Azərbaycan nümunəsi

 

İlham Əliyev ölkəmizi İslam dünyasının həmrəylik məkanına, siyasi mərkəzinə çevirib

 

“Bakı -2017” IV İslam Həmrəyliyi Oyunları sona çatdı. Bu möhtəşəm tədbirin açılışı kimi, bağlanışı da yüksək təşkilatçılığı, düşündürücü məzmunu, parlaq kəhkəşanı ilə yaddaşlara yazıldı.

Hazırlıq işlərinə çəkilmiş gərgin əməyin xoş bəhrələrini hər birimiz böyük qürurla seyr etdik və belə bir ölkədə doğulduğumuza, belə bir cəmiyyətdə yaşadığımıza, belə günlər nəsibimiz olduğuna görə şükranlığımızı bildirdik.

Azərbaycanın müstəqillik tarixinin növbəti xoş bir hadisəsi, müsəlman aləminin birliyinə xidmət edən mədəniyyət törəni başlandı və bitdi.

Amma İslam həmrəyliyi bitmədi, bu həmrəylik davam edir.

Bu həmrəyliyin qorunmasına, daha da möhkəmləndirilməsinə, yeni imkanlara vəsilə olmasına ümidlər indi əvvəlkindən daha böyükdür.

İslam dünyasının birliyinə aparan yollar indi daha aydın görünür.

Bu ümidləri Azərbaycan közərtdi. Bu yolları Azərbaycan nişan verdi.

XX əsrin əvvəllərində “məhkum Şərq”in qaranlıqlardan işığa çıxması üçün düşüncələrdə, əməllərdə gur bir çıraq yandıraraq müsəlman Şərqinin ilk demokratik cümhuriyyətini qurmuş, bu mənəvi-coğrafi ərazinin ilk operasını, ilk teatrını yaratmış, qadınlarına ilk dəfə seçki hüququ vermiş Azərbaycan xalqı yüz il sonra eyni missiyanı bir başqa tərzdə, bir başqa formada yerinə yetirdi.

Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına tarixi məzmun gətirdi. İslam dünyasının birliyi məsələsinin qətiyyən qeyri-real bir ideya olmadığını, əgər hər kəs səmimi niyyətini ortaya qoyarsa, bu ideyanın çox asanlıqla gerçəkləşə biləcəyini, müsəlman aləminin gələcək tərəqqisinin, yalnız və yalnız belə bir həmrəylikdən keçdiyini, başqa mədəniyyətlərə hörmət ruhunda, milli-mənəvi dəyərlər işığında davamlı tərəqqidən asılı olduğunu göstərdi.

***

İslam dünyasının müqəddəs evinin ünvanı bəllidir.

Hər gün beş vaxt namaz anında milyonlarla müsəlman üzü qibləyə dayanır. Allahla sidq-ürəkdən ünsiyyətə keçən dindaşlar eyni dualarla birgə, həm də eyni istiqamətdə birləşirlər. Hər il milyonlarla müsəlman müqəddəs Kəbə evini ziyarətə yollanır, burada bir araya gəlir, dinimizin hökmlərini yerinə yetirir. Bütün bunlar İslamın əsas şərtlərindən olan mənəvi bir borcdur.

Son illər dünyada baş verən proseslər, çağdaş dövrümüzün reallıqları isə göstərir ki, bu gün İslam dünyasının müqəddəs ziyarət məkanlarından başqa, düşüncə mərkəzinə, müasir inkişaf meyillərinə qol-qanad verəsi fikir qaynağına, mütərəqqi ideyaların paylaşımına, Şərq mədəniyyətinin Qərb sivilizasiyası ilə təmasına şərait yaradan, bu iki dünyanı həm coğrafi, həm də mənəvi mənada qovuşdura bilən mədəni-siyasi məkana da ehtiyacı var.

Azərbaycan İslam dünyası üçün indi belə bir məkan funksiyasını yerinə yetirməkdədir.

Azərbaycan ölkə rəhbərliyinin qətiyyəti, illərin əziyyəti bahasına yaratdığı cəmiyyət modeli ilə, gələcəyə doğru müəyyənləşdirilmiş aydın inkişaf istiqaməti ilə müsəlman aləmi üçün bir örnəkdir həm də.

Ötən həftəsonu Ər-Riyadda keçirilən Ərəb-İslam-Amerika Sammitində izlədiyimiz məqamlar, bu mühüm toplantıda səslənən fikirlər, gələcəklə bağlı ümidlər qeyd etdiyim reallıqları bir daha təsdiqləmiş oldu.

O anlarda Bakıda “Gücümüz həmrəylikdədir” devizi altında IV İslam Həmrəyliyi Oyunları keçirilir, uzaq Ər-Riyadda isə müsəlman liderləri - Şərq sivilizasiyasının təmsilçiləri ABŞ Prezidenti Donald Trampın timsalında xristian aləminin və dünyanın fövqəldövlətinin rəhbəri ilə bir masa ətrafında toplaşaraq ümumi problemləri, onlardan çıxış yollarını müzakirə edirdilər.

Bu sammitin də devizi “Birlikdə güclüyük” idi. Çıxışlarda, müzakirələrdə səslənən fikirləri dinlədikcə Azərbaycanın indiyə kimi nə qədər uzaqgörən siyasət apardığına, həm Qərb, həm Şərq üçün parlaq bir nümunəyə çevrildiyinə, dünyanın indi həllinə can atdığı məsələləri illərdən bəri öz daxilində necə uğurla qaydasına qoyduğuna bir daha əmin oldum.

“Cəmiyyətdə tolerantlıq”, “dini ekstremizmin və radikalizmin zərərsizləşdirilməsi”, “təriqətlərarası və dinlərarası sülhün təmin olunması”... bunlar Azərbaycanın çoxdan həyata keçirib başa vurduğu və bu gün də ölkəmizdəki sülhün, sabitliyin əsasını təşkil edən məsələlər deyilmi?!

Sammitin əsas nəticələri ilə bağlı mətbuatın apardığı təhlillər İslam ölkələri arasında sağlam və səmimi həmrəyliyin əldə olunması, məzhəblərarası ədavətə və dini radikalizmə son qoyulması, müsəlman-xristian sivilizasiyası arasında yeni əməkdaşlıq formatının yaradılması, beynəlxalq terrorizmə qarşı daha effektli mübarizə aparmaq, bölgədə sabitliyi bərqərar etmək kimi üç əsas istiqamətə diqqət yönəldir.

Bunlar Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin irəli sürdüyü strateji inkişaf kursunun mühüm tərkib hissələridir.

Bu kursu davam etdirərək ölkəmizə tarixinin ən böyük uğurlarını gətirmiş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dünyaya təqdim etdiyi birgəyaşayış modelidir.

Dövlət rəhbərinin dəstəyi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən humanitar layihələrin əsas qayəsidir.

Bu sammitdən sonra indi daha əminliklə vurğulamaq olar ki, İslam dünyasını tərəqqiyə aparan yol Azərbaycandan, məhz Azərbaycandan keçir.

Orta əsrlərdəki səlib yürüşlərinin çağdaş tərzdə davamı kimi bu gün Qərbin bir sıra gizli mərkəzləri tərəfindən İslama qarşı yönəldilən hücumlar, aparılan təxribatçı fəaliyyət, əfsus ki, İslam dünyasına aid bəzi insanların da düşüncələrinə mənfi təsir göstərir. Əslində, hər hansı bir xalqı deyil, çoxsaylı toplumları öz mənəvi işığında birləşdirən, millət fərqi qoymadan ona iman gətirmiş bütün toplumların əxlaq dünyasına nur saçan İslam, görürsən ki, konkret bir xalqla eyniləşdirilir. Daha çox ərəblərin dini kimi təqdim olunur.

Əcdadlarımızın bu dini tarixin sonrakı çağlarında qılınc gücünə qəbul etdikləri əsas gətirilərək bu torpaqlarda insanların İslamdan əvvəl sitayiş etdikləri inanclara diqqət yönəldilir. O, inanclar İslam ayinləri ilə qarşı-qarşıya qoyulur.

Bunları yaza-yaza, Əli bəy Hüseynzadənin “Türklər kimdir və kimlərdən ibarətdir” adlı məqaləsini xatırlayıram. Bayrağımızdakı üç rəngin - göy türkçülüyün, qırmızı müasirliyin və yaşıl İslamın ideoloji müəllifi olan bu böyük düşüncə adamı göstərirdi ki, İslamı bizə həqiqətən ərəblər gətirsə də, Azərbaycan xalqı olaraq milli özünəməxsusluğumuzun qorunmasında bu dinin həlledici rolu olub. Tarixdən azdan-çoxdan bildiyim qədər, ayrı-ayrı coğrafiyalarda yaşayan çox türk toplumları olub ki, başqa dinlərin mühitində öz milli izlərini tamamilə itiriblər. Bu gün onların milli mənşəyini, kimliyini ayırd etmək qətiyyən mümkün deyil.

Bizsə əsrlər ərzində məhz İslam dininin qoruyucu gücü sayəsində slavyanların və başqa xalqların içində əriyib itməmişik.

Ona görə də İslam bizim üçün sadəcə bir din, inanclar, dini ayinlər toplusu deyil, xalqımızın milli-mənəvi dünyasının işıqlı bir parçasına çevrilmiş, milli ruhumuza hopmuş ali bir dəyərdir.

Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi nümunəsi ilə ilk növbədə bu dəyərə sahib çıxdı. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə bütün Qafqazın şeyxi Allahşükür Paşazadə başda olmaqla Rusiya dövlətinin tərkibindəki müsəlman məmləkətlərinin dini rəhbərləri IV İslam Həmrəyliyi Oyunları ilə maraqlanıb, yarışların uğurlu keçməsinə xeyir-dua verdilər. Bax bunun özü İslam həmrəyliyinin canlı nümunəsidir.

İslamın onu siyasi vasitə kimi yox, mənəvi dəyər olaraq uca tutan belə ölkələrin, belə cəmiyyətlərin himayəsinə indi, bəlkə də, heç vaxt olmadığı qədər böyük ehtiyacının olduğu bir zamanda Azərbaycan bu müqəddəs dəyərimizə hayan oldu. “İslam həmrəyliyi ili”ndə keçirilən IV İslam Həmrəyliyi Oyunları ilə təkcə müsəlmanların vəhdəti məsələsini gündəmə gətirmədi, həm də bu vəhdət nələrdə yaranar, İslam aləmini nələr birləşdirər, nələr güclü edər, - bunları hər kəsə əyan etdi.

Azərbaycan bu tədbirlə İslama qarşı qərəzli hücumların önünə keçdi. Məqsədli təbliğatın ancaq qara rəngdə təqdim etdiyi bu dinin əlvan mədəniyyət çalarlarına, işıqlı cəhətlərinə, xoş məramlarına nəzərləri yönəltdi. İslamın sülh, qardaşlıq, ədalət və humanizm dəyərləri fonunda təqdim olunmasının, terror çamurundan təmizlənməsinin silahın, xurafatın yox, yalnız elmin, mədəniyyətin gücünə tapınmaqdan keçdiyini anlatdı.

Göstərdi ki, İslam dünyasını üzləşdiyi çıxılmazlıqlardan cəhalət, xurafat, fanatizm deyil, yalnız və yalnız bir vaxtlar bu aləmdə mövcud olmuş zəngin elm-təhsil, mədəniyyət ənənələrinin bərpası xilas edə bilər.

Şərq yalnız bu ənənələrin gücü ilə tərəqqi tapar, öz gələcəyini müasir dünyanın çağırışlarına uyğun qurmağa müvəffəq olar.

Azərbaycan göstərdi ki, İslam aləminin gələcəyi Müqəddəs Kitabımızdakı bir çox təlqinlərin məqsədli şəkildə yanlış yozulması ilə hüquq və azadlıqların məhdudlaşdırılmasında deyil, əksinə, insanlara öz imkanlarını reallaşdırmaqdan ötrü azadlıqların verilməsindədir. Öyrənmək, bilgi toplamaq istəyən hər kəsə dəstək göstərilməsindədir. Qadınların təhsil, seçki, ictimai fəaliyyət hüququnun tanınmasındadır. Mənasız qorxularda, məhdudiyyətlərdə deyil xilas yolu, Bakı Olimpiya Stadionunda keçirilmiş açılış mərasiminin Mina obrazlı talismanı kimi istedadı kəşf olunan azərbaycanlı qızcığazın üzündəki təbəssümdədir, gəncliyin elmlərə vaqif olub Şərqi yalnız elmin, maarifin intəhasız gücü ilə qaranlıqdan aydınlığa, gerilikdən inkişafa çıxarmasındadır.

***

Azərbaycan nümayiş etdirdi ki, İslam həmrəyliyi aid olduğun dini dəyərlərin, mədəniyyətin işığında birləşməklə yanaşı, həm də başqa dinlərə, mədəniyyətlərə hörmət ruhu deməkdir, onlardan görüb-götürüb özünü inkişaf etdirməkdir.

I Avropa Oyunlarından 2 il sonra IV İslam Həmrəyliyi Oyunlarını keçirməklə, eləcə də 2016-cı ili ölkədə “Multikulturalizm ili”, 2017-ci ili “İslam həmrəyliyi ili” elan etməklə Azərbaycan fərqli sivilizasiyalar arasında tutduğu mövqeyin cəmiyyətimiz üçün təkcə coğrafi anlam daşımadığını bir daha sərgilədi. Qərb və Şərq arasındakı ziddiyyətlərin az da olsa ortadan qalxmasından ötrü mənəvi körpü rolunu növbəti dəfə üzərinə götürdü və buna nail oldu.

Azərbaycan təşkilatçılıq nümunəsi ilə, bütün İslam ölkələrini bu tədbirdə bir araya gətirə bilməsi ilə, İslam aləmində qazandığı yüksək etimadla sübut etdi ki, xalqların, dövlətlərin, cəmiyyətlərin inamını qazanmağın yeganə meyarı səmimiyyətdir. İrəli sürülən istənilən təşəbbüs, istənilən ideya ilə bağlı niyyətlərin sidq-ürəkdən gəlməsidir. Azərbaycan İslam həmrəyliyinə olan bu səmimi niyyəti ilə hər cür xırda maraqların fövqünə ucalmağı bacardı. Müsəlman dünyasında indiyə qədər də kifayət qədər güclü olan mövqelərini daha da möhkəmləndirdi.

***

I İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirilmişdi. Səudiyyə Ərəbistanı iqtisadi imkanlarına görə dünyanın, necə deyərlər, sayılıb-seçilən ölkələrindəndir. II İslam Həmrəyliyi Oyunları İranda təyin olunsa da, baş tutmamışdı. Bu Oyunların növbəti silsiləsi isə İndoneziyada təşkil olunmuşdu. İndoneziya da son illər inkişaf sürəti ilə diqqətçəkən ölkələrdəndir. Sosial-iqtisadi sıçrayışını nəzərə alaraq bu ölkəni əbəs yerə dünyanın “pələng dövlətlər”indən biri adlandırmırlar.

IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyini məhz Azərbaycanın etməsi isə ölkəmizin sosial-iqtisadi inkişaf imkanlarına görə dünyada, eləcə də İslam aləmində tutduğu öncül mövqeyin nümayişi oldu. Azərbaycandakı sabitlik və inkişaf mühitinin müsəlman Şərqinin gələcəyinə hədəflənmiş mütərəqqi təşəbbüslərin yerinə yetirilməsi baxımından yaratdığı geniş imkanlar növbəti dəfə reallaşdı.

Tədbirə hazırlıq üzrə Təşkilat Komitəsinə rəhbərlik edən Mehriban xanım Əliyevanın böyük zəhməti sayəsində Azərbaycan I Avropa Oyunları kimi İslam Həmrəyliyi Oyunlarının da bütün parametrlər üzrə ən yüksək standartlarını müəyyənləşdirdi. Gələcəkdə bu silsiləni davam etdirəcək ölkələr üçün indi həmin tədbirlərin bəlli bir meyarı var. Azərbaycan standartına can atmaq bu Oyunların ən yüksək səviyyədə təşkilinə cəhd göstərmək deməkdir.

***

Mayın 12-dən 22-nə qədər 10 gün Azərbaycan yenidən Yer üzünün mərkəzi oldu. Dünyanın diqqəti İlahinin Qərblə Şərqin qovuşuğunda yaradıb min bir sərvət bəxş etdiyi bu gözəl və maraqlı məmləkətə yönəldi. Dünyanın idman nəbzi Azərbaycanda döyündü. Əslində, “siyasət nəbzi döyündü” yazmaq bəlkə daha düzgün olar. Çünki idman da bir siyasətdir və IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın dünyaya ötürdüyü ismarıcların siyasi məzmun yükü onun idman məzmunundan daha böyük idi. Bu, sadəcə bir idman tədbiri deyildi. Sivilizasiyaların dialoqunda tərəflərdən birinin inkişafa, yeni bir intibah mərhələsinə doğru dönüş nöqtəsi idi.

Şərqin yeni bir intibah çağına doğru addımları məhz Azərbaycandan başlandı, Azərbaycanla başladı. Əslində, bu gün Azərbaycanda yaşanan inkişaf, bu Şərq ölkəsinin dünya mədəniyyətinin mərkəzlərindən birinə, qlobal düşüncə məkanına, mədəniyyətlərarası dialoq meydanına çevrilməsi belə bir intibahın ilk əlamətləri deyilmi?!

Azərbaycanda beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi illərdir xoş bir ənənəyə çevrilib. Ölkəmizin, demək olar, hər ay müxtəlif beynəlxalq əhəmiyyətli tədbirlərə, qlobal forumlara, beynəlxalq diskussiya məclislərinə evsahibliyi etməsinə cəmiyyət olaraq artıq öyrəşmişik.

Bu toplantıların təşkilati işlərinə çəkdiyi zəhmətlə Azərbaycan beynəlxalq münaqişələrin diskussiya məcrasına yönəldilməsi kimi nəcib bir missiyanı yerinə yetirir. Qarşı duran tərəfləri səngərlərdən, müharibə meydanlarından çəkindirib masa arxasına əyləşdirir. Silahların savaşından qoparıb düşüncələrin qarşılaşması mühitinə çəkir.

Dünyanın fikir insanları tez-tez Azərbaycanda toplaşır, bəşəriyyət Azərbaycanda düşünür, Yer üzünün gələcəyi ilə bağlı çağırışlar Azərbaycanda səslənir.

Ətrafdakı ölkələrə nəzər salsaq, qonşularımızda heç illərlə belə toplantıların təşkil olunmadığını görərik. Bu, ölkələr arasındakı mövqe və inkişaf fərqlərini göstərir, beynəlxalq proseslərdə hər dövlətin daşıdığı statusu, təmsil etdiyi dəyərləri, bu ölkələrə olan beynəlxalq maraq və etimad səviyyəsini nümayiş etdirir.

Azərbaycan bu marağı, bu etimadı, bu mövqeyi cəmiyyətdə ictimai-siyasi sabitliyin qorunmasına, hüquqi dövlət quruculuğuna, ölkənin demokratik inkişafına, davamlı sosial-iqtisadi yüksəlişinə çəkilən illərin əziyyəti ilə qazanıb.

Bu reallıq Azərbaycanın gələcəyini aydın nəzərlərlə görə bilən, bu gələcəyi yaradan ümummilli lider Heydər Əliyevin əsəridir. Ulu öndərin müəyyən etdiyi və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yüksək əzmlə həyata keçirdiyi məqsədyönlü siyasətin uğurlarıdır.

***

Bir anlıq düşünürəm ki, axı hadisələr tamam başqa cür də cərəyan edə bilərdi. Bu gün milli dövlətçilik tarixinin ən qüdrətli mərhələsini yaşayan Azərbaycan tamam başqa vəziyyətlərlə üz-üzə qalardı, acınacaqlı tale ilə üzləşərdi. Necə ki, bu taleyin ağır zərbələrini Heydər Əliyevin siyasi proseslərə təsir imkanlarının məqsədli şəkildə məhdudlaşdırıldığı 80-ci illərin sonları, 90-cı illərin əvvəllərində yaşamışdıq.

Bu mənada Heydər Əliyevin dövlətçilik ənənələri və bu ənənələrin indi də davam etdirilməsi tarixi taleyimizin bizə xoş bir lütfüdür.

Ulu öndərin anadan olmasının 94-cü ildönümünə və Heydər Əliyev Fondunun fəaliyyətinin 13 illiyinə həsr olunmuş təntənəli mərasimdə Azərbaycan Prezidentinin etdiyi çıxışın bəzi məqamlarını xatırlayıram:

“Heydər Əliyev 2003-cü ildə Azərbaycan xalqına son müraciətində gördüyü işlər haqqında danışmışdır və eyni zamanda demişdir ki, hələ onun bir çox planları var. O öz ümidini ifadə etmişdir ki, onun görə bilmədiyi işləri onun davamçıları görəcək və belə də oldu. 2003-cü ildən bu günə qədər Heydər Əliyev siyasəti yaşayır, yeni formalarla zənginləşir, Azərbaycan inkişaf edir. Heydər Əliyev Azərbaycana sabitlik gətirdi. Bu gün Azərbaycan dünya miqyasında ən sabit ölkələrdən biridir və bizdə olan sabitlik xalqın iradəsinə əsaslanır. Sabitliyin mənbəyi də Azərbaycan xalqının iradəsidir. ...Bu gün xalq-iqtidar birliyi ən yüksək səviyyədədir və sabitliyin əsasını qoyan bax bu amillərdir. ...Ulu öndər həmişə olduğu kimi, xalqa son müraciətində də düzgün proqnoz verdi. O inanırdı və bilirdi ki, onun davamçıları onun görə bilmədiyi işləri görəcəklər, belə də oldu. Biz - onun davamçıları bununla fəxr edirik. Fəxr edirik ki, onun ideyalarını yaşadırıq. Fəxr edirik ki, müstəqilliyimizi möhkəmləndiririk və Heydər Əliyev yolu ilə gedirik və gedəcəyik”.

Bəli, bu gün Azərbaycanın yaşadığı xoş reallıqlar qurduğu dövlətin taleyini 2003-cü ildə cismani ömrünün sonlarına doğru İlham Əliyevin əmin əllərinə əmanət edərkən bu məmləkətin parlaq gələcəyi ilə bağlı ulu öndərin qəlbindən gələn arzu və ümidlərin çin çıxmasıdır.

***

İslam həmrəyliyi də Heydər Əliyevin arzularından biri idi. Bu ideyanın reallaşmasına doğru addımlar Azərbaycanda dünənin, bugünün məsələsi deyil. Azərbaycan Heydər Əliyevin göstərdiyi istiqamətlə illərdir yol gəlir bu həmrəyliyə doğru.

Ölkəmiz dövlət müstəqilliyini elan edəndə Azərbaycan ərazisində cəmi 17 məscid vardı. Heydər Əliyevin xeyir-duası ilə tikilmiş məscidlərin sayı indi respublikada minlərlədir. Azərbaycan Prezidentinin İslam mədəniyyəti tarixinə əvəzsiz memarlıq incisi kimi bəxş etdiyi, Qafqazın ən böyük məscidi də elə ulu öndərin adını daşıyır, bu, Bakıda ucaldılmış Heydər məscididir.

Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi ilk rəsmi səfərlərindən birini Səudiyyə Ərəbistanına etmişdi, böyük bir heyətlə ümrə ziyarətində olmuşdu. Müqəddəs Kəbədə o, Azərbaycan üçün, ümumən İslam dünyası üçün dualar etmişdi.

Heydər Əliyevin duaları müstəcəb oldu.

Ulu öndərin dualarını eşidən Allah bu duaları saleh övladın -

İlham Əliyevin nəcib əməlləri ilə yerinə yetirdi.

***

Tarixin gedişatını dəyişmiş qüdrətli liderlərin böyüklüyü həm də bundadır ki, zaman keçdikcə o dühaları daha dərindən dərk etməyə başlayırıq. Heydər Əliyev şəxsiyyətinə münasibətdə də bunu aydın duyuram. Viktor Andriyanovla birgə qələmə aldığımız “Görkəmli adamların həyatı” seriyasından “Heydər Əliyev” kitabına bütün dünyada getdikcə artan oxucu marağını, kitabın tərcüməsi və nəşri üçün müxtəlif ölkələrin elmi mərkəzlərindən, ictimai-siyasi dairələrindən gələn müraciətləri gördükcə Heydər Əliyevin çağdaş dünya tarixi üçün əslində kim olduğunu bir daha anlayıram.

Kitab növbəti nəşr taleyini uzaq Vyetnamda və Malayziyada yaşadı. Bu ölkənin paytaxtı Hanoyda vyetnam dilində nəşr olundu. Təqdimat mərasimində Vyetnamın dövlət rəsmiləri, diplomatlar, bu ölkənin ali təhsil ocaqlarının nümayəndələri, Azərbaycan universitetlərinin vyetnamlı məzunları, KİV nümayəndələri iştirak edirdilər.

Malayziyada isə mübarək orucluq bayramından sonra kitabın təqdimatı baş tutacaq.

Ulu öndər Heydər Əliyevin Azərbaycan və Vyetnam xalqları arasında dostluq münasibətlərinin inkişafındakı rolu barədə fikirləri, 1983-cü ildə Heydər Əliyevin Sovet İttifaqı Nazirlər Komitəsinin sədrinin birinci müavini qismində Vyetnama səfərindən sonra yüzlərlə azərbaycanlı mütəxəssisin Vyetnamın neft sənayesinin qurulmasında iştirak etmək üçün bu ölkəyə göndərilməsi, minlərlə vyetnamlı gəncin Bakıda təhsil almağa gəlməsi barədə faktları eşitdikcə, Vyetnamın dövlət rəsmilərinin Heydər Əliyevin Kremldə çalışdığı dönəmdə Vyetnama dəstəyini necə sevgi və şükranlıq hissi ilə xatırladıqlarını gördükcə məkan fərqindən asılı olmayaraq insanın etdiyi yaxşılıqların heç zaman itmədiyinə, əslində insanları hər hansı milli, dini, mədəni mənsubiyyətin deyil, məhz nəcib əməllərin, yaxşı işlərin birləşdirdiyinə bir daha əmin oldum.

***

Heydər Əliyev şəxsiyyətinə bu heyranlığı qardaş Türkiyədə də hər zaman duymuşam.

Eyni hissi növbəti dəfə Tarsus şəhərində yaşadım. Tarsus Bakının Xətai rayonu ilə qardaşlaşmış şəhərdir. Bu özünəməxsus şəhərdə Xətai parkı salınıb. Ulu öndər Heydər Əliyevin adına körpü tikilərək istifadəyə verilib. Həmçinin körpünün yaxınlığında yerləşən 2,5 hektar ərazidə Heydər Əliyev adına yeni park salınıb və burada ulu öndərin abidəsi ucaldılıb.

Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə mayın 9-da Tarsusda keçirilən tədbirlərdə Xətai rayonu nümayəndələri olaraq biz də iştirak edirdik. Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov ulu öndərin iki qardaş xalqın dilində aforizimə çevrilən “Bir millət, iki dövlət” və böyük Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamlarını sevə-sevə onminlərlə toplantı iştirakçılarına çatdırdı. Meydanı gurultulu alqış və “ura” səsləri bürüdü...

Az sonra Azərbaycan Respublikasının Türkiyədəki səfiri Faiq Bağırov, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, icra hakimiyyətinin şöbə müdiri Pənah İmanov, Xətai Bələdiyyəsinin sədri Əliyar Əliyev, Mərsin Böyükşəhər Bələdiyyə sədri Bürhanəttin Kocamaz, Tarsus Bələdiyyəsinin sədri Şövkət Can, Canlıyayla Bələdiyyə sədri İsmail Təpəbağlı və digər rəsmi şəxslərlə əfsanəvi, əzəmətli, ağ köpüklü suları şahə qalxan Tarsus şəlaləsinin yanında nahar edirdik. O an xəyala dalıb min bir nəğmə kimi çağlayan şəlalənin səsini dinləyirdim; gah həzin, gah coşqun təlatümlü dalğaların səsi sanki uzaq keçmişin qəmli xatirələrini qulaqlarıma pıçıldayırdı. Əzəmətli Bizans imperiyasının haylı-küylü yüksəliş dövrü və sonra süqutu gözlərimin önündə canlanır. Türk sultanlarının möhtəşəm və əfsanəvi döyüş zəfərləri tarixin yaddaşından mənə boylanır. Dünyanın ən məşhur sərkərdəsi, “Avropanın imperatoru” titulunu qazanmış Atilla, İstanbulun Fatehi Mehmet Sultan, Misir Fatehi Sultan Səlim və digər türk sultanları gözlərimin önündə canlanır. Bir-birinə hücum edən, bir-birini didib parçalayan bu sular yaraqlı-yasaqlı əsgərləri xatırladırdı. Dalğaların şaqraq cingiltili səsi qılıncların toqquşmasına bənzəyirdi. Gözlərimin önündə orta əsrlərin qanlı-qadalı döyüş səhnələri canlanırdı. Deyilənlərə görə, bu şəlalənin altında neçə-neçə kralların, cəngavərlərin, kahinlərin sərdabaları yatır.

Fəqət, zaman ən böyük həkimdir.

Və zaman ən böyük hakimdir.

İllər, qərinələr, əsrlər yaralara məlhəm olub, bəşəriyyət az da olsa ədaləti bərpa etməyə çalışıb.

Dünən düşmən olanlar bu gün dost olublar. Bəli, xəyalım, varlığım, düşüncələrim bu dupduru sularda üzür, türk ruhu əlində qılınc əfsanəvi aylı gecədə sanki dupduru şəlalənin keşiyini çəkir.

Aydın axan sulara baxıb düşünürəm: kaş bəşəriyyəti idarə edən nəhəng dövlət başçılarının qəlbindəki kinləri, nifrətləri bu çayın suları yuyub aparaydı... Heç vaxt xaç yürüşləri, dini savaşlar və təriqət ayrı-seçkiliyi olmasın, hamı dost, hamı qardaş, hamı sirdaş olsun! Bax, bəşəriyyətin xilas yolu budur!..

***

Həmin gün Heydər Əliyev parkında başlanan tədbir folklor oyunları, məktəblilərin çıxışları ilə yaddaqalan oldu. “Kampus Okulları” orta ümumtəhsil məktəbindəki konfrans mərkəzinə ulu öndər Heydər Əliyevin adının verilməsi münasibətilə daha bir tədbir keçirildi. Bu toplantılardakı çıxışlarda şəhər rəsmiləri, ziyalılar Heydər Əliyevin Türkiyədə də Azərbaycandakı qədər sevildiyini, ulu öndərin təkcə Azərbaycanın deyil, bütün türk dünyasının lideri olduğunu vurğulayırdılar.

Dinlədikcə düşünürdüm: Türkiyə liderlər məmləkətidir. Əsrlər boyu bu ölkə tarixə bir-birindən əzəmətli liderlər bəxş edib. Daha qədim çağları hələ kənara qoyaq, bu ölkə təkcə XX əsrdə Atatürkdən Turqut Özala, İsmət İnönüdən Süleyman Dəmirələ, Bülənt Ecevitdən Rəcəb Tayyib Ərdoğana qədər qüdrətli şəxsiyyətlər yetişdirib. Bunlar elə liderlərdir ki, təkcə Türkiyənin ictimai-siyasi həyatında deyil, ümumən dünyada gedən proseslərdə əhəmiyyətli rol oynayıblar. Dünyanın siyasi mənzərəsi, müəyyən mənada, həm də bu liderlərin qərarlarından asılı olub.

Türkiyə kimi liderlər məmləkətində də Heydər Əliyev dühasına böyük maraq göstərilir. Bu böyük dövlət adamının mənəvi-siyasi irsi öyrənilir.

 

Bu, qətiyyən kortəbii bir maraq deyil…

Heydər Əliyevin yaratdığı əsərin, qurduğu dövlətin, qoyduğu yolun dünya qarşısında sərgilədiyi tərəqqi və qüdrət mənzərəsidir…

Ölkələrin və xalqların xoşbəxt gələcəyi bu cür mənzərələrdə yaranır…

Azərbaycan türk-müsəlman dünyasını da eyni mənzərənin bir hissəsi olmağa, həmrəyliyimizin gücü ilə yeni yüzillikdə bu inkişafın hüdudlarını böyük bir mənəvi-coğrafi arealda genişləndirməyə səsləyir.

Bu amal da gerçəkləşəcək…

Hüseynbala MİRƏLƏMOV,

Milli Məclisin deputatı, yazıçı-dramaturq

"Azərbaycan" qəzeti, 27.05.2017