəvi dəyərlər göz bəbəyi kimi qorunmalıdır. Azərbaycan dili hər bir azərbaycanlının təfəkkür dili olmalıdır. Ən gözəl memarlıq abidələri Azərbaycanda ucaldılmalıdır. Ən xoş, ən rahat həyat Azərbaycanda olmalıdır. İnsanlar Azərbaycanda yaşamalarından zövq almalıdırlar, burada həyat yaşamaq üçün bir dəyərə çevrilməlidir.

İndi bütün bunların adını millətçilik və ya nə istəyiriksə qoya bilərik, amma reallıq budur ki, Heydər Əliyevin zaman-zaman gerçəkləşdirdiyi bu arzularda sovet ideologiyasının ümumi prinsiplərinə zidd heç nə yox idi. Zatən, bəlli ideologiyanın irəli sürdüyü əsas hədəf də dünyanı insanlar üçün bir cənnətə çevirmək deyildimi?!

Heydər Əliyevin böyüklüyü onda idi ki, o, bütün bunların, sadəcə, kağızlarda, gurultulu manifestlərdə öz əksini tapmış utopik arzular deyil, gerçək olması, ən azı Azərbaycan boyda məkan hüdudunda reallığa çevrilməsi üçün gecə-gündüz çalışırdı və buna zərrə-zərrə nail olurdu.

O, həmin illərdə gördüyü işlərlə cəmiyyət qarşısında Azərbaycan xalqının tarix və mədəniyyətinin dərin qatlarını açdı, bu da insanlarda öz millətinə böyük qürur hissi yaratdı, milli özünüdərk meyarını yüksəltdi. Heydər Əliyev Azərbaycan insanlarının nəzərində dövlətin onlara xidmət edən, onların qulluğunda dayanan, hər bir çətinliklərində onların yanında olan, öz vətəndaşlarının səsini eşidib harayına yetişən bir təsisat obrazını formalaşdırdı.

Qədərdə isə bütün bunların müstəqil Azərbaycan Respublikasına doğru aparan yolun yeni bir başlanğıcına, müstəqilliyimizin sarsılmaz özülünə çevrilməsi qisməti də varmış. Müstəqil Azərbaycan dövlətinin bu bünövrə üzərində qərar tutub gələcəyə doğru istiqamətlənməsini təmin etmək də yenə onun taleyinə yazılıbmış.

***

Heydər Əliyev Moskvadan Naxçıvana Allahın verdiyi ömür payını o ömrün başlandığı bu doğma məkanda sakitcə yaşamaq məramı ilə qayıtmışdı. Amma həyat, hadisələrin axarı, bütün ruhu ilə bağlı olduğu xalqın durumu və müstəqilliyini yenicə bərpa etmiş fidan ömürlü dövlətin gələcəyi ilə bağlı böyük fəhmlə gördüyü təhlükələr ömrün davamına öz təshihlərini etdi.

Azərbaycanın tarixi zərurət kimi qazandığı dövlət müstəqilliyinin ilk illərində başımıza gələnlər barədə çox geniş söhbət açmaq, bütün bunların günahkarlarının əməl dəftərini sətir-sətir sərf-nəzər etmək olar. Amma illərin bu üzündən baxanda o insanların yanlışlarını, xalqa çəkdirdiklərini bəlli bir əsasla tarixə buraxmaq, onların xalq qarşısındakı günahlarının bağışlanmasını zamandan təvəqqe etmək də mümkündür: bu insanlar, sadəcə olaraq, bacarmırdılar, müstəqil dövlət və ümumiyyətlə, dövlət haqqında təsəvvürləri yox idi, müstəqil dövlətin necə idarə edilməli olduqlarını bilmirdilər, dövlətçilik təfəkküründən xali idilər və bir çoxlarının mövqeyində şəxsi maraqlar aparıcı idi.

Bütün bunlara görə cəmiyyətdə baş verənlər Azərbaycanın parçalanmasından, ölkədə vətəndaş müharibəsinin baş verməsindən heç də az təhlükəli olmayan bir tendensiyanı gündəmə gətirirdi. İnsanlar cəmi bir neçə il əvvəl uğrunda meydanlara axışdıqları, şəhidlər verdikləri müstəqillikdən bədgüman olmağa başlamışdılar. Sosial-iqtisadi vəziyyətin getdikcə ağırlaşması, ailələrin çörəklə imtahana çəkilməsi, sovet dövründəki xoş günlərin yenidən geri dönməsini bir çoxlarının ümumi xiffətinə çevirmişdi.

Heydər Əliyevin hakimiyyət rəhbərliyinə qayıdışı Azərbaycanı parçalanma təhlükəsindən, vətəndaş müharibəsi qorxusundan hifz etməklə bərabər, cəmiyyətdəki məlum xiffəti, zərərli sovet nostaljisini də tədricən aradan qaldırdı, insanlarda müstəqillik, hüquqi dövlət, ölkənin inkişaf yolu, azad bazar iqtisadiyyatının prinsipləri barədə aydın təsəvvür formalaşmağa başladı. Ölkənin müstəqilliyinin təməlini onun sosial-iqtisadi müstəqilliyində görən ulu öndərin həyata keçirdiyi strateji inkişaf kursunun uğurları insanların gündəlik dolanışığında, süfrəsindəki ruzinin bolluğunda, əyin-başında, maraqlarında, tələbatlarında, istirahət və əyləncəsində özünü büruzə verdikcə həyatlarının müəyyən bir dövrü sovet quruluşunda keçmiş cəmiyyət üzvləri fərqində oldular ki, onların illərdən bəri can atdıqları, övladlarının gələcəyi üçün arzuladıqları əyyam, quruluş elə məhz bu imiş.

Heydər Əliyevin müstəqillik dövründə Azərbaycan xalqı, dövləti üçün gördüyü işlər mahiyyət etibarilə onun sovet dövründə Vətənimizin rifahı naminə apardığı ardıcıl fəaliyyətdən fərqlənmirdi. Sadəcə olaraq, Azərbaycan indi öz taleyinin, halal sərvətlərinin sahibinə çevrilmişdi və bu üstünlüyün verdiyi güc zamanında mümkünsüz görünənləri də mümkün edirdi. Bu imkanlar içində Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin tərəqqisi naminə bir insanın həyatı boyunca bir dövlət üçün edə biləcəyi hər şeyi etdi və ömrünün ən möhtəşəm əsərini əmin əllərə tapşırıb rahatlıq hissi ilə dünyadan köçdü.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də ulu öndərin milli dövlətçilik arzularının davamçısı oldu...

2003-cü ilin 15 oktyabr prezident seçkiləri ərəfəsində ümummilli lider Heydər Əliyevin Azərbaycan vətəndaşlarına ünvanladığı 1 oktyabr 2003-cü il tarixli müraciətin bu cümləsi Heydər Əliyevin xalqın taleyilə bütünləşmiş ömrünün kuliminasiya anı idi: "...Mən Ona özüm qədər inanıram".

Bir övlad üçün ata inamından, ümidindən dəyərli nə ola bilər?!

Amma bunu da unutmamalı ki, bir övladın sabahı ona dünənində verilmiş tərbiyənin cavabıdır. Əlini əminliklə qəlbinin üzərinə qoyub övladının gələcəkdə ancaq xeyirli işlər görəcəyinə, ancaq yaxşı əməllər sahibi olacağına təminat verəsi nə qədər ata-ana tanıyırıq?! Əgər məsələni müəyyən bir situasiyada konkretləşdirsək, yəqin ki, çox az. Çünki insan valideynləri ilə birgə həm də öz zamanının, mühitinin övladıdır. Və nə qədər yaxşı tərbiyə verirsən ver, öz zamanından, öz mühitindən, çevrəsindən aldığı dərslərin onun gələcəyində hansı şəkildə üzə çıxacağını az adam təxmin edə bilər.

Amma Azərbaycan xalqına 1 oktyabr 2003-cü il tarixli müraciətində Heydər Əliyev heç bir tərəddüdsüz bu ümidi, güvəni ümumilikdə Azərbaycan xalqının ümidinə, əminliyinə çevirdi. Çünki övladının hansı ailədə tərbiyələndiyini, hansı mühitdə yetişdiyini və bu mühitin onu nələrə qabil etdiyini hər kəsdən çox məhz Heydər Əliyev bilirdi. Bu müraciətin fəlsəfəsində ulu öndərin ona belə bir xeyirli övlad, Azərbaycan xalqına belə bir ümid bəxş etmiş Anaya, ömrünün böyük bir hissəsində daim ona həyan olan, dayaq duran ömür-gün yoldaşına - Zərifə xanım Əliyevaya bir minnətdarlığı da vardı...

***

"Tərəqqisi üçün çalışdığı, mədəniyyəti, keçmişi ilə fəxr etdiyi, nəsillərinin gələcəyi üçün düşündüyü Vətən - Azərbaycan taleyi onun adi insan taleyi ilə əbədi olaraq bağlandı. Hüseyn Cavidi uzaq soyuq Sibirdən Vətəninə qaytaranda, dahi həmvətənlərinin xatirəsini əbədiləşdirmək üçün bir-birindən əhəmiyyətli tarixi-mədəni layihələri reallaşdıranda, yüzlərlə gənci keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə oxumağa göndərəndə, mənəvi irsimizin qorunması, təbliği ilə bağlı məsələləri daim diqqət mərkəzində saxlayanda o, bizlərə "Bu Vətən sənin, mənim, hamımızındır" kəlmələrinin əsl mahiyyətini anladan həyat dərsi keçirdi. 1993-cü ildə yenidən Azərbaycan tarixini yaradan Heydər Əliyevi dəstəkləmək üçün meydanlara yığışan, onun səsinə səs verən milyonlarla azərbaycanlı arasında biz də - dünyaya 60-ci illərdə göz açanlar da var idik. Mənim həmyaşıdlarım həyatlarındakı Heydər Əliyev mərhələsinin bu gününü yaşayır, yenə də həyat dərsi keçir. Bu dərs onun timsalında ruhun, iradənin gücünə, insanın məğlubedilməzliyinə inam dərsidir".

Mehriban ƏLİYEVA

***

Bəli, Mehriban xanım tam haqlıdır: Heydər Əliyev həyat dərsində, inam dərsində hər birimizin baş müəllimi olub və hər zaman da olacaq!

Dünyanın özünü azərbaycanlı sayan hər bir sakini üçün Heydər Əliyevin tarixdəki yerini müəyyən edəcək çox nəsnələr var. Fikrimcə, onun yaratdığı ömür nümunəsi bunların hamısından öndə gəlir.

Nə qədər kitablar oxusaq da, nəzəri biliklərlə nə qədər silahlansaq da, həyatı, insanı nə qədər öyrənməyə çalışsaq da, ömür yollarında qarşımıza çıxan sualların aydınlaşdırılması, məqsədlərimizə doğru addımlarımızın ardıcıllığı üçün bunlar kifayət etmir. Bu faktdır ki, insan nümunələrdən görüb-götürür, onların göstərdiyi yolla tərbiyələnir, çətin anlarında suallarına cavabları o nümunələrdə arayır. Ömrünü örnək saydığın bir şəxsin, bəzən adicə bir aforizmi, onun həyatından xatırladığın adicə bir nümunə cild-cild kitabların yerini tutub, bağlı mətləblərə işıq salır, sənə mənəvi güc verir, irəliyə doğru hərəkət əzmini artırır.

Heydər Əliyev də dünyanın bütün azərbaycanlıları üçün Azərbaycanın coğrafi məkanında, milli təfəkkür, milli adət-ənənələr, milli təhsil-tərbiyə mühitində ən yüksək məqama çatmış mükəmməl insan nümunəsidir!

Hər bir azərbaycanlı uğur əldə etməyi də, uğursuzluqla qarşılaşan zaman buna mətanətlə duruş gətirməyi də, həyatı cani-könüldən sevməyi də, onun hər bir gözlənilməzliyinə hazır olmağı da məhz Heydər Əliyevin həyatından öyrənə bilər!

21-ci baharını yaşadığımız Qurtuluşun timsalında bunu indi daha aydın görürük...

 

Hüseynbala MİRƏLƏMOV,

Milli Məclisin deputatı, yazıçı-dramaturq

"Azərbaycan" qəzeti, 15.06.2014