Yaxşı insan, dəyərli şəxsiyyət, mənəviyyatlı ziyalı məfhumları istənilən zaman və məkan üçün aktualdır. Azərbaycan xalqı belə nəcib, xeyirxah, mərd şəxsiyyətləri ilə daim qürur duymuş, onları özünün milli sərvəti saymışdır. Bu insanlar xalqın zəngin mənəviyyatını, əxlaqını parlaq şəxsiyyətlərində qorumuş, həyatda mərdliklə yaşamaq, ad qoymaq üçün insana ləyaqət və şərəf hissinin yetərli olduğunu sübuta yetirmişlər. Onlar həm də milli tərəqqi və intibah prosesinə verdikləri böyük töhfələrlə diqqət mərkəzində olmuş, yaşadıqları zamanın fövqünə ucalaraq, ilk növbədə, cəmiyyətdə sağlam mənəvi idealların möhkəmlənməsinə çalışmış, insanları nəcib məqsədlərə yönəltmək məramı ilə yaşamışlar.

Əsl ziyalı üçün səciyyəvi dəyərləri xarakterində cəmləyən belə nurlu şəxsiyyətlərin — həqiqi alimlərin elmi potensialı, intellekti, düşüncə tərzi zülmətdə saçan nur kimi qəbul edilmişdir. Elmi və ictimai fəaliyyəti ilə cəmiyyətə böyük fayda vermiş  dəyərli ziyalılar Azərbaycanda da daim rəğbətlə, ehtiramla anılır, onların nurlu xatirəsi əziz tutulur. Bu ziyalılar sağlıqlarında həyata keçirdikləri böyük işlərlə həm də respublikanın müasir dövlətçilik tarixinin unudulmaz müəlliflərinə çevrilmişlər. Azərbaycanın mədəni və intellektual intibah salnaməsinin ayrı-ayrı səhifələri məhz belə parlaq şəxsiyyətlərin adı ilə sıx şəkildə bağlıdır. 70 ilə yaxın müddətdə özünün zəngin publisistik və elmi-pedaqoji fəaliyyəti ilə böyük şöhrət qazanaraq əbədiyyətə qovuşmuş belə tanınmış şəxsiyyətlərdən biri də tarix elmləri doktoru, professor, görkəmli jurnalist Nəsir Əsəd oğlu İmanquliyevdir.

Hər bir istedadlı qələm sahibinin formalaşmasında, peşəkarlıq zirvəsinə ucalmasında istedad, bilik, yaradıcı proseslə yanaşı, yaşadığı mühit də öz sözünü deyir. Nəsir müəllimin nəcib şəxsiyyət və istedadlı jurnalist kimi formalaşmasında da bu real həyat həqiqəti qətiyyən istisnalıq daşımır. Azərbaycan jurnalistikasının görkəmli simalarından biri kimi əziz xatirəsi bu gün də böyük ehtiramla anılan, 100 illik yubileyi ölkə miqyasında qeyd olunan professor Nəsir İmanquliyev mətbuat işi və ali jurnalistika təhsilinin görkəmli təşkilatçısı, tanınmış ictimai xadim kimi şərəfli və mənalı ömür sürmüşdür. Onun həyat yolunun ayrı-ayrı mərhələləri kəşməkəşli və çətin olduğu qədər də şərəfli, mənalıdır. 1911-ci il dekabrın 22-də neftçi ailəsində anadan olmuş Nəsir İmanquliyev atasını erkən yaşlarında itirdiyindən ailəsinin müəyyən qayğılarını üzərinə çəkməli olmuşdur. 1925-1926-cı illərdə Bakının keçmiş Lenin rayonunda peşə məktəbini bitirərək çilingər peşəsinə yiyələnmiş, ailəsinə kömək məqsədilə bir müddət fəhlə kimi çalışmışdır. 1934-cü ildə Lassal adına Neft Texnikumuna qəbul olmuş, daxilindən gələn bir həvəs, qaynar çeşmə kimi çağlayan yaradıcı istedad onu gənc yaşlarından mətbuatla əməkdaşlığa sövq etmişdir. Texnikumda oxuya-oxuya yazdığı ilk məqalələr «Kommunist», «Yeni Yol», «Gənc İşçi» kimi tanınmış qəzetlərdə dərc olunaraq maraqla qarşılanmışdır.

Dövrünün bu nüfuzlu qəzetlərində ədəbi işçi, ədəbi şöbənin müdir müavini, şöbə müdiri, məsul katib və redaktor vəzifələrində çalışan Nəsir İmanquliyev Böyük Vətən müharibəsi illərində qələmini «süngüyə» çevirməli olmuşdur. 1942-ci ilin yanvarından Krım cəbhəsində «Döyüşən Krım» qəzetinin məsul katibi və hərbi hissədə tərcüməçi vəzifəsində işləmiş, 1943-cü ilin sonunda ordudan tərxis olunaraq yenidən arxa cəbhəyə göndərilmişdir. Bundan sonra həyatının qaynar illərini «Kommunist» qəzeti ilə bağlayan gənc Nəsir uzun illər bu redaksiyada məsul katib və redaktor kimi məsul vəzifələrdə çalışmış, peşəkarlıqla qələmə aldığı çoxsaylı məqalələr onu respublika miqyasında məşhurlaşdırmışdır. «Kommunist» qəzetində məsul katib kimi fəaliyyət göstərməklə yanaşı, «Döyüşən səhifələr» guşəsi yaratmış, əsgərlərin mənəvi-psixoloji hazırlığında, onlara hərbi-vətənpərvərlik hisslərinin aşılanmasında müstəsna xidmətlər göstərmişdir.

1946-cı ildə Moskvada Mərkəzi Qəzet kursunu, 1950-ci ildə isə Azərbaycan Dövlət Universitetinin (ADU) filologiya fakültəsini bitirmişdir. Bənzərsiz və həm də maraqlı pedaqoji aləmə qovuşaraq həyatını gənclərin maariflənməsinə həsr etmək istəyən Nəsir müəllim bu mərhələdən məzunu olduğu ADU-da müəllimlik fəaliyyətinə başlamışdır. Yüksək istedadı, intellekti, təşkilatçılıq qabiliyyəti və təşəbbüskarlığı o zamankı respublika rəhbərliyinin diqqətini çəkdiyindən, onu qısa zamanda yüksək vəzifələrə irəli çəkmişlər. 1952-ci ilin iyulundan 1956-cı ilin noyabrınadək Azərbaycan Respublikası Mərkəzi Komitəsində təbliğat-təşviqat şöbəsinin müdir müavini işləmişdir. 1956-cı ilin noyabrından 1957-ci ilin dekabrınadək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Radioinformasiya Baş İdarəsinin rəisi vəzifəsində çalışmış, nazirliyin kollegiya üzvü seçilmişdir. 1957-ci ilin iyunundan eyni zamanda Azərbaycan SSR Nazirlər Soveti yanında Radio və Televiziya Verilişləri Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir.

Müxtəlif məsul vəzifələrdə işləməsinə baxmayaraq görkəmli jurnalist qələmini bir an belə yerə qoymamış, əksinə, yaradıcı fəaliyyətinin əhatə dairəsini genişləndirmişdir. Universitetdə pedaqoji fəaliyyətlə məşğul olmaqla yanaşı, «Sovet kəndi», «Azərbaycan gəncləri», «Azərbaycan Kommunisti», «Azərbaycan qadını» jurnalları ilə əməkdaşlıq etmişdir. Ötən əsrin 30-40-cı illərinin şəxsiyyətə pərəstiş və repressiyalar dalğası illərində paytaxtda Azərbaycan dilində nəşr edilən yeganə qəzet olan «Yeni yol»un fəaliyyətinin dayandırılması həyatı erkən gənclik dövründən bu qəzetlə bağlanmış Nəsir İmanquliyevi ciddi narahat etdiyindən, o, heç bir riskdən çəkinməyərək Bakıda yeni nəşrin dərci ilə bağlı Mərkəzi Komitəyə rəsmi müraciət etmişdir. Onun bu müraciəti geniş müzakirə olunmuş, o zamankı respublika rəhbərliyi Azərbaycanın paytaxtında yeni bir qəzetin nəşrinə icazə verilməsi üçün Moskvaya müraciət etmişdir. Nəhayət, Kremlin icazəsi ilə 1957-ci ildə «Bakı» qəzetinin nəşrinə icazə verilmiş, Azərbaycan Dövlət Universitetinin müəllimi, tanınmış qələm sahibi Nəsir İmanquliyev qəzetin baş redaktoru təyin olunmuşdur. Əslində, görkəmli şəxsiyyətin həyatının ən mənalı, ən qaynar illəri də məhz bundan sonra başlamışdır.

Nəhayət, Nəsir İmanquliyevin 8 aylıq gərgin zəhmətindən, kadr axtarışından sonra «Bakı» qəzeti 1958-ci il yanvarın 10-da işıq üzü görmüşdür. Bu fədakar insanın banisi olduğu və 30 il sükanı arxasında vüqarla dayanaraq irəli apardığı, inkişaf etdirdiyi, övladı qədər sevdiyi, uğurlarından sonsuz iftixar hissi duyduğu «Bakı» qəzetinin nəşrə başlaması Azərbaycan mətbuatı tarixində yaddaqalan hadisəyə çevrilmişdir. Milli mətbuat tariximizin yeni səhifələrini yazmış Həsən bəy Zərdabi, Mirzə Cəlil, Ömər Faiq Nemanzadə, Üzeyir Hacıbəyli və digər görkəmli klassiklərin mütərəqqi ənənələrini bərpa edən «Bakı» qəzeti  jurnalistikamıza yeni nəfəs gətirməklə, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni mühitin, idman həyatının aynasına, istedadlı qələm sahiblərinin, sənət-söz adamlarının tribunasına çevrilmişdir. 1964-cü ildən həm də rus dilində nəşrə başlayan «Bakı» qəzeti o dövrün ciddi siyasi-ideoloji buxovları çərçivəsində sıxılan milli mətbuatımıza yeni nəfəs, milli ruh, müasir dəsti-xətt gətirmişdir.

Nəsir müəllim bu nəşrlərlə mətbuat tariximizə peşəkar jurnalistika prinsiplərini — dəqiq, qərəzsiz informasiyanı, maarifçilik ruhunu, milli-mənəvi dəyərlərə hörmət hissini gətirmişdir. Jurnalistikanın elmi-nəzəri problemlərini araşdıran böyük alim həm də onun ciddi elm sahəsinə çevrilməsinə böyük töhfələr vermişdir.

Bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan mətbuatı tarixində 30 il fasiləsiz redaktor işləmək, hər həftə iki dildə, həm də bir-birini təkrarlamayan 12 nömrə qəzet buraxmaq, müxtəlif millətlərə, zövqlərə, fərqli düşüncələrə mənsub böyük bir kollektivi saat mexanizmi kimi dəqiq işlətmək heç də hamıya nəsib olan hünər deyildir. Təkcə bu faktın özü Nəsir müəllimin ağsaqqallığı, idarəçilik üslubu, redaktorluq məharəti, ustalığı və ustadlığı haqqında çox söz deyir.

Jurnalistikaya yaradıcı baxışı olan Nəsir müəllim hələ qəzet nəşrə başlamazdan  əvvəl redaksiyaya xeyli istedadlı qələm sahiblərini toplamışdı. İlk vaxtlar tanınmış yazarlardan C.Əmirovun, R.Nağıyevin, Ç.Ələkbərovun, Ş.Abdullayevin məqalələri qəzeti əldən-ələ gəzdirirdi. Lakin redaktor bu uğurlarla kifayətlənmir, gənc qüvvələri, dərs dediyi universitetin jurnalistika şöbəsinin tələbə və məzunlarını da redaksiyaya cəlb edirdi. Mən tələbələri içərisindən Nəsir müəllim qədər özünə əməkdaş, müxbir yetişdirən ikinci redaktor tanımıram. O, daim qəzeti gəncləşdirir, gənclərə etimad göstərirdi. Sonralar «Bakı» qəzetindən digər mətbu orqanlara yetişmiş kadrlar gedirdi. Nəsir müəllimin xeyirxahlığı və qayğısı nəticəsində o dövrdə jurnalist tələbələrin böyük qismi «Bakı» qəzetində əsl məktəb keçib təcrübə qazandılar, istedadlı qələm sahibləri kimi Azərbaycan jurnalistikasına şərəf, şöhrət gətirdilər.

Nəsir İmanquliyev ilk gündən «Bakı» və «Baku» qəzetlərini tələbə jurnalistlərin yaradıcılıq laboratoriyasına çevirməyə nail olmuşdu. Redaksiyanın ayrı-ayrı şöbələrində, hətta bəzən redaktorun iş otağında yaradıcılıq söhbətləri aparılır, faydalı müzakirələr həyata keçirilirdi. O, cavan kadrlarla müntəzəm məşğul olur, jurnalistika peşəsinin sirlərini onlara həvəslə aşılayır, şöbə müdirlərini də bu işə sövq edirdi. Onun novator təşəbbüsü əsasında ayrı-ayrı iri müəssisələrdə, eləcə də rayonlarda keçirilən oxucu konfransları da işə çox yarayırdı. Həmin tədbirlərdə irəli sürülən təkliflər maraqlı və rəngarəng yazıların qəzet səhifələrinə çıxarılmasına şərait yaradırdı.

Taleyin xoş qismətindən həmin illərdə ustad sənətkarla işləmək, onun söz yaradıcılığı ilə yaxından tanış olmaq imkanı əldə etmişəm. Nəsir müəllimlə tanış olduğum günü yaxşı xatırlayıram. 1965-ci ilin oktyabr ayı idi. O vaxt Azərbaycan Politexnik İnstitutunun birinci kursunda oxuyurdum. Orta məktəbin üçüncü sinfindən ştatdankənar əməkdaşlıq etdiyim «Azərbaycan pioneri» qəzeti redaksiyasına ilk dəfə idi ki, baş çəkirdim. Katibə qız daxili telefonla baş redaktor Əmrah Əmrahova gəldiyimi bildirdi. Çox həyəcanlı idim. İçəri daxil olanda Əmrah müəllimin yanında ucaboylu, nurani bir kişini görüb bir az da həyəcanlandım. Görüşdük. Əmrah müəllim mənimlə hal-əhval tutandan sonra ucaboylu kişiylə tanış etdi: «Bakı» və «Baku» qəzetlərinin baş redaktoru Nəsir İmanquliyevdir», — dedi və mənim ona texniki ali məktəb tələbəsi olduğumu, həm də kiçik hekayələr yazdığımı bildirdi. Nəsir müəllim mənimlə mehriban görüşdü və xoş təbəssümlə bildirdi ki, dünyanın bir çox görkəmli yazıçıları qeyri-humanitar ixtisasların sahibləridir: Dostayevski, Çexov, Aytmatov… Nəsir müəllimlə tanışlıq ilk gündən məndə xoş təəssürat yaratdı.

Hər dəfə «Bakı» qəzeti redaksiyasına gedib onunla görüşəndə, ağıllı məsləhətlərini, tövsiyələrini dinləyəndə mənim iç dünyam zənginləşir, ondan müsbət enerji alırdım.

…Aradan illər ötdü. Ali məktəbi bitirib istehsalatda çalışdım. Nəsir müəllimlə Lənkəranda, dostum, görkəmli şəxsiyyət, baytarlıq elmləri doktoru Əyyub İsgəndərovun evində dəfələrlə görüşəcəyimi heç ağlıma gətirməzdim. Onlar çox yaxşı dost idilər. Allah hər ikisinə qəni-qəni rəhmət eləsin!

Nəsir müəllim xatirimdə həm görkəmli pedaqoq, mübariz jurnalist, həm də xeyirxah, müdrik, ağsaqqal bir şəxsiyyət kimi yaşayır. Redaktoru olduğu «Bakı» qəzeti sözün əsl mənasında böyük institut idi…

«Bakı» qəzetinin digər bir üstünlüyü də öz ətrafında tanınmış şəxslərdən ibarət müxbir şəbəkəsi yarada bilməsi idi. Elm və sənət xadimləri, neftçilər və inşaatçılar, ayrı-ayrı peşə adamları axşam qəzetlərini maraqla oxuduqları kimi, onun səhifələrində çıxış etməyi də şərəf sayırdılar. Yazıçılar yeni əsərlərinin ilk təqdimatını bu qəzetlərdə edirdilər. Yazıçı-rejissor Həsən Seyidbəylinin İmran Qasımovla birgə yazdığı «Uzaq sahillərdə» sənədli povestinin maraqlı epizodları ilk dəfə «Bakı» qəzetində çap olunmuşdur. Xalqımız əfsanəvi partizan Mehdi Hüseynzadənin şücaəti barədə ilkin olaraq bu qəzetdən xəbər tutmuşdu. Həsən Seyidbəylinin digər əsəri olan «Cəbhədən cəbhəyə» bir neçə ay ərzində «Bakı» qəzetində dərc edilmişdi. Xalq yazıçıları Mirzə İbrahimov, Mir Cəlal, Əli Vəliyev, Mehdi Hüseyn, İlyas Əfəndiyev, xalq şairi Rəsul Rza, yazıçılardan Qılman İlkin, Hüseyn Abbaszadə, Manaf Süleymanov və başqaları o zaman axşam qəzetlərinin ən fəal müəlliflərindən idilər.

«Bakı» qəzeti redaksiyasında yaradılmış demokratik, işgüzar və yaradıcı ab-hava qəzet üçün kadr hazırlığına da kömək edirdi. İşə belə yaradıcı münasibətin nəticəsidir ki, gənc əməkdaşlar qısa müddət ərzində yaxşı yazmağı öyrənir, tez bir zamanda püxtələşirdilər. 60-cı illərdə jurnalistika şöbəsinin məzunları olan gənc əməkdaşların məqalələri də oxucular tərəfindən maraqla qarşılanırdı. Həmin əməkdaşlar bir qədər sonra şöbə müdiri, məsul katib vəzifələrinə irəli çəkilmişdilər. Qəzetçilik sahəsində zəngin təcrübə toplamış Nəsir müəllim özü isə hələ o dövrdə «od püskürən» tənqidi məqalələrin müəllifi kimi məşhurlaşmışdı. Baş redaktor təkzibedilməz faktlara əsaslanan felyetonlar, «Şəhər mövzusunda» rubrikası altında ciddi tənqidi məqalələr yazan müəllifləri həm maddi, həm də mənəvi cəhətdən həvəsləndirirdi. Bu yazılara görə redaktor vaxtaşırı hücumlara, təzyiqlərə məruz qalır, lakin nəinki geri çəkilmir, əksinə, dələduzları, rüşvətxorları lərzəyə salan məqalələrin çapını davam etdirirdi. Peşəkarlığının, istedad və novatorluğunun nəticəsində Nəsir İmanquliyev qəzeti o dövrdə qismən də olsa cəmiyyətdəki eybəcərlikləri açıb göstərən nüfuzlu tribunaya çevirə bilmiş, yüz minlərlə insanın rəğbətini qazanmışdı. Hər dəfə ciddi təzyiqlərə məruz qalan Nəsir müəllimi məhz peşəkarlığı, faktlara əsaslanması, obyektivliyi qoruyur, onu oxucularının gözündə daha da ucaldırdı.

Yəqin çoxları razılaşar ki, görkəmli jurnalisti oxuculara daim sevdirən ən başlıca xüsusiyyət onun mövzu çevrəsinin, toxunduğu mövzuların xalq ruhuna yaxınlığı, jurnalist yaradıcılığı üçün də mühüm cəhət olan xəlqiliyidir. Milli mətbuatımızın koriyeflərindən sayılan Nəsir İmanquliyevin sanballı məqalələrində toxunduğu mövzular, irəli sürdüyü ideallar xalqın amallarını əks etdirmiş, sərt ideoloji buxovlar və senzura şəraitində ona populyarlıq qazandırmışdır. Mətbuat tariximizdə sönməz ulduzlara çevrilərək insanların qəlbinə işıq saçan bir çox dühalar kimi, Nəsir müəllimin də əsərlərini, yazılarında peşəkarlıqla qələmə aldığı həyat həqiqətlərini bu gün üçün də aktual edən başlıca məziyyət təkcə bundan ibarət deyildir. Özünəməxsus «jurnalistika məktəbi» formalaşdırmış Nəsir İmanquliyevin böyük ustalıqla işıqlandırdığı mövzular görkəmli publisistin şəxsində bütövlükdə Azərbaycan cəmiyyətinin keçmiş sovetlər dövründə keçdiyi çətin, məşəqqətli, eyni zamanda şərəfli yolun canlı salnaməsidir. Onun peşəkar qələmindən, həyat gerçəkliklərinə dərin yaradıcı baxışından doğulan söz bizim günlərdə də oxunur, qiymətləndirilir, zəngin miras kimi nəsillərdən-nəsillərə ötürülür.

Şərəfli ömür yolu ilə milli mətbuat tariximizdə sözünü demiş jurnalistlərin bütöv bir nəslinin Nəsir İmanquliyev məktəbinin yetirməsi olduğu da danılmaz reallıqdır. 70 illik jurnalist yaradıcılığı dövründə Nəsir müəllimin məktəbi təkcə istedadlı jurnalistlər deyil, həm də görkəmli elm və ədəbiyyat xadimləri yetirmişdir. Bu nəcib insan və dəyərli ziyalı jurnalistika məktəbinin yetirmələrinə, ondan universitetdə nəzəri biliklər almış və «Bakı», «Baku» qəzetlərində həyat-təcrübə dərsi keçmiş jurnalistlərə, şərəfli peşə sahiblərinə daim sözün müqəddəsliyini, böyüklüyünü qorumağı, onu ucuzlaşdırmamağı arzulayardı. Nəsir müəllim peşəkarlarla işləməkdən həzz alırdı və maraqlıdır ki, onların əksəriyyəti öz yetirmələri idi. Qəzetin informasiya vermək və maarifləndirmək funksiyalarını vacib və gərəkli hesab edən Nəsir müəllim «Bakı» və «Baku» qəzetlərinə rəhbərlik etdiyi illərdə sübuta yetirdi ki, istənilən qəzetin simasını, nüfuzunu, oxucu auditoriyasını onun peşəkarlığa söykənən informasiya siyasəti müəyyənləşdirir. Obyektiv, peşəkar informasiyanı dövlətlə xalq arasında əlaqənin möhkəmlənməsində təsirli vasitələrdən biri kimi dəyərləndirən Nəsir müəllim belə informasiyaları quruculuq proseslərinə şüurlu münasibətin yüksəlməsində vacib şərtlərdən hesab edirdi.

Jurnalistikamızın tanınmış nəzəriyyəçiləri bu gün bir faktı da xüsusi vurğulayırlar ki, professor Nəsir İmanquliyev çoxsaylı tələbələrinə təkcə nəzəriyyəni öyrətməmiş, onun mühazirələri özünün praktik əhəmiyyəti ilə də həmişə böyük maraq doğurmuşdur. Nəsir müəllim çox vaxt tədris etdiyi fənnin proqramından kənara çıxaraq tələbələrə Azərbaycan mətbuatının görkəmli nümayəndələrindən söz açar, milləti, xalqı nadanlıqdan, avamlıqdan, xurafatdan xilas etmək üçün ömürlərini bu mübarizəyə həsr edən yazarların nəcib əməllərindən ürəklə danışardı.

Öz peşəsini sevən Nəsir İmanquliyev deyirdi: «Jurnalistika peşəkar kamilliyin hüdudunun olmadığı ən nadir peşələrdən biridir». Belə müdrik fikirləri ilə Nəsir müəllim tələbələrinə əldə etdikləri uğurlarla kifayətlənməməyi, daim səylə işləməyi, peşəkarlığa can atmağı tövsiyə edirdi. Eyni zamanda, söz aləmində peşəkarlıq məfhumunun özünün də nisbi səciyyə daşıdığını müdrikliklə diqqətə çatdırırdı. Professor Nəsir İmanquliyev «Jurnalistikanın əsasları» fənnini tədris etdiyi tələbələrinə şəxsi təcrübəsindən çoxlu sayda misallar gətirir, bu misalların da çox hissəsi «Bakı» qəzetindən olurdu.

«Bakı» qəzeti istər məzmun, istərsə forma və tərtibat etibarilə dövrünün qəzetlərindən fərqlənirdi. Axşamlar saat 5-dən başlayaraq qəzet köşklərinin qarşısında «Bakı» və «Baku» qəzetlərini almaq üçün insanlar növbəyə dayanardı. Bunun da təbii ki, bir səbəbi var idi. O dövrdə işıq üzü görən kütləvi informasiya vasitələri içərisində «Bakı»nın özünəməxsus yeri var idi. Gün ərzində hadisələr, sənət, mədəniyyət yenilikləri, idman şərhləri, qastrol səfərləri, qəbul olunmuş qərarlar və onların icrası və sair bu kimi yazılar «Bakı»nın gündəlik müraciət etdiyi mövzular idi. Bu qəzet həqiqətən də öz dövrünün siması idi, çünki baş redaktoru özü zamanın fövqündə dayanıb hadisələri görür, duyur, oxucularına çatdırırdı. «Bakı» axşam qəzeti sözünü vaxtında və yerində dediyinə görə insanların düşüncəsinə və yaddaşına daxil olmağı bacarırdı. Nəsir müəllim qəzetin tərtibatına da böyük diqqətlə yanaşırdı. «Bakı» qəzetində ayrı-ayrı tərtibat elementlərindən böyük məharətlə istifadə olunurdu. Ümumiyyətlə, o, sonadək qəzetin üslubunu, ənənəsini qoruyub saxlamış və oxuculara sevdirmişdi.

Peşəkar olmaqla bərabər, Nəsir müəllim çox tələbkar rəhbər idi. İşini səliqəli tutardı, işçiləri ilə öz arasında pərdə saxlayardı. Amma bu tələbkarlıqda qərəz və cılızlıq yox idi. Tələbələrinə daim bir fikri təlqin edirdi: vaxtınızı boşa sərf etməyin, daim nəsə öyrənin! Yaradıcılıqda olduğu kimi, işçilərinə qarşı həyatda da çox diqqətli idi. Bir çox jurnalistlər məhz Nəsir müəllimin sayəsində mənzil sahibi oldular, bir çoxu məhz onun xeyir-duası ilə ailə səadətinə yetişdi. Bəli, milli mətbuatımızın XX əsr salnaməsini özünün qüdrətli şəxsiyyəti ilə şərəfləndirən Nəsir müəllim xeyirxahlıq, nəciblik mücəssəməsi idi. Tələbələri ondan jurnalistikanın nəzəri və praktik əsaslarından dərs alsa da, nəcibliyi və xeyirxahlığı da öyrənirdilər. O, sonralar müəllim həmkarlarına çevrilən bu tələbələri ilə çox mehriban münasibət yaratmışdı. Yetirmələrinin uğuruna, yüksəlişinə ürəkdən sevinməyi bacaran insan idi. Ziyalı adının şəxsiyyət timsallı daşıyıcıları arasında Nəsir İmanquliyev öz çəkisi, sanbalı ilə həmişə seçilirdi və ömrünün axırınadək də belə olaraq qalmışdı. Yüksək ünsiyyət və davranış mədəniyyəti, sözübütövlük, mənəvi təmizlik, alicənablıq onu insanların nəzərində ucaldan xüsusiyyətlər idi. Nəsir müəllimə cəmiyyətdə, kollektivdə, dost-tanışları arasında nüfuz qazandıran nəcib xüsusiyyətlərindən biri də onun obyektivliyi, işçilərini ayağa verməməsi, çətinə düşəndə onlara arxa-dayaq olması idi.

Əsl ziyalı üçün vacib sayılan ən mühüm keyfiyyətlərdən biri də onun aydın mövqeyə sahib olması, taleyüklü məqamlarda xalqının mənafeyi baxımından ən doğru, dürüst olanı seçməsi, lazımi anda qətiyyət, cəsarət nümayiş etdirməsidir. Bu mənada, əsl şəxsiyyəti həm də mühitin ona doğru müdaxiləsinə cavab reaksiyası fərqləndirir. O, bütünlükdə mühitdən asılı olan adamlardan onunla seçilir ki, ətrafda baş verən hadisə və proseslərə münasibətdə passiv müşahidəçi mövqeyindən çıxış edərək biganəlik, laqeydlik sərgiləmir. Bu mənada, Azərbaycanın müstəqillik illərində də Nəsir İmanquliyev əsl ziyalı kimi dövrün ictimai-siyasi proseslərinə biganə olmamış, qocaman jurnalist kimi yazıb-yaratmış, ulu öndər Heydər Əliyevin yeritdiyi milli siyasətə daim dəstək vermişdir.

Yüksək əxlaqi keyfiyyətlərə, xalqın çoxminillik milli dəyərlərinə ürəkdən bağlı olan Nəsir İmanquliyev həm də mütərəqqi milli dəyərləri parlaq şəxsiyyətində yaşadan, cəmiyyət üçün örnək sayılacaq ailə başçısı olmuşdur. Böyüyüb boya-başa çatdığı ocaqda əsl şəxsiyyət kimi yetişən, xoşbəxtliyi əqli kamillikdə, təmizlikdə, halal zəhmətdə axtaran Nəsir İmanquliyev həyatda öz layiqli yerini tutmuş, möhkəm təməl üzərində qurduğu ailəsinin bütün qayğılarını üzərinə çəkmişdir. Tanınmış şəxsiyyətin yeganə qız övladı — Aida xanım İmanquliyeva öz şəxsiyyətində Tanrının yalnız öz sevdiklərinə bəxş edə biləcəyi gözəl, bənzərsiz keyfiyyətləri tamamlayırdı. Zahiri və daxili gözəllik, mehribanlıq, həssaslıq, ziyalılıq, bir sözlə, yüksək insaniyyətə xas bütün müsbət cəhətlər onun saf, cəlbedici çöhrəsində cəmləşmişdi. Aida xanım İmanquliyeva Azərbaycanda ərəb ədəbiyyatşünaslığının yaradıcılarından sayılır. 1957-ci ildə Bakı şəhərinin 132 nömrəli orta məktəbini qızıl medalla bitirmiş, elə həmin il də Azərbaycan Dövlət Universitetinə (indiki BDU) daxil olmuşdur. 1962-ci ildə universitetin şərqşünaslıq fakültəsinin ərəb filologiyası bölməsini bitirdikdən sonra bu ali məktəbin Yaxın Şərq xalqları ədəbiyyatı tarixi kafedrasının aspirantı olmuş, daha sonra keçmiş SSRİ EA Asiya Xalqları İnstitutunun aspiranturasında təhsil almışdır. 1966-cı ildə namizədlik, 1989-cu ildə isə doktorluq dissertasiyası müdafiə etmiş, professor elmi adına layiq görülmüşdür. O, ilk azərbaycanlı qadın-şərqşünas elmlər doktoru idi.

Nəsir İmanquliyev kimi şəxsiyyətin ailəsində əsl insan kimi formalaşmış Aida xanım da məhz zəngin daxili dünyasının əzəməti ilə ailəsinin mənəvi və fiziki cəhətdən sağlamlığını, milli ruhda formalaşmasını təmin etmişdir. Bu nəcib şəxsiyyəti yaxından tanıyanlar hər zaman vurğulayırlar ki, Aida xanım valideynləri üçün layiqli övlad, məşhur alim, istedadlı insan, sədaqətli ömür yoldaşı, ən başlıcası, qayğıkeş ana idi! Onun geniş dünyagörüşü, nəcibliyi, sadəliyi və qayğıkeşliyi, Arif Paşayevin isə ailə başçısı kimi mənəvi bütövlüyü, kristal xarakteri, yüksək daxili «mən»i, mütərəqqi dəyərlərə bağlılığı, müdrik ata nəsihəti bu ocaqda böyüyüb boya-başa çatmış qız övladlarının da həyatında silinməz izlər buraxmışdır.

Gərgin elmi fəaliyyətinə rəğmən, Aida xanım İmanquliyeva ailəsinə daim diqqətlə yanaşmış, övladlarının tərbiyəsinə geniş vaxt ayırmış, hər bir qayğısını çəkmiş, onların yüksək ali təhsil almalarına, müasir biliklərə yiyələnmələrinə, layiqli vətəndaş və insan kimi yetişmələrinə çalışmışdır. Məhz bu diqqət və qayğının nəticəsi kimi, bu gün həm Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, həm də filologiya elmləri doktoru, professor Nərgiz xanım Paşayeva hələ gənc yaşlarından yüksək təhsil almış, bir neçə xarici dili mənimsəmiş, nəcib şəxsi keyfiyyətləri, təşəbbüskarlıqları ilə cəmiyyətdə layiqli yerlərini tapmışlar. Azərbaycan mədəniyyətinin, incəsənətinin bütün dünyada təbliği, mütərəqqi milli dəyərlərimizin qorunub saxlanılması, cəmiyyətdə saf və nəcib idealların möhkəmlənməsi onların çoxşaxəli fəaliyyətinin başlıca qayəsini təşkil edir.

Adı XX əsr tariximizə görkəmli publisist, alim, ictimai xadim, mətbuat qurucusu kimi düşən Nəsir İmanquliyev dünyaya sözdən naxış vuran istedadlı qələm sahibi, böyük ziyalı, müdrik şəxsiyyət, ləyaqətli rəhbər, işini bilən, amalının arxasında əməli dayanan iradə və cəsarət sahibi idi. Hər yerdə intizarla gözlənilir, sevilir, hörmətlə qarşılanırdı. O, yalnız auditoriyalarda dərs keçmirdi. Onun yaradıcılığı, jurnalistlik və ictimai fəaliyyəti yalnız ali məktəbi yox, bütövlükdə qələm əhlinin düşüncələrini əhatə edirdi.

Nəsir müəllimin sağlığında layiq görüldüyü «Əməkdar mədəniyyət işçisi», «Əməkdar jurnalist» fəxri adları onun mətbuatımızın inkişafındakı əvəzsiz xidmətlərinin rəsmi təsdiqidir. Onun millət və xalq qarşısındakı danılmaz xidmətləri müstəqillik illərində də yüksək dəyərləndirilmişdir. Azərbaycanın milli-mənəvi irsinin himayədarı — Azərbaycan Prezidenti İlham Əliyevin 4 sentyabr 2006-cı il tarixli «N.Ə.İmanquliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında» sərəncamı bu baxımdan xüsusi vurğulanmalıdır. Sərəncamla görkəmli jurnalistin yaşadığı binaya (Nizami küçəsi, 66) xatirə lövhəsi vurulmuşdur.

Prezident İlham Əliyevin 23 noyabr 2011-ci il tarixli digər bir sərəncamı ilə Nəsir İmanquliyevin 100 illik yubileyi respublika miqyasında qeyd olunur. Bu, görkəmli publisistin Azərbaycanın çağdaş tarixindəki roluna verilən yüksək qiymətin, dəyərin təzahürü kimi diqqətəlayiqdir. Sərəncamda deyilir: «2011-ci ilin dekabr ayında Azərbaycanın tanınmış ictimai-siyasi xadimi və publisisti, əməkdar jurnalist Nəsrulla Əsəd oğlu İmanquliyevin anadan olmasının 100 ili tamam olur. Müasir Azərbaycan jurnalistikasının təşəkkülündə xüsusi yeri olan Nəsrulla İmanquliyev mətbuatımızın inkişafında əvəzsiz xidmətlər göstərib. O, cəmiyyət həyatının müxtəlif sahələrini əks etdirən sanballı yazıları ilə mətbuat tariximizə layiqli töhfələr verib. Onun jurnalistika sahəsində zəngin pedaqoji fəaliyyəti Azərbaycan jurnalistlərinin böyük bir nəslinin formalaşmasında mühüm rol oynayıb».

Professor Nəsir İmanquliyev xatirimizdə jurnalistikanın, redaktorluğun etalonlarından biri kimi qalmaqdadır. O, insan kimi də xeyirxah, qayğıkeş və ümumilikdə, bənzərsiz idi. Nəsir müəllimin milli mətbuat tariximizin öyrənilməsi, nəzəri və praktik əsaslarının, jurnalist sənətkarlığına dair dərsliklərin hazırlanmasında da böyük xidmətləri var. Bu gün jurnalistikaya qədəm qoyanlar, ilk növbədə, onun yaradıcılığına istinad edirlər. Bu gün biz Nəsir müəllimdən öyrəndiyimizi hardasa tətbiq ediriksə, deməli, o, bizim işimizdə, əməlimizdə yaşayır.

Əsl ziyalının fani dünyadan yeganə amalı məhz millət, dövlət yolunda çalışmaq, yaxşı iş görmək, tarixdə əbədi qalmaqdır. Dəyərli professor Nəsir İmanquliyev də sağlığında Vətəni, xalqı naminə yorulmadan çalışmış, elmimizin, təhsilimizin mütərəqqi ruhda inkişafına öz töhfəsini vermişdir. Xalqın maariflənməsində, mütərəqqi yolla inkişafı prosesində mühüm xidmətləri olmuş böyük ziyalılar kimi Nəsir İmanquliyev də xalqımız tərəfindən daim anılır, xatirəsi ehtiramla yad edilir.

 

21.12.2011