SON SƏFƏR 

Seyid Əli Şahxəndana sarı dönüb dedi:

- Hə, balası, hazırlaş, şah bizi axşama qonaq çağırır.

Şahxəndanın rəngi yüngülcə qızardı və bunu sezən Seyid Əli gülümsündü:

- Balası, qorxma, şah arxamızdadır və bizi himayə edir. Sən birdəfəlik bil ki, kafir, ya da dinsiz deyiləm. Əksinə, dindaram, mömünəm, qəzəllərimdə də dini, Allahın qüdrətini tərənnüm edirəm. Odur ki, sən, mən oldum-olmadım, heç kimdən qorxma.

Onlar qəbiristanlıqdan çıxıb, giriş qapısının (giriş qapısı həm də çıxış qapısı idi, yəni, qəbiristanlığın bir qapısı vardı) ağzında dayandılar. Adamlar, ikibir, üçbir gəlib yanlarından keçirdilər. Aralarında tanışlar da vardı - bəziləri salam verir, bəziləri isə etinasız keçirdi...

Şahxəndan dedi:

- Dadaş, mən sənə görə qorxuram, özümə görə yox... Əslində mənimlə heç işi olan da yoxdur. Məhəllə uşaqlarıdı, hərdən sataşırlar, onları da dayı oğlunun adı ilə qorxudub qaçırdıram. Mənim bütün narahatlığım sənə görədir. Çünki məni yox - mən kiməm ki - səni kafir hesab edirlər. Mən bilirəm sən kafir deyilsən, camaat isə bilmir. Nə vaxtsa, kimsə orda-burda ağzından qaçırıb ki, sən kafirsən, odur-budur düşmüsən ağızlara. Qəzəllərin, qəsidələrin də o qədər qəliz, fikirlərin o qədər qarmaqarışıqdı ki, avam camaat oxuyub heç nə başa düşmür. Başa düşməyəndə də deyir ki, bu elə kafirdi ki, kafir!

Onlar astadan söhbət eləyə-eləyə evlərinin yolunu tutmuşdular. Şairlər şairi gülümsəyib dedi:

- Balası, sən lap böyük adamlar kimi danışırsan.

Şahxəndan güldü.

- Məni sənin yazdıqların, bir də dönə-dönə üzünü köcürtdüyüm Qurani-Kərim belə vaxtımdan əvvəl böyütdü.

Seyid Əli söhbətin uzandıqca uzanacağını hiss edib dedi:

- Gedək bazara, baxaq bir nə var-nə yox. Yəqin Gülnaz xala artıq gəlib, günortaya bir şey bişirər, yeyərik. Axşamdaki, sarayda qonaqlıq, görək şahın aşpazları nə hazırlayıblar...

Şahxəndan dedi:

- Dadaş, doğrudan məni də aparacaqsan ziyafətə?

- Əlbəttə, axı, sən elə-belə adi adam deyilsən, mirzəsən, mirzə! Mirzə Şahxəndan!

Hər ikisi ucadan qəhqəhə çəkib güldü.

- Onlar pitixanaların, dəmirçixanaların, dərzi, papaqçı, misgər, dulusçu dükanlarının önündən keçirdilər. Seyid Əli qabağına çıxanların hamısına salam verirdi - alan da olurdu, almayan da. Papaqçı dükanlardan birinin qabağında birdən-birə uzunboğaz, xırdabaş bir kişi çölə çıxdı və şairlər şairini qucaqladı. Bu, çoxdanışan usta Sucəddin idi:

- Xoş gəlmisən, xoş gəlmisən, - dedi. - Eşitdim ki, Misirə getmisən, sən Allah, de görüm Səlahəddin şah səlibçiləri müqəddəs yerlərdən tamam qovub çıxara bildi, ya yox?

Seyid Əli başını bulayıb güldü.

- Ay usta, bu ki, çoxdanın söhbətidir. Bir də, belə şeylər nəyinə lazımdı? Sən de görüm, mənim bu qardaşım üçün neçə günə yaxşı, əmiri bir papaq tikə bilərsən?

Usta Sucəddin Şahxəndana baxdı, sonra onun əlindən tutub, arxasınca dükana sarı dartdı.

Seyid Əli soruşdu:

- Uşağı hara aparırsan?

- Başının ölçüsünü götürüm də...

Usta Şahxəndanı kətilin üstündə oturtdu, iplə başının ölçüsünü götürdü, sonra üç barmağını yuxarı qaldırdı - yəni, bu gün yox, sabah da yox, o biri gün papaq hazır olacaq, gəlib apara bilərsən.

Şahxəndan qardaşının yanına qayıtdı. Birlikdə bazara girdilər. Seyid Əli yağ, bal, qaymaq, halva, düyü, zəfəran, sarıkok, darçın alıb, zənbilə yığdı. Şahxəndan dedi:

- Bu qədər şeyi neyləyəcəksən? Səhər də almısan.

- Eybi yoxdu, gəlib-gedən olar... Qoy süfrəmiz boş görünməsin...

Şahxəndan kənardan göz qoyurdu ki, kim qardaşına necə baxır. Birdən onun nəzərlərini çiynində ox və sadaxlı, iri gözlərinin bəbəkləri həddindən artıq böyük olan və dəli kimi ora-bura baxan birisi cəlb etdi. Fikirləşdi ki, maraqlıdır, bu, qardaşına niyə belə baxır, qeyri-ixtiyari onu izləməyə başladı. Nə qədər ki, camaatın arasında idilər, qorxmağa ehtiyac yox idi, amma təklənsəydilər...

Seyid Əli baş verənlərdən xəbərsiz halda satıcılarla söhbət edir, deyib-gülür, zarafatlaşırdı...

Bazar səs-küylü idi. Qəsidə oxuyan dərvişlərin səsi bütün səsləri batırırdı. Onlar uzun piştaxtaların arası ilə gəzir, pullu və məşhur adam görəndə, qabağını kəsir və oxuya-oxuya pul tələb edirdilər...

Seyid Əli ağzına qədər dolu olan zənbilə baxıb dedi:

- Görəsən, bir şey yaddan çıxmayıb ki?

Şahxəndan güldü.

- Əlbəttə, çıxıb. Qulağını bəri tut deyim. Oxlu-kamanlı bir adam səni izləyir, şübhəsiz, pis niyyəti var, bura adamına oxşamır, yəqin, kimsə göndərib, ehtiyatlı ol. - Sonra əlavə etdi: - Dadaş, gör nə deyirəm: sən ipək dükanının ön qapısından girib, arxa qapısından çıxarsan və gedərsən evimizə, mən də gələcəyəm, qoy hərif səni nə qədər gözləyir, gözləsin...

Seyid Əli Hacı Muxtarın böyük ipək dükanının arxa - xəlvəti qapısından çıxarkən, qeyri-ixtiyari düşündü: deməli, məsələ çox ciddidir. Məni artıq təqib edirlər. Burada olmadığım iki-üç ildə mollalar camaatı qızışdırıb yoldan çıxarıblar. Axşam qonaqlıqda məsələni gərək İbrahim şaha deyəm, başqa çarə yoxdur. Yaxşı ki, bu vaxta qədər Şahxəndana dəyib-dolaşmayıblar. Belə də avam camaat olar?

Seyid Əli dodağının altında vərə-vurd eləyə-eləyə, axır ki, gəlib evlərinə çatdı. Şahxəndan artıq onu qapının ağzında gözləyirdi. Birlikdə həyətə girdilər. Gülnaz xala ev-eşiyi silib-süpürmüş, səliqə-səhmana salmışdı. Yemək də qazanda buğlanırdı.

Seyid Əli Şahxəndana dedi:

- Görən bu köpəkoğlu kim idi?

- Bilmirəm. Mən yolüstü hakimə xəbər verdim. Axtarıb, kim olduğunu müəyyən edəcəklər. Bəlkə də şübhələndiyimizi bilib, aradan çıxıb. Dadaş, deyəsən, qorxdun ha... Düz eləyirsən, üzünə su vurursan.

Hər ikisi güldü.

Şir biləkli, gənc və sağlam Seyid Əli təmiz, ağappaq məhrəba ilə əl-üzünü qurulayandan sonra dedi:

- Qardaşın bu uzun illərdə tozlu yollarda o qədər caniyə rast gəlib, o qədər ölümün gözünün içinə baxıb ki, indi bir sərsəri nədir ki, ondan qorxsun. Sadəcə, Şamaxıda, qohum-əqrəba, dost-tanış qabağında ölmək rüsvayçılıqdır. Bir də səndən ötrü qorxuram.

Əlli-əlli beş yaşlarında olan Gülnaz xala onu qucaqlayıb, üz-gözündən öpdü.

- Mənim pəhləvan balam xoş gəlib! Mənim sultan balam xoş gəlib!

Şahxəndan onun sözünü kəsdi:

- Xala, pəhləvanı başa düşdüm, bəs sultan nə deməkdir?

Gülnaz xala əllərini belinə vurub dedi:

- Bəs necə?! Mənim balam şeirin sultanıdır! Bütün Şirvanda ondan ad-sanlı, şöhrətli şair yoxdur! Elə bilirsən xalan savadsız arvaddır, heç nə qanmır? Sən şeirlərin üzünü köçürəndə, bərkdən oxuyursan, elə bilirsən eşitmirəm? Hələ ordan-burdan yadımda da qalır:

 

Ta üzün gördüm, nigara, qəmdən azad olmuşam,

Qulluğunda, padişahım, hüsnünə şad olmuşam.

 

Amma mənasını başa düşmədiyim sözlər də olur. Məsələn: "Ta camalın müzhəfindən oxuram səbüsməsan...” Səbüsməsan nədir, oğlum? Təmiz türkcə yazsana?

Seyid Əli güldü. Şahxəndan başını buladı:

- Nəyə gülürsən? Gülnaz xala düz deyir də.

Seyid Əli əlinin arxası ilə gözünün yaşını sildi:

- Elə düz dediyinə görə gülürəm də.

Gülnaz xala daha söhbəti uzatmayıb dedi:

- Yaxşı, gedim görüm xörək nə oldu. Yəqin acmısınız.

vvv

Seyid Əli nahardan sonra eyvanda - taxta çarpayıda uzanıb xəyallara daldı. Fikirləşdi ki, bugünkü hadisəyə necə əncam çəksin. O, həmişəlik gözəl vətəninə - Şirvana qayıdıb evlənəcəyinə və ömrünün qalanını dost-aşna arasında keçirəcəyinə, yazıb-yaradacağına qərar vermişdi. Fəqət şirvanlıların, lap elə bakılıların da onun əleyhinə olduqlarını - düşməninə çevrildiklərini görüb sarsılmışdı. Sadəcə, qardaşı qorxmasın deyə özünü saymazlığa vurmuşdu - guya ki, onlar fikir verməli şey deyilmiş. Əslində isə, məsələ çətin və qəliz idi. Zarafat deyil, birdən-birə sənə "kafir” damğası vururlar, deməli, burada, qala bilməzsən. Qara çamaatın fikrini dəyişmək isə elə də asan deyil. Ən azı, müfti və ya qazı fitva verib, günahsız olduğunu xalqın çox yığıldığı yerlərdə bəyan etməli - car çəkməlidir. Amma məsələ bununla da bitmir. Kim zəmanət verə bilər ki, yol gedərkən hansı bir dəli qəfildən ona hücum etməyəcək?

Yay günü uzun olur. Şahxəndan öz işi ilə məşğul idi - divan üzü köçürürdü. Gülnaz xala aşağıda qab-qacaq yuyurdu. Qaçalan başını qollarının üstünə qoyub mürgüləyirdi.

Seyid Əli gün əyiləndə yuxudan ayıldı. Həyətə düşüb yuyundu və Şahxəndana dedi:

- Yatıb qalmışam. Hazırlaş, gedək.

Onlar əyri-üyrü küçələrdən, müxtəlif peşə sahiblərinin adları ilə çağrılan məhəllələrdən keçib, nəhayət, Şirvanşahlar sarayının qırmızı kərpicdən hörülmüş hündür və əzəmətli hasarına yaxınlaşdılar. Hər tində quraşdırılmış gözətçi qülləsində iki sərbaz keşik çəkirdi. Seyid Əli Şahxəndanın əlindən tutub, sarayın darvazasına sarı gedirdi. Bunu görən bir gənc sərbaz çığırırdı:

- Ey, dayan! Hara belə?

Seyid Əli barmağı ilə göstərib dedi:

- Saraya!

- Gənc sərbaz əlini qılıncına atıb, onların qabağını kəsmək istəyirdi ki, darvaza gözətçisi - sərbazbaşı Lətifi ona acıqlandı:

- Burax gəlsinlər! Deyəsən, sən şairlər şairi Seyid Əli İmadəddin Nəsimini tanımadın!

Gənc sərbaz bunu eşidən kimi geri çəkildi. Seyid Əli ilə Şahxəndan içəri keçdilər. Həyət müxtəlif geyimli adamlarla dolu idi. Onlar astadan danışır, bir-birlərinə göstəriş verir, nəsə aparıb-gətirirdilər. Pilləkənlərin altında dayanmış Saray əyanı Əbdülsaleh Dərbəndi şairi görən kimi qabağına yeridi:

- Ey böyük insan, haralardasan? Nə vaxt soruşuruq, deyirlər Qahirədəsən, nə bilim, Şamdasan, Hələbdəsən, Bağdaddasan. Bəs Şirvanda nə vaxt olacaqsan? Vallah, gözlərimə inanmıram. Adın əlahəzrətin dilindən düşmür, amma özün yoxsan, bütün pərvanələr işığa gəlir. Bizim pərvanə işıqdan qaçır.

Seyid Əli nəsə demək istəyərkən, Əbdülsaleh Dərbəndi onu danışmağa qoymayıb dedi:

- Xülasə, xoş gəlmisən, buyur yuxarı, məclis əhli, şəxsən əlahəzrət özü səni gözləyir.

Seyid Əli və Şahxəndan ayaqqabılarını çıxarıb, içəri keçdilər. Məclis ahəstə idi. Lap yuxarıda ləl-cəvahiratla bəzədilmiş şiş papağı şamların işığında bərq vuran orta boylu, enli bədənli bir adam əyilib yanındakı mavi paltarlı bir şəxsin dediklərinə qulaq asırdı. O, qapının ağzında dayanmış Seyid Əli İmadəddin Nəsimini görüb, əli ilə yanındakına susmağı işarə etdi və dedi:

- Seyid Əli, bura buyur!

Bütün məclisdəkilər bayaqdan bəri heç kimin əhəmiyyət vermədiyi Seyid Əli ilə Şahxəndana baxdılar.

Şahxəndan əlini qardaşının əlindən çəkib, yerində qalmaq istədi. Bunu hiss edən İbrahim şah dedi:

- Qardaşını da özünlə gətir! Belə gözəl xətti olan gənc gərək yuxarı başda əyləşsin.

Tər basmış Şahxəndan qardaşının əlini buraxmadan ayaqları bir-birinə dolaşa-dolaşa qalın kilimin üstü ilə yeridi. Şairlər şairi onun bu həyəcanını hiss edib, əlini yüngülcə sıxdı və astadan pıçıldadı:

- Sakitləş, şah bizim dostumuzdur.

Onlar yuxarı başa çatanda, İbrahim şah ayağa qalxdı, bunu görən bütün məclis əhli müntəzir oldu. İbrahim şah əvvəlcə Seyid Əli İmadəddin Nəsimi, sonra da Şahxəndanla görüşüb, hər ikisini yüngülcə qucaqladı və üzünü şairlər şairinə tutub dedi:

- Əzizim, sən vətənə qarşı nədən bu qədər etinasızsan? İlin on bir ayını yad ellərdə olanda, heç olmasa, bir ayını da Şirvanda ol.

Seyid Əli şahın ondan cavab gözlədiyini görüb dedi:

- Əlahəzrət izin versə, burada az olmağımın səbəbini deyərəm.

İbrahim Şah əvvəlcə üzünü məclis əhlinə tutub:

- Əyləşin, - dedi. Sonra Seyid Əli ilə Şahxəndana yanında yer göstərərək, özü də əyləşdi:

- Əvvəla, de görüm neçə gündür gəlmisən, niyə bizə bir baş çəkmirsən? Özünü də heç cür tapmaq olmur.

Seyid Əli yüngülcə gülümsündü:

- Əlahəzrət, əgər bəndəniz dünən qürub çağı Şamaxıya varid olubsa, bu ziyarət ilk təşrif kimi zati-alilərinizə olan böyük hörmətimizə sübut deyilmi?

- Xeyir, xeyir! - deyə vəcdə gələn əlahəzrət qəhqəhə çəkdi:

- Aşna, məni azdıra bilməzsən; sən bu səhər birinci köhnə qəbiristanlığı, sonra da Şamaxı bazarını ziyarət etmisən. Seyid Əli İbrahim şahın hər şeydən bu cür xəbərdar olmasına təəccüb etdi və fürsəti fövtə verməmək qərarına gəldi:

- Xoşbəxtlikdən bu gün səhər köhnə qəbiristanlığa gedib valideynlərimin qəbrini ziyarət etməyim, sonra da bazarlığa çıxmağım artıq sizə məlumdur. Onda belə çıxır ki, addımbaşı təqib olunmağımdan, hətta gecələr evimizin daşa basılmağından da xəbərdarsınız.

- Xeyr, xeyr! Şair nə deyir? - deyə İbrahim Şah iri gözlərini yanında əyləşmiş müsəllimə, sonra da qazı həzrətlərinə ağartdı. Müsəllim Müqtədir Oğuz belə bir sualı gözləyirmiş kimi dərhal cavab verdi:

- Bəli, əlahəzrət, şair doğru deyir. Kimlərsə nə vaxtsa avam camaatın arasında söz yayıb ki, bəs, guya, Seyid Əli İmadəddin Nəsimi kafirdir. Nə deyim, müsəlman paxıllığı... göz götürməzlik...

Qazı Fəzli Fəridzadə papağını çıxarıb, əlindəki dəsmalla təmiz qırxılmış başının tərini sildi və İbrahim şahın ondan da cavab gözlədiyini görüb dedi:

- Bəli, elədir, əlahəzrət. Yəqin ki, Qaim Şirvani, Əhməd Kəsirəddin, Bəhluli...

İbrahim Şah onun sözünü kəsdi:

- Bəhluli kimdi?

- Şah sağ olsun, Şirvan şairlə doludur. Birdir, ikidir, ondur məgər? Kim ki, bir cüt qafiyə düzüb-qoşur, özünü şair hesab edir. Bu Bəhluli də onlardan biridir.

- Hə, sonra?

- Sonra da bu adamlar orda-burda, toyda-yasda hədyan danışırlar.

- Axı, nəyə əsasən?

- Eh, şahım, hər hansı bir şairin qəliz, ikibaşlı müəmmalı fikirlərini tərsinə yozmağa nə var ki...

- Yaxşı, - İbrahim şah dedi, - bəs indi buna bir əncam çəkmək üçün nə etmək lazımdır?

Müsəllim Müqtədir Oğuz cavab verdi:

- Əlbəttə, şairə xüsusi məmlük ayırmaq faydasız olar. Çünki camaat bir az da şübhələnər ki, ey dadi- bidad, gör şair nə ağır günah işləyb ki, hökumət ona bu cür mühafizə təşkil edib. Ən yaxşısı, xalq arasında həmin ağ yalanları ifşa etmək, puça çıxarmaq, bunun üçün də, onun Allahımızın, dinimizin, peyğəmbər əleyhissalamın qüdrətini vəsf edən şeirlərini oxumaq lazımdır.

İbrahim şah kinayə ilə dedi:

- Axı, biz məclislərə gedib, şeir oxumaqla camaatın fikrini dəyişənə qədər bir yaramaz pusqu qurub, şairə xətər yetirə bilər? İbrahim şah bunu deyib, qazı Fəzli Fəridzadənin üzünə baxdı. O da:

- Ya əlahəzrət, bu cür işlər Müqtədir Oğuzun səlahiyyətinə aiddir.

Müsəllim Müqtədir Oğuz, İbrahim şaha yüngülcə baş əyib, əlini qara qıvrım saçına çəkdi:

- Şah sag olsun, belə olduğu təqdirdə, mənə bir-iki gün vaxt verin. Şairin əleyhinə təbliğat aparanları və hətta ona cismani xətər yetirmək istəyənləri müəyyən edib, hüzurunuza çıxarım.

İbrahim şah özündən razı halda bığlarının ucunu burdu:

- Bu başqa məsələ.

Sonra o, üzünü Seyid Əli İmadəddin Nəsimiyə tərəf çevirdi - yəni ki, narahat olma, hər şey qaydasındadır və əlini qabağındakı uzun şüşə dayaqları olan iri nimçəyə uzadıb bir ovuç qara kişmiş götürdü və qapıda müntəzir dayanmış Fərruxa işarə verdi. Heç iki dəqiqə keçmədi ki, qırmızı və mavi rəngdə ipək çaxçux geyinmiş bir oğlan, bir qız əllərində ud, kanon içəri girdilər və yastı balıncların üstündə əyləşib, gözlərini İbrahim şaha zillədilər.

İbrahim şahın baş barmağının işarəsi ilə əvvəlcə oğlan udu dınqıllatdı, sonra da qız kanonu. Məclisdəkilərin feyziyab olduğunu görən İbrahim şah üzünü Seyid Əliyə tutdu:

- Hə, indi növbə sənindir, - dedi. - Baxaq görək, Şamaxının ortabab şairlərini nə ilə özüvə düşmən etmisən.

 

(Ardı var)

Hüseynbala Mirələmov, Milli Məclisin deputatı, yazıçı-dramaturq

05.02.2019