TARiXi YARADANLAR

Bu, 1960-cı ildə İtaliyanın Roma şəhərində keçirilmiş XVII Yay Olimpiya Oyunları olmalı idi. 
Bu tarix ona görə dəqiq yadımdadır ki, həmin olimpiya oyunlarında SSRİ idmançıları müxtəlif növlər üzrə rekord sayda - 103 medal qazanmışdılar. 
Bu medallardan 43-ü qızıl, 29-u gümüş, 31-i bürünc medal idi. 
Keçmiş İttifaqın hər yerində olduğu kimi, Azərbaycanda da bu nailiyyətin geniş təbliğatı gedirdi. 1956-cı ildəki ilk efirindən sonra şəhərlərimizə, kəndlərimizə kütləvi şəkildə ayaq açmaqda olan televizorun mavi ekranından bu təbliğatı daha yaxşı izləyə bilirdik. 
Mən də olimpiya məşəlinin yandırılması mərasimindən qısa epizodları evimizdəki balaca sehrli qutunun ekranından görmüşdüm və belə bir məşəlin günlərin birində Azərbaycanda da yandırılacağı düşüncəsi, özümdən asılı olmayaraq, xoş bir arzu kimi qəlbimə dolmuşdu. 
Onda 15 yaşım olsa da, olimpiya oyunlarının keçirilmə şərtləri ilə bir o qədər dərindən tanış deyildim. Bu şərtləri bir də 1980-ci ildə keçmiş SSRİ-nin paytaxtı Moskva şəhərində təşkil edilmiş XXII Yay Olimpiya Oyunlarına hazırlıq ərəfəsində diqqətlə öyrənəcəkdim. 
1960-cı ildəki o epizodları izləyəndə isə elə bilirdim ki, olimpiya məşəli hər dörd ildən bir növbə ilə bütün ölkələri dolaşır və o məşəl gec-tez mənim doğulduğum torpaqlara da gələcək... 
***
Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıdakı qədim “Atəşgah” məbədində bu il ölkəmizdə keçirilən I Avropa Oyunlarının məşəlini alovlandırarkən ən çox o arzumu xatırladım. 
Görünür, insan, həqiqətən, nəyisə ürəkdən arzulayanda o, gerçək olur... 
Və həmin gün Odlar Yurdunun atəş məkanından od alaraq Azərbaycanın rayonlarına doğru uzun bir səfərə çıxan o məşəlin üzərindəki alov dilimləri mənim düz 55 il əvvəlki arzumun xəyal etdiyimdən də möhtəşəm bir şəkildə gerçəkliyə dönüşməsi idi. 
Budur, bütün ölkə vətəndaşlarının, özünü Azərbaycana mənəvi tellərlə bağlı sanan bütün dünya azərbaycanlılarının intizarla gözlədikləri vədə yetişdi. 
Cəmi bir neçə gün də ötəcək və Azərbaycanın ev sahibliyi ilə bəşər tarixində ilk dəfə olaraq keçirilən I Avropa Oyunları başlanacaq. 
Bununla da Azərbaycan bəşəriyyət tarixində yeni bir tarix yazacaq, dünyanın mədəniyyət salnaməsində yeni bir səhifənin müəllifinə çevriləcək...
***
Əsasında hər nə qədər idman yarışları dayansa da, bu oyunları sadəcə bir idman hadisəsi kimi dəyərləndirsək, onun mahiyyətini kiçiltmiş olarıq. 
Bəli, bu oyunlar idmanın, idman yarışlarının insanlara bəxş etdiyi dəyərləri sərgiləyir. Amma bu dəyərlərin əhatə dairəsi idman arenalarından kənara çıxıb çox-çox uzaqlara gedir. 
Bu oyunların nəticələri idmançıların qazandıqları nəticələrdən mahiyyət etibarilə xeyli böyükdür. Bu oyunlar idmançıların timsalında insan mənəviyyatının qələbə qazanmasıdır, insanın kamil bir şəxsiyyət kimi formalaşması ideyasının inikasıdır. Dünyada sülh və əmin-amanlıq arzusunun bütün bəşəriyyətin diqqətinə çatdırılmasıdır. 
Ta qədimlərdən bəri təkcə idmançıların deyil, şeir, mahnı, ədəbiyyat və incəsənət üzrə istedadlı şəxslərin də öz bilik, bacarıq və qabiliyyətlərini sərgiləmələrinə meydan verən bu cür oyunlar bir mənəviyyat bayramıdır, insanın fiziki gücünün onun mənəvi dünyası ilə vəhdətidir. 
Bu ziddiyyətli dünyamızda dərisinin rəngindən, sosial, siyasi, dini əqidəsindən, dilindən asılı olmayaraq bütün insanların mənəvi dəyərlər ətrafında, vicdan, ədalət, xeyirxahlıq işığında birləşib eyni bir ailənin üzvləri, eyni bir vətənin vətəndaşları, eyni bir evin sakinləri kimi mehriban yaşaya biləcəkləri fərqli bir dünya qurmaq arzusunun ifadəsidir. 
***
Belə möhtəşəm idman tədbirlərinin təşkili, bütün cəhətləri ilə yanaşı, həm də o tədbirin təşkilatçılığını üzərinə götürən ölkələrin, xalqların milli qürurudur. 
Bu sətirləri yaza-yaza Fransanın ictimai xadimi Pyer de Kuberten 1894-cü ilin iyun ayında Sorbon Universitetinin akt zalında 13 ölkənin 79 nümayəndəsi qarşısında olimpiya oyunlarının təşkili və Beynəlxalq Olimpiya Komitəsinin yaradılması layihəsi ilə çıxış etdikdən sonra baş verən tarixi faktları xatırlayıram. 
Onda təsis konqresi Kubertenin təklifini bəyənmişdi, Beynəlxalq Olimpiya Komitəsi yaradılmışdı, oyunların əsas prinsiplərini, qayda və müddəalarını əks etdirən xartiya qəbul olunmuşdu, oyunların antik ənənələr üzrə - dörd ildə bir dəfə keçirilməsi qərara alınmışdı. 
Üstəlik, 1900-cü ildə təşkil edilməsi qətiləşdirilən I Yay Olimpiya Oyunları üçün yer belə seçilmişdi: Fransanın paytaxtı Paris şəhəri. 
Amma həmin konqresdə iştirak edən Yunanıstan nümayəndəsi, məşhur şair və tərcüməçi Demetrios Vikelasın etirazı zalda bir anlıq sükut yaratdı: “Qoy Paris oyunları 1900-cü ildə keçirsin. Məgər ellinlər torpağı, antik olimpiadalar beşiyi olimpiya oyunlarını bundan dörd il əvvəl keçirməyə layiq deyildirmi?” 
Beləliklə, ilk olimpiya oyunları 1896-cı ildə Yunanıstanın paytaxtı Afina şəhərində keçirildi.
Demetrios Vikelas onda öz xalqına, qədim ellinlərin varislərinə uzun əsrlərdən sonra olimpiya oyunlarının məşəlinin yenidən ilk dəfə məhz Yunanıstanda alovlandırılmasının qürurunu yaşatdı. 
Və bu gün biz də müstəqil Azərbaycan dövlətinin I Olimpiya Oyunlarının ilk ev sahibi kimi, ilk təşkilatçısı kimi bəşəriyyət tarixinə öz adını yazmasının qüruru ilə qəlbimizi isindiririk. 
Dörd ildən sonra Avropa Oyunları tamam başqa bir ölkədə keçiriləcək, qismət olsa, dörd on ildən, dörd yüz ildən sonra da, yəqin ki, bu oyunlar tamam başqa-başqa ölkələrə salınacaq...
Amma bundan sonra daha nə qədər keçiriləcəksə, daha hansı ölkələrdə təşkil ediləcəksə, bu oyunların hər birində yenə Azərbaycan olacaq!.. 
Yenə Azərbaycanın adı xatırlanacaq... 
Avropa Oyunlarında məhz Azərbaycanın yaratdığı, məhz Azərbaycanda yaradılan ənənələr, dəyərlər, meyarlar nəzərə alınacaq, bütün hər şey bu ənənələrə, dəyərlərə və meyarlara uyğunlaşdırılacaq. 
Çünki birinci həmişə birincidir... 
***
Niyə məhz Azərbaycan?!
Bu seçim əsla boşuna deyil... 
Bütün dünyanın böyük önəm verdiyi belə bir möhtəşəm tədbirin təşkilatçısı kimi məhz Azərbaycanın seçilməsi bizim cəmi 22 il ərzində bu qədər çətin şərtlər daxilində, dörd bir yandan üzərimizə yönələn təhdidlər qarşısında, işimizi pozmaqdan ötrü fitnə-fəsad dəyirmanını bir an belə dayandırmayan bədxahlarımızın məkrli niyyətləri önündə qazandığımız tarixi nailiyyətlərin bütün dünya tərəfindən etirafıdır. 
Bu cür tarixi hadisələr həm də keçmişi vərəqləyib zamanın işığında düşünmək fürsəti yaradır. 
Bu 22 ilin ilk 2 ilində Ermənistan silahlı birləşmələri və onların havadarları tərəfindən işğal edilib yağmalanmış torpaqlarının, yurdlarının tüstüsü ərşə çıxan, hakimiyyət iddialarının vətən maraqlarından uzaq salıb müxtəlif cəbhələrə parçaladığı vətəndaşları əldə silah üz-üzə dayanan, küçələrində güllə səsləri ara verməyən, evlərinə şəhid tabutları gələn, insanları son qəpiklərini verib bir parça çörək almaqdan ötrü saatlarla növbədə gözləyən, bugünündən sabahına kimsənin ümidi qalmayan boz və məhzun görkəmli, laübalı bir məmləkət vardı. 
O məmləkətin adı Azərbaycan idi... 
Əsrin əvvəlində öz taleyinin sahibi olmaq cəhdi uğursuzluqla üzləşmişdi, 23 ay çəkən istiqlalı param-parça edilmişdi, 71 il keçmiş SSRİ-nin 15 respublikasından biri olmuşdu. 
1991-ci ildə adının əvvəlinə əlavə edilən “müstəqil” sözünün taleyi tükdən asılı idi. Tarixin sərt küləkləri qarşısında körpə fidan kimi titrəyən bu adın belə nə qədər davam gətirəcəyini kimsə bilməzdi. 
O məmləkət 1993-cü ildəki həmin halından cəmi 20 il ərzində bu yerlərə qədər gəldi. 
Xalqın ulu öndər Heydər Əliyevə olan inamı, onun Azərbaycanın gələcəyini düşünərək atdığı addımlar, verdiyi qərarlar bizi nələrdən adlatdı, ölkəmizi haradan haralara gətirdi...
I Avropa Oyunları 1993-cü ildən başlanmış müddətcə qısa, amma məzmunca əsrlərə bərabər böyük bir dövrün məntiqi nəticəsidir...
22 yaşlı qocaman bir ağac kimi kökü torpağın dərinliklərinə işləyən, budaqları göyün ənginliklərinə doğru ucalan müstəqillik ağacımızın yetirdiyi lətif bir meyvədir... 
“Azərbaycan dövləti tarixdə heç zaman indiki qədər qüdrətli olmamışdır”, - deyə bəyan edən Prezident İlham Əliyevin bu bəyanatındakı inamın, qətiyyətin reallıqla qovuşduğu, təkcə sözdə deyil, işdə, əməldə öz ifadəsini tapdığı tarixi andır...
Azərbaycanda yaradılmış sabitlik, əmin-amanlıq mühitinin, tolerantlığın, davamlı inkişafın təntənəsidir.
Qədim Yunanıstanda hakimlər atletləri yarış meydanına bu sözlərlə çıxarardılar: “Əgər sən məşq etmisənsə və bu böyük yarışlarda iştirak etməyə layiqsənsə, onda mübarizəyə cəsarətlə başla, yox, əgər özünü buna layiq bilmirsənsə, onda dəhşətli biabırçılıqdan yaxa qurtarmaq üçün yarışa girmə və istədiyin tərəfə çıx get”.
Mənə görə, müasir dünyamızda bu fikirlər inkişaf yarışına qoşulmuş ölkələrə daha çox aiddir və müstəqil Azərbaycan dövləti I Avropa Oyunlarını yüksək səviyyədə təşkil etməklə bu yarışda öncüllüyünü, bu gün beynəlxalq arenada tutduğu yerə, oynadığı əhəmiyyətli rola layiqliyini bir daha təsdiqləməkdədir.
I Avropa Oyunlarının keçiriləcəyi günlərdə vətənimizə təşrif gətirən əcnəbi qonaqlarımız özləri də buna bir daha şahid olacaqlar. 
Onların hər biri öz təəssüratlarında ölkələrinə, cəmiyyətlərinə bütöv bir Azərbaycan aparacaq!.. 
Beləliklə, dünya müstəqil Azərbaycan dövlətini daha yaxından tanıyacaq, Azərbaycan dünyaya daha sıx qovuşacaq... 
***
Cəmi iki il əvvəl I Avropa Oyunlarının Azərbaycanda keçiriləcəyi barədə qərar verilməsi xəbərini duyunca ruhumuzu çulğalayan sevinc, fərəh hissi ilə yanaşı, qəlbimizdə bir tərəddüd də baş qaldırdı. 
Hazırlıq üçün verilmiş vaxt az görünürdü... 
Düzdür, buna qədər də Azərbaycanda beynəlxalq idman yarışları keçirilmişdi. Ölkəmiz bir sıra beynəlxalq tədbirlərə evsahibliyi etmişdi və bunların hər birində eyni yarışları gələcəkdə də təşkil edəcək başqa ölkələr üçün nümunə yaratmışdı.
Amma onu da anlayırdıq ki, kifayət qədər çoxşaxəli fəaliyyət tələb edən, təkcə müvafiq hökumət qurumlarının deyil, ümumilikdə cəmiyyətin iştirakı zərurətini aktuallaşdıran I Avropa Oyunları kimi tədbirlər bunların heç birinə bənzəməz. Ona görə də iki il ərzində bunu bacarıb-bacarmayacağımız, bir əskikliyimizin olub-olmayacağı sualı çoxumuzu narahat edirdi. 
Amma iki ilin necə gəlib keçdiyini və bu qısa müddət ərzində, hətta iki ilin başa çatmasına da bir neçə ay qalmış Azərbaycanda bu Oyunlara bütün hazırlıq işlərinin tamama yetməsinin, belə qısa bir müddətdə o qədər idman infrastrukturunun tikilməsinin, mövcud arenaların təmirinin, yenidən qurulmasının, yolların çəkilməsinin, maarifləndirmə kampaniyalarının təşkilinin fərqində belə olmadıq. 
I Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin keçiriləcəyi arenanın olduğu yer cəmi iki il əvvəl ətrafına yöndəmsiz gecəqondular səpələnmiş, görkəmi könül bulandıran, böyük bir mazut çalası idi, xatırlayırsınızmı?! 
Əgər kimə desəydin ki, cəmi iki ildən sonra bura dünyanın ən gözəl məkanlarından birinə çevriləcək, burada dünyanın ən möhtəşəm arenalarından biri, ətrafında dünyanın ən gözəl bulvarlarından biri olacaq, yəqin ki, ən yaxşı halda adamın reallıq hissinə şübhə edərdilər. 
Amma bütün bunlar artıq baş verib, bütün bunların hamısı reallıqda var. 
Böyük insanlar da o insanlardır ki, onlar tərəddüdlərə, gələcəkdən bədgümanlığa məğlub olmazlar. Hansısa məqsədin alınıb-alınmayacağı barədə istixarə etməkdənsə, o məqsədə nail olmaq üçün bütün güclərini ortaya qoyarlar, məqsədə, hədəflərə doğru tərəddüdlərlə deyil, inamla, ümidlə, ardıcıl addımlarla gedərlər. 
I Avropa Oyunlarına hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevadır...
I Avropa Oyunlarına hazırlıq işlərini yüksək səviyyədə yerinə yetirməsi ilə Mehriban xanım Prezident İlham Əliyevin, dövlət rəhbərimizin timsalında ümumilikdə Azərbaycan xalqının, dövlətimizin ona olan inamını, güvənini növbəti dəfə doğrultdu. 
Cəmi iki il ərzində görülmüş işlərlə öz böyüklüyünü, məqsədyönlüyünü, insanlara nümunə olası əzmini bir daha sübuta yetirdi. 
İndi düşünürəm ki, I Avropa Oyunlarına hazırlıq üzrə Təşkilat Komitəsinin sədri məhz Mehriban xanım Əliyeva olduğu zaman axı bizim hər hansı tərəddüdlərimizə, cəmi iki il keçəndən sonra isə gözlərimiz önündə canlanan inanılmaz nəticələrə təəccübümüzə yer yox idi...
Bəyəm 2012-ci ildə Bakıda keçirilmiş “Eurovision-2012” Beynəlxalq Mahnı Müsabiqəsini unutmuşuq?!
Onda da Azərbaycan ölkə rəhbərimizin arzusu, dəstəyi və Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə cəmi bir neçə ay ərzində bu müsabiqənin öz tarixi boyu xatırlanacaq ən möhtəşəm bir örnəyini ortaya qoydu. 
“Eurovision”in yeni meyarlarını, normalarını müəyyən etdi və 2012-ci ildən bəri dünyanın hansı ölkəsində təşkil olunmasından asılı olmayaraq, təşkilatçı ölkələrin dəqiqliklə nəzərə almağa çalışdıqları bir Azərbaycan nümunəsi var. 
“Eurovision” Mahnı Müsabiqəsinin düzənləndiyi “Bakı Kristal Zalı” 2012-ci ildən bəri Xəzərin köksündə ağ mirvari kimi bərq vurub mənəvi dünyamıza işıq saçır. 
Tarixi-mənəvi qazancımız kimi, qapılarını insanlarımızın üzünə açıb gələcəyimizin inkişafına xidmət edir. 
I Avropa Oyunları üçün yaradılanlar təkcə bir neçə həftəlik idman yarışlarının keçirilməsi üçün deyil. Azərbaycanın bugünü və sabahı üçündür. Ölkəmizin daha da abadlaşması üçündür. Daha da gözəlləşməsi üçündür. Gənc nəslin pis vərdişlərdən uzaq, sağlam ruhda böyüməsi üçündür. İdmanın ölkəmizdə xoş bir ənənəyə çevrilməsindən, bütün vətəndaşlarımızın gündəlik həyat tərzinə daxil olmasından, beləliklə, xalqın həm cisminin, həm də ruhunun sağlamlığından ötrüdür. 
Hər dəfə müstəqil Azərbaycan dövlətinin bu inkişaf abidələrinin, mədəniyyət nişanələrinin yanından ötərkən Nazım Hikmətin nikbinlik dolu, ümid dolu misraları vətənin ötən əsrin sonlarında yaşadığı faciələrdə çox əzilmiş, çox ağrımış ruhundan məlhəm kimi keçib illər, əsrlər sonra bu torpaqlarda ömür edəcək gələcək nəsillərə ünvanlanır: 
Gözəl günlər görəcəyiz, çocuqlar, 
Günəşli günlər 
görəcəyiz... 
Motorları maviliklərə sürəcəyiz, çocuqlar, 
işıqlı maviliklərə 
sürəcəyiz...
***
İstənilən bir xalq üçün milli həmrəylikdən mühüm nailiyyət yoxdur. 
Xalqın qazandığı bütün uğurlar milli həmrəylikdən başlanır, milli həmrəylikdə qorunur və gələcək perspektivlərə də bu dəyər yol açır. 
Milli birlik olmayan yerdə ilk baxışda ciddi bir nailiyyət kimi görünən hər hansı nəticə müvəqqətiliyə məhkumdur, ömrü zamanın sərt bir şapalağından asılıdır. 
Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinə rəhbərliyi dövründə vətəndaşlarımızı ümumi məramlar ətrafında bir araya gətirdi. Cəmiyyətdə milli vəhdətin əldə olunması istiqamətində uzaqgörən addımlar atdı. 
Müstəqillik illərinin bəlli bir mərhələsində firqə maraqları, siyasi qütblər arasındakı ziddiyyətlər yetərincə kəskin xarakter daşıdığından siyasi əqidəsindən, hakimiyyətə münasibətindən asılı olmayaraq, bütün qütblərin ümummilli məsələlər ətrafında vahid mövqe ortaya qoyacaqlarını düşünmək bəlkə də inanılmaz idi.
Amma Heydər Əliyev müdrikliyi, ulu öndərin milli dövlətçilik kursunu uğurla həyata keçirərək müstəqil dövlətimizi tarixinin ən qüdrətli çağlarına yetirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əzmi, qətiyyəti, xalqın öz liderinə olan inamı bunu mümkün etdi. 
I Avropa Oyunları kimi ümummilli mahiyyət kəsb edən tarixi hadisələr bu vəhdəti bütün ruhunla duymaq imkanıdır, həm də... 
Azərbaycan cəmiyyəti aylardır ki, hazırlıq ovqatındadır, bayram əhvali-ruhiyyəsindədir. Ölkənin həyatında Oyunlara hazırlıqla bağlı xoş bir həyəcan var. Adətən, xeyir iş astanasında olan evlərdə, ailələrdə belə həyəcan yaşanar. 
Azərbaycan da bu günləri ilə, bu halı ilə, bu ovqatı ilə xeyir işə hazırlaşan möhkəm, sağlam bir ailəni xatırladır. 
Hamı bu beynəlxalq tədbirin yüksək səviyyədə, ölkəmizin adına layiq keçməsi üçün əlindən gələni etməyə çalışır. Hər kəs görülən işlərə az da olsa, töhfə verməyə can atır. 
Oyunların təşkili zamanı ortaya çıxa biləcək mümkün problemlərin vaxtında aradan qaldırılması zərurətindən irəli gələrək hökumətin atdığı məcburi addımları, nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı tətbiq edilən qadağaları, bir qisim avtomobilin paytaxta daxil olmasına müəyyən məhdudiyyətlərin qoyulması və s. bu kimi yenilikləri də hamı anlayışla qarşılayır. 
Heç kim Oyunların layiqincə keçirilməsinə xidmət edən qaydaları pozmaq istəmir. Bu, cərimələnmək qorxusundan deyil. Cəza tədbiri ilə üzləşmək əndişəsindən irəli gəlmir. 
Hər kəs özü cani-könüldən bu qaydalara əməl etmək istəyir, hazırlıq işlərinə hansısa şəkildə xələl gətirməyi özünə rəva görmür. 
Hamı anlayır ki, bu, Azərbaycanın tədbiridir, Azərbaycanın adına yazılan tarixi hadisədir, hamı özünü bu hadisənin fəal iştirakçısı sanır, vacib bir parçası kimi hiss edir. 
Bu möhtəşəm tədbir Azərbaycan vətəndaşları olaraq bizim hər birimizə aiddir, hər birimizindir.
I Avropa Oyunlarına hazırlıq işləri ilə bağlı hansısa əcnəbidən, xarici qonaqdan eşitdiyimiz adi bir xoş sözün fərəhi, içimizi doldurduğu məmnunluq duyğusu kimi, hazırlıq prosesində ortaya çıxdığını eşitdiyimiz hər hansı problemin gözlərimizdən asdığı təlaş kimi, bu problemin aradan qalxdığını eşitcək köksümüzü dolduran rahat nəfəs kimi...
Vətəndaşlıq da elə budur...
Milli birlik də elə budur...
Vətən təəssübü də elə budur...
***
Az əvvəl sağlam bir ailə haqqında söhbət açdım... 
Bu, Azərbaycan adlı müqəddəs ocaqda yaşayan, vətənin bol nemətlərindən barınan, çörəyini yeyib, suyunu içən və belə bir məmləkətdə doğulduğuna görə, belə bir məmləkətin sakini olduğuna görə, vətən sərhədlərindən kənarda belə bir ailəni təmsil etdiyinə görə şükranlıq duyğuları bitib-tükənməyən bütün azərbaycanlıların ailəsidir. 
Amma ailədə bəzən naxələflər də olur, deyilmi?!
Naqis əməllərindən xar olursan, düz yola çəkməkdən ötrü göstərdiyin bütün cəhdlərin heç bir əsər etmədiyini görüb, Tanrının cəzası kimi qəbullanırsan, səbrinə tapınıb ilahi ədalətin özünün nə vaxtsa bu naqislikləri yerbəyer edəcəyi, pis əməl sahiblərinə, düz yoldan azmışlara tövbə qapısını nişan verəcəyi məqamı gözləyirsən. 
Belələrindən, əfsus ki, biz də xali deyilik. 
I Avropa Oyunları ərəfəsində uğurlarımızı qısqanıb təzyiq məqsədilə Azərbaycana qarşı fitnə-fəsad karxanasını işə salmış xarici bədxahlarımızın dilinə dil verənləri, cılız maraqları naminə bu tarixi tədbirin möhtəşəmliyinə kölgə salmaq istəyənləri doqquz milyonluq ümumi ailəmiz içindəki naxələflər gözündə görürəm. 
Cəmiyyətin sivil inkişafına təkan verən, Azərbaycan adına qürur doğuran, vətəni bütün dünyaya yaxşı yöndən tanıdan, üstəlik bu yarışları izləmək üçün ölkəmizə gələcək, Azərbaycan vətəndaşlarına məxsus hotellərdə, mənzillərdə qalacaq, ticarət və xidmət müəssisələrindən istifadə edəcək xarici turistlər hesabına insanlarımıza az-çox mənfəət qazandıracaq belə bir tədbiri gözdən salmağa çalışmağın naxələflikdən başqa bir adı varmı?! 
Bəlkə də onlar belə bir ərəfədə Azərbaycana atmaq istədikləri çamurlarla, xarici dairələrlə əlbir-dilbir olub milli maraqlarımıza qarşı iftira kampaniyaları təşkil etməklə siyasi mübarizə apardıqlarını zənn edirlər. 
Bəlkə də onlara elə gəlir ki, tutduqları bu pis yol özlərinə tərəfdar qazandıracaq, mənfur məqsədlərinə doğru yollarını yaxınlaşdıracaq. 
Yaxşı ki, elin gözü tərəzidir və xalq yaxşını pisdən, doğrunu yanlışdan, uğuru faciədən, əsl vətənpərvərləri populistlərdən hələ 1993-cü ildə ayırmağı bacarıb. 
Və bu gün Azərbaycanın əldə etdiyi bütün bu nailiyyətlər, ötən illər ərzində Azərbaycan həyatına daxil olan bütün uğurlar elin bəsirət gözünün açıqlığından, xalqın doğru seçimindən gəlir.
Naxələfliyi öz yaxalarında şərəf nişanı kimi daşıyanlar isə nəhayət anlamalıdırlar ki, qayəsi, məqsədi siyasətin, ərazi iddialarının bir-birindən iraq saldığı dövlətləri, xalqları mədəniyyət müstəvisində bir araya gətirməkdən ibarət olan, bütün dünyada barışa, əmin-amanlığa xidmət edən bu cür tədbirlərdə xırda maraqlara yer yoxdur. 
Bu maraqları sərgiləmək üçün küncdə-bucaqda cılız bir fürsət gəzənlər, sapı özümüzdən olan baltaların dəstavuzu ilə müstəqil Azərbaycan dövlətinə belə məqamlarda hansısa şəkildə təzyiq göstərmək istəyənlər kənardan çox miskin görünürlər.
I Avropa Oyunları bitəndən sonra 2017-ci ildə də Azərbaycanda İslam Həmrəyliyi Oyunları keçiriləcək. Azərbaycanın bu sahədəki rolunu, nüfuzunu, təşkilatçılıq məharətini nəzərə alaraq artıq mətbuatda ölkəmizdə yer üzündəki bütün türkdilli xalqlar üçün də belə bir idman tədbirinin təşkili təşəbbüsləri irəli sürülür. 
Azərbaycan dövləti olaraq bizim məramımız Şərq və Qərb sivilizasiyaları arasında körpü olmaqdır, qloballaşan dünyada bu iki sivilizasiyanın bir-birindən götürməli olduğu dəyərləri uzlaşdırmaqdır, Şərq və Qərb arasındakı qorxunc toqquşmaların, qarşılıqlı düşmən təsəvvürlərinin öz yerini dialoqa, anlaşmaya verdiyi, bütün xalqlara, milli mədəniyyətlərə sayğının ali dəyərə çevrildiyi xoş, rahat bir dünya qurmaqdır. 
Öz düşüncə karvanımızı belə ülvi, bəşəri məqsədə doğru istiqamətləndirərkən getdiyimiz yolun kənarlarından eşidilən miskin səslər bizə nə edə bilər ki?! 
Tarix “ilk” kəlməsini çox sevir. 
Zamanın xatırladığı çox şeylər var ki, tarix onu böyük-kiçikliyinə görə yox, məhz dünyada bir ilk olduğuna görə yaddaşına yazıb. 
Azərbaycan da belə ilklərdən xali deyil... 
Və cəmi bir neçə gündən sonra Azərbaycan zamanın daha bir ilkini bəşəriyyət salnaməsinə yazacaq: Avropa Oyunlarını keçirən ilk ölkə... 
Bu tarixi Azərbaycan dövləti yaratdı...
Azərbaycan Prezidenti yaratdı...
Dövlət rəhbərinin ətrafında sıx birləşmiş Azərbaycan vətəndaşları yaratdı...

Hüseynbala MİRƏLƏMOV,
Milli Məclisin deputatı, 
yazıçı-publisist