Azərbaycan dünyanın diqqət mərkəzindədir — hər uğurumuz, zəfərimiz diqqətlə öyrənilir, tədqiq olunur, istinad edilir…

Azərbaycan dünyaya nümunə göstərir — ən səmərəli iqtisadi inkişaf modeli yaratmaqla, tolerantlığın və multikultiralizmin ən mükəmməl örnəyinə sahib olmaqla, sivilizsiyalararası dialoqun uğurlu məkanına çevrilməklə, dünyanın yeni enerji xəritəsini müəyyənləşdirməklə…

Ən əsası odur ki, bu nailiyyətlərimiz indi dünyada tam etiraf edilir, artıq onu gizlətmək, danmaq da mümkün deyil. Və bu günlərdə dünyanın nüfuzlu «The Business Year» jurnalı tərəfindən Azərbaycana, azərbaycanlılara verilən mükafatları da mən məhz bu etirafın, heyranlığın növbəti təcəssümü kimi qəbul etdim. Baş ofisi Londonda yerləşən «The Business Year» dünyanın müxtəlif bölgələrini — Latın Amerikası, Asiya və Afrikanı əhatə edən geniş coğrafiyada sosial-iqtisadi prosesləri izləyən və öz nəşrində işıqlandıran tanınmış şirkətdir. Nəşr ayrı-ayrı ölkələrin sosial-iqtisadi durumu və inkişaf meyilləri, biznes və investisiya mühiti, aparıcı qurumları və digər məsələlər haqqında ildə 20-dən çox xüsusi buraxılış hazırlayır və bütün dünyada yayır. Şirkətin xüsusi buraxılışları dünyanın aparıcı biznes layihələrinin reallaşdırılmasına öz töhfəsini verir.

Şirkətin mükafatları sırasında biri xüsusilə əlamətdar və əlahiddə idi. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycanın ictimai, sosial və mədəni həyatında fəal iştirakına, cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, mədəniyyətimizin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, həmçinin ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə dünyada «İlin Birinci Xanımı» mükafatına layiq görüldü.

Bu mükafatda heç bir mübaliğə yoxdur. Təltif Mehriban xanımın halal haqqı, əməllərinin nəticəsi, fəaliyyətinin dəyərləndirilməsi idi…

«Lady» termininin yaranma tarixinin qədim ingilis dilinin hansı dövrünə aid olduğu bilinməsə də, «First Lady» — «Birinci Xanım» ifadəsinin ilk dəfə Amerika Birləşmiş Ştatlarında formalaşdığı yəqindir.

Bəzi ehtimallara görə, Amerika cəmiyyətində bu ifadə XIX əsrdən etibarən ümumiişlək vahidə çevrilib və tədricən bütün dünyaya yayılıb. Birinci xanımlar, əsasən, XIX əsrin əvvəllərindən ABŞ-ın ictimai-siyasi həyatında fəal rol almağa başladılar. Sıravi amerikalı belə düşünürdü ki, onun səs verib öz taleyini etibar etdiyi prezidentin şəxsi həyatının əsas hissəsi olan birinci xanımın mənəvi keyfiyyətləri, sosial maraqları, etiqadları prezidentə təsir göstərə bilər. Ona görə də seçki kampaniyalarında birinci xanımların ictimai obrazı önəmli bir amil kimi mütləq nəzərə alınırdı və elə indi də nəzərə alınır. Tədricən Qərbin aparıcı ölkələrinin siyasi həyatında zəngin ənənə yaradan birinci xanımların qatıldıqları siyasi-ictimai layihələr bu cəmiyyətlərdə qadın fəallığı ənənələrinin güclənməsinə, ölkə həyatında qadınların rolunun artmasına mühüm təsir göstərirdi.

Azərbaycanda qadın fəallığı və Birinci Xanım ənənələrinin tarixi keçmişi ilə bağlı ən parlaq başlanğıc Ana kitabımız olan «Kitabi-Dədə Qorqud»dakı qadın obrazlarında görünür.

Qorqudşünas alimlər dastanlarda, Oğuz elinin başçısı Qazan xanın zövcəsi Burla xatunu nəzərdə tutaraq işlənən «Boyu uzun Burla xatun» adındakı «boyu uzun» epitetinin işlənmə tezliyinə, istifadə qəlibinə diqqət yetirərək, belə qənaətə gəlirlər ki, bu, əslində, bədii ifadə vasitəsi deyil, Burla xatunun məhz Birinci Xanım statusuna dəlalət edən tituldur. Yəni Burla xatun adının qarşısında «boyu uzun» ifadəsinin ardıcıllıqla və sistemli şəkildə işlədilməsi təsadüfi səciyyə daşımır və mətndəki təsviri çalar Burla xatunun həm ailədəki, həm də cəmiyyətdəki mövqeyini kifayət qədər sərrast ifadə edir. Dastanlarda Qazan xanın ildə bir dəfə xanımının əlindən tutub el arasına çıxması, evindəki sərvəti başqalarına bağışlaması barədə öz əksini tapmış məqamlar da bu qənaəti yetərincə qüvvətləndirir.

Bu da göstərir ki, Azərbaycan xanımının öz nəcib əməlləri ilə birinci kimi önə çıxması nə bu günün, nə də dünənin hadisəsidir. Bu faktı zamanın qasırğalarından hifz etmiş milli yaddaşımız hətta keçmiş məfhumunun özündən də qədimdir. Bu yaddaş əsrlərcə Azərbaycanın indiki ərazisindən qat-qat geniş coğrafiyada böyük qəhrəmanlıqlar göstərmiş qadınlarımızın ucalığına şəhadət gətirir. Ana haqqını Tanrı haqqına çevirmiş epos təfəkkürümüzün doğulduğu zaman və məkandan soraq verir.

Bu, dünyada yaşayan bütün anaların ayaqlarının toxunduğu hər ovuc torpağı cənnətin bir parçası kimi öpüb gözləri üstünə qoyan insanların, yer üzündəki saysız-hesabsız etnoslar arasında ilk dəfə olaraq Vətənə Ana deyən, qadına Ev, Ailə, Namus və bütövlükdə Vətən kimi yanaşan qüdrətli bir xalqın yaddaşıdır…

Bu yaddaşda «Kitabi-Dədə Qorqud dastanları»nın qadın qəhrəmanları ilə bahəm, Tomris ana, Azərbaycan sözünün zirvəsində qərar tutan Məhsəti Gəncəvi, bəşər mədəniyyətini dünyaya gətirmiş qoca Şərqin ilk diplomat qadını Sara xatun ömür sürür… Hünər, ağıl və zəkaları ilə bütün nəsillərə örnək olası Türkan xatun, Tuti Bikə, Məhinbanu abidəsi ucalır…

***

Şərqdə ilk dəfə məhz Azərbaycanda qadınlara azad seçki hüququnun verilməsi, ulu öndər Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründə qadınların cəmiyyət həyatındakı roluna verilən böyük önəm, Azərbaycan qadınının ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda göstərdiyi qəhrəmanlıqlar, müstəqillik illərində Azərbaycan qadınlarının əldə etdikləri mühüm nailiyyətlər bu yaddaş kitabının şərəf səhifələri kimi bir-birini əvəz edir…

Sovet dövlət rəhbərlərinin xanımlarının qapalı həyatına rəğmən, bütün SSRİ məkanında məhz Azərbaycan rəhbərinin — ümummilli lider Heydər Əliyevin ömür-gün yoldaşı, akademik Zərifə xanım Əliyevanın ictimai fəaliyyətlə məşğul olması, yerinə yetirdiyi missiya ilə hələ sovet Azərbaycanında birinci xanım institutunun təməl ənənələrini formalaşdırması da bu tarixin təqdim etdiyi qürur dolu faktlardandır. Zərifə xanım Əliyeva, sovet idarəetmə sisteminin müəyyən etdiyi dəyişməz qaydalara əsasən, əlbəttə, rəsmi status etibarilə ölkənin Birinci Xanımı titulunu daşımırdı. Bununla belə, Zərifə Əliyeva əsl Azərbaycan qadınına xas ideal keyfiyyətləri öz şəxsiyyətində bir araya gətirməsi, ziyalılığı, elmi nailiyyətləri, ən əsası isə dünyaya və insanlara sevgisi ilə bu nüfuzu qazanmışdı.

Zərifə xanım Əliyeva bir sıra protokol tədbirlərində, səfərlərdə, görüşlərdə, qəbullarda dövrün qaydalarına uyğun olaraq, adətən, Heydər Əliyevin yanında görünməzdi. Amma mədəni-kütləvi tədbirlərdə, teatr tamaşalarında, konsertlərdə, elm, mədəniyyət, incəsənət təmsilçiləri ilə görüşlərdə cəmiyyət onları qoşa görməyə adət etmişdi. Belə mühitlərdə Heydər Əliyevin xarizması, əsl lider obrazı ilə Zərifə xanım Əliyevanın ana, alim, ziyalı şəxsiyyəti bir-birini tamamlayırdı.

O illərdə Zərifə xanımın birinci xanımlığı hər hansı protokol tələblərini çox-çox aşaraq birinci şəxslə elm adamları, birinci şəxslə mədəniyyət, incəsənət xadimləri, birinci şəxslə — sadə insanlar, küll halında isə birinci şəxslə xalq arasında körpüyə çevrilmişdi…

***

Mehriban xanımın özəlliyi budur ki, O, Zərifə xanımdan əxz etdiyi bu nəcib mənəvi mirası etibarlı, səmərəli və inamlı tərzdə davam etdirir. Azərbaycanın müstəqilliyi illərində, ölkəmizin ən qüdrətli dönəmində Azərbaycanda birinci xanımlıq ənənələrini formalaşdırır və bu ənənələri milli dövlətçilik irsimizə çevirir.

Bunun özü Mehriban xanım Əliyevanın üzərinə düşən tarixi missiyadır. Məlumdur ki, Azərbaycanın müstəqilliyinin ilk illərində yaşanan siyasi təlatümlər, müvəqqəti hakimiyyətlərin bir-birini əvəz etməsi, qısa müddətdə prezident vəzifəsini yerinə yetirən şəxslərin bu istiqamətə diqqət göstərmələrinə imkan yaratmamışdı. Müstəqilliyin ilk illərində Azərbaycanda Birinci Xanım institutunun formalaşması yönündə heç bir təşəbbüs özünü büruzə verməmişdi. Zərifə xanım Əliyevanın cismani yoxluğu, müstəqillik illərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən hüquqi dövlət, sivil, demokratik cəmiyyət quruculuğu prosesində də belə bir ənənənin formalaşmasını istisna etdi.

Mehriban Əliyevanın Azərbaycanın birinci xanımı kimi 2003-cü ilin oktyabrında keçirilmiş prezident seçkisinə hazırlıq kampaniyası dövründə başlanan tarixi missiyası isə Prezident İlham Əliyevin rəhbərliyi dönəmində Azərbaycanı gözləyən xoşbəxt gələcəyə doğru qapı açdı. Tanrının insana ziynət kimi əta etdiyi hissləri — sevgini, mərhəməti, humanizmi həyatımızın əsas dəyərlərinə çevirdi.

O öz missiyasının icrasına başlayanda Qərb cəmiyyətlərindən fərqli olaraq Azərbaycanda Birinci Xanım statusu daşıyan şəxsin davranış normaları, yerinə yetirməli olduğu vəzifələrlə bağlı istinad ediləsi sistemli qaydalar, komplekslər mövcud deyildi. Ümumiyyətlə, dünyanın heç bir yerində Birinci Xanım statusunda necə davranmağın qaydalarını öyrədən universitetlər, təhsil mərkəzləri yoxdur.

Mehriban xanım Əliyeva isə öz missiyası ilə bütün dünyada birinci xanımlığın mükəmməl nümunəsini, yeni meyarlarını yaradaraq göstərdi ki, ölkənin birinci xanımı statusunu daşıyan bir qadını öz statusuna hazır və layiq edən yeganə qüvvə insanın yer üzündəki məsuliyyətini dərk etməsi hissidir…

***

Azərbaycanın birinci xanımı kimi Mehriban Əliyevanın müəllifliyi ilə formalaşdırılan milli irs mühüm istiqamətləri özündə birləşdirir. Bunlardan biri də klassik Qərb ənənələrinə və bütün dünyada hamı tərəfindən qəbul edilmiş qaydalara uyğun olaraq ölkənin birinci xanımının Azərbaycan Prezidentini rəsmi səfərlər, görüşlər və digər bu kimi protokol tədbirləri zamanı müşayiət etməsidir.

2009-cu ildə «Bakı» jurnalına müsahibəsi zaman «Prezidenti və onun xanımını milyonlarla insan izləyir. Birinci xanım olmaq çətindir» sualına Mehriban xanım Əliyevanın cavabı belə olmuşdu: «Belə deyərdim: asan deyil. Ancaq burada açıqlıq elementi əsas rolu oynamır. Tədricən kameralara, sənə dikilmiş baxışlara öyrəşirsən. Bunu öz həyat atributun kimi qəbul edirsən. Ölkə Prezidentinin həyat yoldaşı olmaq məsuliyyətli, çətin işdir. Sən yalnız özünü və ailəni yox, həm də haradasa öz ölkəni təmsil edirsən. Sözlər, hərəkətlər, davranış hamısı yerində olmalıdır. Xoşbəxtlikdən mən hələ uşaqlıqdan öz qarşıma sərt tələblər qoymuşam, həmişə valideynlərimə, ailəmə layiq olmağa çalışmışam. Bu gün eyni məsuliyyət bizim uşaqlarımızın üzərinə düşür və mən fəxr edirəm ki, onlar bu çətin vəzifənin öhdəsindən dəqiqliklə gəlirlər».

Mehriban Əliyeva ölkənin birinci xanımı olaraq yerinə yetirdiyi ictimai missiya ilə vətəndaş və dövlət arasında konstitusiya üzrə müəyyənləşmiş qarşılıqlı münasibətlərdən əlavə, xalq və Prezident arasında mənəvi körpü yaradır. Dövlət idarəçiliyi sistemi ilə cəmiyyət arasındakı inzibati sədləri aradan götürür. Prezidenti xalqa daha da yaxınlaşdırır, doğmalaşdırır. Vətəndaşın öz dövlətinə, dövlət rəhbərinə münasibətini sevgi və rəğbət üzərində qərarlaşdırır. Həyata keçirilən siyasəti humanizm çalarları ilə əlvanlaşdırır.

Sıravi Azərbaycan vətəndaşı Prezident İlham Əliyevin ölkənin birinci xanımı Mehriban Əliyeva ilə birgə formalaşmış ictimai obrazında öz doğmalarını, ailəsinin ən əziz üzvlərini görür.

Hər hansı mücərrəd anlayışın, konkret cilddə, qiyafədə təsəvvür edilməsi insan təxəyyülünün xarakteridir. Bu mənada İlham Əliyevlə Mehriban xanım Əliyevanın birgəliyi sadə Azərbaycan insanı üçün mövcudluğuna fərəhlənib, gələcəyinə inandığı, çətin anlarında həmişə yanında hiss etdiyi, qayğı, diqqət, kömək gördüyü müstəqil Azərbaycan dövlətinin ümumi portretidir.

Azərbaycanın birinci xanımının müəllifliyi ilə yaradılan milli dövlətçilik irsinin daha bir istiqaməti Mehriban Əliyevanın özünün mərhəmət, xeyirxahlıq, humanitar missiyasını birinci xanım obrazında davam etdirməsidir. Əslində, Mehriban xanım məhz bu istiqaməti həyata keçirir. Onun protokol tərbirlərində iştirakı da, xalqla ölkənin birinci şəxsi arasındakı mənəvi bağlantıları gücləndirməsi də bu istiqamətin inkişafına xidmət göstərir.

Geniş mənada götürdükdə, Mehirban Əliyevanın missiyası nə protokol qaydalarına, nə inzibati çərçivələrə, nə də rəsmi qəliblərə uyğunlaşır. Onu dünyanın inkişaf etmiş digər ölkələrinin birinci xanımlarından fərqləndirən əsas cəhət də elə budur. Mehriban Əliyeva birinci xanım statusuna aid hansısa ənənələri sxematik şəkildə davam etdirmir, qloballaşma dövründə bu statusun yeni ənənələrini müəyyənləşdirir. Müasir dünyada insanın yaşama səbəbinə çevrilməli olan dəyərləri nişan verir.

Əgər birinci xanım statusu daşımasaydı belə, yəqin ki, Mehriban xanım yenə də eyni dəyərləri təmsil edəcək, eyni mənəvi prinsiplərin öz mühitində yayılmasına çalışacaqdı. Onun birinci xanım kimi Azərbaycanda və dünyada malik olduğu yüksək ictimai nüfuzsa bu missiyanın daha geniş əhatədə və daha təsirli bir tərzdə yerinə yetirilməsi imkanı deməkdir.

***

Nədir Mehriban xanım Əliyevanın həyat kredosu, tutduğu yol, təlqin etdiyi dəyərlər?!

Əgər hər birinin cavabı cild-cild kitablara çevrilə biləcək bu məzmunları cəmi iki sözlə ümumiləşdirəsi olsaydıq, yəqin ki, xeyir və mərhəmət kəlmələrini seçməli olardıq. Bu ikicə kəlmə zülmətdən işığa, nifrətdən sevgiyə, bədbinlikdən ümidə doğru qurtuluş yoludur. Tanrı insanı xeyir əməllər üçün yaradır. Mərhəmət hissini ona dünyanın ən qiymətli ziynəti kimi ərməğan edir. Bu hissdən xali olanların dünya və insanlar üçün heç bir faydası qalmır.

Mehriban xanımın bəşəriyyətin rifahı naminə gördüyü saysız-hesabsız işlərin, xeyir və mərhəmət kəlmələrində ümumiləşməsinin ilahi hikməti də elə budur. Azərbaycanın birinci xanımının illərin yaddaşına yazılan xeyir əməlləri, mərhəmət dolu qəlbi Onun özünü xeyirin, mərhəmətin canlı simvoluna çevirib.

Sanki xeyirin, mərhəmətin özü insan siması qazanaraq Mehriban xanım Əliyevanın obrazında təcəlla tapıb.

O öz mənəvi obrazı ilə ictimai şüurda xeyirxahlıq, mərhəmət nuru saçır. İnsanları xeyir əməllərə, xeyirxah təşəbbüslərə, şəri deyil, məhz xeyiri paylaşmağa, bu yolda cəsarətli və inadkar olmağa, çətinliklərdən qorxmamağa, qazanılmış uğurlarla arxayınlaşmamağa səsləyir. Xeyir əməllərin, «xeyriyyəçilik» sözünün arxasında müəyyən səbəblərə görə, müxtəlif hallar üzündən həyatda çətin vəziyyətə düşmüş canlı insanların problemlərinin dayandığını təkrar-təkrar hər kəsin diqqətinə çatdırır və təlqin edir ki, bu məsələdə fəaliyyətsizliyə vaxt və vəsait çatışmazlığı ilə haqq qazandırmaq lazım deyil. Bəzən sadəcə adi insani diqqət və iştirak belə şəxsi ianəyə, şəxsi töhfəyə çevrilə bilər. İnsanın xeyirxah əməlləri isə hökmən bizim həyatımızda yaxşılığın sayının artmasına gətirib çıxaracaqdır.

O, öz həqiqətləri ilə xeyriyyəçilik fəaliyyətində iştirak məsələsinin insanın rütbəsindən, dərəcəsindən, vəzifəsindən, maddi vəziyyətindən asılı olmadığını göstərir. Sübut edir ki, insan öz xeyirxah niyyətlərini, istəklərini, imkanlarını və qabiliyyətlərini tətbiq etmək sahəsini həmişə tapa bilər.

Bu mənada, müasir həyatımızda xeyir əməllər sahibi olmağın, mərhəmətin bir dəyər kimi, sosial-fəlsəfi şərhi, bu dəyərlərlə bağlı əsaslandırılmış, sistemli nəzəriyyənin irəli sürülməsi də Mehriban xanımın intellektual zəkasının bəhrəsidir. Bu nəzəriyyəyə görə, xeyriyyəçilik fəaliyyətinin tarixi yer üzündə bir insanın digərinə ilk dəfə təmənnasız şəkildə öz kömək əlini uzatdığı andan başlanır.

Bu məsələdə Azərbaycanın birinci xanımı üçün mənəviyyatın ali qanunları əsasdır. Mənəviyyat qanunlarına görə isə, xeyriyyəçilik fəaliyyətinin əsas motivi şəxsən özün üçün hər hansı dividendlər və ya səmərə gözləmək deyil, məhz insanlara sevgi və təmənnasız olaraq xeyirxah işlər görmək arzusundan ibarətdir.

Bu mənada Mehriban xanım Əliyevanın müasir Azərbaycanda ictimai həyatın xüsusi bir sektoru olan xeyriyyəçilik institutunu yenidən formalaşdırıb inkişaf etdirməsi, təbii ki, müasir dövrün reallıqları və tələbatı nəzərə alınmaqla, nəinki gözəl ənənələrimizi dirçəldir və inkişaf etdirir, həm də sosial və mənəvi tərəqqi üçün səmərəli vasitə yaradır.

***

Ünlü fransız yazıçılarından A.Lamartin vaxtilə yazırdı ki, şairlər və qəhrəmanlar arasındakı fərq ideya və əməl arasındakı fərq kimidir. Qəhrəmanlar şairlərin fəhm etdiklərini həyata keçirirlər. Bu, deyimi ümumilikdə sosial münasibətlərə şamil etsək, cəmiyyətdə həqiqətən, ancaq ya ideyaların, yaxud da ancaq əməllərin daşıyıcıları olan insanların olduğunu görərik. Eyni vaxtda həm ideyaların, həm də əməllərin daşıyıcısı olmaq isə, tarixin seçdiyi şəxsiyyətlərin nəsibidir. Mehriban xanımın böyüklüyü də onun şəxsiyyətində həm ideyaların, həm bu ideyaları əmələ çevirməyə qabil ruhun, gücün, əzmin, məqsədyönlülüyün, həyat eşqinin bir-birini tamamlamasıdır.

Onun ideya və əməlləri təkcə Azərbaycan hüdudları ilə əhatələnmir, bu dəyərli ideyaların, bu nəcib əməllərin işığı, uzaq-uzaq ellərdə — Pakistanda, Rumıniyada, Rusiyada, Türkiyədə, Gürcüstanda mərhəmətə, qayğıya, hansısa müşkülün həllində köməyə ehtiyacı olan insanların, toplumların da üzərinə düşür. Onun təşəbbüsü ilə Heydər Əliyev Fondunun xarici ölkələrdə inşa etdiyi məktəblərin, xəstəxanaların, körpülərin, köməyə möhtac insanlara edilən yardımların nurunda yaşadığı məkandan, milli mənsubiyyətindən, dinindən, dilindən asılı olmayaraq dünyanın uzaq-uzaq ellərində yaşayan insanlar da Mehriban xanım Əliyevanın humanizmindən öz nəsibini görür. Xeyirxahlıq, mərhəmət bu insanlar arasındakı bütün ayrıntıları götürərək, onları eyni sevgi, eyni şəfqətlə bağrına basır.

Təsadüfi deyil ki, Mehriban xanımı bu gün beynəlxalq miqyasda tanıdan əsas amil onun sadəcə Azərbaycanın Prezidentinin həyat yoldaşı kimi ölkənin birinci xanımı statusunu daşımasından daha çox, bu statusun verdiyi imkanlardan yararlanaraq  bəşəriyyətə bəxş etdiyi mühüm töhfələrdir. Azərbaycanın möhtəşəm tarixini və müasir uğurlarını ölkə hüdudlarından kənarda layiqincə tanıtması, Azərbaycan qadını adını layiq olduğu zirvələrə ucaltmasıdır.

***

İllər öncə Azərbaycan Prezidentindən müsahibə alan rusiyalı jurnalistin İlham Əliyevə verdiyi «birinci xanıma Azərbaycan xalqının sevgisi sizə olan etimaddan heç də az deyil» sualına İlham Əliyev səmimiyyətlə gülərək «bu məni sevindirir, çünki Mehriban xanımın gördüyü işlər mənim gördüyüm işlərə dəstəkdir» cavabını vermişdi.

Bu, konkret fəaliyyət istiqamətlərini həyata keçirən dövlət institutları ilə, Mehriban xanım Əliyevanın ictimai təşəbbüsləri əsasında bu qurumlarla fəal əməkdaşlıq əsasında həmin fəaliyyət istiqamətləri üzrə çoxsaylı sosial-humanitar layihələr həyata keçirən Heydər Əliyev Fondu arasındakı münasibətlərin də ən gözəl izahıdır.

Bu mənada, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr öz birbaşa məqsədindən əlavə, həm də cəmiyyətdə mənəvi-psixoloji ab-havanın yaxşılaşmasına şərait yaradan, insanlar arasında münasibətləri humanistləşdirən, onların daha xeyirxah, səmimi və həssas olmasına müsbət təsir göstərən dəyər formalaşdırır. Bu dəyər hesabına cəmiyyətimizdə «xeyirxah işlər dairəsi», qarşılıqlı kömək və dəstək sistemi yaranır. Bu da son nəticədə insanların qarşılıqlı münasibətlərinə, onların ovqatına və sosial əhval-ruhiyyəsinə müsbət təsir göstərir.

Mehriban Əliyeva fenomeni hökumətin həyata keçirdiyi siyasətə ictimai dəstəyi mərkəzləşdirən ciddi bir amil kimi çıxış edir. İndiyə qədər bir sıra əhəmiyyətli təşəbbüslərin bu fenomen ətrafında ictimai hərəkata çevirilməsi mümkün olub.

Son illər Azərbaycanda muğam sənətinə artan maraq, milli təhsilimizin inkişafı üçün həyata keçirilən tədbirlərə, bütün ölkə boyunca tikilmiş təhsil, səhiyyə, mədəniyyət obyektlərinə, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, tarixi abidələrimizin qorunması, imkansız xəstələrin müalicəsi, əlillərin, kimsəsiz uşaqların problemlərinin həlli, ölkəmizdə informasiyalı cəmiyyətin qurulması yönündə görülən işlərə dəstək bunun ifadəsidir…

Hökumətin apardığı siyasət öz yerində, bu nəticələrin əldə olunmasında Mehriban xanım Əliyevanın təşviq etdiyi ictimai dəstək də öz sözünü deyir…

Bütün bunlar əsla həyata keçirilən dövlət siyasətinə birinci xanımın müdaxiləsi kimi anlaşılmamalıdır. Mehriban Əliyeva siyasətlə məşğul olmur. Tanrının bütün insan övladları üçün müəyyən etdiyi mənəvi borcun yerinə yetirilməsi və bunun başqalarına da təlqini isə Onun nəzərincə siyasətdə təmsilçilik deyil. Əlbəttə, peşəkar siyasətçi qabiliyyəti, liderlik keyfiyyətləri, xalqın sonsuz rəğbəti Ona siyasi həyatda da böyük uğurlar qazandırardı. Amma Mehriban xanım bu məqamda da əsrlər boyu milli düşüncəmizdə sabitləşmiş normalara sadiqdir.

Mehriban Əliyeva xarici ölkələrə səfərləri, dünyanın ünlü simaları ilə keçirdiyi  görüşləri, müxtəlif tribunalarda çıxışları ilə siyasi xadim, dünyada qadın liderliyinin ən fəal təmsilçilərindən biri kimi daim mərkəzdə olsa da, O, öz dərrakəsini, zəkasını, ictimai nüfuzunu həyat yoldaşının böyüklüyü naminə əsirgəməyən əsl Azərbaycan qadınıdır.

O, Azərbaycan xalqının lideri olan həyat yoldaşının ilk ardıcılı, ən etibarlı silahdaşıdır.

***

O, həmişə Prezident İlham Əliyevin yanındadır, çətin anlarda da, xoş günlərdə də Prezidentin ilk həyanıdır, dəstəyidir. Bu məqam mənim Viktor Andriyanovla birgə müəllifliyimizlə 2007-ci ildə çapdan çıxmış «Görkəmli adamların həyatı» silsiləsindən «İlham Əliyev» kitabında da həzin epizodlarla öz əksini tapıb. Və ulu öndər Heydər Əliyevin xəstəliklərlə mübarizə apardığı, İlham Əliyevin atasının səhhəti ilə bağlı böyük narahatlıq hissi keçirdiyi o çətin günlərdə Mehriban xanım Əliyevanın mənəvi dəstəyinə nə qədər böyük ehtiyacının olmasını, bu dəstəyin dəyərini aydınlıqla əks etdirir…

Bu mənəvi dəstəyi Mehriban xanım Azərbaycan Prezidentindən və Onun simasında ümumilikdə Azərbaycan xalqından sonrakı proseslərdə də heç zaman əsirgəməyib. Cəmiyyət üçün ən həyəcanlı, həssas anlarda, kiçik bir davranışı ilə də olsa böyük nəticələr yarada, ictimai rəyi düzgün məcraya doğru istiqamətləndirə bilib.

2003-cü ilin 16 oktyabr günü siyasi emosiyaların təsirindən gərginləşib həddini aşmış destruktiv qüvvələrin Bakının mərkəzində vandalizm aktı törədərək dinc vətəndaşlar üçün yaratdıqları təhlükəni, körpə bir uşağın anası ilə birgə onların ayaqları altında qalıb ağır yaralandığını kimsə unutmayıb. O zaman Mehriban xanım Əliyevanın həmin körpənin taleyinə həssas münasibəti, xəstəxanaya gedib onlara baş çəkməsi, ana və körpənin müalicəsinə hərtərəfli kömək göstərməsi cəmiyyətdə hansı cinahların, hansı dəyərlərin daşıyıcısı olduğunu sərgiləyən, emosiyaları sakitləşdirən, prosesləri sivil bir məcraya, müstəqil Azərbaycan dövlətinə zərbə vurmağa çalışan qüvvələrin deyil, öz dövlətinin rifahını, sabit inkişafını arzulayan toplumun arzularına doğru yönəldən incə bir jest idi.

2005-ci ildə Bakı metrosunun keçmiş «Bakı Soveti» stansiyasında baş vermiş qəza zamanı bu qəzada zərər çəkən insanlar da ilk andan Mehriban xanımı öz yanlarında gördülər. O, dərhal Musa Nağıyev adına təcili yardım xəstəxanasına gedərək, xəsarət almış insanlara baş çəkməyi özünə borc bildi. Yaralananların hər biri ilə ayrılıqda hal-əhval tutdu. Vəziyyətləri, müalicələrinin gedişi ilə maraqlandı. Belə qəzalardan heç kimin sığortalanmadığını bildirərək təsəlli dolu kəlmələri ilə onlara səbirli, təmkinli olmağı arzuladı. Bu insanların müalicəsi, tibbi reabilitasiyası ilə bağlı bütün xərcləri Heydər Əliyev Fondu öz üzərinə götürdü.

Bütün bunlar Mehriban xanımın qəlbindən gələn səmimi davranışlardır. Sünilik Onun xarakterinə yaddır. Mehriban xanım, məşhur bir kəlamda ifadə edildiyi kimi, həmişə göründüyü kimi olmağı və olduğu kimi görünməyi bacarır.

***

Belə epizodları Azərbaycan Prezidentinin bölgələrdə sadə insanlarla keçirdiyi görüşlər zamanı tez-tez izləmək olar. Belə səfərlərində Prezidenti müşayiət edərkən, onları qarşılamağa, öz sevgilərini, rəğbətlərini ifadə etməyə toplaşan insanlarla əhatə olunmuş hansısa məkanda Mehriban xanım birdən ayaq saxlayıb kənarda dayanmış ağbirçək qadına yaxınlaşır, onu öz doğması kimi öpüb bağrına basır. Uşaq evlərinə səfərləri, kimsəsiz körpələr üçün keçirilən mərasimlər zamanı bu körpələrə bir ana kimi şəfqət göstərir…

Mehriban xanımın atası, akademik Arif Paşayev bu munis keyfiyyətin onun uşaqlıq çağlarından gəldiyini deyir: «Mehriban doğulandan çox fəal olub. Bəzən mənə elə gəlirdi ki, o, Nərgizdən böyükdür. Onların uşaqlığını hər anına kimi xatırlayıram. Yadımdadır, Mehribanı hər dəfə məktəbə gətirəndə müəllimlər mənə nəsə bir xoş söz deməyə çalışırdılar. O elə gözəl idi!.. Biz küçədə gedəndə adamlar ayaq saxlayıb bu balaca qızcığazla görüşər, onu danışdırardılar . Mehriban olduqca xeyirxah insandır. Düşünürəm ki, bu xüsusi bir xeyirxahlıqdır — mərhəmətlə dolu bu dünyanın sərhədi yoxdur. Bu dünyanın özülü səmimi hisslərlə, insani duyğularla qoyulub. Başqasının kədəri onu elə sarsıdır ki, dərhal əlindən gələn köməyi göstərmək üçün tələsir… Yəqin ki, siz onun uşaqları qucaqlamasını və öpməsini görmüsünüz. Hətta bəzən öz doğma uşaqlarını bu cür qucaqlayıb öpmürsən. Bu, bir göstəri üçün deyil. Bu, onun ürəyindən gəlir və o, həmişə belə olub».

Prezidentin insanlarla ünsiyyətinə Mehriban xanımın yeri gələndə xoş bir təbəssümlə, incə bir replika ilə, zərif bir jestlə müdaxiləsi səmimiyyəti artırır, ünsiyyəti unudulmaz edir.

Mehriban xanımın Gədəbəy rayonunun Slavyanka kəndinin sakinləri ilə görüş zamanı rus qadınlarının milli rəqsinə — «çastuşka»ya qatılmasını, ucqarlarda yaşayan ana-bacılarımızla yaxından ünsiyyətini, hətta Prezidenti bölgələrə səfərləri zamanı müşayiət edə bilmədiyi istisna hallarda da sadə insanların onların salamını Mehriban xanıma çatdırmağı cənab İlham Əliyevdən necə böyük sevgi və rəğbət hissi ilə xahiş etdiklərini xatırlayıram…

Bunlar adi epizodlar deyil, həmin insanların həyatının ən mənalı, ən unudulmaz anlarıdır…

Mehriban xanım Onunla ani ünsiyyəti də insanlar üçün tarixiləşdirməyi bacarır…

***

İnsanlar onu özlərinə doğma bilir və bu münasibətin işığında hər hansı problemlərinin həllində ondan kömək istəyirlər. Haqlı olaraq vətəndaşlara elə gəlir ki, onları narahat edən məsələlərlə bağlı Mehriban xanım Əliyevaya müraciət etsələr, onların narahatlığının aradan qaldırılması özünü çox gözlətməz.

Mehriban xanım Əliyevanın iş üslubunda hansısa vətəndaşa cavabın gecikdirilməsi, onu narahat edən məsələnin diqqətdən kənarda saxlanması, insanlara kömək imkanları varkən bu köməyin göstərilməməsi anlayışı yoxdur. Ona görə də Azərbaycanın birinci xanımının poçtu vətəndaşlarımızın ən çox müraciət etdikləri ictimai ünvandır. Heydər Əliyev Fondunda bu müraciətlərin qəbulu, onlara baxılması, əlaqədar dövlət orqanları ilə birgə həmin müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün mükəmməl bir sistem formalaşdırıb Mehriban xanım Əliyeva.

Və bu işi hər hansı inzibati öhdəlik qismində yerinə yetirmir. Belə bir missiyanı bir ananın, bacının öz doğmalarının dərdinə yanması, imkan daxilində onlara kömək əli uzatması, başqaları üçün faydalı olmasının mənəvi rahatlığı kimi həyata keçirir.

Mehriban xanım əsrlərdir formalaşan birinci xanım institutuna özünün təshihlərini verdi və həm Azərbaycanda, həm də müasir məzmunda götürsək, ümumilikdə bütün dünyada mükəmməl birinci xanımlıq institutu yaratdı.

Birinci şəxsin kölgəsində olmadan öz müstəqil fəaliyyəti ilə birinci şəxsin ən yaxın silahdaşına, ən fədakar dəstəkçisinə, ən etibarlı müttəfiqinə, ən sadiq dostuna çevrildi.

Və Azərbaycanın uğuru da elə ondadır ki, birinci şəxsin müdrikliyini, qətiyyətini, xarizmasını birinci xanımın nüfuzu, mərhəməti və xeyirxahlığı tamamlayır…

 

22 May 2014