MEDALYON

HÜSEYNBALA MİRƏLƏMOV

MEDALYON

(povest)

 

Rus balası Mixaillə dostluğumuzun tarixi uzun bir yol keçib. O, Bakıda doğulub böyüyüb, mən cənubun ucqar kəndlərindən birində. İlk tanışlığımız ali təhsildən sonrakı illərə - əgər belə demək mümkünsə, müstəqil həyata başlamağımızın zamanına təsadüf edir. Azərbaycan dilini özünəməxsus bir şirinliklə mənimsəyib. Məni Mixailə - hərçənd ki, mən ona həmişə "Mişa" deyirəm. İndiki ahıl vaxtımızda da az qala onun "Mixail" adını tamam unudur, elə Mişa kimi yaddaşımda saxlayıram - hə, məni Mixailə bağlayan çoxlu cəhətlər var; səmimidir, deyib-güləndir, həmsöhbət olduğu adama nikbin duyğular aşılayır. Həyatın gətirdiyi qayğıların, lap elə kədərin tündləşdiyi məqamlarda bir də gördün Mişa zəng eləyir. Hal-əhvaldan sonra özünəxas bir şuxluqla təzə bir lətifə danışır. Özü də onun lətifələrində hiyləgər bir erməni ilə sadəlövh, səmimi İvan qarşılaşır. Həmişə də hiyləgər erməni Mişanın sadəlövh İvanını gülməli vəziyyətdə qoyur. İvan da erməninin hiyləsini başa düşəndən sonra barmağı ilə onu hədələyir və "ay əclaf", - deyir.

Elə bu yaxınların söhbətidir, müharibə təzəcə qurtarmışdı. Biz də həm şəhidlərimizin kədərini, həm də torpaqlarımızın işğaldan azad olunmasının sevinclərini birgə yaşadığımız günlərin birində təsadüfən

bulvarda Mişa ilə rastlaşdım. Çox tutqun görünürdü. Həmişə məni görən kimi gülə-gülə üstümə gələn Mişa az qala yerindən tərpənmir, kədərli baxışlarıyla məni süzürdü. Nə isə ciddi bir hadisənin baş verdiyini düşünüb Mixailə ehtiyatla yanaşdım:

- Qardaş, nə olub belə kefsizsən? Səni heç belə görməmişəm. Mişa əlini uzatdı, görüşdük. Salam-sağ olsuz dilləndi:

- Tapıblar. Düz 28 ildən sonra. Elə həmin yerdə, bir çalada cəsədinin qurumuş sümükləri qalıbmış. Skeletin boynundakı kiçik medalyondan tanıyıblar.

- Nə danışırsan, Mişa, kimi tapıblar? Nə medalyon?

- Hə, medalyondan tanıyıblar. Bir üzündə mənim qohumum İvanın şəkli, o biri üzündə də onun dostunun şəkli. Görünür, medalyon su keçirməyib. Ona görə də şəkillər salamat qalıb. Mişa bunu deyib əlini döş cibinə saldı. Nazik, bir az da zəncirdən asılı bir medalyon çıxarıb mənə uzatdı.

Lap hövsələm tükənmişdi. Bir medalyona baxırdım, bir də Mişaya. Gördüm ki, Mişa asta-asta danışır. Daha onun sözünü kəsməyin yeri yox idi.

  Düz əlli il bundan əvvəlin söhbətidir, Bakının o illəri yəqin ki, sənin də yadından çıxmayıb. Geniş bir həyət… ətrafi da iki mərtəbəli evlərlə örtülü olan bu həyətdə xeyli ailə yaşayırdı.

Yəqin ki, bu həyət bolşevik inqilabından qabaq hansısa bir Bakı milyonçusunun olub. Bolşeviklər də həmin həyəti mənimsəyib inqilaba tərəfdar olan Bakı fəhlələri arasında bölüşdürmüşdü. Çünki bu həyətdə yaşayanların hamısı özlərinin "roboçiy" soy-köklərilə qürrələnirdilər. Nə isə, bu, keçmişin söhbətidir.

...Həyət geniş olduğundan düz ortada uşaqların əyləncəsi üçün nisbətən müvafiq ərazini hündür torla əhatələmiş minifutbol meydançası yaratmışdılar. Uşaqlar, xüsusilə də oğlan uşaqları burada futbol yarışları keçirirdilər. Qızlar üçün də şərait yaradılırdı. Yığılıb açılan voleybol setkası qoyulur, qızlar voleybol oynaya bilirdilər. Voleyboldan sonra bu setkanı yığışdırıb götürürdülər. Oğlanlar yenə şənbə-bazar günləri futbol yarışlarını davam etdirirdilər. Azarkeşlər evlərin pəncərə və eyvanlarından yarışları izləyirdilər.

- Vanya, ötür!

- Cəbiş, pas!

-Xaça, ştraf!

- Qoqo, penaltini sən vur!

-Musya, dala ötür!

-Qova, mənə bax!

Bir-birlərinə hayqıran uşaqların adlarından görünürdü ki, əksəriyyəti azərbaycanlı olsa da, qalanları rus, erməni, avar, ləzgi və başqa milliyyətlərin balaları idi. Vanya, Dima rus, Xaça, Qova erməni, Qoqo gürcü, Musya - Musa, Cəbiş - Cəbrayıl və s. idilər. Bu həyətdə çox xoşbəxt yaşayırdılar. Dörd-beş xalqın nümayəndələri yaşayan bu balaca həyət bütövlükdə sanki miniatür bir Azərbaycan idi. Mehribanlıqlarına görə isə ailələr bütövlükdə nəhəng bir ailəyə bənzəyirdi. Sevincləri də, kədərləri də bir idi. Bayramı bir yerdə şənlənər, hüzn günlərində isə dərdlərini bölüşərdilər. Ağır günlərdə də bir-birlərinə dayaq olur, əl tutur, bir- birlərinin köməyinə gəlir və hətta təmtəraqlı yeməklər zamanı bir-birlərinə pay da göndərirdilər.

Əlbəttə, uşaqlar arasında bu mehribanlıqdan zövq alan, xoşlanan böyüklər özləri də doğmalaşmışdılar. Burada hamının xeyir-şəri bir idi. Ancaq İvanla Xaçaturun dostluğu tamam fərqlənirdi. Onlar demək olar ki, hər gün bir yerdə olur, dərslərini də birgə hazırlayırdılar. Məktəbə bir gedir, məktəbdən birgə qayıdırdılar. Sinifdə də eyni partada otururdular. Bir dəfə sinif rəhbəri onların dərs zamanı pıçıltı ilə danışıqlarını kəsmək üçün hərəsini ayrı-ayrı partalarda oturtmuşdu. Bu da uşaqların əhvalına pis təsir etmiş, hətta valideynləri işə qarışmalı olmuşdu.

Uşaqlar pis oxumurdular. Vanya rus dilindən başqa, həm ermənicəni, həm də azərbaycancanı yaxşı mənimsəmişdi. Elə Xaçatur da pis deyildi. Azərbaycan dilinin bir az qol-qabırğasını qıra-qıra danışsa da, rus dilini çox sərbəst işlədirdi.

Xaçaturla Vanyanın dostluğu qonşu həyətlərdə də başqalarına nümunə göstərilirdi. Heç uşaqlar özləri aralarındakı ünsiyyətin haradan, necə qaynaqlandığını, bəlkə, dərindən də bilmirdilər. Amma burası var ki, insan hissləri doğmalıqla çuğlaşanda dostluq yaranır. Bu, elə bir qəribə duyğudur ki, hər kəsin öz içində özü ilə birgə böyüyür.

  Zaman keçdikcə bu hissin təsiri altında dostlar ayrılmaz olur. Hər vaxt doğmalıq duyğuları ilə biri digərini gözdən qoymur, bir yerdə olanda fərəh hissi keçirirlər. Vanya ilə Xaçaturun arasında da belə bir qırılmaz ünsiyyət kök salmışdı.

Orta məktəbin son günləri yaxınlaşırdı. Dostlar uğurla buraxılış imtahanlarını verib attestat aldılar. Əvvəlcədən danışdıqları kimi, Moskvaya - ali hərbi məktəbə gedəcəkdilər. Bəli, onlar Moskvadakı Frunze adına Hərbi Akademiyanın müdavimi olmağı arzulayırdılar.

 

Doğrudur, hələ ki, sülh zamanı idi. Kimsənin ağlına qeyri heç nə gəlmirdi. Amma bu arxayınlığa baxmayaraq analar övladlarının hərbçi olmasına zahirən qürurla yanaşsalar da, daxilən bir nigaranlıq hissini də özlərindən tam qovub aralaya bilmirdilər. Axır ki, yayın qızmar avqustu gəlib çatdı. Gənclər Moskvaya yola düşməli oldular. Vağzala çox adam gəlmişdi. Keçmiş futbolçular - yəni Xaçaturla İvanın həmyaşıdları, məhlənin qızları, analar, atalar, baba-nənələr... bir sözlə, qonum-qonşu

- hamı burada idi. Biri xatirə danışır, bir başqası İvanın uşaqlığını yada salır, digəri Xaçaturdan söhbət salır... bir sözlə, hamının düşüncəsində İvanla Xaçatur bir doğmalıq, qardaşlıq obrazı kimi əzizlənirdi.

   Axır ki, qatar yola verildi, minik başlandı. Gənclər qabaqdakı vaqonlardan birinə qalxıb yerlərini tutdular. Həmyaşıdları onlarla birgə kupeyəcən gəlmişdilər. Axır ki, burada da sataşmalar, zarafatlar davam etsə də, qatarın üçüncü fiti bu hay-küyə son qoydu. Uşaqlar başlarını vaqonun pəncərəsindən çıxardılar.

- Moskva böyük şəhərdir, ehtiyatlı olmaq lazımdır, gəzməyə az-az çıxın, çıxanda da bir yerdə olun...

Dostlar gülə-gülə əl edib dedilər:

- Baş üstə, ana, baş üstə...

 

- Hərbi paltar geyən kimi şəkillərinizi göndərin, - deyə analar sözləşmiş kimi eyni vaxtda dilləndilər.

Nairi xala qışqıra-qışqıra dedi:

-Tanımadığınız qızlara-zada çox da yaxın düşməyin...

Cavanlar gülməkdən qəşş etdilər. Hovannes əmi də:

-Yataqxanada da bir yerdə olun, bir otaqda.

-İki-üç aydan sonra gəlib sizə baş çəkərik, - deyə Mixail dayı da ona qoşuldu.

Niyə əziyyət çəkirsiz ki, - deyə İvan atasına cavab verdi.

 - Bu qədər xərc-zad...

- Bizdən ötrü narahat olmayın. Hər şey yaxşı olacaq.

- Nə lazım olsa, telefonla xəbər verin, gələnlərdən göndərərik - deyə Hovannes də ona qoşuldu. Mən bilən, sizdə tətil olmur. Xəbər verərsiz biz gələrik...

Gəncləri yola salanların hərəsi bir söz deyir, onlara xoş niyyət arzulayırdılar. Lap axırda Cəbrayılla Musanın ataları qatarın asta-asta hərəkəti ilə müvazi olaraq irəliləyib onlara nəsə verdilər. Deyəsən, mineral su - limonad şüşələri idi. Musanın atası əlini yelləyib dedi: - A bala, Allah üstünüzdə yar olsun!

 

Qatar artıq uzaqlaşmaqda idi. Cəbrayılın da atası uşaqlara nəsə deməyi özünə borc bildi:

- Allah işinizi avand eləsin. Gedin oxuyun, gəlin, toylarınızı edərik.

Vanya hələ də vaqonun pəncərəsindən əlini yelləyirdi. Vaqon uzaqlaşsa da, onun da səsini perrondakılar eşitdilər.

- Sağ olun, sağ olun, əmi, Allah sizi qorusun. Biz sizi unutmarıq. İvanın son sözlərini kim eşitdi, kim eşitmədi... qatar artıq axırıncı döngəni də burulub ötdü.

Adamlar dağılışmaqda idi...

***

     Xaçaturla İvan akademiyada birgə təhsil alırdılar. Yenə də bir yerdə idilər. Elə birgə qaldıqları yataqxanada da, akademiyada da onları "bakinets" deyə çağırırdılar. Dostluqları çoxlarına örnək idi.

Sovetlər İttifaqının paytaxtında əhval- ruhiyyə dəyişməkdə idi. Ölkə rəhbərliyi təzələnmişdi. Partiya tələblərinin dəyişməsi yəqin ki, yeni rəhbərliyin ölkədəki siyasi həyata münasibəti ilə bağlı idi. Axır ki, elə bu qaynar, dəyişən günlərdə Xaçaturla İvan akademiyada təhsili uğurla başa vurub Moskva ətrafındakı hərbi hissələrin birində hərbi qulluğa başladılar. Öz xahişləri ilə yaxın hərbi hissələrdə xidmət edirdilər. Hələ ki yataq yerləri, istirahətləri yenə bir yerdə idi. Gənc leytenantların dostluğu xidmət yerində də diqqəti cəlb etmişdi. Onların hər ikisinin boynunda medalyon vardı. Bəzən onları "medalyonlu" dostlar deyə göstərir, hələ bir medalyonla bağlı sataş- malar da olurdu: "Medalyonda nə var? Hansı gözəlin şəklidir?". Daha bundan o yana kimsə bu medalyonların mahiyyəti ilə maraqlanmırdı.

Gənclərin rahat, sakit həyatını radiodan eşitdikləri təzə xəbər pozdu. Xaçatur tezdən oyanıb "Azadlıq" radiosunun kanalını tutmuşdu. Mirzə Xəzərin həyəcanlı səsi az qala otağı bütövlükdə titrətdi: "Ermənistanın Quqark şəhərində 11 azərbaycanlı uşağını iri bir borunun içərisinə doldurub, mazutlu əskini də yandırıb boruya atmış, sonra da ağzını qaynaq etmişdilər".

İvan bu xəbəri eşidəndə rəngi ağardı:

-Bu, necə ola bilər? Belə insanlıq olar? - dedi.

Xaçatur dodaqlarını qısmışdı. Deyəsən, onun da dodağının arasından "hmm" səsi çıxdı. Amma bir söz demədi. İvan dostunun nəsə deyəcəyini gözləyirmiş kimi onun üzünə baxdı. Yox, Xaçaturun heç tükü də tərpənmirdi. Deyəsən, "hmm" səsini də İvanın sərt münasibətinə görə bildirmişdi.

Daha dostlar heç nə danışmadılar, geyinib çıxdılar. Xəbər hərbi hissədə ildırım kimi yayılmışdı. Hamı azərbaycanlıların Ermənistandan kütləvi şəkildə qovulmasından danışırdı. Şübhəsiz, İvandan da, Xaçaturdan da bu barədə soruşurdular. Axı, onlar bakılı idilər. İvan da həmin günü gərginliklə keçirdi. Verilən suallara aydın cavab verə bilmədi. Amma onun özündə belə bir inam var idi ki, bu, hansısa bir dəstə cinayətkarın əməli olar. Yəqin ki, dövlət də tezliklə tədbir görər - ümidi ilə həmin günü başa vurdu.

Deyəsən, Xaçatur da fikirli idi, dinib danışmırdı. Nə düşünürdüsə, hər vaxt düşündüyünü əsirgəmədiyi İvana da bir söz demirdi. Bir neçə günü beləcə yola verdilər.

İnsanlar belədir, qeyri-adi hadisəni elə qeyri-adi ovqatda qarşılayır, bəlkə, bunun sarsıntısını da yaşayırlar. Amma get-gedə həmin qeyri-adi xəbərin yaratdığı ovqat adiləşir, gündəlik həyati düşüncəyə çevrilir, lap müzakirələr olsa da, biri razı, digəri narazı qalsa da.

Həmin günlərdən neçə gün sonra İvan görürdü ki, Xaçatur açıq-aşkar qaradinməz olub, onunla da söhbətdən qaçır. Axır ki, bir gün İvan çarpayıda əyləşib başını əlləri arasına almış Xaçaturun önünə gəldi. Balaca stulu çəkib onunla üzbəüz oturdu.

- Xaça, nə olub, yaman fikrə getmisən? Xaçatur asta-asta başını qaldırıb İvana baxdı. Doğma baxışlar, həmişəki doğma ünsiyyət onu özünə tərəf çəkirdi. İndi Xaçatur hiss etdi ki, söhbətdən yayına bilməyəcək:

- Heç, bir az ata-anamdan nigaranam.

Xaçatur elə də narahatlığı hiss olunmayan, qismən təəəssüfqarışıq bir səslə cavab verdi. İvan bilirdi ki, Xaçaturun ata-anası onunla təzəlikcə danışıb. Hələ İvana da salam göndəriblər. Bakıda onların vəziyyəti heç də pis deyil. Atası Mənzil İstismar Sahəsində rəis işləyir. Elə öz işindədir. Ancaq buna baxmayaraq dostundan düşündüklərini gizlətmədi:

-Bilirsən, İvan, bu azərbaycanlılar ki, Ermənistandan çıxmağa başlayıblar, demək, bu işin sonu çox uzanacaq. Tez-gec Bakıda da müəyyən qarışıqlıqlar başlayacaq. Axı Ermənistandan gələnlər, şübhəsiz, qəzəblidirlər. - Xaçatur bunları dedi və yenə sükuta qərq oldu.

İvan Xaçaturun sözlərinə diqqət verirdi. O gördü ki, Xaçatur azərbaycanlıların Ermənistandan qovulmağını yox, çıxmağını diqqətə çəkir. İvan başa düşdü ki, Xaçatur real vəziyyəti olduğu kimi diqqətə çatdırmaq istəmir. Amma buna baxmayaraq, İvan yenə bir-iki kəlmə deməyi özünə borc bildi:

- Xaça, bilirsən ki, adamı yerindən, yurdundan eləmək, Vətənindən qovmaq çox ağır bir işdir. Gərək belə olmayaydı. Ancaq nigaran qalma, yəqin ki, hökumət bir tədbir görər.

- Hökumət, hökumət...

Xaçatur sözünün arxasını gətirmədi. Elə bil ki, o, Vanyanın sözarası işlətdiyi "Vətən", "qovulmaq" sözlərini eşitməmişdi. Amma ani sükutdan sonra əlavə etdi: - Hökumət nə vaxt ermənilərin xeyrinə bir iş görüb ki?..

Onların hər ikisi akademiyanın məzunu idilər, zabit idilər. Şübhəsiz, akademiyada onlara Böyük Vətənin Sovetlər İttifaqı olmasını dəfələrlə demişdilər. İndi Xaçaturun birdən-birə belə ayrı-seçkiliklə danışması Vanyanı təəccübləndirdi. Özü də diqqət edib gördü ki, Xaçaturda bir qəzəb də var:

- Elə danışma, Xaça,- Vanya səsini bir az yumşaltdı.

- Necə danışmayım, - Xaça elə həminki qəzəblə cavab verdi. - Mən Bakıdan çox nigaranam. Bakı tərpənsə bilirsən nə olar?

- Yox, yox, sən qətiyyən nigaran olma.. Bakıda elə şey ola bilməz. Nə tez unutmusan, azərbaycanlılar bizim xətrimizi necə istəyirdilər. Hamını özlərinə doğma bilirdilər. Mən inanmıram, dünya dağıla, azərbaycanlılar ermənilərə əl qaldırmazlar.

Xaçatur başını qaldırıb dostunun üzünə baxdı. Bununla sanki qətiyyən razı olmadığını bildirirdi. Çünki elə "yox" əlamətini bildirən başının hərəkəti ilə ona etiraz edirdi.

Dostlar arasında sükut oldu. İvan daha heç nə demədi, öz çarpayısına tərəf getdi. Deyəsən, dincəlmək istəyirdi. Bu vaxt Xaçaturun səsini eşitdi:

- Bura bax, Vanya, sən necə bilirsən, biz milli hissləri üstün tutmalıyıq, yoxsa dövlət mənafeyinə münasibəti?

- Xaça, sən nə danışırsan, sən ki akademiyanı əla bitirmisən. Biz siyasətə qarışmırıq. Milli məsələlər bizlik deyil. Biz dövlətin əsgəriyik. Bütün məqsəd və məramımızı da dövlət mənafeyini qorumağa yönəltməliyik. - İvan elə həssaslıqla, elə sərrast danışırdı ki, deyəsən, bundan sonra Xaçaturun onunla razılaşacağına şübhə etmirdi. Amma Xaçatur əli ilə üz-gözünü ovuşdurub bir az sakit tarzdə dostuna cavab verdi.

 - Mən səni başa düşürəm, İvan, - dedi.

Özü də bu dəfə "Vanya" demədi. Dostunun köklü adı ilə ona müraciət elədi. Bu, İvanı sevindirdi.

- Hə, bax belə, başa düşürsənsə, çox yaxşı.

Deyəsən, İvana elə gəlmişdi ki, söhbət bitib. Amma yenə Xaçaturun səsi gəldi:

- Əziz dostum, yaxşı olar ki, milli mənafe ilə dövlət mənafeyi bir-birindən ayrılmasın. Amma əgər birini seçmək qarşımızda durursa, onda biz mütləq milli mənafe yolu ilə getməliyik.

İvan Xaçaturun sözlərini dinlədi və nəsə demək istədi. Amma buna lüzum görmədi. Deyəsən, Xaçatur ondan xeyli aralıda idi. Neyləsə də bu aralıqdakı düşüncə məsafəsini qısaltmaq mümkün olmayacaqdı. Amma buna baxmayaraq, yenə bir-iki kəlmə işlətdi:

- Əzizim Xaça, sən unutma ki, dövlət cəmiyyətin dayağıdır. Dövlət olmasa, nə xalq, nə millət... bütün aləm bir-birinə qarışar.

Xaçatur bu fikirlərə inanmasa da - hə, doğrudur, - deyə dostu ilə razılaşdı. Ürəyində isə:

- Sən bildiyini özün üçün saxla, mən ayrı şey düşünürəm. Sonra ayağa duraraq, çörəyimizi yeyək, - dedi.

1991-ci il idi. Artıq Sovet İttifaqı kimi nəhəng bir imperiya çökmüşdü. Ən böyük faciələr isə Azərbaycan xalqının başına gəlmişdi. Belə ki, Ermənistanda yaşayan azərbaycanlılar artıq ölkədə çoxluq təşkil edən ermənilər tərəfindən dəhşətli təqiblərə məruz qaldılar. Ölən öldü, sağ qalanlar da qaçıb Azərbaycana üz tutdular.

Vanya da, elə Xaçatur da Sovet Məlumat Bürosundan normal bir xəbər eşitməsələr də, "Azadlıq" radiosunu dinləyir, demək olar ki, hər günün təzə xəbərlərini eşidirdilər. "Azadlıq" radiosundan Mirzə Xəzər hadisələrin dəhşət miqyasını özünün həyəcanlı səsi ilə çatdırırdı: "Ermənilər qızının gözü qarşısında atasını ağaca sarıyıb diri-diri yandırıblar. Bunlarda nə rəhm, nə insanlıq, nə də Allah qorxusu yoxdur".

Vanya hiss edirdi ki, hadisələr çox dəhşətli miqyas alır, hətta elə bu eşitdiyi xəbəri yorğanı başına çəkib "tfu" sözü ilə cavablamışdı.

   Hadisələr zəncirvari reaksiya kimi davam etməkdə idi. İndi də Dağlıq Qarabağ ətrafında faciəli hadisələr dövrü başlamışdı. Ətraf rayonlar bir-birinin ardınca işğal olunur, qətliamlar törənirdi. Xocalı hadisəsindən sonra isə ümumiyyətlə, vəziyyət idarəolunmaz hala gəlmişdi.

Vanya inana bilmirdi ki, bir ovuc erməni necə ola bilər ki, bütün Qarabağı zəbt etsin, işğal altına alsın. Axı bu, onların qüvvəsilə mümkün olan iş deyildi.

Deyəsən, İvana hər şey aydın olurdu. İşğalçılar dəstək alırdı, özü də açıq-aşkar.

İvan gecə-gündüz Vətəni haqqında düşünürdü. Azərbaycanda yanan odlar-alovlar indi onun öz canında idi. O, doğulub böyüdüyü Vətəni ilə uzaq Moskvada birgə yanırdı.

İvan xeyli düşündükdən sonra Xaçaturla açıq danışmaq qərarına gəldi.

- Xaça, sənə yaxşı məlumdur ki, Azərbaycanda nələr baş verir.

- Hə, məlumdur, nə olsun ki?!.

- Necə yəni nə olsun? Axı, Azərbaycan bizim Vətənimizdir. Biz orada böyümüşük. Biz burada necə qala bilərik?..

Xaçatur rişxənd və bir qədər də qəzəblə İvanı süzüb dilləndi:

Sənə nə dəxli var, sən ki, russan. Azərbaycanlı deyilsən axı.

-Qardaş, -İvanın "qardaş" sözü lap uşaqlıqdakı səmimiyyətilə səsləndi - mənim atamın da, babamın da Vətəni Azərbaycan olub. Elə sənin də. Hardansa, nə vaxtsa Bakıya gəlmisiniz.  O yaşadığımız həyəti bizim babalarımıza bir azərbaycanlıdan müsadirə edib veriblər.

- Hə, nə olsun ki?.. Onda Sovet İttifaqı vardı. İndi hər kəs öz başının hayındadır.

İvan daha Xaçanın nə deyəcəyini gözləməyib onun sözünü kəsdi.

- O olsun ki, mən Azərbaycana gedirəm.

-Özün bilərsən, bax da... Xaçatur daha üzünün nifrət dolu cizgilərini də gizlətmədi.

Elə həmin gün iki dost Moskvadan öz istəklərinə uyğun qatara bilet aldılar; biri İrəvana, digəri Bakıya.

Xaçaturla axırıncı dialoqdan sonra onun İrəvana gedəcəyini İvan bilsə də, hansı yolla, necə gedəcəyini soruşmadı. Hələ Bakıya doğru sürət götürən qatarın pəncərəsindən baxıb ucsuz-bucaqsız Rusiya çöllərini seyr edəndə də Bakıya tez çatmağın intizarını çəkirdi. İndi onu heç nə Bakı qədər cəzb etmirdi.

23 yaşlı İvan Panteleyev baş leytenant paltarında öz həyətlərində görünəndə elə bil ki, göydən yerə bil ulduz düşmüşdü. Onu birinci görüb qarşılayan uşaqlıq dostu Cəbinin anası Məsmə xala oldu. Hamı hay-küylə bir-birinə xəbər verdi.

- Bay sənə gözlərim qurban, ay bala, nə gözəl oğlan olmusan. – Məsmə xala Vanyanın boynunu qucaqlayıb o üzündən-bu üzündən öpdü. Sonra da hündürdən qışqırdı:

-Ay Lyuba, ay Lyuba, gözün aydın olsun, Vanya gəldi. Bizim balaca Vanya. Gör nə boydadır. Paqonlarına bax, maşallah!..

Bu səsi qonşular eşidib çölə çıxdılar.

İvanın anası, eləcə də qonşular növbə ilə İvanın boynuna sarılıb onu öpdülər. Nəhayət, İvan onların əlindən birtəhər qurtarıb anası ilə qol-boyun evə girdi. Və yalnız burda anası ilə öpüşdü.

Lyudmila dedi: - Bas Xaçatur necə oldu?

- Qaldı, - dedi, - nə bilim, Moskvada nişanlısı var. Nə bilim, çoxlu vacib işləri var. Öz nəzəriyyəsi var... xülasə, qaldı Moskva da. Bəs Hovannes əmi ilə Nairi xala nə edirlər? Gözümə dəymədilər.

 

Lyudmila gülə-gülə dedi:

- Daha Hovannes və Nairi deyillər. Biri Hafiz, biri də Nailə olub.

İvan əvvəl duruxdu. Sonra güldü.

– Hə, başa düşdüm. Qorxularından adlarını dəyişiblər?

-Hə, bəs necə?

- Bir günahları yoxdursa, nədən qorxurdular?

- Eh, xəbərin yoxdur, ermənilər elə oyunlardan çıxıblar ki, gəl görəsən.

- Nə oyunlardan?

- Daha nə olacaq? Ermənistanda azərbaycanlıların xeylisini qırıb, qalanlarını da yurd-yuvalarından qovublar. Qaçıb canlarını güclə qurtarıblar. İndi də Dağlıq Qarabağda qırğın-qiyamət törədirlər. Azərbaycan rayonlarını da bir-birinin ardınca işğal edib, əhalisini də qovub didərgin salıblar.

Səhər yeməyi üçün stol açan anası əri nə tərəf döndü:

- Nə bəd xəbərlər yağdırırsan? Qoymazsan uşaq bir özünə gəlsin?

- Hə, hə... Gəl bala, çay içək. Neçə gündür yol gəlirsən. Gecə danışaram. Uzun əhvalatdır. Sən demə, bu ermənilərin buynuzları içəridə imiş. Çay-çörək yeyəndən sonra atası dedi:

- Hə, de görüm, neyləcəyəksən? Yəqin ki, Moskvaya qayıdacaqsan, hə?

 

 

- Yooox, niyə ki?

-Bəs burda neyləyəcəksən?

-Demirsən müharibədir? Gedib vuruşacağam da.

-Nə?

Anası təəccübündən yerində dondu. Az qaldı ki, əlindəki stəkanları salsın.

- Nə danışırsan, bala, orda qırğın-qiyamətdir. Sənin orda nə işin?

- Ay ana, siz, biz, ana-atalarınız bu torpağın, bu xalqın çörəyini yeməmişik? İndiyə kimi bir azərbaycanlı bizə özgə gözlə baxıbmı?

Ata da, ana da nə deyəcəklərini bilmədən mat-mat onun üzünə baxırdılar.

- Camaat bir yerdə beş il yaşayanda oranı özünə Vətən bilir, biz bəlkə də, yüz ildir burda yaşayırıq, Vətənimiz deyil? Bəs onu biz deyil, kim müdafiə etməlidir? Bəs mən bu dörd-beş ili niyə oxumuşam? Cavan-cavan uşaqlar gedib qırılır, biz burda evə girib gizlənək? Qonşuların üzünə necə baxarıq, elə deyil?

Atası dedi:

Oğlum, bütün bunlar düzdür, doğru deyirsən, haqlısan. Amma qoy bir az fikirləşək, bəlkə, Vətənimizə xidmət etmək üçün daha yaxşı bir yol tapdıq.

- Yox, ata, - İvan cavab verdi, - mən beş ildə ştabda, kabinetlərdə oturub plan qurmağı öyrənməmişəm. Mən müasir döyüş taktikaları ilə məşğul olmuşam. İndi onları tətbiq etməyin vaxtı çatıb. Gördün qonşumuz Məsmə xala məni görəndə necə sevindi?

Anası bu sözlərdən sonra daha heç nə deməyib mətbəxə getdi. İvan kresloya yayılıb dedi:

- Ata, mən birbaşa cəbhəyə gedəcəyəm. İndi yayınmaq, qaçmaq, Vətənimizi bu ağır vəziyyətdə qoyub gizlənmək kişilikdən deyil.

Ata ilə ana çarəsizcəsinə bir-birlərinin üzünə baxdılar. Mixail Panteleyev arvadının üzündəki həyəcanı görüb çiyinlərini çəkdi: Yəni mən neyləyə bilərəm? - Amma sözünə davam elədi:

- O yan-bu yan eləsək qaçıb gedər, bir də heç üzünü görmərik.

İvan gecəni heç də rahat yatmadı. Anasının yalvarışlı nəzərləri gözünün qabağından çəkilmirdi. Onun kədərli baxışları İvanın iştirak edəcəyi döyüş yerlərinə - xəyalının hərəkətinə mane olurdu. Hansı mövqeyi düşünürdüsə, anasının yalvarıcı baxışları elə oradaca gözlərinin önündə canlanır, elə bil ki, əllərini uzatmaqla onu tutub saxlamaq istəyirdi. İvanın özünün sualı da doğulurdu düşüncəsində: "Bəlkə, getməyim?!". Ancaq həmin andaca düşüncələrini tərəddüdlərdən, ziddiyyətlərdən təmizləyir, yad həmlələri qovub uzaqlaşdırırdı.

İvan yarıyuxulu da olsa gülümsündü: "Bəlkə elə bu, döyüşün başlanğıcıdır, bəlkə, elə bu döyüşdə qalib gəlməliyəm mən əvvəlcə. Əgər bu döyüşdən qalib çıxmasam, onda məğlubiyyət bəri başdan mənim alnıma yazılıb.

Sonra yuxu onu necə tutubsa heç özünün də xəbəri olmayıb. Səhər lap erkən oyandı. Anasının hazırladığı süfrədə bir tikə kəsdi, çay içdi. Demək olar ki, bütün süfrə boyu nə atasının, nə anasının gözlərinə baxmadı. Elə bil ki, ilişməkdən, fikrini dəyişməkdən qorxurdu. Gecəki döyüş məsələsi təzədən xəyalına gəldi. Qəlbində heç bir tərəddüdə yer yox idi. Artıq fikrini qətiləşdirmişdi.

...Komissarlıqda onu bir qədər şübhəli nəzərlərlə süzdülər. Təqdim etdiyi sənədlərə baxdılar. Rus dilində yazılmış tərcümeyi-halını oxudular. Bundan sonra komissarlıq işçilərinin şübhələrini təəccüb əvəz elədi. Onlara qəribə gəlirdi ki, rusların ermənilərə kömək etdiyi bir zamanda bu əslən rus olan cavan zabit Moskvadakı rahat xidmət yerini buraxıb döyüş üçün - Azərbaycanı müdafiə üçün Qarabağa getmək istəyirdi.

Hərbi komissar baş qərargahla, general Səlimbəyli ilə danışdı. Onun haqqında ətraflı məlumat verdi. Telefonda hərbi komissarın dediyi axırıncı sözü İvan özü də eşitdi: "Bəli, bəli, əsl vətənpərvərlik, hərbçi mərdliyi elə budur. Düz deyirsiniz, cənab general". Görünür, bu sözləri general Səlimbəyli demişdi və hərbi komissar da təkrar edirdi.

...Baş qərargahda İvanı çox ləngitmədilər.

General Səlimbəyli elə ayaq üstəcə onunla görüşüb stolunun üstündəki çubuğu götürdü və divardan asılmış xəritəyə yaxınlaşdı:

- Cavan oğlan, bax bura qədim Ağdamdır, bu da onun ətrafdakı kəndləri. Hamısının da yolu bax, bu qədim Xaçıntəpənin ətəyindən keçir. Bura bütün ətrafın qapısı, necə deyərlər, açarıdır. Ermənilər neçə müddətdir əlləşirlər buranı ala bilmirlər. Əsgər və zabitlərimiz qəhrəmancasına, fədakarcasına qoruyurlar öz Vətənimizi. Vəziyyət xeyli gərginləşib. Bu gün axşam mütləq onlara canlı qüvvə və sursat çatdırmalıyıq. Elə sənin yerindir. Gecə ilə sursat dolu maşın və bir tağımla ermənilərin arasından keçib özünüzü ora çatdırmalısınız. Ətraf kol-kosluq, meşəlikdir. Yanında yaxşı bələdçi olacaq. Mütləq gecə orada olmalısız. Öyrəndiyimizə görə, ermənilər gecə həlledici hücuma hazırlaşırlar. Sabah səhər yəqin ki, hücum başlanacaq. Sən ora gecə çatıb möhkəm müdafiə dairəsi yaratmalısan. Bu sənin ilk qəhrəmanlığın olacaq. Yaxşı yol, uğur olsun!..

 

İvan general Səlimbəylini diqqətlə dinləyirdi. Onun cəbhə bölgəsinə zəng vurub polkovnik Cəlilova dediklərini də yaddaşına həkk elədi: "Cavan bir zabiti hüzurunuza göndərirəm; danışdığımız kimi, bir tağım əsgər və xeyli sursatla... Xaçıntəpə məsələsini unutma. Onlar elə gecə ikən həmin təpədə yerləşməlidirlər".

Bu sözlər aydın döyüş tapşırığı idi. İndi İvan xəyalında həmin ərazinin planını qurur, müdafiə xətti yaradırdı.

General Səlimbəyli İvanın qolundan tutub qapıya tərəf gəldi. Qapının ağzında onun əlini sıxdı. İvan sanki canında bir istilik duydu. Generalın əlindən keçib onun varlığına yayılan hərarət sifətində də özünü göstərirdi. İvan pörtmüşdü. Bircə bunu deyə bildi: "Azərbaycana xidmət edirəm". General bu qürurlu gəncin qaynar görkəmində özünün xidmətə başladığı illəri yada saldı və elə özü də qürurlu baxışlarla İvanı qapıdan çıxanacan süzdü.

İvan müvafiq əraziyə elə gecə çatdı. Bələdçi onu düz gətirmişdi. Burada da pol kovnik Cəlilovun göndərdiyi kəşfiyyatçı onu qarşılayıb düşmən mövqeyi haqqında məlumat verdi.

...Qalan qısa məsafəni əsgərlər piyada qalxdılar. İvan dəstənin heç bir üzvünü gözdən qoymurdu. Hər halda Ay işığında əsgərlərin inamlı hərəkəti onu çox sevindirirdi.

İvan ərazini diqqətlə nəzərdən keçirdi. İndi kimin harada, necə yerləşdirəcəyini dəqiqləşdirir, ətrafı yoxlayırdı. Nəhayət, sonuncu tapşırıqlarını verdi. Hər kəs öz yerini tutmalı, düşmənin hərəkətini izləməlidir. Həm də bir-birinizi də nəzərdən qaçırmayın, - dedi. Sonra bir az yavaş səslə - işdir biri yaralansa, nəsə hadisə olsa, yaxındakı digəri onu əvəz etməlidir.

Tağım göstərilən mövqelərdə yerləşib səhərin açılmasını gözləyirdi.

Elə bil ki, səhər ləngiyir, gecə isə çıxıb getməyə gecikirdi. Nəhayət, İvan gördü ki, düşmən mövqelərindən hərəkət başladı.

İvan hamıya "Hazır ol!" işarəsini verib gözləməyi tapşırdı. Atəş açmağa tələsən əsgərə: qoy lap yaxına gəlsinlər, - dedi. Düşmənin təpəyə dırmaşdığını görürdü, ancaq təmkinini pozmurdu. İvanın tağımının mövqe tutduğundan, görünür, ermənilə rin xəbəri yox idi. Onlar birdən - "Ura!" deyə dəstə ilə irəli yürüdülər. Və elə o dəqiqə yuxarıdan şıdırğı yaylım atəşləri açıldı. Və ermənilərin qabaq dəstəsi biçildi. İyir miyə qədər düşmən yerə sərilib qaldı. Bunu görən arxadakılar söyüş söyə-söyə yerə yatdılar. Erməni zabiti qışqırdı:

- Deməli, gecə kömək alıblar, biz də arxayın yatmışıq, sonra əlini qabağa uzadıb çığırdı:

 - İrəli, özü də atəş aça-aça! Gülləyə heyifiniz gəlməsin!

Öz növbəsində İvan da əsgərlərini döyüş üçün ruhlandırmaq məqsədi ilə inamla hər kəsin eşidə biləcəyi qədər dedi: - Bax, belə, indi növbəti hücumu gözlə yirik.

Erməni zabiti dil boğaza qoymurdu. Tez-tez əmrlər verir, hər tərəfdən təpəni əhatəyə alıb, irəli yeriməyi tələb edirdi.

Erməni zabitinin səsi elə bil ki, İvana uzaq keçmişdən tanış bir nida kimi gəlirdi. Bu səsdəki tanışlıq hissi az qala İvanı çaş dıracaqdı. Amma bu barədə düşünməyə vaxt yox idi. Düşmənin qüvvələri sayca üstün idi və mütləq təpəni almaq iddiasındaydılar.

İvan heç nəyi nəzərdən qaçırmırdı. Müdafiəni dəqiq təşkil edir, ermənilərin irəliləməsinə baxmayaraq, demək olar ki, o, hələlik itki verməmişdi. Əvəzində isə təpəboyu nə qədər erməni cəsədi yerdə sərili qalmışdı. Beləliklə, son gərginlik anları çatmaqda idi. İki qüvvə elə bu andaca üz- üzə gəldi. Erməni zabitinin rus dilindəki hökmlü səsi lap yaxında idi.

- Silahlarınızı atın yerə, təslim olun. Siz hər tərəfdən mühasirədəsiniz.

 

Birdən İvan Panteleyev lap yaxınlığında olan erməni zabitinin aydın sifətini gördü. Bu, Xaçatur idi. Onunla birgə Moskvada akademiyada oxuyan, Bakıda uşaqlığı birgə keçən Xaçatur. Bəli, bu, o, idi - Xaça idi, onun uşaqlıq dostu. İvan hər şeyi unudub ayağa qalxdı. Üzündə bir sevine vardı: - Xaça, bu sənsən?

Elə hisslər var ki, hər cür təhlükəyə üstün gəlir. Bu hisslər insanın varlığına hakim olanda o nəinki yaxınlıqdakı ölümü, hətta bütün dünyanı unudur. İvan irəli yeridi. Doğrudur, Xaçatur özü də bir qədər təəccüblü nəzərlərlə onu süzürdü. Amma açıq-aşkar görünürdü ki, o, heç də sevinmir.

Xaçatur Qriqoryan üstünə yeriyən İvanın hərəkətini qəzəbqarışıq bir təəccüblə izləyirdi. Bir an nə edəcəyini kəsdirə bil mədi. Amma xəyalında canlanan xatirələri də özündən qovub uzaqlaşdırmaq mümkün deyildi.

İki komandirin ayaq üstə üz-üzə dayanması hər iki tərəfin əsgərlərinin də təəccübünə səbəb olmuşdu. Bayaqdan yağış kimi yağan güllələr indi ara vermişdi. Nəsə qeyri-adi bir sükut təpəni bürümüşdü.

İki bir-birinə yaxınlaşan dostun birinin üzündə sevinc, qolları açıq, qarşısındakını qucaqlamaq üçün yeriyir, digəri qəzəbdən boğulurdu. Axır ki, Xaçatur hündürdən söydü və söyüşünü bitirən kimi yan tərəfə tüpürüb avtomatını qaldırdı. Heç bircə an da keçmədi ki, avtomatdan uçan güllələr İvanın bədənini deşik-deşik etdi.

İvan bədəncə cüssəli cavan idi. Harmonik, sağlam görkəmi vardı. Hündür boyu, əzəmətli görkəmi ilə hər kəsin diqqətini çəkir, aydın gözləri ilə ətrafa elə bil işıq salırdı. Deyəsən, hələ şüuru özündə idi. Ona görə də özünü ayaq üstə saxlamağa çalışırdı.

Güllələr onun iradəsindən güclü idi. İvanın bədəni sustaldi. Kökündən qopmuş ağac kimi yerə sərildi. Düz Xaçaturun ayaqlarının ucuna. Amma hələ də açıq olan gözləri ilə Xaçaturu görür, onun necə ölməyinə baxan nifrətli baxışlarını süzürdü. Deyəsən, sonuncu həyat işartıları ilə onun düşüncəsi qəribə mənzərələr görürdü.

Xaçatur onun gözlərində öz simasını yavaş-yavaş dəyişərək, nəhəng bir tısbağaya çevrildi. Amma tısbağanın başı zəhərli gürzə başı idi. O baş qınından çıxaraq, hey uzanırdı, uzandıqca İvana tərəf sürünürdü. Sürünə-sürünə gəlib dostunun boğazına dolaşdı. İvan bu təmasdan iyrəndi, çimçəşdi. Boğazından gürzənin başını aralamaq istədi, bacarmadı. Zəhərli dişləri artıq onun boğazına sancılmışdı.

Gözlərinin işığı yavaş-yavaş sönürdü... İşığı, alovu sönməkdə olan o gözlərdən dostunun xəyanətlərlə dolu, çirkli ürəyinə ölümcül nifrət oxları sancılırdı...

Dostum Mixail söhbətini bitirdi. Sonra əlindəki medalyonu mənim gözlərimin qabağına tutub kiçik düyməni sıxdı. Medalyonun bir üzündə açılan şəkli göstərib dedi:

- Bu, İvan Panteleyevin şəklidir, - dedi, sonra da əlavə elədi: - İvan özü boyda bir işıq idi.

Mən də diqqətlə baxdım. Şəkildən boylanan gənc sanki nə isə deyirdi.  Sonra dostum Mişa medalyonun o biri üzünü çevirdi:

- Bu da Xaçaturun şəklidir.

Demək, İvan dostunun şəklini də medalyonda özü ilə gəzdirirmiş.

Mən həyatın amansızlığına, insanların  hiyləgərliyinə, qəddarlığına acı-acı təəssüflənirdim. Amma birdən mənə elə gəldi  ki, İvanın öz şəkli ilə nəyi demək istədiyini anlamışam: "Hiyləgər insanların dostluğuna inanmayın".

Hə, deyəsən, İvan medalyonunda bizə yadigar qalmış şəkli ilə elə bunu demək istəyirdi…