Səfər yeni  kəşflərə aparan YOLDUR   

                              

      Uzaq səfərə çıxanların  arxasınca su atırlar ki,  yolu  uğurlu  olsun. Uğur deyilənlərin bəlkə də ən birincisi  səfər  yoldaşlarını yaxından tanımaq, onların daxili aləminə bələd olmaq, fikir və düşüncələrini bölüşməkdir. Yol yoldaşlığı məncə, cəmiyyət arasında - vəzifə başında, deputat kürsüsündə, elm ocaqlarında tanıdığın adamları yenidən kəşf etmək imkanıdır. Səfər həm də fərdi mənada mənəvi axtarış prosesidir,  bax, vətəndən uzağa səfərin-səyahətin özünəməxsus  cəhətlərindən ən başlıcası  budur...

     Şərqi Asiyanın  möhtəşəm ölkələrindən  biri olan Çin Xalq Respublikasına  bu dəfəki səfərimiz hicri təqvimi ilə elə  Səfər ayına təsadüf  etməsi də  adamın qəlbini  xoş duyğularla  barındıran  bir qismət idi...

     Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin dəvəti ÇXR-ə səfər edən nümayəndə heyətimizə YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Azərbaycan-Çin parlamentlararası əlaqələr üzrə işçi qrupunun rəhbəri Siyavuş Novruzov başçılıq edirdi.  Nümayəndə  heyətinə  mənimlə bərabər YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, professor Eldar İbrahimov, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik  Əhliman Əmiraslanov, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyev, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev və YAP Gənclər Birliyinin sədri Seymur Orucov  daxil idi.

    İş elə gətirdi ki,   Heydər Əliyev Beynəlxalq Hava  Limanının VİP zalında Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini – icra katibi Əli Əhmədov və  deputat  həmkarımız,  AMEA-nın vitse-prezidenti,  akademik İsa Həbibbəyli ilə rastlaşdıq.  Onlar Pekinə “Sivilizasiyalararası dialoq: bəşəriyyət üçün ortaq gələcəkli cəmiyyətin qurulması” mövzusunda keçiriləcək Tayhu Dünya Mədəniyyət Forumuna dəvət olmuşdular.

   Oktyabrın 16-da  təyyarəmiz   havaya qalxanda göy üzünü  qatı qaranlıq ağuşuna  almışdı. Əbəs yerə təyyərəyə “polad qanadlı quş” demirlər. Gecə  göyün  yeddinci qatından aşağıda işıqları ulduz kimi sayrışan yer üzünü seyr etmək  adamı  düşüncələr aləminə aparır... Adətən, biz bəyaz gecələrdə  yerdən  göy üzünə baxırıq,  Ayın haləsini,  bəziləri  yerə yaxın, bəziləri isə  uzaqda olan  gah parlaq, gah da zəif ulduzların  kəhkəşanını  seyr etməkdən zövq alırıq...  İndi isə  əksinə, göydən yer  üzünə  baxırdıq.   Filosoflar  “Üstündə ulduz olmayan yol yoxdur”  deyirlər. Amma  o gün  irili –xırdalı  bütün “ulduzlar”  bizim Azərbaycan Hava Yollarına  məxsus “Boinq – 767”  təyyarəsinin qət etdiyi  hava yollarından aşağıda görünürdülər. 

     Göyün ənginliyindən elə dünya özü də kiçik görünür... Bu ucsuz-bucaqsız, nəhayətsiz  səmanın qoynunda  düşünürsən ki,  bir tərəfində  qaçqınlar,  miqrantlar “ordusu”, digər tərəfində  qanlı savaşlar,  bir tərəfində  bolluq,  digər tərəfində aclıq-susuzluq hökm sürən  Yer  planetində görəsən nə çatışmır?

    Bəlkə   dünya elə əzəldən belə  olub?  Əgər belə olmasaydı,   böyük Nəsimi neçə əsr bundan  öncə   yəqin belə yazmazdı:  “Dünya duracaq yer deyil, ey can, səfər eylə!”

       Bəlkə Çinin paytaxtı  Pekində   “Sivilizasiyalararası dialoq: bəşəriyyət üçün ortaq gələcəkli cəmiyyətin qurulması” mövzusunda keçirilən forum da bu suallara cavab axtarmaq istəyindən qaynaqlanırdı? Ürəyimdən  keçən bu fikirləri səma gəmisinin “Business Premium” adlanan salonunda mənimlə yanaşı  əyləşmiş   AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli ilə bölüşmək istəyirdim.

Amma... Sən demə,  bu gün, yəni  16  oktyabr İsa  müəllimin  ad günü imiş.  Bu xəbəri mən səfər  yoldaşlarımıza  verəndə  hamı  üçün sürpiriz oldu.  Göyün  yeddinci qatında  69 yaşı  tamam olan İsa Həbibbəylinin  ad günü  münasibətilə  ilk təbrik sözlərini Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini – icra katibi Əli Əhmədov dedi...      

    Sonra   bizim nümayəndə heyətinin üzvləri   səfər  yoldaşımızı təbrik edib, ona  ictimai və elmi fəaliyyətində, habelə ÇXR-ə səfərdə  uğurlar dilədik.

     İsa  müəllim  bizi yola götürdüyü  Naxçıvan  lavaşına, qovurmasına  qonaq etdi.   Naxçıvan  istehsalı  olan araqdan nuş edib, sağlıqlar dedik. Arzular, ürək sözləri, xeyir dualar, maraqlı söhbətlər...

   Bəli, səmanın yeddinci qatında, kəhkəşanlar səltənətində, ulduzlar aləmində,  bəyaz buludlara - bəyaz ipəyə, bəyaz qumaşa bələnmiş nəhəng təyyarə salonu... Rahatlıq, sakitlik... Adam özünü istər –istəməz qayğısız və xoşbəxt hiss edirdi...

  Bu sehirli aləmdə mənə elə gəlir ki, akademik  dostumuz İsa Həbibbəyli öz  ad gününü ilk dəfə  qeyd edirdi. Həm biz, həm də İsa müəllim  uzun müddət  bu qeyri-adi ad gününü heç vaxt unutmayacağıq.

 

                                                   ***

 

       17 oktyabrda səhər tezdən təyyarəmiz Pekinin Paytaxt Beynəlxalq Aeroportunda da yerə endi. Burada  bizi Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfiri Əkrəm Zeynallı başda olmaqla səfirliyin nümayəndələri və  Çin Kommunist Partiyasının Beynəlxalq Əlaqələr  üzrə  altıncı departamentinin  direktor  müavini xanım  Van  Minlə  partiyanın məsul işçiləri qarşıladılar.  Xanım Van Min nümayəndə heyətimizin üzvləri ilə bir-bir görüşəndə,   gülümsəyərək  mənə rus dilində   “pisatel”  (yazıçı) deyə xitab elədi.

     Aeroportda bizim üçün ayrılmış maşınlara əyləşib “kontrastlar şəhəri” adlanan  Pekinin  səhər  mənzərələrini  seyr edə-edə  “Li Tsyun” mehmanxanasına gəldik. Burada bizim üçün ayrılmış otaqlarda yerləşdik. Təqribən saat yarım istirahət edəndən sonra mehmanxananın ikinci mərtəbəsindəki “L” adlanan kafedə  nahar etdik. Nahar yeməyindən sonra nümayəndə heyətimizi dünyanın yeddi  möcüzəsindən  biri sayılan Böyük  Çin Səddinə  ekskursiyaya apardılar. Sədd  paytaxt  Pekindən 80 km aralı  yerləşir.

 Kiçik  dəstələrə bölünüb üzü yuxarı qalxmağa başladıq. Eldar İbrahimov, Əhliman  Əmiraslanov və mən yorulana qədər gəzişdik.  Maraqlı söhbətlər etdik. 2011-c i ildə  Çinə  ilk səfərimdən  sonra bu sədd haqqında  2012 –ci ldə  Azərbaycan  dilinə   nəşr  olunmuş  “Çində möhtəşəm on gün”  və  2015 –ci ildə  rus  dilində  işıq üzü görən  “Kitay  - vosmoe çudo sveta” kitablarımda ətraflı bəhs etmişəm.

   Bir Çin məsəlində deyildiyi kimi,  “Dağlara  çıxmayan, uzaqları görə  bilməz!” Şərq aləminin  nadir  tarixi –memarlıq   və  maddi  mədəniyyət  abidələrinin  ən qiymətli incisi  hesab  edilən  Çin Səddi  fəlsəfi anlamda bir həqiqəti də  təsdiq edir ki, qədimdən  çinlilər  təcavüzə  nifrət edən,  sülhü sevən xalq kimi tanınıblar...

      Saat  17-də   mehmanxanaya döndük...  Çin Xalq Respublikamızda  səfərimizin ilk günü belə  başa çatdı.

      Yeri gəlmişkən,  məşhur  Çin Səddi haqqında məlumat  xarakterli foto-albomda diqqətimi cəlb edən bir  atalar sözünü xatıradım:  “Kim  Böyük  Çin divarlarına  qalxmayıbsa, o, dəliqanlı deyil” 

 

                          Könülləri valeh edən Çin payızı

 

      Səfərimizin ikinci günü səhər yeməyindən sonra Pekinin gözəl payız mənzərəsini sərgiləyən 800 illik tarixə malik olan Dyaoyuytaya getdik.   Qədimdən müqəddəs sayılan Ginkqo ağaclarının saralmış yarpaqları Dyaoyuytayın  xiyabanlarına  xüsusi  payız  ovqatı  qatmışdı.  Burada  xəzəl olmuş yarpaqlar  öz parlaqlıqlarını noyabrın  ikinci ongünlüyünədək  qoruyub saxlayırlar.  Payız  fəslində  bura turistlərin  ən çox  istirahət etdikləri yerdir.  Sevgi  dolu  gözəl  Çin payızı   burada adamın ruhuna  dinclik  bəxş edir. Payızı duymaq, hiss etmək, onunla iç-içə yaşamaq istəyi   hər qarışda adama   xüsusi  zövq verir. Deyirlər, Dyaoyuytayın qış mənzərələri  də gözəl olur.

    Haşiyə: 1 oktyabr  1959 –ci  ildə Çin  hoküməti  burada  ÇXR-in yaradılmasının  10 illiyinə dəvət  etdiyi  xarici  dövlət və  hökümət başçılarını  yerləşdirmək  üçün  dövlət  iqamətgahı  yaradıb.  Statistikaya  görə,  50  il  ərzində   “Dyaoyuytay”  dövlət  iqamətgahında  1144  xarici  ölkənin  dövlət  və   hökümət   başçıları qarşılanıb. Gələn ilin oktyabrında dövlət iqamətgahının  yaradılmasının 60 ili tamam olacaq.

       430 min  kvadrat  metr  sahəsi olan   dövlət iqamətgahına  sərbəst   giriş qadağandır. İqamətgahın  böyük  göl və yaşıllıq olan ərazisində  Çin ənənələrinə uyğun  salınmış  İmperator  bağı məftunedici  gözəlliklərə malikdir... 

  Onu da qey edim ki,  Çinin ənənəvi bayramlarından biri  “Payızın ortası”  adlanır. Qədim  çinlilər  onu "Çjuntsyu" adlandırırdılar. Həmin gün xalq arasında dağa qalxmaq, piroq yemək, pivə içmək və xrizantemaları seyr etmək adətləri  indi də saxlanmışdır. "Çjuntsyu"nun  başqa  bir adı da  “Ay bayramıdır”.   Ona  görə  həmin gün  qədim  çinlilər  undan şirin qoğal bişirib onu Ay allahına sovqat edirdilər. Mərasimin sonunda bütün ailə şirin qoğal yeyərdi ki, bu da ailə səadəti rəmzi hesab olunardı. Bu adət  müasir  günlərə qədər qalmışdır. Bütün ailə parlaq ayın altında bir yerə yığışır, səma cisimlərini seyr edir və ay şirin qoğalları yeyirlər...

 

                                                          ***

 

     18-19  oktyabrda səfər proqramı çərçivəsində  nümayəndə  heyətimiz Ümumçin Xalq Nümayəndələri Yığıncağının (parlament) sədr müavini Van Çen,  Kənd təsərrüfatı və kəndlərlə iş komitəsinin sədr müavini və Çin –Azərbaycan  parlament dostluğu qrupunun üzvü  Van  Syankuy, Çin Kommunist Partiyasının   Beynəlxalq Əlaqələr  üzrə  altıncı departamentinin  direktor  müavini xanım  Van  Minlə və Çin Kommunist Partiyasının nazir statusunda beynəlxalq əlaqələr departamentinin rəhbəri Sun Tao ilə silsilə görüşlər  keçirdi.  

     Bu  görüşlərdə Çin-Azərbaycan əlaqələrinin bir neçə əsrlik tarixi olduğu, müasir dövrdə münasibətlərimizin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini  bildirdi. İki ölkə münasibətlərinin inkişafında yüksək səviyyəli səfərlərin əhəmiyyətini vurğulayan ÜXNY-nin sədr müavini Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ildə Çinə səfərinin əlaqələrimizin genişlənməsində və möhkəmlənməsindəki rolundan da bəhs etdi. Cənab Van Çen Azərbaycanın özü üçün müəyyən etdiyi inkişaf yolunu dəstəklədiklərini vurğuladı, ölkəsinin ikitərəfli əlaqələrimizin daha da inkişafı istiqamətində birgə səylərini davam etdirəcəyini qeyd etdi.

    İki ölkənin qanunverici orqanları arasında mövcud olan əlaqələrdən  bəhs edərkən,  Van Çen Milli Məclis sədri Oqtay Əsədovun rəhbərliyi ilə Azərbaycan parlament nümayəndə heyətinin bu yaxınlarda Çinə səfərini xatırladı.

   Tayhu Dünya Mədəniyyət Forumunun illik iclasında iştirak üçün Əli  Əhmədova təşəkkür edən ÜXNY-nin sədr müavini ölkələrimizin humanitar və mədəni sahələrdə əlaqələrinin də müxtəlif layihələrlə inkişaf etdirildiyini diqqətə çatdırdı.

      Öz növbəsində  Baş nazirin müavini Əli Əhmədov Tayhu Dünya Mədəniyyət Forumunun illik iclasında iştirak üçün dəvətə görə cənab Van Çen təşəkkürünü bildirdi. Və Azərbaycanın Çin ilə əlaqələrin bütün sahələrdə inkişafına xüsusi əhəmiyyət verdiyini, Azərbaycan-Çin əlaqələrinin möhkəm təməllər üzərində qurulduğunu, tarixi İpək Yolunun xalqlarımız arasında münasibətlərin qurulmasındakı rolundan danışdı. 

       Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə iki dəfə Çində səfərdə olduğunu xatırladan Əli Əhmədov həmin səfərlər zamanı dövlət başçılarının münasibətlərimizin müxtəlif sahələrdə inkişafı ilə bağlı qəbul etdiyi qərarların uğurla icra edildiyini  qeyd etdi.

     Baş nazirin müavini Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün Azərbaycan-Çin münasibətlərinin daha da genişlənməsi üçün yaxşı imkanlar yaratdığını vurğulayıb, ölkəmizin həmin strategiyanın icrasına hər cür dəstək göstərməyə və bu çərçivədə birgə əməkdaşlığa hazır olduğunu bəyan etdi.

    Çin Kommunist Partiyasının nazir statusunda beynəlxalq əlaqələr departamentinin rəhbəri Sun Tao ilə görüşdə isə  hakim partiyalar arasında sıx əməkdaşlığın ölkələrimiz arasında münasibətlərin genişlənməsi baxımından əhəmiyyətindən  bəhs olundu. Cənab Sun Tao iki ölkənin liderlərinin əlaqələrimizin müxtəlif istiqamətlər üzrə inkişafı ilə bağlı tapşırıqlarının icrası istiqamətində hakim partiyaların da üzərinə vəzifələr düşdüyünü və Çin Kommunist Partiyasının bununla bağlı hər cür əməkdaşlığa hazır olduğunu  bildiridi.

...“Bir kəmər, bir yol” təşəbbüsünün reallaşmasında birgə məsləhətləşmələrin əhəmiyyətinə toxunan Sun Tao bu strategiyanın bütün iştirakçı ölkələrin inkişafına imkan yaradacağına əminliyini ifadə etdi. “Coğrafi olaraq Asiya ilə Avropanın qovuşuğunda yerləşən Azərbaycan “Bir kəmər, bir yol” strategiyası üçün vacib ölkədir. Biz Azərbaycanın imkanlarından birgə istifadə etməklə bu layihənin uğurlu icrasına və bununla da xalqlarımızın rifahının daha da yaxşılaşmasına nail ola bilərik”, - deyə departament rəhbəri  bildirdi.

    YAP sədrinin müavini–icra katibi Əli Əhmədov Çin ilə əlaqələrin inkişafının Azərbaycan üçün böyük əhəmiyyət kəsb etdiyini, ölkəmizin Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən dövlətlərdən olduğunu diqqətə çatdıraraq böyük iqtisadi və nəqliyyat-tranzit imkanlarına malik olan Azərbaycanın bu layihədə oynadığı roldan danışdı. Ötən il istifadəyə verilən və Avropa ilə Çin arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars dəmir yolu xətti İpək Yolunun vacib məqamı olmaqla yanaşı, “Bir kəmər, bir yol” təşəbbüsünün icrası baxımından böyük addımdır.

    Baş nazirin müavini  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində  Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə  Çin tərəfinə təşəkkür etdi. Bildirdi ki, Azərbaycanın da “Vahid Çin” siyasətinə dəstəyi dəyişməyib.

   Görüşdə iki ölkə arasında siyasi, iqtisadi, humanitar, mədəni sahələrdə əlaqələrin hazırkı vəziyyətinə və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

    Görüşdən sonra Çin Kommunist Partiyası MK-nın Beynəlxalq Əlaqələr departamentinin rəhbəri cənab Sun Taonun  adından nümayəndə heyətimizin şərəfinə  rəsmi qəbul təşkil olundu...

 

“Bir kəmər, bir yol”

 

   Səfərimizin  üçüncü  günü   qaldığımız mehmanxananın   biznes-Mərkəzində  İnkişaf və  reforma Milli  Komitəsinin  nəzdində  fəaliyyət göstərən  makroiqdisadi  institutun  mütəxəssisləri ilə   sosial-iqdisadi  inkişafın naliyyətləri  və “Bir kəmər, bir yol” tikintisi  mövzusuda söhbətdə iştirak etdik.

          Qeyd edim ki, Çin dövlət başçısı Si Cinpin “Bir kəmər, bir yol” iqtisadi inkişaf strategiyasını 2013-cü ildə elan edib. Azərbaycan Çinin bu strategiyasını dəstəkləyən ilk ölkələrdən biridir.

         Çinin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi  və nüfuzlu “China Daily” qəzeti tərəfindən təşkil edilən Tayhu Dünya Mədəniyyəti Forumunun açılış  mərasimində Ümumçin Xalq Nümayəndələri Yığıncağının (parlament) sədr müavini Van Çen  forumun  Çin Xalq Respublikasının Sədri Si Cinpinin forum iştirakçılarına müraciətini oxudu. Cənab Van Çen çıxışında müxtəlif mədəniyyətlərin mübadiləsi vasitəsilə birgə gələcəyin qurulmasına dair müzakirələrin aparılması üçün Forumun yaxşı platforma olduğunu  bəyan etdi.

     Onu da  qeyd edim  ki, Foruma  dünyanın 40-dan çox ölkəsindən dövlət rəsmiləri, elm adamları, ictimai xadimlər, mədəniyyət sahəsinin fəalları daxil olmaqla, ümumilikdə, mindən çox nümayəndə  gəlmişdi. 

     Baş nazirin müavini  Əli  Əhmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tayhu Dünya Mədəniyyət Forumunun 5-ci illik iclasının iştirakçılarına müraciətini  oxudu.

        Əli müəllim çıxışında Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün əməkdaşlığımızın daha da dərinləşməsi üçün yeni imkanlar yaratdığını diqqətə çatdıraraq bildirdi ki, Azərbaycan bu təşəbbüsü dəstəkləyən ilk ölkələrdən biri olmaqla yanaşı, onun icrasına töhfə verməyə hazırdır.         

       Baş nazirin müavini Əli Əhmədov Çin təbabəti mədəniyyətinin inkişafı ilə bağlı bölmə iclasında çıxış edərək xalqlarımız arasında tarixən mövcud olan dostluq əlaqələrindən, müasir dövrdə iki ölkənin münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən tibb sahəsində inkişafından  danışdı.  

      Əli müəllimin çıxışından sonra  biz  səfər proqramı çərçivəsində Azərbaycan -Çin nümayəndə  heyətləri arasında  görüşlərimizi davam etdirdik.

      Forum isə öz işini davam etdi.  Çinin  “Bir kəmər, bir yol” təşəbbüsü ilə yanaşı  6 tematik və yekun iclaslardan ibarət forumda beynəlxalq münasibətlər, iqtisadiyyat, mədəniyyət, ekologiya, fəlsəfə, sosiologiya və təbabət mövzularına dair müzakirələr aparıldı.

         Forumla bağlı müzakirələrdə   akademik  İsa Həbibbəyli fəal iştirak edərək məruzəçi qismində  çıxış etdi. Onu qeyd edim ki, akademik İsa Həbibbəyli Çinə səfər çərçivəsində Çin Sosial Elmlər Akademiyasında da oldu və  Pekin Xarici Dillər Universitetində (PXDU) yeni açılmış Azərbaycan dili ixtisası üzrə təhsil alan tələbələri görşdə  də  üçün məruzə ilə çıxış edib, Görüşdə AMEA Ədəbiyyat İnstitutunun nəzdində Çin Tədqiqatları Mərkəzinin fəaliyyətə başlamasına dair anlaşma memorandumu imzalandı. Bu  sənədə əsasən, mərkəz qarşılıqlı ədəbi tədqiqatların və ədəbi tərcümələrin təşkili, birgə seminarların və konfransların keçirilməsi, alim və doktorant mübadiləsi, doktorantların hazırlanması ilə məşğul olacaq...

 

                                     İMPERATOR  SARAYI

 

        Ququn imperator sarayı  orta əsrlərin ən gözəl  saray ansambllarından biridir və Pekinin düz  mərkəzində yerləşir. Bu unikal  və nəhəng memarlıq  abidəsinə və Saray muzeyinə ekskursiya  nümayəndə heyətimizin   böyük marağına səbəb  oldu.   500 il ərzində   “Yasaq  şəhər” adlandırılan  Ququn   sarayında  24   çin imperatoru  yaşamış və  hökmüdarlıq etmişdir.  Qədimdə sadə əhalinin  bu şəhərdə nəinki yaşamağına,  hətta gecələməyinə belə qadağa qoyulmuşdu. Burada   bütün mühüm rəsmi saray mərasimləri: imperatorların toyları, imperatriçaların tacqoyma mərasimləri, dövlət imtahanları, yeni il, qışın başlanması günü burada keçirilir, imperatorun ad günü burada bayram edilirdi. Ququn  gözoxşayan  ağac memarlıq  kompleksidir. Saray kompleksi həm də müxtəlif hədiyyələrin, nadir əşyaların saxlanması üçün dövlət xəzinəsi rolunu oynayırdı. Mahir memarlar öz istedad və əməklərini sərf edib bütün bu nəhəng tikililəri planlaşdırmış və yaratmışlar. Buranın  zallarını, köşk və pavilyonlarını  gəzib-dolaşmaq  üçün saatlarla vaxt lazımdır. Onu da qeyd edim ki, istər  burada, istərsə  də saray muzeyində  xarici  turistlərlə yanaşı   çoxlu  çinlilərə  rast gəldik. Bu da  onu ğöstəriri ki, Çin  xalqı öz tarixinə, soy kökünə çox bağlıdır.

 

                                                           ***

 

 ... Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini – icra katibi Əli Əhmədov və  akademik İsa Həbibbəyli  Tayhu Dünya Mədəniyyəti Forumu   öz işini   başa  çatdırandan sonra  vətənə  yola düşdülər.     

     Şənbə günü  YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Azərbaycan-Çin parlamentlararası əlaqlər üzrə işçi qrupunun rəhbəri Siyavuş Novruzovun başçılıq etdiyi  nümayəndə heyətimiz Pekinin  cənub  vağzalından qatarla  Xançjou şəhərinə  yola düşdü. Şərqi Çin dənizi sahilində  yerləşən  Çjetszyanın əyalətinin  mərkəzidir. Əyalətdə əczaçılıq biznesi ilə məşğul olan 70 - dən çox xarici şirkət fəaliyyət göstərir. Çjetszyan kimyəvi liflərin və paltaryuyan maşın istehsalının həcminə görə Çində xüsusi yer tutur, bununla yanaşı, parça, dəzgah, sement, inteqral sxem, kondisioner istehsalı üzrə ölkədə ilk beşliyə daxildir.

      Orada  əyalətin sosial-iqtisadi inkişafı və partiya quruculuğu işləri ilə tanış olduq.

 

YAP ideyalarının təbliğatçıları

 

   Yuxarda  qeyd  etdiyim  kimi,   yol yoldaşlığı  cəmiyyət arasında, iş yerində  tanıdığın adamları yenidən kəşf etmək imkanıdır.  Nümayəndə  heyətimizə  başçılıq edən  Siyavuş  Novruzovla   2011-ci ilin  noyabr ayında  Çində   on günlük  səfərdə  olmuşuq.  Siyavuş müəllim xoş təbiətli və  həm də  zarafatcıl  insandır. Xoşladığı şeirləri əzbər deməyi  xoşlayır... Gənc yaşlarından siyasətlə məşğul olan Siyavuş Novruzov dövlətçilik prinsipini  özünə əsas amal olaraq   seçən  ictimai-siyasi xadimlərdən  biridir.

    Səfər zamanı Azərbaycan və  Çin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının görüşündə, Çin parlamentinin Azərbaycan parlamenti ilə dostluq qrupunun rəhbəri  Van Syankuyla  söhbətdə,   eləcə də Çin Kommunist Partiyasının Çsinzyan şəhər təşkilatındakı  görüşdə  onun  necə yetkin  bir  siyasətçi  olduğuna  bir daha şahid oldum .  Siyavuş   müəllim  bu görüşlərdə  iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu və əlaqələrin yüksələn xətlə inkişaf etdiyini, eyni zamanda  qarşılıqlı rəsmi səfərlərin, imzalanan ikitərəfli sənədlərin dostluq münasibətlərinin  inkişafınd  mühüm rolu  olduğunu  bildirirdi. Bu görüşlər zamanı Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyasının əlaqələrindən də  geniş bəhs olundu, partiyalar arasında əməkdaşlığın əhəmiyyətinə dair  söhbət  aparıldı.  Siyavuş   Novruzov öz  missiyasının  öhdəsindən bacarıqla gəlir, söhbət zamanı   maraqlı məqamlara  toxunur,  ölkəmiz  barədə  çinli  nümayəndələrə  ətraflı məlumat verirdi.

   Görüşlərdə bəhs olunan mövzularla  bağlı Eldar müəllim, Əhliman  Əmiraslanov, mən, Seymur Orucov və digər  yoldaşlarımız da çıxış edib, çinli  həmkarlarımızla öz fikirlərimizi bölüşürdük.

    Umumiyyətlə,  səfər  yoldaşlarımızın hər biri  haqqında  ayrı-ayrılıqda  geniş söhbət açmaq olar. YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Eldar İbrahimovla uzun illərdir ki, dostluq edirik, bir çox xarici ölkələrdə  səfərdə olmuşuq.  Dostluqda sədaqətli  olduğu kimi, yol yoldaşlığına da zərrə qədər də söz ola bilməz. Eldar müəllim həm də  iqdisad elmləri üzrə elmlər doktoru, səriştəli ictimai-siyasi xadimdir. Naxçıvanda uzun müddət baş nazirin müavini  olub.

        Milli Məclisin Səhiyyə komitəsinin sədri  akademik  Əhliman Əmiraslanov 2016-cı ildən UNESKO-nun "Bioetika, Elm və Texnologiyaların Etikası" üzrə Azərbaycan Milli Komitəsinin sədri seçilib. Polşa Tibb Elmləri Akademiyasının  həqiqi, Rusiya Elmlər Akademiyasının xarici üzvü, 25 ilə yaxın bir dövr ərzində Azərbaycan Dövlət Tibb Universitetinin rektoru olub.   Səfər zamanı diqqətimi ən çox cəlb edən Əhliman müəllimin alim kimi təvazökarlığı,  insan kimi sadəliyi oldu.

       Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyevin insani keyfiyyətlərindən xəbər verən savab əməlləri barədə kifayət qədər danışmaq olar. İstər deputat, istər inşaatçı kimi o öz həyat amalını dövlətə və xalqa xidmətdə, vətəndaşlıq missiyasını layiqincə həyata keçirməkdə görür. Səfər zamanı Ağalar müəllimin həqiqətən mənən zəngin insan olduğuna şahid oldum.  Saf və ürəyi təmiz bir insandır.

     YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidovun  səmimiliyi,  YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyevin diqqətcilliyi, YAP Gənclər Birliyinin sədri Seymur Orucovun vətənpərvərliyi mənim səfər təəssüratlarımı da zənginləşdirdi. Seymur həm də iqtisad elmləri üzrə fəlsəfə doktorudur...  Doğrudan da  bu dəfəki  Çin səfərimiz  yeni  kəşflərə  vəsilə oldu. Bu səfər bizim hamımızı birləşdirən bir amalın işığıydi. Bu amal YAP ideyalarının təbliğatçıları olmağımız idi...

      Onu da deyim ki,  Çin Kommunist Partiyasının nümayəndələri görüşlər zamanı  çoxları məni tanıyır və  eynən xanım  Van  Min kimi  mənə “pisatel” deyirdilər. Bu söz səfər yoldaşlarımın da dilinə düşmüşdü. Çinli həmkarlarımızı yamsılayıb  onlar da  zarafatla  mənə  “pisatel” deyirdilər.

     Səfər yoldaşlarımdan fərqli  olaraq  bu  mənim  ÇXR-ə sayca  dördüncü səfərim idi.  Mən  bu ölkəyə  2013 –cü ilin  mayında Çin haqqında  ən yaxşı  kitab yazan  24  əcnəbi müəlliflərdən biri kimi dəvət olunmuşdum.

   Və  bunu da da deməyi özümə  borc bilirəm  ki, 2014 –cü ilin  mayında  Çin Xalq Respublikasının sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayarkən çıxışında  kitab haqqında demişdir: “Sizin atanızı ayrıca xatırlamaq istəyirəm. Çin xalqı ona dərin hörmət bəsləyir. Hörmətli Prezident Heydər Əliyev haqqında kitab, habelə "Çin azərbaycanlıların gözü ilə" məcmuəsi artıq hər iki ölkədə çapdan çıxmış və geniş müsbət ictimai rəy doğurmuşdur...”

       Öz növbəsində cənab İlham Əliyev nitqində demişdir: Mənim atam, Azərbaycanın böyük oğlu, müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyev haqqında səmimi sözlərinizə görə də çox təşəkkür edirəm. Onun həyat və fəaliyyəti haqqında kitabın Çin dilində nəşr edilməsi böyük ehtiram əlamətidir. Biz Azərbaycanda bunu çox yüksək qiymətləndiririk və buna görə Sizə çox təşəkkür edirik" 

   Bəli, burada söhbət mənim  2013 –cü ilin  noyabrında Azərbaycanın Çindəki səfirliyinin təşəbbüsü ilə Pekində nəşr olunan “Görkəmli adamların həyatı” seriyasından “Heydər Əliyev” kitabımdan gedir.

 

                                                     ***

    Çinin şərqindəki  İu şəhərində  rəhbərliklə  görüşdən sonra  Birinci  Ticarət Rayonu  Bazarının  pavlyonlarında, ticarət sərgisində  və loqistika   komaniyasında   olduq. İu şəhərindən təyyarə ilə Çendu səfər etdik. Burada şəhərin sərgi salonunda, Qlobal Mərkəzində  olduq.  Çinin mərkəzi hissəsində olan  bu  şəhər Sıçuan əyalətinin inzibati mərkəzi  sayılır.  Ölkənin iri nəqliyyat qovşağı və sənaye müəssisələri burada yerləşir Burada biz ilk partiya təşkilat, şəhərin planlaşdırılması  yeni kəndlərin salınması   layihələri,  Çjunsin Qəsəbəsi  ilə tanış olduq.

Oktyabrın  24-də  Çendu şəhərindən təyyarə ilə  Pekinə döndük.

 

Asiyanın ən varlı şirkəti...

 

   ‘‘Əgər getdiyin yoldan  əl çəkməsən, demək ki, hələ də şansın var. Əgər kiçiksənsə, gücündən əlavə beyninə güvənib, prosesə fokuslanmalısan’’.   Bu sözlər  “Made in Azerbaijan" brendi ilə 300-dən artıq məhsulu nümayiş  etdirən  və internet vasitəsi ilə online formada fəaliyyət göstərən “Alibaba Qrupu”nun qurucusu və rəhbəri  Yun Maya məxsusdur. Ma  əslində gənc yaşlarında çoxsaylı iş yerlərindən rədd cavabları almış, universitet üçün qəbul prosesinə iki dəfə cəhd etsə də, qəbul ola bilməmişdi. Amma doğru bildiyi yoldan  vaz  keçməmişdir.

   “Forbes” jurnalının 2015-ci il sentyabr sayındakı məqaləyə görə, Jack Ma, Çinin ikinci, dünyanın isə 33-cü ən varlı şəxsi siyahısına daxil olub.  Proqnozlara görə 2020-ci  ildə   “Alibaba” 20 trilyonun sahibi olacaq!

    Ma 1964-cü ildə Çində dünyaya gəlib. Jack Ma 1995-ci ildə də Çinli bir firmada müxtəlif şirkətlər üçün tərcümə xidmətləri də göstərmişdir. Bu xidməti zamanlarında tez-tez kompyuterdən istifadə edən Ma internetin əsas məna nöqteyi mövqesini qavrayaraq internet üzərindən işlər prosesinə qoşulmağı ağlına qoyur.

  1999-cu ilin aprel ayında 17 dostu ilə birlikdə “Alibaba”nı yaradır.

Manın fikrincə,  “E-ticarəti  davam etdirməyin ən önəmli şərti ondan ibarətdir ki, bu anda etdiyimiz iş nədirsə, bütün cəsarətimiz, inancımızla davam etdirməliyik.”    

       Alibaba şirkəti qısa müddətdə böyük uğur əldə edib.  Qrupun  adı  ilə  bağlı  sualıma  onun ÇXR-dəki  direktoru  ərəb mənşəli  Fərhad  Sami və  menecerləri ilə görüşdə sual verdim ki,  Ma  Amerikada  olanda   “Əlibaba və 40 quldur” filminə baxıb və Kompaniyası üçün  bu adı seçmək qərarına gəlib.    

      Kompaniyanın icraçı direktoru Daniel Cjanqın  təbirincə desək,  artıq “bütün dünya Çinin istehlakçı bumuna şahid olur...”

     Analitiklər 2015-ci ildə “Yalnız insanlar günü”ndə (Subaylar günü)  Alibaba kompaniyasının satışlarının 13 milyard dollar olacağını gözləyirdilər. Alibaba şirkəti  isə  təkcə 10 saatda 8 milyard dollarlıq satış edərək elektron kommersiya bazarında  rekord göstərici ədə etdi. 12 saat ərzində satış həcmi 9 milyard dollara çatdı.

     "Alibaba"  şirkəti musiqi, film və televiziya ilə onlayn media nəhəngi  olmaqda israrlıdır. Şirkətin Çində rəqəmsal məhsul satışlarının potensialı 210 milyard dollar dəyərində qiymətləndirilir.

      Bu  ilin sentyabr ayında Çinin internet kommersiya nəhəngi olan “Alibaba”nın rəhbəri şirkətin ABŞ-da bir milyon iş yeri açmaq planının ləğv edildiyini bildirdi.  O,  bu qərara gəlməsinin səbəbini  hazırda ÇXR-lə  ABŞ arasında  gedən ticarət müharibəsi ilə əlaqələndirib.

    Çinin internet ticarət nəhəngi “Alibaba Group” ümid edir ki, “Bir kəmər, bir yol” strategiyası çərçivəsində beynəlxalq əməkdaşlığa dair forumda iştirak edən ölkələr “Rəqəmsal İpək yolu” təşəbbüsünə yüksək səviyyədə dəstək verəcəklər. “Alibaba Group” şirkəti “Rəqəmsal İpək yolu”nun  yaradılmasına  ötən ildən start verib.

Mən görüş zamanı  Neft və Sənaye Universitetinin  “Loqistika” ixtisasında oxuyan tələbələrinin şirkətin hesabına təcrübə keçmələrinin mümkünlüyünü  soruşdum. Onlar da bu məsələyə müsbət münasibət bildirdilər. Nümayəndə heyətimizin üzvləri  “Alibaba Group” şirkəti ilə  tanışlıqdan çox məmnun qaldılar. Gələcəkdə  bu şirkətin Azərbaycanla əməkdaşlığını arzuladıq.

   Bəli,  Çin  yeni dünya nizamına və qloballaşmaya özünəməxsus təmkinlə, uzaqgörən daxili və xarici siyasətlə, sakit templə daxil olaraq, dünyada gedən proseslərdə, bazar münasibətlərinə öz təsirini gücləndirməkdə davam edir. Sevindirici haldır ki, Azərbaycanla  dostluq və əməkdaşlıq  münasibətlərinin  daha da dərinləşməsində Çin tərəfi maraqlıdır. Buna görə də bizim tarixə çevrilən səfərin ikitərəfli münasibətlərin inkişafına öz töhfəsini verəcəyinə  əminəm.

      Oktyabrın  25- də Pekinin  Paytaxt  Hava  Limanından  J2068  reysi ilə  Bakıya  yola düşüdük.  ÇXR-ə daha  bir səfərimiz tarixə döndü...

 

Bu da  Heydər  Əliyev  Beynəlxalq  Hava  llimanı...  Burdan  avtomaşınlar sürətlə şəhərə doğru şütüyür. Səhər açılırdı. Artıq  gecənin zülmət karvanı səhərin  aydınlığında  yorğun-yorğun əriyirdi.  Ürəklər sabahın nuru ilə dolurdu. Fərəhlə hərə öz doğma yuvasına tələsirdi...  Səfər təəssüratı hələ də canımızda qaynayırdı. Düşünürəm ki, bu unudulmaz görüşlərlə dolu bir səfər oldu. İnsan  həmişə dünyanı  görmək,  gözəllikləri seyr etmək arzusu ilə yaşayır. Ancaq hara getdirsən, get, artıq bir həftədən sonra Vətən səni səsləyir... Bütün səfər ərzində Vətəni ürəyində gəzdirirsən. Duyğulanırsan, zərif  bir qüssə ürəyinə dolur, darıxırsan. Axı, Vətən  sevgisi,  insan duyğularının ən alisi, ən müqəddəsidir!.. 

    ...Qurban sənə, ay Vətən!..

Bakı - Pekin - Bakı 

Hüseynbala Mirələmov,

yazıçı-dramaturq, Milli Məclisin deputatı