Sərkərdə qətiyyəti

Bu, hissə qapılmaq deyil, o anların misilsizliyini bütün ruhunla duymaqdır, o duyğuları ifadə etməkdən ötrü qəlbindən gələn sözlərin boğazında yumruq boyda qəhərə, gözlərində bir damla yaşa çevrilməsidir.
Aprelin 1-dən başlayaraq qoşunların təmas xəttində ermənilərin törətdikləri təxribatların qarşısının alınması zamanı həlak olmuş şəhidlərimizi torpağa tapşırdıq. Başdan-başa üçrəngli, ay-ulduzlu bayrağımıza bürünmüş izdihamlarla bu igidləri əbədiyyət yoluna uğurladıq.
Hər biri dünyaya bir evdə, bir ailədə gəlmişdi bu qəhrəmanlar. Hər biri bu əbədiyyət ucalığına bir eldən getdi, şəhidlik məqamına bir elin adı ilə, bir xalqın qüruru ilə ucaldı...
Onların dəfnində bütün Azərbaycan vardı...
Vətənin hər səmtində Azərbaycan onun uğrunda canından keçmiş şəhidlərimizin cismini bağrına basdı, onların müqəddəs qanları ilə daha da Vətənləşdi, daha da bütövləşdi.
...O anlarda düşmən işğalındakı qərib yurdlarımızdan uzaq qəbiristanlıqlarda uyuyan insanları xatırladım, ocaq həsrəti ilə dünyadan köçənləri yada saldım, ömrünü Qarabağ qubarı ilə başa vuranları düşündüm, onların da Azərbaycan əsgərinin zəfərindən şadlanan nisgilli ruhlarını duyub, hiss etdim... 
O günlərdə keçdiyimiz bütün yollar boyu həmvətənlərimizin öz evlərinin eyvanlarında, pəncərələrində ucaltdıqları, avtomobillərində asdıqları Azərbaycan bayrağını gördük, ordumuzun cəbhə bölgəsindəki qələbəsinin sevincindən kükrəyən, coşub-daşan gənclərin Şəhidlər xiyabanından Bakının mərkəzinə doğru yürüşü ilə rastlaşdıq, Azərbaycan əsgərinin zəfər sorağı ilə bir-birini müjdələyən insanlarımızın çöhrəsinə qonmuş fərəh ovqatını gözlərimizə köçürdük...
Və indi, bu sətirlərin qələmə alındığı anlarda da bu mənzərələrin içindəyik...
Qəlbimizdə qürur, boğazımızda qəhər, gözlərimizdə bir damla sevinc yaşları...
***
Azərbaycan insanı bu qələbəyə, bu qürura nə qədər tamarzı imiş, İlahi...
İllərin həsrət alovu ilə yanıb kül olduğunu zənn etdiyimiz ümidlərin bu şəkildə dirilməsinə, bahar havası ilə yenidən çiçək açmasına necə də ehtiyacımız varmış...
Bu zəfər mənzərəsini Azərbaycan əsgəri yaratdı, bu qüruru bizlərə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev yaşatdı! 
Azərbaycan Ordusunun düşmən təxribatlarına cavabının nə qədər tutarlı olduğunu, ermənilərin bu əks-həmlədən necə sustaldıqlarını düşmən ölkənin yüksək rütbəli hərbçilərindən birinin fikirləri tam mənzərəsi ilə göstərir. 
Düşmən də etiraf edir ki, belə bir hərbi əməliyyat heç Qarabağ döyüşlərinin ən qızğın vaxtlarında da görünməmişdi.
Bəli, bu, doğrudan da görünməmiş bir əməliyyat idi...
Azərbaycan əsgəri düşmənə ərazilərimizə qarşı hərbi təcavüz siyasətinin davam etdirildiyi illərin ən sərt cavabını verdi, ən ağır zərbəsini vurdu. 
...Və burnu ovulan yağı gördü ki, indi qarşısındakı illər əvvəlin Azərbaycanı deyil, Dağlıq Qarabağ münaqişəsinin ilk illərində bir tərəfdən nizamsız şəkildə səngərdə düşmənə qarşı vuruşan, bir tərəfdən də başıpozuq qüvvələrin hakimiyyət davaları ilə xaosa sürüklənən, parçalanmaq təhlükəsi ilə üz-üzə qalan, xarici təhdidlərdən, sosial-iqtisadi böhrandan, güzəranın ağırlığından başı olmazın müsibət çəkən və bütün bunların ortaq nəticəsi kimi torpaqlarının bir hissəsi işğal olunan o Azərbaycan dövləti artıq dünəndədir... 
Düşmən anladı ki, müstəqil Azərbaycan dövləti 1994-cü ilin atəşkəs sazişindən bəri ötən zamanı əsla boşuna xərcləməyib. 
Bu, həm də böyük dövlət adamı Heydər Əliyevin hələ ötən əsrin 90-cı illərinin ortalarından müəyyən etdiyi uzaqgörən kursun məntiqi uğurudur. 
Bu, atəşkəsin yaratdığı imkanlardan faydalanaraq özünü inkişaf etdirən, qısa müddət ərzində misilsiz sosial-iqtisadi nailiyyətlər qazanan, dünyaya açılan, reallaşdırdığı qlobal layihələrlə beynəlxalq aləmdə əsl güc sahibinə çevrilən, hüquqi dövlət quruculuğu, demokratik islahatlarla cəmiyyəti bir yerə toparlayan, informasiya savaşında rəqibi üstələməyə başlayan, eyni zamanda qüdrətli, yüksək təminatlı bir ordu formalaşdıran və Ermənistandan fərqli, sözün əsl mənasında, müstəqil dövlət olmağı bacaran Azərbaycanın gücüdür!.. 
Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən qüdrətli mərhələsini yaşayan dövlətimizin bu qüdrətini düşmən indiyə qədər beynəlxalq arenalarda, diplomatiya səngərlərində çox görmüşdü. 
Azərbaycanın getdikcə artan gücü qarşısındakı acizliyini indi başına ələnən od-alovla, qovulduğu yüksəkliklərlə, verdiyi tələfatlarla bir daha anladı... 
***
Dünyanın belə bir vaxtında, bu cür hərbi əməliyyat keçirib işğalçı Ermənistana qısa müddət ərzində sarsıdıcı zərbələr vurmaq və Azərbaycanın bu haqlı addımını dünyaya olduğu kimi qəbul etdirmək heç kəsə asan gəlməsin. 
Bu, Prezident İlham Əliyevin illərdən bəri diplomatik cəbhələrdə apardığı haqq davasının zəfəridir, ölkəmizin bir zamanlar etinasız qarşılanan, gözardı edilən, bu günsə güclü, nüfuzlu bir dövlətin sözü kimi bütün dünyanın qəbul etmək məcburiyyətində qaldığı ədalətli mövqeyinin təntənəsidir. 
Bu, Azərbaycanın ərazi bütövlüyü məsələsində heç kimə heç bir güzəştin olmayacağını dünyanın ən yüksək xitabət kürsülərindən bəyan edən, bütün məsələlərlə bağlı öz fikri, öz sözü, öz mövqeyi olan, heç bir xarici qüvvənin daxili işlərimizə qarışmasına, bizi hansısa güzəştlərə sürükləməsinə yol verməyən və bütün bunlarla Azərbaycanın milli maraqlarının müdafiəsində dayanan Liderin, Sərkərdənin qətiyyətidir...
***
Azərbaycanın heç kimin torpaqlarında gözü yoxdur!
Ərazilərimizi illərdir işğal altında saxlayan, milyonlarla vətəndaşımızı yurd-yuvalarından didərgin salıb sitəm edən təcavüzkarla anladığı dildə danışaraq torpaqlarımızı geri almaq isə Azərbaycan dövlətinin ən təbii haqqıdır.
Biz də haqqımız olanı istəyirik, haqqımız uğrunda savaşırıq, apardığımız dava haqq davasıdır və bu davada öldü var, döndü yoxdur!
Bunları yazarkən bir anlıq düşünürəm: axı yazıçıyam, bir yazıçı üçünsə dünyanın istənilən müharibəsi tarixin barıt və qan qoxulu səhifəsidir, hətta düşmən belə olsa, hər hansı insanın öldürülməsi yenə faciədir. 
Bəli, doğrudan da müharibə bütün məqamları ilə dəhşətlidir, verdiyimiz hər şəhid bir tarixlik, bir dastanlıq qürur qədər həm də bir ömürlük acıdır, sızıltıdır...
Azərbaycanın bu davadakı insan itkilərinə çox üzülürəm, qəlbim dağlanır...
Torpağa əmanət etdiyimiz şəhidlərimizdən biri ali məktəbə qəbul imtahanlarında 700 bal toplamışdı, belə zəki gənclərdən Yer üzündə nə qədərdir ki?!
O, müharibədə həlak olmamalı idi, bir peşəkar kimi onun intellektual imkanlarından bəlkə də gələcəkdə bütün bəşəriyyət faydalanacaqdı, kim bilir...
Cəbhədə itirdiyimiz fidan ömürlü başqa gənclərimiz də eləcə...
Hələ nə yaşları vardı, hələ bu dünyada nə görmüşdülər, nə yaşamışdılar?!
Ermənistanın mənasız təxribatları üzündən dünya sinəsi arzu dolu insanlarını itirdi, nə qədər ömür yarımçıq qaldı, Vətən torpağını əkib-becərəsi, dünyanı bir insanın ömrü qədər sahmana salası nə qədər əllər torpağa qarışdı, nə qədər körpənin taleyində atasızlıq adlı böyük bir boşluq başlandı...
Ermənistanın bu hərbi əməliyyatlar zamanı son dərəcə ağır itkilərə məruz qalmasının yaratdığı yüksək sevinc ovqatına rəğmən, bu itkiləri insan səviyyəsinə endirib ayrı-ayrı erməni ailələrinin faciəsi şəklində yazıçı olaraq təsəvvürümə gətirəndə, etiraf edim ki, bu fərdi faciələrə, düşmənin anasının ağlar qalmasına da birmənalı yanaşa bilmirəm...
Təxribat zamanı öldürülmüş erməni əsgərlərini də dünyaya gətirən anadır, yəqin, onlardan hansılarınınsa ardınca göz yaşı tökən körpələri də var və Tolstoyun təbirincə desək, əfsus ki, dünyanın bütün uşaqları eyni dildə ağlayır. 
Amma onu da düşünürəm ki, axı erməni əsgəri öz ölümünü Azərbaycan ərazilərində niyə axtarmalıdır, onun bizim torpaqlarda nə ölümü var?! 
Kimsə deyə bilər ki, bu təcavüzkar siyasəti aparanlar Ermənistanın başında dayananlardır, əli Xocalıda qətlə yetirilmiş körpələrimizin qanına batan cəlladlardır və bu azğınlarla sadə erməni xalqı arasında bərabərlik işarəsi qoymaq doğru deyil. Guya erməni xalqı da sülh istəyir, bu münaqişənin bitməsini, atəş səslərinin kəsilməsini, insanların ölməməsini istəyir.
Onda bəs bu cəlladları hakimiyyətdə saxlayanlar, Ermənistanın keçmiş və indiki terrorçu rəhbərlərinin illərdən bəri dövriyyədə fırladıqları “xalqın öz müqəddəratını təyinetmə hüququ” adlı demaqogiyanı dəstəkləyənlər, o əsgərləri Azərbaycan torpaqlarına göndərənlər, illər əvvəl Ağdamın təmas xəttinə yaxın kəndində 9 yaşlı Farizi snayperlə qətlə yetirmiş vəhşiləri yetişdirənlər kimlərdir?! 
Bu da erməni xalqı deyilmi, erməni cəmiyyəti deyilmi?!
***
İki qarşı cəbhənin, iki qarşı ölkənin, iki qarşı cəmiyyətin bu məsələdəki ən böyük fərqi, zənnimcə, budur: illərdir mülki əhalimizi atəşə tutan, körpələrimizə belə acımayan erməni əsgərlərindən fərqli olaraq, Azərbaycan hərbçiləri qarşı tərəfdəki mülki əhaliyə heç bir ziyan yetirməyib.
Azərbaycan Ordusu öz torpaqlarımızda işğalçılara qarşı döyüşür, ölkəmizin ərazi bütövlüyünü qoruyur və biz işğal olunmuş torpaqlarımızı da gec-tez düşməndən tam təmizləyəcəyik. 
Yaranmış təsadüflərdən, tarixin kəm fürsətlərindən istifadə edərək özü qədim Azərbaycan torpaqlarında formalaşdırılmış, paytaxtı tarixi mədəniyyət mərkəzlərimizdən olan İrəvanda binə edilmiş qondarma Ermənistan cəmiyyəti, nəhayət, anlamalıdır ki, daha təsadüflər vaxtı deyil. 
Artıq özü öz taleyinin sahibi olan Azərbaycan tarixin yanlışlarını təkrarlamasına, bizim torpaqlarda ikinci erməni dövlətinin yaranmasına heç vəchlə imkan verməyəcək. 
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bunu bir daha qətiyyətlə bəyan etdi: “Heç vaxt imkan verməyəcəyik ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın. Qanlı toqquşmalardan sonra beynəlxalq ictimaiyyət narahatlığını ifadə etdi. ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin rəhbərliyi sülh danışıqlarına sadiqlik göstərilməsi, məsələnin sülh yolu ilə həlli haqqında bəyanatlar verdi. Biz də bunu istəyirik. Dəfələrlə bəyan etmişik ki, məsələ sülh, siyasi yolla həllini tapsın. Bu gün də bəyan edirik ki, biz danışıqlar prosesinə sadiqik və ümid edirik ki, bu danışıqlar məsələnin həllinə gətirib çıxaracaq. Məsələnin həlli də çox sadədir. Ermənistan silahlı birləşmələri işğal edilmiş torpaqlardan çıxmalı, Azərbaycan vətəndaşları öz doğma torpaqlarına qayıtmalıdırlar. Ondan sonra regionda sülh və təhlükəsizlik yarana bilər. Xalqların öz müqəddəratını təyin etməsi prinsipinə gəlincə, bu prinsip ölkələrin ərazi bütövlüyünü pozmamalıdır”.
Əfsus ki, qoşunların təmas xəttində baş verən son qanlı hadisələr Ermənistanın bu sadə həqiqətə hələ də kor olduğunu, işğalçı siyasətini davam etdirdiyini, sülh istəmədiyini, danışıqlar prosesinin pozulmasına çalışdığını və bunların bədəlini tək bütün regional layihələrdən, inkişaf proseslərindən kənarda qalıb dilənçi kökünə düşməsi, müstəqilliyinin formal xarakter daşıması, əhalisinin aclıq ucbatından başqa ölkələrə pərən-pərən dağılması ilə deyil, həm də törətdiyi hərbi təxribatlara son illər Azərbaycanın verdiyi sərt cavablarla, böyük itkilərlə ödəyir. 
Son illər erməni silahlı birləşmələri təmas xəttində törətdiyi bütün təxribatların cavabını ikiqat alıb. 
Bir müddət əvvəl sülh danışıqlarını pozmaq üçün hərbi təlim adı altında helikopteri təmas xəttini keçib qəhrəman hərbçilərimiz tərəfindən vurulanda da belə oldu, mövqelərimizi atəşə tutanda da, aprelin əvvəlindəki təxribatlarda da... Düşmən bundan sonra da bəd əməllərinin cəzasını alacaq!
Ermənistan cəmiyyəti dəstəklədiyi işğal siyasəti ilə özünü necə bir oda atdığını, tarixin necə bir lənətinə giriftar olduğunu, nəhayət ki, görməlidir, anlamalıdır.
Erməni əsgərləri ölmək istəmirlərsə, özləri bu torpaqlardan rədd olub getməlidirlər. Yox, əgər həqiqətən əcəlləri çatıbsa, əgər Ermənistan cəmiyyəti özündə təpər tapıb işğalçı dövlətinin təcavüzkar siyasətinə qarşı çıxmırsa, bu siyasətin, bu münaqişənin mənasızlığını dərk etmirsə, hələ üstəlik bu davanın daha da alovlanması üçün yeni xəstə nəsillər yetişdirirsə, deməli, Yer üzünün bu xəstələrdən mümkün qədər təmizlənməsi bəşəriyyətin gələcəyinə nəcib bir xidmətdir və müzəffər ordumuz bu xidməti şərəflə yerinə yetirəcək!..
***
Dörd günlük müharibənin nəticələrini xəyalən sıralamaq istəyirəm. 
İstənilən müharibənin birinci nəticəsi əsgərin əvvəl qərar tutduğu yerdən bu nəticədən sonra bircə addım da olsa irəlidə, yoxsa geridə dayanmasıdır. Şərqin zəngin hikmət bulaqlarından olan “Qabusnamə”də də əsgərə hərb sənətinin, müharibənin incəlikləri haqqında əvvəlinci nəsihət budur ki, əgər səngərdəsənsə, çalış ki, addımını irəli qoyasan, geri deyil. Çünki hərb meydanında bir addım da olsa irəlidə dayanmaq, həmin o bir addımlıq məsafənin düşməndən qorunması həmin məsafə üzərində nəzarət deməkdir. 
Azərbaycan Ordusu bu müharibədə bir neçə strateji yüksəkliyi və yaşayış məntəqəsini ələ keçirməyə müvəffəq oldu. Bu, bir tərəfdən düşmən üzərində üstünlüyün əldə olunması, onun təxribat addımlarının daha yaxşı nəzarətdə saxlanması fürsətidirsə, başqa tərəfdən də təmas xəttinə yaxın ərazilərdə yaşayan və düşmən təxribatlarından böyük əziyyət çəkən insanlarımızın atəşlərdən qorunmasıdır, rahat əkin-biçinlə məşğul olmaq imkanıdır. 
Bu müharibənin daha bir nəticəsi Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə inamın real şəkildə öz təsdiqini tapması oldu. Biz ordumuza bu dördgünlük müharibəyə qədər də güvənirdik. Keçirilən təlimlərdən, hərbi paradlarda sərgilənən müasir silahlardan Azərbaycanın bu sahədə nələrə qadir olduğunu, son illərin sosial-iqtisadi nailiyyətlərinin hərbi sahədə də hansı imkanlar yaratdığını bilirdik. Amma açığını deyim ki, Azərbaycan Ordusunun işğal olunmuş torpaqlarımızı azad etmək qüdrətinin illərlə, aylarla, həftələrlə deyil, hətta günlərlə, saatlarla ölçülməli olması çoxumuz üçün gözlənilməz idi. Ordumuz bu zəfərlə göstərdi ki, cəmi bir neçə saat içində Xankəndiyə qədər irəliləyə bilər! 
Belə bir nailiyyət ulu öndər Heydər Əliyevin başladığı və Ali Baş Komandan İlham Əliyevin əzmlə davam etdirdiyi ordu quruculuğu prosesinin ən yüksək mərhələdə olduğunu göstərdi! 
Eyni zamanda, burada söhbət təkcə nizami ordunun formalaşdırılmasından, onun döyüş qabiliyyətinin təkmilləşdirilməsindən, ordunun silah-sursatla təminatı məsələsindən getmir. Cəmiyyətin orduya münasibəti də çox önəmlidir. Bunları yazarkən Kalininqrad vilayətinin Baltiks şəhərində keçirdiyim hərbi xidmət illərimi xatırlayıram. 1970-1971-ci illər idi, savaşdan 25 il ötsə də, faşizmə qarşı müharibədən qalib çıxmış ordunun təmsilçisinə sovet cəmiyyətinin hələ də yüksək münasibətini, hərbi formaya göstərilən rəğbəti getdiyin hər yerdə duya bilərdin. Yaxud öz əsgərinə “mehmetcik” deyib böyük ehtiram göstərən qardaş Türkiyədə də orduya, əsgərə yüksək münasibət bizim üçün tanış mənzərədir. 
Görünür, bu, ölkələrin hərbi ənənələrindən irəli gəlir və çox qürurvericidir ki, aparılan uğurlu ordu quruculuğu siyasəti artıq bizim cəmiyyətimizdə də belə bir ənənəni formalaşdırmaqdadır.
Dördgünlük müharibə gedişində bütün cəmiyyətimiz Azərbaycan əsgərinin keçirdiyi döyüş əməliyyatlarının, qazandığı zəfərlərin bir parçası olmaq istəyirdi, keçirilən dəstək aksiyaları ilə, gənclərin könüllü olaraq döyüşə yollanmaq üçün hərbi komissarlıqlara kütləvi müraciətləri ilə, real həyatda, kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə duyulan coşqu ilə hamı buna can atırdı. Hətta bir qəribə müşahidəmi bölüşmək istərdim ki, bu günlərdə bir-biri ilə hansısa şəxsi səbəblərdən mübahisə edən, bir-biri ilə kobud davranan insanlarla da sanki heç rastlaşmadıq. 
Çünki Azərbaycan əsgərinin düşmənə qarşı ölüm-dirim savaşı apardığı vaxtda belə lazımsız davranışların ictimai qınağı ilə üzləşmək vardı. Milli mənafelər ətrafında ictimai həmrəylik budur, milli vəhdət budur...
***
Və Azərbaycan qadınının mətanəti...
Xalqımızın bütün qəhrəmanlıq dastanlarında adı isməti, igidliyi, sədaqəti ilə anılan, düşmən çəpəri ər oğullar dünyaya gətirən Azərbaycan qadını öz mətinliyini, ucalığını bu günlərdə də göstərdi. 
Mehriban xanım Əliyevanın Heydər məscidində şəhidlərimizin xatirəsinə açdığı ehsan süfrəsi bütün Azərbaycan analarının, bütün Azərbaycan qadınlarının birliyinin təcəssümü idi, həmişə ürək dolu “Ana Vətən” adlandırdığımız Azərbaycanın o məclisdə toplaşmış anaların mübarək çöhrəsində öz məzmununa qovuşması idi. 
O məclisdə biz dünyadan köçmüş balasının, doğmasının itkisinə görə ağlayan qadınlar görmədik, şəhid balalarımızın dastanlara çevriləsi igidliyindən, şücaətindən, qəhrəmanlığından göz yaşını saxlaya bilməyən analar gördük!.. 
Qəddini qürurla uca tutmuş Ana Vətən gördük!..
...Və o kadrları izlədikcə bir daha əmin olduq ki, belə qadınları olan məmləkət heç zaman məğlub olmaz, belə anaların əllərinin istisi, hərarəti, halallığı ilə böyümüş əsgər döyüş meydanından heç zaman məğlubiyyətlə dönməz!.. 
***
Qarabağ kələfi uzandıqca bizi əndişələndirən ən əsas məqamlardan biri nəsillərin dəyişməsi, o torpaqların ruhunu, səsini, sözünü öz varlığında yaşadan, qabarını ovuclarında daşıyan, o elləri hər gecə yuxularında görən yaşlı insanların tədricən öz köçlərini bu dünyadan sürməsi və bununla da o yurdların xatirələrdə addım-addım uzaqlaşması idi... 
Hər belə insanın vəfatı xəbərini alınca elə bilirdim ki, o yurdları bir adam qədər də itirdik... 
Hərdən bizə elə gəlirdi ki, əgər yaşlı nəsil bu düyünü açmağa müvəffəq olmadısa, Qarabağı yalnız şəkillərdə, kinofilmlərdə görən, Qarabağ söhbətlərini böyüklərdən eşidən yeni nəsil üçün bu münaqişənin mahiyyəti dumanlı olacaq. 
Biz bu münaqişəni vaxtında həll etməliydik. Onu indiki nəsillər üçün ağır bir miras kimi saxlamamalıydıq. Bu da Qarabağ düyününün çözülməsi mürəkkəbləşdikcə tez-tez eşitdiyimiz təəssüf ifadəsi idi. 
Amma baş verən son hadisələrin ictimai ovqatı göstərdi ki, bu düşüncəmizdə yanılmışıq, belə düşünməklə Azərbaycan gəncliyinə qarşı haqsızlıq etmişik, üstəlik, bu gün onların bizim vaxtında edə bilmədiklərimizi bacarmaları ilə öz övladlarımıza yaxşı mənada uduzmuşuq. 
Bəli, övladlarımız bizi ötürlər - buna necə sevinməyəsən!.. 
Görünür, biz bir məqamı unutmuşuq ki, bu gənclər Qarabağı görməsələr də, gözlərini açıb müstəqil Azərbaycan dövlətini görüblər. Göylərə ucalan üçrəngli bayrağımızın kölgəsində böyüyüblər. Gündən-günə qüdrətlənən, gücü, nüfuzu getdikcə artan bir ölkənin gənc vətəndaşları olmağın milli qüruru, yüksək ləyaqət hissi ilə boy atıblar. 
Və bu nəsil Vətənin hər qarış torpağı uğrunda canını verməyə hazırdır! 
Bu gün öz əsgərinin zəfərini yaşayan Azərbaycan elini düşməndən təmizlənmiş yüksəkliklər misalında göylərə ucaldan da elə bu ruhdur, bu hissdir... 
***
Atəşkəs barədə razılaşma əldə olunan gündən bəri düşmən təxribatlara davam etsə də, Azərbaycan hələlik öz təmkinini qorumağa çalışır.
Döyüş indi diplomatik səngərdə davam etdirilməkdədir. Zatən, dünyanın bütün müharibələri hərbi səngərlərdə başlanıb, diplomatik səngərlərdə tamamlanır. Bu proses əvvəllər də davam etdirilirdi, amma indi durum fərqlidir. 
Düşmən üzərində qazandığımız hərbi qələbədən sonra indi öz mövqeyini fəal şəkildə diktə edən tərəf məhz Azərbaycandır.
Biz təkcə Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızın azadlığı uğrunda mübarizə aparmırıq, həm də bəşəriyyətin ən ali dəyəri olan ədalət uğrunda döyüşürük!
Azərbaycan torpaqlarının işğal edilməsi ilə, qaçqın və məcburi köçkünlərimizin yurd-yuvalarından didərgin salınması ilə, minlərlə soydaşımızın sadəcə azərbaycanlı olduqlarına görə qətlə yetirilməsi ilə, bu münaqişənin illərdən bəri dondurulmuş vəziyyətdə saxlanması ilə ilahi ədalət normaları pozulub. Və bu məsələdə haqq-ədalətin öz yerini tutması barədə indi bütün dünya düşünməlidir. 
Qanlı toqquşmalardan sonra beynəlxalq ictimaiyyət bu məsələ ilə bağlı narahatlığını ifadə edib, amma narahatlıqla iş bitmir. İndi hər kəs anlamalıdır ki, münaqişəni sonsuzluğa qədər davam etdirmək mümkünsüzdür və Azərbaycanın da səbrinin hüdudları var. 
Biz sülh danışıqlarına yenə sadiqik, bu münaqişənin sülh yolu ilə həllini tapmasını istəyirik. Ermənilərin illərlə bizə çəkdirdiklərinə, onların xəstə təfəkkürü, vəhşi və mənfur xisləti nəticəsində yaşadığımız sitəmlərə rəğmən bu regionda sülhün təminatçısı rolunda çıxış edən qüvvə yenə də Azərbaycandır. Əgər Ermənistan təcavüzkar siyasətindən əl çəkib hərbi birləşmələrini torpaqlarımızdan geri çəkərsə, bu münaqişə Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində öz həllini taparsa, biz dövlətimizin sosial-iqtisadi gücü ilə, Azərbaycan cəmiyyətinin sadiq olduğu ümumbəşəri dəyərlərlə Cənibi Qafqazı sülh və inkişaf məkanına çevirə bilərik. 
O zaman Tanrının sevgi ilə yaratdığı o füsunkar dağlarda bir daha atəş səsləri eşidilməz, raketlər gurlamaz, insanın alın tərinə, halal zəhmətinə həsrət bərəkətli torpaqlar min bir sərvət yetirər, daha o torpağın dərinliklərində minalar əfi ilan kimi öz qurbanını gözləməz... 
O torpaqlarda bir daha insan qanı axmaz, xalqlar, mədəniyyətlər arasında bütün dünyaya örnək olası inkişaf və tərəqqi dolu bir ortam formalaşar. Azərbaycan xalqının kin-küdurətdən uzaqlığı, hər zaman tolerantlığa tapınması, bizə daş atan düşməni hər zaman aşla qarşılaması, qarnını doyurması, basdığını heç zaman kəsməməsi belə bir dünyanın yaranması ümidlərini həmişə diri saxlayır... 
İndi gözlər diplomatik səngərlərə dikilib... 
Hadisələrin yaxın günlərdə hansı məcrada davam edəcəyini hələlik bilmirəm. Amma Azərbaycanın bu davadan da qalib çıxmasının, torpaqlarımızın azadlığa qovuşmasının artıq an məsələsi olduğuna tam əminəm. 
Çünki bu haqq davasını aparan qətiyyətli lider - 
İlham Əliyev var!
Bütün Azərbaycan xalqının döyüş əzmini, mübarizlik ruhunu öz şəxsiyyətində təcəssüm etdirən Ali Baş Komandan var!
Və onun bircə əmri ilə bir neçə saat içində bayrağımızı Xankəndidə ucaldacaq qüdrətli Azərbaycan Ordusu var! 
Yeni zəfərlərə doğru, Azərbaycan!


Hüseynbala MİRƏLƏMOV,
Milli Məclisin deputatı, yazıçı 

"AZƏRBAYCAN" qəzeti, 13.04.2016