QIPÇAQ GÖZƏLİ

Hüseynbala MİRƏLƏMOV

 

Hicri təqvimi ilə 558-ci il (miladın 1180-ci ili) Gəncədə yaman isti keçirdi...

Günəş qüruba enmişdi. Şər qarışmışdı, zaviyədə künclərdə asılmış qədimi şamdanlardakı ətirli mumların zəif, titrək şöləsi içərini güclə işıqlandırırdı. Əsrarəngiz bir yarımqaranlıq içərisində səssizcə ora-bura addımlayan insan kölgələri keçmişin izləri kimi arabir görünüb yox olurdu. İbadətini bitirib canamazını yığışdıran zaviyənişinlərdən biri üz cizgilərindən cavan olmasına baxmayaraq yaşından xeyli müdrik görünən şeyxə yaxınlaşıb yavaş səslə dedi:

-Ya şeyx, üzünün nuruna qurban olduğum, nədən belə bikefsən?

İlyas canıyananlıqla verilən bu sualdan yüngülcə diksinib fikirdən ayrıldı. Yol çəkən gözləri hansısa laübalı bir nöqtədən yığışdı. Üzünü çoxdan tanıdığı zaviyənişin Həsənə tutub xəfifcə gülümsədi:

- Allahın indiyədək mənə bəxş etdiyi nemətləri xatırladım. Şükür elədim İlahinin kərəminə. Keçmişin gözəllikləri, xatirələr birər-birər keçdi ağlımdan...

Şair bunu deyib yenidən xəyallar aləminə qərq oldu...

 

Şeyx Nizami xeyli müddət idi ki, özünün “Pənc Mücəvhər” adlandırdığı “Xəmsə”si üzərində işləyirdi. Günboyu ibadətlə məşğul olar, mədrəsədə müəllimlik edər, qalan vaxtlarda isə anadan yetim qalmış altı yaşlı oğlu Məhəmmədlə vaxt keçirər, yaxınlarda vəfat etmiş sevgili xanımı Afaqın qoxusunu ondan alardı. Çox vaxt hava qaralanda isə oğlunu dayəsi Bircə xatuna möhkəmcə tapşırıb zaviyəyə gedərdi. Burada sakitlik idi, fikirlərini toplayıb qəzəllərini və “Xəmsə”sini yazmaq üçün əlverişli mühit vardı.

Bu gün də İlyasın zaviyədə könül rahatlığı tapdığı həmin günlərdən biri idi. Qardaşı Qivami Mütərrizinin zaviyəyə gəlişindən xeyli sevinən İlyas onunla şeiriyyət haqqında geniş söhbət açdı. Bu günlərdə üzərində işlədiyi “Xosrov və Şirin” haqqında danışdı:

- Ya Qivami, “Pənc Gənc”imin “Sirlər xəzinəsi”dən sonra ikinci kitabı “Xosrov və Şirin” olacaq. Bu böyük eşq dastanını nəzmə çəkmək mənim üçün nə qədər məsuliyyətlidirsə, bir o qədər şərəflidir. Şirin mərhum zövcəm, Məhəmmədimin anası Afaqı xatırladır mənə. Onun kimi vəfalı, sədaqətli, onun kimi sevgi dolu... Mənim gözəl qıpçağım kimi bu əfsanədəki Şirin də ismətli, sadiq, ağıllı bir qadındır.

Bu Şirindən başqa kimsə dünyada,

Özünü özgəyə etməmiş fəda...

Yaradan türkümün birini apardısa da, ondan olan türkzadəmi - gözəl balam Məhəmmədimi qorusun, inşallah.

Cahan Pəhləvanın qasidi xəbər gətirəndə ki, hökmdar tarixə səs salacaq yeni bir aşiqanə hekayət istəyir, çox fikirləşdim. Uzun müddət düşündüm ki, hansı eşq dastanını nəzmə çəkim ki, əsərin şöhrəti cahanşümul olsun, hər yerə səs salsın?

 

Hansı qapıdan mən girim, dürr saçım,

Hansı xəzinənin ağzını açım?

Nə zinət verim ki, dünya bəzənsin?

Nədən yapışım ki, el əhsən desin?

 

Və nəhayət, son qərarım “Xosrov və Şirin” mövzusu oldu. Əlbəttə, bu məlum bir hekayədir, ancaq mən bu bilinənin bilinməyən tərəflərini, batinini də nəzmə çəkməklə əsl Nizami möcüzəsi yaratmaq niyyətindəyəm, inşallah. Bu sevgi dastanını elə işləyəcəyəm ki, hökmdar Atabəy Məhəmməd Cahan Pəhləvan da böyük Firdovsinin öz “Şahnamə”sində ötəri bəhs etdiyi bu dastanın gerçək möhtəşəmliyinə valeh olacaq. Böyük Firdovsi “Xosrov və Şirin”dən bəhs edəndə bu mövzunu ancaq tarixi cəhətdən açmışdı. Eşq tərəfinə isə heç fikir verməmişdi. Mən bu dastanın məhəbbət tərəfini nəzmə çəkəcəyəm. Müqəddiməmdə də ustad Firdovsini xatırlatmışam, ancaq ondan fərqli olaraq Şirinin, Fərhadın timsalında həqiqi eşqin hekayəsini yaradacağımı bəyan etmişəm:

 

Söylərkən o həkim bu xoş dastanı,

Çıxardıb içindən eşqi-fəqanı.

Altmış yaşındaydı yazarkən bunu,

Saxlaya bilmirdi yayda oxunu.

Altmışda sevginin, eşqin həyəcanı,

Titrədə bilmədi yorğun qocanı...

Eşqin hekayəsi cəzb etdi məni,

Həsr eylədim eşqə bu hekayəni...

 

Nə zamandır əsərin üstündə çalışıram, yəqin ki, ilin sonunadək bitirərəm...

Qivami qardaşını diqqətlə dinləyir, arabir məmnunluqla başını tərpədirdi. İlyas sözünü bitirəndə isə Qivami həvəslə son günlər “Bədiiliyin sehrkarlıqları” qəsidəsi üzərində işlədiyindən söz açdı:

- Atabəy Qızıl Arslana həsr etmişəm bu qəsidəni. Çünki Qızıl Arslan ölkənin əmiri və dövlət Rəxşi-nin süvarisidir. O, himmətlidir, xan sarayının rifahının qoruyucusudur, ağıllı və fəsahətli bir hökmdardır. Bu fikirlər, əlbəttə, qəsidənin mədhiyyə tərəfidir. Amma həm də inanıram ki, Şərq şeiriyyətinin əsaslarını öyrənmək istəyənlər bu qəsidəmə əsas mənbələrdən biri kimi istinad edəcəklər, zira bildiyimiz bütün poetik forma və növlərə bu mədhiyyədə yer verəcəyəm. Yüz beytlik bir qəsidə həcmində yazmağı nəzərdə tutmuşam. Təcnisin növləri, həmçinin hüsni-mətlə, istiarə, eyham, mədhi-müvəjjəh, iltifat, təşbihin növlərindən - təfzil, maşrut, idmar, təsviyə, həşvin növlərindən - qəbih, mütəvəssit, məlih, eləcə də iştiqaq, müjənnah, müəmma, müstəvi, müvəşşəh, lüqəz, mücərrəd və digər bədiiliyin ifadə vasitələri qəsidəmdə yer alacaq. Hökmdarın və şeir xiridarlarının bəyənəcəyinə ümidliyəm...

Nizami qardaşının şövqlə danışmasını, bədiiliyin sehrli təsirindən söz açdıqca gözlərinin parıldamasını fərəhlə süzüb dedi:

- Qardaşım, sən Gəncənin məşhur çörəkçisi olmaqla yanaşı, söz sənətində də mahirsən. Dediyin kimi, mən də bu qəsidənin bəyəniləcəyinə, yaddaşlarda qalacağına inanıram.

Qivami çıxıb getdikdən sonra fikir-xəyal İlyası yenidən keçmişin dolanbaclarına götürüb apardı...

***

... İlyasın yaşadığı həyətə o vaxt - 1173-cü ilin soyuq qış günündə birdən-birə günəş doğmuşdu. Ay kimi ağappaq çöhrəsi ilə ətrafa işıq və istilik saçan bir günəş! Dəvələrin müşayiəti ilə İlyasın evinin darvazasından daxil olan kəcavənin sorağı özündən xeyli əvvəl gəlmişdi. Dərbənd hakimi Dara Müzəffərəddin sorağı türk ellərinə yayılmış Nizamiyə ağıllı, gözəl, saf bir gül qönçəsini - qıpçaq gözəlini ərməğan olaraq göndərmişdi.

Ata-anasını itirəndən sonra dayısı Xoca Ömərin himayəsində böyüyən İlyas həddi-büluğa çatıb öz çörəyini özü qazanandan sonra Gəncənin bir tərəfində kiçik bağçalı mütəvazi bir ev inşa etdirib orada yaşayırdı. Şeyx İlyas sonralar məhz həmin evdə ömrünün ən xoşbəxt çağlarını keçirəcək, sevib-sevilməyin, ata olmağın dadından doyulmaz şirinliyi ilə tanış olacaqdı...

...Kəcavədən enən türk gözəli İlyasın qarşısında utancaq görkəmlə dayanmış, cavan şeyx elə ilk baxışdan dərisi çini qab kimi parlaq, badamı gözlü, boylu-buxunlu bu qıza ürəkdən aşiq olmuşdu. Yəqin dərisinin rənginin və ruhunun ağlığından idi ki, bu qənirsiz gözəlin adını Appağ qoymuşdular. Şeyx Nizami sonralar ona nəvazişlə “Afaqım”, “Apağım” deyəcək, şəninə qəzəllər yazacaqdı... Amma bu hələ sonralar olacaqdı:

 

Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi,

Üzü aydan da gözəl nazlı nigar gəlmiş idi.

Tər axıb gül yanağından, bulud örtmüşdü ayı,

Onu düşmənmi qovub, könlü qubar gəlmiş idi?

Ona mən göz yetirib xəlvəti baxdım-baxdım,

Ovçunun ovlağına körpə şikar gəlmiş idi.

Uyuyub hər ikimiz rahət olub bir yatdıq,

Bəxtimin baxçasına güllü bahar gəlmiş idi.

Dedi: “Getmək dəmidir, söylə, nə istəyirsən yar?”

Bir öpüş istədim ondan...Yeri var gəlmiş idi.

Ağlayıb getdi o yar, göz yaşı yandırdı məni,

Odlara yandı dilim, sanki şərar gəlmiş idi.

“Ey Nizami!” - dedi... Birdən ayılıb gördüm o yox,

Demə, röyada bizə çeşmi-xumar gəlmiş idi.

 

İlyas qısa müddət içərisində gününü ağardıb ömrünü işıqlandıran qıpçaq gözəli ilə əhd edib onu ömürlük nikahına almışdı...

 

Bir badamdır gözlərin, şirin şəkərdir ləblərin,

Aşiqə xoşdur səninlə işrət etmək sübhədək.

Ayrılıqdan mən dünən qəmlər yedim, olcaq gecə

Başıma vəslin bu gün tac qoydu gerçək, sübhədək,

Canı qurbanın dedim, indi sənindir ixtiyar,

Nəqş vur, meydan oxu, nərd oyna mərd tək sübhədək.

Zülfünü bük tövbə tək, şamə kimi gəl busə ver,

Tövbəni zülfün kimi sındır da, mey çək sübhədək.

Gəl, bu axşam lütf elə, dinlə Nizami şerini,

Qapını bir kimsə açmaz, baxma, göz çək, sübhədək.

 

Neçə unudulmaz, sevgi dolu günlər idi!

...Aradan aylar keçmişdi. Bir gün mədrəsədən evə qayıdan Şeyx İlyas həyətdə sac asıb qutab bişirən Afaqı ayrı bir halətdə gördü. Gülərüzlə ərini qarşılayan qadının üzündə vacib bir sirrin nişanəsi gizlənmişdi. Sevimli Afaqının bişirdiyi dadlı göy kətələrini yedikcə sözlü-sözlü üzünə baxan qadınının nə isə demək istədiyini görüb duruxdu: “Gül qönçəm, nəsə demək istəyirsən, sözlü adama oxşayırsan?”

Utandığından Afaqın yanağı pul-pul olub qızardı, badamı gözləri təbəssümdən daha da çəkilib qıyıldı: “Yeməyini rahat ye, ömrüm-günüm, sonra deyərəm...”

Samovarı gətirib üstündə oturduqları butalı Gəncə xalısının baş tərəfindən qoyub yorulmuş ərinə pürrəngi çay süzdü. Sonra yavaşca Şeyx İlyasın dirsəkləndiyi mütəkkəyə tərəf sivişib yanpörtü oturdu. Ərinin qulağına tərəf əyilib nə pıçıldadısa, İlyas sevindiyindən çay içdiyi piyaləni hansı tərəfə atdığını da bilmədi. Afaqını köksünə sıxıb onun müşk qoxuyan şəlalə saçlarının arasında sevincindən qeyb olmuşdu o gün. Ata olacaqdı...

 

Gözüm aydın, gözümə surəti canan görünür,

Mişki-ənbər saçaraq, ətrlə əfşan görünür.

Allaha şükr edirəm, ey gözümün nuru, bu gün,

Yar gəlib göz önünə, sərvi-xuraman görünür.

Ey sənəm, vəslin ilə, eylə ki, şad oldu könül,

Yırtdı qəm köynəyini, gül kimi xəndan görünür.

Şadlığından alışıb yandı Nizami, dedi ki:

Gözüm aydın, gözümə surəti-canan görünür.

 

“Sayılı gün tez keçər” deyiblər. 1174-cü ilin yayında ürəyinin parası, gözünün bəbəyi olan oğlu dünyaya gəlmişdi. Şeyx canından çox sevdiyi övladına aləmlərin əfəndisi, müqəddəs peyğəmbərimizin adını vermişdi. Məhəmməd elə anası kimi ağbənizli, sevimli bir uşaq idi, dil açıb danışdığı, ayaq tutub yeridiyi günlərsə dünəndi sanki...

Məhəmmədin dünyaya gəldiyi gün şairin həyatının ən unudulmaz, ən həyəcanlı günü idi. 1174-cü ilin ilıq bahar günlərindən birində Şeyx Nizami həmişəki kimi mədrəsədə dərs deyirdi. Bu əsnada qonşularının kiçik oğlu Əbülfəz qaranəfəs qaşa-qaça özünü mədrəsəyə təpdi:

- İlyas əmi, İlyas əmi, məni Reyhan xala göndərdi, deyir, tez evə gəlsin!

Şeyxin ürəyi atlandı. Neçə vaxtdı bu xəbərin həvəsi ilə yaşayır, günü-günə calayırdı. Badamı gözlü qıpçaq gözəlinin bari-həmlini yerə qoymasına sayılı günlər qalmışdı. O gün gəlib yetişmişdi. İlyas tələsik işini yekunlaşdırıb, başıalovlu evinə tələsdi.

Daim “gül qönçəm” dediyi qadın sancıların verdiyi dözülməz ağrı ilə yeri-göyü inlədirdi. Eyvana az qala qaçaraq çıxan şeyx içəri otaqdan Afaqının qışqırıqları ilə yanaşı, əbəçi Reyhanın qadına yardım edən təmkinli səsi gəlirdi. İlyas elə eyvandaca bir müddət lal-dinməz oturdu. Baxdı ki, hövsələsi çatmır, pilləkənləri endi, həyətdə dəstəmaz aldı. Canamazını elə həyətdəcə sərib namazını qıldı. Xanımı üçün Yaradana əl açıb dualar elədi:

- Ey böyük Allah, özün Afaqımı və övladımı bu dar ayaqdan sağ-salamat qurtar, mənə saleh və xeyirli övlad əta elə...

Vaxtın donub qaldığı zaman kəsimi nəhayət başa çatdı, həsrətlə gözlənilən körpə çığırtısı həyəti bürüdü. İlyas bir göz qırpımında eyvana qalxdı, əbəçi Reyhan içəridən çıxıb şairi muştuluqladı:

- Gözün aydın, elə anası kimi bəyaz, nurüzlü bir oğlun oldu! Allah saxlasın, atalı-analı böyüsün!

Həyəcandan, sevincdən nəfəsi təngiyən İlyas heç bilmədi yaşlı əbəçini nə vaxt bağrına basıb üz-gözündən öpdü.

Sonrakı günlərdə oğlunun qulağına azan oxuyub Məhəmməd adını pıçıldadığını xatırladı. Məhəmməd anasını heç incitməzdi. Lap körpəliyindən anası ilə bərabər yatıb-durardı. Ayaq açandan sonra isə tombul ayaqları ilə həyəti o baş-bu başa ölçər, heç dinclik tapmazdı. Şirin gülüşlərlə toyuq-cücənin, quzuların dalınca düşüb qaçır, arabir də eyvanda uzanıb özünü günə verə-verə mürgü döyən pişiyi quyruğundan tutub həyətə tolazlayardı. Pişiyin çıxardığı səsdən az qala gülməkdən ürəyi gedər, qəşş edib pişiyin arxasınca qaçardı. Qıpçaq qızı elə qayğıkeş və səbirli ana idi ki. Oğlunun dəcəlliklərinə gülümsəyər, nazıyla oynamaqdan yorulmazdı...

***

“Ya Şeyx Nizami!” - həyəcanlı bir səs şairi Afaqlı xəyallar dünyasından ayırdı. Zaviyənişin Həsən ustadı süfrəyə dəvət etmək üçün gəlmişdi: “Ustad, Allahın verdiyindən bir tikə çörək kəsək, süfrəyə buyurmazmısınız?” İlyas etiraz eləmədi. Hörmət xatirinə digər ibadətgah əhli ilə bir tikə çörək kəsib, yenidən “Xosrov və Şirin”ə və xatirələrinin rəngarəng aləminə döndü. Xatirələrin ən gözəl tərəfi onların vasitəsilə istədiyimiz vaxt keçmişin unudulmaz aləminə, nağıl kimi şirinliyinə səyahət etməyimizdir...

Afaqın ölümündən keçən müddətdə İlyas hələ də özünə gəlməmişdi. Bir yandan sevimli könül həmdəmini itirdiyi üçün, digər tərəfdən bircə balasının da özü kimi anadan yetim qalmasına dərindən kədərlənir, ancaq çalışırdı ki, ümidsizliyə və bədbinliyə qapılmasın. Həmişə təkrarladığı cümlələr vardı: “Allah böyükdür, ümidsiz olmaq müsəlmana yaraşmaz”. Bir yandan özünə təsəlli verirdi ki, hər şeyi verən də, alan da Allahdı, bəndəyə qalan ancaq Yaradana təvəkkül və səbr etməkdi. Ancaq sevgili Afaqı ilə keçirdiyi gözəl günlər üçün burnunun ucu göynəyəndə bəzən göz yaşlarını saxlaya bilməzdi. Sən demə, kişi təkcə anadan deyil, sevgili qadından da yetim qalarmış. Ancaq Allaha sığınıb bu hüznü qəlbinin dərinlərində çəkməkdən başqa hansı yol vardı ki? Ölüm haqdı, ondan geri gələn olmayıb ki... Elə bu fikirlərlə də “Xosrov və Şirin”nin minacatı üzərində işləyir, lələyi mürəkkəbə batırıb aramla Allahın böyüklüyünü vəsf edirdi. Bununla da böyük kədəri qarşısında qəlbi bir az da olsa aram olurdu:

 

Əvvəlcə torpaqdan yaratdın məni,

Sonra fəzilətlə ucaltdın məni.

Üzümü parlatdın, gözümə nur saç,

Neməti bəxş etdin, şükr dilimi aç!

Səbr versən mənə, pis günə dözüm,

Qoyma xoş günümdə unudum, özün.

Öz hikmətlərini göstər mənə sən,

Qəflət pərdəsini qaldır önümdən,

Hər zaman fikrimin sən ol rəhbəri,

Verdiyini alma sonralar geri,

Günahım həddindən çoxdur, bilirəm,

Xəcalət çəkməklə onu silirəm.

Bu söylədiyimdə nə ki səhvim var,

Üstünə qələm çək, ey pərvərdigar!

 

İlyas hələ gənc yaşlarından imanı və təqvası ilə cümlə Gəncədə hörmət qazanmışdı. Elə buna görə idi ki, yaşının azlığına baxmayaraq hər kəs ona şeyx deyə xitab edir, ehtiramını saxlayardılar. İslama bağlılığı, peyğəmbərə olan böyük sevgisini hər an qəlbində yaşadırdı. Afaqla nikah bağlayarkən oğlu olarsa, ona Həzrəti Məhəmmədin adını verməyi əhd etmişdi. Həzrəti Məhəmmədə bəslədiyi sevgi onun hər bir əsərində öz əksini tapırdı. “Xosrov və Şirin”də yazdığı nətdə də peyğəmbərin şəninə sevgi dolu beytləri qələmə almış, bağışlanmasını diləmişdi:

 

Böyük Məhəmmədə yüz min afərin!

Xilqət torpağıdır, buna ol əmin.

Nə qədər yetimi sevdi, saxladı,

“Dürri-yetim” qaldı odur ki, adı.

 Mənada Adəmin can kimyası,

Surətdə aləmin göz tutiyası

Mən bir təşnə insan, o bir sərin su,

O, mənim suyumdur, mən onun tozu.

Xidmətdə çox qüsur üz vermiş mənə,

Ey Tanrı elçisi, çarə nədir, nə?

O pak məzarından bir diləyim var:

Haqdan mən yazığa sən ol duakar.

Bilirəm xahişin qəbula keçər,

Mənimçün əl qaldır, lütf et bir qədər.

De ki, Nizaminin, sən karını aç,

Kafərin nəfsindən zünnarını aç!

***

Şeyxə bəslənən dərin hörmət həm də İlyasın həddindən artıq təvazökar olması və sadə həyat tərzi keçirməsi ilə bağlı idi. Artıq “Sirlər xəzinəsi” ilə sözü-söhbəti böyük saraylarda və üləmalar məclisində dolaşan Nizami dəbdəbəli həyatı deyil, sadə bir gəncəli kimi yaşamağı, mədrəsədə gənclərə elm-ürfan öyrətməyi və könlünün od-alovu ilə özünü poeziyaya, bədiiyyata həsr etməyi seçmişdi. Bu sadə ömür yolunda isə qıpçaq gözəli Afaqla birgə addımlamağı Yaradanın bəxş etdiyi nemətlərdən biri kimi qəbul etmişdi. Sonralar Afaqın əbədilik gedişi ilə birgə ömrü də bozlaşmışdı. Təsəllisi ancaq türk gözəlindən olan Məhəmmədi ilə ünsiyyət və yazdıqları əsərlər idi.

Taleyin qara buludları İlyasın evinin üstünü oğlu Məhəmmədin 5 yaşı olanda almışdı. Daim gümrah, gülərüz olan qıpçaq gözəli bir gün bilinməyən bir mərəzdən yatağa düşdü. Nizami günlərlə Afaqının yatağının yanını kəsdirib evindəki köməkçi qadına imkan vermədən oğlunun anası ilə vaxt keçirir, ona öz əlləri ilə qulluq edirdi. Qıpçaq qızının sağalması üçün hər cür dava-dərmana baş vurur, ən məşhur həkimləri evinə gətizdirirdi. Ancaq neyləsə də, ömür ipliyi üzülən Appağ getdikcə daha da saralıb-soldu, bir neçə ayın içindəcə özündən sonra ürəyi yaralı, gözüyaşlı İlyası ilə Məhəmmədini buraxıb şam kimi əriyib əbədiyyətin görünməzliyinə qarışdı... İlyas dərdindən bir neçə ay vərəqə-mürəkkəbə yaxın gedə bilmədi, Məhəmmədlə baş-başa verib ata-bala bu itkinin ağrısını yaşadılar. Kiçik uşağı ovundurmaq çətin idi, hər yerdə qayğıkeş anasını axtarır, “anam nə vaxt gələcək?” sualı ilə Şeyx Nizaminin ürəyini dağlayırdı. Yalnız aradan xeyli müddət keçəndən sonra İlyasın ağrıları kağızlara köçüb yaşamağa başladı. Dünyalar qədər sevdiyi qadını itirən Nizami ayrılığın ilk qəzəlini də saatlarla səssiz oturub düşüncələrə daldığı bu zaviyədə yazmışdı:

 

Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz,

Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz!

Sənin ol cəlb eyləyən vəslinə and içdim inan,

Hicrinə yandı canım, yox daha taqət sənsiz!

Başqa bir yarı necə axtarım, ey nazlı sənəm?

Bilirəm sən də dedin:”Yox yarə hacət sənsiz!”

 

Sonralar bu qəzəlin hər bir beyti dillər əzbəri olub nəinki Gəncədə, bütün Şərqdə yayılmışdı:

 

Sən mənim qəlbimə hakim, sənə qul oldu könül,

Sən əzizsən, mən ucuz, mən heçəm, afət, sənsiz!

 

Nə gözüm var arayım mən səni, bəxtim də ki yox, Nə də bir qaçmağa var məndə cəsarət sənsiz!

Ancaq nə qazandığı şöhrət-şan, nə də əldə etdiyi böyük uğurlar Nizaminin qəlbini aram etmək üçün yetmirdi. İnsan rahatlığını itirəndə qazandığı bütün digər şeylər gözündə dəyərini itirir:

 

Sən Nizamidən əgər arxayın olsan da, gülüm,

Gecə-gündüz arayıb olmadı rahət sənsiz!

***

Ustad Nizami bilirdi ki, kədər də bir gün səngiyir, ağrı-acılar da xəfifləyir nə vaxtsa... Həyatın bir gün yenidən davam edəcəyinə, ömründən yenidən sevgi rüzgarlarının əsib- keçəcəyinə əmin idi. Amma indilikdə və bundan sonra hələ xeyli müddət də beləcə xatirələrə qərq olduğu bu zaviyədə öz sevgili Afaqının, unudulmaz qıpçaq gözəlinin xəyalı ilə yaşamaq, qəzəlləri ilə ancaq onu xatırlamaq... xatırlamaq istəyirdi...

 

Eşqini canım ilə bəslədi birlikdə könül,

Onsuz, ey sevdicəyim, can evi viran görünür...

 

Mart 2021

https://www.azerbaijan-news.az/posts/detail/qipcaq-gozeli-1618956752