ÖZGƏ TORPAĞINDA ÇİRKLİ ÇƏKMƏLƏRLƏ

Hekayə

 

 

Hüseynbala MİRƏLƏMOV

 

 

Qagik sarsılmışdı, nəyi gözləsə də məhz bunu gözləmirdi. O, ailəsini evinə aparmadan, bircə gün, bircə saat körpəsi ilə birgə yaşamağa macal tapmamış cəbhəyə getməli idi. Yaxşı bilirdi ki, zorla avtobuslara doldurulub aparılan cavanlar elə o gedən olur. Nə haqlarında bir xəbər gəlir, nə də yerləri, yurdları bilinir.

Doğrudur, Yerevanda tezliklə qələbə paradı olacağından, Qarabağda uğurlu döyüşlər getdiyindən, Tovuz bölgəsi başda olmaqla yeni-yeni torpaqların alınacağından, Gəncənin dağıdılmasından, Bərdənin yerlə yeksan olunmasından söz-söhbətlər gedirdi. Erməni ordusunun igidliyindən, dönməzliyindən ağızdolusu danışırdılar. Amma Qagik anlayırdı ki, bütün bunlar boş, mənasız söz-söhbətlərdir.

Qagik özü ayıq-sayıq insan idi. Müxtəlif ölkələrin telekanallarını izləyirdi. Yaxşı bilirdi ki, hələ Qarabağda indiyə qədər belə qan-qırğın olmayıb. Azərbaycan əsgərləri hər yerdə irəliləyir, erməni tankları tərpənməyə macal tapmır, yerindəcə vurulur. Hətta erməni döyüşçülərinin cəsədlərini belə yığmaq kiminsə yadına düşmür. Azərbaycanın dəhşətsaçan PUA-larından, hər zəfərdən sonra Azərbaycan Prezidentinin efirə çıxıb xalqı təbrik edərək "İti qovan kimi onları qovuruq” söyləməsindən də xəbərdar idi.

Qagikin içini suallar xəncər kimi doğramaqdaydı: Nə üçün arvadını və uşağını xəstəxanadan buraxmamışdılar? Nə üçün onun fikrini belə öyrənmədən zorən "könüllü” adıyla müharibəyə aparırdılar? Şəraitin girovu olmaq nə yaman ağırmış.

Qagik anidən yazıqlaşmışdı, maskalılara barı arvadını, oğlunu görmək istədiyini bildirmişdi, amma heç biri ona əhəmiyyət verməmişdi. Onu qamarlayıb hətta yanındakı anasıyla belə düz-əməlli xudahafizləşməsinə imkan vermədən maşına basmış, birbaşa hərbi komissarlığa aparmışdılar.

Hərbi çağırış məntəqəsindəki orta yaşlı zabit yerindən qalxmadan ona "Azərbaycana yollanmaq” hökmü kəsərkən "Bizim qədim Qarabağımız səni gözləyir. Biz orda Artsax hökuməti qurmuşuq, onu təhlükədən qurtarmalısan” söyləyəndə Qagik "Artsax” sözündən diksinmişdi. Dillənib ağzına gələni bu zabitə demək istəmiş, özünü güclə saxlamışdı. Eşitmişdi ki, çağırışçılardan kimsə tabe olmayanda layiqli cavab alır, onu neçə gün həbsdə saxlayır, sonra da avtobusa basıb göndərirlər lazım olan yerə. Ona görə də sakit-sakit, istehzalı baxışla zabiti süzmüşdü. Zabit də, əslində, Qagikin bu baxışlarının mənasını anlamışdı. Daha nəsə deməyə lüzum görmədən onu gətirən adamlara işarə eləmişdi, maskalılar onu çağırış məntəqəsinin arxa qapısından həyətə keçirmiş, içi cavanlarla dolu avtobusa mindirmişdilər.

Ümid sonda ölür. Qagik avtobusun içində ailəsi barədə nigarançılıqdan qurtulmaq üçün daha bir cəhd göstərmiş, salonun ortasında dayanıb gəncləri yerbəyer edən zabitə pıçıltıyla ailəsi barəsindəki nigarançılığını dilə gətirmişdi. Həmin zabitsə Qagikin pıçıltısının müqabilində sanki hamıya eşitdirmək üçün lap ucadan "Sən nigaran qalma, vətən uğrunda vuruşan hər bir erməni əsgərinin buradakı qayğılarını bizim Baş nazir öz diqqətində saxlayır. Nə lazımdırsa, hamısını edəcəklər” söyləmişdi. Qagikin də səsini ucaldaraq "Axı nə vaxt? Mən indi çıxıb gedirəm” deyə şikayətlənməsindən sonra isə zabit söhbətə nöqtəni bu cür qoymuşdu:

- Biz Stepanakertə çatan kimi, hər şey həll olunacaq. Uşağı da, arvadını da aparıb evinizə qoyacaqlar.

Daha Qagik bir söz deməmişdi. O, ruhən sarsılmışdı. Nə isə demək, haqsız olana qarşı mübarizə aparmaq, doğru-düzgünü anlatmaq, ümumiyyətlə, danışmaq üçün onun heyi belə qalmamışdı. Keçib avtobusdakı boş oturacaqda öz yerini tutmuşdu.

Beləcə, sevimli Nunesini görə bilmədən, oğlu Vartanın adına sənəd almağa imkan tapmadan o buraya - bu od-alovun içinə gəlmişdi.

…Yenə şiddətli atışma oldu, sonra səs səngidi. Az keçmiş qarışıq insan səsləri gəlməyə başladı. Qagik diqqət elədi, azərbaycanca danışıldığını anlayıb içində bir titrətmə duydu. Azərbaycan dilini ona ali məktəbdə gürcü dili ilə birgə tədris etmişdilər, aydınca başa düşürdü ki, azərbaycanlı əsgərlər bunkerin boş olduğuna, buralarda kimsənin qalmadığına əminlik bildirirlər. Demək, buralar artıq onların nəzarəti altındaydı.

Qagik barmaqlarını dodaqlarının üstünə apardı, dostlarına səs çıxarmamaq işarəsi verdi. Ani qərar qəbul edilməliydi. Burada qalmağın nə mənası var idi? Artıq hər şey aydın idi, onların taleyi həll olunmuşdu. Bu ərazilər azərbaycanlıların əlində idisə, demək, sağ qalmaq ehtimalları yox idi. Burada qalsalar, susuzluqdan və acından öləcəkdilər. Çıxsalar da, qəzəblənmiş azərbaycanlı əsgərlərin gülləsinə tuş gələcəkdilər. Cəbhəyə yollananda onları təlimatlandırmışdılar ki, "Azərbaycanlı əsgərlərin əlinə düşən kimi sizi tikə-parça edəcəklər. Təslim olmağı heç ağlınıza da gətirməyin”.

Yuxarıdakı səslər avazıdı. Lətifə danışan artaşatlı əsgər gözlənilmədən avtomatını qaldırıb öz alnına tuşladı. Sonra da silahını əlində oynadıb yerə çırpdı.

- Mən azərbaycanlı əsgərlərə güllə atmamışam, heç kimi öldürməmişəm. İnanmıram, onlar bizim Zverik kimi başkəsən olsunlar, - bunları dedi və Qagikin üzünə baxdı. Qagik onun dediklərini sakit-sakit dinlədi. Görünür, çıxış yolu elə buymuş. Təslim olmalıymışlar.

Digər əsgərlərə də ayağa qalxmağa işarə elədi. Silahları toplayıb bir yerə yığdı. Yuxarıdakı danışıqlar yenidən yaxınlaşdı. Yəqin ki, artaşatlı əsgərin silahını divara vurmasının səsini yuxarıda eşitmişdilər.

- Çıxın, siz mühasirədəsiz! - azərbaycanlı əsgərlərdən birinin səsi aydınca eşidildi. Doğrudur, digər əsgərlər azərbaycanca bilməsələr də, bu hökmlü səsin nə demək olduğunu Qagiklə birgə tam anladılar.

Qagik səsini ucaldıb əvvəlcə təslim olduqlarını bildirdi, sonra isə toplanmış silahları bunkerin açıq tərəfindən yuxarıya uzatdı. Azərbaycanlı əsgərlər silahları aldılar. Yuxarıdan yenə səs gəldi:

- Neçə nəfərsiz?!

Qagik onlara beş nəfər olduqlarını, silahların da hamısını təhvil verdiklərini bildirdi.

Azərbaycanlı əsgərin yumşaq davranışı Qagikin qəlbinə dolmuş bütün qaranlığı bir anlıq dağıtdı. Onun ürəyində ümid işığı yandı. Nə qədər yaxında olsa da, deyəsən ölüm bu cavan bəxtsizlərə güzəştə getmək fikrində idi.

Bayaqkı azərbaycanlı əsgərin səsi yenidən eşidildi:

- İndi bir-bir çıxın!

Qagik əvvəlcə artaşatlı yumoristə, sonra da digərlərinə baxdı. Deyəsən, heç kim yerindən tərpənmək istəmirdi. Axır ki, özü irəli yeridi. Sürünüb bunkerdən çıxdı. Gözlərinin qabağında iki azərbaycanlı əsgər var idi. Silahlarını da hazır tutmuşdular. Biri qarabəniz, hündürboy idi, əmrləri o verirdi. Digərinin boyu nisbətən gödək idi. Hündürboy olan pozuq rus dilində Qagikə başa salmaq istədi ki, yoldaşlarını bayıra çıxarsın. Qagik azərbaycanca yaxşı bildiyini söyləyib, "hardan bilirsən” sualını da yerli-yataqlı cavablayıb yoldaşlarını səslədi. Yoldaşları çıxan məqamda Qagik azərbaycanlı əsgərlərin gözlərinin içini diqqətlə süzdü. Heç bir qəzəb, kin-küdurət görmədi. Bir az da ürəkləndi.

Digər dörd erməni əsgəri də bunkerdən çıxdılar.

Balacaboy azərbaycanlı əsgər bir qədər kənarda durub silahını hazır saxladı. Hündürboy olanı isə erməni əsgərlərin silahsız olduğunu dəqiqləşdirmək üçün onların üst-başlarını bir-bir yoxladı.

Düzdür, azərbaycanlı əsgərlər onlara niftətlə baxmırdılar. Heç deyəsən, silahlarını işə salmaq fikirləri də yox idi. Qagik bunu hiss etsə də, içini didən şübhəni də gizlətmədi:

- İndi bizi öldürəcəksiz?

- Axı niyə öldürməliyik? Bunu sənə kim dedi?

Qagik dillənməmiş artaşatlı əsgər rus dilində söylədi:

- Bizimkilər deyirlər ki, siz adamı tutan kimi parçalayırsınız. Gözlərini çıxarır, başını əzirsiniz.

Hündürboy əsgər üzünü kənarda silahını hazır vəziyyətdə saxlamış əsgər yoldaşına tutdu:

- Atəş, bu nə danışır?

Atəş əvvəlcə güldü, sonra da üzünə bir tutqunluq gəldi. Qəzəbləndi, ancaq qəzəbini büruzə vermədi:

- Turan, bunlar yəqin bizi özləri ilə dəyişik salıblar. Xocalı qətliamını elə bil bunlar yox, biz törətmişik.

- Doğru deyirsən, Atəş, axı bunların böyükləri insanlıq sifətlərini itiriblər, Xocalıda törətdikləri cinayətin cəzasını almayıblar. Ona görə də uşaqlarının beyinlərini yeyib bizim üstümüzə göndərmək üçün bu cür sözlər danışıblar.

Xocalının adı çəkiləndə Qagikin içinə yenidən qorxu doldu, o lap sarısını uddu. Xocalı qətliamına görə bir xalq olaraq cavab verməliydilər, bütün ermənilər cinayətdə bilavasitə təqsirkar sayılırdı.

Hava soyuq idi, qorxu-hörkü də ona qarışıb Qagiki tir-tir titrətməyə başladı. Bu yandan da gözü azacıq aralıda düzülmüş meyidlərə sataşdı. Əsgər yoldaşları idi, bayaq bunkerdən çıxanda hamısı ölümə tuş gəlibmiş. Düz yeddi cəsəd. Zverikin cəsədi daha dəhşətli görünüşə malik idi, yaxınlıqda partlamış mərmi onu paralamışdı. Açıq gözlərində vahimə ifadəsi donub qalmışdı.

Qagik çəkinə-çəkinə Turandan soruşdu:

- Bizi harda güllələyəcəksiz?

Turan Qagikin də, digərlərinin də sanki ayaq üstə öldüklərini, tit-tir əsdiklərini aydınca sezirdi. Təhər-töhürlərindən də görürdü ki, bunlar əsla döyüşçülərə bənzəmirlər, təsadüfən gəlib bu ətçəkən maşına düşənlərdəndirlər. Nəsə yazığı da gəldi onlara. Xüsusən də fürsətdən istifadə edib bura zorla göndərildiyini, uşağını doğum evindən çıxaran məqamda maskalılar tərəfindən oğurlandığını dilə gətirən Qagikə ürəyi yandı. Çox qəddar siması var müharibənin. Onun çıxardığı qərarlara, kəsdiyi başlara bineyi-qədimdən sorğu-sual olmayıb, olmayacaq da!

Ermənilərə bir qədər ürək-dirək verəsi oldu:

- Oturun, dincinizi alın, bir azdan gedərik.

Qagik lap özünü itirdi:

- Haraya? Onsuz da öldürəcəksiz, bizi elə burada öldürün.

Turan güldü. Başını buladı. Özü çəkilib bir tərəfdə əyləşdi və onlara da oturmaları üçün işarə elədi.

Artaşatlı əsgər oturmalarından, demək güllələnmə hökmünün bir qədər yubanacağından cəsarətlənib işarə ilə Turandan siqaret istədi.

Turan daha çox etibar etdiyi Qagiki yaxına çağırıb alışqanı da, siqaret qutusunu da ona verdi. Qagik digər erməni əsgərlərinə də siqaret paylamaq istədi. Onlar çəkən deyilmişlər. Artaşatlı ilə özü siqaret yandırdılar, hərisliklə tüstünü ciyərlərinə alıb siqaretdən həzz duya-duya çəkdilər. Ölüm öncəsi çəkilən son siqaret niyə belə bal dadırmış.

Qagik siqaretini əlüstü çəkib qurtardı, dərhal üzünü Turana tutdu.

- Bilirəm bizi öldürəcəksiz. Amma bir xahişim var.

Turan Atəşlə baxışıb "De, nə xahişin var, eşidirəm” söylədi.

Qagik səsi titrəyə-titrəyə xahişini dilə gətirdi:

- Mən istəyirəm ki, bizi öldürəndən sonra meyitlərimiz bu özgə torpaqda qalmasın. Axı bura bizim vətənimizdən çox uzaqdadır. Ailəmiz barı üstümüzə gələ bilsin.

Əsgər yoldaşları Qagikdən nə danışdıqlarını öyrəndikləri məqamda Turan artıq kövrəlmişdi. Hər kəsi ana doğur. Düşmənin olsa belə, onun da insani hisslərini anlayışla qarşılayırsan, bəzən kövrəlir, bəzən hətta kədərlənirsən. Nə iti azmışdı bu yazığın burada, oturardı öz Yerevanında, isti evində, dünyaya təzə gələn uşağını dizi üstünə qoyub oynadardı indi. Zəmanənin üzü qara olsun.

Turan Qagiklə söhbətləşdi:

- Yəqin yoldaşınla, körpənlə yanaşı atan, anan da indi yolunu gözləyir.

- Atam yoxdur, anam məni tək böyüdüb. Amma düzü, anam barədə düşünmək belə istəmirəm.

- Niyə ki?

- Çünki o düzgün yol seçməyib. Qadın olsa belə, hərəkatçı olub, qatı millətçidir. Müasir erməni gəncini türkə düşmən ruhunda böyüdürlər böyüklərimiz. Onların bu yanlış tərbiyəsi olmasaydı, nə itimiz azmışdı indi bu Azərbaycan torpağında?

- Bəs onda gəlməzdin də. - Turan maraqla dinlədiyi kimi, maraqla da soruşdu: - İnsana ki bir işin nahaq olduğu gün kimi aydın olur, onun bu işi görməsinə nə lüzum? Zorla göndərsələr belə yenə bir vasitə ilə altından çıxa bilərdin.

- Nə edim, belə alındı.

- Bəs sən bilmirdin, özgə torpağa niyə gəlmisən? Bu torpağın sahiblərini öldürməyə gəlmişdin də!

Qagik lap həyəcanlandı, dili dolaşa-dolaşa inkara girişdi:

- İnanın ki, biz Yerevandan bu beş nəfərlə birlikdə gəlmişik. Beşimizi də buraya məcburi gətiriblər. Bu iki nəfər Artaşatdandır, biz üç nəfər Yerevandan. Sizin əsgərlərə biz güllə atmamışıq.

- Axı sizin bunkerdən bizə qarşı döyüşənlər vardı. - Bunu kənarda dayanmış Atəş dedi.

- Doğrudur, vardı, amma onlar bizdən deyildi. Komandir livanlı idi, digərləri də yaşlı adamlar idi. Biz heç onları tanımırıq.

- Hə, tanımırdız, ancaq bir yerdə idiniz, bir taqımda - bunu da Turan dedi.

- Bəli, cismən bir yerdə olsaq da, mənən ayrı idik, biz bax o yerdə leşi qalan komandirin çıxıb döyüşmək əmrinə tabe olmadıq, bunkerdə qaldıq.

Artaşatlı əsgər həyəcanla Qagikin dizinə vurdu ki, nə danışdıqlarından xəbərdar olsun. Qagik tələsik danışıqlarının məğzini əsgər yoldaşlarına başa saldı, sonra da onlardan birinin sualını Turana ünvanladı:

- Samvel soruşur, yəqin sizi də müharibəyə məcbur gətiriblər, eləmi?

Bu söz bayaqdan olduqca səbirli görünən, səbirli davranan Turanı əsəbiləşdirdi. Dodağını qəzəblə çeynədi. Onsuz da soyuqdan göyərmiş dodaqları bir az da göyərdi, sifəti bir az da artıq qaraldı.

- Məcbur gətiriblər, bəli, amma bizimkilər yox, siz! Bizi siz məcbur gətiribsiz bura! Mən Dənizçilik Akademiyasını qurtarmışam. Öz işimin arxasınca getməliydim. İt kimi gəlib doluşmusuz bizim torpaqlara. Nə istəyirsiz bizim yerlərdən?

Turan bunu dedi və hirslə ayağa qalxdı.

Qagik özünü lənətlədi. Heç sözünün yerini bilmir. Vacibmi idi bu köpəkoğlu Samvelin sualını təkrarlasın? Elə əvvəldən bilməyib sözünü-sovunu, əvvəldən dünyanın işlərindən baş açmayıb. Əgər baş açsaydı, heç Yerevanda qalmazdı. Çoxdan arvadını da götürüb Rusiyaya, Kanadaya, Amerikaya, nə bilim, hansı xarabaya çıxıb gedərdi. Təki anası kimilərin fitnə-fəsadına uyub işğala girişən ermənilərin yanında qalmazdı.

Əsgər yoldaşına verdiyi suala görə acıqlandı, dedi, sənin bu axmaq sualın bizim axırımıza çıxacaq.

...Qagik sonlarının çatdığını düşünürdü. Bomboz düzənlikdə, tam yiyəsizlikdə, dişinə kimi silahlanmış iki düşmənin əlinin altında. Harda ədalət axtarırdı, burdamı? Küllərini göyə sovurarlar, uf da deməzlər, bir kimsə də çınqırını çıxarmaz. Və bu düşündükləri onu daxilən didib-sökürdü. Bayaq qəlbinə bir az ümid işığı dolmuşdu. İndi o ümid işığını da özünün yersiz sualıyla üfürüb söndürmüşdü.

Turan əmr elədi:

- Qalxın və qabağa düşüb yeriyin!

Demək, yüz faiz öldürəcəklər!

Qagik də, digər erməni əsgərləri də əmrə əsasən əllərini arxada qoşalayıb sıraya düzüldülər və göstərilən istiqamətə ayaqlarını sürüyə-sürüyə yeridilər.

Qagikə elə gəlirdi ki, onun ayağının altındakı özgə torpağından od qalxır. Bu od onu aşadığan-yuxarıya yandıra-yandıra gəlirdi sanki.

Onlar çox inamsız yeriyirdilər. Dizlərində sanki təpər qalmamışdı. İndicə arxadan avtomat atəşləri açılacağını, işıqlı dünyaya işgəncə ala-ala, ağrıdan qovrula-qovrula gedəcəklərini zənn edirdilər. Bir-birindən xəbərsiz bu an beşinin də beynində eyni sözlər cövlan edirdi. "Axı bizim özgə torpaqda nə işimiz var idi” peşmançılığı ilə beşi də üzülürdü.

Buludun arxasından çıxan günəş ətrafı bir az da işıqlandırdı. Təpəni aşdılar, qarşılarında əsgərlər, hərbi maşınlar, yük avtomobilləri ilə dolu olan bir mənzərə açıldı, az sonra birmərtəbəli ağ tikiliyə - hərbi qərargaha yetişdilər.

Turan onları qarşılayan növbətçi ilə görüşüb komandırın gəlişini gözlədi, orta yaşlı komandir şax yerişlə yaxınlaşanda ona raport verdi:

- Cənab komandir, əməliyyat uğurla başa çatdırıldı! Düşməndən qənimət olaraq beş avtomat silah alındı, beş düşmən əsgəri əsir götürüldü.

Qagik titrək səslə, tam ümidsiz halda paqonlarında iki iri səkkizguşəli ulduz parıldayan komandir səmtə baxıb yazıq-yazıq söylədi:

- Cənab komandir, xahiş edirəm, bizi alçaltmayın, işgəncə verməyin. Dərhal güllələyin. Düzdür, ölüm onsuz da ölümdür. Ancaq öldürən üçün fərq etməsə də, ölən üçün necə ölməyinin fərqi böyükdür...

Komandir azərbaycanca danışan, danışığında da kifayət qədər məntiq duyulan erməni əsgərə maraqla nəzər yetirib söylədi:

- Biz erməni deyilik, biz azərbaycanlıyıq. Biz kişi kimi müharibə aparırıq. Köməksiz əsirə işgəncə vermək, onu öldürmək bizə yaraşmaz. Bu, sizin xislətinizə xas olan şeylərdir. Beynəlxalq konvensiyalar var, sizin taleyiniz onlara uyğun həll olunacaq.

Qagik yuxumu görürdü? Bəlkə qulaqları onu aldatmışdı? Bu nə gözəl xalqdır! Torpağına soxulmuş yadelli qəsbkarlara qarşı necə humanistcəsinə davranır bu xalq.

Ani olaraq hönkürdü. Qırıq-qırıq cümlələrlə əsgər yoldaşlarına komandirin sözlərini tərcümə elədi, ardınca onlara "Bizi öldürməyəcəklər, işgəncə də verməyəcəklər” gözaydınlığını verdi.

Hardansa uzaqlardan qulağına körpə qığıltısı gəldi. Xəyalən körpəsini qucaqladı, öpdü. Onun qulağına pıçıldadı ki, sənin atana öz erməniləriniz ölüm hökmü çıxarmışdılar, amma azərbaycanlılar bu hökmü ləğv edib ona bəraət verdilər.

Bir qədər keçmiş komandır tapşırıq verdi, Qagikgili kazarma otaqlarından birinə gətirdilər. Turan onları növbətçiyə təhvil verib getmək istəyəndə növbətçinin gözü sırada birinci dayanmış Qagikin palçığa bulaşmış çəkmələrinə sataşdı. Növbətçi gileyləndi ki, bunları bu vəziyyətdə niyə gətirib içəri salmısan, hər yeri batırırlar axı.

Qagik pörtdü, qulaqlarının dibinəcən qızardığını hiss etdi.

Başqalarının torpaqlarına soxulmağın, bu torpağı batırmağın verdiyi xəcalət çox ağır xəcalət idi.

https://www.azerbaijan-news.az/view-205708/ozge-torpaginda-cirkli-cekmelerle