Bütün yollar Azərbaycandan keçir

 

Miqyası ilə bütün dünyaya ün salan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışına bir gün qalmış səhər adətim üzrə mətbuata nəzər yetirərkən, rəsmi dövlət nəşrimiz olan “Azərbaycan” qəzetində maraqlı bir xəritə gördüm...

Oktyabrın 30-da Bakının Ələt qəsəbəsindən Türkiyənin Qars vilayətinə doğru yola çıxacaq ilk qatarların bu torpaqlarda polad relslərlə yazdığı və hələ yazacağı tarixi nailiyyətlər gözlərim önündə canlandı. Xəritənin maraqlı məzmununda Bakı-Tbilisi-Qars layihəsinin əhatəsinin, dolaşdığı çevrələrin müfəssəl icmalı əksini tapmışdı. Xəritə sözügedən dəmir yolu xəttinin geostrateji əhəmiyyətini topoqrafik işarələrin dili ilə əks etdirdiyi qədər, bir rəsm əsəri kimi də dolğun bədii təəssürat yaradırdı.

Gözlərimi uzun müddət bu təsvirə zilləyib xəritə üzərində cızılmış dəmir yolu marşrutunun dolaşıq kələfini açmağa çalışdım. Dünyanın müxtəlif regionlarında şaxələnən, kəsişən, ayrılan xətlər ilk baxışda düşüncələrimi xeyli çətinə saldı. Amma əlimdəki qələmin bələdçiliyi ilə bu kələfin ən düyünlü yerlərindən xəritədəki doğma qartal təsvirinə - Azərbaycanımıza, Bakıya doğru irəlilədikcə təfəkkürüm aydınlaşmağa başladı.

Bayaqdan fikirlərimi də özü kimi dolaşdıran xətlər Türkmənistan ərazisindən üzübəri birdən-birə sadələşdi, rəvanlaşdı, avanda düşdü. Çünki, Pekindən Londona, Londondan Pekinə, gündoğandan günbatana qədər düzü-dünyanı dolaşan, gah kəsişən, gah şaxələnən, gah düyünlənən, gah ayrılan bütün xətlər məhz Bakıda qəribə bir nizamla birləşirdi...

Bütün yollar məhz Odlar yurduna doğru aparırdı...

Burada sahmana düşəndən sonra Şərqdən Qərbə, Qərbdən Şərqə doğru düz və aydın ardıcıllıqla özünə davam edirdi.

Bakı-Tbilisi-Qars dəmir yolu xətti həmin xəritənin dili ilə bu sətirlərin müəllifinə öz mahiyyətini anlatmışdı artıq...

Bir ədəbiyyat adamı üçün daha bundan parlaq təəssürat ola bilməzdi.

Həmin təsvirə baxa-baxa Azərbaycanın geostrateji əhəmiyyətini, bu məkanın dünya üçün hansı anlamı daşıdığını, ölkəmizin öz əzmkarlığı, dövlət rəhbərimizin siyasi qətiyyəti, xalqımızın vəhdəti hesabına reallığa çevirdiyi daha bir əfsanənin - Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin həyatımıza hansı üstünlükləri gətirə biləcəyini bir daha fərq etdim...

***

İstənilən yol, o cümlədən dəmir yolu adi bir kommunikasiya vasitəsi olmaqdan daha böyük məna daşıyır. Yol, mədəniyyətlər arasında qırılmaz bağdır, nəsillərdən-nəsillərə mənəvi körpüdür, bir-birini əvəzləyən ictimai-iqtisadi formasiyaların ardıcıllığıdır, zamanın əbədi hərəkətində yaranan tarixdir.

2017-ci il oktyabrın 30-da Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışını edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətləri bununla yeni bir tarix yaratdılar.

Avrasiya məkanı üçün intibah layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istismara verilməsi ilə bir zamanlar dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyənləşdirmiş qədim İpək yolunun polad magistrallar üzərində bərpası mümkün oldu.

Bu sətirləri qələmə alarkən bir anlıq geriyə boylanıb 1998-ci ilin 7-8 sentyabrını yada salıram. Bakının qızmar, dəniz ətirli yayı ilə vidalaşıb, qızıl payızını qarşılamağa hazırlaşan Bakı sakinləri ilk baxışdan adi gələn o günlərdə, əslində, paytaxtımızda hansı mühüm hadisənin yaşandığının, necə möhtəşəm bir gələcəyin təməlinin qoyulduğunun, bəlkə heç fərqində deyildi.

Amma onda o gələcəyə doğru ilk qətiyyətli addımlar atılırdı. Xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 7-8 sentyabr 1998-ci il tarixində Bakı şəhərində 9 ölkənin (Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qırğızıstan, Moldova, Rumıniya, Türkiyə, Özbəkistan, Ukrayna) dövlət başçısı, 13 beynəlxalq təşkilat və 32 dövlətin nümayəndə heyətinin iştirak etdiyi tarixi İpək yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirildi. Avropa İttifaqının TRASECA proqramı əsasında “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında əsas çoxtərəfli Saziş” imzalandı və Bakı Bəyannaməsi qəbul olundu.

Bölgədə yerləşən ölkələrin ticarət-iqtisadi, nəqliyyat əlaqələrinin inkişafı, yük və sərnişinlərin beynəlxalq daşınması, tranzit daşınmalar üçün əlverişli şəraitin yaradılması, yük daşınmalarının müddətinin qısaldılması, nəqliyyat siyasətinin uyğun olaraq aparılması, daşınma tarifləri və vergilərə xüsusi güzəştlərin tətbiqi, müxtəlif nəqliyyat sahələri arasındakı əlaqələrin koordinasiyası, yük və sərnişin daşımaları üzrə beynəlxalq və daxili tariflər sahəsində uyğunlaşdırılmış siyasətin həyata keçirilməsi, çoxmodallı (birləşmiş) daşımaların təşkil olunması üzrə uyğunlaşdırılmış fəaliyyət proqramının işlənib hazırlanması tarixi İpək yolunun bərpası ideyasının əsas məqsədlərini təşkil edirdi.

Ulu öndərin irəli sürdüyü bu ideya əsasında qəbul olunan TRASECA layihəsinin reallaşdırılması məqsədilə ötən illər ərzində mühüm tədbirlər həyata keçirildi. Bu nəqliyyat dəhlizinin Azərbaycandan və digər ölkələrdən keçən hissəsində yüz kilometlərlə rahat yollar çəkildi. Heydər Əliyevin banisi olduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz xətti kimi enerji-kommunikasiya layihələri də bu tarixi nəqliyyat dəhlizinə əlavə olunmaqla böyük İpək yoluna yeni siyasi-iqtisadi məzmun qazandırdı. 1998-ci ildə qəbul olunmuş Bakı Bəyannaməsi Bakı-Tbilisi-Qars layihəsinin də siyasi qayəsini təşkil edirdi.

Oktyabrın 30-da bu layihənin gerçəkliyə çevrilməsi isə böyük İpək yolunun polad qollar üzərində bərpası demək oldu. Bununla da Asiya və Avropa Azərbaycanın məqsədyönlü siyasəti sayəsində tarixi missiyasını bərpa edən böyük İpək yolu timsalında etibarlı dostluq, qarşılıqlı etimad, inam, tarazlı inkişaf üçün daha bir şans qazanıldı.

***

İndi bu qeydlərin hər sətri gələcək nəsillər üçün böyük bir salnamə deməkdir. Şübhə etmirik ki, nə vaxtsa bu faktların hərəsi ayrı-ayrılıqda silsilə elmi tədqiqatların mövzusuna çevriləcək.

Ona görə də Bakı-Tbilisi-Qars layihəsi ideyasını bu yerlərə gətirən epizodları müxtəsər şəkildə bir daha yada salmaqla gələcək tədqiqatçılara köməyimizi əsirgəməyək.

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə dair saziş 2007-ci il fevralın 7-də Tbilisidə imzalanıb. Elə həmin ilin noyabrında Gürcüstanın Marabda məntəqəsində dəmir yolu xəttinin təməli qoyulub. 2008-ci ilin iyulunda isə Qars şəhərində Qars-Gürcüstan sərhədi hissəsinin tikintisinin təməlqoyma mərasimi keçirilib. Ümumi uzunluğu təxminən 850 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir.

Proqnozlara görə, Bakı-Tbilisi-Qars dəmir yolu ilə üçüncü istismar ilində 3-5 milyon ton, beşinci istismar ilində 6-8 milyon ton yük, bundan sonra isə ildə 3 milyon sərnişin və 17 milyon ton yük daşınacaq.

***

Elə bir dünyada yaşayırıq ki, indi ölkələr, xalqlar, insanlar arasında ən çox kommunikasiyaya ehtiyac var. Qloballaşma adlandırdığımız reallıq da elə aradakı məsafələri ortadan götürən, toplumları bir-birinə yaxınlaşdıran texniki vasitələr üzərində bərqərar olur. Üstəlik, indi hamı bu vasitələrin ən rahatını, daha tez başa gələnini, etibarlısını axtarır.

Əgər dünyanın gündoğanı ilə günbatanı arasında bir an da ara verməyən qarşılıqlı mübadilələri, yük və sərnişin daşımalarının ildən-ilə artan həcmini nəzərə alsaq və onu da təsəvvür etsək ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti indi Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur, bu layihənin dünya üçün önəmi bizdən ötrü bir daha əyan olar.

Eyni zamanda, dəmir yollarının qan kapilyarları kimi köksünə dolaşdığı planetimizi təsəvvürümüzə gətirsək və yada salsaq ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti belə bir dünyada 100 böyük layihədən biridir, o zaman bu layihənin strateji əhəmiyyətini yenidən fərq etmiş olarıq.

Hər bir nailiyyətdən bədgüman olan, hər yeniliyin saysız-hesabsız uğurları içindən nəsə bir qeyri-müəyyənlik axtarmağa çalışan bəzi qeyri-konstruktiv düşüncəli “biləndərlərimiz”in bədbin yozumlarını oxuyanda, açığı, hərdən narahat olurdum. Onlar indiki okean laynerlərinin çox böyük yükdaşıma imkanlarını nəzərə alaraq dəniz yolunun Avropa və Asiya üçün dəmir yollarından daha sərfəli olduğunu əsaslandırmağa çalışır, Bakı-Tbilisi-Qars layihəsinin Azərbaycan üçün gəlir perspektivlərinə kölgə salmaq istəyirdilər.

İndi məlum olur ki, dünya üzrə avtomobil yolları ilə daşınan yüklərin 2030-cu ilə qədər 30 faizinin, 2050-ci ilə qədər isə 50 faizinin dəmir yolları üzərinə keçirilməsi proqnozlaşdırılır. 2050-ci ildə 2005-ci ilə nisbətən dəmir yolu ilə daşımaların 87 faiz artması gözlənilir.

Bu halda belə bir layihəni ərsəyə gətirmək Azərbaycanın gələcəyə müdrikcəsinə hazırlığıdır. Ölkə rəhbərimizin aydın vizyonudur, indiki günlərimizdən yarım əsr sonranı da düşünə bilib, buna uyğun davranma bacarığıdır.

Dünyanın bir sıra siyasi reallıqlarını, eləcə də coğrafi amilləri nəzərə alsaq, dəmir yolu ilə daşımaların aktual olduğu bütün dövrlərdə bu layihə ölkələr üçün ən sərfəlisi sayılacaq. Asiyada yüklərin əsas yaranış ölkəsi olan Çin artıq bu xəttə böyük maraq göstərir. Layihə Qazaxıstan üçün də çox səmərəlidir. Çünki bu yol Türkiyənin Mersin limanı vasitəsilə Aralıq dənizi regionuna çıxışı təmin edir. Odur ki, bu dəmir yolu xətti Transavropa və Transasiya dəmir yolu şəbəkələrinin birləşməsində çatışmayan bağlantını tamamlayır. Bununla da Avropa ilə Asiya arasında daşımalarda yekun bənd kimi çıxış edir. Bu yol istifadəyə veriləndən sonra mövcud yükdaşımalarla müqayisədə zaman fərqi düz iki dəfəyədək azalacaq.

Ola bilər ki, əsrlər sonra Bakı-Tbilisi-Qars layihəsi texniki baxımdan daha da müasirləşdiriləcək. Qatarların sürəti artacaq, dövrümüzün yüksək təfəkkür sahiblərinin hazırda üzərində işlədikləri “Hyperloop” ideyası reallığa çevriləndən sonra vakkumla işləyən kapsul qatarlar bu marşrut boyunca da şütüyəcək, kim bilir, amma marşrutun özü dəyişməyəcək.

Çünki bu layihəni düşünən elə düşünüb ki, hər zaman, Azərbaycana da, regiona da, bölgəyə də böyük fayda gətirsin...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da açılış mərasimində vurğuladığı kimi, bu layihə böyük çətinliklər, gərgin zəhmət hesabına başa gəldi. Bizim görüb-izlədiklərimiz, əsasən işin texniki tərəfləridir, geniş bir coğrafiyada, mürəkkəb relyef şəraitində aparılmış inşaat prosesində qarşıya çıxan çətinliklər haqqında mühəndis təsəvvürləridir.

Siyasət, diplomatiya pərdəsi arxasında bu layihəyə əngəl olmaq istəyənlərin namərdliklərindən, belə bir böyük perspektivi öz tərəfinə çəkmək istəyənlərin əməllərindən o qədər də geniş məlumatlı deyilik.Bunları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hamımızdan yaxşı bilir. Çünki bizim sadəcə, təsəvvür edə bildiyimiz mümkün detalların hər biri ilə o, tək-tək məşğul olub, bunların hər birinə vaxt, enerji sərf edib.

Adicə misal: Bakı-Tbilisi-Qars layihəsinin hələ ideya kimi irəli sürüldüyü zamanlar buna bənzər digər bir layihənin reallaşmasından ötrü Ermənistan rəhbərliyi və onların havadarları bütün güclərini ortaya qoymuşdular. Qars-Gümrü-Tbilisi adlandırılacaq layihənin bəzi hissələri, üstəlik, hazır idi.

Ancaq Prezidentin qətiyyəti, beynəlxalq aləmdəki yüksək şəxsi nüfuzu, dövlətimizin gücü, etibarlı tərəfdaş imici, getdikcə artan qüdrəti ilə iştirak etdiyi bu cür qlobal layihələrə əlavə dəyər qazandırması işğalçı Ermənistanı bu məsələdə də oyundan kənarda saxladı.

Dünya yenə onları deyil, bizi seçdi...

***

Belə bir qlobal kommunikasiya xəttinin işə düşməsi böyük düşüncə sahiblərimizin regionda hər zaman arzusunda olduqları sülh və sabitlik, sosial-iqtisadi inkişaf mühiti üçün böyük zəmanətdir. Bu dəmir yolunun misilsiz imkanları sayəsində Azərbaycan, Gürcüstan və Türkiyə mühüm tranzit qovşağına çevrilir.

Tarixi İpək yolu üzərində qərar tutan bu dəmir yol xətti uczus-bucaqsız bir coğrafiyada türkdilli ölkələrin birliyinə atılmış polad imzadır, həm də... Bunu dörd böyük türkdilli məmləkətin - Azərbaycanın, Türkiyənin, Qazaxıstanın və Özbəkistanın dövlət və hökumətlərinin rəhbərlərinin açılış günü simvolik olaraq relsləri birləşdirmək üçün irəli uzanan qardaş əllərindən bir daha duymaq olardı.

Belə birgə əllər, onların gücü hər zaman görmək istədiyimiz mənzərədir. Zatən, Azərbaycan türkdilli ölkələrin dövlət rəhbərlərinin iştirakı ilə təşkil etdiyi müxtəlif toplantılar, forumlar, zirvə görüşləri, konfranslar vasitəsilə bu mənzərəni tez-tez yaratmağa çalışır. Sadəcə, indi zəmanənin gərdişi elədir ki, birlik, bərabərlik üçün təkcə ortaq köklərə, ortaq keçmişə bağlılıqla iş bitmir. Gərək ümumi sosial-iqtisadi maraqları müəyyən edib onları reallaşdırmaqla ortaq gələcək üçün də nələrsə edəsən.

Azərbaycan bu layihə ilə türk dünyasının bəlli bir hissəsinin ortaq gələcəyini, bu coğrafiyada yerləşən türkdilli ölkələrin inteqrasiyasını təmin etmiş oldu. Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan, həmçinin Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. Ona görə də adı çəkilən ölkələrin hər biri belə layihədə iştirakda maraqlıdır.

Bakı-Tbilisi-Qars layihəsinin əsas üstünlüklərindən biri də odur ki, Azərbaycan Gürcüstan ərazisindən keçməklə Türkiyə ilə birbaşa dəmir yolu əlaqəsinə sahib olur.Canı canımızdan, qanı-qanımızdan olan, müstəqillik tariximizdə çox önəmli rol oynayan, dünyadakı bütün dövlətlər içində özümüzə ən yaxın bildiyimiz bu qardaş ölkə ilə bizim indiyə qədər dəmir yolu əlaqələrimiz yox idi. İndi Azərbaycandan ikinci vətənimiz Türkiyəyə doğru uzanıb gedən polad relslər bizi bir-birimizə daha da möhkəm bağlayacaq, birgəliyimizi əbədi və hər kəs üçün faydalı edəcək.

Və ən əsas məqamlardan biri... Bu layihə Naxçıvan Muxtar Respublikasını da əhatə edir. Yaxın gələcəkdə Qarsdan Naxçıvana ayrıca dəmir yolu xəttinin çəkilməsi nəzərdə tutulur. Bu isə uzun illərdən bəridir ki, işğalçı Ermənistanın yaratdığı blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının blokadadan çıxması, onun nəqliyyat müstəqilliyinin təmin olunması deməkdir.

***

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsi Azərbaycanın dövlət müstəqilliyini daha da gücləndirir. Dövlətimizin iqtisadi gücünə güc qatır.

Eyni zamanda, bu layihənin icrasında nadir əməkdaşlıq formatı göstərən üç ölkə - Azərbaycan, Gürcüstan və Türkiyə timsalında bütün dünyaya nümayiş etdirir ki, əgər niyyətlər təmiz olsa, amallar bəşəriyyət üçün faydalı hədəflərə yönəlsə, bütün dövlətlər və xalqlar sülh, əmin-amanlıq içində yaşaya bilər. Mədəniyyətlərin toqquşmasına deyil, birləşərək, dil taparaq dünyamızın xoşbəxt gələcəyinə yönəlməsinə hər kəs öz faydasını verər. Yetər ki, dövlətlər, xalqlar, liderlər buna can atsınlar. Xırda maraqlar uğrunda deyil, böyük ideyalar uğrunda yaşasın, təkcə bu günün maraqları üçün deyil, ümumilikdə tarix üçün yaşamaq barədə düşünsün, tarixdə nəcib əməlləri ilə xatırlanmaq istəsin, buna qətiyyət göstərsin.

Azərbaycan, Gürcüstan və Türkiyənin sarsılmaz dostluğu, bu birgəliyin əsəri olan digər qlobal-enerji kommunikasiya layihələrinin davamı olaraq dünyamıza indi bir dəyər də qazandırdı.

“Bir çoxları, xüsusilə bəzi xarici dairələr Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə inanmırdılar. Hesab edirdilər ki, bunun reallaşması mümkün deyil, bunun reallaşması üçün lazım olan texniki imkanlar və maliyyə vəsaiti imkan verməyəcək ki, bu layihə gerçəkləşdirilsin” - deyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimindəki nitqində üç ölkənin amal birgəliyinə belə qiymət verirdi: “Ancaq üç ölkə göstərdi və sübut etdi ki, bu, mümkündür. Bizim güclü iradəmiz, qarşılıqlı dəstək, bir-birimizə inam olan yerdə bütün işləri görmək mümkündür. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi bunun əyani misalıdır. Əminəm ki, regional əməkdaşlığa ən böyük töhfə verən ölkələr - Azərbaycan, Gürcüstan və Türkiyə bundan sonra da daim bir yerdə olacaqlar, bir-birini dəstəkləyəcəklər”.

***

Bakı-Tbilisi-Qars dəmir yolu xətti üç ölkə liderinin elə bir nəcib əməlidir ki, onun faydalarını Azərbaycan həyatının ən fərqli sahələrində duyub hiss etmək olacaq.

Azərbaycan bir enerji ölkəsidir. Malik olduğumuz zəngin təbii resursları, emal məhsullarımızı dünya bazarlarına çıxarmaqdan ötrü nə qədər çox yollarımız olsa, bir o qədər karımızadır.

Bakı-Tbilisi-Qars dəmir yolu regionda daha bir enerji dəhlizinin əsasını qoyur. Azərbaycan özünün neft-kimya məhsullarını bu xətt üzərindən bütün dünyaya çatdırmaq imkanı qazanır.

Üstəlik, Türkiyə ilə Orta Asiya ölkələri arasındakı yükdaşımalarını həyata keçirən mövcud nəqliyyat qurumları bu xətdən faydalanacaqlar ki, bu da Azərbaycan üçün hər il tranzit imkanlarından gələn külli-miqdarda qazanc deməkdir.

Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Azərbaycanda, Gürcüstanda və Türkiyədə məşğulluq və kiçik sahibkarlığın inkişafında da böyük bir canlanma yaradacaq. Mərkəzdə və regionlarda yaşayan hər bir sahibkar istehsal etdiyi məhsulu, el dilimizdə desək, “qatar ayağına” çıxarıb çox asanlıqla dünya bazarlarına sata biləcək. Yüklərin marşrutlar boyunca emalı meyilləri genişlənəcək, əlavə dəyərlər yaradılacaq, ixrac və xidmət üçün yeni sahələr formalaşacaq.

Və bütün bunların hamısı insana xidmət edəcək. Onun rifahını yaxşılaşdıracaq, sıravi insanın kasıbçılığın daşını atmasına, halal zəhmətin təknələri halal ruzi ilə doldurmasına kömək göstərəcək.

***

Təsəvvür edin ki, Bakıda qatara əyləşən sərnişin cəmi bircə günə Qarsa, iki günə isə İstanbula çatır. Həm də hər cür şəraitə malik qatarlarda özünü ev rahatlığı içində hiss edərək. Tanrının qafqazlılara, Qara dəniz bölgəsinə bəxş etdiyi gözəllikləri qatarın aynalarından gözlərinə köçürə-köçürə... Üstəlik, çox da ucuz qiymətə. Bu, bölgədə artıq inkişafa başlamış turizmin sıçrayışı üçün böyük bir imkan deməkdir. Belə bir imkandan ən çox barınan isə özünün zəngin turizm potensialını reallaşdırmaq üçün son illər davamlı tədbirlər görən və ciddi nəticələr qazanan Azərbaycan olacaq.

Ölkəmiz bu layihə ilə yanaşı, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması istiqamətində də önəmli addımlar atır. Cənab İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycan ərazisində Şimal-Cənub dəmir yolu layihəsi ilə bağlı bütün işlər tamamlanıb, bütün infrastruktur artıq hazırdır. Eyni zamanda, Azərbaycan digər ölkələrdə infrastrukturun yaradılması ilə bağlı öz texniki və maliyyə imkanlarını ortaya qoyur.Azərbaycan Prezidenti bu yöndə görülən işlərin mahiyyətini açılış mərasimində belə izah etdi: “Biz indi Şimal-Cənub və Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizlərinin inteqrasiyası istiqamətində işləyirik, çalışırıq və hesab edirəm ki, bu mümkündür. Əminəm ki, gələcəkdə Şimal-Qərb və Cənub-Qərb nəqliyyat yolları istifadəyə veriləcəkdir. Bu iki nəhəng layihə bir çox böyük ölkələri birləşdirəcək.

Bakı-Tbilisi-Qars tarixi İpək yolunun bir hissəsinin bərpası deməkdir və bundan Çin, Qazaxıstan, Orta Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa ölkələri istifadə edəcəklər. Şimal-Cənub nəqliyyat dəhlizi Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Avropa ölkələrini birləşdirəcək. Azərbaycan hər iki layihədə fəal iştirakçıdır və öz maliyyə resurslarını ortaya qoyan ölkədir”.

Yol yoldaşlıqdır, doğmalıqdır, gediş-gəlişdir, qonaq-qaradır, insanların bir-birinə güvənidir, bir-birindən görüb-götürməsidir...

Əcdadlarımız tarixi İpək yolunu bu niyyətlə çəkmişdilər...

Bu yol bizim eranın I minilliyindən başlayaraq II minilliyin ortalarına qədər Avropa və Asiyadan çarpaz şəkildə keçən marşrutlar şəbəkəsini əks etdirirdi. Yolun əsas hissəsi öz başlanğıcını Çinin paytaxtı Çanqandan götürürdü. Eramızdan əvvəl IV əsrdə Makedoniyalı İsgəndər Mərkəzi Asiya istiqamətində Hind çayını keçəndə, artıq Çin ipəyinin Aralıq dənizinə çıxışı var idi. Bu qeydlərə əsasən, İpək yolunun tarixinin bizim eradan əvvələ təsadüf etdiyi məlum olur.

Ticarət və kommunikasiya üçün zəruri element olan dəniz yolları da İpək yolunun bir hissəsi kimi çıxış edirdi. VII və VIII əsrlərdə Çin, Koreya və yapon gəmiləri Şərqi Çin və Yapon dənizlərini keçərək yükləri qitədən Yaponiyaya daşıyırdılar. Çin gəmiləri həm də Hindistan və İrana, XV əsrdə hətta Afrikaya da üzürdülər. XVI əsrdə isə portuqaliyalılar və digər Avropa xalqları Şərqi Asiyaya üzməyə başladılar.

Bir çox mühüm elmi və texnoloji innovasiyalar Şərqdən Qərbə məhz İpək yolu vasitəsilə aparılmışdı. Barıt, maqnit kompası, çap dəzgahı, musiqi alətləri, ipək, keramik və boyalı məmulatlar kimi yeniliklərin ötürülməsi tədricən baş vermişdi. O zaman Qərbin onların yaranması haqqında heç təsəvvürü belə, yox idi.

1492-ci ildə Amerika qitəsinin kəşfindən sonra bu yolun əhəmiyyəti xeyli azaldı. Bu da Çin və ona yaxın ərazilərdən gətirilən malların Amerikanın özündə istehsal edilməsi ilə bağlı idi. Hindistana dənız çıxışı tapıldıqdan sonra isə böyük İpək yoluna demək olar ki, ehtiyac qalmadı. Beləcə, tədricən öz əhəmiyyətini itirməyə başlayan böyük İpək yolu XVI əsrə doğru tamamilə yaddan çıxdı.

Mövcud olduğu dövrdə böyük İpək yolu keçdiyi ölkələrin həyatında mühüm rol oynayaraq, onların əlaqələrinin inkişafına böyük təkan vermişdi. Dünyanı əsrlər boyu xoş əməllər ətrafında birləşdirmişdi.

Bu gün əks proseslər baş verir. Bir zamanlar böyük İpək yolunun süqutuna aparan qlobal proseslər, indi bu yolu yenidən aktuallaşdırır, tarixin səmtini yenidən bu yola döndərir. Çünki inkişaf günəşi yenə də Şərqdən doğmağa başlayıb.

İlham Əliyev kimi liderlərin mətin əlləri ilə bu yolun polad məhvərlər üzərində yenidən qurulması isə onu bundan sonra əbədi edir…

Bu, Prezident İlham Əliyevin Azərbaycan adından qloballaşan dünyamıza əsrarəngiz töhfəsidir.

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Azərbaycandan gələcəyə uzanan polad qollardır.

Bu qolların gücü, möhkəmliyi isə bu yurdun insanlarını hər zaman güvəndə saxlayacaq…

 

Hüseynbala MİRƏLƏMOV,

Milli Məclisin deputatı, yazıçı-dramaturq

 "Azərbaycan" qəzeti, 4 noyabr, 2017