Əbədiyyətə qovuşan ömür

tribunalardan səslənən çıxışları, nitqləri öz dəqiqliyi və aydınlığı ilə bütün həmkarlarının diqqətini özünə cəlb edirdi. O, bir qayda olaraq, mətnə baxmadan, möhkəm yaddaşına bel bağlayaraq, mövzunu diqqətlə hazırlanmış rəngli slaydlarla və cədvəllərlə izah edərək çıxış edirdi.

***

Kənardan onu müşahidə edən heç kimsə, Zərifə Əliyevanın ölkənin birinci xanımı olduğunu güman edə bilməzdi. Zərifə xanım heç zaman Heydər Əliyev şəxsiyyətinin arxasında daldalanmamışdı. Zərifə xanım xarakterinin gücü, səyi, zəhmətli əməyi, ağlı, iradəsi və xeyirxahlığı sayəsində özünə canlı abidə ucaltmışdı.

Zərifə xanım Əliyeva xəstə qarşısında şəfası, şəfqəti ilə nur saçan həkim, kolleqaları arasında mehriban, kömək əli uzatmağa hər an hazır olan həmkar, cəmiyyətdə Azərbaycan qadını adının dəyərini, qadın fəallığı ənənələrinin ən gözəl xüsusiyyətlərini təmsil edən ziyalı Azərbaycan xanımı, evdə, ailədə isə doğmalarından sevgisini bir an belə əsirgəməyən qayğıkeş ana idi.

Sonralar Prezident İlham Əliyev xatırlayacaqdı: "Anam vəfat edəndə mənim böyük qızımın hələ heç bir yaşı da tamam olmamışdı. Qızlarımın öz nənələrini görməmələrini böyük itki hesab edirəm. Anamın vəfatından sonra mənim, eyni zamanda bizim ailənin həyatı çox dəyişdi. Mən daha onun sağlığındakı kimi gülə bilmirəm. İllər keçsə də, həyatımda hansısa sevindirici hadisə baş verirsə, mən təəssüflənirəm ki, anam bunu görmədi, o indi sağ olsaydı, çox sevinərdi".

Amma bircə təsəlli var ki, Zərifə xanım hər bir ananın ən çox arzuladığı hadisənin sevincini yaşadı, övladının toyunu görmək ona nəsib oldu. Həmin gün iki nəcib ailə - Heydər Əliyev və Zərifə xanımın ailəsi ilə Arif Paşayev və Aida xanım İmanquliyevanın ailəsi qohum oldu: görkəmli yazıçı Mir Cəlalın, ustad jurnalist Nəsir İmanquliyevin nəvəsi Mehriban xanım Heydər Əliyev ocağına gəlin köçdü.

Ulu öndər söz düşəndə xatırlayırdı: "Ölümünə az qalmış Zərifə uşaqların ailə qurması üçün çox israr edirdi. Elə hey deyirdi: "Tezliklə toylarını görsəydim." Elə bil tezliklə öləcəyini hiss edibmiş. Gəlinimizi də özü gözaltı edib bəyənmişdi. Vəfatından bir az əvvəl Bakıya gəldi, İlhamın gələcək həyat yoldaşı ilə görüşdü, toyu Moskvada etdik. Biz qızım, oğlum və gəlinimlə birlikdə Moskvanın qırx beş kilometrliyində Siyasi Büronun bizim üçün ayırdığı bağ evində yaşayırdıq".

Onda İlham Əliyev də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna qəbul olmuşdu. Mehriban xanım isə Moskva 1-ci Tibb İnstitutunda təhsil alırdı. Zərifə xanım öz söhbətləri ilə oftalmologiya ixtisasını ona o qədər sevdirmişdi ki, Mehriban Əliyeva da məhz bu peşəni seçməyə qərar vermişdi.

"Təəssüf ki, mən Zərifə xanımla çox az ünsiyyətdə ola bildim" illər sonra Mehriban Əliyeva xatırlayacaqdı: "1983-cü ildə biz tanış olduq, 1985-ci ildə isə o vəfat etdi. Bu istedadlı və cazibədar qadını mən indi də çox böyük ehtiramla xatırlayıram..."

***

Dahilərdən hansınınsa zamanın qiymətli cəvahir kimi cilalayıb atalar sözünə çevirdiyi bir kəlamı var:  "Alim olmaq asandır, insan olmaq çətin". Əslində bunların hər ikisi çətindir. Sadəcə alimlik insanlıqdan sonra başladığından ona doğru aparan yol daha asan gəlir. Həm gözəl alim, həm də gözəl insan olmaqsa, görünür Tanrı tərəfindən seçilmişlərə qismət olan bir taledir.

Həyat Zərifə xanımı da ömrün bu qoşa anı arasında sınağa çəkdi. Və O, həm insanlığı, həm də alimliyi ilə bir insanın və bir alimin yüksələ biləcəyi ən ali məqama ucaldı.

O məqamın adı əbədiyyətdir...

Hüseynbala MİRƏLƏMOV,

Milli Məclisin deputatı, yazıçı-dramaturq

27 Aprel 2014