BÖYÜK SEVGİNİN ADI

 

Zərifə xanım Əziz qızı Əliyeva... Bu ləyaqətli xanımın şəxsiyyətinin gücü məhz insanların qayğı və iztirablarına, niyyət və arzularına fədakarçasına vicdanlı xidmətindədir!..

Azərbaycan tarixinin XX əsr mərhələsini öyrənənlərin, bu mərhələyə münasibət bildirənlərin yazılarında da onun müsbət obrazı, böyük Əliyevlər nəslini xarakterizə edən əsas simalardan biri kimi qabarıq təqdim olunur. Bu da təsadüfi deyil. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xanımı olaraq ömür yolu keçməsi elə o deməkdir ki, Zərifə xanımın da bizim siyasi tariximizdə müstəsna xidmətləri var.

Dünyanın gəldi-gedərliyi haqqında çox deyilib. Nə qədər çox deyilsə də, düşünürəm ki, bu qənaətin özü də mübahisəlidir. Çünki nəsillərin yaddaşına adı yazılmış olanlar əbədi dünyanın əbədi sakinləridir. Əgər bu qənaəti həqiqət kimi qəbul etsək, onda dünyanın gəldi-gedərliyi haqqında deyilənlərə də bir qədər yumşaq desək, təbəssümlü bir sükutla cavab vermiş olarıq. Əlbəttə, tarix yolu ilə və bu yolu keçən nəsillərin yaddaşı ilə müqayisədə ömür yolu o qədər qısadır ki, göz qırpdınmı, bitdi getdi. İz qoymadın, nəsillərə söz qoymadın, demək, bu dünyanı heç yaşamadın.

İnsan mənəvi ucalıq yolu ilə yaşayırsa, onun cismani ömrü Tanrıya qovuşmaqla bitir. Zərifə Əliyeva özündən sonra mənalı həyatını yaşadan əməlləri və insanların yaddaşında yaşayan parlaq xatirəsi ilə, həm də elə bizim müasirimizdir. Bizimlə birlikdə yeni dünyanı quranlardandır. Onu tanıyanlar yəqin ki, elə belə də deyərlər: özündən sonra bu dünyada izi, sözü və müqəddəs bir mələk kimi nurlu xatirəsi həmişə örnək olacaq parlaq obrazı qaldı.

Tarixdə iz qoymuş şəxsiyyətlərin ölməzliyi, yaşarılığı dünyanın mənəvi harmoniyasını yaradır. Və bu harmoniyanı qoruyan da elə parlaq zəkaların ruhudur, xatirəsidir. Demək, yaşarı insanların cismani ömrü vəfa etməyəndə cismi köçür, ruhu qalır bu dünyada; əməllərində, qurduqlarında, yaratdıqlarında yaşayır və əbədiyyətə qovuşur.

Hind xalqının dünyanın dahiləri cərgəsində yer alan görkəmli nümayəndəsi İndira Qandi vəfat edəndə böyük rus şairi Andrey Voznesenski yazmışdı: "Qandi tarixə qovuşdu". Zərifə xanım Əliyevanın tarixə qovuşmuş taleyi yalnız bir insanın qisməti deyil. Həm də elə onun mənsub olduğu xalqın tarixinin bir parçasıdır. Bu mənada, Qandi ilə bağlı deyilən qənaət zəkalar, şəxsiyyətlər haqqında düşüncələrə müsbət emosiya, enerji verən bir qaynaqdır. Mükəmməl və layiqli qənaətdir. Başqa şəkildə belə də demək olardı: tarixə qovuşmaq, dünyanın gərdişinə, bəşəriyyətin varlığına şahid kəsilmək, əbədiyyət qazanmaq... Nəsillərin yaddaşında əbədi yaşayacaq Zərifə xanım da məhz bu şərəfə nail oldu və tariximizin şəxsiyyətləri sırasında öz yerini aldı; əbədi və layiqli yerini.

Biz onu tarix yazan salnaməçi kimi yox, tarixi yaradan böyük zəka sahibinin mənəvi dayağı, ona həmişə ilham mənbəyi olmuş, böyük sevginin ünvanı kimi tanıyırıq.

Bu sevgi, bu ünvan həmişə Heydər Əliyevin - tarixdə böyük yol açmaq üçün şərəfli bir missiya daşıyıcısı olan liderin həyatının mənasına çevrildi. Belə bir fikir mövcuddur ki, hər bir dahi kişinin arxasında böyük bir qadın dayanır. Zərifə xanım məhz o böyük qadın idi. Təbii ki, o, layiqli həyat yoldaşı və ana, həkim və alim, birinci xanım və ictimai xadim kimi uca Tanrıdan öz taleyini yaşamaq haqqı almışdı. Bu yaşam, bu həyat məhz Heydər Əliyevin həyatı ilə qovuşduğu üçün daha zəngin oldu.

Zərifə xanım qatı dindar deyildi. Ancaq xalqının dini etiqadına, əqidəsinə dərin inam, hörmət və sədaqət ruhunda tərbiyə almış, islam dəyərlərinin və əxlaqının ən gözəl xüsusiyyətlərini özündə birləşdirmişdi. Böyüdüyü ailədə Allaha və öz ölkəsinə sevgi öyrənmişdi və ona görə də özünü ölkəsinin bir parçası hesab edirdi. Qəlbi xeyirxahlıq duyğuları ilə çırpınır, bu duyğuları əmələ, yaşarı həqiqətlərə çevirmək uğrunda mübarizə aparırdı.

Görənlər, yaxından tanıyanlar onunla ünsiyyət qurmaq xoşbəxtliyinə nail olanlar bu gün də böyük səmimiyyətlə etiraf edirlər: onun yanına ümidsiz gəlmiş hər kəs çöhrəsindəki səmimiyyətdən və nurdan bir təskinlik, inam və rahatlıq tapırdı. Çünki Zərifə xanımın ruhundakı xeyirxahlıq və mərhəmət ulu Tanrının özünə məxsus olan ən ali keyfiyyətlərdir. Axı Tanrı özü bütün insanları xeyirxah və mərhəmətli yaradır. Lakin şeytani hisslər çoxlarını bu keyfiyyətlərdən məhrum edir. Ancaq böyük varlığında Azərbaycan analarına xas, Azərbaycan qadınlarına məxsus hünər və dəyanət, mənəvi zənginlik daşıyan Zərifə xanım inandığı həqiqət uğrunda inam və inadla mübarizə aparırdı. Və bu mübarizəni həyatının mənası bilirdi. Onun xarakterindəki sosial motivlər, xeyirxahlıq, canıyananlıq, mərhəmət gücü olduğundan o, həkim olmaq, daim insanlara yardım göstərmək qərarına gəlir və məqsədinə çatır. Zaman keçdikcə zövq aldığı və sevdiyi bu nemətdə ən üstün mövqeyə, ən kamil zirvəyə qalxdı.

 

***

 

Hər bir insanın mənəvi ucalığa yolu müasirlərinə münasibətdən keçir. İnsanı uca tutan, insanın varlığındakı ali duyğuları qiymətləndirənlər də insanların ümidinə və inamına çevrilir. Zərifə xanım da insanlara yüksək dəyər verirdi. Onun üçün hər bir insanın fikrinin və mövqeyinin öz dəyəri vardı. Bu, heç şübhəsiz, sadə həkim mövqeyi deyildi. İnsanların, xəstələrin ona inanması, etibar etməsi və ümid bəsləməsi onun göstərdiyi insani münasibətdən irəli gəlirdi. Özü bu barədə "Yüksək əqidə"  kitabında yazır: "Müalicə və diaqnostikanın texniki təminatı nə qədər möhkəmləşsə də, həmişə olduğu kimi, insan sağlamlığı keşiyində duran canlı həkim əsas yer tutur". Zərifə xanımın nə qədər haqlı olduğu zaman-zaman üzə çıxdı və bu gün də etiraf olunur ki, xəstənin səhhətinə, ilk növbədə, həkimin şəxsiyyəti xoş təsir göstərməlidir. Fransua Rable bunu özünəməxsus şəkildə belə ifadə edirdi: "Həkimin ilk vəzifəsi xəstədə nikbinlik hissi yaratmaq, onda sağalacağına ümid hissini gücləndirməkdir".

Bu nəcib insanın həyat yolunu öyrənməklə, cəmiyyət üçün əbədi örnək ola biləcək alimin və ananın zəngin aləminə daxil olarıq, onun kimliyini daha yaxından dərk edərik. Mübarizə üçün həmişə meydan var. İnsan düşünürsə, yaşayırsa, problemlər, çətinliklər də var. Bəlkə Zərifə xanımın qarşılaşdığı çətinliklər və problemlər bizim düşündüyümüzdən də qat-qat artıq olub. Ancaq Zərifə xanım bu çətinlikləri dəf etməyi bacardı, həm də bunu heç kimin bacarmadığı bir səviyyədə bacardı. Çünki onun sahib olduğu üstün keyfiyyətlərdən biri də ünsiyyət mədəniyyəti idi. İnsan sözündən yaranmış ünsiyyət anlamı, əslində, insaniliyin, insana məhəbbətin mənəvi-əxlaqi ifadəsidir. Zərifə Əliyeva milli ünsiyyət mədəniyyətimizin etalonu və əxlaqi zirvəsində durdu. O, insan qəlbinə təbii bir incəlik və həssaslıqla daxil olmağı bacardı. Bir həkim kimi onun xəstəyə münasibət prinsipi belə idi, əks təqdirdə, Zərifə xanım bu sətirləri yazmışdı: "Xəstəyə düzgün münasibət həkim sənətinin mahiyyətlərindəndir... Həkimin gündəlik zəhməti onu əhatə edən insanlara, birinci növbədə, xəstələrlə davranış formasını bilməyi tələb edir". Təbabət tarixi Şərq təfəkküründə zəngin ənənələr, həkim-xəstə münasibətləri ilə bağlı elmi-fəlsəfi sərvətlər yaşadır. Loğman obrazı Şərqin mənəvi mühitində yaranıb. Və yaşarı bir obrazdır. Sanki böyük həkimlərin, zəka sahibi olan təbiblərin taleyindən keçir, zaman-zaman böyük həkimlərin əməllərində özünü təsdiqləyir. Loğmanlığın birinci şərti, bəlkə də səbir və təmkinlə bağlıdır. Bəli, həkim çox səbirli olmalıdır. O, xəstənin daxili aləminə nüfuz etməyi və "Şəhrizadın uzun-uzadı nağılı"nı dinləməyi bacarmalıdır.

Həmişə düşünmüşəm: dahinin dahidən böyüklüyü səbirlə ölçülür. Hətta bu barədə "on iki elmin başı səbirdir" adlı məşhur bir Şərq rəvayəti də var. Zərifə xanım həkim olaraq antik yunan filosofu Platonun "Həkimlərin etdikləri ən böyük xəta ruhu düşünmədən, yalnız bədəni müalicə etməyə təşəbbüs göstərmələridir" fikrinə əsaslanırdı. Bu, artıq onu göstərir ki, o, sadəcə, həkim deyil, həkim-filosofdur. Şərqdə belə həkimlərə loğman deyirdilər. Zərifə xanım XX əsrdə qədim Şərq loğmanlarının ənənələrini yaşadan həkim və filosof idi. Onun mənəvi mühitində loğmanlığın bütün cəhətləri özünü göstərir, əməlində təsdiq olunurdu.

Dünyanın sonuncu müqəddəs kitabı "Quran"ın "Əl-əhzab" surəsində ruh "Allah əmanəti" adlanır. İnsanı bütün varlıqlardan qüdrətli edən onun ruhudur. İnsanın bədəni ruhu yaşatmaq üçün bir qəfəsdir. Həkim insanı ona görə müalicə edir ki, ruha xətər toxunmasın. Zərifə xanım ruhu duymağı bacaran bir ruh adamı idi. O, heç vaxt Allah əmanətinə biganə yanaşmadı.

Elmin dərinliklərinə doğru yol uzandıqca zəkanın işığı daha gur olur. Elmli həkim xəstəliyi daha aydın və daha əhatəli dərk edir. Akademik Zərifə Əliyevanın sanballı tədqiqatları, praktiki həkim kimi gördüyü işlər təkcə Azərbaycanın yox, XX əsrin ən böyük dövləti olmuş SSRİ-nin elmi-tibbi nailiyyətləri idi. Onun fəaliyyət fəzası İşıq və Zülmət arasında idi. O, cərrah bıçağı ilə insanın gözündən işığa yol açırdı. Ömür boyu bu alim xanım işığın mövqeyində dayandı. Həkim cərrah bıçağı ilə zülmətlərin bağrını yardı...

Həkimin elmi və şəxsiyyəti bir-birini tamamlayan cəhətlərdir. İnsanlıq, insanlıq naminə çalışmalar, insana hümanist münasibət Zərifə xanımın həyat meyarı idi. Onun həyat sevgisi - ailəsinə, xalqına, ölkəsinə və peşəsinə olan sevgidə təzahür etdiyindən, bəşəri bir dəyər alırdı və onu ilahiləşdirirdi. Çünki o, Tanrının ona bəxş etdiyi ömür payını insanlığa xidmət üçün ayrılmış vaxt kimi dəyərləndirirdi...

 

***

 

Düşünürəm ki, həyatda təsadüfi heç nə yoxdur. Baş verən hadisələr Tanrının nəzarətindədir. Demək, Heydər Əlirza oğlunun tale yolu Zərifə xanım Əziz qızının ömür yolu ilə təsadüfi birləşməyib. Böyük imperiya hələ inkişaf dövründə olanda bu insanların - Azərbaycan xalqının tarixini yazacaq insanların birliyi, sevgi vəhdəti gələcəyimizə açılan yolun ilk əlamətləri, xilaskarlığın başlanğıcı imiş. Məşhur filmdə bütün ömrünü xalqına həsr etmiş Heydər Əliyev olub-keçənləri xatirəsində canlandıraraq deyirdi: "Əgər nəzərə alsaq ki, bizim sevgimiz böyük sınaqlardan keçdi, demək..." həyatı yaşamaq və həm də mənalı yaşamaq, dəyərli yaşamaq insanın iradəsindən, mənəvi gücündən çox asılıdır.

Görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində böyümüş, bu ailənin tapındığı ən yüksək dəyərləri özünə ehtiva etmiş Zərifə xanım gəlin kimi Əliyevlər ailəsinin qapısından içəri qədəm basanda artıq çox dəyərli bir xəzinə sahibi idi. Bu xəzinənin ən qiymətli daş-qaşı onun əxlaqı, intellekti, ailəsinə sədaqəti, milli-mentaliteti, həyat yoldaşına sonsuz məhəbbəti, dəyanəti, qüruru və ölkəsinə, xalqına sonsuz sevgisi idi. Ağıllı bir gənc kimi böyümüşdü. Ən başlıcası, sevgisi yolunda cəfalara dözmüşdü. Sonuncu ana qədər inamını qorumuşdu. Gənc Heydərin və gənc Zərifənin sevgisi zamanın qəddarlığına qalib gəlmişdi. Dəyanət və güc, mənəvi ucalıq, mübarizlik keyfiyyətləri sonrakı ömürləri boyu bu insanların varlığında yaşadı, onları tərk etmədi.

Ailədə qadın kimdir? Dərin müşahidə, insanlara zəkalı münasibət bu suala cavabı onun mənəvi mühitində kifayət qədər əhatəliliyi, hərtərəfliliyi ilə hazırlamışdı. Zərifə xanım Azərbaycan ailəsində qadının rolunu və yerini çox gözəl bilirdi. Ailə adət-ənənəsində nə qədər mühafizəkar olsa da, bu adət-ənənələrin nümunə ola biləcək sivil tərəflərini qəbul edirdi.

İnamlı bir həqiqət var; qadının gücü zərifliyində, kişinin gücü müdrikliyindədir. Zərifə xanım həm zərif, həm də mərd qadın idi. O, dünyanın ən güclü şəxsiyyətlərindən olan Heydər Əliyevin xanımı idi. Bu ailə qeyd olunduğu kimi, böyük sevgi əsasında təməl tapmışdı. Etiraf edək ki, Heydər Əliyev kimi sərt bir adamın məhəbbətini qazanmaq çox çətin məsələ, hər qadına nəsib olmayan tükənməz səadət idi. Bu sevgidən müqəddəs bir ailə yarandı. Həmin ailə millətə örnək və şərəf oldu. Kimsəyə sirr deyil ki, gəncliklərindəki sevgi sınaqları həyatlarını qurmaq üçün elə bir özül oldu ki, onlar sonralar da həyatın ən dəhşətli sınaqlarına, bəlkə də böyük məhrumiyyətlərə də sinə gərə bildilər. Heydər Əliyev ömrünün sonlarında Zərifə xanımı necə sevdiyindən böyük məhəbbətlə, onun vaxtsız dünyadan getməsindən sonsuz bir kədərlə, yana-yana danışırdı. Bəli, Heydər Əliyevi məğlub etmək, onu yenmək üçün ən qəddar planlara əl atılırdı. Ancaq o, bütün bunların hamısına müqavimət göstərə bilirdi. Çünki onun böyük mənəvi dayağı, özü qədər mətin və güclü xanımı vardı. Taleyin qədəri elə Zərifə xanımın özünü də yaşayacağı bütün məqamlara hazırlamışdı. Azərbaycanın dövlət başçısının həyat yoldaşı və ölkənin birinci xanımı olarkən dövlətin və siyasi xadimin ölkəsinə və onun vətəndaşlarına necə xidmət etməsini artıq yaxşı bilirdi. O, Əziz Əliyev kimi tanınmış dövlət adamının, siyasi xadimin qızı idi və böyüdüyü ailədə bütün bunları yaşamış və görmüşdü. Atasının simasında xalqın qayğısına qalmaq, əlsiz-ayaqsızlara həyan olmaq, dayaq durmaq kimi insani keyfiyyətlər qazanmışdı. Lakin indi daha böyük və məsuliyyətli bir missiya daşıyırdı. Ölkənin, həm də imperiya boyunduruğunda olan bir ölkənin birinci xanımı, göründüyü kimi, sovet dövlətinin çox tanınmış və tanındığı üçün də daim diqqət  mərkəzində olan siyasi liderlərindən birinin xanımı olmaq şərəfini daşımaq asan məsələ deyildi. Yaşadığı bu illərdə onun dini etiqadı, Tanrı sevgisi, milli mənliyi və mentaliteti çox sınaqlarla üzləşdi. Bütün bunlara baxmayaraq, Zərifə Əliyeva Azərbaycan qadını, əsl azərbaycanlı ana olaraq qaldı. Həyat yoldaşının qalxdığı zirvələr onun insanlara səmimiyyətini, xalqına, ölkəsinə məhəbbətini zərrə qədər də dəyişmədi.

Zərifə xanım Əliyeva ən müxtəlif dövlət tədbirlərində oldu, ən müxtəlif insanlarla qarşılaşdı, ən müxtəlif şəraitlərlə üzləşdi, amma özünə, mənliyinə, şəxsiyyətinə, qüruruna, prinsiplərinə sadiq qaldı. Ömrünün son anına qədər üzərinə düşən məsuliyyəti şərəflə daşıdı və təkcə Heydər Əliyev üçün, təkcə övladları üçün yox, bütün Azərbaycan və azərbaycanlılar üçün ilahi bir qadın simvoluna çevrildi. Zərifə xanımın qadınlığı şərəfləndirən keyfiyyətlərindən biri də millətinin gələcəyini uşaqlarının əxlaqında, tərbiyəsində və təhsilində görən bir ana olmasıdır. İstər İlham üçün, istər Sevil üçün Heydər Əliyev qədər Zərifə Əliyeva da ilk və müstəsna nümunə olub. Onlar dünyanın ilk sevgisini də, ilk insanını da, ilk həqiqəti və xeyirxahlığı da, ilk mərhəməti və qayğıkeşliyi də bəlkə öncə Zərifə Əliyevadan öyrəniblər. J.Pixter nahaqdan demir ki, "bizə yaxşı analar verin, biz ən yaxşı adamlar olaq". İllər keçəndən sonra Azərbaycan xalqının taleyində böyük Əliyevlərin zəngin mənəvi irsini, siyasi təcrübəsini, böyük, ali keyfiyyətlərini yaşadan cavan Əliyevlərin simasında biz bu həqiqətləri görürük və böyük qətiyyətlə təsdiq edirik. Bu varislik qırılmaz oldu. Çünki Zərifə xanım öz dövrünün və ziyalı mühitinin ən qiymətli milli və mənəvi dəyərlərinə sahib çıxmışdı və onları öz övladlarına təlqin edə bilmişdi: əxlaqlı olmaq, ziyalılıq, yuksək biliyə yiyələnmək, xeyirxahlıq, mərhəmət və ən əsası, öz Vətənini, ölkəsini sevmək... Məhz burda ailəsinə, ölkəsinə və xalqına olan sevgisində bu görkəmli Azərbaycan qadınının xarakterinin və xarizmasının gücü özünü parlaq şəkildə nümayiş etdirdi. O, öz əməyi, ağlı iradəsinə, əməlləri və xeyirxahlığı ilə özünə əbədi heykəl ucaldırdı. Bu keyfiyyətləri ilə o, böyük Heydər Əliyevin əzəmətinin görünən tərəflərinə daha gur işıq saldı. Bəlkə də Zərifə xanımın mənəvi hazırlığının mükəmməlliyi, həm də onun həkimliyi ilə bağlı idi. Çünki bir həkim ömrü bir insan ömründən çox-çox böyükdür. Hələ antik yunan ədəbiyyatının dahi sənətkarı Homer deyirdi ki, "məharətlə müalicə aparan bir həkim ömrü bir çox insan ömrünə dəyər". Zərifə xanım belə bir həkim idi, bəlkə ona görə də ona əbədi şöhrət qismət oldu.

O, dünyanın ən böyük dövlətinin rəhbərlərindən birinin xanımı idi. O, hələ 1969-cu ildə Azərbaycanın birinci xanımı şərəfinə nail olmuşdu, tarix sübut etdi ki, o bu şərəfə tamamilə layiq bir xanım idi. Fəqət, Zərifə xanım təkcə onu görə bilmədi ki, o, bir Prezidentin xanımı və bir Prezidentin də anasıdır. Əgər ruhlar haqqında deyilənlər həqiqətdirsə, demək, o bu həqiqətləri də görür və duyur. Böyütdüyü oğul cəmiyyətin arzuladığı şəxsiyyət oldu. Xalqa yaxın olmaq, insanları duymaq, cəmiyyətin nəbzini tutmaq, bu mənəvi ahəngin içində yaşamaq... bütün bunlar böyük özül üzərində ucalan İlham Əliyevi xarakterizə edən keyfiyyətlərdir. Və bu mənada, tam səmimiyyətlə demək olar ki, Zərifə xanımın xalq və millət üçün ən böyük xidməti və dahiyanə əsəri Azərbaycan Prezidenti cənab İlham Əliyevdir. O, Heydər Əliyevin əzəmətli əlinin sığalı, Zərifə xanımın şirin laylaları ilə böyüyüb. Hələ ana-ata ocağında ikən dövlətçilik dərsləri keçib. Elə buradaca qeyd etmək yerinə düşər ki, hakimiyyətdə siyasi varislik missiyası İlham Əliyevin öhdəsinə düşəndə o, daha çox çətinliklərlə qarşılaşdı. Amma artıq böyük örnək var idi. Dünyanın təsdiq elədiyi, tanıdığı, Azərbaycanın xilaskarı olan Heydər Əliyev örnəyi.

Heydər Əliyev kimi məşhur atanın övladı olmaq da çox çətindir. O, insanlara qarşı həssaslıq, cəmiyyət qarşısında məsuliyyət, yüksək davranış mədəniyyəti, sadəlik və intellekt tələb edir. Xoşbəxtlikdən bütün bu xüsusiyyətlər İlham Əliyevin genində və qanında var idi. O, Zərifə xanımın qayğısı, Heydər Əliyevin nüfuzu altında yüksək Avropa təhsili alır və Şərq kişisi kimi böyüyürdü. Bu gün "Azərbaycanı iqtisadi böhran dalğalarından məharətlə adladaraq zamandan zamana aparan İlham Əliyev qloballaşan dünyanın müasir lider etalonudur" (Çingiz Aytmatov). Görkəmli dühalar cismani ömürlərini yaşayıb dünyalarını dəyişir. Ancaq onların rəyləri düstur kimi, həqiqətin təsdiqi kimi yaşayır.

 

***

 

Zərifə xanım Əliyeva birinci növbədə ana idi. Və ana olaraq analıq duyğuları ilə onun yaşadığı həyəcanları təsəvvür etmək elə də çətin deyil. Amma bir fərqi var; hər bir həyəcan və duyğu fərdidir. Və hər bir insanın özünə xasdır. Danışmaq üçün əsas odur ki, bütün anaları fərqləndirən keyfiyyətlər olduğu kimi, uyğun keyfiyyətlər də az deyil. Bu ümumi keyfiyyətlərdən çıxış etsək, deməliyik; bəlkə də Zərifə xanımın ən xoş və unudulmaz, ən fərəhli günü oğlunun ailə qurduğu toy günüdür. Həmin gün iki nəcib ailə - Heydər Əliyev və Zərifə xanımın ailəsi ilə Arif Paşayev və Aidə xanım İmanquliyevanın ailəsi qohum oldu: görkəmli yazıçı Mir Cəlalın nəvəsi Mehriban xanım Heydər Əliyevin gəlini, İlham Əliyevin həyat yoldaşı oldu.

Bu gün UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri missiyasını böyük şərəflə daşıyan Mehriban xanım düşdüyü ocağın, qohum olduğu ailənin Azərbaycan tarixindəki rolunu gözəl bilən, şərəfini uca tutan, daşıdığı soyadın şərəf və ləyaqətini əzmlə qoruyan bir xanımdır. Həm görkəmli həkim, həm sevimli həyat yoldaşı, həm də ana kimi Zərifə xanımın canlı obrazı Mehriban xanımın da taleyində mühüm rol oynayıb. O, Zərifə Əliyevanın ailə məktəbini keçdi, Heydər Əliyevin canlı dövlətçilik və idarəçilik təcrübələrini mənimsədi. Birinci xanımlıq missiyası da əslində, müəyyən varisliklə bağlıdır. Həm Zərifə Əliyevaya, həm də Mehriban Əliyevaya Azərbaycanın birinci xanımı olmaq şərəfi nəsib oldu.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Azərbaycan tarixində məşhur olan xanımların - Tomirisin, Nüşabənin, Məhşibanu Şəmiranın, Şirinin, Mömünə Xatunun, Zahirə Xatunun, Mehrican Xatunun, Şahsarayın, Sara Xatunun, Tuti Bikə və başqalarının tarixi-qəhrəmanlıq və idarəçilik ənənələrini əzmlə davam etdirir. O, Prezident İlham Əliyevin sevimli və sədaqətli həyat yoldaşı, etibarlı silahdaşı olmaqla bərabər, üç gözəl övlad - iki qız və bir oğul anasıdır. İndi ailədə bir ana nəvazişi ilə nəvə Heydər böyüyür.

Mehriban Əliyeva Heydər Əliyev Fondunun rəhbəri olaraq genişmiqyaslı, tarixi əhəmiyyətli işlər görür. İlk növbədə, dünyanın böyük siyasətçisi, Heydər Əliyevin irsi həm Azərbaycanda, həm də dünya miqyasında təbliğ olunur. Bu zəngin irsin nəzəri-tarixi mahiyyəti dünya üçün açılır. Böyük diqqət və qayğı ilə Heydər Əliyevin nəzəri irsi Azərbaycanın mənəvi sərvətləri sırasında mükəmməl və nəfis şəkildə nəşr olunur, cildlərə çevrilir. Gələcəyi quran gənclər üçün dərslik kimi daha dərindən öyrənilir. Ümumiyyətlə, Azərbaycanın mənəvi sərvətlərinin yaşarlığının təmin olunmasında Mehriban xanımın əvəzsiz xidmətləri var. Onun ardıcıl və inamlı fəaliyyəti sayəsində, təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanda maarifçilik və təhsilin inkişafı layihələri həyata keçirilir. Modern texniki bazaya malik yeni və gözəl məktəblər tikilir. Azərbaycan xalqının ən dəyərli və milli-mədəni sərvəti olan Muğam sənəti dünyaya yayılır, Beynəlxalq Muğam müsabiqələri keçirilir, Azərbaycan muğamları kompakt disklərdə dünyaya yayılır və UNESCO-nun qiymətli mədəni irsi fonduna daxil olur.

Zərifə Əliyevanın mənəvi irsini, təbiətinin zəngin aləmini əxz etmiş Mehriban xanım Əliyeva dünyada öz xeyirxah missiyasının tanınmış, görkəmli lideridir. O, yüksək dövlətçilik hissinə, ciddi tarixçilik duyğusuna malik intellektual şəxsiyyətdir. Gördüyü işlərin misli və miqyası bilinməyən bu iradəli xanım özündə zəriflik və sərtliyi ülvi bir gözəlliklə birləşdirən qadın etalonudur. O, keçmişə güvənir, bu günü yaradır və gələcəyin adamı kimi fəaliyyət göstərir. O özü bu barədə belə yazır: "Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir... Kimsənsə elə də olmalısan - bax budur bizim həyatımız. Ona görə də özgələrin rollarını və obrazlarını gərək öz üzərinə götürməyəsən. Çünki sənin də dünyada yerin yeganə və bənzərsizdir".

İndi Azərbaycanda ardıcıl olaraq mədəni-kütləvi tədbirlər həyata keçirilir. Böyük təqdimatlar olur. Ayrı-ayrı tədbirlərdə biz Mehriban xanım Əliyevanın çox dəyərli çıxışlarının şahidiyik. Onun dəyərli fikirlərini, cəmiyyət, insan, həyat haqqında ümumiləşdirilmiş mülahizələrini dinləyirik. Mehriban xanımın bu fəlsəfi mülahizələri böyük sufi Mövlanə Cəlaləddin Ruminin məşhur "Ya olduğun kimi görün, ya da göründüyün kimi ol!" kəlamı ilə üst-üstə düşür. Görünür, təfəkkür etibarilə tarixiliyə istinad edən birinci xanım xəyal və idrakın vəhdətini şəxsiyyətin mənəvi qüdrətinin əsası kimi qəbul edir.

A.Lamartinin belə bir fikri var: "Bütün əhəmiyyətli işlərin başında qadınlar dayanır".

Böyük romantik filosof-şair Hüseyn Cavid isə: "Qadın gülürsə, şu işsiz mühitimiz güləcək, sürüklənən bəşəriyyət qadınla yüksələcək", - deyirdi.

Mehriban Əliyeva qloballaşan dünyanın lider xanımı, xoşməramlı səfiridir. Qloballaşma heç də bütün nəticələri müsbət olan bir proses deyil. Qloballaşma mədəniyyətlərin və mənəviyyatın inteqrasiyasını tələb edir. Bu istiqamətdə müəyyən dağıdıcılıq imkanlarına da malikdir. Bunu beynəlxalq səviyyəli həqiqətləri böyük şərqşünas alim, professor Aidə İmanquliyevanın yubileyinə həsr edilmiş Beynəlxalq İbn Ərəbi simpoziumundakı məruzələrindən də eşitdim.

Mehriban xanım Əliyeva "Heydər Əliyev Fondunun gördüyü işlərin dünyəvi əhəmiyyəti bir də bundadır ki, o, Azərbaycan mədəniyyətinin milli müəyyənliyini qoruyur, bizim milli kimliyimizi itməyə qoymur, öz mədəni-tarixi işləri ilə milli özünüdərkə, milli-mənəvi varlığımızın dürüstlüyünə xidmət edir", - deməklə qarşıda duran məqsəd və məramı açıqlayır.

Qəlbində böyük bir Azərbaycan idealı yaşadan, dahi Heydər Əliyevin formalaşdırdığı, Prezident İlham Əliyevin dövlət quruculuğuna uğurla tətbiq etdiyi azərbaycançılıq fəlsəfəsi, istiqlal məfkurəsi Mehriban xanımın milli mədəniyyət və maarifçilik strategiyasının əsasını təşkil edir. Bununla bərabər, Mehriban Əliyeva qloballaşan dünyaya türk dünyası prizmasından nəzər salır. O, tarixi min illərlə ölçülən qədim türk mədəniyyətinin, türk ruhu və mənəviyyatının böyük hamisidir. Mehriban xanım bizim zəngin tariximiz, qədim adət-ənənələrimiz, etnogenimiz, musiqi mədəniyyətimiz, təhsilimiz haqqında ana dilimizdə dərin məzmunlu, məntiqli, başlıcası isə səlis üslubda parlaq nitqlər söyləyir, günü-gündən xalqımızın və sivil dünyanın nüfuzunu qazanır. Onun daha bir mənalı fikrini misal gətirmək istəyirəm: "Mən öhdəmə götürdüyüm hər bir işə çox böyük məsuliyyətlə yanaşıram. Hər zaman öz fəaliyyətimdə çalışıram ki, bir neçə amala əsaslanım. Bunlar - vətənpərvərlik, insanpərvərlik və mərhəmətlikdir".

Mərhəmətlik qadın qəlbinin ucalığını göstərən ən ali hissdir. Yəqin elə buna görədir ki, Mehriban xanım təkcə Azərbaycan uşaqlarına yox, dünyanın bütün körpələrinə öz mərhəmətli qəlbindən sevgi payı verir. Onun fəaliyyətində Prezident İlham Əliyevə sədaqət, ulu öndər Heydər Əliyevə ehtiram ifadə olunur. Buna əminlik üçün aşağıdakı sətirləri oxumaq kifayətdir: "Heydər Əlirza oğlu aydın ifadə olunan xarizmaya malik idi. Onun enerjisi ətrafda hər şeyi dəyişməyə qadir idi, onun gəlişi ilə hər şey dəyişirdi. Onun fantastik yaddaşı, intellekti, hədsiz məlumatlılığı bəzən müşkül görünən problemləri həll etməyə imkan verirdi".

Bu gün Azərbaycan dövlətçiliyinin milli inkişaf strategiyasının əsasında Heydər Əliyevin ideyaları dayanır. Bu ideyalarda həm də Zərifə Əliyevanın həyata keçməmiş arzularının ülvi ifadəsi var. Bu  ideyaları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və onun xanımı Mehriban Əliyeva əzmlə, inamla həyata keçirirlər.

 

***

 

...Hər dəfə Azərbaycanın müstəqillik tarixinin şərəf simvolu olan Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli filmə baxanda bir məqam qəlbimin ən kövrək hisslərini oyadır və bu böyük dahinin müqəddəs sevgisi heyrətə salır məni. Onun öz böyük sevgisinə, "cismində canı" yana-yana əbədiyyətə yola saldığı, əbədi sevgisi ilə ayrılığa için-için ağladığı səhnəni deyirəm.

Tər güllər, çiçəklər içində qərq olmuş və sanki əbədi sevgisinin heç zaman yaşarmayan  gözlərindəki yaşı görməmək üçün gözlərini yumub Zərifə xanım. İlahi, bu əbədi cismani itki ilə barışmaq istəməyən qəlbi necə sakitləşdirəsən?

Heç zaman heç bir qüvvənin qarşısında əyilməyən cəsarət və mərdlik mücəssiməsi olan bu böyük insan həmin gün, bəlkə də həyatında ilk dəfə idi ki, taleyin acı qismətinə dözməyib göz yaşı tökürdü. "Cismindəki can ayrılıb" əbədiyyətə, son mənzilə gedirsə, ona özgə nə qalır ki...

Amma həyatın əbədiyyət dastanı burda bitmirdi. Tanrının əzəli bir missiya üçün hazırladığı böyük şəxsiyyət uzun və gərgin mübarizəyə bir az sonra başlayacaqdır. Yox, Zərifə xanım onu bu mübarizədə tək qoymamışdı. Zərifə xanım ona dayaq, arxa olacaq iki övlad böyütmüşdü və bilirdi ki, onlar ata şərəfini uca tutan layiqli şəxsiyyət kimi böyüyüblər.

...Düz 17 il sonra əbədi sevginin həsrəti bitdi və onlar əbədiyyətdə yenə qovuşdular. Bu gün Azərbaycanın və azərbaycanlıların and yerinə çevrilən müqəddəs bir guşədə - Fəxri xiyabanda Əbədiyyət dastanının iki qəhrəmanının məzarı üzərindəki qranit abidələr sözsüz və danışıqsız sanki hər şeyi başa düşür. Onlarla, yüzlərlə, bəzən minlərlə insanın əlində gül bu ünvanın səcdəsinə gəlir və sanki mənalı həyat yaşamağa heç olmasa azaçıq da olsa, onlara oxşamağa xeyir-dua alırlar.

...Nəsil-nəsil insanların yaddaşında bir ad yaşayacaq: böyük sevginin, əbədi sevginin adı, ünvanı...

Hüseynbala MİRƏLƏMOV,

Milli Məclisin deputatı, yazıçı-dramaturq

"Azərbaycan" qəzeti, 26.04.2013