Hüseynbala Mirələmov

 

                   Q İ B L Ə

                                                (POVEST)

Qəflətən bərk külək başladı. Toz dumanı göz qırpımında aləmi cənginə aldı. Həyətdəki nəhəng və ulu çinar zaman- zaman fırtınalara, tufanlara sinə  gərmiş, halını pozmadan lal bir sükutla bu olayları qarşılamışdı. Bugünsə çinar təlatümdə idi, haray – həşir salmışdı, yaralı quş kimi çırpınırdı. Deyəsən, bu dəfə xına özgə xınaydı, çinarın nəinki qol-budağı silkələnir,  kövrək şivləri qırılıb-tökülür, hətta yoğun və yorğun gövdəsi qəfil xəstəlik yaxalamış qoca kimi zarıyır, dil boğaza salmırdı. Külək ətrafda gözə dəyən hər şeyə qısa fasilələrlə həmlə edir,  elektrik dirəklərini belə  yerindən oynayır, naqilləri qırıb bir-birinə sarmaşdırır,  ucu dolaşmış kələfə bənzədirdi. Qısa qapanmalar nəticəsində məftillər qırılıb-tökülürdü. Balaca şəhərin küçə-meydanlarında gəzən adamlar daldalanmağa yer axtarırdılar. Bu vahiməli, qasırğalı gündə hər kəs öz başının hayındaydı. 

Bu zaman bir ala qarğa hardansa asta-asta uçub ağacın çuxur, dəlmə-deşik gövdəsinə yaxın şax budaqlarından birinin üstünə qondu, bəd xəbər gətirmiş kimi həyacanla qarıldamağa başladı. Şiddətlə əsən külək az qalırdı ki, onu bürmələyib qonduğu budaqdan qoparıb daş kimi yerə fırlatsın. Lakin bəd niyyətli quş qanadlarını açıb çinarın ətrafını dörd dolandı və yenidən bir az əvvəl oturduğu budağa pənah gətirdi, boğazını düz  Şahingilin pəncərəsinə tuşlayıb  qarıldamağa başladı. Nəydi azarı qarğanın? Ac idimi? Susuz idimi? Təhər-töhüründən qocaldığı hiss olunurdu. Şövqlə, gur avazla oxuya bilmirdi. Səsi köhnə cəhrə kimi cırıldayır, hər dəfə «qa» eləyəndən sonra başı  aşağı əyilir, quyruğu qalxır, nəfəsi təngiyirdi. Zorla qanad gərir, sonra yenidən qanadlarını tükü seyrəlmiş bədəninə sıxırdı. Bu bəd niyyətli quş bütün vücuduyla güc verib  qəmli nəğməsini ətrafa səpirdi. Kədərli və nisgilli səsi daha  çox dərdinə əlac tapılmayan xəstənin iniltisinə bənzəyirdi. Qarğanın  boz rəngə çalan lələkləri özünün əzəli təbii rəngini itirərək, azacıq qaralmışdı.

Ala qarğa zahirən nə qədər yorğun və bədgüman görünsə də, susmaq, sakitləşmək bilmir, məşum «nəğməsi»ni bitirmirdi. Bu xeyirsiz quşu insanlar heç sevməzdi. Hansı ağaca qonurdusa adamlar haray – həşir qopararaq bəd xəbər daşıyan varlıq kimi daşlayıb qovurdular. Ancaq nə qədər təəccüblü də olsa,  son qarmaqarışıq çağlarda heç ona əhəmiyyət verən də yox idi. Saymırdılar boz qarğanı, vərdişinə sanki alışmışdılar. Bəlkə də bu hal qəfil başlamış tufanla bağlı idi, hamının diqqətini başqa işlərə yayındırmışdı? Qarğa heyrət içindəydi. Adamlar onu dinləmək istəmir, gətirdiyi xəbəri qulaqardına vurur, yanından laqeydcəsinə ötür, hürküdüb perikdirməyi ağıllarına belə sığışdırmırdılar. Bu hal qarğaya sakitlik gətirirdi.

Axşamüstü səmtini tez- tez dəyişən, burula-burula şəhərin üstündə dolanan tufan axır ki səngidi. Şəhərin üstünə çökmüş qara kölgə isə bir az da qatılaşmış, sıxlaşmışdı. Lap yuxarıda – göylərin dərin qatlarınd  ağ - qara buludlar böyük bir nəhrin yedəyində bir-birinə doğru sürünürdülər. Asimanın üzü geniş döyüş meydanına bənzəyirdi. Özündən çıxmış buludlar ayrı-ayrı qoşun alayları kimi sanki həmlə əmrini gözləyir, ölüm-dirim savaşının intizarını çəkirdilər. Bir azdan qılınclar qınından sıyrıldı. Nəhəng bulud laylarının ilk ləşkəri üz-üzə, göz-gözə gəldi və bir anda «kəllələr» şaqqıltı ilə  toqquşdu. Ağır zərbədən sonra şimşəyin zülfüqarı misri qılınc kimi havanı parçaladı, iki yerə ayırdı. Lakin döyüş səngimədi, daha da qızışdı, qan su yerinə axdı. Gah qara kölgə işığı, gah da işıq qətran kabusu əvəzlədi. Bu hal tez-tez təkrarlandı. İnadkar pəhləvanlar kimi buludların yeni-yeni layları meydanda peyda olub  toqquşmaqdaydı. İldırım guruldayır, oynayır, işıq şüaları ağız-ağıza gələn qılıncların qəbzəsindən qopan qığılcımları ətrafa səpələyirdi. Ölüm-dirim mübarizəsi bütün səmanın üzünü bürümüşdü. Şıdırğı, selləmə yağış bir himə bəndmiş kimi səpməyə başladı. Bu yağış sanki buludların dumduru, ağappaq qanıtək yerə süzülürdü.

Şahingilin həyətindəki ikimərtəbəli, hündür, yığcam talvar dədə-babadan qalmaydı. Yayda bu talvarda yığışıb çay içər, ləzzətlə dənizin, dağların seyrinə dalardılar. Bayaqdan coşan dəli külək qasırğası talvarı da bərk imtahana çəkmiş, dişinə vurmuş, laxlatmış, silkələmişdi. Şahinə elə gəlmişdi ki, bu saat talvar uçacaq, bünövrəsindən çat verəcək, burulğan onu yüksəkliyə qaldırıb kərpicini, ağacını, taxtasını, dəmir-dümürünü, dam örtüyünü hara gəldi, tullayacaq.

Burulğan sakitləşən kimi Şahin ehtiyatla talvara qalxdı. Sərin yay sığınacağı silkələnib laxlasa da, dayaqları duruş gətirmişdi. Şahin üzüyuxarı - dağlara səmt göyün neçənci qatındasa, bir-biri ilə didişən buludları seyr edirdi. Gücü çatsaydı, haray-həşirə son qoyardı. Şimaldan və cənubdan dağ kəlləri kimi buynuzlaşan buludları ram edər, dava-şavanı sovuşdurardı. Kimə gərəkdi qan-qada, toz-tozanaq, təbiətə  dəyən ziyan? Məgər ulu Tanrının qüdrəti küləyi, qasırğanı, buludu insanlara zərər vurmaq üçün yaratmışdı? Təbiət özü də bəzən özünə qənim kəsilirdi. İldırım, qızmar günəşin yaratdığı quraqlıq meşələri yandırır, illərin, nəsillərin yadigarı olan əzəmətli ağaclar külə dönürdü. Bəlkə təbiət insanlardan qisas alırdı?..

Şahin qara kölgəyə bürünmüş uca dağlara baxırdı. Gücünü dağ yamaclarından alan şaqraq, büllur diş göynədən bulaqlar süzülərək dərələrin çatımında çaylara birləşmişdilər. Onlar zaman - zaman  axaraq dibsiz, uçurum-sıldırımlar yaratmış, dağları sanki iki əks qütbə bölmüşdülər. Sanki, dağlar  çayların bu hərəkətindən  incik düşmüş, bir üzünü gündoğana, o biri üzünü günbatana çevirmişdi. Sular isə qovuşmağa can atırdılar. Çayların son qovuşduqları yerlər dənizlər, göllər olmuşdur. Sular qovuşarkən öz bənzərsiz naz – qəmzəli nəğmələrini dənizlərin, göllərin qulaqlarına pıçıldayır, ruhuna hopdururlar.  Həmin nəğmələr şahə qalxan ləpələrin dilində təkrar- təkrar oxunurdu. Bəs,  kimdir bəstəkarı notsuz nəğmələrin? Tanrımı, sükut içində olan əzəmətli dağlarmı?

 Şahin gözlərində nəsə narahatlıq hiss etdi, bəlkə uzağı yaxşı görmür düşüncəsi ilə dəsmalla gözlərini sildi və dağları seyr etdi.   Bu nədir, qarşı-qarşıya dayanan dağların başı bir-birinə doğru əyilmişdi? Sanki, iki qoca müdrik asta-asta bir – biriylə məsləhətləşir, dərdləşirdi. «Dağlar qapısı» açıq idi; (məgər dağların qapısı nə vaxtsa kiminsə üzünə bağlımı olub?) hər iki tərəfə – şimala da, cənuba da. Mərmər qayalar səmaya dikələrək ala-bula buludların kölgəsi altında canlı insan heykəllərinə bənzəyirdilər.

Şahinin ata yurdu burdan çox da uzaqda deyildi. O, hərdənbir möcüzələrin qucaq açdığı bu ocağa  baş  çəkir,  «Dağlar qapısı»nı heç vaxt unutmurdu. Xəyalı yenə də doğma yerləri gəzib dolaşır, səmaya doğru boylanan  sıx yarpaqları, dibi görünməyən dərin dərəni görünməz edən meşəni daha yaxşı seyr etmək üçün üzüağaşı boylanırdı. Aşağıda axan çayın şaqraq şırıltısı,  həzin bir laylanı xatırladır, ucu-bucağı görünməyən dərə boyu axıb gedirdi. Dağların sirli pıcıltıları,  günəşin parlaq şüaları altında parlayan şəlalələrin, qıy vuran qartalların səsi, güllü-çiçəkli yamaclarda qaqqıldaşan kəkliklərin nəğməsi  beşcə addım aralıdan başlanan meşənin həzin pıçıltısı, hətta dibsiz dərələrin vahiməli əks-sədası belə ruhunu sarmışdı. O, rahat nəfəs alır, köksünün altındakı ürək sanki yerindən oynayıb bu gözəl dünyanı öz gözləri seyr etməyə can atırdı. 

Zaman keçdikcə məcrasını genişləndirən çayın lap qırağında – qollu-budaqlı ağacların qərar tutduğu yaşıl talada, əsrlər bundan qabaq daşa dönmüş bir qoca sükut içindəydi. Nəhəng, irigövdəli  nil ağacı  üstünə kölgə  salmışdı. Qəribə mənzərəydi, hər tərəfi bulud karvanının qara kölgəsi bürüsə də, tala günəşin şüaları altında hələ də rahat-rahat uyuyurdu. Ara-sıra səmti bilinməyən küləklər nil ağacının budaqlarını yellədir, adamı qəribə tərzdə duyğulandıran inilti səsləri eşidilirdi. Bu səslər nədənsə vahiməli bir pıçıltıya bənzəyirdi: “Rahatlan, ixtiyar qoca, rahatlan! Zaman səni yaman yorub, deyəsən…”

Küçədən sürətlə şütüyən maşının fit səsi Şahini xəyal aləmindən ayırdı. Onun uzaqlara  zillənmiş nəzərləri göyləri yardı, dumanlara  bələnmiş xəyalı yenidən əzəmətli nil ağacının budaqlarına qondu. Ağacın gövdəsi bozumtul idi, xeyli yuxarıya şaxələnən saysız-hesabsız budaqları və yamyaşıl yarpaqları olmasaydı, sal qayadan yonulmuş daş sütuna oxşayardı. Gövdəsinə çırpılmış  çovğunlu  küləklər, tufanlar qəddini əyə bilməmiş, görkəminə xələl gəlməmişdi. Bütün bunlar zamanla aramsız döyüşlərin izləri kimi gövdəsinin qalın qabığında, yarımçıq baltalanmış qol-budağında yaşayırdı. Göz işlədikcə uzanan orman da, sanki dincələn qocaya keşik çəkən tənha nil də, dağlar da, heç vaxt qəzəbi soyumayan  köpüklü dağ çayları da, bütün bunların hamısı ona əziz idi, doğma idi. Çünki, o uşaqlıq və ilk gənclik illərini bu sirli aləmdə keçirmişdi.

Şahin bu yerlər üçün çox darıxmışdı. O, fikirlər burulğanında vurnuxurdu. Asimanda bir-birinə aman verməyən buludlar qaynaşır,  yerdə insanlar yerlə-göylə  əlləşir, şaiyələr dolaşır, imansızlıq hökm sürür, arzular daşa dəyib çiliklənirdi. Əcaib-qəraib əhvalatlar baş verir, inam-etibar itir, ağlasığmaz sözlər beyinlərə yol tapır,  adamların abrı-həyası əldən gedir, şübhəsi və soyuqluğu artırdı. Deyəsən, axı şeytan hardansa gəlib bu məmləkətdə peyda olmuşdu: «bu meydan, bu şeytan», sonra zərrələrə bölünüb, ürəklərin içinə dağılmışdı. Haradaydı köhnə salam-kalam, hörmət-izzət, vəfa, ehtiram, etibar?

"Eh, Qarabağın havası qan qoxuyur.  Düşmənçilik son həddə çatıb. Banazor ermənisi əkin-biçini buraxıb, silaha sarılıb. Bakı 20 Yanvar qırğınından tamam sarsılıb, millətin üzü dönüb.  Burda isə dil boğaza salmayan kürsü pəhləvanları peyda olub" – bu düşüncələr Şahini üşəndirdi. Deyəsən, adamların içindən boy göstərən yırtıcı xislət bütün cəmiyyətə sirayət edir, şeytan baxışlar əhalinin bir qismini ovsunlayır, zəmanə caynaqlarını itiləyir, dişlərini qıcayır. Şahin doğulub boya – başa çatdığı şəhəri tanımırdı. İnsanlar sanki yadlaşmışdı. Bəs onda məlhəmi, xilası nəydi bu dərdin?

Şahin dörd olmuş gözlərini yenidən səmada gəzdirdi: döyüş səngimiş, perik düşmüş laylar yavaş-yavaş aralanırdı. Necə deyərlər, hər alay öz yerinə, öz mövqeyinə çəkilirdi. Öləziyən ümidlər dirilir, gərilən əsəblər sakitləşir, təzədən göy üzü təbəssümlə bəxtiyar çağlarına qayıdırdı. Deyəsən, qaranəfəs külək də sustalmışdı, səsini içinə çəkərək dincini alırdı. Azca bahar mehi əsdi, buludların parçalanmış  layları  arasından günəş  mübarək sifətini göstərdi, bərq vurdu,  aləmə gülümsədi...

Ala qarğa günəşdən hürkmüş kimi bir anda yox oldu. Hara uçduğu heç kəsə bəlli olmadı.

Günəş zülməti devirmişdi. Onun işığı, nuru, həyatverici ziyası əlçatmaz hündürlükdəydi. Axı, sevdalı Günəşə buludların toqquşmasından hansı xətər dəyə bilər? 

 

                                                  * * *

Şahin Xəzər sahilindəki bu balaca şəhərdə doğulmuşdu: torpağı çay, limon, naringi, portağal qoxuyurdu. Bu bərəkətli torpaq Azərbaycanın – Vətənin bir parçasıydı. Onun övladıydı, əziz balasıydı. Şahin həmişə vətəninin müstəqilliyi, azadlığı, bütövlüyü barədə gözəl xəyallar qururdu. Hələ tələbəlik illərində  gizli fəaliyyət göstərən “Azadlıq naminə” tələbə cəmiyyətinin üzvü olmuşdu. Elə tribunadan saatlarla düşməyən, camaata istiqlaliyyət dərsi keçən, əhalini «kütlə» adlandıran şəxslərin əksəriyyəti tanış-bilişi, orta məktəb yoldaşları, qohum-əqrəbalarıydı. Onlara  nifrət edə bilmirdi. Ancaq düz yolda olmadıqlarını, səhv etdiklərini, inqilab edib köhnədən nə qalıbsa, dağıtmaq istədiklərini ağlına sığışdırmaqda çətinlik çəkirdi. Bir gün orta məktəbdən tanıdığı, ən zəif oxuyan sinif yoldaşlarından birinə rast gəldi. O, Bakıda zavodların birində çilingər işləyirdi. Şahinlə soyuq görüşəndən sonra  bu ortayaş oğlan ağızucu ona etirazını da bildirmişdi. «Hərəkata qoşulmursan, bu boyda hadisələr baş verir, münasibət bildirmirsən. Xalq gecə-gündüz küçələrdə bağırır, sən susursan. Daha mən o gördüyün adam deyiləm. Bakıda işimi atmışam. Bura milləti oyatmağa gəlmişəm, ayılmaq vaxtıdı»…

İndi Şahin şəhərə çıxanda, izdihama yaxınlaşmış, bu nadanı tribunada lider qismində görüb təəccüblənmişdi. Onun «hər şeyi dağıtmaq, təzədən qurmaq» səfeh çağırışını eşidərkən gözləri böyümüşdü, qulaqlarını tutmuşdu. O vaxtkı  iradını və «nəsihəti»ni də xatırlamış, acı-acı gülmüş  və oradan tələsik uzaqlaşmışdı.

 

                                                                                        ***

 Dağlardan gələn daşlı-kəsəkli, boz-bulanıq sel suları məcrasından çıxmış,  cənub şəhərinin su, kanalizasiya xətlərini, arxlarını daşlı, gilli torpaqla doldurmuş, yararsız hala salmışdı. Küçələrdə, meydan və döngələrdə, tinlərdə yaranan gölməçələr adətən təmiz ab- havaya öyrəşmiş camaatın kefinə soğan doğramışdı. Belə vəziyyətdə heç kimi dindirmək olmurdu, sanki hamı mövcud vəziyyətə görə ancaq təbiəti günahlandırır, necə deyərlər, dəymə -düşər olmuşdu. Belədə heç kimi  qınamaq mümkün deyildi. Kiməsə söz demək, bir işin qulpundan yapışmağı tapşırmaq müşkül məsələyə dönmüşdü...

Bütün su və kanalizasiya sistemi iflic olmuş, sıradan çıxmışdı. Əsaslı təmir işləri təcili görülməliydi, yoxsa yoluxucu xəstəliklər meydan sulayacaqdı. Mərkəzdə dövlət qurumlarının, aidiyyatı təşkilatların qapılarını döymək, onları dindirmək müşkülə çevrilmişdi. Bəhanə isə  var idi: heç qəpik də ayırmırlar. İdarəçiliklə əlaqələr kəsilmişdi. Sözünü deyə biləcək elə bir tutarlı insan yox idi. Hay-küyçü ünsürlər buna sevinir, sanki qisas üçün fürsət gəzirdilər. Şəhəri basan üfunətə öyrəşən adamlar adamlar ruhi düşkünlüyü ilə  vurnuxur, çıxış yolu tapmaqda çətinlik çəkirdilər. Bəla bəlanın üstünə gəldiyindən günahı dövranın bəd gəlməsində görürdülər. Dəhşət və fəlakət bundaydı ki,  kəskin üfunət qoxusu get-gedə beyinləri korşaldır, sağlam idrakı, düşüncəni iflic hala salırdı.

İndi adamlar yağmurun gətirdiyi lığlığanın, palçığın səbəbini ayrı cür yozmağa başladılar. Daha xətləri təmizləməkdən, sınan, sıradan çıxan boruları dəyişməkdən söhbət getmirdi, bu yarıtmaz, görkəmsiz "sovet binaları"nı sökməkdən, şəhəri başqa məkana  köçürməkdən alovlu-alovlu danışırdılar. 

Ancaq soruşan yox idi nəylə, hansı vəsaitlə? Məgər şəhərsalma asan  məsələydi? Digər tərəfdən axı, bu məhəllələrdə, binaların həyətlərində onların uşaqlığı, gəncliyi keçmişdi. Bu cənub şəhəri ata-babalarının yadigarı idi. Gör, neçə-neçə nəsillər bu yaşayış msəkənini yurd seçib. İndi hansı üzlə keçmişimizə daş ataq? Onda tariximizi, mədəniyyətimizi saxtalaşdıraq, abidələrimizi, bütövlükdə milli dəyərlərimizi məhv edək, gələcək bizi lənətləsin?

Təzə avadanlıqları, torna dəzgahlarını söküb, bu "kommunistlərdən qalmadır "- deyə qonşu ölkələrə köhnə, işlənmiş metal adı ilə dəyər-dəyməzə satırdılar, talayırdılar. Allah, sonrasından özün qoru...

Cənub şəhərinin çirkab həyatı artıq insanları narahat eləmir, maraqlandırmırdı. Əslində, Şahinin özü də camaat kimi daha pis qoxunu duymur, hiss eləmir, başı şiddətlə ağrımırdı. Məsəldi, "elnən gələn bəla toy-bayramdı". Bütün şəhər qaynayıb-qarışır, bir-birinin xasiyyətini götürürdü. İnsan axını eyni cür hərəkət edir, nəfəs dərir, qəzəblənir, özündən çıxır, etirazını bildirirdi.

Anası Şahinin bu şəhərlə bağlılığı və nəslinə- kökünə sədaqətli olmasıyla fəxr edirdi.  Şahin evə gələn kimi uşaqlıq və gənclik dostlarını başına yığırdı. O, Bakıda yaşasa da, bu xasiyyətindən anası təsəlli tapır, qəlbini ovudardı: «Şahin öz kökünün üstündə göyərib, qol-budaq atıb, böyüyüb, şaxələnib. Şan-şöhrət qazanıb, neçə- neçə həmyerlisinə dayaq olub, köməyini əsirgəməyib. Bu səbəbdən də ötən günlərəcən hamı başına and içir, bir sözünü iki eləmir. Bunlar həyatda qazancı deyilmi Şahinin?»  Onda bəs anasının düşündüyü kimi, indiyədək sözünün qabağına söz gətirməyən, adıyla öyünən, kölgəsinə sığınan adamlara birdən-birə nə olmuşdu? Şahinin vəzifəsi kiçilmişdi, kölgəsi yoxa çıxmışdı? Yoxsa fələyin çarxı çönmüşdü? Əvvəllər təşrif gətirdiyi xeyir-şər məclislərində görünən kimi hamı əl-ayağa düşür, kefi-halı xəbər alınırdı. Ona sanballı adamların arasında yer göstərirdilər.

Deyəsən, artıq o quşlar o budaqlardan uçub getmişdilər. Nə baş vermişdi axı? Hər şey bir göz qırpımında unudulmuş, yaddan çıxmışdımı? Kimlər  ortaya şübhə, nifaq  toxumu səpmişdi? Axı,  vaxtilə  yaşıdlarına çıxış yolunu Şahin göstərirdi. Bu cənub şəhərində hər kəs ondan umur, onu  arxa, dayaq sayır, özünə qiblə hesab edirdi. Kölgəsi çoxlarının üstündən əskik deyildi. İndi isə… Bütün bunlar Şahini yormuşdu, bezdirmişdi. Onun qəlbindən keçdi ki, bəlkə elə o da sadə yol tutsun; yəni, heç nəyi görmək istəməyən, yaxşıya-pisə fərq qoymayan, qatığa qara deyən biri olsun!

Bunları düşünərkən, içinə dolan qorxu üşütdü onu. Özünü tanıya bilmədi, əlləriylə yaxasından bərk-bərk yapışdı; sağ əli yaxasını sağ tərəfə, sol əli  sol tərəfə dartdı. Kənardan bu hərəkəti görən olsaydı, yəqin edərdi ki, bu şəxs hər  kimdisə, özü-özüylə vuruşur, ya ağır xəstə, ya da sərsəridir, dəlidir. Məgər insan da canıyla mücadilə aparar, özü özündən intiqammı, qisasmı  almağa çalışar? Yoxsa Şahin də həyatın nəbzini tuta bilməyib, mizan-tərəzini pozub, qibləsini itirib? İllər boyu qazandığın mənəvi dəyəri bir anda tapdalayıb  itirmək, bu qədər asanmışmı? Bəlkə Şahin bədəninə dolanmış zəhərli əfi ilanı  boğazlayıb boğmaq, ondan xilas olmaq istəyir?  Hər halda, Şahinin bərəlmiş  gözləri, vahiməli görkəmi, xofu, ətrafa qeyri-adi reaksiyası bütün bunları açıq-aydın ifadə edirdi.

Şahin qəlbinə qədəm basmaqda olan  şeytanın  yolunu tamam bağlamaq istəyirdi. Yox, bu əcaib  məxluq qəlbini fəth edə bilməzdi. Çünki şeytanın qılığı ürəkbulandırıcıydı. Şahin hər dəfə onu rədd edir, qapıdan qovur, lakin əcaib məxluq pəncərədən içəri soxulurdu. Düşüncəli, savadlı, kifayət qədər  təcrübəli bir şəxsin şeytanla nə alış-verişi? Doğrudur, Şahinin qəti qənaətinə görə şeytan ordusu bu şəhəri dörd tərəfdən mühasirəyə almışdı. Bu Cənub şəhərini ətraf  mühitdən təcrid eləmişdi. Bu məkanı bütün külli-aləmə qarşı qoymuşdu. Şeytan hətta bu şəhəri məmləkətin özündən qoparıb, şeytan yuvasına çevirmək istəyirdi? Axı,  onun üçün fərqi yox idi, bu guşə məmləkətdən təcrid olunanda, necə böyük faciələr tüğyan edəcəkdi. Axı, bu balaca şəhər məmləkətdən ayrı deyildi, bu məmləkətin elə özüydü. Bura əbədi ünvan, yurd-yuvaydı, el-obaydı. Şahinin düşüncələrində indi bir aydınlıq, duruluq, qətiyyət var idi. Buna baxmayaraq, küçələrə tökülən insan seli dalğalanıb hərəkətə gəldikcə, bu dalğalar  qabarıb çəkildikcə, Şahin bulud kimi tutulur, sifəti  qaralıb-açılırdı... 

                                               * * *

Düz bir il əvvəl Şahin Babagil pirinə ziyarətə gedirdi. Yadına Babagillə bağlı bir xatirə düşdü…

…Son zəngdən sonra Şahin  sinif yoldaşlarına məsləhət görmüşdü ki,  Babagil ocağına getsinlər ki, ulu pirin kəraməti bizə yar olsun. Və yığışıb pul-para toplamış, müqəddəs ocağa yollanmaq üçün hazırlıq görmüş, avtobus tutmuş, nəhayət Babagili ziyarət etmişlər. Yadına saldı ki, aldıqları qurbanlıq qoçu isə müqəddəs ocaqda kəsmiş, ətrafdakı adamlara paylamışdılar. Sonda meşələri gəzib-dolaşmış, çiyələk yığmışdılar. Yaşlı bir qocaya qədim məzar daşlarının üstünü  oxutdurmağa da macal tapmışdılar. Ocağı  dolanıb ziyarət edərkən hamı and içmişdi: «Ömrümüz boyu bir-birimizə sadiq olacağıq». Ocağın mücüfiri qos-qoca seyid baba Babagilin əfsanəvi kəramətindən danışmışdı. Demişdi ki, pirə pənah gətirən şəfa tapır, xeyir əməllərin yolçusu olur. Yüz illərdi, ağır xəstələri,  dəliləri şəfa tapmaları üçün bu ocağa ziyarətə gətirirlər. Şagirdlər sadəlövlüklə qocanın sözünü zarafata salmış, onu «havalı» adlandırmışdılar.

Şahin qəfildən pirdə olan bir məqamı xatırladı. Qalın, sıx  dəmirağac meşəsinin içindən burulan  yolda  bir nəfər nurani qocayla rastlaşdı.  Kişinin arıq, çəlimsiz cüssəsindən, damarları çıxmış, qurumuş əllərindən, güclə atdığı addımlarından uzun ömür yolu keçdiyi  oxunurdu. Maşını saxlamaq üçün sürücüyə işarə verdi:

- Ay əmi, gəl əyləş, aparım.

- Yox, sağ ol, oğlum. Mən piyada getməyi sevirəm.

- Hara gedirsən?

- Babagilə, ziyarətə…

- Axı, yol uzaqdı, bu boyda məsafəni pay-piyada qət etmək üçün  dörd-beş saat  vaxt itirməli  olacaqsan!

- Yox, ay bala, ziyarəti boyun olan adam gərək o müqəddəs məkana piyada, öz ayaqları gücünə getsin.

- Başa düşürəm, ancaq yaşlı adam üçün məsafə böyükdü, baba.

- Neynək, ziyarət  yolunun əzabını çəkməyən adamın niyyəti hasil olmaz, - deyiblər.

Bu tərəddüddən sonra Şahin babası yaşında ahıl kişinin sözünü çevirmədi. Maşının qapısını açıb düşdü.  Həmsöhbətilə əl tutub görüşdü. Ehtiyatla  qolundan yapışıb yaxınlıqdakı qayaya  tərəf çəkdi.

Bu təsadüf ağsaqqalın da ürəyindən oldu. Elə o da, dayanıb bir hovur dincini almaq istədi. Şahin təbiətcə ünsiyyətcil idi. Qocadan ziyarətə getməsinin səbəbini öyrənmək istəyirdi. Bir neçə kəlməylə kişinin necə böyük, alicənab, möhkəm əqidəyə malik olduğunu hiss etmişdi. İstəyirdi, bu müdrik şəxsdən öyrənsin, görsün, ömrünün ixtiyar çağında uzaq yolu piyada getməyə onu vadar edən hansı qüvvədir, hansı inamdır.

- Ziyarətin qəbul olsun, ay baba. Baba, sirr deyilsə bilmək istəyirəm, hansı niyyətlə ziyarətə gedirsiz ?

- Niyyət  ürəkdə  olar  bala, onu deməzlər - kişi qısa cavab verdi.

- Elədir, baba, mən razıyam səninlə. Elə mən də ziyarətə gedirdim. Fikirləşdim ki,  Allahın işidir,  bəlkə niyyətimiz eyni olar.

- Hə, görürəm, istiqanlı oğlansan.

Bu müdrik insanın gözündən kədərlə bahəm, dost-doğma bir məhəbbət işığı yağırdı. Şahinin ziyarətə getdiyini eşidən kimi çiçəyi çırtladı. Bət-bənizi açıldı. Kişinin üzündə ilahi bir nur vardı. Ömür karvanının qaldırdığı mənəvi zirvənin çox-çox yuxarıda olduğu bəlli idi. Ahıl kişi həmin zirvədən Şahinə doğma övladına baxırmış  kimi baxırdı. Bu cavan oğlan nədənsə ona öz gəncliyini xatırladırdı. Qayanın üstündə əyləşmişdilər.

Sürücü çay termosunu götürüb dərəyə endi. Onların oturduqları yerdən aşağıda, iki sal qayanın arasında dumduru göz yaşı kimi bulaq çağlayırdı. Qalın  meşədə, sıx ağacların arasından günəş arabir suya düşür, bərq  vurub işıldayır, sərin mehin tərpətdiyi yarpaqların içində oynayırdı. Şahin sərin sudan bir stəkan süzüb qocaya uzatdı.

- Yox, su kiçiyindir, oğul.

Artıq təcrübəli həmsöhbəti ikinci dəfə Şahini sınağa çəkirdi. Məmnunluqla ona baxıb suyu içdi. Sonra da bir stəkan süzüb qonağına ötürdü, qoca suyu birnəfəsə başına çəkib içdi və sonra «Ölənlərimizin ehsanı olsun!» - buyurdu.

Bu da üçüncü imtahan- sınaq.

Bəs məktəb-mədrəsə görməmiş, kitab üzü açmamış, bütün ömrünü yalnız dağlar qoynunda yaşamış bir ahıl kişidə bu qədər kamillik, müdriklik hardandır? Şahin sövq-təbii düz qocanın gözlərinə baxdı.  O gözlərin dibində narahatlıq, gərginlik gördü. Qoca nəzərlərini yayındırmağa çalışdı, sanki hansısa sirrinin faş olacağından ehtiyat edirdi. Şahin daha israr eləmədi, hər baxışından nigaranlıq oxunan bu qocaya ziyarətinin səbəbi haqqında bir kəlmə də sual vermədi. Ayağa durmaq istəyəndə qoca dilləndi:

- Bilirsən, ay oğul, Allahdan  gizlin  olmayanı bəndədən  gizlətməzlər. Bir qurbanlıq qoçumuz vardı. Niyyət eləmişdim ki, nəvəm dünyaya gələndə kəsərəm. Allah-təala arzumu gözümdə qoymadı. Boyun olduğum qurbanın kəsmək vaxtı çatanda, oğlumu da Bakıdan çağırdım. O,  təhsillidir, babat vəzifə sahibidir. Deyilənə görə xətir-hörməti də pis deyil.  Əlqərəz cavan bir qəssab çağırdım, dedim ki, qurbanlığı qibləyə çevirsin. Oğlum sözümə güldü, qəssabı pərt elədi. Dedi: «rəhmətliyin oğlu, heyvanı ona görə kəsirlər ki, içinin qanı axsın, əti təmizlənsin. Nə fərqi var, heyvanı hansı səmtə tutub kəsirsən? İkincisi də, indi biz hansı zəmanədə yaşayırıq? Nə qibləbazlıqdı?

Əlbəttə, mən qurbanı üzü qibləyə kəsdirdim. Başqa cür ola da bilməzdi. Ancaq oğlumun bunu məsxərəyə qoyması məni incitdi. O niyə belə amansız olmuşdu? Axı mən oğlumu belə yetişdirməmişdim?

Qoca kövrəldi, stəkan tutan əli əsməyə başladı.  Hiss olunurdu ki, oğlunun hərəkətlərindən duyduğu xəcalət hissi onu tərk etməyib.

-Ona görə ziyarətə gedirsiz demək...Oğlunuzun günahının bağışlanmasını diləmək üçün.

-Hə... Qibləni itirmək pis şeydir oğlum.  İnan mənə, dünyadakı bütün faciələr insanların öz qiblələrini tanımamalarından başlayır. Oğluma görə narahatam.

                                            * * *                                    

Şahin yerə-göyə sığmırdı. O, bərk tutulsa da, hisslərini cilovlaya bilmirdi. Çırtma vursaydın, qanı damardı. Özündə deyildi, bu, acizliyin əlamətiydimi, zəiflik idimi, yoxsa ağlı  kəsdirmir, özünü ələ ala. Düşünürdü ki, nə üçün Allah onu həssas yaradıb? Sanki  dünyanın bütün ağırlığı onun çiyinlərinə çöküb. Axı, hər gün şəhər  meydanının ortasına toplaşan,  gecənin bir şərinə qədər evlərinə qayıtmayan biri kimi, o da bu torpaqda doğulub yaşa dolmuşdu.  Bu yerin, yurdun suyu, havası ilə nəfəs almış,  pərvəriş tapmış, böyümüşdü. Bəs üçün həmişə özünə doğma sandığı, yaxın bildiyi, əziz tutduğu tanışlarından, dostlarından bəziləri indi yabançıya çevrilmişdilər? Lovğalıqmı, xəbislikmi, saxtalıqmı insanların ürəklərini ovsunlamış, parçalamışdı? Bəlkə, gözəgörünməz şeytan…

  Dünya-aləm Şahinin gözündə qaralmışdı. Nə səhəri səhər, nə axşamı axşam idi. Gün günorta vədəsinə çatmışdı, yoxsa gecədən ötmüşdü? Ona elə gəlirdi ki, aradakı fərq itmişdi. İndi tüstü, his-pas qoxusu gətirən səmt küləyinin istiqaməti dəyişmişdi. Külək qəfil əsməyə başlayır, sakitləşir, yenidən tüğyan edirdi. Şahin xəyalında Babagil ocağına gedərkən tanış olduğu zəvvarı tapıb gətirmək, bu meydanın  tən ortasına gətirmək istəyirdi. Düşünürdü ki, qoy, o müdrik insan bu meydana dərs desin. Axı meydan bu dərsin, belə bir müdrik insanın sorağında idi. Hərçənd meydanda heç nə camaatın eyninə deyildi. Az sonra Şahinin  dumanlanan beyni açıldı. Onun xəyalında hər şey əridi, alt-üst oldu. Əvəzində, Babagil ocağına ziyarətə gedib oğlunun  azmış qibləsini qaytarmağa yollanan inadkar qocanın surəti canlandı. Söhbətlərində üzləşmiş, məntiqli danışıqları, davranışları müqabilində geri çəkilmişdi.  Bəlkə onu köməyə çağırsın və desin ki: Bu xalq, bu da sən?  Dillərini yaxşı bilirsən, sözünü de. «Onları dinə imana çağırki, yollarını azmasınlar. Birliyimizi, ahəngimizi pozmağa çalışmasınlar. Ancaq, kişini hardan tapmalı?”

 Cənub şəhəri nehrə kimi çalxalanırdı…

Şahin özünə sual verdi: Nə istəyir bu küçələrə tökülüşən adamlar? Heykəlləri dağıtmaqla, vur – çatlasınla, bayraqları  yandırmaqla  nə qazanacaqlar onlar?

 

 

                                                * * *         

Hələlik şəhərdə sakitlik idi və bu qəribə sükut Şahini təəccübləndirdi. Axı neçə vaxtdı, küçələr, meydanlar insan seli ilə açıb-daşırdı. İndi bu tanış məkanlarda  «yel vurub, yengələr oynayırdı». Yavaş-yavaş şəhərin baş meydanına doğru  addımladı, mitinqləri mütəmadi keçdiyi ünvana tərəf addımladı. Burda vəziyyət  tam əksinəydi. Yenə izdiham, yenə də kütlənin alqışladığı yeknəsək liderin mənasız çağırışı. Şahin ətrafa göz gəzdirdi, gözü qəzəlxan dostuna sataşdı. Birlikdə tribunaya tərəf addımladılar.

 Meydan müsibət idi.  Separatçı çağırışlar Şahinin köksünü parcalayırdı. Xəyal Şahini aparmışdı. Sifəti kötük kimi bozarmış və keyimişdi. Kimsə çiynindən tutub yüngülcə silkələdi.

- Şahin müəllim, qardaş bu nə fikir -  zikirdi, nədir belə, dəryada gəminmi batıb?

Şahin ani toxunuşdan ayıldı, özünə gələn kimi oldu. Gözlərini geniş açıb tanımadığı bu adamın üzünə heyrətlə baxdı. Deyəsən, kişini hardasa görmüşdü. Suyuşirin gəlirdi ona, ancaq nə illah elədisə, yaddaşı naxələf çıxd. Ancaq özünü o yerə qoymadı. Gözü  kişinin qoltuğundakı qalın kitaba sataşdı.

 Kitabı görən kimi, sanki ona dünyanı bağışladılar.

Dostu qəzəlxana dönüb uca səslə:

- Sabirin «Hophopnamə»sidir. Onu bir neçə dəfə oxumuşam.

Ətrafdakı adamlar  dönüb ona diqqətlə  baxdılar. Yəqin ki, fikirləşdilər. «Heç hənanın yeridir?» Mikrafonun yaxınında dayananlardan biri  başını bulayaraq:

- Bu, nə danışır, ə? Keçi can hayındadır, qəssab da  piy axtarır. Biz millətin dərdindən danışırıq, bu da kitabdan. 

 Mikrafonun yanında duran adam Şahini yaxşı tanıdığından diqqətlə ona qulaq asırmış.

- Hansı kitabı deyirsən, Şahin müəllim? – deyə onu nifrətlə süzdü.

Şahinin qəlbindən bir hayqırtı qopdu. Siz millətin hansı dərdindən danışırsınız? Siz milləti parcalamaq, siz milləti uçuruma aparmaq istəyirsiz. Mən oxuduğum o kitab isə millətin dərdindən ağlaya-ağlaya danışır.

Qısa dialoq liderin lap yanında gedirdi. Söhbətə qulaq kəsilmişdi. «Kitab» kəlməsini eşitmişdi. Elə bil bu söz onun kilidlənmiş küt beyninə açar saldı. Nəyisə tapmış kimi sevincək,  bir az da hündürdən:

- Bəylər, xanımlar, məni eşidin - deyə meydana müraciət etdi..

Sağ əlini yuxarı qaldırdı. Bu görkəmdə  o, həqiqətən tribunadan əzəmətli bir qəhrəmana bənzəyirdi. Hər halda, kütlə onu belə görürdü. Camaat əvvəl  uğuldadı,  sonra da bir anlığa sakitləşdi. Sanki izdihamın qıfılı onun əlində imiş kimi hamı susmuşdu.

- Bizim başımıza gələnlərin baisi elə kitablardır. Biz o kitablardan canımızı qurtarmalı, xilas olmalıyıq, o kitablardan  başımıza, beynimizə yığılan köhnə, paslı fikirləri silib atmalıyıq.

Kütlənin içindən kimsə  qışqırdı:

- Hansı kitablardan?

- Elə bu günəcən oxuduğumuz bütün kitablardan.

Şahin ayıldı, şüurunu çulğalamış duman çəkildi.  Liderin nitqini şifahi surətdə redaktə eləyirmiş kimi dodaqaltı dilləndi:

- Yəqin, marksizm-leninizm klassiklərinin əsərlərini nəzərdə tutur.

Liderin isə aydın danışmaması, gah nala, gah mıxa vurması, fikrini ümumi şəkildə ifadə eləməsi  kütləni narazı saldı, dilemma qarşısında qoydu. Yerlərdən təkrar  səs yağışı yağdı:

- Hansı kitabları?

- Elə bu günəcən oxuduğumuz bütün kitabları…

Şahin sanki geniş məhkəmə zalından «hakim»in hökmünü  dinləyirdi. Axırıncı söz qulaqlarında elə o cür əks-səda  tapdı: «Hökm qətidir, mütləq icra olunmalıdır».

İzdiham aşıb-daşdı, dalğalandı, on-on beş nəfər cavan oğlan sürətlə qopub camaatdan ayrıldı. Hərə bir tərəfə yüyürdü. Təxminən yarım saat keçdi. Gedənlər qucaq-qucaq müxtəlif çeşidli kitablarla qayıtdılar. Kitablar  meydanda qalaqlandı. Şahini vahimə bürüdü: «İlahi, bu adamlar nə məzhəbə qulluq edir? Bəşəriyyətin yaratdığı mənəvi sərvətlərə necə əl qaldırmaq olar?  Doğrudan  bu kitablar onların nəzərində heç nədir? Mədəniyyət, mərifət, bilik xəzinəsi olan kitablara od vuranın əlləri qurumazmı? Bunların qəsdi-qərəzi nədi, nə düşünürlər?». Cənub şəhərinin mərkəzi kitabxanasının rəflərindən götürülmüş kitablar üst-üstə tökülür, ayaq altda tapdanırdı. Qəzəbdən Şahinin dodaqları səyridi, uğultu, səs-küy, şit, bayağı laqqırtı ərşə dirəndi. Kitab müəllifləri – dünyanın nəhəng fikir-zəka sahibləri sanki məzəmmətlə Şahinə baxırdılar. Filosofların, yazıçıların, şairlərin, elm xadimlərinin üsyankar baxışlarının qınaq hədəfinə çevrilmişdi Şahin.

Təlatümlü keçən o ili qalın kitaba bənzətsək, günlər onun səhifələridi. Hər kəsin ömür kitabı öz-özünə vərəqlənirdi: kimininki oxunur, kimininki oxunmur, hər səhifə bitəndən sonra qatlanırdı. Şahin düşünürdü ki, gözlənilməz hadisələri çıxsaq, hər kəsin kitabı öz əlindəydi. O, çevrilmiş səhifələrə baxdıqca hərdənbir odlanır, içindən tüstülənirdi, daha doğrusu, tüstüsü təpəsindən çıxırdı. Ona elə gəldi ki, o meydanda yandırılmış kitabların  uğursuz taleyini yaşayırmış. Hər kəs səhv etməyə məhkumdu, Şahin özünü sığortalamırdı, daxilən suçunu boynuna alır, özünü məzəmmət  edirdi. Yağmadı yağış, bitmədi qamış, « daha quşlar o budaqdan uçub getmişdilər», hər şey arxada qalmışdı. Ömür kitabının həmin səhifələri yandırılmışdı, ayaqlar altına atılmışdı.

Üst-başı nəm Cənub şəhəri qışın  fatihəsini oxumuşdu. «Qış» deyəndə o ili şaxtalı fəsil adamların üzünə güldü, qar yağmadı. Əkin – biçinə, meyvə – tərəvəzə ziyan dəymədi. Şəhəri ağardan seyrək qar tələm-tələsik əriyib getdi. 

Havalar mülayim keçirdi.. Cənub şəhərinin yernən gedən  qaşqabağı açılmışdı.

Havaların  yaxşılığa doğru düzəlməyi əhval-ruhiyyəni bir az qaldırmış, adamların kefini kökəlmişdi. Açıq şəhər çayxanalarının üstünü qolu-budağıyla örtən, bir damcı yağışı düşməyə qoymayan ağacların donqar qəddi-qaməti düzəlmişdi. Əlbəttə, hava istiləşən kimi içəridə oturmağın ləzzəti yox idi, hamı bayıra can atırdı. Məxməri çaya limon  atıb  qurthaqurtla içməyin dadı bambaşqaydı. Bu çay idi, onu soyutmaq üçün gərək nəlbəkiyə tökməyəsən, soyusun, dəmi qaçmasın, töksən, əvvəlki ətrinni, dadını itirəcək. Çayı cənub  şəhərinin sakinlərinə xas ədəb-ərkanla, zövqlə içməlisən . Arada beş-altı armudu stəkanı qaynar samovarın altındakı məcməyidən götürüb, üst-üstə sol əlinə yığan çayçının da məharətini tərifləməyi, ona əhsən deməyi gərək unutmayasan. Yoxsa, pul-para əsas deyildi, peşəkar çayçını təəccübləndirməzdi, əsas diqqət, «bəy tərifiydi».

Çayxana cənub şəhərində hər kəsin ikinci «vətən»i kimiydi. Düzdü, mitinqlər, izdihamlar camaatın ayağını kəsmiş, son hadisələr başqa tərəfə səmt almışdı. Buna baxmayaraq,  maraq  azalmırdı. Masaların qəribə düzülüşləri vardı, hər guşənin də öz yiyələri. Ən çayxor şəhər sakini də adətkərdəydi, gərək dönüb bir-iki stəkan «nuş» edəydi, sonra evinə gedəydi. Çayı çayxanada içmək cənub şəhərinin dəbi,  yerli sakinlərin şakəriydi. Şahinin vaxtı yox idi bu məkanlarda saatlarla vaxtını qurban versin. Ancaq arabir tay-tuşları Şahini Palıdlı çayxanasına dartırdılar: daha çox dərdləşmək, yeniliklərdən məlumatlanmaq, maraqlı söhbətlərinə qulaq asmaq üçün.  Məzuniyyəti qurtarmaq üzrə idi. Bir neçə gündən sonra yenidən Bakıya qayıdacaqdı.

Dostları onu götürüb Cəlalın çayxanasında çay içməyə getdilər. Bütün olub – keçənlərdən bərk yorulmuşdu. Yorğunluğu da  çöhrəsindən bəlli idi. Bir az əvvəl «bu gün çayxanalıq deyiləm» - söyləsə də, dostları məhəl qoymamışdı.

Çayxanadan mavi gözlü Xəzər aydın görünürdü. Bu gün Xəzər də özünə sığmır, bəxtəvərcəsinə yırğalanırdı. Həmişəyaşıl ağacların budaqlarında şən-şən çikkildəşən quşların səsi adamı fərəhləndirirdi. Elə bu anlarda  uzaqdan suları yara-yara bir gəminin dövrə vurub, aramsız fit çala -çala limana tərəf  üzdüyünü gördülər. Hamı bu mənzərəyə  maraq və heyrətlə tamaşa etməyə başladı. Axı, çoxdan idi ki, bu limana gəmi yan almırdı.  Bəs bu gəmi hardan peyda oldu?  Onun fiti həyəcandan çox, ətrafa xoş bir müjdə  yayırdı. İnsanlar çoxdan idi ki, bu müjdənin sorağında idilər.

Ömrü boyu fırtınalarla döyüşən, dalğalara dov gələn  bu gəmi əminliklə limana yaxınlaşırdı. Yolunu  azmış gəmiyə də  oxşamırdı. Səmti düz tutduğu  uzaqdan görünürdü. Görünür buralara yaxşı bələd idi.

Gəmi asta-asta gəlib  limanda dayandı. Üzü qibləyə… 

Eşitmişdim, adətən xoş məramlı gəmilər limanlarda  üzü qibləyə lövbər salırlar…

"Ədəbiyyat qəzeti" 17 oktyabr 2020