AZƏRBAYCAN MİLLİ İDEYASI: SİYASİ VƏ İQTİSADİ MÜSTƏQİLLİKDƏN MODERNLƏŞMƏYƏ


Qloballaşma dövründə hər bir xalqın milli ideyasının yalnız təmsil etdiyi dövlətin coğrafi
hüdudlarında deyil, qlobal məkanda həyatiliyini sübut etməsi son dərəcə zəruridir. Milli ideya
xalqın identikliyini özündə nə qədər əks etdirsə də, ümumən yeni dünya nizamının reallıqlarına
cavab verməli və bəşəri dəyərlərlə uzlaşmalıdır. Mütərəqqi xarakteri ilə dinamik inkişafa, sülh və
tərəqqiyə, sivilizasiyalararası dialoqa xidmət etməyən ideyaların geniş ictimai dəstək alması, qlobal
miqyasda yayılması mümkün deyildir. Müstəqil Azərbaycanın son 10 ildə ictimai həyatın bütün
sahələri üzrə yürütdüyü siyasət milli maraqları özündə tam ehtiva etməklə yanaşı, bütövlükdə
inkişaf, sabitlik və rifaha, təhlükəsizliyin təminatına yönəlmişdir.
Milli ideya statusu almış hədəflər
İstənilən milli ideyanın gerçəkləşdirilməsi üçün xalqın güclü idarəçilik səriştəsinə malik liderinin
olması vacib şərtlərdir. Məhz belə praqmatik liderlərin seçdiyi düzgün strategiya milli hədəflərə doğru
inamlı addımların atılmasına, qarşıya qoyulmuş məqsədlərin uğurla reallaşdırılmasına imkan yaradır. Bu
mənada, Heydər Əliyev siyasi kursunu 2003-cü ildən inamla davam etdirən və zamanın tələblərinə uyğun
yeni siyasi çalarlarla zənginləşdirən Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin gələcəyi ilə bağlı
müəyyənləşdirdiyi strateji hədəflər özünün həyatiliyi, reallığa adekvatlığı ilə milli ideya statusu
almaqdadır.
Azərbaycanın son illərdəki dinamik inkişafı fonunda ölkənin qarşısında müəyyənləşdirilmiş
məqsəd və vəzifələr, ümumilikdə, milli ideyanın xarakteri də statik səciyyə daşımır, zamanla dəyişir,
yeniləşir. Əgər 1993-2003-cü illərdə dövlət müstəqilliyinin daxili və xarici təhdidlərdən qorunub
saxlanılması, iqtisadiyyatın dirçəldilməsi, ölkəmizin beynəlxalq arenada tanıdılması praktiki məqsədlər
idisə, son 10 ildə obyektiv həyat reallıqları yeni hədəflər müəyyənləşdirmişdir. Cənab İlham Əliyevin
prezidentliyi illərində respublikamız qarşısında duran ümummilli məqsədləri dəqiq müəyyən edərək
onların gerçəkləşdirilməsi istiqamətində ardıcıl, sistemli fəaliyyət göstərən ölkə kimi dünyanın yeni
iqtisadi fenomeninə çevrilmişdir.
Ümumi şəkildə ifadə etsək, bu gün ölkədə həyata keçirilən siyasətin başlıca məqsədi modernləşmə
mərhələsini də sürətlə başa vuraraq Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsində yüksəltmək,
demokratik idealların cəmiyyətdə möhkəmlənməsinə nail olmaq, yeni düşüncəli vətəndaş yetişdirməkdir.
Yeni dövrün milli ideallarına çevrilən bu məqsədlərin reallığa adekvatlığı isə qətiyyən şübhə doğurmur.
Ən azı bu baxımdan ki, Azərbaycan özünün çoxminillik dövlətçilik tarixində heç zaman indiki kimi
güclü, qüdrətli, özünə inamlı olmamışdır. Prezident İlham Əliyev bir müddət əvvəl İsmayıllı rayonuna
səfəri zamanı demişdir: “Azərbaycanın bugünkü reallıqları bir daha müstəqilliyimizin üstünlüklərini
göstərir. Tarixdə Azərbaycan heç vaxt bu qədər güclü olmamışdır. Bunun başlıca səbəbi müstəqil
olmağımızdır. Müstəqillik ən böyük sərvətdir. Hər bir vətəndaş müstəqilliyi qorumalıdır, öz işi ilə
müstəqilliyimizə töhfə verməlidir. Elə etməliyik ki, bundan sonra Azərbaycan daim inkişaf yolu ilə
getsin”.
Ümumilikdə, yeni mərhələni daha çox bazar münasibətlərinin möhkəmləndirilməsi və inkişaf
etdirilməsi, modernləşmə strategiyasının reallaşdırılması mərhələsi kimi səciyyələndirmək olar. Bu
xüsusda müasir dövrün milli ideyasının Azərbaycan üçün nədən ibarət olduğu da tamamilə aydındır.
Prezident
İlham Əliyevin bəyan etdiyi kimi, məqsəd Azərbaycanda yaxın 2020-ci ilədək ümumi daxili
məhsulun 2 dəfəyədək artımına, 2018-ci ilədək bütün sosial problemlərin həllinə nail olmaq, sistem
islahatlarını başa çatdırmaqdır. “Azərbaycan 2020: gələcəyə baxış” Konsepsiyası məhz bu və digər
məqsədlərin reallaşdırılması baxımından sosial-iqtisadi, siyasi və hüquqi platform rolunu oynayır. Belə
bir mükəmməl sənədin hazırlanmas
İqtisadi müstəqilliyə təminat
Son illərə qədər respublikada milli ideya səviyyəli məqsəd kimi nəzərdən keçirilən daha bir məsələ
də müsbət həllini tapmış, Azərbaycan 2009-cu ildə iqtisadi sahədə keçid dövrünü uğurla başa vuraraq
iqtisadi və sosiomədəni modernləşmənin keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur. Həyata
keçirilən dövlət siyasəti iqtisadi sahədə ənənəvi hesab edilən neft-qaz sektoru ilə bərabər, investisiya,
sahibkarlıq, maliyyə-bank sektoru, tədiyyə balansı, kənd təsərrüfatı kimi bölmələrdə dinamik inkişafı
təmin etmişdir. Eyni zamanda, beynəlxalq iqtisadi münasibətlərin milli maraqların qorunması
çərçivəsində gücləndirilməsi qlobal strukturlara səmərəli inteqrasiyanı sürətləndirmişdir. Bu fonda
əhalinin sosial müdafiəsi məsələsi də daim ön planda tutulmuş, bunun üçün əməli addımlar atılmış,
müvafiq dövlət proqramları qəbul olunmuş, qanunvericilik bazası daha da təkmilləşdirilmişdir.
Prezident İlham Əliyevin Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi münasibətilə iyunun 26-da
keçirilən möhtəşəm paradda söylədiyi kimi, son 10 ildə inkişaf dinamikasına görə Azərbaycanla
müqayisə oluna biləcək ikinci bir ölkə yoxdur. Ötən 10 il, ilk növbədə, dünya siyasətinə təsir göstərən
möhtəşəm layihələrin reallaşdırılması ilə səciyyəvidir. Ümummilli liderin yeni neft strategiyasının tərkib
hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin, Bakı-Tbilisi Ərzurum qaz kəmərinin
istifadəyə verilməsi, “Ümid”, “Abşeron” kimi perspektivli yataqlar kəşf olunması, Şərqlə Qərbi
qovuşduracaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinə başlanılması, TANAP layihəsinin
gerçəkləşməsi bu baxımdan xüsusi qeyd olunmalıdır.
Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına nəqli məqsədilə boru kəmərlərinin
şaxələndirilməsi respublikamızın bütövlükdə Avropa məkanının enerji təhlükəsizliyi sisteminin əsas
təminatçılarından birinə çevrilməsini təmin etmişdir. Bu gün Azərbaycan bütövlükdə MDB və Avropa
məkanında heç bir ölkədən enerji asılılığı olmayan, müstəqil siyasət yeridən azsaylı dövlətlərdən biridir.
Bununla yanaşı, respublikamız regional və beynəlxalq əhəmiyyətli layihələri də daxili imkanları hesabına
maliyyələşdirmək gücündə olduğunu sübut etmişdir. Təkcə bir faktı demək kifayətdir ki, Azərbaycan
Şərqlə Qərbi birləşdirəcək strateji əhəmiyyətli Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin maliyyələşdirilməsi
üçün Gürcüstana 25 il müddətinə 575 milyon dollar kredit vermişdir.
Azərbaycanın ildən-ilə əhəmiyyətli dərəcədə artan maliyyə imkanları onun həm də sərmayədar
ölkəyə çevrilməsini, digər dövlətlərin iqtisadiyyatına kapital yatırmasını şərtləndirir. Türkiyə, Gürcüstan,
Moldova, İçveçrə və Yunanıstan ərazisində inşa edilən nəhəng sənaye obyektləri respublikamızın həmin
ölkələrin bu məhsullara olan təminatında həlledici rol oynaması ilə bərabər, sərmayədar dövlət kimi
dünya bazarında rəqabət imkanlarını artırır.
Prezident İlham Əliyevin 10 illik prezidentlik dövrünün ən mühüm göstəricilərindən biri də ölkənin
neft gəlirlərindən asılılığının əhəmiyyətli dərəcə azaldılmasıdır. İqtisadiyyatın diversifikasiyası ilə bağlı
nəzərdə tutulmuş tədbirlərin sistemli və ardıcıl reallaşdırılması üçün dövlət başçısının müvafiq fərman və
sərəncamları ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və
davamlı inkişaf Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq
məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və bir sıra sahəvi inkişaf proqramları təsdiq
edilmişdir və hazırda uğurla icra olunur.
Güclü dövlət – yüksək sosial rifah
Ümumilikdə, son illərin digər makroiqtisadi göstəriciləri Prezident İlham Əliyevin yürütdüyü
siyasətin xalqın maraqlarına tam cavab verdiyinin əyani təsdiqidir. 2003-2012-ci illərdə ümumi daxili
məhsulun orta illik artımı 13 faiz, qeyri-neft sektorunda 10,6 faiz təşkil etmişdir. ÜDM 3 dəfə, onun
adambaşına düşən həcmi 2,7 dəfə, qeyri-neft sektoru 2,3 dəfə, əsas kapitala yönəldilən investisiyaların
həcmi 7,3 dəfə artmışdır. Bu dövrdə ölkə iqtisadiyyatı 3 dəfədən çox artmış, onun inkişafına 132 milyard
dollar məbləğində sərmayə qoyulmuşdur. Bu müddətdə bir milyondan çox yeni iş yeri açılmış,
yoxsulluğun səviyyəsi 44,7 faizdən 5,6 faizə enmişdir. Əldə olunmuş dinamik iqtisadi artımın nəticəsidir
ki, Azərbaycanın “yuxarı orta gəlirli” ölkələr sırasında mövqeyi daha da möhkəmlənmişdir.
Ötən 10 ildə Azərbaycanda həyata keçirilən islahatların insan və vətəndaş amilinin yüksəlişinə
xidmət etdiyini xüsusi vurğulamağa ehtiyac yoxdur. Respublikanın iqtisadi cəhətdən inkişaf etmiş dövlətə
çevrilməsi məqsədinin özü də, ilk növbədə, ölkə vətəndaşlarının sosial rifah səviyyəsinin yüksəldilməsi
məqsədinə hesablanmışdır. 2003-cü ildə Azərbaycanda yoxsulluğun səviyyəsi 44,4 faiz təşkil edirdisə,
hazırda bu rəqəm cəmi 5,6 faizdir. Prezident İlham Əliyevin 2008-ci il 15 sentyabr tarixli sərəncamı ilə
təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı
inkişaf Dövlət Proqramı” 2015-ci ilədək respublikada yoxsulluğun tamamilə ləğvini nəzərdə tutur.
Cənab İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanda bütün sosial-iqtisadi göstəricilər kimi
orta aylıq əməkhaqqının da dəfələrlə artımı baş vermişdir. 2003-cü ilin göstəricilərinə əsasən,
Azərbaycanda orta aylıq əməkhaqqı təxminən 78 manat səviyyəsində idisə, 2013-cü ilin birinci yarısının
yekunlarına görə 408,8 manatdır.
Hazırda Azərbaycan orta aylıq əməkhaqqı səviyyəsinə görə Rusiya və Qazaxıstandan sonra üçüncü
yeri tutur. Beynəlxalq maliyyə institutlarının hesabatlarına əsasən, 2003-2012-ci illərdə Azərbaycanda
orta aylıq əməkhaqqı 5 dəfədən çox artmışdır. 2013-cü ildə orta aylıq əməkhaqqının artımının davam
edərək 440 manatı (təqribən 565 ABŞ dolları) keçəcəyi gözlənilir.
2003-cü ilin əvvəlində Azərbaycanda cəmi 20 manat təşkil edən orta aylıq pensiyanın məbləği
hazırda 175 manata yaxındır. Yeni pensiya sisteminin tətbiqindən bu vaxtadək yaşa görə əmək
pensiyasının baza hissəsinin artırılması ilə bağlı 8, sığorta hissəsinin artırılması ilə bağlı 6 sərəncam
imzalanmışdır.
Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının statistikasına əsasən, Azərbaycan hazırda
əmək pensiyasının baza hissəsinin məbləğinə görə MDB ölkələri arasında ilk yerlərdən birini tutur.
Uğur diplomatiyası
Ötən 10 ildə sivil dünyanın qəbul etdiyi meyarlara cavab verən balanslı xarici siyasət yeridən
respublikamız özünün Cənubi Qafqaz regionundakı əhəmiyyətli ərazi, geostrateji və geoiqtisadi
üstünlüklərindən maksimum faydalı şəkildə yararlanmağa, habelə beynəlxalq təşkilatlarda layiqli
təmsilçiliyə çalışmışdır. Əlverişli nəqliyyat-kommunikasiya və tranzit imkanlarına, iqtisadi inkişaf
dinamikasına, etnik-dini tolerantlığına görə Avrasiya qitəsinin ən cəlbedici məkanlarından birinə çevrilən
Azərbaycan ayrı-ayrı dövlətlərin bölgədə toqquşan maraqlarının optimal balansına da uğurla nail
olmuşdur.
Xarici siyasət məsələlərinə geniş yer ayıran, Azərbaycanın “hücum diplomatiyası”nı, qlobal
təhdidlərə qarşı adekvat reaksiyasını təmin edən dövlət başçısı İlham Əliyev son 10 ildə respublikamızın
diplomatik mövqeyini xeyli dərəcədə gücləndirmişdir. Respublikamızın konkret zaman, məkan və şəraitə
uyğun olaraq müəyyənləşdirdiyi xarici siyasət strategiyasında müstəqilliyin möhkəmləndirilməsi, milli
maraqların qorunması, ərazi bütövlüyü və suverenliyin bərpası, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılması, regional iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin ədalətli həlli, diaspor və lobbi quruculuğu kimi prioritetlər xüsusi aktuallıq kəsb etmişdir.
Xarici siyasətdə öhdəliklərə sabitlik, şəffaflıq, başqa dövlətlərin daxili işlərinə qarışmamaq kimi
aparıcı istiqamətlər önə çəkilmiş, region dövlətləri ilə hərtərəfli əlaqələrinin genişləndirilməsində
mehriban qonşuluq prinsipləri təşviq edilmişdir. Cənab İlham Əliyevin prezidentliyi dövrü xarici
siyasətdə fəallığın, intensivliyin və səmərəliliyin artması ilə yadda qalmış, Azərbaycan bölgədə müşahidə
olunan neqativ geosiyasi dəyişiklik meyillərinə kifayət qədər rasional və təmkinli münasibət göstərmişdir.
Yalnız bir neçə fakt Azərbaycan diplomatiyasının son 10 ildəki uğurları barədə dolğun mənzərə
yaradır: Azərbaycan son iki ildə BMT Təhlükəsizlik Şurasına üzv seçilmiş, Rusiyanın Azərbaycandakı
yeganə hərbi bazasının – Qəbələ Radiolokasiya Stansiyasının fəaliyyəti dayandırılmış, Azərbaycan zabiti
Ramil Səfərovun vətənimizə ekstradisiyası reallaşdırılmış, türk və islam dövlətləri ilə münasibətlər
keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.
Çevik və çoxtərəfli diplomatik fəaliyyətimizin, Azərbaycanın təşəbbüskarlığı və ev sahibliyi ilə
Bakıda keçirilən çoxsaylı mötəbər beynəlxalq tədbirlərin nəticəsidir ki, Bakı artıq regionun “diplomatik
paytaxtı”na çevrilmişdir.
Multikulturalizm ünvanı
Son vaxtlaradək Azərbaycanın coğrafi mövqeyi ilə bağlı belə bir fikir səslənirdi ki, ölkəmiz Şərqlə
Qərb arasında mənəvi körpüdür. Lakin Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, indi Azərbaycanın
iqtisadiyyatı və elmi-mədəni potensialı elə səviyyəyə çatmışdır ki, biz daha sadəcə olaraq iki sivilizasiya
arasında körpü rolunu oynamırıq; biz bu sivilizasiyaların hər ikisinin daşıyıcısı olmaqla, həm də
multikulturalizm məkanına çevrilmişik. Son illərdə qazanılmış böyük iqtisadi nailiyyətlər Azərbaycana
özünün beynəlxalq mövqeyini möhkəmləndirmək, Şərq ilə Qərb arasında tutduğu əlverişli coğrafi
vəziyyətdən daha optimal surətdə istifadə etmək imkanı vermişdir.
Müasir dövrdə sivilizasiyalar arasında dialoqun ən mühüm problemlərindən biri də
multikulturalizmdir. Bu anlayışın mahiyyətində cəmiyyəti daha çox ədalət, mərhəmət kimi ümumbəşəri
ideyalara təşviq etmək cəhdləri də var. Multikulturalizm elə bir siyasətdir ki, o, mədəni plüralizmi qəbul
edir və onun inkişafına şərait yaradır. Bu, ölkə əhalisinin etnik irqi və dini müxtəlifliyindən asılı
olmayaraq, onların hamısının hüquq və azadlıqlarına hörmətlə əlaqədardır. Multikultural cəmiyyətdə hər
bir vətəndaş öz mədəniyyətini, dilini, ənənəsini, etnik və dini dəyərlərini inkişaf etdirmək, ana dilində
məktəb açmaq, qəzet və jurnal dərc etdirmək sahələrində bərabər hüquqlara malikdir.
Multikulturalizm hamı tərəfindən tanınan, müxtəlif mədəniyyətlərə tolerant münasibətə əsaslanan
dinc, yanaşı yaşama prinsipidir. Müxtəlif xalqların, millətlərin, dinlərin xüsusiyyətlərinə tolerant
münasibətin azərbaycanlıların mentalitetinə xas bir dəyər olduğunu nəzərə alsaq, fərqli baxışlara,
adətlərə, vərdişlərə dözümlülük mövqeyini özündə ehtiva edən multikulturalizmin Azərbaycan üçün
xüsusi əhəmiyyətini dərk etmək çətin deyildir.
Multikulturalizmin alternativinin özünütəcrid olduğunu bəyan edən Azərbaycan Prezident İlham
Əliyev çıxışlarının birində demişdir: “Multikulturalizm başqa xalqın nümayəndəsinə hörmət, başqa dinə
hörmətdir. Öz dininə hörmət başqa dinə hörmətdən başlayır. Multikulturalizm ayrı-seçkiliyə yol vermir,
əksinə, bütün xalqları birləşdirir. Eyni zamanda, hər bir ölkənin öz qaydaları, öz ənənələri vardır.
Azərbaycanda yaşayan xalqlar əsrlər boyu multikulturalizm şəraitində yaşayıblar”.
Azərbaycan isə son illərdə bu sahədə aparılan müzakirələrin sadəcə iştirakçısı qismində çıxış etmir,
eyni zamanda, bəşəriyyətin gələcək inkişafı naminə mədəniyyətlərarası, konfessiyalararası və
sivilizasiyalararası dialoq üçün real imkan və mexanizmlərin müəyyənləşdirilməsinə xidmət göstərən bu
cür müzakirələrin təşəbbüskarı və təşkilatçısı missiyasını yerinə yetirir.
2011-2012-ci illərin oktyabrında paytaxtımızda keçirilən 1-ci və 2-ci Bakı beynəlxalq humanitar
forumaları müxtəlif ölkələrin dövlət siyasətində multikulturalizmin mövqe və imkanlarının bir daha
təhlilinə, etnik və mədəni özünüdərk arasında azad seçimin təmin olunmasına, azadlıq, bərabərlik və
dözümlülük kimi təməl dəyərlərin cəmiyyətdə bərqərar olmasına yönələn qlobal miqyaslı tədbirlərlə
dünyanın ən yeni tarixinə əhəmiyyətli hadisə kimi daxil olmuşdur.
Demokratikləşmə milli ideyanın mühüm komponentidir
Prezident İlham Əliyev Kürdəmir rayonuna səfəri zamanı qarşıdakı illərdə ölkədə sistem
islahatlarının aparılması zərurətini xüsusi önə çəkmişdir. Söhbət siyasi və hüquqi liberallaşmaya, vətəndaş
cəmiyyəti təsisatlarının inkişafına xidmət edən islahatların sürətləndirilməsi zərurətindən gedir. Şübhəsiz,
iqtisadi cəhətdən inkişaf etməmiş hansısa dövlətdə demokratikləşməyə və vətəndaş cəmiyyəti
quruculuğuna yönələn cəhdlər uğursuzluqla nəticələnir, çünki tətbiqinə cəhd göstərilən mütərəqqi
yeniliklər vətəndaşların real yaşayış səviyyəsi, həyat tərzi ilə uzlaşmır. Məhz bu reallıqdan çıxış edən
Prezident İlham Əliyev ötən 10 ildə hər iki təmayülə vəhdət şəklində yanaşaraq ölkənin uzunmüddətli
inkişafını məhz demokratik və iqtisadi islahatların paralel şəkildə davam etdirilməsində görür. Bu
mənada, yüksək sosial-iqtisadi inkişafla yanaşı, demokratikləşmə prosesinin sürətləndirilməsi, vətəndaş
cəmiyyəti quruculuğu prosesinin başa çatdırılması, hüquqi dövlətin, sözün həqiqi mənasında, bərqərar
olması müasir Azərbaycan milli ideyasının tərkib hissələri kimi nəzərdən keçirilir.
Təcrübə göstərir ki, liberalizm, demokratiya və bazar münasibətləri prinsipləri məcmu halda çıxış
edir. Məhz demokratik dövlət bazar münasibətlərinin, azad rəqabətin mövcudluğunun və səmərəli
fəaliyyətinin təminatı kimi çıxış edir. İqtisadi məcburiyyət formasından insanları azad etməklə, bu sahədə
nomenklatura imtiyazlarını aradan götürməklə demokratik cəmiyyətin hər bir üzvünün iqtisadi
azadlığının reallaşması üçün ən yaxşı şəraiti yaradır.
Cəmiyyətin demokratikləşməsi millətin intellektual potensialının həyata keçməsinə, yeni
sivilizasiyaya yaxınlaşmağa meydan açır. Ancaq demokratikləşmənin özü də milli ideyaya bağlı olmasa,
sosiumun milli özəlliyi nəzərə alınmasa, uğursuzluğa məhkumdur.
Planı” insan hüquq və azadlıqlarının təmini, demokratik və açıq cəmiyyətin qurulması baxımından yeni
imkanlar açmışdır. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında siyasi və hüquqi mühitin
liberallaşdırılmasına xidmət edən kompleks tədbirlərin nəzərdə tutulması isə Azərbaycanı bu sahədə
qabaqcıl dövlətə çevirmək niyyətindən irəli gəlir.
Ekspansiya siyasətinin məkrli təzahürləri
Əlbəttə, demokratiya özbaşınalıq və hərc-mərclik deyil, qanunların aliliyinə söykənən idarəetmə
forması və siyasi mədəniyyətdir. Onun müəyyən qanunauyğunluqlarından kənara çıxdıqda, demokratiya
insanların, dövlətin inkişafına deyil, demokratik idealların, prinsiplərin buxovlanmasına, məhvinə gətirib
çıxarır. Bununla belə, müasir dövrdə “demokratiya çətiri” altında hələ də özünün imperialist siyasətini
yürüdən, geosiyasi və iqtisadi maraqları ətrafında reveranslar edən bəzi aparıcı dövlətlərin, eləcə də
müəyyən təşkilatların “ikili standartları” nəinki demokratik ideallara kölgə salır, hətta beynəlxalq hüququ
iflic duruma gətirir.
Təbii sərvətlər üzərində nəzarəti həyata keçirmək, “yenidən bölgü” niyyətini reallaşdırmaq istəyən
məlum qüvvələrin İraq, Əfqanıstan, Liviya, Misir, Tunis, Yəmən və Suriyada “demokratiya və insan
hüquqlarının qorunması” adı altında həyata keçirdiyi dağıdıcı “ssenari”lərin nəticələri göz önündədir. Bu
gün bütövlükdə Yaxın Şərq barıt qoxusu verir: dinc insanlar öldürülür, vətənlərindən didərgin düşərək
qaçqına çevrilirlər. Misir və Suriyada cərəyan edən hadisələr “inqilab ssenariləri”nin məhvə məhkum
olduğunu göstərməklə yanaşı, demokratiya ixracı cəhdlərinin doğurduğu fəsadları üzə çıxarır. Vaxtilə
Yaxın Şərqdə iqtisadi-siyasi gücü ilə seçilən həmin dövlətlər cəmi bir-iki il içində “qara inqilablar”
nəticəsində vətəndaş müharibəsinə sürükləniblər. Regionda tənəzzül, səfalət, aclıq, bir sözlə, humanitar
fəlakət baş alıb gedir.
İmperializmin tərkib hissəsi olan ekspansiya siyasəti islamafobiya meyillərini də
kəskinləşdirmişdir. İslamı və müsəlman dövlətlərini “terrorla mübarizə” adı ilə hədəfə götürənlər, əslində,
Avropa ölkələrində müsəlmanlara qarşı törədilən terrorun, ayrı-seçkiliyin, dözümsüzlüyün fərqində belə
deyillər. Üstəlik, Qərbin müəyyən dairələri nəyəsə görə belə hesab edirlər ki, müsəlman dövlətlərinə
demokratiyanı onlar öyrətməli, dövlət quruculuğu onların istədiyi kimi olmalıdır.
İmperialist dövlətlər regionun iqtisadi cəhətdən qüdrətli və demokratik müsəlman dövlətlərindən
olan Türkiyənin nüfuzunun artmasından da ciddi təşviş keçirir, bu ölkənin daxili işlərinə kobud müdaxilə
edir, aranı qarışdırmağa çalışırlar. “Gəzi parkı” hadisələrinin ardınca son günlərdə qardaş ölkədə kiçik bir
azlığın vəziyyəti yenidən gərginləndirməyə çalışması, “Taksim” meydanında baş verənlər xarici təsirlərin
qabarıq təzahürüdür. Lakin Türkiyə güclü dövlət kimi bu cəhdlərin əbəs olduğunu dəfələrlə sübuta
yetirmiş və xalqının iradəsilə təxribat cəhdlərinin qarşısını qətiyyətlə almışdır.
Müstəqil Azərbaycan da son 10 ildə bu təsirləri öz üzərində hiss edərək uğurla neytrallaşdırmış,
demokratik inkişafın yalnız hüquqi, siyasi və iqtisadi islahatların paralelliyi şəraitində mümkünlüyünü öz
təcrübəsində sübuta yetirmişdir. Müxtəlif beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanla bağlı ifrat
qərəzin yer alması, kiçik nöqsanların həddən artıq şişirdilməsi ölkə ictimaiyyəti üçün müəyyən mənada,
adiləşmişdir. Lakin bəzən bu çirkin kampaniyaya Avropa və dünya miqyasında müəyyən nüfuza malik
təşkilatların da qoşulması, sadəcə, təəssüf hissi doğurur. Bəzi xırda faktların ictimai kontekstdən
çıxarılaraq ümumiləşdirilməsi, bunun qanunauyğunluq, sistematik baş verən hadisələr, ümumi inkişaf
meyli kimi təqdim edilməsinə cəhd göstərilməsi, şübhəsiz, Azərbaycandakı demokratik prosesləri gözdən
salmağa yönəlmişdir. Regionda insan hüquqlarının kobud şəkildə pozulduğu, insan ləyaqətinə
etinasızlığın baş alıb getdiyi dövlətlər var. Ermənistan bu sırada ön yerdə dayanır. Lakin məhz
Azərbaycanın həmin dövlətlər sırasından çıxarılıb xüsusi diqqət mərkəzinə çəkilməsi xeyirxah
münasibətdən irəli gəlmir və qərəzli xarakter daşıyır.
Aşkar görünür ki, Azərbaycanda mütləq əksəriyyətin etimadını qazanan, sürətli sosial-iqtisadi
inkişafı təmin edən, ictimai-siyasi sabitliyi qoruyub saxlayan, qlobal enerji layihələrinin gerçək
təminatçısına çevrilən, ölkənin beynəlxalq arenada nüfuz və mövqelərini möhkəmləndirən güclü
hakimiyyətin mövcudluğu antiazərbaycançı şəbəkəyə qətiyyən sərfəli deyildir. Regionda maraqlarını
gerçəkləşdirmək istəyən müəyyən dairələr Azərbaycanda zəif və marionet qüvvənin hakimiyyətdə
olmasını daha çox istəyirlər. Çünki xalqın dəstəyini almayan hakimiyyət üçün milli maraq məfhumu da
olmur. Son 20 ildə xalqın dəstəyindən məhrum olmuş aqressiv müxalifət partiyaları hakimiyyət maraqları
naminə həmin qüvvələrə öz xidmətlərini təklif edirlər. Bu qüvvələrin mövcud hakimiyyətə qarşı
mücadiləsi də əslində, hakimiyyət dəyişikliyinə yox, müstəqil dövlətimizi vassal, “forpost”a çevirmək
məramına hesablanmışdır.
Fəqət, Azərbaycan hazırda elə bir yüksək inkişaf mərhələsinə qədəm qoymuşdur ki, iqtidarmüxalifət
münasibətləri, hakimiyyət uğrunda mübarizə yalnız sivil, demokratik forma və metodlarla
aparıla bilər. Bu isə dialoq, real şüarların və daha cəlbedici sosial-iqtisadi proqramların irəli sürülməsi
yoludur. Dövlətin uzunmüddətli inkişaf məqsədlərinə etinasızlıq göstərən məsuliyyətsiz, ifrat radikalizm
və “inqilabi” ritorika yeniləşən ictimai prioritetlərə yad olmaqla, onlarla uyuşmur. Fəqət, ölkədəki və
xaricdəki müəyyən qüvvələr bu gerçəkliyi nədənsə dərk etmək istəmirlər. Onlar unudurlar ki, xalq və
xüsusən, yüksək təhsilli indiki nəsil küçə siyasətini, mitinq hay-küyünü, köhnəlmiş şüarları qəbul etmir.
Bunun nəticəsidir ki, müxalifətin qarşıdakı prezident seçkiləri ilə bağlı vahid namizəd axtarışları
uğursuzluqla nəticələnmişdir.
Azərbaycan demokratik inkişaf yolunu Avropa və Qərbin xoşuna gəlmək üçün seçməmişdir. Bu
yol xalqın plüralist demokratiyanı bərqərar etmək, hüquqi dövlətin yüksək standartlarına nail olmaq əzmi
ilə bağlıdır. Qərəzli iddialara və qərarlara rəğmən, respublikamız demokratiyanın şəksiz üstünlüklərini
gerçəkləşdirərək, insan hüquqlarına və azadlıqlarına hörmətə əsaslanan demokratik, hüquqi dövlət
quruculuğu yolundan heç vaxt çəkilmir.
2013-cü ilin 9 oktyabr seçkilərinə hazırlıq prosesinin tamamilə azad, şəffaf şəkildə, qanunvericiliyə
uyğun şəkildə getməsi, ümumilikdə seçkiqabağı mühitin demokratikliyi aqressiv müxalifətin xaricdəki
havadarlarını da susmaq məcburiyyətində qoymuşdur.
Azərbaycan xalqı anarxiyanı, xaosu, gərginliyi deyil, sabitlik, tərəqqi və inkişafı dəstəkləyir. Çünki
bu siyasətin son 10 ildə ölkəmizə, həyatımıza hansı böyük uğurlar gətirdiyini, nə kimi yeniliklərə yol
açdığını hamı yaxşı bilir. Həyata keçirilən iqtisadi-siyasi islahatlar fonunda Vətənini, xalqını sevən hər bir
azərbaycanlı gələcəyə böyük ümidlə baxır. Azərbaycan xalqının qarşıdakı sınaqdan uğurla çıxacağı, öz
iradəsi əsasında, azad şəkildə istədiyi namizədi prezident seçəcəyi şübhəsidir.

Hüseynbala MİRƏLƏMOV,
Milli Məclisin deputatı,
yazıçı-publisist

Azərbaycan.-2013.-14 sentyabr