Hüseynbala  Mirələmov

                                           

SƏRHƏD

 

(Dördpərdəli pyes)

 

İŞTİRAKÇILAR:

Fedya  – Azərbaycan Silahlı Qüvvələrinin zabiti, 49 yaşında mayor

Aşot – Ermənistan ordusunun zabiti,  48 yaşında polkovnik

Nərminə  –  16 yaşında azərbaycanlı qız

Altı nəfər yeniyetmə

 

Birinci pərdə

          Tikanlı dəmir məftillərlə əhatə olunmuş sərhəd postu... İçərisi qumla doldurulmuş kisələr ətrafa səpələnib. Yaxınlıqdakı səngərlərin üstünə böyük  təkərlər üst-üstə yığılıb.  

          Gecədir. Tikanlı məftillərin o biri tərəfində birisi yeyin addımlarla gəzişir.  Ovucu ilə gizlədib siqaret çəkir, arabir tikanlı məftillərin bu biri tərəfinə diqqətlə baxır. Tikanlı məftillərin bu biri tərəfindəki adam da sol ovcu ilə sag əlindəki siqareti gizlədib. O da arabir tikanlı məftillərin o biri tərəfinə boylanır. Hərdən  zəif işıqda üzü görünür. Üzü tüklüdür. Siqareti atıb yavaş-yavaş onları ayıran məftillərə yaxınlaşır.

POLKOVNİK:     -   (yavaş səslə ) Fed – ya, Fedya!

MAYOR:             -    (diksinir) Yaxın gəlmə!

POLKOVNİK:     -    Fedya... Mənəm, Aşot. Tanımadın məni?

MAYOR:             -    (tələsmədən ona yaxınlaşır, diqqətlə baxır) Aşot?!

POLKOVNİK:     - Mənəm, dostum... Sən heç dəyişməmisən, gözlərin  həminkidir, eynən yeniyetməliyində olduğu kimi... Görən kimi tanıdım.   Qardaş! (əllərini uzadaraq onu qucaqlamaq istəyir, amma məftillər mane olur)

MAYOR:             -  Elə sən də dəyişməmisən...

POLKOVNİK:     -  Yox, mən çox dəyişmişəm, saç-saqqalım ağarıb.  Amma

sən doğrudan da dəyişməmisən. Bir az saçın tökülüb.  Bayaqdan baxıram... Görən kimi tanıdım səni. Yerişin də həmin yerişdir. Qamətin də şax, lap cavanlıqda olduğu kimi...  (Pauza.)  Heç ağlıma da gəlməzdi ki, səni burada görərəm...

MAYOR:              -  Akademiyanı bitirəndən sonra müxtəlif yerlərdə işlədim.

                                Hətta məni baş qərargaha da yaxşı vəzifəyə təyin etdilər,

vaxtından əvvəl rütbə də verdilər. Bu məsələlər başlayandan sonra dözə bilmədim. Qayıtdım Bakıya,  sonra da... Gördüyün kimi buradayam.

POLKOVNİK:     -  Mən çoxdandır Bakını ancaq televizorda görürəm.  

 Görüntülərdə evimizi axtarsam da gözümə dəyməyib...

MAYOR:             -  Evimiz çoxdan sökülüb. Yerində böyük ticarət mərkəzi

 tikilib, park salınıb.

POLKOVNİK:      - Uşaqlığımızı yerlə-yeksan elədilər...

MAYOR:             - Bizim uşaqlığımız çoxdan yerlə-yeksan olub. Sizinkilər bizim

uşaqlıq xatirələrimizi yerlə-yeksan elədilər...Dilin də var danışmağa?! Heç olmasa sən kiri.  Elə bir xəyanət elədiniz ki, körpüləri elə yandırdınız ki, çətin bir də geri dönüş mümkün olsun... Əgər belə olmasaydı biz indi səninlə müxtəlif cəbhələrdə döyüşməzdik.

POLKOVNİK:     - Bu məsələlərin sənə nə dəxli, sən ki, azərbaycanlı deyilsən!?

MAYOR:             - Nə olsun? Atam-anam da, babam da Bakıda anadan

olub, orada böyüyüb, orada dəfn olunub. Özüm də Bakıda doğulub boya-başa çatmışam. Böyüdüyüm həyətdə də tatar, azərbaycanlı, rus - müxtəlif millətlər bir yerdə yaşayıb. Necə mehriban idik. Azərbaycanlılar bizimlə özləri arasında heç fərq qoymurdular, xoş rəftar edirdilər. Sən ki, bunların şahidisən...

POLKOVNİK:     - İki yəhudi vardı, iki tatar, iki rus, üç azərbaycanlı. Səkkiz

nəfər də erməni... İndi bizlər sizin üçün müxtəlif millət olduq?!

MAYOR:             - Bizim söhbət etməyə ixtiyarımız yoxdur!

POLKOVNİK:     - A kişi, kimdir bizi güdən çölün düzündə, gecənin bu vaxtı?

                                 Biz indi səninlə buranın ağasıyıq. Nə istəsək edə bilərik.  

                                 (Pauza. Onu qucaqlamaq istəyir) Fedya, uşaqlıq dostum!

MAYOR:             - Heç ağlıma gəlməzdi... Gör neçə il keçib...

POLKOVNİK:     - Otuz ildən çox...  Bu illərdə bir-birimizdən xəbər tuta

bilməmişik. Amma uşaqlığımız, gəncliyimiz bir yerdə keçib. Bir həyətdə boya-başa çatmışıq, bir məktəbdə oxumuşuq. O günlər harada qaldı, Fedya?..

 

İkinci pərdə

 

İşıqlar dəyişir. Fedya və Aşot məktəbdən evə qayıdırlar.

 

AŞOT:                 -  Sən gördün o mənə necə baxırdı? Az qalırdı gözləri ilə yesin

məni.

FEDYA:               -  Özündən söz çıxarma. Nərminə sənə başqa cür baxa bilməz.  

                               Biz bir həyətdə yaşayırıq. O, dərsdə necə gopa basdığını            görüb sənə elə heyrətlə baxırdı.

AŞOT:                  - Nə gop e? Babam danışır da evdə. Deyir ki, türklər   

erməniləri qırıblar... Babam deyirsə, demək onun dediyi düzdür. Mən onun dediyinə inanmalıyam, yoxsa tarix müəllimi Larisanın dediyinə ?

FEDYA:               - Tarix yazılandı, deyilən yox...  Axı sübutlar var.

AŞOT:                  - Nə sübut-sübut salmısan e...  Mən babama inanıram. Babam

deyir ki, hər millət öz tarixini yazmağı bacarmalıdır.

FEDYA:              - Tarixi qəhrəmanlıqlarla, real olmuş hadisələr əsasında yazırlar, dostum. Daha yalan-palanla yox.

AŞOT:                 -Yalan-palan niyə? Babam bu qədər kitab oxuyub. Deyirsən mənə yalan deyəcək?

FEDYA:                 - Elə ona görə “iki” aldın də tarixdən. Yadından çıxarma ki, bu

rüblükdə sənin üçüncü “iki”ndir. Belə getsə sən çətin attestat alasan.

AŞOT:                    - Narahat olma. Atam hər şeyi həll edəcək.

FEDYA:               - Əgər həll edə bilməsə, əlvida, hərbi məktəb! Deyirlər

İmamverdi müəllim düz adamdır, nə pula baxır, nə tapşırığa.

AŞOT:                  - Mənim atam elə yerdə işləyir ki, düzü də əyə bilər. Polkovnik

adamdır. Onların bir sözünü iki edən heç vaxt olmur.

FEDYA:               - Axı biz səninlə həmişə düz olacağımıza and içmişik.

Qonşuluqdakı evin zirzəmisindəki divara öz adımızı yazmışıq. Həmişə, hər işdə doğru davranacağımıza, əbədi qardaşlığa and içmişik.

AŞOT:                  - Dostluğun bu məsələyə nə dəxli?! Qəribə adamsan. Nəyə görə

mübahisə edirsən? Kiminsə yazdığı tarixə görə?! Babam deyir ki, azərbaycanlılar tarixi saxtalaşdırıblar. Moskvada tarix institutunda adamları var. Onlar da bu işlərdə azərbaycanlılara köməklik göstəriblər.

FEDYA:               - Danışırsan da... Sənin baban belə deyir, tarix müəllimi isə  bunun tam əksini dedi o gün. Xatırlayırsan? Dedi ki, ermənilərin öz torpaqları olmayıb. Harda sığınacaq veriblərsə orada yaşayıblar. Nə isə. Mən bircə şeyi bilirəm. Məktəbi yaxşı qurtarıb hərbi məktəbə daxil olmalıyam, özü də Moskvada. Bu babamın arzusudur. Atam Əfqanıstanda həlak olandan sonra babam ancaq bu arzu ilə yaşayır. Mən atamın yolunu davam etdirməliyəm.

AŞOT:                  - Sən babanın arzusunu yerinə yetirmək üçün çalışırsan, mən də

babamın söylədiyi həqiqətləri danışıram. Mənə atam da onun arzusunu yerinə yetirmək üçün kömək edəcəyinə söz  verib. Əgər çətinliyin olsa utanma, de, sənə də kömək edər.

FEDYA:               - Mənim heç kəsin köməyinə ehtiyacım yoxdur... 

 

 

 

İşıqlar dəyişir. Məktəbin həyəti. Futbol meydançasında iki komanda yarışır.

 

                                           - Cəbiş, ötür!

                                           - Xaça, vur!

                                           - Cərimə! Qoqa, cəriməni sən vur!

                                           - Qol!

                                           - Musa, ötür!

                                           - Musa, vur. Qol!

FEDYA:               - Uduzdunuz! Şərtimiz şərtdir. Məni kürəyində evə qədər

aparmalısan!

AŞOT:                  - Apar deyirsən, aparım də. Amma bil ki, bu uduzduğumuza

görə yox, səninlə olan dostluğa görədir. Dost da gərək dostunun uğrunda canından  keçməyi bacara.

 

Aşot Fedyanı belinə alıb aparır. Birdən gözü qarşıdan gələn Nərminəyə sataşır. Fedyanı kürəyindən yerə salır.

 

AŞOT:                  -  Nərminə... Biabır olmuşdum az qala. (özünü səliqəyə salır)

                 Görəsən nə olub ona? Heç biz tərəfə baxmadı...

FEDYA:               - İmamverdi müəllimə görə dilxordu...

AŞOT:                  - Pah, böyük iş olub!

FEDYA:               - Mən bilirəm ki, bu sənin işindir.

AŞOT:                  - Haradan bilirsən?

FEDYA:               - Bunu bilməyə nə var ki? Özün demədin ki, atanın nüfuzu

böyükdür, o, nə istəsə edə bilər. Atan İmamverdi müəllimdən xahiş edib ki, ikilərini düzəltsin. O da etiraz edib. Atan da öz gücündən, vəzifəsindən istifadə edərək onu işdən çıxartdırıb. Özü də dərs ilinin sonuna yaxın.

AŞOT:                  - Bu sənin fərziyyələrindir. İmamverdi müəllim düz işləsəydi

işdən çıxartmazdılar.

FEDYA:               - İmamverdi müəllimin səhvi ondan ibarət idi ki, həddindən

artıq düz işləyirdi. Atan kimilər də bu düzlüyü qəbul edə bilmirdilər. Axı onlar öz əziz-xələf balalarını yaxşı institutlarda oxutmalı, sonra onlara yaxşı vəzifə verməlidilər ki, camaatı kor qoysunlar!

AŞOT:                  - Dedim sənə ki, bu işlərdən mənim xəbərim yoxdur!

FEDYA:               - And iç!

AŞOT:                  - Nəyə and içim?

FEDYA:              - (diqqətlə ona baxır) Dostluğumuza and iç ki, İmamverdi müəllimin işdən çıxarılması sənin atanın işi deyil.

 

Aşot susur. Pauza.

 

FEDYA:                             Mən gözləyirəm! Çörəyə and iç!

 

                                           Pauza. Aşotdan səs-səmir çıxmır. Nərminə görünür.

 

AŞOT:                 - Nərminə, bayaq yanımızdan düz keçdin, heç saymadın      bizi... Nə yaxşı geri qayıtdın?!

Nərminə:               -  Niyə saymalıyam ki, səni?

AŞOT:                  -  Axı neyləmişəm mən Nərminə?

Nərminə:               -  Özün yaxşı bilirsən neylədiyini. Bunu bütün məktəb bilir.

AŞOT:                   - Nərminə, vallah hamısı yalan danışır. Gicdir e bunlar.     Deyirlər ki, İmamverdi müəllimin işdən çıxmasını guya mənim atam təşkil edib...

Nərminə:               - Yoxsa elə deyil?

 AŞOT:                 -Vallah elə deyil. Fedya da mənə inanmır. Bayaqdan deyir and iç çörəyə, elə bil uşaq-zadıq. O, başa düşmür ki, biz çoxdan uşaq deyilik. Bizim indi sevən, sevilən vaxtlarımızdır. Bizim yaxşı təhsil alıb, sonradan vətənə qulluq etmək vaxtlarımızdır. Mən səni çox istəyirəm. İlk dəfə həyətimizə köçəndən xoşuma gəlmisən. Bizim məktəbə köçürüləndə çox sevindim ki, hər gün bir yerdə olacağıq. Belə də oldu. Biz, demək olar ki, bir yerdə böyümüşük. Mən sənin xasiyyətini də öyrənmişəm. Biz yaxşı ailə olarıq... 

Nərminə:           - Bunu heç ağlına belə gətirmə. Özün də məndən uzaq dur.

AŞOT:              -  Nərminə, inan ki, İmamverdi müəllimin işdən çıxarılması mənlik deyil. İşdi də olub. Bir də ki, İmamverdi axı bizim nəyimizdir ki, ona görə küsüşək? Bilirəm, Orxanın da səndən xoşu gəlir. Orxan axı sənə yaraşan deyil. Yetimin biridir. Nənəsi baxır ona. Mən anlamıram, Orxan axı sənin kimi gözəli necə saxlayacaq?! Atam deyir ki, vəziyyət dəyişir. Bir azdan hər şey başqa cür olacaq. Mən Moskvada Frunze adına hərbi məktəbə girəcəyəm. Sən də mənimlə gedərsən. Hansı instituta istəsən atam səni düzəldər. Cavab ver də, Nərminə. Elə baxma, mənə...

Nərminə:              -Sən bu xəyalları harada qurursan özünə?

 

Nərminə başını bulayaraq aralanıb gedir. Fedya ilə Aşot bir-birlərinə baxırlar.

 

AŞOT:                   - Görürsən? İnanmadı mənə.

FEDYA:              - Çünki həqiqəti demədiyini bilir.

AŞOT:                 - Mən yalan danışmıram.

FEDYA:               - O zaman and iç. Dostluğumuza and içmirsən, onda çörəyə and    iç. De ki, çörək haqqı İmamverdi müəllimin işdən çıxmasında sənin atanın əli yoxdur. And iç!

 

Üçüncü pərdə

 

İşıqlar dəyişir. Sərhəd zonası. Gecədir.

 

POLKOVNİK:         - And iç!... And iç! Elə də yalvarırdın ki, and içim çörəyə.

(gülür) Mən o vaxtlar da anlamırdım, elə indinin özündə də başa düşə bilmirəm ki, niyə müsəlmanlar çörəyi müqəddəs hesab edirlər? Bir tikə çörəyi yerdə görən kimi o dəqiqə əyilib götürür, gözlərinin üstünə qoyurlar. Çörəyi çörək edən adamdır. Amma çörək haqqı  sözü hardan yaranıb bu müsəlmanlarda bilmirəm. Qonaq evlərinə gələndə çörəyi onların başlarının üstündən keçirirlər...Babam deyirdi ki, müsəlmanlar qorxanda çörəyi balışlarının altında saxlayırlar. Özüm də bunu sonra gördüm... Uşaqlar birini tutmuşdular. Bir dəfə döyüləndə gördüm ki, sol əliylə cibini möhkəm tutub. Əvvəl elə bildim qumbaradı, sonra əlini burub cibinə baxdıq, gördüm  çörəkdi. Dedim, ay gic müsəlman, acından ölürsən, niyə yemirsən bu tikəni, dedi ki, yatanda başımın altına qoyuram ki, qorxmayım... And yeri olan bu bir tikə çörək mənə güc verir ki, sizinlə üzbəüz dayanım...  Mən də bir güllə vurdum təpəsindən – dedim, görəsən indi o çörək səni xilas eləyəcəkmi?

                                Pauza.

 MAYOR:            - Sən niyə bu qədər qəddar oldun, Aşot?

 POLKOVNİK:     - Əzizim, müharibənin, düşmənçiliyin öz qanunları var.

Maraqlısı bilirsən nə idi? Uşaqlar onun meyidini dərədən atmağa aparanda deyirdilər üzündə təbəssüm vardı, ovcunda da bir tikə çörək...  Başa düşə bilmirəm.

                                Pauza.

MAYOR:             - Siz belə şeyləri başa düşməzsiniz. İnsan torpağı şumlayır, əkir,

biçir, min cür əziyyətlə çörəyi ərsəyə gətirir. İnsan ancaq çörəyə əyilir. Ona görə də əməyinin bəhrəsi olan çörəyi uca tutur, onu müqəddəs hesab edir. Hə... Bir də başqalarından fərqli olaraq, türklər çörək kəsdiklərinə xəyanət etmirlər. (İstehza ilə ona baxır)

POLKOVNİK:     - Sənə nə olub belə? Sən ki, onlardan deyilsən?

FEDYA:               - Mən uşaqlıqdan belə görmüşəm...

POLKOVNİK:     - Ona görə Nərminənin yanında mənə dedin ki, çörəyə and içim?

FEDYA:               - Nərminə yoxdur, çoxdan yoxdur...

POLKOVNİK:     - Necə yəni yoxdur?..

FEDYA:               - Sizinkilər köçüb gedəndən sonra baban qaldı axı... Anam                           deyirdi  ki, həyətdəkilər ona qulluq edirdilər. Nərminə lap çox qayğı göstərirdi. Məlum məsələlər başlayanda qonşularımızdan bəziləri evlərini dəyişərək başqa şəhərlərə köçdülər. Tədricən Bakıda daha “bakılı” azalmağa başladı. Təzə qonşulardan kimsə nişan verib ki, bir erməni nəvəsi ilə yaşayır. Onlar da Nərminəni güdüb sorğu-sual etmədən öldürmüşdülər... Sonradan hər şey aydınlaşdı... Məlum oldu ki, onu öldürən elə ermənilər olub. Sumqayıt hadisələrində olduğu kimi (ironiya ilə Aşota baxır). Hətta öz aralarında erməni dilində danışırmışlar. Anam deyirdi ki, ata-anası bilmirdilər nə etsinlər, kimə şikayətə getsinlər...  Yazıq Orxan isə bir tərəfdə dayanıb xısın-xısın ağlayırdı...

AŞOT:                 - Bəs mənə niyə bunları deməmişdin?

FEDYA:              - Biz onda müxtəlif hərbi hissələrdə qulluq edirdik. Əlaqəmiz

yox idi axı...  90-cı illərdə hər yerdə vəziyyət dəyişmişdi.  Sən o vaxt Nərminəyə deyəndə ki, hər şey dəyişəcək, yəqin bunları nəzərdə tuturdun...

 

Pauza.

AŞOT:               -    Nərminə...(fikrə gedir) Aradan illər keçib. Sən  inanırsan

ki, onun üzünü yadıma sala bilmirəm?! Bəzən olur ki, keçmişi gözümün qabağına gətirirəm. Babamı xatırlayıram, evimizi xatırlayıram, çay içdiyim fincanı, köhnə radiomuzu, həyətdəki köhnə qırmızı “Jiqulini” xatırlayıram. Özü də ən incə detalına qədər gözümün qabağında canlanır. Məhəllənin o sarı, qonur pişiklərini də xatırlayıram, bircə... (susur)  Bircə Nərminədən savayı! Siması yadımdan çıxır. Nə qədər edirəm, sifətini yadıma sala bilmirəm. Fikirləşirəm ki, Nərminənin gözləri nə rəngdə idi? Göy, ala, qara – hansı rəng? (əli ilə astaca başına vurur)  Bir də görürsən ki, gözləri düşür yadıma. Deyirəm hə, iri ala gözləri vardı. Amma qəribədir, birini yadıma salanda biri yadımdan çıxır. Gözlərini yadıma salanda üzünü unuduram. Dodaqları, çənəsi, yanaqları... Axı niyə belə olur? Axı mən Nərminəni sevirdim...

FEDYA:               - Sənə bir söz deyim, Aşot? Sən heç vaxt   

onu sevməmişdin. Sən sevməyə qadir deyilsən. Elə bilirsən sevməyi hər adam bacarır?!

AŞOT:                  - Bunu mənə necə deyə bilərsən? Onu necə

sevdiyimi səndən yaxşı kim bilirdi ki? Mən bütün hər şeyi sənə danışırdım, ancaq sənə. Başqa heç kimə. Mən müsəlmanlara, türklərə inanmırdım. Ancaq sən, başqa heç kim. Sən də indi durub deyirsən ki, mən onu sevmirdim? Bunu necə deyə bilərsən?

FEDYA:               - Çox şeyin dəyişib, bircə şeydən başqa. Haqsız olduğunu

biləndə hələ də sürətli və yüksək səslə danışırsan. Uşaqlıqda da belə idin.

AŞOT:                  - Mən Nərminə barədə həmişə səmimi olmuşam.

FEDYA:               - Bəs niyə onu qoydun getdin? Niyə onu aparmadın?

AŞOT:                  - Tək onu qoyub getmədim ki, babam da qaldı burada.

FEDYA:               - Sənə bir şeyi açıq deyəcəm. Mənə elə gəlirdi ki, sən babanı

Bakıdan apara bilərdin. Özün istəmədin.

AŞOT:                  - Nə?

FEDYA:               - Hə. Sən istəsəydin onu Bakıdan apara bilərdin,

özün eləmədin. Nə babanı, nə də Nərminəni.

AŞOT:                  - Fedya, bu illər ərzində azərbaycanlılar sənin düşüncəni tamam

                                 dəyişib.

FEDYA:               - Əksinə, indi həqiqətləri daha aydın görüb dərk edirəm.

AŞOT:                  - (qışqırır) Nəyi dərk edirsən?

FEDYA:               - Bax, görürsən, yenə qışqırırsan, yenə çılğınsan, hikkəndən

nəfəsin kəsilir. Çünki düz danışdığımı başa düşürsən. Sən heç vaxt Nərminəni sevməmisən. Babanı da özün saxladın Bakıda.

AŞOT:                  - Yəni yaşlı babamı  türklərin əlində qoydum ki, babamı

öldürsünlər, Nərminənin başına oyun açsınlar? Hə, bunu deyirsən sən?

FEDYA:               - Hə! Məhz bunu deyirəm. Sənin niyyətin bu idi. Bəlkə bu da

sizin planınızın bir hissəsi idi, nə bilmək olar? Təxribat törədirdiniz. Ermənilər erməniləri öldürüb, günahı müsəlmanların üstünə yıxırdılar.

AŞOT:                  - Axı niyə? Niyə belə şey eləyək?

FEDYA:               - Cavabı bir az qəribədir, elə sənin özün kimi. Axı sən həmişə

ziddiyyətli insan olmusan. Ona görə də hərəkətlərinin məntiqini tutmaq, onlardan baş açmaq həmişə çətin olub. Amma mən səni uşaqlıqdan tanıyıram. Sən buradan gedəndən sonra etdiklərinin məntiqi ardıcıllığını izləyib tapdım. Sən ara qarışanda babanı özün burada saxladın ki, onu öldürsünlər. Elə də oldu. Bu sənə Rusiyada və digər ölkələrdə imkanlar  qazandırdı. Hər yerdə dedin ki, sənin xəstə babanı guya amansız türklər öldürüblər.

AŞOT:                  - (sözünü kəsir) Nə dediyinə özün inanırsan? Onsuz da o vaxt

orada nə qədər adam ölmüşdü. Mənim babamın ölümü mənə nə verəcəkdi ki? Niyə buna görə öz babamı qurban verim?

FEDYA:               - Bax, məsələ də bundadır. Sənin beynin həmişə bu incəliklə

işləyib. Bu elə incəlikdi ki, bunu başa düşmək üçün səni bir böcək kimi saatlarla tədqiq eləmək lazımdı. Buna isə heç kimin vaxtı yox idi. Elə mənim də...

Bilirsən, ilk dəfə hospitalda yatanda həkim dedi ki, bir neçə müddət hərəkətsiz uzanmalıyam, tərpənməməliyəm. İndi fikirləşirəm ki, həyatımın ən çətin, ən ağrılı günləri məhz həmin günlər, həmin aylar olub. Amma bir tərəfdən də həmin günlərə minnətdaram. Çünki o hərəkətsiz keçirdiyim günlərdə mən bütün həyatımı kino lenti kimi yenidən göz önündən keçirdim. Hər bir xırdalığına qədər. Ümumiyyətlə, başa düşdüm ki, insan ömrü boyu əslində öz uşaqlığını yaşayır. Ən qatı cinayətkar da, peşəkar hərbçi də hər kəs bu dünyada öz uşaqlığını yaşayır. Sən də, mən də.

AŞOT:                  - (kinayə ilə) Və təbii ki, burada peşəkar hərbçi deyərkən

özünü, qatı cinayətkar deyəndə isə məni nəzərdə tutursan. Amma səhvin var. Mən hərbə ömrümü qoymuşam. Vətənimin azadlığı uğrunda vuruşmuşam. Elə indi də vuruşuram.

FEDYA:              - Sən vətənin üçün yox, içindəki nifrət naminə vuruşursan. Sözümü tamamlayım, bu haqda da danışacağam.

 

Baxışırlar. Aşot gözlərindəki nifrəti gizlədə bilmir.

 

AŞOT:                - Eşidirəm.

FEDYA:              -Yadına gəlir, əvvəllər “Qırx pilləkən” tərəfdə taxta avtomatlarla

oyunlar oynayırdıq. Sonra taxtalar dəmirlərə əvəzləndi. Gerçək silahlarla döyüşməyə başladıq. Yəni əslində biz böyümədik, oyuncaqlarımız dəyişdi. Dünyadakı insanların çoxu belədir. Bəlkə də əlimizə aldığımız o silahlarla elə birinci içimizdəki  uşağı öldürüb özümüzü guya böyümüş kimi aparırıq, amma heç vaxt böyümürük. Mən düz dörd ay demək olar ki, hərəkətsiz qaldım. Düz dörd ay arxası üstə uzanıb gözümü ağ tavana zillədim. Sən bunun necə dəhşətli bir şey olduğunu təsəvvür belə edə bilməzsən. Ağappaq tavan, başqa heç nə. Əvvəllər sıxılırdım, darıxırdım. Amma bir az zaman keçdikdən sonra o ağ tavan yaşadığım ömrün ekranına çevrildi. O ağ tavanda gördüklərim bütün düşüncələrimi kökündən dəyişdi. O ağ tavan qarşımda güzgü kimi açıldı və mən o güzgüdə  ruhumun dərinliklərini, ömrümün ötüb keçən anlarına izlədim. Lap kino lenti kimi. Elə onda anladım ki, insanın ruhunda həm mələk, həm də şeytanın qərar tapması fikri əbəs deyilmiş. Və onlardan hansını bəsləyib ruhunda böyütsən, həyatın da buna uyğun olacaq. Mən həyatın həqiqətini o ağ tavana baxaraq dərk elədim. O həqiqət mənə əyan olandan sonra, özüm hərəkətsiz düşüb yataqda qalsam da, ruhum dirçəldi, öz əqidəm uğrunda savaşmağa güc tapdım. Bundan sonra ruhumdakı şeytanı bir küncə sıxışdırdım, ona əl-qol açmağa imkan vermədim. Vicdanıma xilaf çıxmamaqla, edilən yaxşılıqları unutmamaqla, ehtiyacı olana yardım edərək ruhumdakı mələyi böyütməyə, daim onu bəsləməyə başladım ki, vədəm çatanda dünyadan könül rahatlığı ilə köç edə bilim.

AŞOT:                  - (üz-gözünü turşudub) Cənab mayor, bu fəlsəfənin nə mənim

                                babama, nə də Nərminəyə aidiyyatı yoxdur.

FEDYA:               - Səbr elə. Hara tələsirsən? Onsuz da burada vaxt donub. İndi

bir-bir deyəcəm sənə. Sən uşaqlıqdan içindəki şeytanı qidalandırıb böyütməklə məşğul idin. Özün böyüdükcə o da səninlə bərabər böyüyürdü.

AŞOT:                  - (səbirsizliklə sözünü kəsir) Olmadı səninki. Əgər mən belə

                                idimsə, sən də mənim ən yaxın dostum idin. Deməli, sən də   

                                mənə oxşamısan.

FEDYA:               - Yox, mən elə bilirdim ki, biz dostuq. Amma getdikcə başa

düşürdüm ki, bir-birimizə qətiyyən oxşamırıq,

əks qütblərin adamıyıq. Yanılmışammış. Təəssüf ki, bunları gec dərk etdim. Öz həyatımın içindən sən boylandın mənə. (kinayə ilə) “Yaxın dostum, balaca Aşot”. Aylarla gözümü zillədiyim o ağ tavanda gördüyüm həyatımda ən tünd, ən boz  ləkə sən idin.  Bunu o qədər aydınca gördüm ki. Çətin də olsa sənin qəddarlığının məntiqini çözə bildim. Cavab sadə idi: sənin ruhunda yalnız şeytan böyümüşdü, bəlkə də böyüyüb yanındakı mələyi də yerli-dibli udmuşdu. Onda anladım ki, sən  heç vaxt mənim dostum olmamısan. Sən heç kimin dostu olmamısan, ola bilməzsən. Ümumiyyətlə, sənin üçün nə dostluq, nə sevgi anlayışı yoxdur. Sənin içində ancaq nifrət, kin, amansızlıq var. Sən sevgi yoxsulusan. İndi fikirləşəndə, bütün bu həqiqətlər mənim üçün açılanda dəhşətə gəlirəm. Ona görə yox ki, biz səninlə sonra ayrı cəbhələrdə döyüşməli olduq. Yox! Ona görə dəhşətə gəlirəm ki, sənin uşaq ruhunda, o balaca qəlbində bu qədər nifrət necə əmələ gəlmişdi? Bunu kim yaradıb? Baban? Yox! Bəlkə heç baban da nifrətlə bu qədər zəhərlənməmişdi. Əgər babanın nifrəti müsəlmanlara, türklərə qarşı ilan zəhəri idisə, səndəki öldürücü əqrəb zəhəri idi. Hə, sən uşaqlıqdan balaca əqrəb idin. Yaxınlaşdığın hər yerə zəhər, üfunət və ölüm daşıyan balaca, murdar varlıq! Böyüdün, səninlə birgə içindəki zəhər də böyüdü. Əqrəb xislətin də təbii ki, dəyişmədi. Əbdülü xatırlayırsan?

AŞOT:                  - (tutulur) Hansı Əbdül?

FEDYA:               - Sovetski. Qarajda yandı öldü.

AŞOT:                  - (fikirləşir) Hə. Bu dar macalda o haradan yadına düşdü?

FEDYA:               - Yadına gəlir, o bizim qəhrəmanımız idi? Hamımız ona

oxşamağa çalışırdıq.

AŞOT:                  - Mən yox, sən ona oxşamaq istəyirdin.

FEDYA:               - Hə, sən deyirdin ki, o həndəvərdə ondan güclüsü yoxdu deyə

belə yekə-yekə gəzir. Qıraq məhlələrdə ondan da güclü ermənilər var. Çünki sənin gözün götürmürdü ki, azərbaycanlı oğlan belə güclü olsun. Nə isə. Onun ölümü yadındadır? (Pauza.) Qarajda yanıb öldü...

AŞOT:                  - Əyyaşın biri idi. İçirdi ona görə.

FEDYA:               - Mən onu bir dəfə də olsun içkili görməmişdim. Bunu sən

deyirdin. Elə sən də yaymağa başladın məhəllədə. Sonra Əbdülün müəmmalı ölümü. Maşını gecə qaraja salıb düşməyə macal tapmamış qaraj od tutub yanmağa başlayıb. Ən sirli məqam o idi ki, qarajın qapısını kimsə çöldən bağlayıbmış. Yazıq Əbdül gecə diri-diri yanıb. Səhərüzü adamlar qapını sındırıb içəri girəndə qara kömür imiş o nər kimi oğlan.

AŞOT:                  - (kinayə ilə) Sən deyəsən təkcə belindən zədə almamısan,

dostum. Həm də beynin ciddi şəkildə zədələnib. Ya da indiki müharibə yaman çaşdırıb səni. Gah dağdan danışırsan, gah arandan. Gah məni babamın ölümündə günahkar bildin, gah da dedin ki, guya heç vaxt Nərminəni sevməmişəm. Gah burda mənasız fəlsəfə açdın, mələk elə gəldi, şeytan belə getdi... Sonra da Əbdül məsələsi çıxdı ortaya. Qocalırsan, dostum.

FEDYA:                  - Qocalıq çox vaxt özü ilə müdrikliyi də gətirir. Düşünməyə və təhlil etməyə vaxtın daha çox olur. O ki, qaldı danışdıqlarıma, yüz il əvvəlin söhbətini eləmirəm ki, çox da uzaq olmayan bir keçmişdən danışıram. Narahat olma babanla da, Nərminəylə də bağlı düşündüklərimin hamısını deyəcəm. Dedim axı, səbirli ol. Onsuz da burda tikanlı dəmir məftillərdən başqa heç kim bizi eşitmir. Hər şey Əbdülün ölümündən əvvəl başlasa da, Əbdülün qarajda yanmağı elə bil mənim kilidlənmiş şüuruma açar oldu. Onda anladım şox şeyi. Yadıma gəlir, Əbdül yanan günlərdə sən məndən soyumuşdun. Daha doğrusu, hiss edirdim ki, məndən qaçırsan. “Qırx pilləkən”in  aşağısında bir neçə erməni uşaqlarıyla dostlaşdığın yadımdadı. Onlar bir neçə dəfə Əbdüllə dalaşmışdılar. Mənə elə baxma, yaxşı bilirsən kimləri dediyimi. Bizdən bir neçə yaş böyük idilər. Yavaş-yavaş azərbaycanlılarla ədavətiniz qızışırdı. Hadisədən bir neçə gün əvvəl gördüm ki, əlində iri şüşələr gəlirsən. Soruşdum, nədi o elə? Dedin ki, babam istəyib. Onda səndən nöyüt iyi gəlirdi. Onlar vermişdi sənə. Onda sənə o qədər inanırdım ki, şübhələnməmişdim. Ancaq sonra mənə hər şey aydın oldu. Arsengil Əbdülün məhləsinə gələ bilməzdilər. Ona görə də sənə dedilər ki, qarajı odlamalısan. Sən də elədin. Düzdü? (Pauza.) Susursan... O gecə qarajı sən bağladın. Oraya da sən od vurdun, hə? Düz deyirəm?

 AŞOT:                 - İndi bunun heç bir mənası yoxdur.

 FEDYA:              - Hə, daha geriyə yol yoxdu. Bəlkə o vaxt sən qayıda bilərdin,

amma indi geriyə yol yoxdur. Ortaya ölüm düşəndə qayıtmaq olmur...

  AŞOT:                - Elə bilirsən ki, mən səhv etmişəm? Fikirləşirsən ki, mən

sadəcə pislik etmişəm? Yox, mənim uşaqlıq dostum. Mən ali ideallarımız, inandığım həqiqətlər uğrunda savaşmışam.

  FEDYA:             - Nə savaş - savaş salmısan? Savaş əqidə, amal uğrunda olur.

Sən savaşmamısan, insanlara tələ qurmusan, onları tora salmısan.

AŞOT:               - Savaşırsansa, hər şey olar. Hə, mən bunu indiyə qədər heç

kimə deməmişdim. Heç kim də bunu bilmirdi. Əhsən, bu illər sənə çox şey öyrədib...Ya da illər yox, xəstəxana otağının ağ tavanı. Əbdül mənim ilk cinayətim idi. Arsengil ona yaxın düşə bilmirdi. Hə, onu mən öldürdüm. Müqəddəs amallar naminə, böyük Ermənistan naminə.

 FEDYA:             - Bu axmaq ideya uğruna neçə canlar qurban getdi. Axı, Əbdül

sizə heç nə etməmişdi.

AŞOT:                 - Etməmişdi, amma edəcəkdi. Bizimkilər planlar qururdular.

İğtişaşlar yaratmaq istəyirdilər. Onların qarşısını ancaq Əbdül və onun kimilər kəsirdi. Bilirdilər ki, onun kimi hörmətli, nüfuzlu bir adamın kəlməsi bəsdir ki, məhlə cayılları ayağa qalxsın. Ona görə onu aradan götürmək lazım idi. Elə neçə Əbdülləri sonradan aradan götürdük ki, müharibədə ayağımıza dolaşmasınlar. Arsengil məni köhnə məhlənin tinindəki bağa çağırdılar. Başa saldılar ki, bunu etməlisən. Etiraf edirəm ki, əvvəl bir az narahat oldum. Amma babamın gözləri gəldi durdu gözlərimin qabağında. Bütün dünyanın əslində bizim olduğunu deyəndə, ilk xristianların biz olduğunu deyəndə gözlərindən od yağan babamın, hansı ki, sən indi deyirsən ha, mən onu apara bilərdim, özüm aparmadım. Hə, fikirləşdim ki, illərlə içimdə böyüyən nifrətin partlayış anıdır bu. Bu təklifi qəbul etməliyəm. Babam bunu biləndə mənimlə fəxr edəcək, sevinəcək. Həm də mən bunu böyük Ermənistan üçün edirdim. Razılaşdım. Əbdül qaraja girən kimi, tez ardınca girib nöyütü qaraja boşaltdım. Başı maşına qarışdığına görə o məni görmədi. Nöyütü töküb qarajı bağladım. Çox istəyirdim ki, onun fəryadını eşidim. Beynimdə belə də qurmuşdum. Amma...  amma qaçdım ordan. Elə bildim bu dəqiqə qarajın qapısını açıb həmin zəhmli üzü ilə mənə baxacaq, yaxamdan yapışıb atacaq qarajın içinə, yandıracaq. Birbaşa evə gəldim. Babam yatmışdı. Səhər hamı hadisəni eşitdi. Bütün günü fikirləşdim ki, babama deyim yoxsa yox? Nəhayət demək qərarına gəldim.

 

Pauza. İşıq alaqaranlıq otağa düşür. Yaşlı bir erməni kişi kresloda oturub kitab oxuyur. Qırmızı qalın kitabdır. Üstündə Qüdsün tarixi  yazılıb. Birdən gözü Aşota sataşır.

XAÇATUR: - Gəl, Aşotcan, gəl...  Yadındadı? Bir dəfə bu kitabı götürüb

vərəqləmişdin. Bax, Aşot, Qarabağ da, hətta Baqavan da, yəni Bakı da bizim Qüdsümüzdür. Bir gün buraların hamısı bizim olacaq...

AŞOT:                  - Baba...

XAÇATUR:         -  Hə, Aşot? Nəsə olub?

 

    Xaçatur oxuduğu  səhifəni qatlayıb gözlərini Aşota  dikir.

 

AŞOT:                  - Baba, Əbdülü...

XAÇATUR: - Hə. Nə Əbdül?

AŞOT:                  - Əbdülü mən yandırmışam.

 

Kitab babanın əllərindən sürüşüb yerə düşür. Qakxıb Aşotla üzbəüz dayanır. Qəfildən Aşota şillə vurur. Sonra Aşotu qucaqlayır, gözlərində sevinc göz yaşları parlayır.

XAÇATUR:      - Səninlə fəxr edirəm. Mənim qəhrəman balam!

 

Dördüncü pərdə

 

Sərhəd zonası. İşıqlar alaqaranlıqda  tikanlı məftillərin o üz bu üzündə oturan iki zabitin üzərinə düşür.

 

  MAYOR:                      - Bax,  səndən soyumağımın ilk səbəbi bu oldu.

Dostluğumuzun körpüsü həmin gündən sonra çat verdi. Sən artıq özünü qəhrəman sayırdın və günün çoxunu Arsengillə keçirirdin. Halbuki sən qatil idin, qəhrəman yox! Sonra da yollarımız ayrıldı. Hə, gələk babanla Nərminənin məsələsinə. Sən istəsəydin o qocanı xilas edə bilərdin. Amma etmədin. Nifrətinə haqq qazandırmaq üçün etmədin. Çünki sən bu xalqın içində yaşamışdın. Bu xalqı yaxşı tanıyırdın. Bilirdin ki, onlar sizə, eləcə də bizə qarşı heç vaxt pis olmayıblar. Babanı da öldürməyəcəklərinə əmin idin. Amma sənə şəxsi motiv lazım idi. Bu hədəf uğrunda babanı “uf” demədən qurban verdin və ermənilər məqsədli şəkildə onu öldürdülər.  Ona görə də babanı aparmadın özünlə. Onu ölümün pəncəsində qoyub getdin. Bu sənə lazım idi. Bu sənin içindəki nifrətin alovuna tökdüyün benzin, atdığın odun olacaqdı. Bunu da etdin. Düz deyirəm, dostum?

 

Pauza. Aşot başını aşağı salıb oturub.

 

AŞOT:                           - Bəlkə də haqlısan. Amma bu da mənim müqəddəs

savaşım üçün verdiyim böyük qurban idi.

FEDYA:                        - Bax, bizim dostluğumuzu bu yalançı ideyalar məhv

etdi. O ki qaldı Nərminəyə…Sən onu heç vaxt sevməmisən. Buna adım kimi əminəm...

AŞOT:                           - (sözünü kəsir) Mən onu həmişə sevmişəm. Həm də çox

sevmişəm!

FEDYA:                        - Sevsən tək qoymazdın, özünlə aparardın. Sevmək

                                           sevdiyinə sahib çıxmaqdır.

AŞOT:                           - Apara bilmədim.

FEDYA:                        - Çünki sən onu sevmirdin. Xoşuna gəlirdi, vəssalam.

 Sadəcə sən onu Orxanın yanında təsəvvür etmirdin, onun başqasına qismət olmasını istəmirdin. Elə eqoist idin ki, istəmirdin o Orxanın olsun. Ona görə də dəridən-qabıqdan çıxırdın. Əslində Nərminənin də Orxandan xoşu gəlirdi. Bir məsələ indiyədək mənə qaranlıq qalıb  ki, Nərminə niyə sonralar sənə “hə” dedi? Bunu hələ də başa düşə bilməmişəm.

AŞOT:                           - Bunlar hamısı keçmişdə qalıb…

FEDYA:                        - Gözlərimin içinə bax. Düzünü de. Bunu necə

bacardın?

AŞOT:                           - Görünür, bu gecə etiraf gecəsidir. Dediklərində həqiqət

var, mən heç cür həzm edə bilmirdim ki, o Orxanın ola bilər. Nərminə yetim bir oğlana layiq deyildi. O, mənim olmalı idi, amma nə qədər edirdimsə mənə tərəf baxmırdı. Bir dəfə… (susur) Bir dəfə axşam gördüm onu. Soyuq qış gecəsi idi. Söhbət edə-edə binanın zirzəmisi tərəfdən keçəndə elə bil kimsə qulağıma pıçıldadı ki, onu sürü apar zirzəmiyə… Özü də bilirsən hansı zirzəmiyə? Divarına adımızı yazdığımız həmin zirzəmiyə. Onun qolundan tutub zirzəmiyə tərəf dartdım. Əvvəl nə baş verdiyini anlamırdı. Sonra isə qışqırmağa başladı. Əlimlə ağzını möhkəm tutdum ki, qışqıra bilməsin. O, mənə yalvarırdı, “eləmə, burax” deyirdi, amma mən ona qulaq asmırdım. Nə isə… Onu o axşam zorladım. Beləcə, o mənim oldu. Səsini də çıxarmadı sonra. Başa düşdü ki, ona pis gözlə baxa bilərlər, ya da qan çıxar. Axı türklər belə şeylərdə həssasdırlar.

FEDYA:                        - ( gözləri nifrətdən böyümüş halda) O qədər alçaqsan ki,

                                          daha sənə deməyə söz də tapmıram. Şərəfsiz!

AŞOT:                           - Hamısı böyük Ermənistan üçün idi, böyük Ermənistan

üçün!..

FEDYA:                        - Sən mənim fikirləşdiyimdən də namərdsən.

AŞOT:                           - Bəsdir, görək. Yoxsa, sən mələksən? Elə bilirsən,

mənim heç nədən xəbərim yox idi? Guya bilmirdim ki, sən də Nərminəni sevirsən?

 

Mayor tutulur. Çaşqın nəzərlərlə Aşotu süzür.

 

AŞOT:                           - Hə, Fedya, mənim köhnə dostum. Mən sənə deyəndə ki,

Nərminədən xoşum gəlir, deyirdin ki, Orxan onu sevir. Əslində Orxandan çox sən sevirdin onu. Ona görə də həmişə mənə paxıllıq etmisən.

FEDYA:                        - Hə, mən də onu sevmişəm. Amma heç vaxt sənə

paxıllıq etməmişəm. Mən, ən birinci Orxana görə geri çəkildim. Sonra da sən dedin ki, sevirəm onu. Mən onu ancaq xəyallarımda sevirdim. Onun ölümünü eşidəndə elə bildim ki, içimdə nəsə qırıldı. Sən isə onu heç vaxt sevməmisən. Əgər sevsəydin, üzünü yadından çıxarmazdın. Mənsə onun üzünü çox gözəl xatırlayıram. Qara saçlarını, ala gözlərini, gülüşünü…  Hətta yerişinə qədər. Çünki qəlbim sevgi ilə dolu idi. Amma sən içindəki nifrətlə qidalanırdın. O nifrət sənə imkan verərdimi kimisə adam kimi sevəsən?! Bu nifrətlə bu yaşa qədər necə gəlib çıxmısan?

AŞOT:                           - Həmin o nifrət məni bu günlərə gətirib çıxarıb. Mən

içimdəki nifrətə minnətdaram.

FEDYA:                        - Nə qədər bədbəxtsən Aşot. O nifrət əvvəl-axır səni   də, sənin bədbəxt, xəstə erməni xalqını da məhv edəcək.

 

Pauza. Mayor susub üzünü çevirir.

 

AŞOT:                           - Niyə ki... Bizim apardığımız savaş ədalət savaşıdır. Bu

müharibə mütləq başlamalıydı. Biz içdiyimiz anda sadiq qalmalıydıq...  Mən babamın  intiqamını almalı idim!

FEDYA:                        - (öz-özünə) Bəs etmədi?

AŞOT:                           - Nə bəs etmədi?

FEDYA:                        - Deyirəm babanın intiqamını almaq üçün illər boyu

tökdüyün qanlar bəs etmədi?

AŞOT:                           - Babamla işin olmasın, o, çoxdan haqq dünyasındadır...

Sən ki, onu yaxşı tanıyırdın. O, çox müdrik adam idi...

FEDYA:                        - Müdrik adamın nəvəsi sənin kimi olmamalıydı...

Müdrik adamın nəvəsi mərd, dürüst, sözünün ağası olmalı idi...

 

Ara-sıra atəş səsləri eşidilir. Sonra ətrafa yenidən sükut çökür.

AŞOT:                           - Hərbi məktəbi bitirəndə məzunlar üçün təşkil olunmuş

bal yadındadır?

FEDYA:                        - (fikirli ) Əlbəttə...

AŞOT:                           - Mən orada bir qızla tanış oldum. Gözəl idi... Baldan  

sonra gecə onunla şəhəri gəzməyə çıxdıq. Evinə ötürəndə onu yaşadıqları evin bağında zorladım. Mənə elə yalvarırdı ki... Deyirdi toyumuz olsun. Mən isə güclə...Hələ şillə də vurdum ona... Dörd saat sonra isə təyinatım verilən yerə uçurdum... Etdiyimdən qürrələnir, mənimlə birlikdə gedən uşaqlara danışıb fəxr edirdim... Hamı da mənə həsədlə baxırdı. Amma bu qədər vaxt keçməsinə baxmayaraq o qızın mənə göz yaşı tökərək yalvarmasını unuda bilmirəm... Ləçər elə bil onda qarşığları ilə lənətləyib məni.  Neçə dəfə evləndim, amma ailə həyatım alınmadı. Axırda bezdim... hər şeyə tüpürüb öz xahişimlə 366-cı motodiviziyaya təyin olundum. Bir-iki əməliyyatdan sonra hər şeyə öyrəşdim. Yeni həyatıma başladım. Bakıda çoxdan olmusan?

FEDYA:                        - Ara-sıra gedirəm...

AŞOT:                           - Uşaqlıqda keçdiyim küçələri bircə dəfə yenidən

keçməyi elə arzulayıram ki... Yadındadır, dərsdən qaçıb Malakan bağına gedirdik dondurma yeməyə... Nərminə də bizimlə gedirdi. Orxan həmişə çalışırdı ki, onunla üzbəüz dayansın, Nərminə onu görsün. Mən də onu sıxışdırıb özüm keçirdim qabağa ki, Nərminə ilə üzbəüz dayanım. (gülür) Yadındadı, balaca mismarları vurmuşduq fizika müəlliminin stuluna. Nyuton müəllim nə günə düşdü... Yazıq boğula-boğula qaldı, heç səsini də çıxara bilmədi... Bir dəfə də sən, mən, Orxan...

FEDYA:                        - (qəfil qışqırdı) Orxan çoxdan yoxdu... Hələ Birinci

 Qarabağ müharibəsində həlak olub... Daşaltıda döyüş vaxtı yaralanıb, düşüb mühasirəyə, əsir düşməmək üçün qumbaranı sıxıb... Özü də həlak olub, bir dəstə düşməni də məhv edib.

AŞOT:                           - Mən də Daşaltıda döyüşmüşəm... Necə olub ki, onunla

rastlaşmamışam?! Görəsən rastlaşsaydıq tanıyardım onu?

FEDYA:                        - Guya tanısaydın nə olacaqdı? Əminəm ki, elə birinci

gülləni özün atardın ona. O cılız dediyin Orxan sonralar pəhləvana dönmüşdü... Deyirlər, hadisəni biləndən sonra nənəsinin başına hava gəldi. Yazıq elə hey deyirmiş ki, balamın meyidini verin mənə qucaqlayım... Meyit hardaydı, yazıq parça-parça olmuşdu...

AŞOT:                           - Axı biz niyə belə olduq?!

FEDYA:                        - Biz yox, sən!

AŞOT:                           - (ciblərini qurdalayır, siqaret tapa bilmir) Siqaretin var?

 

Mayor tikanlı məftilin arasından ona siqaret uzadır. Polkovnik yandırmır, əlində fırladır. Hərəsi öz aləmindədir. İkisi də sanki öz-özünə danışır.

 

AŞOT:                            - O vaxtlar Loc-Ancelesdə tez-tez olurdum.

                                         Məni azadlıq hərbçisi kimi müxtəlif cəmiyyətlərin

                                         təşkil etdiyi tədbirlərə aparırdılar, çıxış edirdim...

                                         Onları inandırırdım ki, apardığımız müharibə bizim

                                         haqq işimizdir. Bu işdə bizə maddi dəstək lazımdır.

                                          Yeni tanışlar, dostlar...

FEDYA:                        - (heç ona qulaq asmırmış kimi) Deyirlər söz uçub

                                          gedir, yazılan qalır. Bizim dostluğumuz

                                          yaşadığımız evin zirzəmisində divara bıçaqla

                                          qazıdığımız “ömürlük dostlar Aşot – Fedya”

                                         yazısı sökülüb yerlə-yeksan oldu. Heç bir nişanəsi

                                         də qalmadı...

 

Ara-sıra atəş səsləri eşidilir. Mayor da, polkovnik də boylanırlar və özlərindən asılı olmayaraq silaha əl atırlar. Sakitlik. Bir-birilərinə baxırlar.

 

AŞOT:                           - Bu dəqiqə harada olmaq istəyərdin?

FEDYA:                        - Bakıda. Övladlarım da bilirlər ki, mən onları çox

istəyirəm. Yazıqlar neçə vaxtdır ki, üzümə həsrətdirlər. Eybi yox, bir təsəllim var ki, bütün bunlar Vətənin müdafiəsi üçündür.

AŞOT:                           - Bakıda evin var?

FEDYA:                        - Evim var, ancaq çox vaxtlar kazarmada yaşayıram.

                                          Hərbçinin bir yaşayış yeri var, ya kazarma, ya da  

                                         səngər...

AŞOT:                           - Amma mən istəyərdim ki, indi Nyu-Yorkda olum...        Orada çox olmuşam Floridada, Texasda. (Pauza.) Los-Ancelesdə, Parisdə... Vətənin azadlığı uğrunda mübarizə aparan qəhrəman kimi... Amma ən çox xoşuma gələn Nyu-Yorkdur. Çünki orda daim nəsə baş verir. Elə bir kinofilmdir. Orada özünü daha rahat hiss edirsən, nəinki öz evində. Onlar başqa bir ritmdə yaşayırlar. Orada hər şey bir anlıqdır- yaşayış da, ölüm də. Baş verən ölüm hadisələri bir an içində, sanki olmamış kimi qəbul olunur. Orada kiminləsə tanış olmaq da asandır, ayrılmaq da. Orada insana daha çox inanırlar elə bil...

FEDYA:                        - Sən də bu inamdan istifadə edirsən?!

AŞOT:                           - İnam ona görə yaranıb ki, ondan bacardığın qədər

qoparasan, istifadə edəsən. İnam insanı yaşadır. Mənim bir oğlum Los-Ancelesdə yaşayır... İri bir kompyuter şirkətinin maliyyə departamentində müavindir. O, məndən çox sonra gedib ora. Düzdür, məni saymasa da adımdan istifadə elədi. Erməni diasporu da köməklik göstərdi. Bu, həmin şirkətə xeyirdir.

FEDYA:                        - Onlar da sizə köməklik göstərirlər ki, vətən uğrunda

“mübarizə” edəsiniz?

AŞOT:                           - Sən doğrudan elə bil heç böyüməmisən. Aparılan hər bir

savaşın motivasiyası nə olur-olsun, altında sərfəli bir biznes layihəsi hökm sürür. Və bu layihədə kimlərsə udur, kimlərsə uduzur.

FEDYA:                        - Bəs bu layihədə qurban gedən adamlar?

AŞOT:                           - Adamlar özləri bu oyuna girirlər. Bəziləri deyilən

                                          sözlərə inanırlar, bəziləri qazanc naminə...

FEDYA:                        - Sənin kimi...

AŞOT:                           - Mən peşəkar hərbçiyəm. Hara göndərirlərsə, orada

xidmət etmək borcumdur.

FEDYA:                        - Eşitmişdim, o vaxtlar bir neçə dəfə sənin rütbəni aşağı

                                           salıblar, vəzifədən azad ediblər...

AŞOT:                           - Xidmətdə hər şey ola bilər. Əsas odur ki, ləyaqətini

qoruyasan.

FEDYA:                        - (ironiya ilə) Sən və ləyaqət?! Qoruya bildinmi barı?

AŞOT:                           - Əlbəttə. Əgər elə olmasaydı mən bu gün polkovnik

olmazdım ki. General olmağıma az qalıb...

FEDYA:                        - Öldürdüyün adamlar heç yatanda yuxuna girir?

AŞOT:                           - Sən məni adam hesab etmirsən məgər? Zamanında çox

kömək etmişəm azərbaycanlılara. Dili bildiyim üçün məndən də istifadə ediblər. Meyitləri dəyişdirmişik, kimləri isə Bakıdakı əsirlərlə əvəz eləmişik. Hətta bir dəfə birini gətirib dedilər ki, özü azərbaycanlı olsa da arvadı ermənidir, erməni məktəbini oxuyub. Əclaf tanıdıqlarının hamısını satırdı - kim nə ilə məşğul olub, kimin qaçmaq fikri var əsirlikdən... Beləcə altı ay ömür sürdü əsirlikdə, bir qarın yavan çörəyə satırdı milləti... Hətta təklif etdi ki, onu əsirlərin yanına salaq məlumat toplamaq üçün. Uşaqlar hərdənbir belə də edirdilər. Hərdən lazımlı məlumatlar ötürürdü bizə... Sonra məlum oldu ki, verdiyi məlumatların çoxu yalan imiş. Mən də onu azərbaycanlıların gözünün qabağında kamerada gəbərtdim... Sonra da dəyərli casusu öldürdüklərinə görə hökm çıxarıb onunla bir kamerada yatan on əsiri də güllələdik... İndi səncə, bu əclaflar yuxuma girib məni narahat etməlidir?!

 

Pauza. Yenə atəş səsləri eşidilir. Əvvəl polkovnik tərəfdən atırlar, sonra mayor tərəfdən. Hər ikisi yenə özlərindən asılı olmayaraq əllərini silaha atırlar. Baxışırlar. Sonra sakitlik çökür.

AŞOT:                           - Qorxma, uşaqlar darıxdıqlarından belə edirlər...

FEDYA:                        - Mən qorxaq deyiləm, bunu hamıdan yaxşı sən

                                           bilirsən. Atəşkəs rejimidir guya, sizinkilər dayanmır

                                            yenə, həmişəki kimi təxribatla məşğulsunuz.

AŞOT:                           - Hər kəs çörəyi bir cür qazanır. Sizinkilər çox şeyə

inanırlar. Müharibədə bu inam keçmir, əziz dost. Müharibəninki qarşıdakı düşməni öldürməkdən, əsir almaqdan, işgəncə verməkdən ibarətdir, vəssalam!..

 

Pauza. Yenə tək-tək atəş səsləri. Onlar bu dəfə silaha toxunmurlar. Sükut.

 

FEDYA:                        - Yaşlı bir kişi Xocalı haqqında danışırdı ki, rayon

yüksəklikdə yerləşən dörd erməni kəndindən daim atəşə tutulurdu. 366-cı alay da xeyli vaxt imiş ki, şəhərə yaxın ərazidə yerləşibmiş. Əsgərlər gəlib Xocalıda camaatdan çörək, qənd, çay istəyirlərmiş. Deyir biz bilmirdik ki, alayın komandiri erməni imiş. Bəlkə o komandir sən olmusan?!

AŞOT:                           - Yox, mən onda komandir deyildim. Həmin gecədən

bir neçə gün qabaq Moskvada idim, ezamiyyətə yollamışdılar məni. Olanları sonradan eşitdim televizordan...

FEDYA:                        - Kişi söyləyirdi ki, onlar bilmirdiər həmin bu alayın,

hətta aralarında özbək, qırğız, qazax olan əsgərləri bir gün bizə bütün dünyaya qorxulu nağıllar danışacağımız günü yaşadacaqlar...

AŞOT:                           - (rişxəndlə) Hə, gələndən sonra uşaqlar danışırdılar mənə 

                                         bütün olanları.

FEDYA:                        - Kişi danışırdı ki, o gün göydən qar əvəzinə quş lələyi

yağırdı sanki. Sakitlik idi. Amma birdən göydən yağan ağ ləkələrə elə bil od düşdü, alov parçaları yağmağa başladı. Adamlar ümidi, inamı çətir edib evlərindən çıxdılar. Qaçhaqaç düşəndə bir cavan qadın... üç uşaq... Bilmir uşaqları qucağına götürsün, bilmir belinə bağlasın. Böyüyü on, ortancıl altı, kiçiyi də beş yaşında... Üz qoymuşdular qaçmağa. Hamı yolu azmışdı. Hərə bir tərəfə çəkirdi. O qədər getmişdilər ki, heç kimin qolunda güc, dizlərində taqət qalmamışdı ki, yanında yıxılıb qalanın qolundan yapışsın... Beləcə beş gün meşədə gecə-gündüz yol gediblər. Deyir körpə ağlaşması meşəni başına götürmüşdü. Fikirləşəndə

 adamın ağlı oynayır. Bu, elə - belə faciə deyildi. Bu bəşəri bir faciə idi...

AŞOT:                           - ( heç onun dediklərinə əhəmiyyət vermədən)  Mən nələr

                                           düşünürdüm uşaqlıqda... Əsl hərbçi olmaq,

vətəni qorumaq, xoşbəxt ailə, sevimli qadın, mehriban uşaqlar... (Pauza) Bu yaşıma çatmışam, keçmişim qorxulu nağıllara bənzəyir, qan qoxulu ölüm kabusunu xatırladır. Gələcəyimsə qaranlıq, tutqun...

Xoşbəxt, sakit həyatı arzulasam da, heç vaxt xoşbəxt ola bilmədim. Bilmirəm niyə belə oldu?! Axı mənim valideynlərim normal adamlar idilər. Sən bilirsən də,  uşaqlıqdan bəri hər şeyim olub. Kimsəyə qibtə eləməmişəm, yenə də kiməsə  isə həsəd aparmıram...  Bütün buna baxmayaraq, sanki xəyalımda hər şey dağılır və bu dağılma prosesi o qədər uzanır ki, mən vəhşiyə dönürəm, nə etdiyimi anlaya bilmirəm... Elə bil beynimin içini daim şeytan qurdalayır. (Pauza.) Deyəsən, yağış yağır, üstümə damcılar düşdü elə bil?  Yağır?

FEDYA:                        - Hə... çiləyir... (Pauza.) Hadisələr başlayanda, sizinkilər  

adamları öldürürdülər, zorlayırdılar. Danışırdılar ki, illərlə dost dedikləri, çörək kəsdikləri, kirvə dediklərinin uşaqlarını, arvadlarını, analarını öldürüb yandırdılar. Hətta konkret siyahıları da olub... Halbuki bütün həyatları bir yerdə keçmişdi bu adamlarla. Bu hadisələr baş verəndə mən xəstəxanada yatırdım. Elə dəhşətli şeylər danışırdılar ki... Mən isə heç nə edə bilmirdim... Əsgər olsam da, onları qoruyacağıma and içsəm də, bu adamlara kömək edə bilmirdim. Onlar danışırdılar, mənim isə gücüm ancaq ağlamağa çatırdı... Axı niyə törətdiniz bu vəhşiliyi?!Mən də kimə nə deyirəm, kimdən nə soruşuram?! İllərlə eyni məhəllədə yaşadığı, guya sevdiyi qızı zorlayan, salam-kəlam kəsdiyi gənci diri-diri yandıran caniyə verdiyim suala bax?!

 

 

Pauza... Fedyanın əlləri əsir...Titrək əlləri ilə göz yaşını silib sözünə davam edir.

 

 

FEDYA:                           -Yadımdadır, akademiyada oxuyanda qədim

                                          dünya tarixindən mühazirəni bizə Xristofor

                                          Nikanoroviç oxuyurdu. Qəribə də yerişi var idi.

                                           Pinqvin kimi yeriyirdi. Amma pinqvindən fərqli

                                           olaraq ucaboy idi. Danışanda da tələsmirdi.

                                           İstəyirdi dediklərini bizim,  müxtəlif millətlərdən

                                           olan gələcək zabitlərin beyninə  həkk

                                            etsin. Yadındadırsa, həmişə deyirdi ki, əsgərin

                                            əsas borcu Vətəni qorumaqdır. Bax o,

                                            sizlərdən danışanda bir dəfə dedi ki,

                                            əgər qədim yazılı mənbə Bibliya sayılırsa,

                                            orada ermənilərdən heç nə yazılmayıb.

                                             Ermənilərin özlərinə qədim xalq deməsi

                                             uydurmadır. Yalandır.

 

Pauza. Fedya siqaret yandırır, ovcu ilə gizlədib  dərin bir qullab vurur. Aşota gözucu nəzər salıb yenidən davam edir.

FEDYA :                          - Türklərlə ermənilər arasındakı ziddiyyətlərin

                                 yaranmasının  əsas səbəblərindən biri də türk

                                 xalqlarının humanizminə, vətənpərvərliyinə qarşı

                                 erməni millətçilərinin amansız qəddarlığıdır.        

  90-cı illərdə eşitdim ki, bizim müəllimi                                                   yaşadığı evin yanında qətlə yetiriblər.  (Pauza. Polkovnikə baxır) Qulaq as, sənə balaca bir nağıl söyləyim... (Siqaretdən bir qullab alır).

Biri olur, biri olmur, küçəyə atılıb qalmış bir fitil olur. İnsanlar keçib gedirlər, onu tapdalayırlar, ayaqları ilə irəli-geri vururlar, onu yağış isladır, gün döyəcləyir, o daim ağır anlar keçirir. Bir gün ordan keçən bir insan fitili yerdən götürür, aparır evdə yuyub-təmizləyir, nöyütləyib lampasına keçirir, lampanı yandırır ki, mənzili işıqlandırsın. Küçə məşəqqətlərindən qurtulub isti, rahat evdə öz sevimli işinə qovuşmaqla fitil xeyli xoşbəxt olur. Amma bunula belə, fitil alovu artmağa qoymur, işığı gizlədib öz dibinə vurur, deyir, qoy işıq başqalarına qismət olmasın, niyə mənim yaratdığım alovdan başqaları xeyir götürsün ki. Ev sahibi fitilin yaxşı alovlanmadığını, yaxşı işıq vermədiyini görüb onu yararsız hesab edir və çıxarıb yenidən küçəyə tullayır. Eqoist fitilin aqibəti yenə yağışda islanmaq, günəşdə yanmaq, ayaq altında tapdanmaq olur. Əsrlərdir ki, erməni millətçiləri həmin bu fitil kimi ömür yaşayıb bu mərama xidmət edirlər. Bu məram da onlara sonda elə o eqoist fitilin aqibətini qismət edəcək.

AŞOT:                           - Babam deyirdi ki...

FEDYA:                        - (qışqırır) Lənətə gəlsin baban!

         

         

Göy guruldayır. Narın yağış yağmağa başlayır.

 

AŞOT:                           - Nyu-Yorkda yaşamaq, orada ölmək istəyirəm...

FEDYA:                        - Harada ölmək, yaşamaq istəyirsənsə, cəhənnəm ol, get

ora... Bircə əl çək bu vəhşiliklərdən!

AŞOT:                           - Bir azdan növbəmiz bitəcək... Dost, bəlkə keçəsən bizim

tərəfə? Russan, bilirsən ki, sənə burada münasibət də yaxşı olacaq.

         

Mayor diqqətlə, sınayıcı nəzərlərlə ona baxır.

 

-Düz sözümdür. Sənin kimi zabitlər bizim gələcək işlərimiz üçün çox vacibdir. Söz verirəm, tez bir vaxtda polkovnik də  olarsan. Lap istəyirsən Moskvada evin də olar. Arvad-uşağın da gələr yanına...Şah kimi yaşayarsan...

FEDYA:                        - Vətən satılmır!

AŞOT:                           - Axı...

FEDYA:                        - Dedim ki, Vətən satılmır!

AŞOT:                           - (saata baxır) Az qalıb... Bir azdan uşaqlar postu təhvil

verməlidirlər. Bu gecə də belə keçdi. Ağır gecəydi.  (Pauza.) Səndən bir xahişim var: əgər nə vaxtsa bizim sinfin uşaqları ilə rastlaşsan, məni gördüyünü demə...

FEDYA:                        - Sinifdən cəmi beşi sağ-salamatdır... Onlar da səni

çoxdan unudublar.

AŞOT:                           - Unudublar?!

FEDYA:                        - Özün özünü xatırlayırsansa böyük işdir..

AŞOT:                           - İstəyirəm biləsən, mən həmişə belə olmuşam. Lazım

olanda mərhəmətli və xeyirxah, lazım olanda ikiüzlü və riyakar, lazım olanda əclaf və qəddar... Heç vaxt da dəyişməyəcəyəm.

FEDYA:                        -Bunu deməsən də bilirəm... Əqrəb ölər,

                                          ancaq sancmağından, zəhərləməyindən qalmaz.

                                          Yaxşılığa doğru dəyişmək sənin xislətinə yaddır!..

 

Fedya Aşotdan ayrılıb tikanlı məftildən uzaqlaşır. Göy guruldayır, uzaq üfüqlərdə güclü ildırım göyün bağrını dəlir. Mayor alaqaranlıqda görünməz olur. Polkovnik tapançasını çıxarıb onun getdiyi tərəfi nişan alaraq atəş açır. Atəş səsi göy gurultusunda eşidilməz olur...

 

Tədricən işıqlar sönür. Pərdə enir.

 

SON