Prezident İlham Əliyevin siyasəti xalqın milli maraqlarına tam cavab verir

 

Azərbaycan Prezidenti İlham Əliyev ölkədə ictimai-siyasi sabitliyin qorunub saxlanması, sosial-iqtisadi sahədə genişmiqyaslı islahatlar aparılması və bu islahatların nəticələrinin xalqın rifahının yüksəldilməsinə yönəldilməsi sahəsində mühüm addımlar atıb. Daxili və xarici siyasətin böyük uğurla aparılması sahəsində dövlət başçısının fəaliyyəti də ölkə ictimaiyyəti tərəfindən həmişə yüksək dəyərləndirilib. Bunu artıq xarici rəy sorğusu mərkəzləri də cəsarətlə etiraf etməyə başlayıblar. 

Dünən “Opinion Way” şirkəti tərəfindən Naxçıvan Muxtar Respublikası istisna olmaqla, Azərbaycanın bütün bölgələrində keçirdiyi geniş rəy sorğusunun nəticələrində də Prezidentin fəaliyyəti yüksək qiymətini alıb.  “Opinion Way” şirkətinin rəhbəri Brüno Janbar Beynəlxalq Mətbuat Mərkəzində rəy sorğusunun nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında elan edib ki, respondentlərin 80,1 faizi ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasını Prezident İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsi kimi dəyərləndirib. 
Sorğu zamanı respondentlərə verilən suallardan biri belə olub: “Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri necə qiymətləndirirsiniz?” Bu suala respondentlərin 85,1 faizi bütövlükdə müsbət cavab verib. İkinci sual  “Azərbaycanda həyata keçirilən sosial-iqtisadi fəaliyyəti və bu sahədə Prezident İlham Əliyevin son ildə apardığı islahatları necə qiymətləndirirsiniz” şəklində verilib. Suala rəyi soruşulanların 90,5 faizi müsbət cavab verib, onlardan 64 faizi “tam bəyənirəm”, 26,5 faizi “əsasən bəyənirəm” kimi cavab verib. Yalnız 6 faiz respondent suala “bəyənmirəm”, 3,5 faiz isə “bilmirəm” cavabını verib.
Digər suallar, eləcə də Prezidentin öz vədlərinə əməl etməsi, korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən tədbirlər, regionların sosial-iqtisadi inkişafı, dövlət başçısının regionlara səfərlərinin nəticələri ilə bağlı suallar da sorğuda iştirak etmiş Azərbaycan vətəndaşları tərəfindən yüksək balla qiymətləndirilib. Məsələn, respondentlərin 75,6 faizi dövlət başçısının həmişə öz vədlərinə əməl etdiyi qənaətindədir. Korrupsiyaya qarşı mübarizə tədbirləri də eyni faizlə dəstəklənib. Regionların inkişafı ilə bağlı dövlət başçısı tərəfindən görülmüş işlər isə rəyi soruşulanların 93,1 faizi tərəfindən razılıqla qarşılanıb. Sorğuda iştirak edənlərin 90,4 faizi dövlət başçısının regionlara çoxsaylı səfərlərinin faydalı olduğunu bildirib. 
Azərbaycan ictimaiyyəti Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasəti də yüksək faizlə dəstəkləyib. Belə ki, respondentlərin 89,9 faizi bununla bağlı sualı müsbət cavablandırıb. Onlardan 73,9 faizi xarici siyasətin nəticələrini “əla” kimi qiymətləndirib. Ekspertlər dövlət başçımızın bu sahədəki fəaliyyətini qiymətləndirərkən nəzərə alıblar ki, təkcə son bir  ildə deyl, xüsusən Prezident İlham Əliyevin respublikaya rəhbərlik etdiyi 15 ildən artıq müddətdə Azərbaycan regionunun ən inkişaf etmiş ölkəsinə çevrilib, bir çox regional və beynəlxalq əhəmiyyətli layihələrin təşəbbüskarı və içraçısı olub. Ölkəmizin paytaxtı bir çox beynəlxalq əhəmiyyətli tədbirlərə, humanitar forumlara ev sahibliyi edib. Azərbaycan 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub. Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır, dünyada etibarlı tərəfdaş kimi tanınır.
“Opinion Way” şirkəti sorğunun nəticələrinə əsasən elan edib ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkə əhalisi tərəfindən ciddi dəstəyə malikdir, bütün ictimai-siyasi fəaliyyətində xalqın milli maraqlarına əsaslanır, ölkənin sosial-iqtisadi inkişafına və insanların rifah halının ildən-ilə yaxşılaşmasına çalışır. Buna görə də əgər bu gün yenidən ölkədə prezident seçkilərinə start verilərsə, İlham Əliyev böyük səs çoxluğu ilə qalib gələ bilər. Biz də hesab edirik ki, sorğu mərkəzinin gəldiyi nəticə Azərbaycan ictimaiyyətinin fikrini dəqiq əks etdirir və bu, Azərbaycan liderinin öz zəhməti nəticəsində qazandığı halal haqqıdır.

 

Hüseynbala MİRƏLƏMOV,
Milli Məclisin deputatı 

 

09.04.2019, "Xalq qəzeti"

http://xalqqazeti.com/az/news/19919