Hər bir şəxsiyyətin kamillik səviyyəsi onun qarşıya qoyduğu nəcib amal və məqsədlərdə, ülvi niyyətlərdə ifadə olunur. Belə seçilmiş insanların dərk edilmiş məsuliyyətə əsaslanan əməli fəaliyyətləri onların mənalı həyat yolunu, cəmiyyətdəki layiqli mövqeyini, ictimai statusunu müəyyənləşdirməklə yanaşı, həm də yaradıcı imkanlarını genişləndirir. Ziyalı adına layiq belə insanlar yüksək poetik təfəkkür və bədii təxəyyülləri ilə xalqımızın özünəməxsus keyfiyyətlərini, zəngin mənəvi aləmini çoxsaylı əsərlərində parlaq şəkildə təcəssüm etdirirlər.

Belə nəcib şəxsiyyətlər təkcə Azərbaycanda deyil, respublikamızın hüdudlarından kənarda da xalqımızı layiqincə təmsil etmiş, təhsilimizin, elmimizin, ədəbiyyatımızın, mədəniyyətimizin etibarlı hamisi, alovlu təbliğatçısı kimi çətin missiya daşımışlar. 2008-ci ildə 100 illik yubileyi BMT-nin ali mədəniyyət qurumu-UNESCO səviyyəsində qeyd olunan görkəmli ədəbiyyatşünas alim, pedaqoq və nasir Mir Cəlal Paşayev də məhz belə ziyalılardan biri olaraq Azərbaycanın adını yüksəkliyə qaldırmış, tariximizdə əbədiyaşarlığını təmin etmişdir. Milli ədəbiyyatşünaslıq elminin nəzəri əsaslarını yaratmış görkəmli alimlərdən olan Mir Cəlal sənətin şöhrətli zirvəsinə qədər keçdiyi çətin və şərəfli ömür yolunun əlli ili ərzində zəngin ədəbi irs yaratmışdır. Qüdrətli söz ustası bütün şüurlu həyatını ədəbi, elmi və ictimai-pedaqoji fəaliyyətə həsr etmiş, ölməz nəsr əsərləri, elmi dəyərini itirməyən monoqrafiyalar yaratmış, yeni ədəbiyyatşünas və pedaqoji kadrlar yetişdirmiş, doğma xalqın milli-mənəvi yüksəlişinə çalışmışdır. Mir Cəlal həm də çoxşaxəli fəaliyyəti ilə tanınmış şəxsiyyətdir — nasir, müəllim, ədəbiyyatşünas, tənqidçi, publisist, ictimai xadim…

XX əsrin 20-30-cu illərində ədəbi yaradıcılığa başlayan görkəmli yazıçı Mir Cəlal Paşayev Azərbaycan ədəbiyyatına sanballı töhfələr verənlərdən biri olmuşdur. O, dəyərli hekayələri, məzmunlu roman və povestləri ilə oxucu auditoriyasına geniş yol tapmışdır. İctimai həyatın tipik lövhələrini ədəbiyyata gətirən sənətkarın elmi yaradıcılığı kimi bədii yaradıcılığı da fəlsəfi estetik görüşlərdən, günün aktual problemlərindən bəhs edir. Mir Cəlal yaradıcılığının mövzu rəngarəngliyi, üslub xüsusiyyətləri, bütünlükdə orijinallığı ilə Azərbaycan yazıçıları içərisində özünəməxsus yer tutur. O, ədəbiyyat tariximizdə gözəl hekayələr ustası, rəngarəng mövzulara həsr olunmuş romanlar yaradıcısı, ədəbiyyatımızın klassik və müasir dövrünü, müxtəlif problemlərini işıqlandıran onlarla dəyərli tədqiqat əsərinin müəllifi kimi tanınır. Mir Cəlal ədəbiyyat tarixinə, tənqid və ədəbiyyatşünaslığa dair bir sıra qiymətli əsərin müəllifidir. O, ədəbiyyatşünas alim, pedaqoq kimi də geniş aspektdə fəaliyyətini davam etdirmiş, yaradıcılığının bir sahəsini digəri ilə mükəmməl şəkildə uzlaşdıra bilmişdir. Ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin ədəbi görüşləri, məntiqi fikirləri onun bədii yaradıcılığına ziyan gətirməmiş, əksinə, sənətkarlıq xüsusiyyətlərinin daha da formalaşmasında yardımçı rol oynamışdır.

Bu da təsadüfi deyildir ki, ədəbiyatşünas alimlər Mir Cəlalı ədəbi prinsipinə, həyatı təsvir üsulu və metodlarına görə Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev kimi XX əsr realistlərinin davamçısı sayırlar. Şübhəsiz, o hansısa ədəbi məktəbin prinsiplərini, metod və üsullarını kor-koranə təqlid edən yazıçılardan olmamış, yaşarı ənənəyə, onun möhkəm və davamlı prinsiplərinə dövrünün yeni bədii təfəkkürü prizmasından nəzər salaraq onu zənginləşdirmişdir. Məhz bu baxımdan yazıçı Mir Cəlalla Mirzə Cəlil və Haqverdiyev arasında sələf-xələf münasibətlərindən, ədəbi varislik ələqələrindən söz açılır.

Məşhur Çin filosofu Konfutsi yazırdı ki, hər kəsin xarakteri onun taleyini müəyyən edir. Görkəmli yazıçı və alimin keçdiyi tale yolu bu mənada onun necə nəcib və xeyirxah şəxsiyyət olduğundan, vətəninə, xalqına mənəvi bağlılığından xəbər verir.

Professor Mir Cəlal Əli oğlu Paşayev 1908-ci ilin 26 aprelində Cənubi Azərbaycanın Təbriz mahalındakı Əndəbir kəndində yoxsul kəndli ailəsində dünyaya gəlmişdir. Görkəmli ziyalının cəmiyyət üçün layiqli insan kimi yetişməsinə, erkən yaşlarından ali məqsədlər uğrunda mübarizə aparmasına böyüyüb boya-başa çatdığı ailə mühitinin də təsiri böyük olmuş, halal zəhməti başı üstündə görən valideynləri onu daim düzgün yola istiqamətləndirmişlər. Hələ uşaq ikən kəndlərində dolanışığın çətinliyindən başqa həmvətənləriylə birgə onun ailəsi də bir parça çörək ardınca vətənimizin Quzeyinə pənah gətirmişdir. Mir Cəlal uşaqlıq və gənclik illərini Gəncə şəhərində keçirmişdir. İbtidai təhsilini Gəncədəki ruhani mədrəsəsində aldıqdan sonra 1924-cü ildə darülmüəllimə daxil olmuş, sonralar pedaqoji texnikuma çevrilən bu məktəbi 1928-ci ildə başa vurmuşdur.

Ədəbi-ictimai fəaliyyətə başladığı qaynar dövr onun pedaqoji texnikumda təhsil aldığı illərə təsadüf edir. Ədib texnikumda tələbə icraiyyə komitəsinin sədri vəzifəsində çalışmış, ilk şeirlərini divar qəzetində nəşr etdirmişdir. Mir Cəlal hələ tələbə ikən «Qızıl qələmlər» İttifaqının Gəncə şöbəsində şair kimi tanınır, «Qızıl Gəncə» adlı qəzet və jurnalda, habelə «İlk addımlar» məcmuəsində fəal iştirak edirdi. Yazıçını böyük ədəbiyyata gətirən «Mirzə» hekayəsi də 1930-cu ildə «Qızıl Gəncə» qəzetinin ədəbiyyat səhifəsində işıq üzü görmüşdür.

Mir Cəlal Paşayevin «Sağlam yollarda» adlı ilk kitabı 1932-ci ildə çapdan çıxmış, bu oçerklər toplusu ona böyük yaradıcılıq uğurları gətirmişdir. 1933-1935-ci illərdə Mir Cəlalın «Boy» (novellalar), «Bostan oğrusu» (hekayələr), «Gözün aydın» (hekayə və oçerklər), «Dirilən adam» (roman) kitabları böyük tirajla oxuculara təqdim edilmişdir.

O, 1930-cu ildə ali təhsil almaq məqsədilə Kazana yollanaraq bu qədim şəhərdə Dövlət Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində oxumuşdur. 1931-ci ilin axırlarında Bakıya qayıdıb Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun aspiranturasına daxil olmuşdur. O, filologiya sahəsində elmi araşdırmalarla yanaşı, ədəbi fəaliyyətini də dayandırmamış, «Kommunist», «Gənc işçi» qəzetləri ilə fəal əməkdaşlıq etmişdir. 1933-cü ildən etibarən Mir Cəlal Paşayev həm də ədəbiyyatşünas alim kimi Azərbaycan Dövlət Universitetinin Azərbaycan əbədiyyatı tarixi kafedrasında çalışmağa başlamışdır. Elmi tədqiqatlara yüksək maraq göstərən alim 1940-cı ildə «Füzulinin poetikası» mövzusunda namizədlik dissertasiyası, 1947-ci ildə isə «Azərbaycanda ədəbi məktəblər» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Mir Cəlal dissertasiyasında Azərbaycan ədəbiyyatında öz yeri olan dahi Füzulinin yaradıcılığı haqqında ədəbiyyatşünas alim kimi yüksək fikirlər söyləmiş, klassik şeir ustadının sənətkarlığını təhlil etmək, daha dərindən araşdırmaq kimi çətin vəzifənin öhdəsindən müvəffəqiyyətlə gəlmişdir. Onun «Füzulinin poetik xüsusiyyətləri» mövzusunda monoqrafiyası bu gün də füzulisünaslığı davam etdirən gənclər üçün bir proqram sayıla bilər. Füzulişünas akademik Həmid Araslı və professor M.Quluzadə Mir Cəlalın bu əsərini yüksək qiymətləndirərək onun Füzuli sənətkarlığının tədqiqində sanballı mənbə olduğunu bildirmişlər.

Görkəmli yazıçı «Füzulinin poetik xüsusiyyətləri» monoqrafiyasında yazır: «Füzuli lirikasının sadəcə məntiqi dil ilə şərhi çox çətindir. Bu lirika sarsıdıcı təsiri ilə insanı valeh edən, onu hər şeydən ayıran musiqiyə bənzəyir. Belə bir musiqidən təsirlənən adam öz həyəcanını, hissiyyatını başqasına verə bilməz. Buna söz, ifadə tapmaqda çətinlik çəkər. Füzuli qəzəllərinin şərhi də eyni dərəcədə çətindir. Çünki bu əsərlər adamı od kimi alır, soyuq mühakimə vəziyyətindən ayıraraq şairin coşqun şeir aləminə aparır. Adama elə gəlir ki, bu şeirlər təhlil üçün, izah üçün yazılmamış, oxumaq, ləzzət almaq, zəngin mənalar duymaq, yüksəltmək üçün, könülləri fəth etmək üçün yaradılmışdır».

Ədəbi fəaliyyətinin birinci dövründə oçerk və hekayə janrı bir yazıçı kimi Mir Cəlalın yaradıcılığında aparıcı mövqeyə malikdir. İlk qələm təcrübəsi sayılan bu əsərlərində ədib bir sıra ciddi mövzulara toxunmuş, ötən əsrin əvvəllərində ümumilikdə regionda cərəyan edən siyasi proseslərin Azərbaycan həyatına təsirini, cəmiyyətdə yaşanan təlatümləri, xalqın başına gətirilən faciələri, ermənilərin milli zəmində törətdikləri qırğınları ədəbi nümunələrində əks etdirmişdir. Eyni zamanda insanların gələcəyə inamını, Azərbaycan cəmiyyətini bütün çətinliklərin fövqünə yüksəldən ruh yüksəkliyini, sıravi Azərbaycan insanının əməksevərliyini, saflığını, mənəvi təmizliyini xeyirin şər üzərində qələbəsi kimi təcəssüm etdirmişdir.

Xarakterlər ustası olan Mir Cəlalın bu özünəməxsus yaradıcı keyfiyyəti təkcə onun hekayələrində qabarıq nəzərə çarpmır. Kürəyində istismarçıların qamçı izləri qaralan Salman dayı, 40 illik tərli və buxarlı əməyin qalib əsgəri olan Əliman əmi və Hüseyn əmi («Sağlam yollarda»), gözlərinə qanlı keçmişin dəhşətləri köçmüş Həsən əmi («Zavodun tərcümeyi-halı») kimi qocalar, avam kəndli Mehbalı kişi («Oğul»), qara çadranın zülmətindən qurtularaq özünə yeni həyat yaradan Sara («Sara») kimi obrazlar ədibin ilk oçerk və hekayələrinin qəhrəmanlarıdır. Yaradıcılığının birinci dövründə qələmə aldığı «Həkim Cinayətov» (1930), «Mirzə Şəfi» (1930), «Mərifət dərsi» (1931), «Möhlətovun tərcümeyi-halı» (1931), «Kağızlar aləmində» (1931), «Dostumun qonaqlığı» (1931), «Mərkəz adamı» (1933) və digər hekayələrində müəllif yeni həyatla ayaqlaşa bilməyən bir çox ziyalıları, cəmiyyətin tərəqqisinə mane olan köhnə əxlaqın qalıqlarını da tənqid atəşinə tutmuşdur.

Ümumilikdə, 1930-40-cı illərdə işıq üzü görmüş «Bolşevik ədəbiyyatı kadrları», «Pioner mədəni inqilab uğrunda», «Rekonstruksiya dövründə müəllim», «Quruluş qəhrəmanlarımızın bədii ifadəsi uğrunda», «Gənc oxucuları təşkil edəlim», «Məktəblərimizdə ədəbiyyat dərsləri haqqında», «Azad qadın ədəbiyyatda», «Böyük problemlər romanı», «Bədii ədəbiyyat nəşrini tələblərimiz səviyyəsinə», «Nizaminin müsbət surətləri haqqında», «Bədii dilimiz haqqında», «Bədii poeziyamızın baniləri» və digər məqalələrində Mir Cəlalın həyat hadisələrinə müdaxiləsi, dövrünün, zəmanəsinin nəbzini tuta bilməsi, milli-mənəvi dəyərləri düzgün qiymətləndirməsi, gənc nəslə vətənpərvərlik ruhu aşılanması özünü aydın büruzə verir. Dövrünün tələblərinə cavab verə bilən belə məqalələr Mir Gəlalın ədəbi, pedaqoji və ictimai hadisələrə yanaşma tərzinin düzgünlüyünü göstərmişdir. Bu əsərlər ötən əsrin 30-40-cı illərində tənqid və ədəbiyyatşünaslığın inkişaf etməsində, buraxılan səhvlərdən təmizlənməsində böyük rol oynamış və indi də aktuallığını itirməmişdir.

Mir Cəlal Paşayev Azərbaycan ədəbiyyatında roman janrına da yeni nəfəs gətirmiş, bu sahədə özünəməxsus məktəb yaratmışdır. Məlumdur ki, 30-cu illərdə yaradıcı ziyalıların başı üstündə «domokl qılıncı»na çevrilən repressiya dalğası onları müəyyən buxova salır, azadlıqlarını məhdudlaşdırırdı. Nəticədə ciddi ədəbi mahiyyət kəsb etməyən, sırf ideoloji mahiyyət daşıyan boz məzmunlu «cızmaqaralar» ciddi əsərləri sayca qat-qat üstələyirdi. Sanballı əsərlər məzmun cəhətcən böyük maraq kəsb etməyən əsərlər sırasından çox çətinliklə yüksək ədəbi zövqü olan oxucuların masası üstünə yol tapırdı. Bədii-estetik cəhətdən son dərəcə zəif, primitiv təsir bağışlayan, maraqsız, duyğusuz yazılmış əsərlər, həqiqi mənada mənalı, cəlbedici təfəkkür məhsullarını geridə qoymağa çalışırdı.

Belə bir çətin şəraitdə roman janrına müraciət edən Mir Cəlalın qısa müddətdə böyük oxucu auditoriyası qazanması isə onun yüksək istedada malik qələm sahibi olmasından xəbər verirdi. Onun «Dirilən adam» romanı cəmiyyətdə böyük marağa, ictimai müzakirələrə səbəb olmuşdu. Bu əsərdə Azərbaycan xalqının mübarizə tarixinin yeni bir mərhələsi canlandırılmışdır. Romanda təsvir edilən şərait dövr üçün səciyyəvi ictimai hadisələrlə bağlı olduğundan, yazıçı eyni zamanda ötən əsrin əvvəllərində Azərbaycan kəndində və mərkəzdən uzaq şəhərlərdə hökm sürən ümumi vəziyyəti, ölkədəki siyasi özbaşınalığı, hərc-mərcliyi bədii boyalarla əks etdirmişdir. Tarixi həqiqətə uyğun olaraq müəllif bu əsərdə iki əsas siyasi cəbhənin olduğunu təsvir edir: müqəddəratını, istiqlaliyyətini öz əlinə almağa çalışan, sözün əsl mənasında öz taleyinin sahibi olmağa çalışan Azərbaycan xalqı və onların bu amalına qarşı dayansalar da, sonda xalq qüdrəti qarşısında məğlub olan qoluzorlu soyğunçular. «Dirilən adam» romanı ötən əsrin 30-cu illərinin əvvəllərində qələmə alınsa belə, əsərdə irəli sürülən ideyalar bugünümüz üçün də kifayət qədər aktualdır. Bu ideyalar bütün dövrlərdə öyrədir, tərbiyələndirir, insanları öz haqları, Vətənin milli mənafeləri uğrunda aktiv mübarizəyə səfərbər edir.

Mir Cəlalın 1939-cu ildə yazdığı «Bir gəncin manifesti» əsəri isə onun yaradıcılığının kulminasiyası, zirvəsidir desək, yəqin ki, yanılmarıq. Roman həm məzmunu, ideyası, həm də bədii mükəmməlliyinə görə, yazıçının başqa əsərlərindən xeyli yüksəkdə dayanır. Bununla belə, «Bir gəncin manifesti» romanına ədibin yaradıcılıq fəaliyyətində birdən-birə ortaya çıxmış ədəbi hadisə kimi yanaşmaq o qədər də düzgün olmazdı. XX əsr Azərbaycan ədəbiyyatının şedevrləri sırasında qərar tutan bu roman Mir Cəlalın yaradıcılığında uzun illərdən bəri davam edən mütərəqqi ənənələrin xoş nəticəsidir. «Bir gəncin manifesti» əsərində yazıçının toxunduğu məsələlərin müəyyən təzahürləri ilə onun ilk hekayə və oçerklərində də qarşılaşırıq. Romandakı əsas tarixi-ictimai konflikt qismən «Dirilən adam»dakı tarixi-ictimai qarşıdurmanın davamıdır. Bu romanda da Azərbaycana qarşı xarici müdaxilə, vətəndaş müharibəsi, yadların ağalığı illərindən bəhs olunur. Bununla belə, «Dirilən adam» romanında boş qalan müəyyən məqamlar «Bir gəncin manifesti»ndə real həyat səhnələri ilə tamamlanmış, canlı xarakterlərlə zənginləşdirilmişdir. «Bir gəncin manifesti»ndə Mir Cəlal Paşayev geniş xalq kütlələrinin mübarizə ruhunu düzgün təsvir etmiş, həyatı olduğu kimi göstərmişdir. Onun romanını ideya-bədii cəhətdən yüksək səviyyəyə qaldıran, bütün dövrlər üçün oxunaqlı edən ən əsas məziyyət də görünür, məhz elə budur.

«Bir gəncin manifesti» romanına Azərbaycanda və yaxın-uzaq xaricdə yüksək şöhrət qazandıran amillərdən biri də Mir Cəlal Paşayevin müəllif kimi son dərəcə səmimiliyi, insanlıq adına ləkə gətirən tüfeyli ünsürlərə güclü nifrəti, sadə, sıravi zəhmət adamlarına sonsuz sevgisidir. Sıravi insana bu məhəbbət ədibin xüsusilə Sona və balaca Bahar surətlərinə münasibətində özünün canlı ifadəsini tapmışdır. Yazıçının yaradıcılığında sezilən müəllif səmimiyyətini Mir Cəlal haqqında fikirlər irəli sürən bütün tənqidçilər xüsusi vurğulamışlar. Ədib hələ on illər öncə mədəni qarətçilərin qazanmaq ehtirasına qarşı «İtə ataram yada satmaram» deyərək, «Yusif və Züleyxa» xalısını ingilisə satmaqdan imtina edən Sona ananın mətinliyini, əyilməzliyini göstərərək məlum süjet xəttini Azərbaycan xalqının mənəvi qələbəsi ilə tamamlamışdır.

Əsərin qəhrəmanı qüvvətli, iradəli olduğu qədər də mübarizliyi ilə seçilən gənc Mərdandır. Ədib baş qəhrəmanını Mərdanın sarsılmaz anası Sona, ağıllı Bahar, igid Yaqub, dünyagörmüş Mövlam kişi, xeyirxah usta Rəhim və başqa bu kimi parlaq surətlərlə əhatə etmişdir. Burada xarakterlərin son dərəcə aydınlığı «Bir gəncin manifesti» romanının bədii dəyərini artıran ən əsas amillərdən biri kimi xüsusi qeyd edilməlidir. Romandakı xarakterlərin demək olar ki, hər biri fərdi xüsusiyyətlərə malikdir. İstər zəhmətkeş xalqı, istərsə də hakim təbəqəni təmsil edən adamların sinfi təbiəti əsərdə çox aydın və təsirli şəkildə, fərdi xüsusiyyətlərlə canlandırılmışdır.

«Bir gəncin manifesti»ndən sonra Mir Cəlalın yaradıcılığında sosial mövzulara meyil güclənmişdir. Görkəmli yazıçı «Anket Anketov» (1939), «Kəmtərovlar ailəsi» (1939), «Həpəndərovun məqaləsi», «Şəxsi məsələ», «Həkim hekayələri», «Məşriq», «Söyüd kölgəsində» (1940) və s. bu kimi satirik ruhlu hekayələr yazmışdır. Şüurlardakı ətalət qalıqlarına, rüşvətxorluğa, bürokratizmə qarşı qələmin satirik gücündən yetərincə istifadə edən Mir Cəlal bu hekayələrində də oxucunu düşündürür, insanlara bəşəri hisslər aşılayır. Mir Cəlalın gülüşə belə əhəmiyyət verməsi, ümumiyyətlə onun yaradıcılığı üçün səciyyəvi olan xüsusiyyətlər ilk hekayəsi «Mirzə»dən başlayaraq (1930) özünü göstərir. Bu hekayələr zaman keçdikcə Mir Cəlalın əsərlərinin həcminin kiçilməsi, mənasının isə dərinləşməsi barədə bir çox tənqidçilər tərəfindən irəli sürülən mülahizənin təsdiqi sayıla bilər.

Faşizmə qarşı ikinci cahan savaşı Mir Cəlalın ədəbi-elmi fəaliyyətində geniş üfüqlər açmışdır. Müharibənin əvvəllərində Uzaq Şərqdəki ordu hissələrinə gedərək döyüşən ordunun həyatı ilə yaxından tanış olan ədibin çoxsaylı oçerk, hekayə və publisistik yazıları oxucular tərəfindən maraqla izlənirdi. Böyük Vətən müharibəsində xalqımızın göstərdiyi misilsiz qəhrəmanlıq, dözümlülük və qələbə əzmi Azərbaycan bədii nəsrinin başlıca mövzularından birinə çevrilmişdi. Bu illərdə yazıçının nəsr yaradıcılığında operativlik, günün tələbinə cavab vermək meyli daha da güclənirdi. Bunun nəticəsi kimi həmin dövrdə Mir Cəlalın «Mirzə Xəyal», «Vətən hekayələri», «Şərbət», «Vətən yaraları», «Muştuluq» kimi ayrı-ayrı əsərləri çapdan çıxmışdır. Daha sonralar isə Mir Cəlalın «Həyat hekayələri» (1944), «Yaşıdlarım» (1947), yeniləşən, görkəmini büsbütün dəyişən Azərbaycan kəndində sadə zəhmət adamlarının əmək fəaliyyətindən bəhs edən «Yeni kəndin adamları» (1948) adlı oçerklər kitabı, habelə Azərbaycan şəhərinin müasir həyatı barədə söhbət açan «Təzə şəhər» (1952), «Sadə hekayələr» (1955) adlı kitabları nəşr edilmişdir.

İkinci Dünya müharibəsindən sonrakı illərdə Mir Cəlal həyatın irəli sürdüyü vacib ədəbi-tarixi vəzifələri yerinə yetirmək üçün yeni əsərlər üzərində işləyirdi. Onun «Od içindən çıxanlar» (1945) kitabında topladığı hekayələrdə cəbhədən qayıdan adamların sülh şəraitində yaratmaq eşqi, yaradıcı əməyin romantikası verilmişdir. Yazıçı həyat hadisələrinə fəal münasibət bəsləyir, qələmə aldığı mövzunu aydın yazıçı mövqeyi və estetik ideal baxımdan işləyirdi. O, bütün bacarığı və istedadının gücü ilə sülh, asayiş, dinc, xoşbəxt həyat uğrunda mübarizə aparırdı. Onun beynəlxalq mövzuda yazdığı «Çin qızı», «Sülh istəyənlərə», «Badam ağacları», «Ərəb qızı» və başqa hekayələrdə sülh, əmin-amanlıq, humanizm, yer üzündə insanların dinc, məsud yaşaması ideyası təbliğ olunur.

Alim-yazıçı böyük söz sahibləri Nizami, Füzuli, Sabir, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Səməd Vurğun kimi ədəbiyyatımızın görkəmli nümayəndələri ilə yanaşı, Lev Tolstoy, Maksim Qorki, M.Şoloxov, Anton Çexov kimi böyük söz ustaları haqqında da qiymətli elmi əsərlər, məqalələr yazmışdır. O, ədəbi yaradıcılıqla yanaşı, tərcümə sahəsində də müəyyən uğurlar qazanmışdır.

Ümumiyyətlə, Mir Cəlal Paşayev nədən yazırsa-yazsın öz hekayələrində həyatın dərin qatlarına nüfuz etməyə, hadisələrin daxili mahiyyətini açmağa çalışmışdır. Sənətkəranə sadəlik, fövqəladə təbiilik, heyranedici səmimilik onun yaradıcılığının, bədii üslubunun ən qüvvətli fərqləndirici cəhətidir.

Görkəmli alim və pedaqoq, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayev yaradıcılığının bütün dövrlərində əbəbi fəaliyyətlə yanaşı, elm sahəsində də səmərəli fəaliyyət göstərmişdir. Azərbaycan ədəbiyyatı tarixi ilə bağlı çapdan çıxan fundamental nəşrlərin hazırlanması prosesində yaxından iştirak etmiş, ADU-nun kafedra müdiri və Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat və Dil İnstitutunun şöbə rəhbəri kimi böyük bir filoloq nəslinə sözün əsl mənasında ustadlıq etmişdir.

Azərbaycan ədəbiyyatının və elminin inkişafında müstəsna xidmətləri olan dəyərli alimin «Azərbaycanda ədəbi məktəblər (1905-1917)» adlı monoqrafiyası onun Azərbaycan ədəbiyyatına və ədəbiyyatşünaslığına əvəzsiz xidmətinin əyani təzahürüdür. Bu kitab klassik sənət əsəri olmaqla yanaşı, elmi dəyərinə görə XX əsr müasir Azərbaycan ədəbiyyatının tarixi sayılır. Mir Cəlal Paşayevin bu kitabı Azərbaycan ədəbiyyatı, mədəniyyəti və ictimai həyatı haqqında ən sanballı elmi əsərlərdən biridir. Kitabda təsvir olunan dövrdən artıq bir əsr keçməsinə baxmayaraq, bu kitab milli ədəbiyyatşünaslıq elmimiz üçün bir etalon kimi müasir Azərbaycan elminə, ədəbiyyatına, mədəniyyətinə bu gün də müsbət təsirini göstərir.

Görkəmli yazıçı dövrünün ictimai proseslərinə də heç zaman biganə olmamış, cəmiyyətdə fəallığı ilə seçilmişdir. Böyük idealların təsdiqində fəallıq göstərmək, müasir ictimai-siyasi proseslərin, hadisə və meyillərin dərin təhlilini vermək, xalqın, xüsusən də bilik verdiyi tələbələrin rifahı naminə mücadilə etmək Mir Cəlal müəllimin ictimai fəaliyyətinin mərkəzində dayanmışdır. Tələbələri onun ali təhsil auditoriyalarındakı dərin məzmunlu, emosional məruzələrini bu gün də ehtiramla xatırlayırlar. Dərin bilik, insan psixologiyasını duymaq, zəngin dünyagörüşü, geniş məlumat dairəsi və fəal həyat mövqeyindən qaynaqlanan nəzəri düşüncələri Mir Cəlal müəllimin ictimai xadim obrazını daha da zənginləşdirir, kamilləşdirir.

Mir Cəlal Paşayevin oğlu, Azərbaycan Mühəndislik Akademiyasının prezidenti, Milli Aviasiya Akademiyasının rektoru, fizika-riyaziyyat elmləri doktoru, akademik Arif Paşayev atasının yaradıcılığı ilə bağlı danışarkən görkəmli yazıçının öz əsərlərində cəmiyyətdəki eybəcərliklərə, naqisliklərə qarşı mübarizə apardığını, mənəvi-əxlaqi dəyərləri tərənnüm etdiyini deyir. Bəli, Mir Cəlalın mühüm həyati problemlər qaldıran, vacib ictimai-siyasi və mənəvi-əxlaqi məsələləri əks etdirən realist əsərlərində əsas tədqiqat obyekti insanın mənəvi dünyasıdır. O, tərbiyə-əxlaq probleminə dair elə mövzular seçib, elə hadisə və surətlər qələmə alıb ki, onlar oxucunu düşündürür, mənəviyyatca saflaşdırır, düzgün istiqamətləndirir. Bu mənada görkəmli yazıçının əsərləri bir neçə nəslin tərbiyəsində, maariflənməsində və dünya baxışının formalaşmasında mühüm rol oynayıb.

Mir Cəlal Paşayev 1978-ci il sentyabrın 28-də vəfat etmiş, ikinci Fəxri xiyabanda dəfn edilmişdir. Lakin hələ 1963-cü ildə nəşr olunmuş «Xatirə kitabı»nın sonunda Mir Cəlal öz ürəyinə müraciətlə yazırdı: «On il, heç olmasa beş il mənə möhlət ver! Mənim dostlarıma, vətəndaşlarıma, Vətənimə deməyə sözüm var. Qoy bu sözlərimi də arxayın deyim, vəsiyyətimi eləyim, tələbələrim, məktəblilərim, dostlarım, yoldaşlarım, oxucularım, kitablarım ilə axırıncı dəfə vidalaşım».

Mir Cəlal Paşayev həm də gözəl ailə başçısı olaraq cəmiyyət üçün dəyərli övladlar yetişdirmişdir. İki oğul övladı — akademik Arif Paşayev və professor Hafiz Paşayev görkəmli alim və yazıçının adını daim uca tutmuş, istedadları, insanpərvərlikləri, alicənablıqları ilə Azərbaycan cəmiyyətində böyük nüfuz qazanmışlar. Mir Cəlal övladlarını vicdanlı, sadə və təvazökar olmağa öyrətmiş, onları əsl vətəndaş kimi tərbiyə etmişdir. Görkəmli yazıçının hər iki yadigarı yüksək elmi-praktiki potensiala malik alimlər olmaqla yanaşı, yüksək vətəndaşlıq, vətənpərvərlik hissləri ilə yaşayıb-yaradan, respublika əhəmiyyətli işlərdə gərgin əmək sərf edən, gənc nəslin təlim-tərbiyə işlərində, onların yüksək vətənpərvərlik ruhunda tərbiyə olunmalarını xüsusi diqqətdə saxlayan qayğıkeş rəhbərlər, səmimi insanlardır. Onların elmi yaradıcılığı, ictimai fəaliyyəti, insani keyfiyyətləri gənc nəslə də layiqli örnəkdir.

Nüfuzlu nəsil-şəcərənin layiqli davamçıları olan Paşayevlərin mənəvi təmələ, pak niyyət və arzulara tapınan möhkəm ailə modeli cəmiyyətdə böyük rəğbət hissi doğurur. Paşayevlər bu gün həm də ziyalı, nəcib, millətini, xalqını sevən, onun maariflənməsi yolunda əlindən gələni əsirgəməyən parlaq şəxsiyyətlər kimi tanınırlar.

«Ot kökü üstə bitər» deyib babalarımız. Mir Cəlalın ocağından su içmiş Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva kökdən gələn mənəvi zənginliyi ilə dünyanın xilasına yönələn mütərəqqi ümumbəşəri və milli idealların cəmiyyətdə daha da möhkəmlənməsinə, ictimai şüura hakim kəsilməsinə, fərqli sivilaziyaların dialoquna, keçmişlə gələcək arasında körpü salınmasına, insanlara xeyirxahlıq, insanpərvərlik və nəciblik kimi ali dəyərlərin əxz edilməsinə çalışır. Azərbaycanın birinci xanımının uğurla rəhbərlik etdiyi Heydər Əliyev Fondu bir ictimai-iqtisadi formasiyadan digərinə keçidlə bağlı cəmiyyətdə uzun illərdən bəri yığılıb qalan, insanları narahat edən problemləri dəqiq müəyyənləşdirməyə, onların həlli üçün səmərəli tədbirlər planı hazırlamağa və qısa müddətdə maksimum nəticələr əldə etməyə çalışır. Qurumun müxtəlif layihələrini birləşdirən ortaq nöqtə isə məhz milli genefondun qorunmasıdır. Bu ali mərama xidmət edən hər bir addım Heydər Əliyev Fondu üçün eyni səviyyədə prioritet mahiyyət daşıyır.

Fondun prezidenti Mehriban xanım Əliyeva xüsusən də son 8 ildə həyata keçirdiyi həyati əhəmiyyətli layihələrlə, irəli sürdüyü nəcib və xeyirxah təşəbbüslərlə xalqın dərin inam və etimadını qazanmışdır. Görünür, Mehriban xanım Əliyevanın üzərinə götürdüyü bu xeyirxah missiya tarixi bir qanunauyğunluq, həyatın diktə etdiyi ilahi harmoniyadır.

Ölkədə mədəni-mənəvi intibah prosesinin dərinləşməsi, yüksək idelların ictimai şüurda möhkəmlənməsi prosesinə Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, filologiya elmləri doktoru, professor Nərgiz xanım Paşayeva da layiqli töhfələrini verir. Nərgiz xanımın sevimli anasına — Aida xanıma ithaf etdiyi ÜNS Yaradıcılıq Səhnəsinin fəaliyyəti bu baxımdan cəmiyyətdə böyük maraq və rəğbətlə qarşılanır.

Bəli, professor Mir Cəlal Paşayevin ali idealları bu gün həm də onun layiqli davamçılarının, habelə mənəvi övladlarının əməllərində həyat gerçəkliklərinə çevrilir, xeyirxahlıq və insanpərvərlik yoluna cığır açır. Universitet auditoriyalarından həyatın qoynuna onun xeyir-duası ilə atılmış çoxsaylı yetirmələri, əlindən tutub elmə gətirdiyi və bu gün hər biri Azərbaycan mədəniyyətinin görkəmli simaları kimi cəmiyyətdə yüksək mövqe sahiblərinə çevrilmiş yüzlərlə insan üçün Mir Cəlal Paşayevin yaşadığı şərəfli ömür əsl insana xas ən gözəl xüsusiyyətləri şəxsində uzlaşdırmağa müvəffəq olmuş alicənab, nəcib, xeyirxah Azərbaycan ziyalısının həyat hekayəsidir. Cismən həyatda olmayan böyük yazıçı və alim məhz zəngin yaradıcılığı — sanballı əsərləri, qədirbilən yetirmələri ilə daim yaddaşlarda yaşayır.

 

26.04.2012