İllər ötəcək, əsrlər keçəcək, nəsillər dəyişəcək, amma bu qoca dünyanın unikal və qədim sivilizasiya ərazilərindən olan Azərbaycanda bir ad daim yaşayacaq, hörmətlə, ehtiramla xatırlanacaq — HEYDƏR ƏLİYEV. Bu adın qarşısında saysız – hesabsız titullar, millət, xalq, Vətən qarşısında misilsiz və müstəsna xidmətlər dayanır- Azərbaycanın xilaskarı, müstəqil dövlətçiliyin memarı və qurucusu, ümummilli lider, fenomen şəxsiyyət, Azərbaycan və azərbaycanlıların şərəf simvolu və s. və i.. Bu gün müstəqil dövlətçiliyin elə bir atributu yoxdur ki, orada bu böyük dühanın müstəsna xidmətləri olmasın, onun parlaq zəkasının nişanəsi görünməsin.

Klassik alman filosofu Fridrix Nitşe düşüncələrinin birində yazır ki, “Bəşəriyyətin məqsədi, hədəfi onun ali nümayəndələrindədir….” Bəli, Heydər Əliyev də bu ali müdriklərin yüksəldiyi zirvənin fatehlərindən biridir.

Azərbaycan xalqı XX əsrdə dünyanın siyasət meydanına bəxş etdiyi nadir şəxsiyyətə — Heydər Əliyevə öz qəlbində möhtəşəm abidə ucaldıb. Bu qeyri-adi zəka sahibi əlli illik bir mübarizə yolu ilə xalqımıza azadlıq və müstəqil dövlət bəxş edib. O, həmişə çalışıb ki, xalqı mənəvi cəhətdən azad olsun. Axı, mənəvi azadlığı olmayan xalqın müstəqil dövləti ola bilməz. Hətta Sovet dövlətinin dünyaya meydan oxuduğu dövürdə də Heydər Əliyev mənəvi azadlığın təminatçısı idi. Onun ən böyük üstünlüyü öz xalqının tarixini və etnoqrafiyasını mükəmməl bilməsi idi.

1993-cü il… O ilin soyuq yayı çoxumuzun yaddaşında silinməz izlər buraxdı. Xalq o zaman doğrudan da üşüyurdü. Xalq çaşqınlıq girdabında boğulurdu. Xalq iliyinə qədər donmuşdu. İnsan övladı heç vaxt yayın qızmarında bu qədər üşüməmişdi. Böyükdən kiçiyə, kiçikdən böyüyə — hamının gözü Ona zillənmişdi. Hətta ən amansız rəqibləri və sədaqətli dostları belə ölkədə yaranmış xaosdan, hərc-mərclikdən yalnız Onun baş çıxaracağına inanırdılar. Başqa birisinin yox!

Bəli, tarix Böyük İnsanı bir daha sınağa çəkirdi. O, xalqın görən gözü, düşünən və düşündürən beyni, vuran ürəyi, xilas məşəli, millətin Atatürk timsallı atasıydı.

Artıq, Böyük İnsan yeni bir dövlət sarayı qurmağa başladı. Özüllərinə qədər sarsılmış, divarları çat vermış dövlət sarayı xaraba qalmış bir binanı, tufanlar qoynundakı azmış sükansız bir gəmiyə bənzəyirdi. Bu binanı yenidən bərpa etmək, bu gəmini xilas etmək lazım idi. Buna görə də O, yorulmadan çalışırdı, gecəni gündüzə qataraq düşünürdü, yollar axtarırdı. Çox vaxt sübhü iş otağında qarşılayırdı.

Bəli, xalqını naümüd qoyman Böyük İnsan gələcəyə inamla baxırdı…

***

Heydər Əliyev siyasi fenomen kimi Azərbaycan tarixinin həqiqətidir. Həqiqətlər isə bütün nisbiliklərə baxmayaraq, tarixin sınaqlarından üzü ağ çıxır. Deyirlər fenomenlərin sirri yoxdur. Onlar heç bir möcüzə yaratmırlar. Sadəcə zəngin bilikləri, təcrübələri ilə çoxlarını, az qala bütün müasirlərini üstələyir, onların bacarmadıqlarını bacarır, hətta qeyri-mümkün olan hər nə varsa, hamısını reallaaşdıra bilirlər. Ulu Öndər təkcə biliyə, təcrübəyə əsaslanmırdı, O, taleyüklü məsələlərin həllində fədakarlıq, qəhrəmanlıq nümunəsi də göstəririrdi. .

***

Dünyanın siyasi xadimləri arasında Heydər Əliyev obrazı öz parlaqlığı ilə diqqəti cəlb edir. Bu siyasi fenomenin işığının bu qədər gur olmasınının səbəbləri çoxdur. O, ən azı XX əsrin qüdrətli siyasi sütunlarından biridir.

Deyirlər ana TƏBİƏT heç bir şeyi məqsədsiz yaratmır. O təbiət ki, Odlar diyarımızdan – Azərbaycandan heç nəyi əsirgəməyib; burada zümrüd meşələr, uca dağlar, durna gözlü bulaqlar, axarlı çaylar, baxarlı göllər, gözəl mənzərələr — bir sözlə TƏBİƏT abidələri göz oxşayır, adamın könlünə sığal çəkir, ruhuna qol- qanad verir…

Mənə elə gəlir ki, cəmiyyət həyatı da belədir. O cəmiyyət ki, onun hər zaman müdrik şəxsiyyətlərə, dahilərə, xilaskarlara ehtiyacı olub! Tanrı zamanında və çətin anlarda cəmiyyətə dahilər bəxş edib… Və dahilərin əməlləri adamın qəlbini fərəh və qürur hissiylə doldurur, ruhuna, düşüncəsinə qol-qanad verir.

Cəmiyyət öz bağrından qopmuş və bütün dünyanın tanıdığı dahini yaddaşında əbədi yaşadır! Ona görə də Dahi üçün ZAMAN anlayışı yoxdur. Çünki DAHİ təkcə keçmişə — yaşadığı zamana aid deyil, DAHİ bu günün və gələcəyin MİLLİ SƏRVƏTİ kimi öz adını tarixin səhifələrinə qızıl hərflərlə yazmış insandır.

Azərbaycan dövlətinin memarı, milli liderimiz Heydər Əliyev belə dahi və nadir şəxsiyətlərdən biri idi. Heydər Əliyev öz ömrünü bütünlüklə Azərbaycana həsr etdi, xalqı üçün yaşayıb-yaratdı. Ömrünü VƏTƏNƏ bağışlayan Böyük İnsan deyirdi: “Hamımızın bir vətəni var, bu, Azərbaycandır… Nə qədər Azərbaycan var, mən də varam!”

***

Ötən yüzillik Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, ictimai-siyasi həyatına “Heydər Əliyev qərinəsi” kimi daxil olmuşdur. Tarixçılər ulu öndəri əbəs yerə Ümumdünya tarixinin AZƏRBAYCANLI dahisi adlandırmırlar!

Bəli, Heydər Əliyev VƏTƏN tarixinin böyük müəlliflərindən biridir!

Bütün dünya etiraf edir ki, ötən əsrdə türk dünyasının yetişdirdiyi İki qüdrətli dahi olub: Mustafa Kamal Atatürk və Heydər Əliyev. Dahilik zirvəsini fəth etmiş bu İKİ böyük və qüdrətli sima əslində Tanrının seçdiyi insanlar idi. Onların hər ikisi Vətənin ağır günlərində xilaskarlıq və dövlət qurucusu missiyasıyla öz xalqına bəxş olunmuşdu…

Heydər Əliyev danışanda, yeriyəndə, müsahibə verəndə adamı özünə valeh edirdi. Yazıçı da, şair də, siyasət adamı da onun zəkasına heyran olurdu.

Ulu Öndərin xalqımız, vətənimiz qarşısında xidmətlərini sadalamaqla qurtaran deyil. Mən müstəqil Azərbaycan dövlətinin qurucusu və əbədiyaşarlığının təminatçısı olan Heydər Əliyevin Azərbaycan xalqı naminə böyük xidmətlərini dəfələrlə tərənnüm etmişəm. Hərdən düşünürəm, hər bir qələm sahibinin gördüyü və şahidi olduğu hadisələrə münasibət bildirməsi onun ziyalılıq borcudur. Hər kəs çiyninə düşən vətəndaşlıq borcunu, Tanrının ona bəxş elədiyi ömür payını yaşadığı dövrdə qaytarmalıdır. Tarixdə fonemenlərin rolu haqqında çox kitablar yazılır. Mən qismətinə xoşbəxtlik düşən o qələm sahiblərindənəm ki, üç fonemenin vəhdətindən bəhs edən kitabların müəllifiyəm.

Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevə həsr etdiyim və Moskvada “Molodaya qvardiya” nəşriyyatında iki dəfə çap olunmuş “Görkəmli adamların həyatı” seriyasından olan “Heydər Əliyev” kitabım dünya xalqlarının 20-dən çox dilinə tərcümə olunub…

Qədimdən bəri belə deyim var ki, kitab – istər siyasi ədəbiyyat olsun, istər bədii — xalqları bir-birinə yaxınlaşdıran, ölkələrin tarixi və müasir mənzərəsini oxucunun gözləri önündə yaradan çox gərəkli vasitədir. Sevinirəm ki, müasir dövrdə xalqlar arasinda bu cür münasibıtlərin yaranmasında bir qələm sahibi kimi mənim də az da olsa, xidmətlərim var. Ölməz Səməd Vurğun deyirdi ki, “Deyilən söz yadigardır”. Doğrudan da, ulu öndərimiz tarixdə yaşayıb, yaşayır və yaşayacaq. Ən şərəfli ömür yolu əbədiyyətə qovuşan həyatdır.

Hər dəfə “Heydər Əliyev” kitabının Azərbaycanın hüdudlarından kənarda təqdimat mərasimlərinə dəvət alanda sevincimin həddi-hüdudu olmur. Düzü, bir az da həyacan keçirirəm. Ulu öndərin ölməz ruhu sanki başımızın üstündə həmişə yolumuza nur çiləyir…

Sual ola bilər ki, belə bir kitabı – Əliyev epopeyasını yazmağa məni nə vadar etdi? Birmənalı şəkildə deyim ki, DAHİ rəhbərin şəxsiyyətinə dərin hörmətim və sonsuz ehtiram hisslərim. Çünki mən Ulu Öndər epoxasında formalaşan, istehsalatda və ədəbi mühütdə vətənimə töhfələr verən, öz əqidəmə son nəfəsimədək sadiq qalan bir Azərbaycan vətəndaşıyam.

Heydər Əliyevin siyasi obrazı mənə də, mənim müasirlərim olan insanlara da tanış, doğma və mükəmməl bir obrazdır… Bu obraz özündə vətənpərvərlik duyğusunu, qurub-yaratmaq eşqini, milli dəyərlərə hörmət və ehtiramı cəmləmişdi.

2011-ci ildə Serbiya Respublikasında rəsmi səfərdə olmuş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belqrad şəhərində Taşmeydan parkında ümumilli lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milord Paviçin heykəllərinin açılış mərasimlərində iştirak edərkən əslən azərbaycanlı olan və 20 ildən artıq Belqradda yaşayan Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Belqrad Dövlət Universitetinin professoru Zərifə xanım Əlizadə serb dilində nəşr olunan “Heydər Əliyev” kitabını İlham Əliyev və Serbiya prezidenti Boris Tadiçə təqdim etdi… Təqdimat mərasimində mənimlə birlikdə dostum, Milli Məclisin Aqrar siyasəti komitəsinin sədri Eldar İbrahimov da iştirak edirdi.

Heydər Əliyev kimi dahinin – ən böyük AZƏRBAYCANLININ RUHU qarşısında öz vətəndaşlıq borcumu “Heydər Əliyev” kitabından başqa “Amalın işığında”, “Həqiqət” , “Zəfər yolu”, “ Millətin atası”, “İşığın izi ilə”, “Bir günəş var” kitablarımı yazıb, araya-ərsəyə gətirməklə az da olsa verməyə cəhd etdim.

Deyilən hər fikrin, sözə çevrilən düşüncələrin ümumi axarından ictimai rəy formalaşır. Bu mənada mən öz düşüncələrimi konkret bir fikir üzərinə yönəltmək istəyirəm.

Heydər Əliyev deyəndə Azərbaycan, Azərbaycan deyəndə Heydər Əliyev görünür. Artıq bu ad Azərbaycanla eyni mənanı ifadə edir. Bəsirət gözü açıq olanlar onsuz da Heydər Əliyevin simasında Azərbaycanı görür və görəcəklər.

…Ulu Öndər güc, qüvvət, enerji mənbəyi idi. O, xalqın inamını qaytardı. Millətimizin imzasını millətlər içində təsdiq etdirdi. Qanunlara tabe olacaq mənəvi mühit formalaşdırdı. Azğın erməni faşistlərinin qarşısını sipər kimi kəsdi. O, son ana qədər xalqın yolunda döyüşdü. Bu gün də döyüşür; ölməz ideyaları, zəngin mənəvi irsi ilə.

Belə bir deyim var; İNSAN haqqında xatirələr yaşadıqca insan özü də yaşayır. Bəli, Tarix də, cəmiyyət də yaddaşlarda böyük şəxsiyyətləri, DAHİLƏRİ əbədi yaşadır. Heydər Əliyev həm sadə insanlarda, həm də dünya liderlərində yaddaqalan təəssütatlar yaratmağa qadir dövlət xadimi idi.

Belə dahi şəxsiyyət haqqında nə qədər yazılsa yenə deməyə söz, danışmağa xatirə var. Bir-iki il öncə rəsmi mətbuatda əslən bakılı olan, hazırda Moskvada yaşayan Mixail Qusmanın “Lider formulu” adlı bir məqaləsini oxudum. O, 12 ilə yaxın müddətdə “Hakimiyyət formulu” adlı silsilə televiziya verilişlərində 170-dən çox dövlət və hökümət başçısı ilı həmsöbət olmuş tanınmış bir telejurnalıstır. Və bu 170 dövlət xadimi ilə söhbətin yekunu olaraq o, bu qənaətə gəlib ki, Heydər Əliyev ŞƏXSİYYƏTİNİN siyasi miqyası rəhbərlik etdiyi ölkədən qat-qat böyük idi… Qusmanın bu fikri və onun çox maraqlı “Hakimiyyət formulu” layihəsi mənim yadıma Böyük alman filosofu Nitsşenin məşhur bir əsərinin adını salır: “Hakimiyyət əzmi”.

Bu əzmkarlığı yaradan liderlik formulu ilə yanaşı Heydər Əliyev şəxsiyyətində xarizma, sadəlik, əbədi həyat formulları vardı. Qusman yazır ki, o, kabinetinə daxil olan hər kəsi özünə məftun edə bilirdi. Heydər Əliyevlə bağlı film üzərində işləyərkən Mixail Qusman qəribə bir detalı misal çəkir: “Əliyevlərin evində “Nuh əyyamından qalmış” sovet kamerası ilə çəkilmiş arxiv kadrları tapdım. Həmin kadrlarda Heydər Əliyevin həyat yoldaşı – fantastik dərəcədə xeyirxah, çox ağıllı və çox nəcib qadın, böyük alim, akademik, təbabət prafessoru Zərifə Əziz qızı piano arxasında əyləşmişdi. Heydər Əliyev özü isə oxuyurdu. Bu, insanın qəlbini riqqətə gətirən, çox səmimi səhnə idi. Heydər Əliyevin necə cazibəli insan olması hətta bu köhnə kadrlarda da aşkar görünür”.

Bəli, həyatının əsas qayəsi MÜSTƏQİL AZƏRBAYCAN olan Ümummilli liderlə ünsiyyətdə olanların hamısı onun xarizmasının çox güclü təsirinə düşürdü. Hər hansı İNSANın özündə xatizma yaratması qeyri mümkündür, bu, Allah vergisidir. Heydər Əliyevdə liderlik , hakimiyyət, sadəlik formulası ilə bərabər siyasətçi üçün ən vacib və zəruri olan XARİZMA keyfiyyəti də vardı. Çox dəqiq və müdrikyana deyim var ki, xarizmatik keyfiyyətə malik olmayan siyasətçi heç vaxt boyük füqura çevrilə bilməz. Öz gücünə, düşüncələrinə və bacarığına arxayın olması ona daha böyük qətiyyətlə qərar çıxarmaq, hərəkətə keçmək cəsarəti verirdi.

Onun 30 il əvvəl verdiyi ideyalar yalnız indi, XXI əsrin ikinci onilliyində gündəmə gəlir. Bu yaxınlarda Ulu Öndərin həyatı haqqında oxuduğum bir epizod yuxarıda dediklərimi bir daha təsdiq edir. 1984-cü ildə Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrininin birinci müavini Heydər Əliyevi Baykal — Amur magistralına 10 günlük ezamiyyətdə “Vostoçna- Sibirskaya pravda” ( “Şərqi Sibir həqiqətləri”) qəzetinin fotoqrafı kimi müşaiyət edən Valeriy Karasyov müsahibələrində deyir: “Heydər Əliyev inşaatçılarla, jurnalistlərlə və yerli sakinlər və rəhbər işçilərlə keçirdiyi çoxsaylı görüşləri və söhbətləri zamanı müsahiblərini öz sadəliyi və qəbul etdiyi qəti qərarları ilə heyran qoyurdu. Onunla danışmaq sadə və asan idi. O, insanlara qulaq asmağı bacarır və heç vaxt hansısa kağızı üzündən oxumurdu. İclasların birində ortaya belə sual çıxdı: yaxşı, relsləri birləşdirdik, bəs ondan sonra nə olsun? Görün nə qədər adam işsiz qalacaq. Heydər Əliyev isə bir an düşünüb dedi: “Gəlin nə gücümüz, texnikamız var, hamısını toplayaq və tikintini şimala, Yakutiyaya tərəf davam etdirək.” Bu 1984-cü ildə olan hadisədir, ancaq indi Rusiya rəhbərliyi dəmir yolunun tikintisini Yakutska qədər davam etdirməyin zəruriliyi barədə məsələ qaldırıb. Belə faktlar bəlkə də yüzlərlədir.

Ulu Öndərin xalqımız, vətənimiz qarşısında xidmətlərini sadalamaqla qurtaran deyil. Şahidi olduğumuz qərinə YADDAŞ salnaməmizə Heydər Əliyevlə bağlı dəyərli səhifələr yazıb.

Heydər Əliyev haqqnda təkcə mən yox, yüzlərlə yazıçı kitablar yazıb…

Yadımdadır, mən hələ Heydər Əliyevin sağlığında Xocalı faciəsinə həsr etdiyim “Xəcalət” povestini qələmə alanda bu böyük zəka sahibinin obrazını real faktlara söykənərək yaratmaqla ona məhəbbət və sevgimi izhar etmişdim… Etiraf edim ki, mən çağdaş ədəbiyyatda böyük nəslin dastanını yazan müəllif kimi tanındığıma görə fəxr edirəm.

Respublika prezidenti haqqında “İlham Əliyev” və Azərbaycanın görkəmli oftalmoloq alimi, akademik Zərifə Əliyeva haqqında qələmə aldığım “Zərifə Əliyeva” monoqrafiyaları da Moskvada “JZL” seriyasında nəşr olunublar. Və bu trilogiya dünya xalqlarının bir çıx dillərinə tərcümə olunub və olunmaqdadır. Bu kitablar Əliyevlər nəslinin Azərbaycan tarixindəki misilsiz polunu əks etdirir və nəinki Azərbaycan oxucusuna, eləcə də dünya oxucusuna Azərbaycan peallığını sənədli şəkildə təqdim edir. Qələm adamları yaxşı bilirlər ki, yaradıcı insanın daxilində qurulmuş ocağın alışması üçün bir qığılcım da bəs eləyir. Əliyevlər nəsli haqqında əsərlərin yaranmasına əsas ilhamverici amil məhz onların Azərbaycan xalqı qarşısında xidmətləridir. Mən bu üç kitabı belə adlandırdım: “Heydərnamə”.

***

… Əsrin Heydər Əliyev qərinəsi adlandırdığımız dövrün son on ilində görülən işlərin miqyası o qədər böyük, o qədər dəyərlidir ki, hətta belə əməllərin bəhrəsini daha on illər boyu görəcəkdir. Təkcə elə neft müqavilələri üçün qoyulan investisiyaların həcmi və yaxın 20-30 il ərzində Azərbaycanın gəliri fantastik rəqəmlərlə ifadə oluna bilər!

Bütün bunlar xalqımızın rifah halınin yaxşılaşmasına rəvac verir.

Azərbaycanın yeni, mənəvi əsaslar üzərində sosial-iqdisadi tərəqqisinə nail olmaq üçün, ömrünün son on ili ərzində, hətta dünyanın bir çox görkəmli siyasətçilərinə əfsanə, utopiya, heç vaxt həqiqətə çevrilməyəcək arzular kimi gələn Bakı-Ceyhan kəmərinin inşası məhz Ulu Öndərin sayəsində reallığa döndü. O, gələcək nəsillər üçün Şərq- Qərb dəhlizinin yaradıcısı, Böyük İpək Yolunun bərpasında əvəzsiz xidmətləri olan uzaqgörən siyasətçı, müdrik dövlət rəhbəri, qüdrətli şəxsiyyət kimi dünya tarixində qalacaq! Bəli, İpək Yolu Azərbaycanın düz ortasından keçib gedir. Doğma Azərbaycanımızın birliyi və bütövlüyü, parlaq gələcəyi isə həmin YOLdan keçir.

Əsrin Heydər Əliyev qərinəsi və fenomeni çox nadir xüsusiyyətlərə malikdir, bu, həm Azərbaycan, həm türk dünyası və həm də bütün dünya üçün orijinal bir mərhələdir. XX əsrin sonunda Azərbaycanı xilas edən Ulu Öndər, həm də öz xalqının taleyində önəmli rol oynadı. Heydər Əliyev sevgisi və məhəbbətilə süslənmiş yolla gedən Azərbaycanın müasir dövrü möhtəşəm uğurların zənginliyi ilə diqqəti cəlb edir.

Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması müasir və müstəqil Azərbaycanımızın inküşafinin zirvəsi, dövlətimizin böyük uğuru, tariximizin əlamətdar hadisəsidir. İndi Azərbaycan dünyada süni peykə sahib olan 11-ci dövlətdir.

Bu gün Azərbaycan nəhəng tikinti meydançasıdır. Hər halda dünya xəritəsində elə bir ölkə ola bilməz ki, Azərbaycan qədər geniş tikinti işləri aparılsın. Gündən – günə qüdrətlənən, çiçəklənən ölkəmizdə həyatın bütün sahələrini əhatə edən irimiqyaslı işlər görülür. Milli azadlığın, müstəqilliyin xalqımıza, ölkəmizə bəxş etdiyi töhvələr hər birimizin gözlərinin qabağındadır. Ümumilli liderimiz Heydər Əliyevin mədəni –mənəvi dəyərlərimizin qorunması ilə bağlı işıqlı ideyaları bu gün də yaşayır və uğurla həyata keçirilir… Heydər Əliyev öz əməllərilə millət atası olduğunu sübut etdi.

***

Bu gün Azərbaycan üçün ən böyük töhfələrdən biri də Ulu Öndərin oğlu, Azərbaycan Respublikasının prezidenti möhtərəm İlham Əliyev cənablarıdır. Ataların yolu müqəddəs yoldur! Böyük Atadan oğula gələn yoldan çox danışmaq olar. İlham Əliyevin tükənməz enerji mənbəyi genetik olaraq atasindan əxz etdiyi keyfiyyətlərdir. Azərbaycan öz dövlət başçısının simasında Böyük Atanın məktəbinin istedadlı tələbəsini görür! Azərbaycan naminə Heydər Əliyev amallarını böyük usatalıqla davam etdirən dövlət xadimi görür! Onun bir fikri diqqət çəkdiyindən misal gətirmək istəyirəm: “Mən Heydər Əliyevdən öyrənmişəm və bundan sonra da öyrənəcəyəm. Bütün qərarları qəbul etməzdən əvvəl fikirləşirəm ki, Heydər Əliyev bu vəziyyətdə hansı addımı atardı”. İlham Əliyev yaxşı bilir ki, Azərbaycan dövlətinin rəmzləri müqəddəsdir. Bu rəmzləri o, beynalxalq kürsülərdə uğurla qoruyur. Çünki yaxşı bilir ki, bu rəmzləri yaradana qədər onun atası – millətin atası böyük mücadilə yolıu keçmiş, böyük əmək sərf etmiş, yuxusuz və narahat gecələr keçirmişdir. Azərbaycan idealları naminə həyatını qurban verməyə belə hər zaman hazır olmuşdur. Demək, Böyük Azərbaycanlı Heydər Əliyevin adı və amalları, ideyaları da bu dövlətin müqəddəs rəmzləri sırasındadır. Azərbaycan dövlətinin müqəddəs rəmzlərinin ən etibarlı keşikçisi ancaq İlham Əliyev kimi siyasi xadim ola bilərdi. Azərbaycan xalqı ona inanır və güvənir. Bu gün prezidentlik fəaliyyətinin onuncu ilinə qədəm qoyan İlham Əliyevi cəmiyyətə təqdim etməyə ehtiyac yoxdur. Çünki o, öz tərcümeyi-halını öz xalqının gözü qarşısında öz əməyi ilə yazıb. İlham Əliyev vətən tarixinin yeni səhifəsidir. Təbiidir ki, onu lider kimi zaman və mühit yetişdirib. Dünyanın ən möhtəşəm yazıçılarından biri olan, mərhum dostum Çingiz Aytmatov mənimlə söhbət zamanı belə bir fikir söylədi: “İlham Əliyev qloballaşan dünyada yeni lider etalonudur”. Bu gün Azərbaycan Respublikası prezidenti kürsüsündə oturması İlham Əliyevin həm də mənəvi haqqıdır. O, xalqın etimadını və ümüdlərini doğruldub. İlham Əliyevin siyasi xadim kimi ən üstün cəhətlərindən biri onun siyasi gücünün Ulu Öndərimiz, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyev tərəfindən etiraf olunması və siyasi varis kimi onun xeyir –duasını almasıdır. İlham Əliyevin böyük addımı sələfinin yolunu seçməsidir. O, gözünü açandan özünü həmişə bu yolda görüb. Onu bu yola taleyi gətirib, Heydər Əliyev yolunun gur İŞIĞI gətirib!..

***

 

On ildir ki, Azərbaycan onsuz onunla yaşayır. On qış, on bahar ötüb. Düz on ildir ki, yayın istisində qovrulan, payızda solan yarpaqlar fəsillərə vida deyir. Zirvəyə ucalan Ulu Öndərin arzuları, əməlləri isə solmayan çəmənzara bənzəyir. Bu solmayan ZİRVƏ çəmənzarı insan sevgilərindən, vətən məhəbbətindən su içə-içə əbədi bahar rəngini, əbədi bahar təravətini qoruyur və qoruyacaqdır da.

Biz isə gələcəyə onun işığında YOL gedirik!

Bu işıqlı yol isə Azərbaycan həqiqətlərindən keçən zəfər YOLUDUR!

Amal YOLUDUR!..

 

«Heydər Əliyev mənim həyatımda» kitabından

 

Milyonların dəyişməz seçimi

 

Hər bir sivil cəmiyyətdə geniş əhali kütlələrinin, ümumən cəmiyyət üzvlərinin ictimai-siyasi həyatda iştirakı məhz partiyalar vasitəsilə reallaşır. Fərdlər ayrı-ayrı siyasi qurumlarda birləşərək konkret məqsəd və vəzifələri, müəyyən konsepsiya və ideologiyanı həyata keçirməyə çalışırlar. Siyasi partiyaların tarixinin tədqiqi həm də onu göstərir ki, xalq və dövlət maraqlarını özünün praktik fəaliyyətində ifadə etməyən təşkilatların mövcudluğu çox da uzun çəkmir. Cəmiyyətin ayrılıqda götürülmüş bir təbəqəsinin və yaxud sosial qrupunun mənafe və maraqlarını qoruyan siyasi təşkilatın, həmçinin ictimai qurumun xalqı, milləti öz arxasınca apara bilməsi də həmişə mümkün deyildir.

 

Xalqın inam ünvanı

 

Tarix sübut edir ki, müxtəlif dəbdəbəli adlar, cəlbedici proqramlar, şüarlar irəli sürən, xalqı, ölkəni irəli aparacaqlarını vəd edən partiyalar bəzən qısa zamanda siyasi səhnədən silinib gedirlər. Partiyanın siyasi cəhətdən təşkilatlanaraq monolit qüvvəyə çevrilmək əzmi ilk növbədə onun ideoloji-siyasi kursunun bütövlükdə cəmiyyətin maraqlarına cavab verməsi ilə şərtlənir. Ölkəmizdə hazırda 50-dən çox siyasi partiya mövcud olsa da, onların heç biri sosial bazasına, nüfuzuna və gücünə görə hakim Yeni Azərbaycan Partiyası ilə müqayisə olunmaq imkanında deyil. Yeni Azərbaycan Partiyasının cəmiyyətin lokomotiv qüvvəsi kimi çıxış etməsinin əsasında həm də xarizmatik lider amili rol oynamışdır. Bu baxımdan YAP-ın bəzən «Heydər Əliyev partiyası» adlandırılması da obyektiv qanunauyğunluqlara əsaslanır və partiyanın uğurlarında lider amilinin rolunu dolğun şəkildə təcəssüm etdirir.

Fikrimizcə, Yeni Azərbaycan Partiyasının qurultaylarının, adətən, ölkə əhəmiyyətli seçkilərdən əvvələ təsadüf etməsi də təşkilatın mövcud imkanları səfərbər edərək təşkilatlanmaq, elektorata mesaj verərək onu hazır vəziyyətə gətirmək, partiyanın gələcək seçki texnologiyasını, taktika və strategiyasını müəyyənləşdirmək məqsədinə xidmət edir. Bu qurultaylar, bir növ, seçkidən-seçkiyə keçilən yolun hesabatını verir, uğur və çatışmazlıqları üzə çıxarır, gələcək fəaliyyət prioritetlərinin dəqiq müəyyənləşdirilməsinə imkan yaradır. Partiyanın xüsusən də prezident seçkilərinə qatılacaq namizədi məhz bu qurultaylarda müəyyənləşir, eyni zamanda rəhbər orqanların tərkibcə yenilənməsi YAP-ın fəaliyyətindəki dinamizmi, səmərəliliyi artırır, onun cəmiyyətdəki mövqelərini daha da möhkəmləndirir.

Bu və digər reallıqlar fonunda YAP-ın sayca V qurultayının 2013-cü ilin iyunun 7-də — növbəti prezident seçkiləri ərəfəsində keçirilməsi də qətiyyən təsadüfi deyildir. Ali tədbirdə çıxış edən Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin də bəyan etdiyi kimi, partiyanın qurultayı Azərbaycanın ictimai-siyasi həyatında çox mühüm bir hadisədir. Qurultay ilk növbədə göstərdi ki, sıralarında 600 mindən çox insanı birləşdirən partiya nəinki Azərbaycanda, eyni zamanda bölgədə çox böyük siyasi qüvvədir. Ötən il 20 illik yubileyini qeyd etmiş partiyanın siyasi proseslərə təsir imkanları ildən-ilə genişlənir, sıralarına üzv olmaq istəyənlərin sayı, habelə ideyalarının cəlbedici gücü ilbəil artır.

Qurultayda dərin məzmunlu nitq söyləyən möhtərəm Prezident İlham Əliyevin bəyan etdiyi kimi, YAP-ın tarixi ölkəmizin müstəqillik tarixi ilə üst-üstə düşür: «Ulu öndər Heydər Əliyevin Azərbaycanda Prezident kimi fəaliyyəti də Yeni Azərbaycan Partiyasının güclü dəstəyi ilə tamamlanırdı. Heydər Əliyev və Yeni Azərbaycan Partiyası bizim siyasi xəttimizdir. Heydər Əliyev Yeni Azərbaycan Partiyasının, müstəqil Azərbaycan dövlətinin qurucusudur. 1992-ci ildə bu tarixi hadisə, bir daha demək istəyirəm ki, bugünkü Azərbaycan reallıqlarını faktiki olaraq şərtləndirmişdir. Çünki 1993-cü ildən başlayaraq ölkədə bütün xoşagəlməz hallara son qoyuldu, sabitlik yarandı, vətəndaş müharibəsinə son qoyuldu, inkişaf, sabitlik, quruculuq, dövlətçilik dövrü başlandı. Yeni Azərbaycan Partiyasının əsas ideoloji dayaqları müstəqillikdir, azərbaycançılıqdır, müasirlikdir, inkişafdır, sosial rifahdır, iqtisadi və siyasi islahatlardır».

Ali partiya tədbirinin iştirakçısı olan nümayəndələrin yeganə təklifi əsasında qurultayın baş qərarının qəbulu — Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri, möhtərəm İlham Əliyevin 2013-cü ilin oktyabrında keçiriləcək növbəti seçkilərə namizədliyinin irəli sürülməsi isə son günlərin ən əlamətdar hadisələrindən biri kimi tarixiləşmişdir. Şübhəsiz, bu qərar, əslində, cəmiyyətin və xalqın çoxdan gəldiyi qənaətin partiyanın ali forumunda etiraf edilməsi, yaxud təsdiqlənməsidir. Əlbəttə, Azərbaycanda bəzi ölkələrdə olduğu kimi, prezidentliyə namizədi müəyyən etmək üçün ilkin seçimin keçirilməsi ənənəsi yoxdur. Lakin ağı qaradan fərqləndirməyi bacaran xalqımıza əvvəlcədən, həm də heç bir səhvə yol vermədən dürüst seçim etmək müdrikliyi xasdır. Bu seçim hər bir ailənin, fərdin,  vətəndaşın daxili inamından qaynaqlanır və məhz buna görə də onun ictimai dəyəri «praymeriz» adlandırılan ilkin seçimlə müqayisəygəlməz dərəcədə güclü və şəffafdır. Bəli, möhtərəm Prezident İlham Əliyevin növbəti dəfə namizədliyinin irəli sürülməsi məhz belə bir seçimin təcəssümü kimi tariximizə düşmüşdür. Yeni Azərbaycan Partiyasının V qurultayının nümayəndələri isə mütləq əksəriyyətin  rəyini rəsmiləşdirmək kimi şərəfli bir missiyanı həyata keçirməyin onlara nəsib olmasından kifayət qədər məmnundurlar.

 

Niyə məhz İlham Əliyev

 

Danılmaz reallıqdır ki, vətəndaşların ölkəyə layiqli rəhbər seçmək haqqı xalqın öz taleyinə sahib çıxmaq hüququnun təməlində dayanır. Azərbaycan xalqı indiyədək 2003-cü və 2008-ci illərin prezident seçkilərində daxili inamına söykənərək, cənab İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləməklə siyasi taleyinə sahib olmaq haqqını qətiyyətlə ifadə etmişdir. Bu tarixi seçimlər həm də belə bir həqiqətin cəmiyyətdə dərkidir ki, Azərbaycanın dövlət müstəqilliyinin ən bariz təcəssümü Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil siyasətdir.

Azərbaycan cəmiyyətinə xas olan nikbin ictimai ovqat, yüksək seçki əhval-ruhiyyəsi xalqın öz Prezidentinə — cənab İlham Əliyevə dərin və sarsılmaz inamından qaynaqlanır. Bu inam tarixi sınaqlardan keçməklə dövlət başçısının son 10 ildəki gərgin əməyinə və bunun möhtəşəm nəticələrinə söykənir. Bu inam hər addımda müşahidə etdiyimiz bir əlahiddə amildən — Prezidentlə xalqın sarsılmaz mənəvi bağlılığından qaynaqlanır. Bu inam Prezident İlham Əliyevin Azərbaycanda idarəçilik fəlsəfəsinə yeni məna çalarları gətirmiş «Mən hər bir azərbaycanlının prezidenti olacağam» çağırışından qaynaqlanır. Nəhayət, bu inam mayasında Heydər Əliyev sevgisi dayanan ümumxalq rəğbətindən qüdrət alır.

YAP-ın növbəti prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini irəli sürmək qərarı təkcə ən yeni tariximizin möhtəşəm nailiyyətləri ilə bağlı şərtlənmir. Bu seçim, eyni zamanda, növbəti illərdə Prezident İlham Əliyevin Azərbaycanın tərəqqi və inkişafına, uğurlu gələcəyinə daha çox töhfələr verəcəyinə olan dərin və səmimi inamdan qaynaqlanır. Ölkə başçısının qurultayda söylədiyi nikbin fikirlər hər birimizdə bu inamı daha da möhkəmləndirmişdir: «Biz on il ərzində iqtisadi islahatların aparılması ilə dünyanın ən sürətli iqtisadi inkişafına nail ola bilmişik. İkinci belə ölkə tapılmaz ki, on il ərzində iqtisadiyyat üç dəfədən çox artsın və bütün başqa statistik göstəricilər də ən yüksək səviyyədə olsun. Hər bir ölkə üçün bu, nümunə ola bilər. Yoxsulluq 6 faizə, işsizlik 5,2 faizə düşübdür. Bir milyon 100 mindən çox yeni iş yeri açılmışdır. Xarici dövlət borcumuz ümumi daxili məhsulun cəmi 7 faizini təşkil edir. Bütün beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqlərini artırır. Ölkəmiz artıq rəqabətqabiliyyətliliyə görə dünya miqyasında 46-cı yerdədir. Çox böyük iqtisadi təşəbbüslər irəli sürülür. Çox böyük islahatlar aparılır. Bu, reallıqdır. Əlbəttə, bu reallıq bizə imkan verir ki, gələcəyə nikbinliklə baxaq, öz gələcəyimizi planlaşdıraq və biz gələcəyimizi planlaşdırırıq. Artıq biz «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasının həyata keçirilməsi ilə məşğuluq. Biz gələcəyə baxırıq. Bu gün Azərbaycanda icra edilən layihələr gələcəyə yönəldilibdir. Biz elə etməliyik ki, bundan sonra da onilliklər ərzində ölkəmizin uğurlu, dayanıqlı inkişafı təmin edilsin. Şübhə etmirəm ki, biz buna nail olacağıq».

Növbəti prezident seçkiləri ərəfəsində cəmiyyətdə mütləq əksəriyyətin seçiminin dəyişməz qalması — cənab İlham Əliyevin alternativsiz lider kimi qəbul olunması ilk növbədə möhtərəm Prezidentin fenomenal liderlik keyfiyyətlərindən qaynaqlanır. Eyni mövqeyə, statusa iddia edən opponentlərindən fərqli olaraq, cənab İlham Əliyevin ölkənin bugünü və gələcəyi ilə bağlı baxışlar sisteminin institutlaşmış xarakter daşıması, bu baxışların taktiki, strateji və perspektiv rakursunda Heydər Əliyev siyasətinin ehtiva etdiyi prioritetlərin dayanması, ən əsası, ulu öndərin siyasət məktəbində yetişmiş peşəkar diplomat kimi təmiz keçmişə, müasir lider imicinə malik olması onun ictimai rəydə önə çıxmasını şərtləndirən başlıca məqamlar sırasında xüsusi vurğulana bilər.

Bir sıra politoloqlar haqlı olaraq qeyd edirlər ki, cənab İlham Əliyevin siyasətçi kimi formalaşmasına təsir göstərən amillər sırasında siyasi romantizm, psevdovətənpərvərlik və arxaik siyasi elementlər yoxdur. Bu baxımdan ölkə vətəndaşları Heydər Əliyev siyasi kursunu yeganə nicat və istinadgah mənbəyi seçdiyi kimi, qarşıdakı beş ildə Azərbaycanın taleyini də ulu öndərin layiqli davamçısı — Azərbaycan Prezidenti cənab İlham Əliyevə etibar edirlər. Bu yüksək etimad ilk növbədə cənab İlham Əliyevin səmərəli fəaliyyətindən, ən əsası, öz siyasətində sosial sifariş amilini incəliklə nəzərə almasından qaynaqlanır.

2003-cü ilin 15-16 oktyabr, 2005-ci ilin noyabr hadisələri zamanı müşahidə olunan kataklizmlər, hakimiyyətin zorakı yolla ələ keçirilməsinə yönəlmiş iğtişaş cəhdlərinin uğursuz nəticəsi sübut etdi ki, Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik real təminatlara söykənir. Hər hansı radikallıq cəmiyyətimiz üçün təhlükə doğura, Azərbaycanın müstəqilliyinə xələl gətirə, demokratik inkişaf proseslərinin qarşısını ala bilməz. Elə bu səbəbdən də cənab İlham Əliyevin dövlətə rəhbərliyinin ilk ayları daha çox humanist çalarlarla yadda qalmışdır. Vaxtilə dövlətçiliyimizə qarşı ağır cinayətlər törədən və bir neçə illik cəza müddəti dövründə öz səhvindən səmimi peşmançılıq keçirən insanlar azadlığa buraxılmış, o cümlədən siyasi iğtişaşların təşkilatçıları və fəal iştirakçıları qısa müddətdən sonra azad edilmişlər. Daxili siyasətdə liberalizm elementləri qabarıq şəkildə nəzərə çarpmağa başlamış, siyasi qüvvələr arasında dialoqa meyil güclənmişdir.

YAP-ın son qurultayında həmin dövrü bir daha xatırladan Prezident İlham Əliyev Azərbaycanın böyük uğurlardan üzüağ çıxdığını demişdir: «2003-cü ildə, demək olar ki, Azərbaycanın gələcək uğurlu inkişafı müəyyən edilirdi: ya inkişaf yolu ilə gedəcəyik, ya da yenə tənəzzülə uğrayacağıq. Yenə də mənfur qüvvələr Azərbaycanın iqtidarını zəbt edəcəkdilər, necə ki, 1992-ci ilin may ayında onu zəbt etmişdilər. Yəni bu iki istiqamət arasında seçim, necə deyərlər, ortada idi. Yeni Azərbaycan Partiyasının mütəşəkkil fəaliyyəti, öz liderinə sədaqəti, Azərbaycan xalqının bu siyasətə verdiyi dəstək hesabına Azərbaycan inkişaf yolunu seçdi və son on il ərzində bu inkişaf yolu ilə uğurla irəliyə gedir».

Dövlət başçısı seçildikdən sonra hökumət üzvləri ilə keçirdiyi ilk toplantıda xalqa xidməti əsas tələb, vəzifə kimi müəyyənləşdirən cənab İlham Əliyevin irəli sürdüyü bu prinsip indi də öz qüvvəsindədir. «Xalq prezidenti seçir, prezident də xalqın qarşısında cavab verməlidir. Əgər xalq onun fəaliyyətini dəstəkləyirsə, ona inanırsa, bu, ən böyük mükafatdır» — bu sözlərin müəllifi cənab İlham Əliyevin xarizmasına olan kütləvi inam da məhz onun belə idarəetmə prinsiplərinə yanaşmasından, hakimiyyəti yalnız vətəndaşlara xidmət vasitəsi kimi dəyərləndirməsindən irəli gəlir. Bu baxımdan liderlik institutunun Azərbaycan üçün gerçəkdən nə qədər böyük önəm daşıdığı indi daha qabarıq görünür. Cənab İlham Əliyevin liberal baxışlar sistemi, xarakterinə xas olan humanistlik və xeyirxahlıq elementləri, bununla yanaşı, zəruri anda yüksək qətiyyət, prinsipiallıq göstərmək məharəti onun qısa müddətdə cəmiyyətdə ulu öndər Heydər Əliyevin layiqli davamçısı kimi dəstəklənməsini təmin etmişdir.

 

İnkişafın hədəfləri

 

Cənab İlham Əliyevin yürütdüyü siyasətin dəstəklənməsi həm də onun nəzəriyyəçidən daha çox praktik olması ilə şərtlənir. O, inkişafa xidmət edən mütərəqqi fikir və ideyalarını ictimai rəyə hesablanmış hansısa populist bəyanatlar üzərində deyil, reallıqda təsdiqini tapmış müddəalar üzərində qurur. Auditoriyanın xarakterindən asılı olmayaraq Azərbaycan Prezidenti insanlarla bütün ünsiyyət anlarında müstəqil dövlətimizin qarşısında dayanan yeni planlar, perspektivlər haqqında fikir və düşüncələrini aydın şəkildə çatdırır.

Müstəqil Azərbaycanın son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında ciddi uğurlara imza atması, sürətli iqtisadi inkişaf tempi ilə dünyada lider mövqelərini qoruyub saxlaması da məhz dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış mükəmməl mexanizmlər əsasında həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Bu dövrün reallıqları həm də onu təsdiqləmişdir ki, bu gün Azərbaycan cəmiyyətinin siyasi illüziyalara deyil, real nəticələrə ehtiyacı var, həmçinin ictimai rəy siyasi vədlərə deyil, faktlara qiymət verir.

Prezident İlham Əliyevin son 10 ildə ölkəyə rəhbərliyinin ən parlaq nəticəsi ondan ibarətdir ki, bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkədir. Bu gün müstəqil Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, dövlətçilik siması, inkişaf yolu vardır. Ölkə iqtidarının milli maraqlara əsaslanan siyasəti, iqtisadi inkişaf və demokratikləşdirmə, hüquqi dövlət quruculuğu, effektiv diplomatiya istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyəti də məhz milli müstəqilliyin praktik olaraq gerçəkləşdirilməsini təmin etmişdir. Modernləşmə xəttinin lideri olan cənab İlham Əliyev hesab edir ki, bu yol ölkəmizi bilik və informasiya cəmiyyətinə gətirib çıxaracaqdır.

Son illər dövlət başçısının imzaladığı fərmanlarda, təsdiq etdiyi dövlət proqramlarında bu hədəflərin reallaşdırılması üçün yerinə yetirilməsi zəruri vəzifələr müəyyənləşdirilmişdir. «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasının təsdiqlənməsində məqsəd də respublika iqtisadiyyatındakı pozitiv meyilləri daha da sürətləndirmək və mövcud potensialı davamlı inkişaf naminə tam səfərbər etməkdir. Hazırda icrasına start verilmiş İnkişaf Konsepsiyası rəqabətqabiliyyətli, ixracyönümlü, çoxşaxəli, innovativ iqtisadiyyatın formalaşdırılmasını, sənayeləşmə siyasətinin sürətləndirilməsini, mütərəqqi təcrübəyə əsaslanan sənaye zonalarının yaradılmasını, müəssisələrin texnoloji cəhətdən yeniləşdirilməsini, intensiv metodların tətbiqinin daha da genişləndirilməsini və digər tədbirləri nəzərdə tutur.

 

Diplomatik uğurların təminatçısı

 

Azərbaycan son 10 ildə Qərb məkanında yalnız zəngin neft və qaz ehtiyatları ilə deyil, həm də demokratiyaya, liberal dəyərlərə, insan və vətəndaş hüquq və azadlıqlarına sadiqliyi ilə tanınmaq əzmini bir sıra konkret addımları ilə tam sübuta yetirmişdir. Avropa Şurasının tamhüquqlu üzvü olan respublikamızın avrostrukturlara inteqrasiya prosesində ATƏT, Avropa Birliyi, NATO kimi təşkilatlarla sıx əməkdaşlığı hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin dönməzliyinə etibarlı təminat kimi qiymətləndirilir. Respublikamızın milli inkişaf və tərəqqi baxımından demokratikləşmə xəttinə səmimi şəkildə bağlılığı indi Qərb dövlətlərində də qətiyyən şübhə və tərəddüd doğurmur.

2011-ci ildə respublikamızın sivil dünyanın hüquqi-siyasi atmosferinin müəyyənləşməsində mühüm rolu olan Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi bütövlükdə müasir tariximizin ən əlamətdar, qürur doğuran hadisələrindən biri kimi yadda qalmışdır. 2012-ci ildə Azərbaycan «Evrovizion 2012″ kimi möhtəşəm musiqi yarışmasını uğurla gerçəkləşdirərək yüksək mədəni-mənəvi dəyərlərə, incəsənətə malik olduğunu sübuta yetirmişdir. Ən nəhayət, 2012-ci ilin dekabrında Avropa Olimpiya Komitəsi ilk Avropa Oyunlarının Bakı şəhərində keçirilməsi ilə bağlı tarixi qərar qəbul etmişdir.

Son illər bir sıra mühüm beynəlxalq tədbirlərin keçirilməsində Bakı şəhərinin seçilməsi respublikamızın beynəlxalq nüfuzunu daha da yüksəldir. Aşkar görünür ki, Azərbaycan sülh və əməkdaşlıq paytaxtı kimi tanınmağa başlayır və belə bir müsbət imicin formalaşmasında son illər respublikada keçirilən beynəlxalq toplantıların əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Respublikada müşahidə olunan dinamik iqtisadi tərəqqi ilə paralel şəkildə demokratik-hüquqi islahatların da dönmədən davam etdirilməsi, bu iki təmayülün ümumi strateji inkişaf kursunun prioritet xətti kimi nəzərdən keçirilməsi Azərbaycanı qlobal əhəmiyyətli tədbirlərin mərkəzinə çevirmişdir. Məsələn, bir neçə gün əvvəl respublikamızda Azərbaycan ilə ABŞ arasında tərəfdaşlıq əlaqələrinin yaradılmasının 21-ci ildönümü ilə bağlı «Gələcəyə baxış» Azərbaycan-ABŞ Forumunun rəsmi açılışı olmuşdur. Bundan başqa, İkinci Mədəniyyətlərarası Dialoq Forumunun Bakıda keçirilməsi respublikamızın bütün dünyada tolerantlıq və multikulturalizm mərkəzi kimi tanındığını göstərir.

Sonuncu forum bir daha təsdiqləmişdir ki, tolerantlıq düşüncə tərzi cəmiyyətin tarixi inkişafının nəticəsi, müxtəlif mədəniyyət və lokal insan birliklərinin birgəyaşayışı nəticəsində əldə olunmuş tarixi nailiyyətidir. Son illər Bakıda Bibiheybət, Təzəpir və digər məscidlər əsaslı təmir olunmuş, onların təchizatına lazımi diqqət ayrılmışdır. Bundan başqa, cənab İlham Əliyevin göstərişi ilə paytaxtın ən gözəl guşələrinin birində katolik kilsəsi inşa edilmiş, habelə pravoslav kilsəsi təmir və bərpa olunmuşdur. Əhalinin yüksək faizinin müsəlman olmasına baxmayaraq, Azərbaycanda gürcü pravoslav kilsəsi, rus pravoslav kilsəsinin yepiskopu müstəqil fəaliyyət göstərir. Nisbətən yeni anlayış olmasına baxmayaraq, multikulturalizm əsrlər boyu xalqımıza xas anlayışdır.

YAP rəhbərliyində yeni missiya — Mehriban Əliyeva

 

Prezident İlham Əliyevin ötən 10 illik fəaliyyəti həm də ölkədə milli-mənəvi dəyərlərə qayıdış prosesini möhkəmləndirmiş, qloballaşmanın kütləvi mədəniyyət stereotiplərinin qarşısına möhkəm sədd çəkmişdir. Etiraf etməliyik ki, qloballaşma proseslərindən ən çox ziyan çəkən milli mədəniyyət və digər milli dəyərlərdir. Çünki bu proses vahid dünya təsərrüfatı və iqtisadi sisteminin yaradılmasından başqa, mənəvi, mədəni, siyasi, ictimai həyatın digər sahələrini də əhatə edir. Bəzən Qərbin kosmopolit və universal «dəyərləri» ən mükəmməl, mütərəqqi sivilizasiya kimi, həm də cəlbedici şəkildə təbliğ edilir. Beləcə, milli mədəniyyətin, dilin, dinin, adət-ənənələrin sıxışdırılmasına və milli şüurun kosmopolitləşdirilməsinə cəhd göstərilir. Bu reallıqlardan çıxış edən ölkə başçısı milli-mənəvi dəyərləri qorumağın vacibliyini xüsusi önə çəkir.

Bu gün milli özünəməxsusluğu yabançı Qərb dəyərlərinin dağıdıcı təsirindən qorumaq istəyən Azərbaycan ilk növbədə cəmiyyətin təməli olan milli ailə institutunun tarixi ənənələr üzərində möhkəmlənməsinə çalışır. Ailəyə bağlılıq azərbaycanlılarda tarixi kökdən, ənənələrdən, milli dəyərlərdən rişələnir. Prezident İlham Əliyev ailə dəyərlərinə qəlbən bağlı lider kimi Azərbaycanda bu institutun möhkəmlənməsinə çalışır. Ailə dəyərlərinin mühafizəsi isə ilk növbədə qadın adının uca tutulmasından, gender siyasətinin düzgün istiqamətləndirilməsindən asılıdır.

Müstəqil respublikamızda qadın hüquqları etibarlı şəkildə qorunur, müdafiə edilir. YAP-ın da fəal iştirakı ilə son illər ölkədə qadınların ictimai-siyasi fəallığı artmış, dövlət idarəçiliyi sistemində onların fəal iştirakı təmin edilmişdir. Azərbaycanda qadın hərəkatının geniş vüsət almasında, xanımlarımızın nəcib və xeyirxah məqsədlər naminə sistemli və ardıcıl fəaliyyətinin genişlənməsində, onların YAP-a axınının təmin edilməsində Azərbaycanın birinci xanımı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın xidmətləri xüsusi vurğulanmalıdır. Azərbaycan qadını üçün səciyyəvi olan humanizm, qayğıkeşlik və insanpərvərlik kimi ali mənəvi keyfiyyətlər Mehriban xanım Əliyevanın şəxsiyyətində daha parlaq təcəssümünü tapır. Heydər Əliyev Fondunun prezidentinin çoxşaxəli fəaliyyəti milli-mənəvi dəyərlərə söykənən və intellektual yüksəlişə xidmət edən ideyaların cəmiyyətdə daha da zənginləşməsinə və möhkəmlənməsinə yönəlmişdir. Fond ölkəmizdə elmin, təhsilin, mədəniyyətin inkişafı, sosial problemlərin həlli naminə gördüyü fəal işlərlə yanaşı, gender problemlərinə, qadınlara qarşı bütün zorakılıqların, ənənəvi Azərbaycan ailəsinə zidd olan stereotiplərin aradan qaldırılmasına xüsusi diqqət yetirir.

Bu gün YAP üzvləri Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın sivilizasiyalar arasında mədəni dialoqun qurulmasına, ayrı-ayrı xalqların ortaq mədəni dəyərlərinin aşkara çıxarılmasına, ölkələr arasında elmi-humanitar və mədəni əməkdaşlığın dərinləşməsinə yönəlmiş fəaliyyətini yüksək qiymətləndirir və bu prosesə öz töhfələrini verməyə çalışırlar. Heydər Əliyev Fondunun millətin fiziki və mənəvi sağlamlığı, milli-genetik ruhunun qorunması naminə həyata keçirdiyi sosialyönümlü layihələr sırasında təhsil və səhiyyəyə yardım, bu sahələrin infrastrukturunun yeniləşdirilməsi tədbirləri mühüm yer tutur. Bu baxımdan «Yeniləşən Azərbaycana yeni məktəb», «Təhsilə dəstək», «Diabetli uşaqlara ən yüksək qayğı», «Talassemiyasız həyat naminə» və digər layihələr cəmiyyətdə böyük rəğbətlə qarşılanır. Fondun 9 illik fəaliyyətinin ən mühüm nəticələrindən biri də respublikada xeyriyyə fəaliyyətinin canlandırılmasıdır. UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri haqlı olaraq qeyd edir ki, xeyriyyəçilik cəmiyyətdə mənəvi-psixoloji ab-havanın yaxşılaşmasına şərait yaradır, insanlar arasında münasibətləri humanistləşdirir, onların daha xeyirxah, səmimi və həssas olmasına müsbət təsir göstərir. Çətin məqamda başqalarından dəstək almış insan imkanı daxilində başqalarına kömək göstərməyə daha çox meyil edir. Beləliklə, cəmiyyətdə xeyirxah işlərin dairəsi genişlənir, qarşılıqlı kömək və dəstək sistemi yaranır.

Bu da təsadüfi deyildir ki, partiya üzvlərinin siyasi iradəsi və istəyi ilə Heydər Əliyev Fondunun rrezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva YAP-ın sədr müavini seçilmişdir. Bu seçim ilk növbədə Azərbaycanın birinci xanımının partiyanın cəmiyyətdəki nüfuzunun yüksəlməsinə verdiyi əvəzsiz töhfələrlə şərtlənir. İnkişafyönümlü layihələrə böyük dəstək verən Azərbaycanın birinci xanımı partiya daxilində qadın hərəkatının genişlənməsini təmin etmişdir. Bütün sahələrdəki fəaliyyəti ilə uğur rəmzinə çevrilmiş Mehriban xanım Əliyevanın sədr müavini kimi YAP-ın inkişafında mühüm rol oynayacağını da bəri başdan əminliklə deyə bilərik.

Sonda xüsusi vurğulamaq istərdik ki, Prezident İlham Əliyevin son 10 illik fəaliyyətinin ən böyük uğurlarından biri də ölkədə milli ideyanın formalaşmasıdır. Ümumi şəkildə ifadə etsək, bu gün ölkədə həyata keçirilən siyasətin başlıca məqsədi modernləşmə mərhələsini də sürətlə başa vuraraq Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsində yüksəltmək, demokratik idealların cəmiyyətdə tam möhkəmlənməsinə nail olmaq, yeni düşüncəli vətəndaş yetişdirməkdir. Yeni dövrün milli ideallarına çevrilən bu məqsədlərin reallığa adekvatlığı isə qətiyyən şübhə doğurmur. Çünki bu gün Azərbaycana hər addımda ölkəni inkişaf etdirməyə, müasirləşdirməyə çalışan, yeni dünya nizamının tələblərinə cavab verən siyasət yürüdən müasir menecment təfəkkürlü və qətiyyətli lider rəhbərlik edir.

 

İyun 2013