BƏŞƏRİYYƏTƏ SÜLH YARAŞIR

 

Təyyarə ağappaq bəyaz səmada süzürdü. Düşüncələrimə qapılıb, illüminatordan aşağı baxırdım. Hamar və şəffaf bulud dənizi sanki səhərin alatoranında mürgüləyirdi. Yuxulu nəhayətsiz ağ bulud ümmanı necə də sakit, necə də gözəl idi... Bir az keçməmiş günəş doğdu. Səmanın lap qurtaracağında ağ bulud dənizinin köksü birdən-birə sanki al qana boyandı. Aydın və sakit səmanın dincliyi bir anda yox oldu. Səma həyəcanlandı. Səma titrədi. Bu həyəcan mənə də sirayət etdi. İçimdə bir narahatlıq yarandı. Axı nə üçün göz işlədikcə bitib-tükənməyən ağ, pak ümman sanki qanına qəltan oldu, bağrı al qana boyandı?! Qan... qan ...

 Bir neçə dəqiqə bundan qabaq bütün Qafqazın şeyxi Allahşkür Paşazadə ilə söhbətimi yada saldım. Əksər müsəlman ölkələrində müharibələr səngimir. Günahsız körpələr, qadınlar, gənclər qətlə yetrilir. Şəhərlər, kəndlər, qəsəbələr al qana boyanır. Qan su yerinə axır.... Hər şey bəlli oldu. Narahatçılığımın səbəbi də aydınlaşdı. Bağrı al qana boyanmış səma parçası mənə insan qanına boyanmış şəhərləri, kəndləri, qəsəbələri xatırladırmış...

 Elə səfərimizin də səbəbi bu idi. 9 mart 2014-cü ildə Birləşmiş Ərəb Əmirliklərində "Müsəlman Cəmiyyətlərində sülhün möhkəmləndirilməsi" mövzusunda keçiriləcək beynəlxalq konfransa uçurduq...

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə başda olmaqla nümayəndə heyətində mənimlə bərabər Milli Məclisin komitə sədrləri Rəbiyyət Aslanova, Hadi Rəcəbli və deputat Cavanşir Paşazadə, QMİ-nin sədr müavini Hacı Sabir və QMİ-nin Xarici Əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov təmsil olunurdular. Adətim üzrə səfəröncəsi gedəcəyim ölkə barədə gərəkli məlumatları öyrənirəm. Birləşmiş Ərəb Əmirliklərnin Fars körfəzi ölkələri içərisində digər mədəniyyət və inanclara qarşı dözüm nümayiş etdirən ən liberal və çoxmillətli ölkə olduğunu qaynaqlardan bilirdim. Demək, bu ölkənin "Müsəlman Cəmiyyətlərində sülhün təminatı" mövzusunda keçiriləcək konfransa ev sahibliyi etməsi heç də təsadüfi deyildi.

Çox çəkmədi ki, təyyarəmiz Əbu-Dabi hava limanına endi. Nümayəndə heyətini ölkəmizin BƏƏ-dəki səfiri Elxan Qəhrəman, Birləşmiş Ərəb Əmirlikləri Xarici İşlər Nazirliyinin dini məsələlər üzrə müşaviri və digər rəsmi şəxslər qarşıladılar.

Əbu-Dabi hava limanında qonaqlar üçün nəzərda tutulmuş hücrədə bizə çay süfrəsi açıldı. Tanışlıq və qısa söhbətdən sonra hava limanından Park Hyatt hotelinə yola düşdük. Dəniz sahilində yerləşən bu hotel əsl cənnətməkandır. Hava çox isti idi. Bakının küləkli, soyuq mart havasından Əbu-Dabinin 32 dərəcəlik əsl yayı xatırladan isti iqliminə düşmüşdük. İl boyu burada günəşli hava hökm sürür. Yay fəslində isə deyilənə görə, burada temperatur 40-45 dərəcəyə çatır. Hotelin geniş eyvanından paytaxtın panoramına tamaşa edirik.

***

Birləşmiş Ərəb Əmirlikləri bir dövlət kimi elan olunmamışdan əvvəl bugünkü Əbu-Dabi şəhəri ayrıca ada idi. Əbu-Dabi bu dövlətin paytaxtı seçildikdən sonra şəhərə rahat yol açmaq üçün körpü salınıb. Əbu-Dabi əvvəllər kiçik bir ada olmasına baxmayaraq, sonradan burada genişlənmə və abadlaşdırma işləri aparılıb. Dənizə torpaq tökərək süni yolla şəhərin ətrafı genişləndirilib. Əbu-Dabi ölkədə ən böyük əmirlik sayılır və ölkədə olan neft ehtiyatının təxminən 85-90 faizi bu əmirliyin payına düşür. Əbu-Dabi əmirliyi neftdən gələn gəliri bütün əmirliklər arasında paylayır və ümumi olaraq dövlət işlərinə xərcləyir.

Onu da qeyd edim ki, Əbu-Dabi ərəbcədən tərcümədə "ata cüyü" mənasını verir. 25-30 il  əvvəl səhranın ortasında daxmalardan və çadırlardan ibarət olan kiçicik şəhər bu gün hökümət evləri və hündür yaşayış binaları ilə doludur. Şəhərdə tikilən binaların sayı-hesabı yoxdur. Çoxmərtəbəli binalar, yaşıl parklar və xiyabanlar şəhərə ayrı gözəllik verir. Hər küçədə ən azı bir məscidin olması buna başqa bir gözəllik verir. Bəzi küçələrdə hətta 5 məscid var. Hündür binaların arasında olan məscidlər ölkənin həqiqətən müsəlman inanclı olmasını bildirir və onun islami formasını saxlayır. Şeyx Zahid Məscidi hər gün turistlərin üzünə açıqdır. Abadlaşdırma və tikinti işləri bu günə qədər də davam edir. Beləki, dənizin (bulvar) sahili daha da genişlənir və şəhərin bir tərəfi dənizin ortasına kimi uzanır. Sahildə yerləşən Emirates Palace hoteli şəhərin hüsnünə xüsusi gözəllik verir. Bu gün tarixi və müasir ərazilərə malik olan Əbu-Dabini haqlı olaraq xəyallar şəhəri adlandırırlar.

Əbu-Dabi Birləşmiş Ərəb Əmirliklərinin tərkibində olan 7 əmirlikdən biridir. Ölkə ərazisinin 93 faizi Əbu-Dabi və Dubay əmirliklərinin payına düşür. Yer üzünün füsunkar, izdihamlı şəhərləri arasında Əbu-Dabi də, Dubay da cazibədarlığı, ehtişamı, göydələnləri ilə fərqlənən şəhərlər zümrəsinə daxildir.

Əbu Dabi dünyanın coxmillətli şəhərlərindən biridir.

Sahəsinə (83,6 min kv. km-dir), əhalisinin sayına (8,3 milyon nəfər), təbii ehtiyatlarına (neft, təbii qaz), hətta saat qurşağına görə Azərbaycanla oxşar olan Birləşmiş Ərəb Əmirlikləri 1971-ci ilin 2 dekabr tarixində Birləşmiş Krallığın əsarətindən qurtularaq müstəqillik əldə edib.

Mənbələrdən o da məlumdur ki, ötən əsrin 50-ci illərinə qədər neft yataqları kəşf olunanadək bu ölkənin iqtisadiyyatında əsas sahələr balıqçılıq və mirvari hasilatı olub. 1962-ci ildən əmirliklərdən ilk olaraq Əbu-Dabi neft ixrac etməyə başlayanda ölkə və onun iqtisadiyyatı tanınmayacaq dərəcədə dəyişilib. Birləşmiş Ərəb Əmirliyi yaradıldığı gündən onun ilk prezidenti, Əbu-Dabinin mərhum hakimi şeyx Zayed neft sənayesi potensialına ciddi qayğı göstərib və neft ixracından gələn gəliri səhiyyəyə, təhsilə və milli infrastrukturun inkişafına yatıraraq bütün əmirliklərin inkişafını təmin etmişdi. "Millətin atası" kimi ad qazanmış Şeyx Zayed bin Sultan-əl Nəhyan güclü lider və federasiya ideyası tərəfdarı idi. 2004-cü ilin noyabr ayında 86 yaşlı Şeyx Zayidin vəfatından sonra oğlu şeyx Xəlifə bin, Zayed ölkənin Federal Şurasında prezident postuna təyin olunmuşdu.

1969-cu ildən Əbu-Dabinin şahzadəsi olan Şeyx Xəlifə də Qərb islahatçısı kimi reputasiyaya malik dövlət xadimidir.

Onu da qeyd edim ki, ölkədə Ali qanunverici orqan prezident yanında 40 nəfərdən ibarət Məsləhətverici Milli Şuradır. Ali icraedici orqan Dubay əmirinin rəhbərlik etdiyi Nazirlər Kabinetidir. Ölkədə siyasi partiyaların və həmkarlar təşkilatının fəaliyyəti qadağan olunub. Fars körfəzi regionunda olan ölkələr arasında Birləşmiş Ərəb Əmirlikləri seçkili hakimiyyət orqanı olmayan yeganə dövlətdir.

Ərəb Əmirlikləri Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub (1991-ci il 26 dekabr) və 1992-ci ilin sentyabrdan iki ölkə arasında diplomatik əlaqələr qurulmuşdur.

***

Beynəlxalq konfrans martın 9-da saat 11-də "Sant Reqis" hotelində işinə başladı. Konfransda dünyanın ən nüfuzlu müsəlman dövlətlərindən nümayəndələr iştirak edirdi. Onun təşkilatçısı və himayədarı Birləşmiş Ərəb Əmirliyinin xarici işlər naziri Şeyx Abdullah bin Zayed Al-Nəhyan idi. Konfransı giriş sözü ilə də məhz o açdı. Çıxışında müsəlman dövlətlərində baş verən ədalətsiz müharibələrdən söz açdı və qeyd etdi ki, indiki çağda müsəlman birliyi çox vacib məsələlərdən biridir. Sonra müsəlman ölkələrindəki qanlı-qadalı münaqişələrin epizodik kadrları göstərildi. O dəhşətli kadrları seyr etdikcə hər birimizin ürəyi ağrıyırdı.

İslam dünyasının illərlə qanayan yarası olan Fələstində, İraqda, Suriyada, Əfqanıstanda müsəlmanların böyük əksəriyyəti əzilir, hər gün yadelli əsgərlərin və ya araqızışdıranların hücumuna məruz qalırlar, bu ölkələrdə vətəndaş müharibələri, qarşıdurmalar, aclıq və insan haqlarının tapdanması ən yuxarı səviyyədə baş verir. Xalqın böyük qismi yurd-yuvasından çıxmağa məcbur edilir, məcburi köçə etiraz edənlər isə şəhid edilirlər. Qadınların təcavüzə məruz qaldığı, məscidlərin talan edildiyi, müsəlmanların evlərinə, tarlalarına hücum edilərək əziyyət gördüyü bu ölkələrdə şəhid edilənlərin sayı yüz mini ötüb keçir. Bu ölkələrdəki son vəziyyəti əks etdirən kadrlar müsəlman dünyasının başına gələn dəhşəti nümayiş etdirir. Bombaların, güllələrin yağışı altında fəryad edən müsəlman uşaqlarını, analarını, qanı tökülən cavanlarını, dağıdılan şəhər və kəndlərini görəndə yadıma ingilis filosofu Bertran Rasselin bir fikri düşdü: "Müharibə kimin haqlı olduğunu yox, kimin sağ qalacağını müəyyən edir"

Həmkarım və səfər yoldaşım, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, fəlsəfə elmləri doktoru professor Rəbiyyət Aslanovanın təbirincə desək, sülh ənənəyə çevrilməyibsə deməli, bəşəriyyətin dinc gələcəyi haqda düşünməyə dəyməz. Əgər hətta XXI əsrdə bir dövlət başqa dövlətin ərazisini işğal altında saxlayırsa, deməli sülh haqqında danışılanlar hələlik yalnız söz olaraq qalmaqdadır.

Tədqiqatçıların hesablamalarına görə 1945-ci ildən üzü bəri planetdə cəmi 26 dinc gün mövcud olmuşdur. İndiyə qədər bəşəriyyətdə 14000 müharibə olmuş və bu müharibələrdə 3,5 milyard insan öldurulmuşdur. Əlil olanların, yaralananların, mülkiyyətə vurulan ziyanın həddi-hüdudu yoxdur. "Yalnız ölülər müharibələrin sonunu görüb" - bu fikri də Platon söyləyib. Müasir dövrdə isə belə fikir yaranıb: Bəşəriyyət müharibələrə son qoymasa, müharibələr bəşəriyyətə son qoyacaqdır...

***

Sonra konfransa dəvət olunmuş müsəlman dünyasının çox adlı-sanlı elm və din xadimləri maraqlı çıxışlar etdilər.

Konfransda çıxış edən bir filosofun fikri indiyənədək qulaqlarımda səslənir: "Biz müharibə naminə müharibə yox, sülh naminə müharibə aparmalıyıq!" Çox gözəl, məntiqli və düşündürücü fikir idi.

Mən istərdim bu fikri  bəşəriyyət özünə baş şüar etsin!

Şeyxülislam Allahşükür Paşazadə konfransda "Müsəlman cəmiyyətlərində sülhün möhkəmləndirilməsi" mövzusunda çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını və xoş arzularını Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Xəlifə bin Zayed Al-Nəhyan həzrətlərinə və konfrans iştirakçılarına çatdırdı. Şeyx hər zaman olduğu kimi, bu gün də sülh və İslam həmrəyliyinin olduqca vacibliyini önə çəkərək bildirdi ki, "Ümmətdaxili ixtilaflar nəticəsində İraqda, habelə Əfqanıstan, Livan, Suriya və Fələstində illərdən bəri qırğınlar davam edir ki, nəticədə müsəlman ümməti əziyyət çəkir. Bu faciəli hadisələr bizi hədsiz narahat edir. Təmsil etdiyim Azərbaycanın müsəlmanları da erməni işğalçılarının təcavüzünə məruz qalıb, ölkə ərazisinin 20 faizi, əzəli torpağımız olan Qarabağ işğal olunub və azərbaycanlılara qarşı təcavüz, o cümlədən Xocalı şəhərində soyqırımı törədilib. Ölkəmiz təcavüzə məruz qaldığı dövrdə qardaş müsəlman ölkələri, bəzi beynəlxalq islam təşkilatları bizimlə həmrəylik nümayiş etdirib və haqq işimizi müdafiə ediblər. Azərbaycan xalqı dövlətimizin ərazi bütövlüyünü tanıyan, Azərbaycan həqiqətlərinin dünyaya yayılması işində bizlərə dəstək nümayiş etdirən qardaşlarımızın səylərini təqdir edir və buna görə dərin minnətdarlığımızı bildiririk. Dövlət rəhbərlərimiz, İslam alimləri, o cümlədən konfransda iştirak edən üləmalar müsəlman cəmiyyətlərində sülhün qorunub saxlanması yönündə dəyərli əməl və səy nümayiş etdirirlər..".

Konfrans işini başa çatdırsa da, iştirakçıların sanki ürəkləri dolu idi. Bir-biri ilə tanış olur, qızğın söhbətlərini davam etdirirdilər.

***

...O gün bütün gecəni konfransda eşitdiyim fikirlərin təsiri ilə yaşadım. Düşünürdüm ki, İlahi, bu gün məlum dairələrin, dövlətlərin İslama vurduqları ekstremist damğası gör necə də ədalətsizliyin, eybəcərliyin, yalanın bariz nümunəsidir!.. Mayasını müqəddəs Qurani-Kərimdən götürmüş din alimlərinin konfransdakı çıxışlarındakı xeyirxahlıq, sülhsevərlik, ədalət prinsipləri, əmin-amanlıq arzuları heç cür ekstremizmlə bir araya sığımır.

Bu qondarma damğanı İslama zorla vurmaq istəyənlərin vicdanları, əqidələri görən varmı?

Dünyanın tərəqqipərvər ictimaiyyəti yaxşı bilir ki, bəzi İslam ölkələrində inkişafın gedişatını zəiflətməyin mümkün olmadığını gördükdə Qərb dünyasının araqızışdıranları müsəlmanları qarşı-qarşıya gətirmək üçün əlindən gələni edirlər. Bu mənada din qardaşları arasında münaqişə yaratmaq üçün təriqətlərin fərqindən də alət kimi istifadə edirlər...

Bunların qarşısının alınmasında islam birliyi və islam dünyasında sülhün rolu danılmazdır.

Ertəsi gün proqram çərçivəsində Azərbaycanı təmsil edən nümayəndə heyətini böyük yaxta ilə ərəblərin təbirincə desək, Ərəb körfəzinə, farsların təbrincə desək, Fars körfəzinə dəniz gəzintisinə dəvət etdilər.

...Hava çox gözəl, işıqlı və nurlu idi. Körfəzin xəfif, qırçın dalğaları yaxtanın gövdəsinə dəydikcə ətrafa çilənən damlaların pıçıltısı insana xoş ovqat gətirən, xeyirxahlıqdan, SÜLHdən bəhs edən bir musiqinin ahəngdar və titrək səsini xatırladırdı. Bakının mart soyuğundan əsl yaya düşən bizlər günəşin yandırıcı şüaları altında xumarlanırdıq.

Körfəzin yaratdığı xoş ovqat bizi düşüncələrə qərq etmişdi. Mənə elə gəlir, hər kəs öz aləmində belə düşünürdü: Görəsən, insan talelərini qayçılayan gücün, ədalətsizliyin ZORu nə vaxt bitəcək?!

Müharibəni sevən insanlar varmı görəsən? Rəngindən, irqindən, dinindən asılı olmayaraq millətlər, insan övladı nə vaxt bərabər, sülh şəraitində yaşayacaq?!

Özümü bu düşüncələr aləmində saxlaya bilməyib sükutu pozdum. Şeyx həzrətlərinə düşündüklərimi sual şəklində də verdim.

Şeyx fikrə daldı. Uzun fasilədən sonra dedi:

- Əbədi sülh ideyasının dünya qədər yaşı var. Qurani-Kərimdə Allah-Təala bizə buyurur: "Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə gəlin! Şeytanın yolu ilə getməyin, çünki o sizin aşkar düşməninizdir".

Müharibələr bəzən hegemon dövlətlər tərəfindən süni olaraq yaradılır və davam etdirilir. Hər hansı belə ölkənin müharibəyə bir ayda xərclədiyi məbləğlə bütün dünyada aclıq probleminə son qoymaq olar.

İslamdakı məşhur "Əssəlamu-əl-leyküm" kəlamı tərcümədə "Qoy evinizdə sülh olsun" deməkdir.

İslam sülh dinidir. Sülh İslamın cövhərindədir. Bu gün sülhə çağırış Əbu-Dabidən - mötəbər tədbirimizdən səslənirdi. Dünyamızın çağdaş durumunda iqtisadi, siyasi, mənəvi sahələrdə yaşanan çoxsaylı problemlər fonunda sülhün təmini olduqca mühümdür. Əminəm ki, inşallah, müsəlman ümməti böyük sınaqların öhdəsindən layiqincə gələcək, məmləkətlərimizdə və ümumən İslam dünyasında sülh və istiqlal bərqərar olacaqdır.

İslam cəmiyyətlərində sülhə, birliyə və həmrəyliyə nail olmaq yollarından biri də cəmiyyət daxilində birliyin bərqərar olmasıdır. Sülhün təmini, birlik və həmrəyliyimizin qorunub saxlanması və möhkəmlənməsində biz - din xadimləri, alim və mütəfəkkirlərin də üzərinə böyük vəzifələr düşür. Bu da bir həqiqətdir ki, belə bir ümumi vəhdət və həmrəyliyə, multikulturalizmin bərqərarına, son nəticədə, sülh və əmin-amanlığa möhtərəm dövlət rəhbərlərimizin dəstəyi olmadan çatmaq çox çətindir.

 Körfəz sularında yaxta ilə səfərimiz unudulmaz xatirələrlə başa çatdı... Bu anları əbədiləşdirən şəkillər çəkdirdik. Müsəlman dünyasını elə rəmzləri var ki, musiqidə, nəğmədə, azan sədasında təcəssüm olunur. Qulaq asdığımız ərəb mahnıları isə bizə islam dininə etiqad edənlərin əzəmətini, böyüklüyünü, xeyirxahlığını, sülhpərvərliyini, dözümlülüyünü, ürək yanğısını izhar edirdi.

Sanki bu musiqilər, nəğmələr dünyanın kədərindən, nisgilindən soraq verirdi.

***

Martın 9-u axşam saat 8-də BƏƏ-nin İslam işləri və vəqflər üzrə Baş Komitəsinin sədri Hamdan Al-Mazrui bizi evində qəbul etdi. Bizdən başqa bura konfransda iştirak edən başqa xüsusi qonaqlar da dəvət olunmuşdu. Onu da qeyd edim ki, Əbu-Dabidə olduğumuz 2 gün ərzində Şeyxülislam Allahşükür Paşazadə Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx Abdullah bin Zayed Al Nəhyan, BƏƏ Prezidentinin Şəriət və Hüquq Məsələləri üzrə müşaviri Seyyid Əli əl-Haşimi, BƏƏ -nin Vəqflər və İslami işlər üzrə Baş Komitəsinin sədri Hamdan Al-Mazrui, İSESCO-nun baş katibi Abduləziz Osman Altvaicri, Mərakeşin Vəqflər və İslami işlər naziri Əhməd Tofiq, Küveyt dövlətinin vəqflər və İslam işləri üzrə nazirinin birinci müavini Adil Əl-Fəlah, həmçinin bir sıra islam ölkələrinin müftiləri və alimləri ilə görüşlər keçirdi.

Məclisdə ilk olaraq Şeyxülislam Allahşükür Paşazadəyə söz verildi.

Şeyx qonaqpərvərliyinə görə ev sahibinə dərin minnətdarlığını bildirdi. Sonra Azərbaycandakı tolerantlıqdan və Qarabağ problemindən ətraflı söz açdı. Qeyd etdi ki, Azərbaycanda tolerantlıq sahəsində anlaşma və birlik hökm sürür ki, bu da xalqımızın ümummilli lideri Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində mümkün olmuşdur. Allaha çox şükürlər olsun ki, dini-mənəvi dəyərlərə diqqət və qayğı istiqamətində bu siyasət möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Uca və Qadir Allahdan arzu edərdim ki, belə ənənəni, sülh və əmin-amanlığı bütün islamcəmiyyətlərində bərqərar etsin! Amin!

Məclisdə deputat həmkarlarım Hadi Rəcəbli və Rəbiyyət Aslanova da çıxış etdilər. Rəbiyyət xanım qeyd etdi ki, "Xalqımız dünyanın ən sülhsevər xalqı kimi 20 ildən çoxdur ki, Qarabaq münaqişənin sülh yolu ilə həllini özünə seçim edib".

...Çıxış edənlərin hər biri tez-tez Bakıda olduqlarından bəhs etdilər. Bakıya rəsmi və işgüzar səfərlərindən, ölkə Prezidenti cənab İlham Əliyevlə və UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ilə görüşlərindən, paytaxtımızın gözəlliyindən söz açdılar. Məclis gecə saat 12-dən davam etdi.

***

Martın 10-da şəhər mərkəzindən 30 dəqiqəlik məsafədə yerləşən Əbu-Dabi hava limanına yola düşdük, saat 11-də bu möhtəşəm hava limanından təyyərəmiz göyə şığıdı və Günəşin parlaq ziyası altında Bakıya üz tutdu.

Təyyarədə də söhbət konfransdan, konfrans iştirakçılarının SÜLH barədə etdikləri ağıllı və müdrik çıxışlarından gedirdi.

Şeyx həzrətlərinin söhbətində yenə də ana mövzu Qarabağ idi, qaçqın-köçkün həmvətənlərimizin iztirabı idiE Danışdıqca amansız, təzadlı dünyanın fəlakətləri içində doğma Qarabağımızın faciəsi göz önündə canlanırdı.

Məkr, hiylə, siyasət adı ilə pərdələnmiş müxənnətlik dünyasında öz haqqını tələb edən XALQımızın, YURDumuzun timsalında cəmi müsəlman dünyasında dağıdılan müqəddəs səcdəgahlara, mədəniyyət abidələrinə, güllələnmiş heykəllərin fəryadına, doğma ocaqlarından qaçqın düşən insanlarin taleyinə dünya birliyinin laqeydliyini qınayır və onları məzəmmət edirdik...

...İllüminatordan aşağı baxıram. Səma təmiz, pak, buludsuz.... Səma həyəcansız... Səmaya sakitlik necə də yaraşırdı!

 Bəşəriyyətə sülh yaraşan kimi...

 

Hüseynbala MİRƏLƏMOV,

Milli Məclisin deputatı, yazıçı-dramaturq

Azərbaycan.-2014.- 1 aprel.