QÜRUR GÜNÜ 

...Dəyərli yazıçımız Anarın “Otel otağı” povestinin motivləri əsasında çəkilmiş eyni adlı filmdən maraqlı bir epizodu tez-tez xatırlayıram. 
Ankaradan İstanbula doğru avtobus yolçuluğu vaxtı yanaşı oturacaqda əyləşmiş notarius məmuru filmin qəhrəmanına - Kərim Əsgəroğluna üz tutur:
- Əfəndim, bir şey soruşmaq zorundayam.
- Buyurun...
- Azəri qardaşlarımız necə olur ki, torpaqlarını ermənilərə buraxırlar?.. Laçını, Şuşanı?.. Necə olur ki, Bosniyada xalq son damla qanına kimi savaşır, torpaqlarını müdafiə edir, amma azəri qardaşlarımız bir damla qan tökmədən ev-eşiklərini düşmənə buraxırlar? Bu, üzqızardıcı bir hadisə deyilmi?
- Siz Bakıya gəldinizmi heç?!
- Xeyr, gələmədim. 
- Bir gəlin Bakıya, aparım sizi Şəhidlər xiyabanına. Orda torpaq uğrunda yüzlərlə şəhid olanların məzarlarını gördükdə, azəri qardaşlarınız üçün xəcalət çəkməzsiniz... 
* * *
Dünyanın istənilən yerində, zamanın istənilən anında Azərbaycan xalqına qarşı səslənə biləcək bütün mümkün hərzə-hədyanlara hələ 25 il əvvəldən verilmiş cavabımızdır, bu məkan... 
Dilimizin söz xəzinəsində “qeyrət damarı” deyə bir ifadə var. Bu, insan səbrinin son həddini, Adəm övladının öz heysiyyətini qorumaq zərurətini dərk etdiyi məqamda ölümü belə gözə alıb irəli yürüdüyü anı ifadə edir. 
Düzü, anatomiyaya, fiziologiyaya o qədər dərindən aşina olmadığımdan bu ifadənin hansı elmi əsaslara söykəndiyini izah etməkdə çətinlik çəkirəm. İnsan orqanizmində belə bir damar həqiqətən varmı, yoxmu, əgər varsa, bədənin hansı nahiyəsində yerləşir, bilmirəm!.. 
Öz şərəf və ləyaqətini qorumaqdan ötrü ölümə getməyi insana sinir siqnallarının necə diktə etdiyini bu cür sirlərin biliciləri olan alimlərin yozumlarından oxumaq daha maraqlı olar. 
Amma əgər məndən xalqın, torpağın, Vətənin qeyrət damarı barədə xəbər alsalar, heç bir tərəddüd etmədən onun yerini dəqiqliklə nişan verərəm: bu, Vətən paytaxtının ən hündür nöqtəsində dənizə, Günəşə doğru uzanıb gedən və öz ucalığı ilə Azərbaycanın da boyunu ucaldan, başını uca edən Şəhidlər xiyabanıdır!.. 
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş qəhrəman balalarımızı Vətənin dörd bir yanında ağuşuna almış saysız-hesabsız xiyabanlardır, şəhid məzarlarıdır!.. 
* * *
Azərbaycandakı Şəhidlər xiyabanlarının ilk sakinləri barədə düşüncələrimi qələmə almaq istərdim, amma hiss edirəm ki, “ilk sakinlər” yanaşması yerinə düşməyəcək. Çünki tarix boyu Azərbaycan uğrunda canını fəda edib cansız bədəni ilə bir parça Vətən torpağına sığınan qəhrəmanlarımız həmişə olub. Əfsuslar olsun ki, onların amalları yerinə yetməyib. Bu qəhrəmanlıq, fədakarlıq onların arzusunda olduğu müstəqil, qüdrətli dövlət ideyasının həyata keçməsi və əbədi var olması ilə nəticələnməyib. 
İstiqlal ideyasının yerini tutan qorxu, repressiya, siyasi asılılıq mühiti zaman keçdikcə şəhidləri unutdurmağa başlayıb, onların məzarlarına doğru aparan cığırları da yavaş-yavaş ot basıb və günlərin birində hətta bu məzarları torpağın sinəsindən kürüyüb yerində park salıblar. 
Azərbaycan şəhidlərinin amalları, onların məzarları ilə birgə torpağa gömülmüş arzuları məhz indi göyərib, məhz indi gerçək olub və biz bu gün o gerçəkliyin əhatəsində yaşayırıq. 
* * *
Müstəqil Azərbaycan dövlətinin adının çəkildiyi hər məkan şəhidlərimizin müqəddəs amallarının reallığa qovuşduğu yerdir! 
Üçrəngli bayrağımızın göylərdə qanad açdığı hər an səmadakı bayrağımızın al-əlvan rəngindən şəhid ruhlarının şad olduğu məqamdır! 
Bu gün Azərbaycandakı ən böyük Şəhidlər xiyabanının ötən əsrin əvvəllərində Azərbaycanın istiqlalı uğrunda vuruşmuş Vətən sevdalılarının, xalqımıza qarşı soyqırımılarını durdurmaq üçün əlinə silah alıb şərin üzərinə yürüyən qəhrəman övladlarımızın bir zamanlar park salmaq adı ilə torpaqdan, tarixdən silinən məzarlarının yerində qərar tutması da mənim üçün simvolik məna daşıyır. 
...Və hər il 20 Yanvar günü şəhidlərimizi ziyarət etmək üçün elliklə Şəhidlər xiyabanına doğru yol almağımız, hər ilin 20 Yanvar günü Azərbaycanda bir anım ruzigarının əsməsi bizim - müstəqil Azərbaycan dövlətinin tarixdəki ən qüdrətli günlərinin, illərinin şahidlərinin müqəddəs şəhid ruhları qarşısında mənəvi hesabatımızdır! 
Bu il də belə illərdən düz 25-cisi...
Rəqəm ritorikasına görə, Hüznün Yubileyi... 
Yenə yolumuz Şəhidlər xiyabanına sarıdır...
Yürüyüşümüz - ayaqda olmağımızın, illər ötdükcə daha da möhkəmlənməyimizin, mətinləşməyimizin nişanəsi...
İzdihamımız birliyimizin nümayişi...
Nizamımız - xaosu, qarışıqlığı arxada qoyub düzgün, aydın, sivil bir yolla gələcəyə doğru irəliləməyimizin rəmzi...
Əllərimizdəki qərənfillər - şəhidlərimizin nakam talelərinə üzüntümüzün, verdiyimiz qurbanlara görə acı təəssüfümüzün, içimizdəki kədərin rəngi...
Gözlərimizdəki işıq - Vətənimizə, dövlətimizə sevgimizin izharı...
* * *
Biz - ömrün ixtiyar, yaxud orta yaşlarını, eləcə də gənclik, yeniyetməlik dönəmlərini ötən əsrin 80-ci illərinin sonları - 90-cı illərinin əvvəllərində yaşamışlar, əslində nə qədər böyük tarixi əhəmiyyətə malik hadisələrin bilavasitə şahidləri olduğumuzun, bəlkə heç fərqində deyilik. 
20 Yanvar faciəsi də bu hadisələrdən ən mühümü idi...
Hər il yanvarın 19-dan 20-nə keçən gecənin məlum saatlarında özümdən ixtiyarsız bir anlıq gözlərimi yumub o anlarda nələrin baş verdiyini xatırlamağa çalışıram. 
Bir-birindən dəhşətli epizodlar kabus kimi gözlərim önündən keçir... 
Onda Azərbaycan Dövlət Yanacaq Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışırdım. Bakıda fövqəladə vəziyyət rejimi tətbiq olunduğundan şəhərdə hərəkət üçün komendantlıq tərəfindən mənə də xüsusi rəsmi icazə vərəqəsi vermişdilər. 
Gecə Bakıda törədilmiş qətliamın dəhşətli mənzərələri səhər Yasamal rayonundan komitəmizin yerləşdiyi Xətai rayonuna doğru aparan yolda, küçəyə doğru ilk addımlarımdan ətrafımı sardı. Küçələrdəki postlarda addımbaşı saxlayıb sorğu-sual edirdilər, hər dəfə icazə sənədimi göstərib küçədən-küçəyə, postdan-posta adlamalı olurdum. 
Bakı küçələrində üzləşdiyim mənzərələrdən ruhum sarsılırdı. Küçələr qan gölünə dönmüşdü, sazaqlı, şaxtalı yanvar səhərində, tozlu küçələrdə qalmış cəsədlər, asfaltın üzərindəki qan ləkələri, əzilmiş avtomobillər, güllələrdən deşik-deşik olmuş divarlar heç vaxt unuda bilməyəcəyim Dəhşət Xatirəsi kimi yaddaşıma hopurdu. 
Soyuq qış küləyi küçəyə doğru ilk addımımdan başlanmış göz yaşlarımı qurutmuşdu, göz yaşlarım artıq içimə axırdı və o vaxtdan bəri elə bilirəm ki, 1990-cı ilin 20 Yanvar səhəri içimə axan o göz yaşları indiyə qədər dayanmayıb. 
Hər ilin 20 Yanvar səhəri içimə damcılayan o göz yaşlarının istiliyini, acı tamını ürəyimdə hiss edirəm... 
* * *
20 Yanvar faciəsi baş verməyə bilərdimi?!
Sovet ordusunun Bakıda amansızlıqla həyata keçirdiyi cəza tədbirləri nəticəsində heç bir günahı olmayan 133 nəfər dinc paytaxt sakininin öldürülməsinin, 744 nəfərin yaralanmasının, 841 nəfərin qanunsuz həbsinin qarşısını almaq mümkün idimi?!
Müstəqilliyini qansız-qadasız, heç bir qurban vermədən elan etmiş başqa postsovet ölkələrinin yaxın təcrübəsini yada salıb hərdən düşünürük: bəlkə, bu, bizdə də mümkün idi?! 
Hərbi gücü, amansızlığı, öz vətəndaşlarına qarşı kütləvi repressiyaları, dünyanın müxtəlif regionlarında törətdiyi qətliamlarla tarixin xatırladığı ən qəddar rejimlərdən olan sovet rejimi ilə bu qədər cəsarətli şəkildə üz-üzə gəlməmək və belə böyük itkilərlə üzləşməmək üçün, bəlkə bir qədər səbr etmək olardı?! 
Yenə bəlkələr, bəlkələr...
Əfsus ki, bu suallara cavab vermək iqtidarında deyiləm. Çünki tarix nə keçmiş, nə də gələcək haqqında şərt və gümanlarla danışmağı sevmir. Onun istinad mənbəyi konkret zaman və məkanda yaşanan reallıqlardır. 
Bu birmənalı həqiqət qarşısında qəlbimdəki əminliyin qoyduğu yalnız bircə qeyd-şərt var: əgər o dövrdə Azərbaycan rəhbərliyində səriştəsiz kəslər yox, xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyev olsaydı, bəli, 20 Yanvar faciəsi baş verməyəcəkdi. 
Heydər Əliyev vəziyyətin bu yerə qədər gəlməsini zəkasının gücü ilə əngəlləyə biləcəkdi. Bu qədər itkilər də yaşanmayacaqdı. 
Amma 25 il əvvəl yanvarın 19-dan 20-nə keçən o mənhus gecənin reallıqları tamam başqa idi... 
* * *
Azərbaycana qarşı mənfur niyyətlərini həyata keçirməkdən ötrü ən kiçik fürsəti belə əldən buraxmayan xəyanətkar ermənilər üçün həyat yoldaşı Raisa Maksimovna qiymətli hədiyyələrdən, rüşvətin, bəxşişin dürlü növlərindən əsla vaz keçməyən Mixail Sergeyeviç Qorbaçovun hakimiyyətə gəlişi çoxdan gözlədikləri imkan idi. 
Amma M.Qorbaçovun hakimiyyətinin ilk illərində SSRİ rəhbərliyində Heydər Əliyev kimi qüdrətli bir Azərbaycan övladının təmsil olunması ermənilərin öz niyyətlərini işə salmalarına mane olurdu. Heydər Əliyevin siyasi gücü, qətiyyəti, zəhmi onlara Azərbaycana qarşı planlarını işə salmağa imkan vermirdi. 
Buna görə də ermənilər Heydər Əliyevin Siyasi Bürodan istefa verdiyi günə qədər gözlədilər. Onun istefasından cəmi 15 gün sonra isə ermənilərin Dağlıq Qarabağla bağlı iddiaları gündəmə gəldi. 
Parisdə keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağın Ermənistana verilməsi iddiasını irəli sürən, Fransanın “Humanite” qəzetindəki bəyanatında Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana birləşdirilməsinə Moskvanın da razılığını bildirməsi barədə məlumat verən Aqanbekyan M.Qorbaçovun ən yaxın adamı idi. SSRİ rəhbərinin iqtisadi məsələlər üzrə müşaviri vəzifəsində çalışırdı. 
1988-ci ilin əvvəllərində M.Qorbaçovun Silva Kaputikyan başda olmaqla, bir qrup şovinist erməni ilə görüşü SSRİ rəhbərliyinin Dağlıq Qarabağın Ermənistana verilməsinə dair razılığının növbəti ifşası oldu...
* * *
Ssenarinin çox sürətlə keçən davamı məlumdur: Xankəndidə, İrəvanda antiazərbaycan və antitürk ovqatlı mitinqlərə start verilir. Erməni “Qarabağ Komitəsi”, onun keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindəki separatçı-terrorçu təşkilatı “Krunk” gizli fəaliyyətlərinə son qoyub öz bəd niyyətlərini açıq şəkildə bəyan etməyə, Azərbaycana qarşı ərazi iddiaları irəli sürməyə başlayır. Xəyanətkar qonşularımız tez bir zamanda “Miatsum” adlanan hərəkat da formalaşdırırlar. 
1988-ci ilin fevralından etibarən, həm Dağlıq Qarabağda, həm də İrəvanda Azərbaycan torpaqlarının Ermənistana birləşdirilməsi tələbi ilə keçirilən mitinqlər silsilə şəkil alır. 
SSRİ rəhbərliyinin heç bir ciddi reaksiyasının olmamasından ruhlanan ermənilər Dağlıq Qarabağ Muxtar Vilayəti Sovetinin vilayətin statusuna baxılması haqqında Azərbaycan SSR Ali Sovetinə müraciət qəbul etməsinə nail olurlar. 
Azərbaycanın o vaxtkı rəhbərliyi isə hadisələrə fəal müdaxilə etmək əvəzinə, Kremldən gələn əmrləri kortəbii şəkildə yerinə yetirir. Azərbaycan xalqı, demək olar ki, taleyin ümidinə buraxılır. 
Bir azdan Kreml Azərbaycana qarşı ssenarinin daha dəhşətli epizodlarını işə salır. Azərbaycan cəmiyyətində guya ermənilərə qarşı dözümsüz münasibətin olması barədə görüntü yaratmaq üçün 1988-ci ilin fevralında kimlər tərəfindən təşkil olunduğu artıq kimsəyə qaranlıq qalmayan məlum Sumqayıt təxribatları törədilir. 
Əsasən sovet DTK-sının həyata keçirdiyi bu təxribatdan ermənilər də təbliğat məqsədilə yetərincə yararlana bilirlər. Fitvası xeyli əvvəldən verilmiş, ssenarisi dəqiqliklə cızılmış Sumqayıt hadisələri bir az da saxtakarlıqlarla, uydurmalarla “bəzədilib” dünyaya yayılır. Beləliklə, ermənilər Ermənistanda və Dağlıq Qarabağda guya azərbaycanlılarla ermənilərin bir yerdə yaşamasının mümkünsüzlüyü əhvalını yaradırlar. 
Bu iki xalqın bəs indiyə qədər Azərbaycan torpaqlarında əsrlərlə bir yerdə necə yaşadıqlarını kimsə soruşmur. İki xalq arasında məqsədli şəkildə qızışdırılan təfriqənin əsl səbəbləri kimsəni ilgiləndirmir. Əvəzində, indiki Ermənistanın mövcud olduğu tarixi torpaqlarımızda yüzlərlə soydaşımız qətlə yetirilir. 250 min azərbaycanlı 1988-ci ilin sonuna qədər deportasiya olunur, onların əmlakları talanır. 
M.Qorbaçov Dağlıq Qarabağda gündən-günə gərginləşən vəziyyəti nizama salmaq yerinə, DQMV-nin sosial-iqtisadi inkişafının guya geridə qalması barədə ermənilərin uydurduqları yalanı müdafiə edir və ittifaq büdcəsindən ora 400 min rubl vəsait ayırır. 
1988-ci il iyunun 15-də Ermənistan SSR Ali Soveti DQMV-nin Ermənistana birləşdirilməsi haqqında qərar qəbul edir. İyul ayında SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sessiyasında Dağlıq Qarabağ məsələsi ilə bağlı müzakirələrə Azərbaycandan olan deputatlarla eyni hüquqda Ermənistan deputatları da qatılırlar. Bu, qanunazidd idi. Amma Qorbaçov və ətrafı ermənilərin maraqları naminə qanunları tapdayaraq onlara belə bir imkan yaratmaqdan çəkinməmişdi...
* * *
1989-cu ilin yanvarında ittifaq rəhbərliyinin Azərbaycan xalqına xəyanətlərinin ən müdhişinə sıra gəldi. Yanvarın 12-də SSRİ Ali Soveti “Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarəçilik formasının tətbiqi haqqında” qərar qəbul etdi. Ermənilərin istədikləri də zatən bu idi. 
O vaxtlar xidməti işimlə əlaqədar tez-tez Xankəndiyə - Arkadi Volskinin rəhbərlik etdiyi Xüsusi İdarənin iclaslarına gedirdim. Müzakirə olunan bütün məsələlər yalnız və yalnız ermənilərin xeyrinə həll olunurdu (Ermənilər əbəs yerə Volskini Yeravanski adlandırmırdılar ki - H.M.). Ən dəhşətlisi o idi ki, mən öz doğma vətənimdə iki əli avtomatlı rus əsgərinin müşayiəti ilə gəzirdim. Ermənilər mənə düşmən kimi baxırdılar. Əgər avtomatlı rus əsgərləri olmayasdı, onlar yəqin ki, məni qətlə yetirərdilər...
DQMV-də xüsusi idarəçilik formasının tətbiqini birbaşa Moskvaya tabe olan ermənipərəst A.Volski həyata keçirirdi. Azərbaycanın o dövrkü siyasi rəhbərliyinin xüsusi idarəçilik formasına olan mənasız ümidlərinə rəğmən ermənilər qısa müddətdə A.Volskinin əli ilə 50 min azərbaycanlının DQMV-dən qovulmasına nail ola bildilər. 
Yalnız xalq hərəkatının təsiri altında 1989-cu il noyabrın 28-də vilayətin idarəsi mərkəzin nəzarəti altında olan Azərbaycan SSR Təşkilat Komitəsinə tapşırıldı. Amma vəziyyət yenə dəyişmədi. Bu dəfə də təşkilat komitəsinin sədri təyin edilən V.Polyaniçko azərbaycanlıların sıxışdırılmasını davam etdirirdi... 
* * *
20 Yanvar hadisəsinə qədər SSRİ və respublika rəhbərliyi guya vəziyyəti nizama salmaq məqsədi ilə çox qərarlar, fərmanlar, sərəncamlar qəbul eləmişdi. Amma arxiv sənədlərini ortaya töküb zərrəbinlə sətir-sətir oxusaq, bu sənədlərin hansındasa Azərbaycanın xeyrinə bircə maddəyə belə rast gələ bilmərik. Bunların hamısı Azərbaycan xalqını sakitləşdirib susdurmağa, ermənilərin niyyətlərinə qapı açmağa xidmət edirdi. 
Bura qədər dözüm göstərən, təmkinli davranışlarını qoruyan Azərbaycan xalqının səbr kasası 1989-cu ilin noyabrında daşdı. Xalq anladı ki, öz vəzifə kürsüsünü qorumaqdan özgə dərdi olmayan səriştəsiz rəhbərlərdən Vətənə, millətə bir fayda olmayacaq. 
Yanvarın 18-də Bakıda və Azərbaycanın 11 rayonunda izdihamlı mitinqlər başlandı. Ümumi tətil elan edildi. Əfsuslar olsun ki, o dövrdə vəziyyətə nəzarət edə bilməyən ölkə rəhbərləri kimi, xalq hərəkatına rəhbərlik məsuliyyətini üzərinə götürmüş təcrübəsiz, səbatsız şəxslər də məsələlərə yanaşmalarda böyük səriştəsizlik nümayiş etdirirdilər. Emosional, düşünülməmiş qərarları ilə çox vaxt bilərəkdən, yaxud bilməyərəkdən DTK-nın düzüb-qoşduğu ssenariləri yerinə yetirirdilər. 
20 Yanvar hadisələri ərəfəsində Bakıda və Azərbaycanın başqa mərkəzi şəhərlərində silsilə təxribatlar ara vermirdi. Gah Bakıda milis tərksilah edilir, gah 1 erməni 2 azərbaycanlını qətlə yetirir, gah da hansısa qruplar Bakıda süni şəkildə erməni talanları görüntüsü yaradırdılar. 
Ən qəribəsi budur ki, SSRİ Daxili İşlər Nazirliyinin o dövrdə Bakıda olan 12 min nəfərlik silahlı qüvvəsi vəziyyəti nizama salmaq üçün heç bir təşəbbüs göstərmirdi. O dövrdə Azərbaycana rəhbərlik edən Ə.Vəzirov isə elə düşünürdü ki, sovet qoşunlarının müdaxiləsinə şərait yaratsa, gündən-günə güclənən xalq hərəkatını boğub kreslosunda möhkəmlənə bilər. 
Və buna heç bir lüzum olmadığı halda belə bir qərar verildi... 
* * *
Bu tarixi xronologiyadan çıxan nəticə budur ki, 25 il əvvəl yanvarın 19-dan 20-nə keçən o mənhus gecənin reallıqlarını yaradan səbəblər Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının SSRİ rəhbərliyi tərəfindən açıq-aşkar dəstəklənməsi, Azərbaycanın o zamankı rəhbərliyinin xəyanətkar siyasətinə etiraz əlaməti olaraq xalqımızın ayağa qalxıb mövqeyini bildirməsi və süqutunun labüdlüyünü dərk edən, buna görə getdikcə daha da azğınlaşan sovet rejiminin belə bir dəhşətli qətliam törətməklə həm Azərbaycanın, həm də müstəqillik arzusunda olan başqa keçmiş ittifaq respublikalarının gözünü qorxutmaq idi. 
Faciənin bu qədər dəhşətli miqyasına görə onun təşkilatçıları, dəstəkçiləri ilə birgə reallığı düzgün qiymətləndirmədən buna şərait yaratmış bir çoxlarını da günahlandırmaq olar. 
Şəhərin ətrafında, Bakı qarnizonu ətrafında sədlərin yaradılması, olsun ki, doğru addım deyildi. Avtomobillərdən, avtobus və trolleybuslardan barrikadaların qurulması, piketlərin təşkili, insanların emosiyalarını daşıran çıxışların edilməsi bəlkə də zalıma fürsət verirdi. Amma bu mülahizələri davam etdirsək, 25 il əvvəl Bakı küçələrində silahsız əli ilə, yalın sinəsi ilə sovet tanklarının üzərinə yeriyən Azərbaycan övladlarının dünyanı heyrətə gətirmiş qəhrəmanlığını kiçiltmiş olarıq. Pərdə arxasında aparılan bütün siyasi oyunlara, kabinetlərdə cızılan təxribat planlarına rəğmən küçələrdə, meydanlarda Vətən üçün şəhid olmağa hər an hazır bir xalq vardı. Və bu xalqın igid övladlarından birinin indiki Azərbaycan Dillər Universitetinin həmin gecə şəhid olmuş 21 yaşlı tələbəsi, böyük istedada malik Ülvi Bünyadzadənin üstündən tapılmış “And”ın mətni əlimdədir: “Mən, Bünyadzadə Ülvi Yusif oğlu, həyatımda ilk və son dəfə öz vicdanım qarşısında and içirəm; bir elin, bir millətin adını təmsil etdiyimi heç zaman unutmayacağam; Azərbaycan torpağımın qürurdan, qeyrətdən yoğrulmuş adını müqəddəs tutacaq, bu ada ləkə vurmaq istəyən bütün ünsürlərə qarşı duracağam; öz azərbaycanlı varlığıma, vicdanıma, məsləkimə, əsl-nəcabətimə, damarlarımda axan azərbaycanlı qanına layiq oğul olacaq, qorxaqlığı, alçaqlığı, yaltaqlığı, özümə yaxın buraxmayacaq, nəyin bahasına olursa-olsun öz azərbaycanlı “mən”imi təsdiq edəcəyəm.
Əgər vədimə xilaf çıxsam, qoy anamın südü, elimin çörəyi mənə haram olsun, Vətən üzü görməyim. 
İmza: Bünyadzadə ÜLVİ. 10.IX-89”.
Ülvi bu mətni 1989-cu ilin 10 sentyabrında yazmışdı. O vaxtdan ürəyinin üstündə gəzdirirdi. Düşünürəm ki, o gecə öz milli mənini təsdiq etməkdən ötrü, Vətənin təəssübünü çəkmək üçün Bakı küçələrində barrikadalar qurmuş bütün insanların qəlbində belə bir and vardı. 
Onlar bu yola sonu düşünmədən çıxmışdılar. Çünki qorxmadan çıxdıqları bu yolun gec-tez milli amallara qovuşacağını, Azərbaycanın istiqlalında qərar tutacağını bilirdilər. 
Və qanın qılınca qalib gəldiyi gecənin tarixini yazmağın, öz ölümləri ilə SSRİ-nin bütün dayaqlarını sarsıdıb onun süqutunu sürətləndirməyin və bununla da tək Azərbaycanın deyil, bütün keçmiş sovet respublikalarının dövlət müstəqilliyinə yol açmağın missiyasını Tanrı Onların - 20 Yanvar şəhidlərimizin alnına yazmışdı...
* * *
20 Yanvar faciəsinin səhəri o ağır, çətin, kövrək anlarda Azərbaycanın Moskvadakı nümayəndəliyinə tələsən Heydər Əliyev də, ulu öndərin övladları da, xalqın yeganə təsəllisini üzük qaşı kimi əhatəyə alıb Moskva küçələrində yürüyən soydaşlarımız da yola bu andla çıxmışdılar. 
Onlar üçün də bu yolun sonunda yalnız Azərbaycan vardı. 
Olub-keçənləri xatırladıqca tarixin maraqlı qanunauyğunluqlarına heyrətlənməyə bilmirəm. Dünənə qədər xalqa liderlik iddiası ilə guruldayanların çətin məqamlarla üzləşən kimi qaçıb ortalardan qeyb olduqları həlledici anlarda meydana təkbaşına çıxıb Vətənə söykək olmaq, xalqı yıxılmağa, sınmağa qoymamaq sanki Heydər Əliyevin ilahi missiyası imiş...
Faciə gecəsinin o dəhşətli saatlarına qədər barrikadaları bir-bir dolaşıb insanları qorxub qaçmamağa, müqavimət göstərməyə çağıran “liderlər”in çoxu 20 Yanvar səhəri özləri qorxudan ilim-ilim itmişdilər. Onları “gördüm” deyən tapılmırdı. 
Bir neçə il sonra yaşanacaq 1993-cü ilin böhran dolu günlərində olduğu kimi meydanda yenə Heydər Əliyev dayanmışdı... 
Vətəndə də o ağır anlarda ümummilli liderə kömək vəzifəsini Heydər Əliyevin daim güvəndiyi dəyərli ziyalılar - Şeyxülislam Hacı Allahşükür Paşazadə, Bəxtiyar Vahabzadə, akademik Ziya Bünyadov, Yusif Səmədoğlu kimi şəxsiyyətlərimiz yerinə yetirirdilər. 
Heç bir təhlükədən, təzyiqlərdən qorxmadan şərin, zülmün, haqsızlığın üzərinə yürüyənlər, Azərbaycanın haqq səsini dünyaya yetirənlər ulu öndər Heydər Əliyev və heç bir firqəyə bağlı olmayan ziyalılar idi. 
20 Yanvar faciəsinin baş verdiyi günlərdə Heydər Əliyevin səhhəti qaydasında deyildi, Moskva ətrafındakı “Barvixa” sanatoriyasında müalicəsini davam etdirirdi. Xəstəlikdən tam sağalmamış, bədxahlarının min cür fitnələri ilə üz-üzə gəlməli olan, mətbuatda haqqında davamlı böhtanlar yazılan ulu öndər də onda xalqımız kimi tam müdafiəsiz idi. 
Heydər Əliyev onun Azərbaycanın daimi nümayəndəliyindəki çıxışına Kremlin mümkün cavab reaksiyalarını da zəngin təcrübəsi işığında təhlil etməmiş deyildi. Bu reaksiya həm onun özü, həm də doğmaları üçün kifayət qədər ciddi nəticələrə gətirə bilərdi. 
Amma Heydər Əliyev o çətin sınaq anında susmaq, xalqın qarşısına çıxmamaq üçün özünə ixtiyar vermirdi. Çünki həmin gün dünyada yaşayan bütün azərbaycanlılar, qəlbi Azərbaycanla döyünən bütün soydaşlarımız məhz Heydər Əliyevin sözünü gözləyirdilər. Növbəti addımlarını onun qərarları əsasında müəyyənləşdirməyə çalışırdılar. 
Ümummilli liderin 20 Yanvar faciəsi ilə bağlı keçirdiyi mətbuat konfransı bizim sonralar daha geniş miqyas alacaq informasiya savaşındakı ilk mühüm qələbəmiz idi. 
Heydər Əliyevin dünyanın telekameralar vasitəsilə Ona zillənmiş baxışları qarşısında 20 Yanvar faktına kəskin siyasi qiymət verməsi, günahkarları öz adları ilə çağırması Azərbaycan xalqına qarşı bu hərbi təcavüz və cinayət aktının ört-basdır cəhdlərini, onun məzmunu ilə manipulyasiya meyillərini alt-üst etdi. 
...Və bu cəsarət nümayişi XX əsr tarixinin SSRİ adlı kədərli hekayəsinin bitməsinə daha bir vəsilə oldu.
* * *
20 Yanvar faciəsindən 25 il ötdü... 
Bu 25 ildə biz şəhidlərimizi ancaq kədərlə anmışıq, onların itkisindən göynəyən ruhumuzu matəm musiqisinin hüznlü ahəngi ilə ovutmağa çalışmışıq. 
Son illər ayrı-ayrı yazarlarımızın qələmlərində bu mövzuda aparılan müzakirələrə indi mən də qoşuluram. 
Gəlin bu günün itkiləri ilə birgə, Vətənə qazandırdığı möhtəşəm tarixə də bir nəzər salaq. 
Mərhum şairimiz Bəxtiyar Vahabzadənin 20 Yanvar faciəsinin hüznlü günlərində təsəlli kimi dillərdə dolaşan şeirindən bir bəndi təkrar-təkrar xatırlayaq:
Zalım öyünməsin zülmləriylə, 
Millət-millət olar xeyir-şəriylə, 
Torpağın köksünə cəsədləriylə, 
Azadlıq toxumu əkdi şəhidlər.
20 Yanvar şəhidlərinin o gecə öz cəsədləri ilə torpağın köksündə əkdikləri azadlıq toxumunun bu 25 ildə yetirdiyi ən lətif meyvə müstəqil Azərbaycan dövlətidir. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən qüdrətli dövrünü yaşayan dövlətimizin misilsiz nailiyyətləridir. 
Ona görə də daha kədərlənməyək...
20 Yanvar haqqın nahaqqa, məzlumun zalıma, adilliyin ədalətsizliyə qalib gəldiyi gündür. 
20 Yanvar bizim millət olduğumuz, dövlət olduğumuz gündür... 
Bu günü daha kədər günü kimi yox, qürur günü kimi yaşamağa çalışaq. 
Bu günü övladlarımıza da belə tanıdaq. 
Hər ilin 20 Yanvar günü azərbaycanlı olmağımızla daha çox qürur duyaq və qəddimizi dik tutaq.
Qoy başımız şəhidlərimizin müqəddəs ruhlarına bir az da yaxın olsun...


Hüseynbala MİRƏLƏMOV,
Milli Məclisin deputatı, yazıçı-dramaturq