Müstəqillik tarixinin uğurlarla zəngin bir ili

 

Aprelin 11-də YAP Xətai rayon təşkilatının və Xətai Rayon İcra Hakimiyyətinin birgə  təşkilatçılığı ilə keçirilən  2018-ci il prezident seçkilərinin bir ilinə həsr olunan tədbiri giriş sözü ilə açan təşkilatın sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov ötən bir ilin Azərbaycanın tarixinə biri-birindən mühüm uğurlar yazdığını qeyd etdi. Bildirdi ki, tariximizin uğur səhifələrinin zənginliyi harada yaşamasından asılı olmayaraq bütün soydaşlarımızı sevindirir, Azərbaycanın daha da qüdrətlənməsinə, zənginləşməsinə töhfələr verməyə ruhlandırır.

H.Mirələmov vurğuladı ki, bu günümüzün reallıqları  müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti və  bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ilə bağlıdır. Cənab İlham Əliyevin 2003-cü ildə keçirilən andiçmə mərasimində Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdiriləcəyi vədini xatırladan  millət vəkili qeyd etdi ki, məhz bu vədin əməli işdə öz təsdiqini tapması dövlətimizin başçısının 2008, 2013 və 2018-ci il prezident seçkilərində qələbəsini şərtləndirdi. 2018-ci il prezident seçkiləri xalq-iqtidar birliyinin, xalqımızın həyata keçirilən siyasətə dəstəyinin barizi nümunəsi oldu.

YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə son bir ili Azərbaycanın 28 ilə yaxın müstəqillik tarixinin mühüm səhifəsi kimi xarakterizə etdi. Bildirdi ki,  2018-ci ilin prezident seçkilərindən ötən bir ilin  tamamında  Azərbaycan xalqının  10 milyonluq ölkə sevincini yaşaması sosial-iqtisadi  uğurlarımızın aydın mənzərəsini yaradır. Bu baxımdan ki, demokrafik inkişaf  hər bir ölkənin iqtisadi imkanlarının və sosial siyasətinin təqdimatıdır. Təkcə son bir ilin iqtisadi uğurlarına diqqət yetirmək kifayətdir. Azərbaycanın enerji sektorunda qazandığı uğurlar regional əməkdaşlığın  coğrafiyasının genişlənməsinə işıq salır. Ötən il Cənub Qaz Dəhlizinin rəsmi açılışı, onun əsas seqmentlərindən olan TANAP-ın,  həmçinin Azərbaycan-Türkiyə qardaşlığının, birliyinin təcəssümü olaraq “Star” neft emalı zavodunun istifadəyə verilməsi  bir daha ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadə edərək, dünyanın enerji təhlükəsizliyinin  təminatına  töhfələrinin davamlı olduğunu təsdiqləyir.

V.Rəhimzadə neft gəlirlərinin səmərəli istifadəsi nəticəsində həyata keçirilən mühüm sosial-iqtisadi layihələrdən də geniş bəhs etdi. Bildirdi ki, qitələri birləşdirən, 2017-ci ilin  oktyabrında istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu  iqtisadi əhəmiyyətinə görə enerji layihələrindən heç də  geri qalmır. Uğurlu sonluqla başa çatan hər bir layihə növbəti layihələrin gündəmə gətirilməsinə yol açmaqla yanaşı, Azərbaycanın iqtisadi qüdrətinin və maliyyə imkanlarının təqdimatı kimi dəyərləndirilir.

Xətai Rayon İcra Hakimiyəti başçısının birinci müavini Rafiq Quluyev çıxışında dövlətimizin başçısı İlham Əliyevin təkmil  sosial-iqtisadi islahatlarından bəhs edərək, ötən bir ilin Azərbaycanın sosial dövlət imicinə gətirdiyi əlavələri diqqətə çatdırdı.

R.Quluyev cənab  İlham Əliyevin fərmanları əsasında təsdiqlənən  Bakı və Bakıətrafı qəsəbələrin, həmçinin bölgələrin  sosial-iqtisadi inkişafına dair qəbul olanan Dövlət proqramlarının uğurlu icrasını rəqəmlər əsasında qeyd etdi.

İcra Hakimiyyətinin rəsmisi Xətai rayonunun timsalında ölkədə həyata keçirilən abadlıq, quruculuq işlərindən geniş bəhs etdi. Bildirdi ki, bu gün bölgələr, qəsəbələr arasında sağlam rəqabət gedir. Dövlətimizin başçısı İlham Əliyevin fikirlərinə istinad etsək, Azərbaycan quruculuq meydançasını xatırladır. Elə bir bölgə yoxdur ki, bu prosesdən kənarda qalsın.  Ölkə əhalisi hər addımda özünə diqqətin  şahidinə çevrilib.

«Azərbaycanın möhtəşəm quruculuğu son bir ildə də  özünü bütün sahələrdə göstərib və bundan sonra da göstərəcək» söyləyən  YAP Xətai rayon təşkilatı Qadınlar Şurasının sədri  Aygün Əhmədli  qeyd etdi ki, qürur hissi ilə bəhs etdiyimiz bu quruculuq işlərinin müəllifi ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən  cənab İlham Əliyevdir. Onun təkmil islahatları nəticəsində Azərbaycan Dünya Bakının hesabatında 10 islahatçı ölkə sırasında yer alır. Azərbaycan, həmçinin dünyanın 10 xoşbəxt ölkəsindən biridir.

YAP Xətai rayon təşkilatı Qadınlar Şurasının sədr müavini  Könül Əfəndiyeva bildirdi ki, dövlətimizin başçısı  İlham Əliyevin rəhbərliyi ilə görülən işlərin  təməlində məhz gələcəyimizlə bağlı istək, arzu dayanır. Yəni, Azərbaycan daha güclü, qüdrətli olmalı, ən yeni texnologiyalar ölkəmizə gətirilməli və tətbiqi öz aktuallığını qorumalıdır. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycan innovasiyalar ölkəsidir.

YAP Xətai rayon təşkilatı Gənclər Birliyinin fəal üzvü  Ülvi  Seyfullazadə   təkcə son bir ildə cənab İlham Əliyevin gənclərə diqqət və qayğısından, onların  təhsilə, elmə daha çox yiyələnmələri üçün atdığı davamlı addımlardan bəhs etdi.

Milli Məclisin iqtisadi siyasət,  sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə çıxışına bu fikirlərlə başladı ki,  demokrafik  inkişaf hər bir ölkənin gələcəyini müəyyən edən amillərdin biridir. Məhz bu baxımdan dövlətimizin başçısı İlham Əliyev  yeni iş yerlərinin yaradılmasının daimi proses olmasını əsas tələb kimi qarşıya qoyaraq, bunu ölkə əhalisinin sayının artması ilə əlaqələndirir. 

Z.Səmədzadə   son 15 ildə  ümumi daxili məhsulun 3 dəfədən çox  artmasını təkmil islahatların uğurlu nəticəsi kimi qeyd etdi. Bildirdi ki,  Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək,  Azərbaycanı yüksək gəlirli dövlətə çevirmək, eyni zamanda, bu günə qədər 3 dəfədən çox artan ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaq istəyimizi ortaya qoymuşuq. Son bir ilin uğurları bu istəyimizin artıq reallıq olduğunu təsdiqləyir.

Deputat ölkənin hərtərəfli inkişafında sahibkarlığın  inkişafının əsas  amillərdən biri  olduğunu da  önə çəkərək, son bir ildə   bu istiqamətdə görülən işlərdən danışdı. Bildirdi ki, bölgələrin inkişafını qeyri-neft sektorunun inkişafı, yeni iş yerlərinin yaradılması kimi dəyərləndirən dövlətimizin başçısı İlham Əliyevin bölgələrin potensial imkanlarından səmərəli istifadə etmək məqsədilə  imzaladığı fərmanlara əsasən təsdiqlənən regional inkişaf proqramları qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmağa əsas verir.  

 Bildirildi ki, Prezident İlham Əliyevin müdrik və uzaqgörən inkişaf strategiyası nəticəsində son illərdə  dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan, dünyadakı nüfuzu durmadan artan, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən ölkəmiz bu gün müəyyən edilmiş hədəflərə doğru inamla irəliləyir, ötən hər il bütün sahələrdə əldə olunan böyük uğurlarla tarixə düşür.

Yeganə Əliyeva,
Vüsal Cahanov (foto), 
«İki sahil»

12.04.2019