Qloballaşan dünyada dinlərarası münasibətlər mühüm əhəmiyyət kəsb edir

 

Hüseynbala MİRƏLƏMOV,
Milli Məclisin deputatı


Möhtərəm Şeyx həzrətlərindən Moskva səfərinə dəvət alanda çox sevindim. Düzü, Moskvaya çoxdandır ki, yolum düşmürdü. Moskvanın qışı, Puşkin və Teatr meydanları, Qorki adına park və başqa gəzməli-görməli guşələri üçün darıxmışdım. Xəyalıma ilk gələn məkanlar Tver küçəsindəki “mənim sevimli kitab mağazam” və Yeni Arbatdakı böyük kitab evi oldu. Evimdə və iş yerimdəki kitabxanamda Moskvadan alıb gətirdiyim xeyli nadir kitab vardır. Doğrudan da, səfərə çıxmaq insanın ruhunu oxşayan, qəlbinə rahatlıq gətirən bir vasitədir.

 Tale elə gətirib ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri ­Şeyxülislam Allahşükür Paşazadənin dəvəti ilə Azərbaycandan kənarda dəfələrlə səfərdə olmuşam. Onun müxtəlif xalqların dini rəhbərləri ilə görüşlərində və mötəbər beynəlxalq konfranslarda iştirak etmişəm. Qafqaz bölgəsinin ən nüfuzlu din xadimi kimi Şeyxülislam Allahşükür Paşazadə başda olmaqla nümayəndə heyətimizin bu səfərlərdə necə hörmət və izzətlə qarşılandığının şahidi olmuşam. Ötən ayın sonunda Moskva səfərində bir daha şahidi oldum ki, bizim möhtərəm Şeyximiz həm də xristian aləmində böyük nüfuz və ehtiram sahibidir. 
 Təsadüfi deyil ki, müsəlman din xadimləri içərisində ilk dəfə Şeyxülislam Allahşükür Paşazadəni Vatikana dəvət edərək, fəaliyyətini “Müqəddəs Qreqori” ordeni ilə yüksək qiymətləndirən Roma Papası II İohan Pavel yazırdı: “Müxtəlif dinlərin nümayəndələri tərəfindən Sizə bəslənən xoş münasibətlərlə fəxr etməyə haqqınız var”.
 ... Budur, Rusiyanın paytaxtı Moskva şəhərindəyik. Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin Rus Pravoslav Kilsəsinin başçısı seçilməsinin 10-cu ildönümü münasibətilə keçirilən mərasimlərə dəvət olunmuşdu. Nümayəndə heyətinin tərkibinə mənimlə birlikdə deputat həmkarım Cavanşir Paşazadə, Hikmət Babaoğlu və media nümayəndələri daxil idi.
Rusiyanın paytaxtına gəldiyimiz ilk gün nümayəndə heyətini Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Müqəddəs Danil monastırında qəbul etdi. Çıxış zamanı Patriarx Kirill Şeyxülislam Allahşükür Paşazadəyə “mənim qardaşım” deyə müraciət edi. Etiraf edim ki, bu müraciət məndə iftixar hissi doğurdu. Patriarx Allahşükür Paşazadənin Rus Pravoslav Kilsəsi ilə münasibətlərin inkişafında və dünyada, eləcə də Azərbaycanda dinlərarası sülhün dəstəklənməsində rolunu xüsusi qeyd etdi. 
Şeyxülislam Allahşükür Paşazadə Patriarx seçilməsinin 10 illiyi münasibətilə Kirillə Azərbaycan xalqının, Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təbriklərini çatdırdı. Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli məsələsində Patriarx Kirillin dəstəyini xüsusi vurğulayan Şeyx həzrətləri hazırda dünyada mürəkkəb proseslərin getdiyini bildirərək qeyd etdi ki, din xadimləri dövlət rəhbərləri, siyasi və ictimai xadimlərlə birlikdə ekstremizm və terrorizm kimi bəlalara qarşı mübarizə aparmalıdırlar. Təəssüf ki, bəzi din xadimlərinin fəaliyyətində bunun əksini görürük.
 Onu da qeyd edim ki, görüşdə qarşılıqlı münasibətlərdən söz açan Şeyx həzrətləri də Patriarxa “qardaş” deyə müraciət edərək bildirdi ki, Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsi Kirillin sayəsində dini münaqişəyə çevrilmədi: “Bu işdə Sizin rolunuz danılmazdır. Buna görə Sizə şəxsən öz adımdan və Azərbaycan xalqı adından təşəkkür edirəm və bu problemin həllində əlinizdən gələni edəcəyinizə inanıram”. 
Şeyxülislam dövlətlərimizin başçıları arasında səmimi dostluq əlaqələrinin olduğunu, bunun da din xadimlərinin daha yaxın əməkdaşlığına şərait yaratdığını vurğuladı. O, diqqətə çatdırdı ki, Azərbaycanda dövlətin dəstəyi ilə bütün dinlərin azad fəaliyyəti üçün hər bir şərait yaradılıb. Azərbaycanda dövlətin dəstəyi ilə kilsələrin təmir və bərpa olunduğunu, yeni ibadətgahların tikildiyini söyləyən Şeyxülislam, həmçinin Moskvada azərbaycanlılar üçün məscid inşa olunması ilə bağlı Rusiya patriarxına müraciət edərək dedi: “Mən Sizdən, bir qardaşım kimi, xahiş edirəm, Moskvada azərbaycanlıların ibadət etmələri üçün məscid tikintisinə yer ayrılsın. Bu, bizim əlaqələrimizin daha da möhkəmlənməsinə kömək edər”.
 Səmimi şəraitdə keçən görüşün sonunda Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Moskvanın və bütün Rusiyanın Patriarxı Kirilli Azərbaycana səfərə dəvət etdi.
 Ümumi görüşdən sonra hər iki din xadimi arasında təkbətək görüş oldu.
 Yanvarın sonuncu günü Kremlin möhtəşəm Dövlət Sarayında düzənlənən mərasimdə Rusiya Prezidenti Vladimir Putin çıxış etdi. O, Rus Pravoslav Kilsəsinin rəhbərinin bütün ənənəvi dinlərin nümayəndələri ilə səmərəli əməkdaşlıq etdiyini vurğulayaraq salonda əyləşən müxtəlif dinlərin nümayəndələrini salamladı. 
 Antrakt zamanı Putin ön sırada oturmuş Şeyxülislama yaxınlaşdı və onunla çox səmimi görüşüb dedi: “İştirakınıza və dəstəyinizə görə çox sağ olun!” Məncə, bu minnətdarlıq hissi Rusiya dövlət başçısının Şeyxülislama, Azərbaycana böyük hörmətindən qaynaqlanan bir jest idi. Çünki möhtərəm Şeyx həzrətləri ilə yanaşı ön sırada bir çox xalqların din xadimləri əyləşmişdilər.
 Moskvada işgüzar səfərdə olan Moldova Prezidenti İqor Dodon Patriarx Kirilli Moldova xalqı adından təbrik etdi. O, Moldovada pravoslav kilsələrinə göstərdiyi qayğıya görə Patriarxa təşəkkürünü bildirdi. 
 Patriarx Kirillin çıxışı böyük maraq doğurdu. O, çıxışında bəşəriyyəti düşündürən bütün problemlərdən, hətta bu gün məişətimizə daxil olan müasir texnologiyadan, sosial şəbəkələrdən danışdı. 
 Sonra Xilaskar İsa Məbədində Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin Rus Pravoslav Kilsəsinin başçısı seçilməsinin 10-cu ildönümü münasibətilə təntənəli qəbul təşkil olundu. Mərasimdə Şeyx həzrətləri Qafqazda yaşayan bütün müsəlmanlar adından Patriarx Kirili təbrik etdi.
 Patriarx Kirill 1946-cı ildə Sankt-Peterburqda anadan olub, 2009-cu ildə Moskvanın və Bütün Rusiyanın Patriarxı seçilib. 2010-cu ildə Rusiya Pravoslav Kilsəsinin rəhbəri kimi Patriarx Kirill Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun erməni işğalçılarında qalmış nəşinin doğmalarına qaytarılmasında vasitəçi olmuşdur. O zaman Moskvanın və Bütün Rusiyanın Patriarxı bu addımı Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin xahişinə əsasən atmışdı. Allahşükür Paşazadə həmin ərəfədə Patriarx Kirillə görüşəndə demişdir: “Siz bizim xalqın, bizim müsəlmanların böyük dostu kimi qalacaqsınız və bu, gələcəkdə qarşılaşa biləcəyimiz problemlərin həlli üçün çox vacibdir”.
 2016 –cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan ilə Rusiya arasında dostluq əlaqələrinin möhkəmlənməsində xidmətlərinə görə Patriarx “Şərəf” ordeninə layiq görülmüşdür. 
 Rusiya Patriarxı çox nadir hallarda jurnalistlərə müsahibə verir. Amma o, Moskvaya bizim nümayəndə heyəti ilə gedən Real TV-nin baş direktoru Mirşahin Ağayevə müsahibə verməyə razılaşdı. Bunu patriarxın Azərbaycan xalqına, dövlətimizin başçısına və Şeyx həzrətlərinə ehtiramı kimi qiymətləndirirəm.
 Şeyxülislam Hacı Allahşükür Paşazadə Moskvada səfəri çərçivəsində Azərbaycan icmasının nümayəndələri ilə də görüşdü. Azərbaycanın Rusiyadakı səfirliyində keçirilən bu görüşdə Moskvanın “Otradnı” rayonundakı “İnam” məscidi ətrafında yaranan problemlər müzakirə olundu. Görüşü giriş sözü ilə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu açdı.
 Görüşdə Şeyxülislam Moskvadakı azərbaycanlı dindarların problemləri ilə yaxından maraqlandı: “Azərbaycanlıların Moskvada məscid problemi hər zaman mənim diqqətimdə olub. Hətta, Otradnıdakı məscidlə bağlı problem yaranmazdan əvvəl bu məsələ mənim diqqətimdə olub. Özümə borc bildim ki, bu gün sizinlə görüşüm və imkan daxilində sizə məsələnin həllində köməkçi olum. Əlbəttə, mən bir Şeyxülislam kimi, çox istəyərdim ki, burada bir məscid yox, bir neçə məscid fəaliyyət göstərsin, azərbaycanlıların ibadətlərini həyata keçirməsi üçün yer olsun”.
 QMİ sədri qeyd etdi ki, 10 ildən çoxdur ki, bu məsələ ilə məşğuldur: “Mənim bu məsələ ilə bağlı Rusiya Prezidenti Vladimir Putinə, Baş nazir Dmitri Medvedevə, Patriarx Kirillə və Moskva meri Sergey Sobyaninə müraciətlərim var. Təəssüflər olsun ki, o zaman bu məsələnin həllinə maneçilik törədildi. Prezident Putinin Bakıya səfərində mən ona “Şeyxülislam” ordenini təqdim edərkən də bu məsələ ilə bağlı müraciət elədim ki, bizə yer versinlər məscid tikək. Yəni, siz bu gün bu məsələni mənim qarşımda qoymursuz. Bu, çoxdan mənim istəyimdir. Otradnı rayonunda baş verən hadisə bir təkan oldu ki, bu məsələ yenidən gündəmə gəlsin. Bura gəlməmişdən öncə Patriarx Kirill həzrətlərinə müraciət etdim. Bugünkü görüşdə də ondan məscid tikilməsi üçün yer ayrılmasını xahiş etdim ki, bizə kömək etsin. Bu, başlanğıcdır. Bu gün hadisənin nə üstündə baş verdiyini və məscidin nə səbəbdən bağlandığını öyrənmək istəyirəm... Düşünürəm ki, nə baş verirsə bu yaxşılığadır. Biz səfirlə bərabər sizə söz veririk ki, bu məsələnin həlli üçün əlimizdən gələni edəcəyik” .
 Moskvadakı Azərbaycan dindarları adından Əhli Beyt Cəmiyyətinin sədri Nizami Baloğlanov çıxış edərək yaranmış problemlə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciətin əks olunduğu məktubu Allahşükür Paşazadəyə təqdim etdi.
... Tədbirlərdən sonra adətim üzrə yuxarıda adlarını qeyd etiyim kitab mağazalarına baş çəkdim. Bir neçə kitabla yanaşı, Osmonkul İbraimovun JZL (görkəmli adamların həyatı) seriyasından mərhum dostum, dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatov haqqında ötən il “Molodaya Qvardiya” nəşriyyatında çap olunmuş kitabını aldım. Kitabı vərəqləyə-vərəqləyə Çingiz ağa ilə Belçikada, Moskvada və Bakıdakı görüşlərim kino lenti kimi gözlərimin önündən keçdi.
 Kitabdan söz düşmüşkən, başlığa çıxartdığım fikir də ABŞ-da mühacirətdə yaşamış əslən livanlı ərəb filosofu, yazıçı və şair Cübran Xəlil Cübrana məxsusdur. Katolik ailəsində dünyaya göz açmış ərəb ədəbiyyatının görkəmli nümayəndəsi öz vəsiyyətinə görə Livanın Bşarriyə şəhərində monastırda dəfn olunub. Onun başdaşında bu sözləri yazılıb: “Mən də sizin kimi sağam. Qarşınızdayam. Gözlərinizi yumun və ətrafınıza baxın. Məni qarşınızda görəcəksiniz”.
 Xəlil Cübranın 100-dən çox dilə tərcümə edilmiş “Peyğəmbər” əsəri yaradıcılığının zirvəsi hesab olunur, o, xristianlıq, İslam, iudaizm, sufizmdən təsirlənərək universal məhəbbət, həyata tam fərqli və yeni baxış, insanlara olan sevgidən ibarət olan janrda yazıb-yaradırdı. O, deyirdi: “Sən mənim qardaşımsan və mən səni sevirəm. Sən məsciddə səcdədə olanda da, kilsədə diz çökəndə də, sinaqoqda ibadət edərkən də səni sevirəm. Sən və mən inamın - Allahın övladıyıq. Filosof müdrik kəlamlarının birində belə deyir: “Tanrı ağıl dünyasının vicdanıdır!” Bəli, kimi Ona Tanrı, kimi Allah, kimi Xuda, kimi Boq, kimisi də başqa bir adla xitab edərək sitayiş edir. Fəqət bu müqəddəs adların hamısı tək və vahid bir ünvanda birləşir – YARADAN. 
 “Yaradan” anlayışı yaranandan onun mövcudluğuna və qüdrətinə inam hissi insanlara dini fikirlərlə aşılanıb. Dinin bu gün nəinki insanlar arasında, hətta ölkələr, qitələr arasında sülh körpüləri qurmağa qadir bir sistem olduğu danılmaz faktdır. Dinlər müxtəlif cəmiyyətlərin mövcudluğunun, onların mənəvi mədəniyyətlərinin mühüm elementlərindən biridir. Təbii ki, getdikcə dərinləşən sivilizasiyalararası toqquşmalar və ziddiyyətlər hər bir xalqın milli-mənəvi və dini dəyərlərinin qorunması zərurətini zamanın aktual məsələlərindən birinə çevirib. Bəlkə elə buna görə də qloballaşan dünyamızda din xadimlərinin çiyninə böyük məsuliyyət düşür.
 Qərbli sosioloqların özləri də təsdiq edirlər ki, cəmiyyət həyatında baş verən əxlaqi böhranların səbəbi də dinin zəifləməsi ilə bağlıdır. 
 Vaxtilə xalqımızın ümummilli lideri Heydər Əliyev İstanbulda keçirilən “Sülh və Səbr” adlı beynəlxalq dini konfransdakı çıxışında belə demişdir: “Yer üzərində yaşayan insanlara Allahın ən böyük tövsiyəsi ondan ibarətdir ki, onlar bir-biri ilə xoş məramda, sülh şəraitində, bir-birinə qarşılıqlı hörmət, qarşılıqlı ehtiram şəraitində yaşasınlar. Ona görə də din xadimlərinin vicdana çağırış, səbir, sülhün təmin olunması ilə bağlı təşəbbüsləri həm Allahın göstərdiyi yolla getmək deməkdir, həm də Yer üzərində insanların sülh şəraitində yaşamalarına böyük köməkdir”.
 “Əgər Qarabağ məsələsində hər şey dini liderlərdən asılı olsaydı, biz bu məsələni həll edərdik. İnanırıq ki, vaxt gələcək bu çətin məsələ də öz həllini tapacaq”. Bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə Moskvada görüş zamanı Rusiya Patriarxı Kirill söylədi. Bu gün biz hər iki dini liderin münaqişənin sülh yolu ilə həllinə çalışdığını görürük. 
 Bəli, bu gün din təkcə inanc sistemi deyil, həm də insanların həyat tərzidir. Dinin vətəni olmur. Mən bu fikrə Yaponiyada səfərdə olanda gəldim. İslamla ən gec tanış olan bu uzaq Şərq ölkəsi məni bura elə ilk səfərimdə heyrətləndirmişdi. Sanki İslam dini Yaponiyada yaranmışdı... Burada söhbət islamdan və ya Allahdan getmir. Sadəcə, yaponlar Quranı hətta oxumasalar belə, Allahın buyurduqlarına, ərəblərdən də mükəmməl əməl edirdilər. Söz yox ki, yaponların tapındığı buddizm Kainatı yaradan bir qüvvənin mövcudluğu fikrini inkar edir. Yəni buddizm Allahın adını dilə gətirmir. Ancaq söhbət dürüstlükdən, haqdan, mənəvi saflıqdan və zənginlikdən gedirsə, onda yaponlar “Allah” səviyyəsinə qaldırdıqları buddizmin qurucusuna çox bağlı qalırlar. Onların, yəni yaponların özünütərbiyə sahəsindəki əsas amallarını məhz özünü idarə edə bilmək vərdişləri ilə əlaqələndirmək olar...
 Buna ən parlaq misal kimi, Tokionun dünyanın həm ən təmiz və həm də ən vicdanlı şəhəri kimi tanınmasını göstərmək olar. Üç il əvvəl aparılmış araşdırmalara görə, Tokionun sakinləri və qonaqlar fantastik məbləğdə – 3 milyard 424 milyon 11 min 977 yen itiriblər. Bu, həmin şəxslərin market, nəqliyyat vasitələri və digər ictimai yerlərdə unutduğu və yerli sakinlər tərəfindən tapılaraq polisə təhvil verilən məbləğdir. Hazırkı məzənnəyə görə bu, təqribən 32 milyon ABŞ dollarına bərabərdir.
 Yaponlara görə kədər içində olan adam öz bədbin əhval-ruhiyyəsini təbəssümləri arxasında gizlətməli və elə etməlidir ki, onun qəlbindəki acı duyğulardan heç kəs xəbər tutmasın. İslama aid hədisi-şəriflərdə də insanların bir-birinə təbəssüm bəxş etməsi ehsandan sayılır…
Əlbəttə ki, bu və ya digər dinə milli mənsubiyyətindən asılı olmayaraq tapınan bütün xalqların, eləcə də dövlətlər arasında həmrəyliyə böyük ehtiyac var. Dünyanın ziddiyyətlər içində boğulduğu və fəlakətlərin baş verdiyi şəraitdə həmrəylik təşəbbüsünün Azərbaycan tərəfindən irəli sürülməsi çox aktual məsələlərdən biridir.
 Dövlətimizin başçısı, möhtərəm İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan olunması XXI əsrdə bəşəriyyətin mənəvi ehtiyac duyduğu və zamanın tələblərinə cavab verən QLOBAL ÇAĞIRIŞ kimi, mühüm tarixi əhəmiyyət daşımaqla bərabər, zamanın böyük probleminə çevrilmiş İslam ölkələri arasında ziddiyyətlərin aradan qaldırılmasına, həmrəyliyin formalaşdırılmasına yönələn səmimi təşəbbüs kimi tarixə düşdü.
Azərbaycanda mövcud olan dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir. Dövlətimizin siyasəti milli maraqlara söykənir... Dövlət başçımızın həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanlar mehriban və qarşılıqlı hörmət şəraitində yaşayır, respublikamız tolerantlıq nümunəsinə çevrilib.
 Almaniyanın sabiq Prezidenti Kristian Vulf deyirdi: “Xristianlıqla yanaşı, bu gün İslam dini də Almaniyanın bir hissəsidir”. Bu fikir mənə XX əsrin birinci yarısında Azərbaycana köç etmiş almanları xatırlatdı. Ölkəmizdə məskunlaşmış almanlar da, yəhudilər də bizimlə birlikdə dostluq və səmimi əməkdaşlıq şəraitində yaşadılar.
 Bu il fevralın əvvəllərində Roma Papası Fransiskin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) üçgünlük tarixi səfərini və dünyanın müxtəlif ölkələrindən gəlmiş dini liderlərin iştirakı ilə ümumbəşəri qardaşlığa həsr olunmuş görüşü də dinlərarası münasibətlərə töhfə verəcəkdir.
“Bəşər qardaşlığı görüşü” çərçivəsində keçirilən bu tədbirdə dünyanın müxtəlif yerlərindən gələn müsəlman, xristian, yəhudi, buddist və başqa dini liderlərlə bir araya gələn katolik kilsəsinin rəhbəri – Papa Fransisk Abu-Dabi şəhərində kütləvi ayin zamanı italyan, ingilis, ərəb, latın, fransız, Koreya və bir sıra başqa dillərdə danışaraq Yaxın və Orta Şərqdə Yəmən, Suriya, İraq, Liviyadakı qanlı hadisələrə tezliklə son qoyulmasını, dünya dinləri təmsilçiləri arasında sülh və həmrəyliyin bərqərar olmasını diləyib.
 Həmin günlərdə (fevralın 4-5-də) Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibinin və Misir hökumətinin dəvəti ilə Qahirədə səfərdə olub. İslam Əməkdaşlıq Təşkilatının (İƏT) birinci festivalının təşkil olunduğu Qahirə Opera evində İslam dünyasına xüsusi töhfələri olan 5 görkəmli şəxsin təltif edilməsi mərasimi keçirilib. Mükafata layiq görülən beş görkəmli şəxsin biri də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadədir. Biz möhtərəm şeyx həzrətlərini bu münasibətlə təbrik edirik, ona fəaliyyətində uğurlar diləyirik.
 Təltif olunan digər 4 nəfər – Şarca əmiri Şeyx Sultan Əlqasimi, Burkina-Faso dövlətinin birinci xanımı Vafor Adjvafi, Səudiyyə Ərəbistanı Krallığının xarici işlər üzrə sabiq dövlət naziri Nizar bin Obeyd Mədəni və Misir şairi Faruq Givaydadır. 
İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Useymin Şeyxülislamın müsəlman dünyasında oynadığı roldan bəhs edərək qeyd edib ki, sülhpərvər mövqeyi həm ölkə daxilində, həm də xaricdə ona rəğbət qazandırıb.
İƏT-in baş katibi Prezident İlham Əliyevin Şərq və Qərb sivilizasiyasını dialoq platforması ilə daha da yaxınlaşdırmaq təşəbbüsünün real nəticələr verdiyini diqqətə çatdırıb. Azərbaycanın Şərqlə Qərb arasında mənəvi körpü rolunu oynadığını, eyni zamanda, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın humanitar sahədə gördüyü işlərin mədəni yaxınlığı daha da sürətləndirdiyini deyən baş katib onun bütün müsəlman xanımları üçün bir nümunə olduğunu bildirib.
 Baş katib Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair İƏT-in qəbul etdiyi qərar və qətnamələrdə ölkəmizin ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının birmənalı şəkildə dəstəkləndiyini və bu mövqeyin dəyişilməz qalacağını qeyd edib.
 Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillin dövlətimizin başçısı İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə görüşü də dinlərarası dialoqun, iki ölkə nümayəndələri arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsi işində əhəmiyyət kəsb edən hadisədir. Patriarx Azərbaycana səfərin onun üçün hər zaman mühüm mənəvi-mədəni hadisə olduğunu dilə gətirib bildirdi: “Mən Azərbaycana səfər edərkən həmişə dinlərarası münasibətlərin yüksək səviyyəsinə diqqət yetirirəm. Azərbaycandakı pravoslavlar da müsəlmanlar kimi bütün imkanlardan istifadə edirlər. Azərbaycanda millətlərarası, dinlərarası sülhün möhkəmlənməsində müsbət işlər görən dostum Şeyxülislam Paşazadənin rolunu xüsusi qeyd etmək istərdim. O, təkcə Azərbaycanın müsəlmanlarının deyil, həm də Qafqazın ali dini rəhbəri olduğuna görə Rusiya müsəlmanları ilə münasibətlərin inkişafında böyük işlər görür. Biz də onun sülhməramlı rolunu, həm də dinlərarası münasibətlər sahəsində mürəkkəb məsələləri həll etmək bacarığını çox yüksək qiymətləndiririk”.
 Kirill, eyni zamanda, Azərbaycanda yaşayan pravoslavların heç bir narahatlıq hiss etmədiklərini bildirib: “Azərbaycanda pravoslav kilsəsinin vəziyyəti ilə əlaqədar Sizə xüsusilə təşəkkür etmək istərdim. Həmişə zati-müqəddəsləri Aleksandr ilə görüşəndə o, bu münasibətləri çox nikbin təsvir edir və mən dəqiq bilirəm ki, bu, reallıqdır və həqiqətən belədir. Azərbaycanda yaşayan pravoslavlar heç bir narahatlıq hiss etmirlər. Onlar öz ölkələrinin vicdanlı vətəndaşlarıdır, eyni zamanda, pravoslavdırlar. Onları həm dini əqidələrinə, həm də ənənəyə görə tarixi vətənləri – Rusiya ilə bağlayan çox şey var”.
 Bu gün heç kimə sirr deyil ki, Rusiyanın Patriarxı dünya pravoslavlığının lideri kimi xüsusi çəkiyə malikdir və rus hakim elitasının ən hörmətli şəxslərindəndir. Onun Azərbaycana növbəti səfəri Azərbaycan ilə Rusiya arasında münasibətlərin inkişafı üçün vacib şərtlərdəndir.
 Sonda qeyd etmək istəyirəm ki, bu gün dövlətimizin başçısı İlham Əliyev ilə çiyin-çiyinə Azərbaycanın çiçəklənməsinə və beynəlxalq nüfuzunun artmasına böyük töhfələr verən Mehriban xanım Əliyeva da müxtəlif xalqlar arasında humanizm, həmrəylik və dözümlülük kimi bəşəri dəyərlərin bərqərar olmasına böyük səy göstərir. Onun rəhbərliyi ilə “Tolerantlığın ünvanı Azərbaycan” layihəsi çərçivəsində ölkədəki məscidlərdə, kilsələrdə, sinaqoqlarda təmir-bərpa işləri aparılır. 
 Rusiyanın Patriarxı Kirill Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı Rus Pravoslav Kilsəsinə göstərdiyi köməyə və Həştərxan şəhərinin abadlaşdırılmasına qayğısına görə II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif edib.
 Mehriban xanımın təşəbbüsü ilə Romada müqəddəs Sebastian kilsəsinin, eləcə də Müqəddəs Marçellinio və Pietro katakombaları bərpa olunub. Dünya mədəniyyəti, xüsusilə də xristianlar üçün böyük mənəvi dəyəri olan katakombaların müsəlman ölkəsi Azərbaycanın Heydər Əliyev Fondu tərəfindən bərpa edilməsi ölkəmizin dinlərarası və mədəniyyətlərarası dialoqa verdiyi növbəti töhfədir.
 Mehriban xanım Əliyevanın həyata keçirdiyi müxtəlif mədəni layihələrin əhəmiyyəti ilə yanaşı, bu fikri də diqqətəlayiqdir: “Xalqlar arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin, tolerantlığın hökm sürdüyü Azərbaycan cəmiyyəti bizim tarixi nailiyyətimizdir və bu amil ictimai-siyasi həyatımızın aparıcı normasına çevrilmişdir. Ölkəmizdə yaşayan müxtəlif xalqlara öz milli- mənəvi dəyərlərini, dini etiqadını, adət-ənənələrini qoruyub saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək üçün demokratik şərait təmin edilmişdir. Azərbaycanın bütün vətəndaşları dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, əsas insan hüquq və azadlıqlarına malikdirlər. Qürurverici faktdır ki, Azərbaycan dünya ölkələri üçün tolerantlıq örnəyi hesab olunur və bir çox dövlətlər bizim təcrübəmizdən yararlanmağa çalışırlar”.

undefined

undefined

undefined

 

undefined

http://xalqqazeti.com/az/news/15944

16 fevral 2019