Cəmiyyət həyatı dalğalanan dəniz kimidir. Coşqun dalğalar dənizin qoynundakı gərəksiz əşyaları sahilə tullayır. Amma dəniz onun hüsnünə gözəllik verən, onu sevindirən gərəkli nemətlərə özünün su dünyasında əbədi yer verir.

Əgər bu nemətləri dəniz üçün dəyərli edən onların mövcud olduqları aləmə bağlılıqları bu aləmin bir parçasına çevrilmələridirsə, insanı da cəmiyyət üçün doğmalaşdıran, ona dəyər qazandıran şəxsiyyətidir, nəcib əməlləridir, xoş sorağıdır.

Uşaqlıqdan üzübəri həyatımızdan çox insanlar keçir. Çox insanlarla rastlaşırıq, tanış oluruq, ülfət qururuq, hətta bir-birimizə dost deyirik. Fəqət illər münasibətlərə sığal çəkdikcə bu insanların bir qismi yaddaşımızda heç bir iz qoymadan unudulur, bəziləri isə davranışı, işgüzarlığı, vətənpərvərliyi, comərdliyi, bir sözlə, insani keyfiyyətləri ilə qəlbimizdə əbədi yer tutur…

Şeyxülislam Hacı Allahşükür Paşazadə həyatımdakı belə şəxsiyyətlərdəndir…

Həzrəti Məhəmməd (ə.s) buyurur ki, «Kamil ağlın ən böyük xəzinəsi dindir. Buna görə də insanın dini ağıldır. Ağılı olmayanın dini də yoxdur».

Bu kəlamdan da anlaşıldığı kimi insanın inancı şüurla, şəxsiyyətlə, «mən»lə bağlı bir məqamdır. İnsan yer üzünün yeganə şüurlu varlığı olduğu kimi, yer üzünün həm də yeganə inanclı varlığıdır. O, maddi dünyanı özünün yeni-yeni kəşfləri ilə ram edir, şüurunun, zəkasının qüdrəti ilə ətraf aləm üzərində hakimliyə can atır.

İbtidai icma quruluşundan başlamış ta bugünə qədər insanın dünyada ərsəyə gətirdiyi bütün yeniliklər, elmi-texniki kəşflər onun varlığının fiziki tərəflərinə üz tutur, maddi dünyasını əks etdirir.

İnsanın ruhi dünyasında sahman yaradan, insanı tərbiyələndirən, şüurunun gücünü pis məqsədlərə, dağıdıcı niyyətlərə deyil, xeyir əməllərə yönəltməsini təlqin edənsə dindir, bu anlayışda mərkəzləşmiş mənəvi-əxlaqi normalardır.

***

Din elə bir sosial mühitdir ki, ictimai statusundan, dünyagörüşündən, savadından asılı olmayaraq cəmiyyətin ən müxtəlif qütblərində dayanan insanları bir araya gətirir, onlar arasında ortaq bir dəyərə çevrilir, dünyanı gözəlləşdirən, məramı, mahiyyəti ilə nur saçan əməllərin əlbir tərzdə yerinə yetirilməsinə vəsilə olur.

Amma bəzən də din fərqləndirici əlamətə çevrilir. İnsan mənsub olduğu dinlə özünü başqa dinlərin daşıyıcılarından ayırır. Hətta eyni bir dinin müxtəlif təriqətləri ortaya çıxır və bu təriqətlərə mənsub olanlar arasındakı boşluqda ixtilaf toxumları cücərə bilir…

Bu iki istiqamətdən hansı birinin aparıcılıq qazanması isə insanların dini hisslərinə, düşüncələrinə təsir gücünə malik dini liderlərin, din xadimlərinin hansı dəyərlərin təmsilçisi olmalarından çox asılıdır…

***

Çox adamla rastlaşmışam ki, dini mövzuda söhbətlərimiz zamanı tək Tanrıya inandığını iddia edib. Dini dəyərlərə münasibətinin Tanrı ilə bəndə olaraq özü arasındakı münasibətlərə aid olduğunu, bu münasibətlərə başqa heç kimi qarışdırmaq istəmədiyini bildirib.

Başqa sözlə, din xadimlərinin toplumdakı rolunu inkar yolu tutub.

İlk baxışdan haradasa razılaşmaq olar.

Amma məsələnin məğzinə varanda bunun ucuz pafosdan başqa bir şey olmadığı görünəcək. İslam din xadimləri insanla Tanrı arasında vasitə deyillər. Onlara Tanrı ilə bəndə arasındakı münasibətlərə hansısa formada müdaxilə etmək səlahiyyəti də verilməyib. Bu insanlar — əlbəttə, söhbət bilik, əxlaq, iman və vicdanları ilə bu adı haqq edən əsl din xadimlərindən gedir -  Tanrı sözünü insanlara düzgün izah edib, onlara haqqa, kamilliyə doğru yolları göstərən, bir çox sualların cavablarını bəsirət gözləri ilə görə bilən, bir çox mətləblərə aydınlıq gətirməyi bacaran mənəviyyat sahibləridir.

Və müasir dünyamızda dini zəmində baş verənlər, indi din xadimlərinin cəmiyyətdəki rolunun nə qədər önəmli olduğunu, onların təmsil etdikləri dünyagörüşünün, bəşəri dəyərlərə bağlılıqlarının nə qədər mühüm əhəmiyyət kəsb etdiyini göstərir…

Bu mənada Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə dünyanın yetərincə mürəkkəb bir regionunda — Qafqaz bölgəsində son dərəcə mühüm bir missiyanı yerinə yetirməkdədir…

Onun xüsusi bir təqdimata ehtiyacı yoxdur. Ad və soyadının əvvəlində ərəbcədən tərcümədə — «islam aləmində qocalan nüfuzlu alim», «mürşid», «islamın şeyxi» mənası verən Şeyxülislam titulunun mənəvi yükü onun həyat və şəxsiyyətinə, keçib gəldiyi çətin və şərəfli ömür yoluna çox uyğundur.

Xatırladım ki, Qafqaz Müsəlmanları İdarəsinin bir təsisat kimi formalaşdığı 1823-cü ildən bugünə kimi 12 şeyxülislamımız, 11 müftimiz olub. Tarix elmləri doktoru, İordaniya Kral Akademiyasının, eləcə də bir sıra beynəlxalq təşkilatların fəxri və həqiqi üzvü Hacı Allahşükür Paşazadə bu vəzifəni 1980-ci ildən yerinə yetirir.

2003-cü ildən isə Şeyxülislam titulu ona ömürlük verilib.

***

Etiraf etsək də, etməsək də, Şərqin inkişaf baxımından Qərb dünyasından hələ çox geri qalması bir həqiqətdir. Bir çoxları Qərblə Şərq arasındakı inkişaf fərqini bəzən bu cəmiyyətlərdə dinlə hakimiyyət arasındakı münasibətin fərqi ilə izah edirlər.

Tarixi faktlar Qərb ölkələrində dinlə hakimiyyətin bir-birinə münasibətdə zidd mövqedə dayandıqlarını və bu ziddiyyətin vəhdətinin həqiqətən bəzi məqamlarda tarixi inkişafa yol açdığını göstərir. Şərq cəmiyyətlərinin çoxunda isə din tarixən və elə indinin özündə də ideoloji vasitə kimi qəbul edildiyindən onlar arasında bərabərlik işarəsi olub və həmişə hakimiyyət din, dinsə hakimiyyət anlamında dəyərləndirilib.

Dünyanın gərdişi, tutulan inkişaf istiqaməti artıq bu yanaşmaların hər ikisini inkar edir. Bu gün nə hakimiyyətlə din arasında hər hansı konfliktin yaşanmasına, bu iki qütbün bir-birinə qarşı müxalif mövqedə dayanmasına yol verilə, nə də dinin hakimiyyətin idarəetmə vasitəsinə çevrilməsinə şərait yaradıla bilər. Çünki bəşəriyyətin gələcəyi üçün bu yanaşmaların hər ikisi eyni dərəcədə təhlükəlidir.

Müasir dünyanın reallıqları hakimiyyətin də, dinin də məhz insanın yanında olmasını, insanın öz rifahı üçün qurub-yaratdığı dövlətə, dövlətçiliyə xidmət göstərməsini, yerinə yetirdiyi missiya ilə insanın həm maddi, həm də mənəvi dünyasının qayğısına qalmasını diktə edir.

Qərb cəmiyyətlərində tarix boyu əldə edilmiş inkişaf bu cəmiyyətlərdə artıq belə bir reallığın formalaşmasına müəyyən imkanlar yaradıb. Bu cəmiyyətlərdə ən azı sadə cəmiyyət üzvünün həyatında dini dəyərlər siyasi idarəetmə sistemlərindən kənar bir şəkildə, yalnız insanın mənəvi dünyasının tərbiyələndiricisi səviyyəsində görünür.

Şərq dünyasında isə belə bir yanaşmanı, dinə münasibətdə belə mənəvi tərəqqi örnəyini ilk dəfə məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkəmizdə müəyyənləşdirmiş oldu…

***

Heydər Əliyev yenicə müstəqillik qazanmış cəmiyyətdə dini hansısa qüvvələrin əlində ideoloji mübarizə silahına çevrilməkdən hifz edib insan ruhunun mənəvi ərazisi kimi qorudu.

Azərbaycan insanlarının vicdan azadlığı məsələsinə münasibətinin düzgün və sağlam müstəvidə müəyyənləşdirilməsinə nail oldu. İslam dininə Azərbaycan xalqının dini etiqadı olmaqla yanaşı, eyni zamanda milli mədəniyyətimizin ayrılmaz tərkib hissəsi kimi yeni dəyər qazandırdı. Dini Azərbaycan cəmiyyətində milli, əxlaqi və mənəvi bütövlüyün önəmli amili olaraq təqdim etdi.

Dövlət-din münasibətlərinin müasir dövrün tələblərinə uyğun tənzimlənməsi istiqamətində mühüm addımlar atdı. Azərbaycanda dinlər, xalqlar arasında anlaşma və dialoq yaradaraq ölkəmizi tolerantlıq ünvanına çevirdi.

***

Heydər Əliyevin bilavasitə ideya müəllifliyi ilə hazırlanaraq 1995-ci ildə ümumxalq səsverməsi əsasında qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasında din və dövlət münasibətləri ilə bağlı bütün məsələlər böyük uzaqgörənliklə öz həllini tapdı. Azərbaycanda dinin dövlətdən ayrı olması, bütün dini etiqadların qanun qarşısında bərabərliyi Konstitusiya ilə müəyyənləşdi. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliğinə qadağa qoyuldu. Dövlət təhsil sisteminin dünyəvi xarakter daşıdığı təsbit olundu.

Bütün bunlarla yanaşı, Azərbaycan dövləti ölkəmizdə mövcud olan və fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində quran bütün dini konfessiyalara diqqət və qayğını üzərinə çəkdi. Onların inkişafına dəstəyini bir an belə əsirgəmədi…

***

Heydər Əliyev dini məsələlərə özünə xas bir maraqla, həssaslıqla yanaşırdı, hadisələrin seyrçisi yox, fəal iştirakçısı olaraq onun əsas istiqamətlərini müəyyənləşdirir, din xadimləri ilə davamlı göruşləri, müqəddəs yerlərə ziyarətləri, bütün dini mərasim və bayramlarda xalqa müraciətləri ilə vicdan azadlığı prinsiplərinin cəmiyyətdə özünə düzgün yer tutmasına çalışırdı.

İslamın müasir Azərbaycan cəmiyyətində tutduğu yeri açıb göstərmək, yad ideoloji cərəyanların, qeyri-ənənəvi dini firqələrin və missioner təşkilatların pozucu fəaliyyəti və təxribatların qarşısını almaq üçün ölkədə dini işləri tənzimləyir, dövlət-din, müasirlik-din münasibətlərini sağlam bir müstəvidə qururdu.

Müstəqil Azərbaycan dövlətinin müəyyən etdiyi bu xəttin reallaşmasında, insanların dini inancı ilə bağlı həyata keçirilən dövlət siyasətinin xalqa izahında, bu prinsiplərin insanlar arasında düzgün təbliğində ümummilli lider Heydər Əliyevin ən çox inanıb güvəndiyi insanlardan biri idi Şeyxülislam Hacı Allahşükür Paşazadə.

Çünki onun Azərbaycan dövlətinə sevgisindən, sədaqətindən, siyasi səbatından, dövlətçilik təfəkküründən əmindi.

Heydər Əliyevin dövlətçilik məktəbində yetişmiş, bu məktəbdən görüb-götürmüş, ötən əsrin 70-ci illərindən Qafqaz Müsəlmanları İdarəsinin rəhbər şəxslərindən biri, 1980-ci ildən isə Şeyxülislam kimi Heydər Əliyevdən öyrənmiş, milli dövlətçilik ustadının xeyir-duasını almış şəxsin hər addımında Azərbaycan dövlətinin yanında olacağı ulu öndərə əyandı.

***

Qafqaz şeyxülislamları ilə bağlı silsilə yazılarımda toxunduğum məqam Hacı  Allahşükür Paşazadə şəxsiyyəti ilə bağlı bu yazımda da yerinə düşür. Şeyxülislamın dini təhsil ardınca vətəndən qürbətə yola düşdüyü ötən əsrin 60-cı illərində bütün Sovet İttifaqında islam üzrə cəmi iki təhsil ocağı vardı. Onların ikisi də Özbəkistanda fəaliyyət göstərirdi: Buxara şəhərindəki məşhur Mir Ərəb mədrəsəsi və Daşkənd İslam İnstitutu. Bu təhsil ocaqlarında əsasən keçmiş SSRİ-nin qeyri-azərbaycanlı müsəlmanları təhsil alırdı.

Hacı Allahşükür Paşazadə hər iki təhsil ocağını böyük müvəffəqiyyətlə başa vurub vətənə dönəndə sovet Azərbaycanının rəhbəri Heydər Əliyev idi. İlk günlərdən dövlətin böyük diqqət və qayğısı ilə əhatələnən gənc din xadimi bir neçə il sonra, cəmi 31 yaşında Azərbaycanın və bütün Qafqazın Şeyxülislamlıq tarixinin ən gənc şeyxülislamı oldu. Belə əhəmiyyətli bir vəzifəyə 31 yaşlı gəncin seçilməsində Heydər Əliyevin verdiyi mənəvi dəstəyin də şəksiz ki, müəyyən rolu olmuşdu və bu, hələ o zamanlardan demokratik dəyərlərin, vicdan azadlığının, dini tolerantlığın aparıcı olacağı istiqlal soraqlı gələcəyə hazırlığın bir işarəsi kimi nəzərə çarpırdı.

***

O zamanlar həsrətində olduğumuz belə bir gələcək indi müasiri olduğumuz, hər keçən gün müstəqil Azərbaycan dövlətinin yeni bir uğuruna fərəhləndiyimiz indiki günlərimizdir.

…Və Hacı Allahşükür Paşazadə aradan 34 il keçəndən sonra, yaşının 65-ci vədəsində, bu gün də Heydər Əliyevin milli dövlətçilik kursuna sadiqdir. Bu kursu böyük əzmlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanındadır, müstəqil dövlətimizi tarixinin ən böyük nailiyyətlərinə qovuşduran dövlət rəhbərimizin köməyindədir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü daxili və xarici siyasət, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın ictimai təşəbbüsləri sayəsində tolerantlıq ünvanına, mədəniyyətlərarası dialoq məkanına, Qərblə-Şərqin bir-biri ilə ortaq dil tapdığı bir coğrafiyaya çevrilən Azərbaycan dövlətinin yüksəlişi, tərəqqisi üçün O da öz səylərini əsirgəmir.

5 il öncə «Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru» mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Şeyxülislam Allahşükür Paşazadənin fəaliyyətinə yüksək qiymət verərək demişdi: «Şeyx həzrətləri otuz ildir ki, bu məsul vəzifədə Azərbaycan naminə çalışır, həm Sovet İttifaqı zamanında, həm müstəqil Azərbaycanın quruculuğu dövründə. Əlbəttə ki, bu dövrlərin arasında çox böyük fərq vardır. Amma buna baxmayaraq, Şeyx həzrətləri hətta çox çətin ideoloji çərçivələr içində həmişə öz ədalətli sözünü demişdir. Ölkəmiz üçün ən çətin anlarda o, birinci sırada idi. Müstəqilliyimiz ərəfəsində Azərbaycanda yaşanan çox ağır hadisələr zamanı Şeyx həzrətlərinin müdrik sözü, onun vətəndaş mövqeyi Azərbaycanı daha da böyük bəlalardan qurtara bilmişdir. Bu gün mənimlə hörmətli Şeyx həzrətləri arasında münasibətlər çox səmimidir, dostluq münasibətidir. Biz bu dostluqdan çox məmnunuq. Bu dostluq həm bizim üçün, həm də ölkəmiz üçün lazımdır».

Fikrimizcə, bu isti kəlmələr Şeyxülislamın fəaliyyətinə verilmiş ən yüksək mükafatdır. Çünki bu kəlmələrin hər birinin arxasında onun tarixin müxtəlif dönəmlərində müstəqil Azərbaycan dövlətinə təmənnasız xidmətinə verilmiş obyektiv qiymət dayanır.

Hacı Allahşükür Paşazadəyə bu rəğbəti qazandıran ən mühüm keyfiyyət onun vətəndaş mövqeyidir. Bu mövqeyin ifadə olunmasından heç zaman çəkinməməsidir. Vaxt olub ki, Şeyxülislam Bakıda 20 Yanvar qətliamının törədilməsinə əmr vermiş rus generalları ilə qorxmadan üz-üzə dayanıb.

Bu qətliama birbaşa rəhbərlik etmiş general D.Yazov kimi cəllad xislətli birisini öz məntiqi, xarizması ilə yerində oturdub. Kreml başbilənlərinə qarşı yazdığı və dünyanın əksər nüfuzlu media orqanlarında yayılan kəskin bəyanatları ilə gələcəyini təhlükə altında qoyub. SSRİ Ali Sovetinin deputatı mandatından imtina edib. Moskvada ona əl uzadan M.Qorbaçovla «Sizin əliniz mənim xalqımın qanına batıb. Mən Sizə əl uzada bilmərəm» — deyə əl tutuşmaqdan imtina edib.

Tarixin sonrakı mərhələlərində də Azərbaycan və ümumilikdə İslam dünyasına qarşı yönəlmiş təzyiq və təhdidlərə qarşı fəal mövqeyi ilə cəmiyyətin inanclı kəsiminə həmişə cəsarət nümunəsi göstərib.

Yüksək elmi, intellekti, gənc yaşlarından şəxsiyyətinin xarakterik cizgilərinə çevrilən ağsaqqal ərkanı, səbri, təmkini, məsələlərə özünəməxsus yanaşmaları onu təkcə Azərbaycan cəmiyyətində deyil, bütün İslam dünyasında böyük nüfuz sahibi edib.

***

Xalqımızın dilində əsrlərin, qərinələrin sınağından keçib gələn sadə bir deyim, görünür, əbəs yerə yaranmayıb: «Deyir, qardaşın necə adamdır? Cavab verir ki, yol yoldaşı olmamışam».

Şeyxülislamla birgə Azərbaycan daxilində və ölkəmizdən kənarda çox yerlərə səfərlər etmişik. Onun xarici ölkələrdə necə böyük ehtiramla qarşılanması qəlbimdə dərin rəğbət doğurub, məni səfər təəssüratlarımı yazmağa vadar edib. Görüb, duyub, dərk etmişəm ki, o, dünyanın hər bir guşəsindən görünən böyük din xadimidir.

Özbəkistanda onun əlini öpən dövlət məmuru da görmüşəm, Gürcüstanın 80 yaşlı patriarxı II İlyanın Tiflis hava limanında onu necə qarşılamasını, «qardaş» — deyib bağrına basmasını, haqqında necə xoş sözlər deməsini də. Gürcüstan Baş nazirinin Hacı Allahşükür Paşazadənin Tiflisdə Qafqaz Müsəlmanları İdarəsinə məxsus arxivin Azərbaycana verilməsi barədə xahişinin yerinə yetirilməsinə canla-başla göstəriş verməsinə də şahid olmuşam.

Müsəlman ölkələrinin çoxunda Şeyxülislama bütün Qafqazın dini lideri kimi böyük ehtiram göstərildiyi, yüksək rütbəli dövlət məmurlarının onunla məsləhətləşmələr apardıqları da müşahidələrimdən qeyd dəftərimə köçən epizodlardır.

***

O, Qafqaz xalqlarının sülhməramlı niyyətlərinin fəal tərəfdarı və müdafiəçisidir. Şeyxülislam hələ 1986-cı ildə Bakıda keçirilən «Müsəlmanlar sülh uğrunda mübarizədə» beynəlxalq konfransının təşəbbüskarı və onun daimi fəaliyyət göstərən komissiyasının sədri olmuşdur. 1987-ci ildə isə Moskvada təşkil edilmiş «Nüvə silahsız dünya, bəşəriyyətin xilası uğrunda» Beynəlxalq Forumun təşəbbüskar qrupuna başçılıq etmişdir. 1989-cu ildə SSRİ Ali Sovetinin deputatı seçilmiş, 1990-1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı olmuşdur.

Ermənilərin Azərbaycana qarşı hərbi təcavüzündən dolayı başlanmış münaqişəni  hələ əvvəldən dini münaqişə kimi qələmə vermək istəyənlər vardı. Bu xəbis niyyət həyata keçsəydi, münaqişə dini xarakter alsaydı, qan çanağına dönmüş regionda indi vəziyyətin necə olacağını, yəqin ki, kimsə təxmin edə bilməzdi. Amma  Şeyxülislamın 1988-ci ildən başlayaraq erməni kilsəsinin rəhbərlərini konstruktiv dialoqa dəvət etməsi, bu məqsədlə dəfələrlə görüşlər keçirərək müzakirələr aparması münaqişənin dini miqyas almasına imkan vermədi.

Qarabağ probleminin sülh yolu ilə həll olunması üçün o, rus, gürcü, erməni dini liderləri ilə görüşlərini indi də davam etdirir. Harada olur-olsun, Azərbaycan həqiqətlərini, Qarabağ və qaçqınlar problemini tanınmış din və dövlət xadimlərinin diqqətinə çatdırır. Bu problemi onlarla yüksək səviyyəli görüşlərində müzakirə edir, bölgədə sülhün və əmin-amanlığın möhkəmləndirilməsi ilə bağlı geniş təbliğat işi aparır.

***

1991-ci ildə keçmiş sovet müsəlman respublikaları arasında ilk dəfə məhz Azərbaycanın İslam Konfransı Təşkilatına üzv qəbul olunmasında da Şeyxülislam Hacı Allahşükür Paşazadənin şəxsi təşəbbüsünün rolu barədə söhbət açmaq yerinə düşərdi.

Şeyxülislamın fəaliyyəti təkcə Azərbaycanın və Qafqazın hüdudları ilə məhdudlaşmır. 1992-ci ildə Qafqaz Xalqları Ali Dini Şurasının sədri seçilən Allahşükür Paşazadə Çeçenistan və İnquşetiyada dini təfriqə salan radikal təmayüllü qüvvələrin xalqa zidd əməllərinin qarşısının alınmasında öz səlahiyyətləri daxilində əməli tədbirlər görmüş, «Qafqaz evi» çərçivəsində bölgədə sülh mühitinin formalaşması istiqamətində gərgin fəaliyyəti ilə böyük nüfuz qazanmışdır.

Rusiya Prezidenti Vladimir Putin Şeyxülislam Allahşükür Paşazadə haqqında yazır: «Siz Qafqaza dair məsələlərdə dini konfessiyaların ruhani lideri kimi mühüm rol oynayırsınız. Sizin münaqişəli vəziyyətləri nizama salmaq sahəsində sülhməramlı, yaradıcı fəaliyyətiniz, cəmiyyətdə mənəvi iqlimin sağlamlaşdırılması naminə səyləriniz ən yüksək qiymətə və hərtərəfli dəstəyə layiqdir».

Gürcüstan Respublikasının sabiq prezidenti mərhum Eduard Şevardnadze də Şeyxülislam Allahşükür Paşazadənin regionda sülh, əmin-amanlıq naminə gördüyü işlərə yüksək dəyər vermişdir: «Harada Şeyxülislam Allahşükür Paşazadə var, orada sülh var, ədalət var. Onun Azərbaycan dövlətinin və Qafqazın dini icmalarının qarşısında duran problemlərə münasibətdə müdrik, uzaqgörən siyasəti regionumuzun xalqları arasında sülhün möhkəmləndirilməsi işinə olduqca dəyərli töhfədir».

***

Mətbuatdan Şeyxülislamın Moskva və bütün Rusiyanın patriarxı II Aleksi ilə birlikdə BMT yanında Dinlərarası Məşvərət Şurasının yaradılması təşəbbüsü ilə çıxış etməsi, din xadimlərinin BMT-nin Baş katibi Pan Gi Munla Moskvadakı görüşü zamanı bu ideyanın gerçəkləşməsi istiqamətində danışıqlar aparması barədə oxumuşdum.

Dünyada din pərdəsi altında toqquşmaların baş verdiyi, insanların dini ayrıntıları əsas gətirərək bir-birinin qanına susadıqları indiki ziddiyyətli dünyamızda, bu, həqiqətən alqışlanası bir təşəbbüsdür. Əfsuslar olsun ki, belə cəsarətli təşəbbüslər heç də hamı tərəfindən eyni tərzdə qarşılanmır. Şeyxülislam öz vətəndaş mövqeyindən dolayı dünyada sülh, ədalət naminə atdığı addımlara görə çox hücumlara da sinə gərməli olub.

Müəyyən təfriqəçi qüvvələrin maraqlarının ifadəçisi rolunda çıxış edən «mətbuat orqanları» ona qarşı uzunmüddətli kampaniyalar aparıblar. Hansısa çirkin məqsədlərini həyata keçirməyə çalışıblar. Amma bu mənfur məqsədlər heç bir səmərə verməyib. Çünki Şeyxülislama hücum etmək istəyənlər öz qarşılarında onun müstəqilliyimiz, demokratik inkişafımız üçün fədakar xidmətlərini yüksək dəyərləndirən milli dövlətimizi görüblər, dövlət rəhbərimizin qətiyyətli mövqeyi qarşısında geri çəkilməli olublar, onun şəxsiyyətinə dəyər verən cəmiyyət üzvlərinin ictimai qınağı qarşısında utanıblar…

***

Hacı Allahşükür Paşazadə son dərəcə dinamik həyat tərzinə malik bir insandır. O, tez-tez müxtəlif ölkələrə səfərlər edir, Azərbaycana gələn yüksək rütbəli din və hökumət nümayəndələrini qəbul edir, ilahiyyat məsələləri ilə bağlı bir-birindən dəyərli elmi-dini əsərlər qələmə alır, islam dininin mahiyyətinə, eləcə də onun incəliklərinə bələd olan peşəkar mütəxəssislərin hazırlanması sahəsində önəmli işlər görür…

Şeyxülislam Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Komissiyasının  üzvü kimi ölkəmizdə humanizm ənənələrinin inkişafına da dəstək verir.

Hərdən düşünürəm ki, Hacı Allahşükür Paşazadədə bu qədər güc, enerji mənbəyi haradandır?.. Amma hər dəfə də bu suala cavabı Şeyx həzrətlərinin özünəməxsus olan bir fikirdə tapıram: «İnsanın həyatında ikinci böyük xoşbəxtliyi, onun ailəsindən sonra xüsusi əhəmiyyətə malik olan müəllimləri və məktəbidir».

Bəli, bu enerji, əməksevərlik onda doğulub tərbiyə aldığı, halal zəhmətə alışdığı çoxuşaqlı ailədən, erkən yaşlarından onu müxtəlif elmlərə vaqif edən nur çöhrəli müəllimlərdən, keçdiyi 65 illik çətin və şərəfli həyat məktəbindən gəlir.

Bu həyat məktəbində din bir mənəviyyat işığıdır. Bu işıq insan ruhuna nur saçır, təfəkkürləri xürafat zülmətindən, radikallıqdan, kin-küdurətdən qoruyur, dini normaları kor-koranə rituallara deyil, mənəvi mahiyyətə, nəcib məqsədlərə, xeyir əməllərə yönəldir.

Kiçik bir nümunəni xatırlayacağam, illər öncə aşura mərasimlərində inanclı insanların bu mərasimin qədim ritualı kimi özlərinə xəsarət yetirmələri müəyyən narahatlıq doğururdu. Şeyxülislam öz şəxsi nümunəsi ilə bu ritualın donorluq kimi nəcib bir təşəbbüsə dönməsinə, ölkəmizdə qana ehtiyacı olan xəstələr, ələlxüsus talassemiyalı körpələr üçün donorluq aksiyasının genişlənməsinə nail oldu. Belə məqamlardan çox yada salmaq olar.

***

O, Azərbaycanda və ümumilikdə bütün dünyada sülh, ədalət, mənəviyyat idealları naminə göstərdiyi xidmətlərə görə çox mükafatlara, orden və medallara layiq görülüb. Azərbaycan Respublikasının «Şöhrət» ordeni, «İstiqlal» ordeni, «Şərəf» ordeni, keçmiş SSRİ-nin «Xalqlar dostluğu» ordeni, Misir Ərəb Respublikasının I dərəcəli «Əl-elm və əməl» ordeni, Çeçenistan Respublikasının Milli Qəhrəmanı «Koman Turpal», «Kadırov» ordenləri, Gürcüstan Respublikasının «Şərəf» ordeni, Vatikan dövlətinin «Müqəddəs Qreqori» ordeni, Rusiya Federasiyasının «Dostluq», «Şərəf» ordenləri, İordaniya Krallığının I dərəcəli «Kral Hüseyn» ordeni, Rus Pravoslav Kilsəsinin, Rusiya Müftilər Şurasının, Bakı və Xəzəryanı Yeparxiyanın, Şimali Qafqaz Müsəlmanları Koordinasiya Mərkəzinin və digər qurumların müxtəlif ordenləri Şeyxülislam Hacı Allahşükür Paşazadəyə aid yüksək mükafatlar silsiləsinin yalnız məhdud bir hissəsidir. Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərindəki küçələrdən biri də onun adını daşıyır.

Ən böyük mükafatsa fikrimizcə, Tanrının əta etdiyi, 65 il şərəflə yaşanmış, Azərbaycanda və bütün dünyada sülhün, haqq-ədalətin təntənəsinə həsr olunmuş, bəşəriyyətə ruhani töhfələr vermiş ömürdür. 65 illik yubileyi münasibətilə Şeyxülislam Hacı Allahşükür Paşazadəni təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, həyat və fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

 

Hüseynbala MİRƏLƏMOV,

Milli Məclisin deputatı, yazıçı-publisist