Hüseynbala Mirələmov: Mehriban xanım Əliyeva cəmiyyətimiz üçün humanizm simvoludur

“Azərbaycanın Birinci vitse – prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyeva bütövlükdə cəmiyyətimiz üçün humanizm simvoludur. O, indiyədək üzərinə götürdüyü xoşməramlı missiya ilə insan hüquqlarının qorunması, vətəndaş cəmiyyəti ideyalarının bərqərar olması, cəza siyasətinin humanistləşdirilməsi, xüsusi qayğıya və diqqətə möhtac olan uşaqların himayə edilməsi istiqamətində mütərəqqi işlərin müəllifi olmaqla yanaşı, həm də şəhid və qazi ailələrinə olan xüsusi diqqət ilə ümumxalq sevgisini qazanıb”. Bu fikirləri Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov “yap.org.az” saytına açıqlamasında diqqətə çatdırıb. 
Deputat bu günlərdə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə, 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Sənan Axundovun ailəsinin mənzillə təmin olunmasını təqdir edərək bununla da ölkənin birinci xanımının xalqımızın ürəyində bir daha unudulmaz sevgi abidəsi ucaltdığını bildirib: “Heydər Əliyev Fondunun prezidenti bu addımı ilə bir daha sübut etdi ki, Azərbaycan dövləti xalqımızın ən böyük mənəvi sərvətlərindən olan şəhid ailələrini heç vaxt çətin vəziyyətdə qoymaz. 
Xalqımızın qəhrəman oğullarından biri olan, şəhidliyin cənnətinə qovuşan Sənan Axundov bu gün fiziki cəhətdən aramızda olmasa da, onun dəyərli övladlarını bağrına basıb onlara sahib çıxan qüdrətli Azərbaycan dövləti var. 
Mehriban Əliyeva bu misilsiz addımı ilə isbatladı ki, təkcə dünyaya gətirdiyi üç xeyirxah övladın deyil, həm də onun köməyinə, mərhəmətinə, şəfqətinə və sevgisinə möhtac duyan hər kəsin anası və dayağıdır. 
Bu addım Vətənimizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəxslərin, şəhid ailələrinin ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı ilə əhatə olunduğunu göstərən diqqətəlayiq jest olmaqla bərabər, həm də Azərbaycan dövlətinin davamlı sosial siyasətinin parlaq təzahürüdür”.

Hüseynbala Mirələmov,  

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri

http://yap.org.az/az/view/news/33044/huseynbala-mirelemov-mehriban-xanim-eliyeva-humanizm-simvoludur?fbclid=IwAR0zbYkj1oBt77ZCfTs7MKRM96Z0-QzBmA7Ubj824a8sBj6vJBAcAFtx6iY