Əslində biz nəyə gülürük?!

Bayram tətillərinin bir maraqlı tərəfi də televiziyalarımızın həmin günlər ard-arda nümayiş etdirdikləri milli filmlərimizdir...

 

O filmlərdən birinin məşhur personajı demişkən, hətta o qədər adətkərdə olmuşuq ki, gözlədiyimiz film televiziyalarda nümayiş etdirilməyəndə də internetdə tapıb baxırıq. Təki, bayram ənənələri pozulmasın. Ovqatımız yerində olsun...

Əksəriyyəti sovet dövründə çəkilib bu filmlərin... Çoxu rəngsizdir. Yeni texnologiyaların kəraməti sayəsində ərsəyə gələn və müasir tamaşaçının gözü öyrəşən indiki yüksək keyfiyyətli təsvirlərlə müqayisədə bu filmlərdəki görüntü də, səs də xeyli geri qalır. Üstəlik, hərəsinə uşaqlığımızdan bəri ən azı iyirmi-otuz dəfə baxmışıq. Kitablarını oxumuşuq. Az qala hər epizodunu əzbərləmişik. Hansı kadrdan sonra hansının gələcəyini də əvvəlcədən bilirik.

Di gəl ki, bu filmlər bizim üçün yenə öz marağını itirməyib. Hər dəfə onlara yeni bir nəzərlə baxırıq. Və qəribəsi budur ki, hər baxdığımızda da bu filmlərdə indiyə qədər gözümüzdən qaçmış hansısa məqamı ilk dəfə kəşf edirik.

Bu filmlərdəki bir çox replikalar dilimizin zərb-məsəlinə çevrilib. Biri nəsə yersiz söz danışanda, dərhal Məşədi İbad yadımıza düşür: “Əşi, heç hənanın yeridir?!” Yaxud kiminsə bir başqasına yazılı mətn diktə etdiyini görəndə dərhal “Ulduz” filminin əli qələmli komik qəhrəmanı gəlir ağlımıza: “Möhsün, yaz!” Və ya sənətində naşı, yarımçıq birinin gördüyü işi yarıtmayıb üstəlik, yüksək xidmət haqqı üçün yaxadan asıldığına şahid olanda “Bəxtiyar” filmindəki restoran kontrabasçısını necə xatırlamayasan: “Əlimdən gələni elədim, pulumu kim verəcək? Pulumu verin!!!”, “Uşaqlığın son gecəsi”ndən “Məsələ sosiskada deyil e, adam gərək “vnimatelnı” olsun”, “Şərikli çörək”dən “Uşaqda fərasətə bax”, “Qayınana”dan “O quş deyil, xalis bayquşdur”, “Bəyin oğurlanması”ndan “Sənə əjdaha lazımdı?”, “Əhməd haradadır”dan “Oğlumu axtarırdım, dostumu tapdım” və daha nələr...

Birdirmi, beşdirmi?! Baxırsan dodağın qaçır, xatırlayırsan eynin açılır, dost çevrəsində, doğma insanların əhatəsində yerinə düşən bir məqam gələndə bu ifadələrdən birini şux zarafat kimi atırsan ortaya, hamının əhvalı düzəlir.

İlk baxışdan adi sözlərdir. Amma mahiyyətinə varanda görürsən ki, yox, bu adi sözlərin hər biri misilsiz istedaddan pöhrələnir. Filmin digər epizodları ilə üzvi şəkildə bağlıdır. Və bunlar tamaşaçını güldürməkdən daha çox düşündürməyə hesablanıb. Baxdıqca, xatırladıqca gülürsən, güldükcə də düşünürsən və müəyyən bir nəticəyə gəlirsən. Beləliklə, istedad öz məqsədinə çatır.

O filmləri ərsəyə gətirən yaradıcı insanların - rejissorların, ssenaristlərin, operatorların indiki kimi ən mükəmməl texniki avadanlıqları yox idi. Filmləri, belə baxanda, ən sadə texniki vasitələrlə, min bir zəhmət hesabına çəkib montaj edirdilər. O filmlərin ssenarisini yazanlar da, rolları canlandıran aktyorlar da indiki qədər yaradıcı azadlığa malik deyildilər. Çox şeylər sovet senzurasının qayçısından keçirdi. Amma hər şeyə rəğmən o insanların həssas yaradıcı qəlbi, tükənməz istedadı və mədəniyyət tarixi qarşısında məsuliyyət hissi vardı...

Ona görə də yaratdıqları indiyə qədər yaşayır, nəsillər dəyişir, amma onlar yenə tanınır, sevilir, ifaları dillər əzbəri olaraq qalır.

Tarix üçün yaşamaq, tarixdə yaşamaq da elə bu deyilmi?!.

***

Sovet rejimi yaradıcı istedadı buxovlamışdı. Yazıçı və şairlərimiz, rejissorlarımız, aktyorlarımız, rəssamlarımız, bəstəkarlarımız xəyallarının bütün gücünü sənətə gətirə bilmirdilər. İstər-istəməz siyasi quruluşun cızdığı ideoloji sərhədlər nəzərə alınmalı idi. Ondan o tərəfə adlaya bilməzdin.

Tariximiz, xalqımızın mənəvi dünyası, cəmiyyətdə ədalətin zəfəri üçün naqis hallara qarşı mübarizə ilə bağlı indi də böyük sevgi ilə baxdığımız “Nəsimi”, “Babək”, “İstintaq”, “Bir cənub şəhərində”, “Uzaq sahillərdə” kimi filmlərimizin yaranması və Moskvanın senzurasından keçməsindən ötrü ulu öndər Heydər Əliyev ötən əsrin 60-70-ci illərində nə qədər zəhmət çəkib. Nə qədər böyük siyasi iradə nümayiş etdirib. Bu barədə yaradıcı adamlarımızın zəngin xatirələri var. Bunu ondan ötrü xatırlayıram ki, hansısa ekran əsərini yaratmaq, tarixin hüdudsuz yaddaşında ona yer tapmaq sıradan iş deyil. Mənəvi dəyərlərimizə çevrilmiş bu filmlərdəki adi bir epizodun ustalıqla alınması və senzuradan qorunmasından ötrü ömrünün illərini sərf edənlər olub.

Dövlət müstəqilliyimizə qovuşanda sevindik ki, artıq yaradıcılıq önündəki ideoloji qadağalar arxada qaldı. İndi sənət adamlarımız dünyaya səs salası mükəmməl əsərlər yarada biləcəklər. Uzun illər ərzində Azərbaycanda formalaşmış yaradıcılıq məktəbləri, zəngin sənət ənənələri bu ümidimizi daha da böyüdürdü.

İstiqlalımızla bağlı bir çox ümidlərimiz özünü tezliklə doğrultmağa başladı. Azərbaycan cəmiyyət həyatının bir çox sahələrində müstəqillik nemətindən bol-bol barındı. Xalqımız öz taleyinin, halal sərvətlərinin sahibinə çevrildi. Ölkəmiz zəngin imkanları hesabına inkişaf etdi, gücləndi. Ulu öndər Heydər Əliyevin milli inkişaf kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət hesabına tarixinin ən qüdrətli çağlarına yetişdi.

Bu inkişaf, yüksəliş vətənin abadlıq mənzərəsi ilə, insanlarımızın gündən-günə yüksələn rifahı ilə, bütün dünyaya açılan tərəqqi qapıları ilə, cəmiyyətin mədəni inkişafı ilə hər bir vətəndaşımızın həyatında özünü hiss etdirdi. Dövlət müstəqilliyi Azərbaycanın sosial-iqtisadi həyatında böyük bir intibah səhifəsi açdı.

Sənət, yaradıcılıq bu intibahın önündə getməli idi...

Amma bu intibahı yaradıcılıq sahəsində, xüsusilə milli kinomuzda, teatrımızda, musiqimizdə, teleradio efirimizdə görə bilmədik. Daha doğrusu, inkişaf adına böyük dəyişikliklər müşahidə etdik, amma bu dəyişikliklər daha çox kəmiyyət artımı hesabına baş verdi.

Azərbaycanda televiziyaların sayı artdı. Amma heç biri ənənəvi televiziyaçılıq səviyyəsinə gəlib çataraq bu sahədə yeni peşəkarlıq dəyərləri formalaşdıra bilmədi. Bu yeni televiziyaların formalaşdırdığı əsas “dəyər” mənəviyyatımızı zəhərləyən düşük şoular, efirdən evlərə sirayət edən toyxana əhvalı oldu.

Bir-birinin ardınca yeni teatrlar formalaşdı. Dövlətimiz də onlara lazımi dəstəyi verdi, amma onillər əvvəlin biletləri əl-əl axtarılan, tamaşaçı alqışından salonlar titrəyən səhnə əsərlərini daha görə bilmədik.

Hərəsi bir kamera götürüb filmlər çəkən, müxtəlif mövzularda ssenariləri ekranlaşdıran xeyli sayda prodakşn qurumları, özəl kinostudiyalar yarandı və xeyli sayda filmlər lentə alındı. Bununla belə, mədəniyyət tariximizdə əsl hadisə yaradan filmlər ərşə çəkildi. Əvəzinə bir-birinin uğursuz təkrarı olan ucuz seriallar, bəsit komediyalar bütün həyatımızı işğal etməyə başladı.

Bir sözlə, kəmiyyət artdı, keyfiyyətsə irəliləmək əvəzinə bir az da geri getdi!

Və fərqinə varıb vəziyyətin dəyişməsi üçün nələrsə etməsək, kütlələrə böyük təsir gücünə malik bu sahələrlə birgə milli mənəviyyatımızın da hara qədər aşınacağını təsəvvür belə etmək olmur...

***

İlk baxışdan hər şey öz minvalındadır. Seriallar çəkilir və televiziyalarda nümayiş etdirilir. Bu seriallarda oynayan aktyor komandası formalaşır. Onları düzüb-qoşan ssenari müəllifləri, rejissorlar, operatorlar, texniki personal yetişir. Bu sahədə fəaliyyət göstərən ali təhsil müəssisələri də hər il onlarla mütəxəssis yetişdirir. Üstəlik, Azərbaycan gəncləri indi tək ölkəmizdə yox, dünyanın ən nüfuzlu yaradıcılıq məktəblərində təhsil alaraq sənətin incəliklərinə yiyələnmək imkanındadırlar.

Demək olar ki, hər gün bir-birinin ardınca təqdim olunan komediyaların efir anonslarını da eşidirik. Yolumuz üstündəki böyük küçə reklamlarında onların əlvan görüntüləri dəyir gözümüzə. Kinoteatr kassalarında, onlayn bilet satışı portallarında bu komediyalara od qiymətinə bilet satılır. İnsanlarımızın böyük hissəsinin, çox şükür, maddi imkanları çatır, neçəyə olur-olsun, bilet alıb kinoteatrlarda o filmlərə baxmağa gedirlər. Evdəki teleseriallar öz yerində, indi kinoteatrlarda ailəlikcə, doğma insanlarla film seyri də insanlarımızın istirahətinin xoş bir parçasına çevrilib.

Hiss olunur ki, əyləncə sənayesi şəbəkələşmiş halda inkişaf etməkdədir. Bir tərəfdən kameralar durmadan işləyir. Başqa tərəfdən, kamera önündəki aktyorlar nəsə gülməli hərəkətləri, mətnə qəsdən daxil edilmiş eyhamlı sözləri, bəzən “qurşaqdan aşağı” sətiraltı replikaları ilə diqqəti cəlb etməkdən ötrü dəridən-qabıqdan çıxırlar. Bu biri tərəfdən də marketinq kameranın çəkdiklərini “zəka məhsulu” adı ilə tamaşaçıya satır. Kinoteatrların, televiziyaların satış vasitəçisi kimi bu şəbəkədəki rolu və mənfəəti də ki, öz yerində...

Bütün bunlar çox yaxşıdır. Qoy olsun. Pis olan bircə budur ki, bu şəbəkənin mərkəzində dayanıb onu öz haləsində hərəkət etdirməli olan əsl istedad, əsl sənət belə bir şəbəkədən iraq düşüb. Bu dəyərlərin ikisi də yaradıcılıq prosesindən tam kənarda boynubükük durumda qalıb, kiminsə onların halına yanacağı vaxtı gözləyir.

Sizcə, o vaxt artıq yetişmədimi?! Milli kinomuzun gələcəyi barədə düşünmək zamanı deyilmi?! 27 ildir müstəqilik. Bu, yetərincə böyük tarixdir. Bəs hanı bu illərdə dünyaya çıxarmaq üçün çəkilmiş bir filmimiz?! Hanı bu illərdə yetişmiş sənət nəhənglərimiz?! Əgər film korifeyləri deyərkən yenə də ağlımıza köhnə filmlərimizdən bizə tanış olan sənət nəhəngləri gəlirsə, deməli, onlar səviyyəsinə heç olmasa yaxınlaşmış aktyor nəslini belə yetişdirə bilməmişik.

Yetişdirə bilməmişik ona görə ki, kifayət qədər rejissor, aktyor, aktrisa, film bolluğunda janrından asılı olmayaraq ciddi bir sənət əsəri ortaya qoyulmur. Tamaşaçı ona təqdim edilən yeni filmlərə ciddi yanaşmır. Çünki bu filmlərin özü də qarşıya ciddi məqsədlər qoymur. Tamaşaçı nəsillərinin yaddaşında, mədəniyyət tarixində əbədiləşmək niyyəti güdmür. Çəkildi, biletlər satıldı, göstərildi, baxıldı - vəssalam, elə həmin andan da yaddan çıxdı getdi!

Bu gün milli kinematoqrafiyamızın çəkdiklərinin 90 faizindən çoxu öz ömrünü məhz belə bir ardıcıllıqla yaşayıb başa vuran bayağı seriallardır, əttökən komediyalardır. Çəkirlər, nümayiş etdirirlər, tamaşaçı da qeyri-iradi baxıb boş-boş gülür.

Amma nəyə gülür, baxdıqları ona nə verir, hansı tərbiyəvi dəyəri aşılayır, bu komediyalardan yadında nə qalır, onlardan özü üçün hansı nəticələri çıxarır, bax budur əsas məsələ.

Biz nəyə gülürük?!

Budur əsas sual...

***

Razılaşıram ki, bazar iqtisadiyyatı dövründə yaradıcılıq da bir biznesdir. O serialları, komediyaları çəkənlər bundan gəlir götürməyə can atırlar. Bu, bütün dünyada belədir. Kütləvi mədəniyyət erasında əsl sənətin bayağı yaradıcılıq “məhsulları” qarşısında mövqeyinin zəifləməsi indi başqa ölkələrdə də ayrı-ayrı tanınmış adamların narahatlığına səbəb olan qaçılmaz reallıqdır.

Bu reallığı dəyişmək olarmı, olmazmı, - düzü bilmirəm. Bildiyim təkcə budur ki, istənilən reallığı cəmiyyətin ümumi faydasına yönəltmək mümkündür. Necə ki, sovet rejiminin yaradıcı adamlara qarşı ən amansız vaxtlarında da əsl sənətkarlar kiçik ideoloji nəfəsliklərlə böyük sənətə həyat qazandıra bilirdilər. Ən primitiv mövzularda da dahiyanə bir ustalıqla xarakterlər və tiplər dünyası yaratmağa, cəmiyyətdəki naqisliklərin üzərinə yeriməyə, insanlara ümid verməyə, onları xeyirin şər üzərində qələbə qazanacağına inandırmağa müvəffəq olurdular.

Bəs yaradıcı adamlarımız indi niyə belə bir ustalıq göstərə bilmirlər?!

Bəyəm sənət elə ailə münaqişələrini, ər-arvad xəyanətlərini minimalist şəkildə ekranlaşdırmaqdan, tamaşaçıları güldürmək üçün şiti-şoru çıxarılan zarafatlardan, vulqar ifadələrə bol-bol yer verməkdən ibarətdir?!

***

Novruz bayramı günlərində həyat yoldaşımın televizorda seriala baxa-baxa əsəbiləşməsi diqqətimi çəkdi. Gördüm, kimlərinsə qarasına gileylənir. Səbəbini soruşdum. Dedi, axı əsəbiləşməyəsən neyləyəsən?! Bu serialları çəkənlərin məqsədi nədir, görəsən?! Məgər Azərbaycanda xoş nələrsə yoxdurmu, bir dəfə də bu seriallarda onları göstərsinlər?! Daha nə qədər xəyanət olar?! Nə qədər ailə davaları baş verər, valideynlərlə övladlar arasında qovğalar yaranar?! Nə qədər cinayətkar göstərərlər, narkoman obrazı canlandırarlar bu seriallarda?

Düzü, ona qədər seriallarımızı sistemli şəkildə izlədiyim heç olmamışdı. Elə evdə xanım baxanda mən də ayrı-ayrı epizodlara ötəri nəzər yetirərdim. Onun bu tənqidi münasibətindən sonra qərara gəldim ki, vəziyyət necədir, ətraflı öyrənim və imkan olsa, müşahidələrimi qələmə alım. Ondan sonra düz bir həftə axşam sərasər onunla yanaşı əyləşib milli telekanallarımızda nümayiş olunan serialları izləməyə başladım.

Düzü, təəssüratlarım çox məyus etdi. Dövlətimizin milli film sənayemizin inkişafı məqsədilə hər il büdcədən ayırdığı yüklü miqdarda pulun necə istedadsız, insafsız və məsuliyyətsizcəsinə havaya sovrulmasına üzüldüm!..

Dəyərli oxucum düşünməsin ki, serialların çəkilməsinə qarşıyam. Əsla! Bu yaradıcılıq forması yeni dövrün vazkeçilməz mədəniyyət hadisələrindəndir. İndikilər qədər olmasa belə, seriallar bizim uzaq gənclik illərimizdə də ara-sıra çəkilərdi. Məsələn, rejissor Tatyana Lioznovanın Yulian Semyonovun eyniadlı siyasi detektiv romanı əsasında 1973-cü ildə çəkdiyi 12 seriyalı “Baharın on yeddi anı” filmi müasir serialların sələflərindən sayıla bilərdi. Yaxud Azərbaycan televiziyasının rejissoru Tariyel Vəliyevin Aslan Qəhrəmanovun ssenarisi əsasında çəkdiyi “Səni axtarıram”, “Bağışla”, “Səndən xəbərsiz” trilogiyasının hər seriyasını milyonlarla Azərbaycan tamaşaçısı illərlə böyük intizar içində gözləmişdi və elə indi də gözləyir.

Dünyanın əksər inkişaf etmiş ölkələrində seriallar çəkilir, nümayiş etdirilir, hələ başqa ölkələrə də yayılır. Müasir insanların həyatını idarə edən bu yeni yaradıcılıq forması hansısa mütərəqqi ideyaların aktuallaşması, mənəvi dəyərlərin, adət-ənənələrin, ana dilinin qorunması və təbliği, xalqın milli özünəməxsusluqlarının nümayişi, mədəniyyətlərin dialoqu sarıdan çox güclü təsir vasitəsidir.

İllər öncə Rusiya şəhərlərinin birində hotel inzibatçısının Türkiyədə çəkilmiş və Osmanlı tarixindən bəhs edən “Möhtəşəm yüzil” serialının rus dilindəki dublyajına baxıb sentimental səhnələrdən kövrəldiyini görəndə, rus millətindən olan digər şəxslərin də bu serialdan məftunluqla danışdıqlarına şahid olanda, düzü, heyrətə gəlmişdim. Bu, zəngin yaradıcılıq ənənələrinə malik rusdilli arealda türk tarixinin, türk mədəni dəyərlərinin ən yüksək səviyyədə təqdimatı demək idi. Türk qardaşlarımız janrın yaratdığı imkanları düzgün dəyərləndirərək bundan həm siyasi, həm ideoloji, həm mədəni cəhətdən lazımınca bəhrələnə bilmişdilər və yenə də bəhrələnməkdədirlər. Hələ yüksək peşəkarlıqla çəkilərək bütün dünyada satılan bu serialların müəlliflik hüququnun studiyalara qazandırdığı böyük pullardan danışmıram. İndi Rusiyada da müxtəlif şəxsiyyətlər, maraqlı tarixi hadisələr haqqında təbliğati, informasiya müharibəsi elementləri ilə zəngin seriallar çəkilir.

Bəs belə seriallardan bizdə niyə çəkmək mümkün olmur?! Biz niyə dövlətimizin sözünü, tarixi həqiqətlərimizi serialların dili ilə dünyaya çatdıra bilmirik?! Məgər Atabəylər, Səfəvilər, Şirvanşahlar və başqa milli dövlətlərimizin, İrəvan xanlığının və digər xanlıqlarımızın tarixi həyatı, Qacar, Nadir şah dövrü və daha nələr bir-birindən maraqlı şedevrlər üçün mükəmməl ssenari deyilmi?!

Bura bu il 100 illiyini qeyd edəcəyimiz Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq möhtəşəm tarixini ona görə əlavə etmirəm ki, çox sağ olsun, Arzu xanım Əliyevanın baş prodüseri olduğu Bakı Media Mərkəzi Heydər Əliyev Fondunun dəstəyi ilə artıq belə bir filmin çəkilişlərinə başlayıb. Bu mərkəz indiyə qədər “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu”, Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam edilən nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edən “Əbədi ezamiyyət”, “Multikulturalizm ili”nə həsr olunmuş “Bir günəş altında” və digər sənədli-bədii filmləri də çəkib. Bütün bunlar bir nümunədir.

Bundan əvvəl isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva Qurban Səid təxəllüslü Azərbaycan yazıçısının məşhur “Əli və Nino” əsərinə ekran həyatı verməklə başqaları üçün nümunə göstərmişdi.

Bəs bu gözəl, faydalı təşəbbüslərin film sahəsində çalışan şəxslərimiz tərəfindən davamı hanı?!

Cəfər Cabbarlının hələ pyeslərini demirəm, bir neçə hekayəsini ard-arda düzsən, ən gözəl həyat dramının ssenarisi alınar. Əbdürrəhim bəy Haqverdiyevin eyniadlı kiçik bir hekayəsindən rejissor Ramiz Həsənoğlu 1993-cü ildə “Ac həriflər” kimi şedevri yaratmışdı.

Əgər illah komediya çəkmək lazımdırsa, tamaşaçı komediyaya baxıb əylənmək istəyirsə, nə məzmunu, nə mənası, nə ideya-bədii qayəsi bilinən söz yığınını canlandırmaqdansa, bu cür əsərlərə həyat vermək daha faydalı olmazmı?!

Mirzə Fətəli Axundov, Nəcəf bəy Vəzirov, Yusif Vəzir Çəmənzəminli, Mirzə Cəlil kimi klassiklərimizin yüngülvarı improvizələrlə, lazım gələrsə, müəyyən müasirlik elementləri ilə çox asanlıqla komediya, serial ssenarisinə çevrilə biləcək dram əsərləri, hekayələri varkən düşük mətnlər ətrafında çıxarılmış hoqqaları tamaşaçılara sırımağa nə hacət?!

Ayıb deyilmi?!

Ermənistanın təcavüzü ilə üzləşən, müharibə şəraitində yaşayan, qarşısında işğal edilmiş torpaqlarımızın azad olunması kimi tale yüklü bir məsələ dayanan Azərbaycan cəmiyyətinin indi qəhrəman xarakterlərinə çox böyük ehtiyacı var. Müstəqilliyimiz və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş hər şəhidimizin taleyi böyük bir qəhrəmanlıq dastanıdır. Bəs niyə bu obrazlar filmə gətirilmir?! Televiziyaların proqram setkasında həftə ərzində 30-a qədər serial gedir. Amma arzuladığımız bir qəhrəman obrazını da o seriallarda görə bilmirik. Qarabağın adı bircə dəfə də tutulmur.

Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilmiş dəhşətli cinayətdir. İllərdir bu cinayətin bütün dünyada öz hüquqi qiymətini almasından ötrü dövlətimiz çox ciddi işlər aparır. Bu mövzuda mükəmməl bədii filmlər Xocalı həqiqətlərinin bəşəriyyətə çatdırılmasından ötrü əvəzsiz vasitə olar. Yəhudilər bircə “Pianoçu” filmi ilə Hitlerin bu xalqa yaşatdığı acıları adi insanların taleyində bütün dəhşəti ilə ortaya qoya biliblər. Bizdə isə illər keçir, amma Qarabağ mövzusunda “Fəryad”, “Dolu” və müəyyən epizodlarına hər nə qədər tənqidi yanaşsam belə, “Xoca” filmindən başqa xatırlayacağımız bir nümunə yoxdur. Yaxşı, bu mövzuda filmləri indi də çəkməsək, bəs nə vaxt çəkəcəyik?!

Təbiətin qanunudur, nəsillər bir-birini əvəz edir. Qarabağ müharibəsinin canlı şahidləri olmuş, odun-alovun içindən keçmiş insanların çoxu hələ sağdır. Amma nə vaxtsa onların heç biri bu dünyada olmayacaq. Gələcək nəsillər Qarabağı düşməndən azad görəcəklər, buna şübhə yox. Amma biz bu tarixin özünü onlara necə yetirəcəyik?!

Mənfur qonşularımızın bədnam əməlləri, vətən uğrunda misilsiz igidliklər göstərmiş qəhrəmanlarımız haqqında necə təsəvvür yaradacağıq?!

Ona görə də nə qədər ki o insanlar sağdır, onların taleyini, xatirələrini filmlərə çevirmək lazımdır. Axı film çəkilişləri üçün dövlət hər il büdcədən o qədər pulu həm də belə mövzuların işıqlandırılması üçün ayırır. Bu qədər şəhid vermiş, bu qədər qəhrəmanı olan ölkədə, tarix boyu yüksək mənəvi dəyərləri ilə tanınmış bir cəmiyyətdə kriminal ünsürləri, qatilləri, cinayətkarları, bəd əməllərlə məşğul olan kəsləri film qəhrəmanları kimi təqdim etməyin, ailə, böyük-kiçik, ağsaqqallıq-ağbirçəklik, halallıq, əməksevərlik kimi dəyərlərimizi gözdən salmağın, onu-bunu aldatmağı, kişi və qadın əxlaqsızlığını, dələduzluğu, möhtəkirliyi, fırıldaqçılığı adi həyat tərzi kimi populyarlaşdırmağın anlamı nədir, görəsən?!

Qarabağ kimi problemi olan bir ölkənin yaradıcı adamı yazmaq, çəkmək üçün başqa mövzu axtarmamalıdır əslində...

***

Təvazökarlıqdan uzaq olsa da, məcburən bir faktın işığında məlum problemə toxunmaq istərdim. Dağlıq Qarabağ mövzusundan, qaçqın-köçkün ağrısından, demək olar ki, savaşın ilk günlərindən yazıram. Hətta tarixi mövzularda yazdıqlarımda da yenə savaşdan, şəhidlərimizin qəhrəmanlıq salnaməsindən, qaçqın və məcburi köçkünlərimizin taleyindən nələrsə olur. Bu, bir mənəvi borcdur. Gələcək nəsillərə imkan daxilində nəsə bir ismarıc yetirmək istəyidir və məsuliyyət hissidir.

“Yanan qar” romanı, “Xəcalət”, “Yaddaş ağrısı” povestləri, “Vicdanın hökmü” pyesi, “Güllələnmiş heykəllərin fəryadı” essesi, “Məhəbbət hekayəti” və “Vicdanın cəzası” hekayələri və onlarla publisistik məqalələrimdən əlavə, xeyli əsərimdə də bu acılardan, məşəqqətlərdən bəhs olunur, amansız müharibənin qurbanları yad edilir. Bu mövzuda olan “Xəcalət” pyesi Azərbaycan Dövlət Akademik Dram Teatrında, “Vicdanın hökmü” Sumqayıt Dövlət Dram, həmçinin Gənclər teatrlarında, “Güllələnmiş heykəllərin fəryadı” Şuşa Dram Teatrında, “Yaddaş ağrısı” pyesi Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulub, on minlərlə tamaşaçı tərəfindən izlənilib.

Yazdıqlarımı yaradıcı insanlar, ictimaiyyət təqdir edib, hətta məni “Qarabağ mövzusunda ən çox yazan yazıçılar” kateqoriyasına aid edirlər. Amma bu rəy heç vaxt mənə mənəvi rahatlıq gətirmir. Çünki torpaqlarının 20 faizi işğal edilən, 1 milyon qaçqın-köçkünü olan, hər şəhərində, kəndində Şəhidlər xiyabanı salan bir millətin yazıçısının baş mövzusu da, bütün yaradıcı fəaliyyət istiqamətləri də məhz Qarabağ olmalıdır...

Demək, yazdıqlarım hələ yetərli deyil, elə mən də az yazmışam...

Amma gəlin son 30 ilin küll halında bütün yaradıcı mühitini - dramaturgiyanı, poeziyanı, nəsri, lap elə kinodan rəsmə qədər incəsənətin bütün sahələrini Qarabağ mövzusu kontekstində təhlil edək.

Yetərlidirmi?

Bu sualı səsləndirməyin özü əbəsdir...

Ədəbiyyatımızdan, kinematoqrafiyamızdan, mədəniyyətimizdən “Qarabağ ətri”ndən başqa hər qoxu gəlir və özü də bu iylər əksər hallarda insanı iyrəndirir...

***

Bir anlıq düşünək: 20, 50 ildən sonra indiki serialları, filmləri, televiziya verilişlərini arxivdən çıxarıb tarixi onlardan öyrənmək istəyənlər düşünməzlərmi ki, ata-babalarımız gör necə qeyri-ciddi adamlar olub?!

Bunların həyatına bax, məişətinə bax, bir-birinə münasibətinə bax, maraqlarına bax...

***

Çox tez-tez eşitdiyimiz köhnə bayatı növbəti dəfə səsləndirilə bilər ki, “bazar belə istəyir”, “tamaşaçının baxmaq istədiyi budur”. Zənnimcə, bu söhbətlər istedad kasadlığına haqq qazandırmaqdan ötrü ortaya atılan mənasız tezislərdir.

Birincisi, intellektual bazarın mahiyyəti xeyli fərqlidir. Bu bazarın satıcısı piştaxtaya çıxardığı düşüncə məhsulunun yaxşı pula getməsini düşünməklə bərabər onun ictimai faydaları qayğısına da qalmalıdır. Auditoriyanın zövqünü, dəyərlərini formalaşdırmalıdır. Məhsulun keyfiyyətini getdikcə aşağı salmaqdansa, əksinə, mümkün qədər yüksəltmək barədə düşünməlidir. Yaradıcılıq məhsulu kartof-soğan deyil ki, dadını, keyfiyyətini, istehlakçının həyat və məişətindəki rolunu əsrlərlə itirməsin. Tamaşaçının, dinləyicinin, oxucunun mədəni səviyyəsi, tələbatları zamanla dəyişir, yüksəlir. Təklif edilən intellektual məhsul isə bu tələbatdan həmişə yüksəkdə olmalıdır ki, həm cəmiyyətin ümumi inkişafına kömək göstərsin, həm də geridə sürünüb ikrah doğurmasın.

Hələ onu demirəm ki, hətta kartof-soğan satıcısı da özünə hörmət qoyub və qanun qarşısındakı məsuliyyətini dərk edib insanlara zəhərli məhsul satmaz.

Bizim özəl televiziyalarımızın cəmiyyətə sırıdığı təhlükəli məhsullar isə mənəviyyatımızı zəhərləyir!..

***

Düzdür, bir çox trendləri bazar müəyyənləşdirir. İqtisadiyyatın ana qanunu olan tələb və təklif amili diktə edir. Amma kiçik bir müqayisə aparaq: “Şərikli çörək” filmində məşhur bazar səhnəsi var, yadınızdadırmı?!

Pəzəvəng satıcı iri bir pencəyi ölçüsünə, ağına-bozuna baxmadan arıq vücudlu oğlana sırımaq istəyir. Daha doğrusu, dələduzluq fəndi ilə onun pulunu mənimsəmək üçün min hiylə işlədir. Hətta Çörçilin o pencəkdən geyindiyini deyir. Axırda da məqsədinə çatıb aradan çıxır. Oğlan bir də ona verilmiş bükülünü açanda görür ki, içindəki pencək əvəzinə kağız parçaları imiş. Tam o cür olmasa belə, müştərini nə yolla olur-olsun tovlayıb keyfiyyətsiz matahını sırımağa can atan, insanların sadəlövhlüyündən istifadə edib min hoqqadan çıxan bazar adamları yenə hər yerdə tapılır. Amma özünün korporativ dəyərlərini müəyyənləşdirən və bu dəyərlərə sadiq qalmağa çalışan, hansısa məhsulu satmaqla yanaşı, nabələd müştərilərə bu məhsul üzrə məsləhətçilik də edib doğru yol göstərən, yanlış qərarlardan çəkindirən satış yerləri də var...

Belə baxanda hər ikisi bazardır. Amma birində dəyərlər başqadır, digərində bambaşqa. Biri naqis davranışları ilə el töhməti qazanır. Digəri düzgün yanaşmaları ilə ictimai rəğbət və müştəri loyallığı...

Düşünürəm ki, bu gün Azərbaycan tamaşaçısına “bazardır” deyib hər cür səviyyəsiz serialları, komediya filmlərini, şouları sırımağa çalışanlar özlərini “Şərikli çörək”dəki həmin o fırıldaqçı bazar adamı kimi aparmamalıdırlar. İkincilərdən olmaqdan ötrü əsl istedadın gücünü göstərməlidirlər. O zaman tamaşaçı ona verilmiş bükülünü açanda daha içindən əzik kağız parçaları yox, yüksək mənəvi dəyərə malik nələrsə çıxacaq...

Bundan ötrü qeyri-adi yeniliklər etməyə, hansısa xariqüladə sənət kəşflərinin axtarışına başlamağa, əslində, heç bir ehtiyac yoxdur. Diqqət etsək, görərik ki, bu gün şedevr kimi baxdığımız, ayrı-ayrı epizodları ruhumuza hopmuş köhnə filmlərimizdə də belə qeyri-adiliklər əsla nəzərə çarpmır.

Əksəriyyəti kütləvi mədəniyyət nümunələridir. Yüngül süjet xətləri var. Birində adi kolxoz həyatı təsvir olunub, digərində müharibə dövrünü yaşayan paytaxtın köhnə məhəllələrindən birinin həyəti, bir başqasında kəndə kino çəkmək üçün çəkiliş qrupunun gəlişi ilə baş verən duzlu-məzəli əhvalatlar... Amma bu adidən-adi əhvalatların, həyat və insan mənzərələrinin hər biri necə böyük istedadla lentə alınıb. Onlar nə qədər böyük dəyərlər aşılayır. İnsanı necə xoş ovqata kökləyir. Xalqımızın özünəməxsusluğunu, milli dəyərlərimizin gücünü necə parlaq işıqla əks etdirir.

Azərbaycan insanının mənəvi ucalığını, bizi biz edən dəyərlərimizi ən ağır şəraitdə də qoruya bilməsini, Azərbaycan kişisinin zəhmini, zabitəsini, sözünün kəsərini, Azərbaycan qadınının ismətini, zərifliyini, Azərbaycan ailəsinin bütövlüyünü, möhkəmliyini necə yüksək sənətkarlıqla ifadə edir.

İndiki ekran əsərlərimizdə çatışmayan əsas məqam da istedaddır, sənət yanğısıdır. Çoxu öyrənmək, sənətinin kamil palançısı olmaq istəmir, hər şeyin ən asanına, ən ucuz başa gələninə qaçır. Son illər, əfsus ki, leksikonumuzun ən işlək ifadələrindən birinə çevrilmiş iki kəlmə ilə söyləsək, “yola verir”. Və bu həvəs başqa ucuzluqları da çəkib ardınca gətirir.

***

“Axırıncı aşırım” filmindəki Kərbəlayının səsini xatırlayırsınızmı? O, burada milli kinomuzun ən misilsiz rollarından birini yaratmış mərhum Adil İsgəndərovun öz səsi deyil. Rolu Yusif Vəliyev səsləndirir. Adil müəllimin səsi bu rol üçün çox incə idi. Amma Yusif Vəliyevin səsi zəhmlidir, qəltanlıdır, qulaq asanda elə bilirsən Kərbəlayının boğazına biçilib.

Deyilənə görə, film çəkiləndə Adil İsgəndərov Yusif Vəliyevlə küsülü imiş. Amma təkid edib ki, Kərbəlayı rolunu mütləq gərək Yusif Vəliyev səsləndirsin. Adil İsgəndərov sənətinin ən nüfuzlu avtoritetlərindən idi. İstəsəydi, rolu öz səsi ilə də “yola verərdi”. Heç kim buna görə ona “gözün üstə qaşın var” deməzdi. Amma elədə də Kərbəlayı obrazı bu qədər mükəmməl alınmayacaqdı. Sənətdə bütün məqamların bir-birini uğurla tamamlaması bax budur.

İndiki filmlərimizi çəkənlərin, o filmlərdə rol alan sənət adamlarımızın çoxu tanışlarımdır. Onları hər fürsətdə sual yağışına tutub keyfiyyətin niyə getdikcə geri getməsinin səbəblərini aydınlaşdırmağa çalışıram. Deyirlər, bəzən rejissor güclü olanda aktyor heyəti zəif olur. Yaxud güclü aktyor heyəti formalaşanda naşı rejissor əlində qalır. Bunların hər ikisi bir-birini uğurla tamamlayanda da ssenarinin zəifliyi normal bir iş ortaya çıxarmağa əngəl törədir.

Əksər prodüserlər, rejissorlarsa seriallara peşəkar aktyorları çəkməkdə maraqlı deyillər. Çünki peşəkar aktyora günlərlə davam edən çəkilişlər qarşılığında normal qonorar ödənməlidir. Ona görə də mümkün qədər az xərclə mümkün qədər çox gəlir götürməkdən ötrü təsadüfi adamları çəkməyə üstünlük verirlər. O adamları ki, tanınıb məşhurlaşmaq xatirinə qəpik-quruşa da çəkilməyə razıdırlar. Atalarımızsa yaxşı deyib: “Ucuz ətin şorbası olmaz”.

***

Televiziya rəhbərlərinin çoxu ilə yaxın münasibətlərim var. Amma həqiqət həqiqətdir! İllərdir bu mövzuda yazılır. Efirdəki nöqsanların aradan qaldırılmasından ötrü ictimai qınaqlar irəli sürülür. Amma bütün bunlar hələ də özəl televiziyalarımızın halına təfavüt etmir.

İllər öncə Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ölkəmizin efir məkanı ilə bağlı fundamental xarakterli məqaləsi dərc edilmişdi. Aparılan təhlilin elmi mükəmməlliyi, irəli sürülən tənqidi fikirlərin əsaslılığı ilə, necə deyərlər, qəlbimizdən tikan çıxaran bu məqalə təkcə vəziyyətin ümumi təsviri və sağlam tənqidlə məhdudlaşıb qalmırdı. Mövcud nöqsanların aradan qaldırılmasından ötrü bir çox tövsiyələr də verirdi. Məqalənin əhəmiyyətini artıran amil həm də o idi ki, bunu Ramiz Mehdiyev statusunda görkəmli ictimai-siyasi xadim qələmə almışdı və burada əks olunan tezislər həm Azərbaycan dövlətinin baxışlarını, eyni zamanda bütün ölkə ziyalılarının maraqlarını, arzu və istəklərini əks etdirirdi.

Gözləyirdik ki, özəl televiziyalarımız heç olmasa bundan sonra vəziyyəti düzəltmək üçün nələrsə edələr. Amma əfsus ki, bu, baş vermədi. Telekanallarımız vətəndaşlarımızın intellektual inkişafı üçün öz mövqelərini ortaya qoymalı idilər. Əksinə, sanki vəziyyəti bir az da pisləşdirməkdən ötrü bir-biri ilə yarışa çıxdılar.

Ötən ilin oktyabrında Azərbaycan Respublikası Prezidentinin köməkçisi Əli Həsənovun sədrliyi ilə “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda keçirilən, aktual problemləri gündəmə gətirən və onların aradan qaldırılmasından ötrü konkret vəzifələr müəyyənləşdirən konfrans da televiziyalarımıza, radiolarımıza bir təsir etmədi. Aradan bir neçə ay keçib, verilmiş tövsiyələrin məsuliyyətini anlayan, onlardan bir nəticə çıxaran hələ də gözə dəymir.

Yenə efirdə bütün günü çal-çağırdır, şıdırğı rəqslərdir, diringidir, qüsurlu nitqi, yontalmamış ləhcə və şivəsi ilə xalqa əxlaq dərsi keçən toyxana əhlidir. Nitq mədəniyyəti, ekran-efir etikası barədə bilgiləri bir yana qalsın, heç tamam-kamal orta təhsili də olmayan müğənni-aparıcılardır...

Hansı kanala baxırsan, hamı bir-birinə qonaq gedir...

Efirdən mətbəxin yanıq qoxusu gəlir...

Ən dözülməzi isə efirin Azərbaycan gəncliyi üçün yaratdığı qorxulu dəyərlərdir. Görürsən, gözəl, gənc qızdır, cəmi iki-üç mahnısı ola, ya olmaya. Hələ heç albomu da yoxdur. Nə səsi bir səsdir, nə ifa tərzi, nə də oxuduğu mahnının musiqisi və sözləri... Amma gözəlliyi və bu gözəlliyə məftun olmuş sponsorunun səxavəti sayəsində 20-22 yaşından artıq bir insanın ömrü boyu çata biləcəyi bütün maddi imkanlara sahibdir. Villasının dəbdəbəsi, avtomobilinin markası, geyimlərinin şıqlığı, həyat tərzinin təmtərağı göz qamaşdırır. Televiziya da bütün bunları bəh-bəhlə nümayiş etdirir. Dəyər kimi aşılamağa çalışır.

İndi bütün bunlara baxan başqa gənc və gözəl qız balalarımız bunu doğru həyat tərzi bilib əsl zənginlik mənbəyini - kitabı, dəftəri bir kənara tolazlamazlarmı?..

Bu təmtəraqlı həyat tərzinin, göz qamaşdıran parıltının sadəcə əxlaqsızlıq olduğunu onlara necə anladasan?! Binayi-dövrdən görmüşük ki, el-obada adı pisliyə çıxmış kəslərin adını dilə gətirməzlər. Onlardan gen durardılar ki, əxlaqsızlığın mahiyyəti adiləşməsin.

Bəs indi özəl televiziyalarımızın cani-dildən apardığı, efirdən evlərə, ailələrə yaydığı milli-mənəvi dəyərlərdən uzaq bu şouların təbliğatı nədir belə?!

Görəsən, onlara bu ixtiyarı kim verib?!

Qeydlərimi Azərbaycan kinosunun ölməz korifeylərindən Səməndər Rzayevin bir filmdəki məşhur ifadəsi ilə tamamlamaq istərdim: “Ay camaat, bu kino ki var, çox qəliz məsələdir. Həm qəlizdir, həm də ki vacib”.

Deməli, bu qəliz və vacib sənət növümüzün gələcəyi, ekran və efirimizin bugünkü arzuolunmaz, faciəli durumu barədə də hamılıqla düşünüb bir çıxış yolu tapmalıyıq...

Hüseynbala MİRƏLƏMOV,

Milli Məclisin deputatı, yazıçı-dramaturq

"Azərbaycan" qəzeti, 03.04.2018