Müstəqil Azərbaycanın uğurları ulu öndər Heydər Əliyevin ideyalarının gerçəkliyidir

Xətai Rayon İcra Hakimiyyətinin və  YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə   ulu öndər Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunan tədbir keçirildi

Mayın 3-də Xətai Rayon İcra Hakimiyyətinin və  YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunan tədbir keçirildi. Tədbir iştirakçıları öncə ümummilli liderin təşkilatın foyesindəki büstü önünə qızıl gül dəstələri düzdülər, xatirəsini ehtiramla yad etdilər.

Sonra  akt zalında davam edən tədbiri giriş sözü ilə açan  YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov bildirdi ki,  dahi şəxsiyyət Heydər Əliyevin doğum gününün böyük sevinc hissi ilə qeyd olunması ölkəmizdə bir ənənəyə çevrilib.  Ümummilli Liderin  doğum gününün belə əhval-ruhiyyə ilə qeyd olunması ümumilikdə xalqımızın dövlətə, dövlətçiliyimizə hörmət və ehtiramının bariz ifadələrindən biridir. Bununla  Azərbaycan xalqı ölkəmizin həyatında və tarixində müstəsna xidmətlər göstərmiş Ümummilli Liderimizin rolunu,  uğurlu tarixi missiyasını dəyərləndirir, ona hörmət və ehtiramını bildirir.

H. Mirələmov bildirdi ki,  tarixdə şəxsiyyət amili  xalqların, dövlətlərin  inkişafında əhəmiyyətli rol oynayır. Hər bir xalq lideri ilə tanınır. Düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı dünya birliyinin fəal üzvünə  çevirən,  bugünkü uğurlarımız üçün möhkəm baza yaradan  ulu öndər Heydər Əliyevin  Azərbaycan xalqının tarxində  böyük rolu vardır. Onun hər  addımı ölkəmizin inkişaf  tarixinə biri-birindən əhəmiyyətli uğur səhifələrini yazıb.

Millət vəkili bu məqamı da xüsusi qeyd etdi ki,  tarix şəxsiyyətləri yetişdirir. Amma elə şəxsiyyətlər də var ki, onlar tarix yaradır. Ulu öndər Heydər Əliyev və son 15 ildə onun siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev tarix yaradan şəxsiyyətlərdir. Ümummilli Liderin şah əsəri olan müstəqil Azərbaycan bu gün cənab İlham Əliyevin  təkmil islahatları ilə  ən yüksək zirvələri fəth edir.

YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə  ulu öndər Heydər Əliyevin anadan olmasının 96 illiyinin   hər birimizin həyatında önəmini xüsusi vurğuladı. Bildirdi ki, bu illər Azərbaycanın  tarixinə harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının  qürur duya biləcəyi uğurları yazıb. O uğurları ki, bu gün  ölkəmiz  həmin  təməl üzərində daha da möhkəmlənir, qüdrətlənir, yeni-yeni hədəflərə doğru inamla addımlayır.

V.Rəhimzadə ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrünü paralel şəkildə təhlil edərək bildirdi ki,  hər iki dövr Azərbaycanı inkişaf etdirmək, imzasını imzalar arasında görmək istəyinin nümayişi ilə xarakterizə olunur.  Ümummilli Lider hakimiyyətinin birinci dövründə  Azərbaycanı gələcəkdə müstəqil görmək istəyini atdığı addımları ilə  təsdiqləyirdi.  Azərbaycan gənclərinin keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi,  həmçinin   C.Naxçıvanski adına hərbi liseyin yaradılması və s. kimi mühüm  addımlar bu günümüz üçün möhkəm təməl rolunu oynamışdır.

YAP Siyasi Şurasının üzvü Azərbaycanın dövlət müstəqilliyini yenidən bərpa etdikdən, daha dəqiq desək, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından  bu günümüzə  qədər uzanan davamlı inkişaf  yolunu geniş şərh edərək bildirdi ki,   böyük şəxsiyyətlərin doğum günü olur, amma ölüm günü olmur.  Onların ideyaları daim dövlətin, xalqın qarşısında yeni-yeni üfüqlər açır. Dahi şəxsiyyət Heydər Əliyevin ideyaları Azərbaycanın dünəninin, bu gününün və sabahının əsasıdır.

V.Rəhimzadə ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının bugünkü uğurlarından bəhs edərək bildirdi ki,  bu gün Azərbaycan etibarlı tərəfdaş, dünyanın enerji təhlükəsizliyinin təminatçısı, təşşəbbüsləri gerçəkliyə çevirən, ən əsası qitələri birləşdirən, dialoq mərkəzi kimi nüfuz qazanan ölkə kimi tanınır.

Diqqəti  Azərbaycanın bu gün ev sahibliyi etdiyi V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna yönəldən  YAP Siyasi Şurasının üzvü  bildirdi ki,  bu kimi tədbirlər ölkəmizə hörmətin və etimadın göstəricisidir. Bu gün  gözlərimiz önündə  bütün dünyaya yeniləşmə, müasirləşmə nümunəsi göstərən Azərbaycan  vardır. 

«Ulu öndər Heydər Əliyevin bütövlükdə həyatı, fəaliyyəti, ideyaları bir məktəbdir. Bu məktəb bu gün də davam edir, Azərbaycanın davamlı inkişafına xidmət göstərir» söyləyən Heydər Əliyev adına liseyin direktoru Sevinc  Orucova bildirdi ki,  Azərbaycanı xaosdan, anarxiyadan, özbaşınalıqdan, iqtisadi tənəzzüldən xilas edib inkişaf, tərəqqi yoluna çıxaran ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından saatlarla, günlərlə danışmaq olar. Vətəninə, xalqına  bağlı olan Heydər Əliyevin bütün soydaşlarımızı bir amal- azərbaycançılıq ideyası ətrafında sıx birliyə çağırışı bu gün  hər birimizin fəaliyyətinin əsasını təşkil edir.  Bu gün fəxr hissi ilə qeyd edirik ki, harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar öz ölkələrinin təbliğatçısıdır, davamlı inkişafımıza töhfə vermək üçün ciddi səylər göstərirlər.

S.Orucova  təhsili millətin gələcəyi kimi dəyərləndirən ulu öndər  Heydər Əliyevin təhsilin inkişafı istiqamətində atdığı addımların miqyasının genişliyindən və hazırda  bu siyasətin Prezident  İlham Əliyev tərəfindən uğurla davam edirilməsindən geniş bəhs etdi. Bildirdi ki,  Azərbaycan Heydər Əliyev yolu ilə inamla irəliləyir, bu yol  ölkəmizə daha möhtəşəm uğurlar vəd edir.

Milli Məclisin  Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirdi ki,  illər keçdikcə, yeni ab-hava formalaşdıqca,  biri-birindən əhəmiyyətli işlər görüldükcə daha dərindən dərk olunur ki, bu uğurların  təməlində  dahi şəxsiyyət Heydər Əliyevin düşünülmüş siyasəti dayanır. Son 15 ildə bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev  Heydər Əliyev fəlsəfəsinin, Azərbaycanı inkişafa aparan strategiyanın düsturunu dünyaya təqdim edir.  Ölkəmizin iqtisadi uğurları davamlıdır. Daxili siyasətimizin davamı kimi dəyərləndirilən xarici siyasət uğurlarımızın miqyası genişdir. Azərbaycanın 2011-ci ildə 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi  müstəqillik tarixində  uğurlarımızın, ən əsası haqqa, ədalətə söykənən mövqeyimizə verilən dəyərin göstəricisidir.

S.Seyidov bildirdi ki, ulu öndər Heydər Əliyevin tezisləri sırasında «Azərbaycan dünyaya gunəş kimi doğacaq» fikri əsas yer tuturdu. Ümummilli Liderin uzaqgörənliklə qeyd etdiyi bu fikir təbii ki, həyata keçirilən siyasətin önündə dövlət maraqlarının dayanmasına əsaslanırdı.  Azərbaycan Ulu Öndərin  gələcəyə hesablanmış siyasəti nəticəsində çox qısa zamanda  dünya birliyinin layiqli üzvünə çevrildi. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycan sözünün imzası qədər  gücü, qüdrəti vardır. Bu gün iqtisadi, siyasi, humanitar mərkəzə çevrilən Azərbaycan ev sahibliyi etdiyi tədbirlər vasitəsilə  reallıqlarını dünyaya çatdırır. Bu gün bu mühüm uğurumuzu da xüsusi qeyd edirik ki, dünyanın yeni xarici siyasəti Azərbaycanda müzakirə olunur. Bu, Heydər Əliyev siyasətinin nəticəsidir.

Çıxışlarda vurğulandı ki, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətinin, xalqının qarşısındakı xidmətlərinin miqyası genişdir, arxada qalan hər il bu xidmətlərdə yeni-yeni məqamların açıqlanmasına yardımçı olur. Məhz bu fonda dahi şəxsiyyət Heydər Əliyevin bu fikri  daim xatırlanır: «Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!”

Tədbirdə YAP sıralarına  yeni daxil olanlara partiyanın üzvlük vəsiqəsi təqdim olundu.

Sonda dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film nümayiş etdirildi. Filmdə də qeyd olunduğu kimi,  nə qədər ki  müstəqil Azərbaycan dövləti var, Heydər Əliyev  ürəklərdə yaşayaycaqdır.

Yeganə Əliyeva,
Vüsal Cahanov (foto), 
«İki sahil»

http://ikisahil.com/post/musteqil-azerbaycanin-ugurlari-ulu-onder-heyder-eliyevin-ideyalarinin-gerchekliyidir