“Bu gün Qarabağda əsgərlərimizlə bərabər ədəbiyyatımız da döyüşür”

Azərbaycan xalqı, Milli Ordumuz Qarabağ cəbhəsində torpaqlarımızı azad etmək naminə şərəf və ləyaqət mübarizəsi aparır. Belə çətin və taleyüklü məqamda əksər şair və yazıçılarımız media və sosial şəbəkələr vasitəsilə əsgər və zabitlərimizi qələbəyə səsləyirlər. Ağlı, qəlbi, düşüncəsi ilə Qarabağla daim bağlı olan tanınmış yazıçı-dramaturq Hüseynbala Mirələmovla gənclərdə vətənpərvərlik ruhunun daha da gücləndirilməsinin vacibliyi barədə söhbət etdik.

– Hüseynbala müəllim, bu günlərdə hansı hissləri yaşayırsınız?

– Bu gün hər bir qeyrətli Azərbaycan vətəndaşı və ziyalısı kimi, mən də həyatımın ən həyəcanlı və şərəfli günlərini yaşayıram. Xalqımızın mərd, igid oğulları torpaqlarımızı yağı düşməndən azad etmək naminə canlarından keçirlər. Belə qəhrəman bir xalqın övladı və yazıçısı olduğumdan sonsuz qürur və fərəh duyuram.

Düşünürəm ki, indi cəbhədə əsgərlərimizin qeyri-adi şücaətlər göstərməsində Azərbaycan ədəbiyyatının da payı vardır. Bu mənada cəsarətlə demək olar ki, indi Qarabağ cəbhəsində əsgərlərimizlə bərabər Azərbaycan ədəbiyyatı da döyüşür.

– Sizcə, ədəbiyyatımızın, hər bir bədii qələm əhlinin indi əsas vəzifəsi nədir?

– Ədəbiyyatımız insanlarda Böyük Qələbəmizə sarsılmaz inam hissini daha da gücləndirməyə çalışmalıdır. Bu, hər bir şair və yazıçının müqəddəs borcudur.

Azərbaycan xalqının “müsəlləh əsgər”ə çevrilərək, Qarabağda tezliklə böyük zəfər əldə edəcəyinə bütün varlığımla inanıram. Mehdiləri, Həziləri, Mübarizləri olan xalqın qisası qiyamətə qala bilməz. “Xəcalət”i, “Ləyaqət”i, “Güllələnmiş heykəllərin fəryadı” və digər əsərlərimi məhz bu niyyətlə qələmə almışam.

– Tanınmış tənqidçi, professor Nizaməddin Şəmsizadə qeyd edib ki, siz Azərbaycan ədəbiyyatında Qarabağın ağrı-acılarını, bu dərdin bədii obrazını ədəbiyyatımıza gətirən yazıçıların ilk cərgələrindəsiniz...

– Professora dərin təşəkkürümü bildirir və ona Allahdan şəfa diləyirəm. O ki qaldı, sualını­zın cavabına, əlimi ürəyimin başına qoyub tam səmimiyyətlə deyirəm: Mən Qarabağın yaralanmış çiçəyindən tutmuş və doğma yurdlarından didərgin düşmüş köçkünlərin dərdlərini var gücümlə qələmə almağa çalışmışam və bundan sonra da bunu edəcəyəm.

Bu mövzuda yazdığım böyük-kiçikli bütün əsərlər, o cümlədən “Missiya”, “Güllələnmiş heykəllər”, “Durnalar qayıtdı”, “Son arzu”, “Tənha durna uçuşu”, “Simuzər”, “Qiblə”, “Gəlinlik paltarı”, “Bir gecənin sehri” və başqa povest və hekayələrim barədə oxuculardan hər dəfə müsbət rəy eşidəndə çox sevinirəm.

– Hüseynbala müəllim, sizcə Vətən sevgisi nədən qaynaqlanır?

– Vətən sevgisi əxlaqın gözəlliyindən xəbər verir. Vətən mərd və çalışqan insanların çiynində yüksəlir. Bu mövzuda həvəslə yazıram və bundan zövq alıram.

“Qarabağ Azərbaycandır və nida!” Bunu Ali Baş Komandan İlham Əliyev deyib! Qarabağı Azərbaycandan heç bir qüvvə qopara bilməz! Ən yaxın günlərdə Azərbaycan bayrağı Xankəndidə, Şuşada dalğalanacaq.

– Ənənəvi sual: İndi ən böyük arzunuz nədir?

– Gözəl Şuşanı düşməndən azad edəcək qəhrəmanların bədii obrazlarını yaratmaq arzu­sundayam. Şuşanın azad olunması ilə bağlı xəbəri böyük səbirsizliklə gözləyirəm. Necə deyirlər, gözüm yolda, qulağım səsdədir.

– Arzunuz çin olsun! Bu, bütün xalqımızın arzusudur!

– İnşallah! Hər şey yaxşı olacaq!

 

Söhbəti qələmə aldı: Məsaim ABDULLAYEV, “Xalq qəzeti”