Qloballaşma dövründə hər bir xalqın milli ideyasının yalnız təmsil etdiyi dövlətin coğrafi hüdudlarında deyil, qlobal məkanda həyatiliyini sübut etməsi son dərəcə zəruridir. Milli ideya xalqın identikliyini özündə nə qədər əks etdirsə də, ümumən yeni dünya nizamının reallıqlarına cavab verməli və bəşəri dəyərlərlə uzlaşmalıdır. Mütərəqqi xarakteri ilə dinamik inkişafa, sülh və tərəqqiyə, sivilizasiyalararası dialoqa xidmət etməyən ideyaların geniş ictimai dəstək alması, qlobal miqyasda yayılması mümkün ideyildir. Müstəqil Azərbaycanın son 10 ildə ictimai həyatın bütün sahələri üzrə yürütdüyü siyasət milli maraqları özündə tam ehtiva etməklə yanaşı, bütövlükdə inkişaf, sabitlik və rifaha, təhlükəsizliyin təminatına yönəlmişdir.

 

Milli ideya statusu almış hədəflər

 

İstənilən milli ideyanın gerçəkləşdirilməsi üçün xalqın güclü idarəçilik səriştəsinə malik liderinin olması vacib şərtlərdir. Məhz belə praqmatik liderlərin seçdiyi düzgün strategiya milli hədəflərə doğru inamlı addımların atılmasına, qarşıya qoyulmuş məqsədlərin uğurla reallaşdırılmasına imkan yaradır. Bu mənada, Heydər Əliyev siyasi kursunu 2003-cü ildən inamla davam etdirən və zamanın tələblərinə uyğun yeni siyasi çalarlarla zənginləşdirən Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin gələcəyi ilə bağlı müəyyənləşqdirdiyi strateji hədəflər özünün həyatiliyi, reallığa adekvatlığı ilə milli ideya statusu almaqdadır.

Azərbaycanın son illərdəki dinamik inkişafı fonunda ölkənin qarşısında müəyyənləşdirilmiş məqsəd və vəzifələr, ümumilikdə, milli ideyanın xarakteri də statik səciyyər daşımır, zamanla dəyişir, yeniləşir. Əgər 1993-2003-cü illərdə dövlət müstəqilliyinin daxili və xarici təhdidlərdən qorunub saxlanılması, iqtisadiyyatın dirçəldilməsi, ölkəmizin beynəlxalq arenada tanıdılması praktiki məqsədlər idisə, son 10 ildə obyektiv həyat reallıqları yeni hədəflər müəyyənləşdirmişdir. Cənab İlham Əliyevin prezidentliyi illərində respublikamız qarşısında duran ümummilli məqsədləri dəqiq müəyyən edərək onların gerçəkləşdirilməsi istiqamətində ardıcıl, sistemli fəaliyyət göstərən ölkə kimi dünyanın yeni iqtisadi fenomeninə çevrilmişdir.

Ümumi şəkildə ifadə etsək, bu gün ölkədə həyata keçirilən siyasətin başlıca məqsədi modernləşmə mərhələsini də sürətlə başa vuraraq Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsində yüksəltmək, demokratik idealların cəmiyyətdə möhkəmlənməsinə nail olmaq, yeni düşüncəli vətəndaş yetişdirməkdir. Yeni dövrün milli ideallarına çevrilən bu məqsədlərin reallığa adekvatlığı isə qətiyyən şübhə doğurmur. Ən azı bu baxımdan ki, Azərbaycan özünün çoxminillik dövlətçilik tarixində heç zaman indiki kimi güclü, qüdrətli, özünəinamlı olmamışdır. Prezident İlham Əliyev bir müddət əvvəl İsmayıllı rayonuna səfəri zamanı demişdir: «Azərbaycanın bugünkü reallıqları bir daha müstəqilliyimizin üstünlüklərini göstərir. Tarixdə Azərbaycan heç vaxt bu qədər güclü olmamışdır. Bunun başlıca səbəbi müstəqil olmağımızdır. Müstəqillik ən böyük sərvətdir. Hər bir vətəndaş müstəqilliyi qorumalıdır, öz işi ilə müstəqilliyimizə töhfə verməlidir. Elə etməliyik ki, bundan sonra Azərbaycan daim inkişaf yolu ilə getsin».

Ümumilikdə, yeni mərhələni daha çox bazar münasibətlərinin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, modernləşmə strategiyasının reallaşdırılması mərhələsi kimi səciyyələndirmək olar. Bu xüsusda müasir dövrün milli ideyasının Azərbaycan üçün nədən ibarət olduğu da tamamilə aydındır. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, məqsəd Azərbaycanda yaxın 2020-ci ilədək ümumi daxili məhsulun 2 dəfəyədək artımına nail olmaq, 2018-ci ilədək bütün sosial problemlərin həllinə nail olmaq, sistem islahatlarını başa çatdırmaqdır. «Azərbaycan 2020: gələcəyə baxış» Konsepsiyası məhz bu və digər məqsədlərin reallaşdırılması baxımından sosial-iqtisadi, siyasi və hüquqi platform rolunu oynayır. Belə bir mükəmməl sənədin hazırlanması və təsdiqi deməyə əsas verir ki, cənab İlham Əliyev xalqın gələcəyi ilə bağlı aydın baxışlara malikdir.

 

İqtisadi müstəqilliyə təminat

 

Son illərə qədər respublikada milli ideya səviyyəli məqsəd kimi nəzərdə keçirilən daha bir məsələ də müsbət həllini tapmış, Azərbaycan 2009-cu ildə iqtisadi sahədə keçid dövrünü uğurla başa vuraraq iqtisadi və sosiomədəni modernləşmənin keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur. Həyata keçirilən dövlət siyasəti iqtisadi sahədə ənənəvi hesab edilən neft-qaz sektoru ilə bərabər, investisiya, sahibkarlıq, maliyyə-bank sektoru, tədiyyə balansı, kənd təsərrüfatı kimi bölmə­lərdə dinamik inkişafı təmin etmişdir. Eyni zamanda, beynəlxalq iqtisadi münasibətlərin milli maraqların qorunması çərçivəsində gücləndirilməsi qlobal strukturlara səmərəli inteqrasiyanı sürətləndirmişdir. Bu fonda əhalinin sosial müdafiəsi məsələsi də daim ön planda tutulmuş, bunun üçün əməli addımlar atılmış, müvafiq dövlət proqramları qəbul olunmuş, qanunvericilik bazası daha da təkmilləşdirilmişdir.

Prezident İlham Əliyevin Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi münasibətilə iyunun 26-da keçirilən möhtəşəm paradda söylədiyi kimi, son 10 ildə inkişaf dinamikasına görə Azərbaycanla müqayisə oluna biləcək ikinci bir ölkə yoxdur. Ötən 10 il, ilk növbədə, dünya siyasətinə təsir göstərən möhtəşəm layihələrin reallaşdırılması ilə səciyyəvidir. Ümummilli liderin yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin, Bakı-Tbilisi Ərzurum qaz kəmərinin istifadəyə verilməsi, «Ümid», «Abşeron» kimi perspektivli yataqlar kəşf olunması, Şərqlə Qərbi qovuşduracaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinə başlanılması, TANAP layihəçinin gerçəkləşməsi bu baxımdan xüsusi qeyd olunmalıdır.

Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına nəqli məqsədilə boru kəmərlərinin şaxələndirilməsi respublikamızı bütövlükdə Avropa məkanının enerji təhlükəsizliyi sisteminin əsas təminatçılarından birinə çevrilməsini təmin etmişdir. Bu gün Azərbaycan bütövlükdə MDB və Avropa məkanında heç bir ölkədən enerji asılılığı olmayan, müstəqil siyasət yeridən azsaylı dövlətlərdən biridir. Bununla ya­na­şı, respub­li­kamız regional və beynəlxalq əhəmiyyətli layihələri də daxili im­kanları hesabına maliyyələşdirmək gücündə olduğunu sübut etmişdir. Təkcə bir faktı demək kifa­yətdir ki, Azər­baycan Şərqlə Qərbi birləşdirəcək strateji əhəmiyyətli Bakı-Tbi­lisi-Qars dəmir yolu xəttinin maliyyələşdirilməsi üçün Gürcüstana 25 il müddətinə 575 milyon dollar kredit vermişdir.

Azərbaycanın ildən-ilə əhəmiyyətli dərəcədə artan maliyyə imkanları onun həm də sərmayədar ölkəyə çevrilməsini, digər dövlətlərin iqtisadiyyatına kapital yatır­ma­sını şərtləndirir. Türkiyə, Gürcüstan, Moldova, İçveçrə və Yunanıstan ərazisində inşa edi­lən nəhəng sənaye obyektləri respublikamızın həmin ölkələrin bu məhsullara olan təminatında həlledici rol oynaması ilə bərabər, sərmayədar dövlət kimi dünya bazarında rəqabət imkan­larını artırır.

Prezident İlham Əliyevin 10 illik prezidentlik dövrünün ən mühüm göstəricilərindən biri də ölkənin neft gəlirlərdən asılılığının əhəmiyyətli dərəcə azaldılmasıdır. İqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin sistemli və ardıcıl reallaşdırılması üçün dövlət başçısının müvafiq fərman və sərəncamları ilə «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı», «2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı», «2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı» və bir sıra sahəvi inkişaf proqramları təsdiq edilmişdir və hazırda uğurla icra olunur.

 

Güclü dövlət – yüksək sosial rifah

 

Ümumilikdə, son illərin digər makroiqtisadi göstəriciləri Prezident İlham Əliyevin yürütdüyü siyasətin xalqın maraqlarına tam cavab verdiyinin əyani təsdiqidir. 2003-2012-ci illərdə ümumi daxili məhsulun orta illik artımı 13 faiz, qeyri-neft sektorunda 10,6 faiz təşkil etmişdir. ÜDM 3 dəfə, onun adambaşına düşən həcmi 2,7 dəfə, qeyri-neft sektoru 2,3 dəfə, əsas kapitala yönəldilən investisiyaların həcmi 7,3 dəfə artmışdır. Bu dövrdə ölkə iqtisadiyyatı 3 dəfədən çox artmış, onun inkişafına 132 milyard dollar məbləğində sərmayə qoyulmuşdur. Bu müddətdə bir milyondan çox yeni iş yeri açılmış, yoxsulluğun səviyyəsi 44,7 faizdən 5,6 faizə enmişdir. Əldə olunmuş dinamik iqtisadi artımın nəticəsidir ki, Azərbaycanın «yuxarı orta gəlirli» ölkələr sırasında mövqeyi daha da möhkəmlənmişdir.

Ötən 10 ildə Azərbaycanda həyata keçirilən islahatların Azərbaycanda insan və vətəndaş amilinin yüksəlişinə xidmət etdiyini xüsusi vurğulamağa ehtiyac yoxdur. Respublikanın iqtisadi cəhətdən inkişaf etmiş dövlətə çevrilməsi məqsədinin özü də, ilk növbədə, ölkə vətəndaşların sosial rifah səviyyəsinin yüksəldilməsi məqsə­di­nə hesablanmışdır. 2003-cü ildə Azərbaycanda yoxsulluğun səviyyəsi 44,4 faiz təşkil edirsə, hazırda bu rəqəm cəmi 5,6 faizdir. Prezident İlham Əliyevin 2008-ci il 15 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş «2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı» 2015-ci ilədək respublikada yoxsulluğun tamamilə ləğvini nəzərdə tutur.

Cənab İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanda bütün sosial-iqtisadi göstəricilər kimi orta aylıq əməkhaqqının da dəfələrlə artımı baş vermişdir. 2003-cü ilin göstəricilərinə əsasən, Azərbaycanda orta aylıq əməkhaqqı təxminən 78 manat səviyyəsində idisə 2013-cü ilin birinci yarısının yekunlarına görə 408,8 manatdır.

Hazırda Azərbaycan orta aylıq əməkhaqqı səviyyəsinə görə MDB Rusiya və Qazaxıstandan sonra üçüncü yeri tutur. Beynəlxalq maliyyə institutlarının hesabatlarına əsasən, 2003-2012-ci illərdə Azərbaycanda orta aylıq əmək haqqı 5 dəfədən çox artmışdır. 2013-cü ildə orta aylıq əməkhaqqının artımının davam edərək 440 manatı (təqribən 565 ABŞ dolları) keçəcəyi gözlənilir.

2003-cü ilin əvvəlində Azərbaycanda cəmi 20 manat təşkil edən orta aylıq pensiyanın məbləği hazırda 175 manata yaxındır. Yeni pensiya sistemin tətbiqindən bu vaxtadək yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması ilə bağlı 8, sığorta hissəsinin artırılması ilə bağlı 6 sərəncam imzalanmışdır.

Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının statistikasına əsasən, Azərbaycan hazırda əmək pensiyasının baza hissəsinin məbləğinə görə MDB ölkələri arasında ilk yerlərdən birini tutur. 

 

Uğur diplomatiyası

 

Ötən 10 ildə sivil dünyanın qəbul etdiyi meyarlara cavab verən balanslı xarici siyasət yeridən respub­likamız özünün Cənubi Qaf­­qaz regio­nundakı əhəmiyyətli ərazi, geostrateji və geoiqtisadi üstün­lük­lərindən maksimum faydalı şəkildə yararlanmağa, habelə beynəlxalq təş­kilatlarda layiqli təm­­­silçiliyə çalışmışdır. Əlverişli nəqliyyat-kommunikasiya və tranzit imkan­larına, iqtisadi in­kişaf dina­mikasına, etnik-dini tolerantlığına görə Avrasiya qitə­sinin ən cəlb­edici məkanla­rından birinə çevrilən Azərbaycan ayrı-ayrı dövlətlərin bölgədə toqquşan maraqlarının opti­mal balan­sına da uğurla nail olmuşdur.

Xarici siyasət məsələlərinə geniş yer ayıran, Azərbay­canın «hücum diploma­tiyası»nı, qlo­bal təhdidlərə qarşı adekvat reaksiyasını təmin edən dövlət başçısı İlham Əliyev son 10 ildə res­publikamızın diplomatik mövqeyini xeyli dərəcədə gücləndirmişdir. Respublikamızın konkret zaman, məkan və şəraitə uyğun olaraq müəyyən­ləş­dirdiyi xarici siyasət strategiyasında müstəqilliyin möhkəmləndirilməsi, milli ma­raq­­ların qorunması, ərazi bütövlüyü və su­ve­ren­liyin bər­pası, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, regi­onal iqti­sadi əmək­­daşlığın dərinləşdirilməsi, Ermə­nistan-Azərbaycan, Dağlıq Qarabağ mü­na­qişəsinin ədalətli həlli, diaspor və lobbi quru­culuğu kimi priori­tetlər xüsusi aktuallıq kəsb etmişdir.

Xarici siyasətdə öhdəliklərə sabit­lik, şəf­faflıq, başqa döv­lətlərin daxili işlərinə qarışmamaq kimi aparıcı istiqamətlər önə çəkilmiş, region döv­lətləri ilə hərtərəfli əlaqələrinin genişləndiril­məsində meh­­­riban qon­­şuluq prin­sip­ləri təşviq edilmiş­dir. Cənab İlham Əliyevin prezidentliyi dövrü xarici siyasətdə fəallığın, intensivliyin və səmərə­li­liyin artması ilə yadda qalmış, Azərbaycan bölgədə müşahidə olunan neqativ geosi­yasi dəyişiklik meyil­lərinə kifayət qədər ra­sional və təmkinli münasibət göstərmişdir.

Yalnız bir neçə fakt Azərbaycan diplomatiyasının son 10 ildəki uğurları barədə dolğun mənzərə yaradır: Azərbaycan son iki ildə BMT Təhlükəsizlik Şurasına üzv seçilmiş, Rusiyanın Azərbaycandakı yeganə hərbi bazasının – Qəbələ Radiolokasiya Stansiyasının fəaliyyəti dayandırılmış, Azərbaycan zabiti Ramil Səfərovun Azərbaycana ekstradisiyası reallaşdırılmış, türk və islam dövlətləri ilə münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.

Çevik və çoxtərəfli diplomatik fəaliyyətimizin, Azərbaycanın təşəbbüskarlığı və ev sahibliyi ilə Bakıda keçirilən çoxsaylı mötəbər beynəlxalq tədbirlərin nəticəsidir ki, Bakı artıq regionun «diplomatik paytaxtı»na çevrilmişdir.

 

Multikulturalizm ünvanı

 

Son vaxtlaradək Azərbaycanın coğrafi mövqeyi ilə bağlı belə bir fikir səslənirdi ki, ölkəmiz Şərqlə Qərb arasında mənəvi körpüdür. Lakin Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, indi Azərbaycanın iqtisadiyyatı və elmi-mədəni potensialı elə səviyyəyə çatmışdır ki, biz daha sadəcə olaraq iki sivilizasiya arasında körpü rolunu oynamırıq; biz bu sivilizasiyaların hər ikisinin daşıyıcısı olmaqla, həm də multikulturalizm məkanına çevrilmişik. Son illərdə qazanılmış böyük iqtisadi nailiyyətlər Azərbaycana özünün beynəlxalq mövqeyini möhkəmləndirmək, Şərq ilə Qərb arasında tutduğu əlverişli coğrafi vəziyyətdən daha optimal surətdə istifadə etmək imkanı vermişdir.

Müasir dövrdə sivilizasiyalar arasında dialoqun ən mühüm problemlərindən biri də multikulturalizmdir. Bu anlayışın mahiyyətində cəmiyyəti daha çox ədalət, mərhəmət kimi ümumbəşəri ideyalara təşviq etmək cəhdləri də var. Multikulturalizm elə bir siyasətdir ki, o, mədəni plüralizmi qəbul edir və onun inkişafına şərait yaradır. Bu, ölkə əhalisinin etnik irqi və dini müxtəlifliyindən asılı olmayaraq, onların hamısının hüquq və azadlıqlarına hörmətlə əlaqədardır. Multikultural cəmiyyətdə hər bir vətəndaş öz mədəniyyətini, dilini, ənənəsini, etnik və dini dəyərlərini inkişaf etdirmək, ana dilində məktəb açmaq, qəzet və jurnal dərc etdirmək sahələrində bərabər hüquqlara malikdir.

Multikulturalizm hamı tərəfindən tanınan, müxtəlif mədəniyyətlərə tolerant münasibətə əsaslanan dinc, yanaşı yaşama prinsipidir. Müxtəlif xalqların, millətlərin, dinlərin xüsusiyyətlərinə tolerant münasibətin azərbaycanlıların mentalitetinə xas bir dəyər olduğunu nəzərə alsaq, fərqli baxışlara, adətlərə, vərdişlərə dözümlülük mövqeyini özündə ehtiva edən multikulturalizmin Azərbaycan üçün xüsusi əhəmiyyətini dərk etmək çətin deyildir.

Multikulturalizmin alternativinin özünütəcrid olduğunu bəyan edən Azərbaycan Prezident İlham Əliyev çıxışlarının birində deymişdir: «Multikulturalizm başqa xalqın nümayəndəsinə hörmət, başqa dinə hörmətdir. Öz dininə hörmət başqa dinə hörmətdən başlayır. Multikulturalizm ayrı-seçkiliyə yol vermir, əksinə bütün xalqları birləşdirir. Eyni zamanda, hər bir ölkənin öz qaydaları, öz ənənələri vardır. Azərbaycanda yaşayan xalqlar əsrlər boyu multikulturalizm şəraitində yaşayıblar”.

Azərbaycan isə son illərdə bu sahədə aparılan müzakirələrin sadəcə iştirakçısı qismində çıxış etmir, eyni zamanda, bəşəriyyətin gələcək inkişafı naminə mədəniyyətlərarası, konfessiyalararası və sivilizasiyalararası dialoq üçün real imkan və mexanizmlərin müəyyənləşdirilməsinə xidmət göstərən bu cür müzakirələrin təşəbbüskarı və təşkilatçısı missiyasını yerinə yetirir.

2011 və 2012-ci illərin oktyabrında paytaxtımızda keçirilən 1-ci və 2-ci Bakı Beynəlxalq Humanitar Forumaları müxtəlif ölkələrin dövlət siyasətində multikulturalizmin mövqe və imkanlarının bir daha təhlilinə, etnik və mədəni özünüdərk arasında azad seçimin təmin olunmasına, azadlıq, bərabərlik və dözümlülük kimi təməl dəyərlərin cəmiyyətdə bərqərar olmasına yönələn qlobal miqyaslı tədbirlər olaraq, dünyanın ən yeni tarixinə əhəmiyyətli hadisə kimi daxil olmuşdur.

 

Demokratikləşmə — milli ideyanın mühüm komponenti

 

Prezident İlham Əliyev Kürdəmir rayonuna səfəri zamanı qarşıdakı illərdə ölkədə sistem islahatlarının aparılması zərurətini xüsusi önə çəkmişdir. Söhbət siyasi və hüquqi liberallaşmaya, vətəndaş cəmiyyəti təsisatlarının inkişafına xidmət edən islahatların sürətləndirilməsi zərurətindən gedir. Şübhəsiz, iqtisadi cəhətdən inkişaf etməmiş hansısa dövlətdə demokratikləşməyə və vətəndaş cəmiyyəti quruculuğuna yönələn cəhdlər uğursuzluqla nəticələnir, çünki tətbiqinə cəhd göstərilən mütərəqqi yeniliklər vətəndaşların real yaşayış səviyyəsi, həyat tərzi ilə uzlaşmır. Məhz bu reallıqdan çıxış edən Prezident İlham Əliyev ötən 10 ildə hər iki təmayülə vəhdət şəklində yanaşaraq ölkənin uzunmüddətli inkişafını məhz demokratik və iqtisadi islahatların paralel şəkildə davam etdirilməsində görür. Bu mənada, yüksək sosial-iqtisadi inkişafla yanaşı, demokratikləşmə prosesinin sürətləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğu prosesinin başa çatdırılması, hüquqi dövlətin, sözün həqiqi mənasında, bərqərar olması müasir Azərbaycan milli ideyasının tərkib hissələri kimi nəzərdən keçirilir.

Təcrübə göstərir ki, liberalizm, demokratiya və bazar münasibətləri prinsipləri məcmu halda çıxış edir. Məhz demokratik dövlət bazar münasibətlərinin, azad rəqabətin mövcudluğunun və səmərəli fəaliyyətinin təminatı kimi çıxış edir. İqtisadi məcburiyyət formasından insanları azad etməklə, bu sahədə silki və nomenklatura imtiyazlarını aradan götürməklə demokratik cəmiyyətin hər bir üzvünün iqtisadi azadlığının reallaşması üçün ən yaxşı şəraiti yaradır.

Cəmiyyətin demokratikləşməsi millətin intellektual potensialının həyata keçməsinə, yeni sivilizasiyaya yaxınlaşmağa üçün meydan açır. Ancaq demokratikləşmənin özü də milli ideyaya bağlı olmasa, sosiumun milli özəlliyi nəzərə alınmasa, uğursuzluğa məhkumdur. Milli ideyanın millətin inkişafına, dövlətin tərəqqisinə tam dolğun xidmət etməsi üçün o, cəmiyyəti innovasiyalı modernləşməyə istiqamətləndirməlidir. İnsanların şüuruna hakim kəsilən milli ideya millətin konkret fundamental məqsəd və vəzifələrinə nail olmaqda reallaşmalıdır. Məhz buna görə də demokratikləşmə Azərbaycan milli ideyasının mühüm komponentinə çevrilir.

Ümumilikdə isə, Prezident İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli «Azər­bay­can Respublikasında İnsan Hüquqları sahəsində Milli Fəaliyyət Proq­ramı», 23 may 2011-ci il tarixli «Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında», 27 dekabr 2011-ci il tarixli, 5 sentyabr 2012-ci il tarixli «Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nın və «Korrupsiyaya qarşı mübarizəyə dair» 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı» insan hüquq və azadlıqlarının təmini, demokratik və açıq cəmiyyətin qurulması baxımından yeni imkanlar açmışdır. «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasında siyasi və hüquqi mühitin liberallaşdırılmasına xidmət edən kompleks tədbirlər nəzərdə tutulması isə Azərbaycanı bu sahədə qabaqcıl dövlətə çevirmək niyyətindən irəli gəlir.

 

Ekspansiya siyasətinin məkrli təzahürləri

 

Əlbəttə, demokratiya özbaşınalıq və hərc-mərclik deyil, qanunların aliliyinə söykənən idarəetmə forması və siyasi mədəniyyətdir: onun müəyyən qanunauyğunluqlarından kənara çıxdıqda, demokratiya insanların, dövlətin inkişafına deyil, demokratik idealların, prinsiplərin buxovlanmasına, məhvinə gətirib çıxarır. Bununla belə, müasir dövrdə «demokratiya çətiri» altında hələ də özünün imperialist siyasətini yürüdən, geosiyasi və iqtisadi maraqları ətrafında reveranslar edən bəzi aparıcı dövlətlərin, eləcə də müəyyən təşkilatların «ikili standartları» nəinki demokratik ideallara kölgə salır, hətta beynəlxalq hüququ iflic duruma gətirir.

Təbii sərvətlər üzərində nəzarəti həyata keçirmək, «yenidən bölgü» niyyətini reallaşdırmaq istəyən Qərbin məlum dövlətlərinin İraq, Əfqanıstan, Liviya, Misir, Tunis, Yəmən və Suriyada «demokratiya və insan hüquqlarının qorunması» adı altında həyata keçirdiyi dağıdıcı «ssenari»lərin nəticələri göz önündədir. Bu gün bütövlükdə Yaxın Şərq barıt qoxusu verir: dinc insanlar öldürülür, vətənlərindən didərgin düşərək qaçqına çevrilirlər. Misir və Suriyada cərəyan edən hadisələr «inqilab ssenariləri»nin məhvə məhkum olduğunu göstərməklə yanaşı, demokratiya ixracı cəhdlərinin doğurduğu fəsadları üzə çıxarır. Vaxtilə Yaxın Şərqdə iqtisadi-siyasi gücü ilə seçilən həmin dövlətlər cəmi bir-iki il içində «qara inqilablar» nəticəsində vətəndaş müharibəsinə sürükləniblər. Regionda tənəzzül, səfalət, aclıq – bir sözlə, humanitar fəlakət baş alıb gedir.

İmperilizmin tərkib hiissəsi olan ekspansiya siyasəti islamafobiya meyillərini də kəskinləşdirmişdir. İslamı və müsəlman dövlətlərini «terrorla mübarizə» adı ilə hədəfə götürənlər, əslində, Avropa ölkələrində müsəlmanlara qarşı törədilən terrorun, ayrı-seçkiliyin, dözümsüzlüyün fərqində belə deyillər. Üstəlik, Qərbin müəyyən dairələri nəyəsə görə belə hesab edirlər ki, müsəlman dövlətlərinə demokratiyanı onlar öyrəməli, dövlət quruculuğu onların istədiyi kimi olmalıdır.

İmperalist dövlətlər regionun iqtisadi cəhətdən qüdrətli və demokratik müsəlman dövlətlərindən olan Türkiyənin nüfuzunun artmasından da ciddi təşviş keçirir, bu ölkənin daxili işlərinə kobud müdaxilə edir, aranı qarışdırmağa çalışırlar. «Gəzi parkı» hadisələrinin ardınca son günlərdə qardaş ölkədə kiçik bir azlığın vəziyyəti yenidən gərginləndirməyə çalışması, «Taksim» meydanında baş verənlər xarici təsirlərin qabarıq təzahürüdür. Lakin Türkiyə güclü dövlət kimi bu cəhdlərin əbəs olduğunu dəfələrlə sübuta yetirmiş və türk xalqqının iradəsilə təxribat cəhdlərinin qarşısını qətiyyətlə almışdır.

Müstəqil Azərbaycan da son 10 ildə bu təsirləri öz üzərində hiss edərək uğurla neytrallaşdırmış, demokratik inkişafın yalnız hüquqi, siyasi və iqtisadi islahatların paralelliyi şəraitində mümkünlüyünü öz təcrübəsində sübuta yetirmişdir. Müxtəlif beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanla bağlı ifrat qərəzin yer alması, kiçik nöqsanların həddən artıq şişirdilməsi ölkə ictimaiyyəti üçün müəyyən mənada, adiləşmişdir. Lakin bəzən bu çirkin kampaniyaya Avropa və dünya miqyasında müəyyən nüfuza malik təşkilatların da qoşulması, sadəcə, təəssüf hissi doğurur. Bəzi xırda faktların ictimai kontekstdən çıxarılaraq ümumiləşdirilməsi, bunun qanunauyğunluq, sistematik baş verən hadisələr, ümumi inkişaf meyli kimi təqdim edilməsinə cəhd göstərilməsi, şübhəsiz, Azərbaycandakı demokratik prosesləri gözdən salmağa yönəlmişdir. Regionda insan hüquqlarının kobud şəkildə pozulduğu, insan ləyaqətinə etinasızlığın baş alıb getdiyi dövlətlər vardır. Ermənistan bu sırada öncür yerdə dayanır. Lakin məhz Azərbaycanın həmin dövlətlər sırasından çıxarılıb xüsusi diqqət mərkəzinə çəkilməsi, xeyirxah münasibətdən irəli gəlmir və qərəzli xarakter daşıyır.

Aşkar \gönrünür ki, Azərbaycanda mütləq əksəriyyətin etimadını qazanan, sürətli sosial-iqtisadi inki­şafı təmin edən, ictimai-siyasi qoruyub saxlayan, qlobal enerji layihələrinin ger­çək təminatçısına çevrilən, ölkənin beynəlxalq arenada nüfuz və mövqelərini möh­kəmləndirən güclü haki­miyyətin mövcudluğu anti-azərbaycançı şəbəkəyə qətiyyən sər­fəli deyildir. Regionda maraqlarını gerçəkləşdirmək istəyən müəyyən dairələr Azər­baycanda zəif və marionet qüvvənin hakimiyyətdə olmasını daha çox istəyirlər. Çünki xalqın dəstə­yini almayan hakimiyyət üçün milli maraq məf­humu da olmur. Son 20 ildə xalqın dəstəyindən məhrum olmuş aqressiv müxalifət partiyaları hakimiyyət maraqları naminə həmin qüvvələrə öz xidmətlərini təklif edir­lər. Bu qüvvələrin mövcud hakimiyyətə qarşı mücadiləsi də əslində hakimiyyət dəyişikliyinə yox, müstəqil dövlətimizi vassalf, «forpost»a çevirmək məramına hesablanmışdır.

Fəqət, Azərbaycan hazırda elə bir yüksək inkişaf mərhələsinə qədəm qoymuşdur ki, hazırda iqtidar-müxalifət münasibətləri, hakimiyyət uğrunda mübarizə yalnız sivil, demokratik forma və metodlarla aparıla bilər. Bu isə dialoq, real şüuarların və daha cəlbedici sosial-iqtisadi proqramların irəli sürülməsi yoludur. Dövlətin uzunmüddətli inkişaf məqsədlərinə etinasızlıq göstərən məsuliyyətsiz, ifrat radikalizm və «inqilabi» ritorika yeniləşən ictimai prioritetlərə yad olmaqla, onlarla uyuşmur. Fəqət, ölkədəki və xaricdəki müəyyən qüvvələr bu gerçəkliyi nədənsə dərk etmək istəmir. Onlar unudurlar ki, xalq və xüsusən yüksək təhsilli indiki nəsil küçə siyasətini, mitinq hay-küyünü, köhnəlmiş şüarları qəbul etmir. Bunun nəticəsidir ki, müxalifətin qarşıdakı prezident seçkiləri ilə bağlı vahid namizəd axtarışları uğursuzluqla nəticələnmişdir.

Azərbaycanın demokratik inkişaf yolunu Avropa və Qərbin xoşuna gəlmək üçün seçməmişdir. Bu yol xalqın plüralist demokratiyanı bərqərar etmək, hüquqi dövlətin yüksək standartlarına nail olmaq əzmi ilə bağlıdır. Qərəzli iddialara və qərarlara rəğmən, respublikamız demokratiyanın şəksiz üstünlüklərini gerçəkləşdirərək, insan hüquqlarına və azadlıqlarına hörmətə əsaslanan demokratik, hüquqi dövlət quruculuğu yolundan heç vaxt çəkilmir.

2013-cü ilin 9 oktyabr seçkilərinə hazırlıq prosesinin tamamilə azad, şəffaf şəkildə, qanunvericiyə uyğun şəkildə getməsi, ümumilikdə seçkiqabağı mühitin demokratikliyi aqressiv müxalifətin xaricdəki havadarlarını da susmaq məcburiyyətində qoymuşdur.

Azərbaycan xalqı anarxiya, xaosu, gərginliyi deyil, sabitlik, tərəqqi və inkişafı dəstəkləyir. Çünki bu siyasətin son 10 ildə ölkəmizə, həyatımıza hansı böyük uğurlar gətirdiyini, nə kimi ye­niliklərə yol aç­dığını hamı yaxşı bilir. Həyata keçirilən iqtisadi-siyasi islahatlar fo­nunda Vətə­nini, xalqını sevən hər bir azərbaycanlı gələcəyə böyük ümidlə baxır. Azərbaycan xalqının qarşıdakı sınaqdan uğurla çıxacağı, öz iradəsi əsasında, azad şəkildə istədiyi namizədi prezident seçəcəyi şübhəsidir.

HALAL QƏLƏBƏ

Azərbaycan tarixində ən demokratik, ən azad, ən şəffaf seçkilər keçirildi

«Növbəti illərdə biz bütün bu istiqamətlər — iqtisadi islahatlar, sosial siyasət, enerji siyasəti, xarici siyasət üzrə ancaq və ancaq irəliyə gedəcəyik. Biz daha da güclü Azərbaycan, daha da güclü dövlət quracağıq ki, bu dövlətdə hər bir vətəndaş özünü rahat hiss etsin, sülh, əmin-amanlıq şəraitində yaşasın».

 

İlham ƏLİYEV

 

Seçki öncəsi Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin ətrafinda İsa Qəmbəri, Əli Kərimlini, İsgəndər Həmidovu və bu qəbildən olan qeyrilərini gördüm. Xəyal məni 1991-1992-ci illərə apardı. İlahi, necə də müdhiş bir dövr idi. Azərbaycan yarpağı solmuş bir ağaca, rəngi-rufu avazımış xəstəyə bənzəyirdi. Gecə saat 3-dək jmıxdan bişirilən çörək növbəsində dayandığım günlər yadıma düşdü.

Dənizkənarı parkın sönük, kimsəsiz, insana qəm-qüssə gətirən qaranlığa qərq olmuş siması yada düşdü. Sən demə, adamsız cənnət də cəhənnəmə dönərmiş. O vaxt insanların bulvara, xiyabanlara çıxması mümkün deyildi. Heç kəs qorxusundan qaş qaralandan sonra çölə-bayıra çıxa bilmirdi. İnsanları küçələrdə soyurdular, qarət edirdilər. Dövlət adamlarının (Müsavat-Xalq Cəbhəsi cütlüyü) televiziya ekranlarında tərbiyəsiz, azğın hərəkətləri, tamaşaçıları bezdirən çıxışları yada düşür…

Hər gün Bakıya və rayonlara çəbhə bölgəsindən gələn onlarla şəhid əsgərin tabutları, yas içində ağlar qalan anaların fəryadı yadıma düşür…

Azərbaycan batmaqda olan bir gəmini xatırladırdı. Kompası itmiş bu sükansız gəmi ucsuz-bucaqsız dəryada azmışdı. Bu gəminin sərnişinləri nicat yolu axtarırdılar.

Şükürlər olsun ki, bu gəminin cəsur kapitanı tapıldı. İndi deyirik: Heydər Əliyev, Sənin ruhun şad olsun, məzarın nurla dolsun! Azərbaycan xalqı Sənə əbədi borcludur. Borc dedim, Sənin öz xalqın qarşısında, bütün varlığınla sevdiyin Azərbaycan qarşısında SON borcun yada düşdü. Sən son dəqiqələrində belə xalqını, vətənini unutmadın! Sən dahilər dahisi idin. Filosofların böyük müəllimi Konfutsi demişdir ki, «dahilər ölümqabağı çox mühüm işlər haqqında düşünürlər». Sənin üçün mühüm şey canından çox istədiyin müstəqil Azərbaycanın gələcək taleyi idi, Azərbaycan xalqı idi. Sən onu naşı əllərə tapşıra bilməzdin! Sənə «baba» deyən bu millətin müdrik sözə ehtiyacı vardı. Sənin 1 oktyabr 2003-cü ildə uzaq Klivlənddən doğma Azərbaycana ünvanladığın ritorikadan uzaq müraciət — vəsiyyət doğma xalqın tərəfindən hərarətlə qarşılandı. Bəli, xalq öz Milli Liderinin — Sənin son müraciətini vəsiyyət kimi qəbul edib, ona əməl etməyi özünə borc bildi. Sənin ciyərparan-ürəkparan İlham Əliyev prezident seçildi… Xalq bir həqiqəti anladı ki, borc bildiyi bu əməl Azərbaycanın müstəqilliyinin əbədiliyinə, iqtisadi tərəqqisinə, demokratiyanın dönməzliyinə xidmət edəcək! Bəli, Azərbaycan dövlətinin müqəddəs rəmzlərinin ən etibarlı keşikçisi ancaq İlham Əliyev ola bilərdi və oldu da…

Ulu öndər, ruhun şad olsun! 9 oktyabr 2013-də doğma xalqın ayağa qalxıb yenə ONU prezident kürsüsünə seçdi!..

 

Dəyişməz seçim

 

2013-cü ilin 9 oktyabr seçkiləri də məhz bu reallığın təntənəsi olaraq müdrik və qədirbilən xalqımızın öz taleyinə biganə qalmamasının, gələcək naminə dürüst seçim etməsinin, ən layiqli namizədə səs verməsinin əyani təsdiqi kimi tarixiləşmişdir. Danılmaz reallıqdır ki, vətəndaşların ölkəyə layiqli rəhbər seçmək haqqı xalqın öz taleyinə sahib çıxmaq hüququnun təməlində dayanır. Azərbaycan xalqı son seçkilərdə daxili inamına söykənərək ölkəni əlahiddə inkişaf yoluna çıxarmış siyasətə səs verməklə ağı qaradan seçməyi bacardığını, ölkənin taleyinə biganə olmadığını göstərmişdir. Bu tarixi seçim həm də belə bir həqiqətin cəmiyyətdə obyektiv dərkidir ki, Azərbaycanın gələcək tərəqqisi, davamlı inkişafı məhz mövcud siyasi kursun davamlılığının təminatından asılıdır.

Gələcək barədə xoş arzu və düşüncələr insanları daha yaxşı çalışaraq daxili güc və imkanlarını, potensialını səfərbər etməyə sövq edir. Təbiidir, insan sabahını bugünündən daha firavan, güvənli görmək istəyir və bu nəcib niyyət onun fəaliyyətində stimulverici amilə çevrilir. Bu fikri tarixən insan toplumunu vahid ərazi hüdudlarında birləşdirərək sivil birgəyaşayışı təmin edən ayrı-ayrı dövlətlərə də şamil etmək olar. İstisnasız olaraq hər bir cəmiyyətin yüksək rifahı və tərəqqisi ilk növbədə dövlətin siyasi sisteminin xarakterindən, inkişaf strategiyasının mahiyyətindən, milli potensialın düzgün realizə edilməsindən asılıdır. Sabahını düşünərək qarşıya qoyduğu hədəflərə doğru əzmlə irəliləyən insan nə qədər əzmkar və nikbin təsir bağışlayırsa, gələcəyi üçün bugündən daha etibarlı, möhkəm təməl formalaşdıran, vətəndaşları üçün layiqli həyat tərzi formalaşdırmağa çalışan dövlət bir o qədər qüdrətli və istiqrarlı görünür.

Ölkə vətəndaşları son seçkilərdə cənab İlham Əliyevin şəxsində məhz inkişaf etmiş Azərbaycana, onun davamlı uğurlarına, güvənli gələcəyinə — bir sözlə, sabitlik, inkişaf və rifaha səs vermişlər. Beləliklə, seçicilərin 84,59 faizinin səsini qazanmış cənab İlham Əliyevin ölkəni daha böyük uğurlara aparacaq alternativsiz lider olduğu bir daha yəqinləşmişdir. Şübhəsiz, bu yüksək etimad, ilk növbədə, hələ 2003-cü ilin oktyabrında «Mən hər bir azərbaycanlının prezidenti olacağam» deməklə səlahiyyətlərinin icrasına başlamış cənab

İlham Əliyevin ötən 10 ildə Azərbaycanı dinamik inkişaf yoluna çıxarması ilə şərtlənmiş, tərəqqi kursunun vətəndaşlar tərəfindən dəstəklənməsinin təcəssümü olmuşdur.

Əslində, 2013-cü ilin prezident seçkiləri tamam fərqli bir inkişaf mərhələsinə təsadüf edirdi. Elə bir mərhələyə ki, mövcud həyat reallıqları fonunda kiminsə səhv etməsi, yanılması tamamən istisna idi. Seçim anında vətəndaşın mövqeyinə təsir edəcək, onu tərəddüdlə üzləşdirəcək hansısa mühüm amil, yaxud da ciddi siyasi qüvvə gözə dəymirdi. Müdrik xalqımız iddiası ilə imkanları heç zaman uzlaşmayan ifrat radikal qüvvələrin məğlubiyyətlərini qabaqcadan göz önünə alaraq seçki prosesinə qara yaxmaq, reallığı təhrif etmək cəhdlərinə məhəl belə qoymadı. İndiyə qədər bütün seçki mübarizələrində məğlubiyyətə düçar olaraq sonradan seçki prosesinin demokratikliyinə əsassız yerə şübhə yaratmağa çalışan bu nihilist, inkarçı qüvvələrin 1 illik uğursuz hakimiyyəti dövrü də unudulmamışdı. Bəli, xaos və anarxiya, vətəndaş itaətsizliyi, siyasi, iqtisadi və mənəvi böhran dövrü kimi səciyyələnən 1992-1993-cü illərin doğurduğu neqativ assosiasiya son 20 ildə bütün seçkilərin nəticələrinə öz təsirini göstərmişdir. Azərbaycan vətəndaşları kimin kim olduğunu bildikləri üçün bütün seçkilərdə daxildən gələn istəklə alternativ görmədiyi siyasi kursun qələbəsinə səs vermişlər.

9 oktyabr seçkilərinin ilkin nəticələri ilə bağlı xalqa müraciət etmiş Prezident İlham Əliyevin dediyi kimi, insanlar öz iradələrini bir daha ortaya qoymuşlar: «Mənə böyük etimad göstərmiş, yenidən prezident vəzifəsinə seçmiş doğma xalqıma minnətdaram. Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da doğma xalqıma ləyaqətlə xidmət edəcəyəm, daim Azərbaycanın dövlət maraqlarını müdafiə edəcəyəm. Azərbaycan xalqı bu seçkilərdə azad, şəffaf şəkildə öz iradəsini ortaya qoydu. Azərbaycanda keçirilən prezident seçkiləri demokratiyanın təntənəsidir. Azərbaycanda bütün azadlıqlar mövcuddur. Azərbaycan demokratik dövlət kimi bundan sonra da uğurla inkişaf edəcəkdir».

 

Heydər Əliyev siyasi kursunun təntənəsi

 

Cəmiyyətdəki çoxluğun mənafeyinə cavab verən praqmatik və realist siyasət yürüdən Prezident İlham Əliyevin son seçkilərdəki möhtəşəm qələbəsini şərtləndirən əsas amillərdən biri dövlət başçısının son 10 ildə məhz Heydər Əliyev siyasi kursuna istinad etməsi, ulu öndərin ideyalarını bütün sahələrdə gerçəkləşdirməsi, zənginləşdirməsidir. Başqa sözlə, Azərbaycan seçicisinin dəyişməz mövqeyini həm də dövlətin və xalqın maraqları şərtləndirmişdir.

Siyasi varisliyin təmini əsrlər boyu formalaşmış dövlətçilik irsinin qorunması və inkişaf etdirilməsi anlamında, əslində, hər bir ölkə üçün aktualdır. Söhbət ölkənin və xalqın sabit, dinamik inkişafının təkamül yolu ilə davam etdirilməsindən gedir. Azərbaycanda müstəqil dövlətçilik ənənələri formalaşdırmış ulu öndər Heydər Əliyev müəllifi olduğu siyasi strategiyanın davamlılığını təmin etmiş, parlaq zəkası hesabına respublikamızın gələcək uğurlarına təminat yaratmışdır. Azərbaycanın bu gün bölgədə həyata keçirilən qlobal enerji və kommunikasiya layihələrinin təminatçısına çevrilməsi, ümumi daxili məhsulun artım tempinə görə dünyanın lider dövlətləri sırasına yüksəlməsi, ölkədə sosial problemlərin həlli — işsizliyin, yoxsulluğun aradan qaldırılması, infrastrukturun bütün sahələrdə yeniləşdirilməsi istiqamətində atılan addımlar ölkə vətəndaşlarını öz seçimində daha qətiyyətli, prinsipial olmağa sövq etmişdir. Bununla yanaşı, ölkə vətəndaşlarının firavan, azad yaşayışı, insan hüquq və azadlıqlarının təmin olunması, demokratikləşmə istiqamətində atılan addımlar mövcud siyasi kursa real alternativin olmadığını bir daha təsdiqləmişdir.

Xalqın son seçimi həm də növbəti illərdə Prezident İlham Əliyevin Azərbaycanın tərəqqi və inkişafına, uğurlu gələcəyinə daha çox töhfələr verəcəyinə olan dərin və səmimi inamdan qaynaqlanır. Ölkə vətəndaşları Heydər Əliyev siyasi kursunu yeganə nicat və istinadgah mənbəyi seçdikləri kimi, qarşıdakı beş ildə də məhz Azərbaycanın taleyini ulu öndərin layiqli davamçısı — Azərbaycan Prezidenti cənab İlham Əliyevə etibar etmişlər.

Hakimiyyətə iddia edən istənilən siyasi lider dövlətçiliyi hər cür qəsdlərdən qorumaq, milli maraqları təmin etmək, ekstremal situasiyalarda optimal qərar vermək bacarığına malik olmalıdır. 2003-cü ilin 15-16 oktyabr, 2005-ci ilin noyabr hadisələri zamanı müşahidə olunan kataklizmlər, hakimiyyətin zorakı yolla ələ keçirilməsinə yönəlmiş iğtişaş cəhdlərinin uğursuz nəticəsi sübut etdi ki, Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik real təminatlara söykənir. Hər hansı radikallıq cəmiyyətimiz üçün təhlükə doğura, Azərbaycanın müstəqilliyinə xələl gətirə, demokratik inkişaf proseslərinin qarşısını ala bilməz. Elə bu səbəbdən də cənab İlham Əliyevin dövlətə rəhbərliyinin ilk ayları daha çox humanist çalarlarla yadda qalmışdır. Vaxtilə dövlətçiliyimizə qarşı ağır cinayətlər törədən və bir neçə illik cəza müddəti dövründə öz səhvindən səmimi peşmançılıq keçirən insanlar azadlığa buraxılmış, o cümlədən siyasi iğtişaşların təşkilatçıları və fəal iştirakçıları qısa müddətdən sonra azad edilmişlər. Daxili siyasətdə liberalizm elementləri qabarıq şəkildə nəzərə çarpmağa başlamış, siyasi qüvvələr arasında dialoqa meyil güclənmişdir.

 

Siyasətdə praqmatizm, iqtisadiyyatda liberallıq

 

Cənab İlham Əliyevin yürütdüyü siyasətin dəstəklənməsi həm də onun nəzəriyyəçidən daha çox praktik olması ilə şərtlənir. O, inkişafa xidmət edən mütərəqqi fikir və ideyalarını ictimai rəyə hesablanmış hansısa populist bəyanatlar üzərində deyil, reallıqda təsdiqini tapmış müddəalar üzərində qurur.

Auditoriyanın xarakterindən asılı olmayaraq, Azərbaycan Prezidenti insanlarla bütün ünsiyyət anlarında müstəqil dövlətimizin qarşısında dayanan yeni planlar, perspektivlər haqqında fikir və düşüncələrini aydın şəkildə, həm də elmi əsaslarla çatdırır. Cənab İlham Əliyev hər cür pafosdan, populizmdən uzaq olan, praqmatik, realist təfəkkürlü liderdir. Ölkə başçısının elə bir vədi yoxdur ki, ötən 10 ildə bəyanat səviyyəsində reallaşmamış qalsın. Əksinə, cəmi 10 ildə həyata keçirilən islahatların — real miqyasına, əhəmiyyətinə görə — ən azından onilliklər ərzində gerçəkləşdirilməsi  mümkünlüyü inkarolunmaz reallıqdır.

Tarixən formalaşmış elmi nəzəriyyələr göstərir ki, praktikada qazanılmış uğurlu nəticələrin elmi cəhətdən izahı inkişafın sabit səciyyə daşıması baxımından son dərəcə vacibdir. Konkret elmi postulatlara, nəzəri konstruksiyalara əsaslanmayan inkişafın uzunmüddətli və səmərəli olması qeyri-mümkündür. Bu baxımdan son illər müstəqil Azərbaycanın özünəməxsus inkişaf xüsusiyyətlərinin, milli inkişaf modelinin öyrənilməsi istiqamətində təşəbbüslərin artması da tamamilə təbiidir: respublikamız iqtisadi sahədə keçid dövrünü başa vurmuş, ötən illərdə milli iqtisadiyyatın inkişafı üçün yeni qanunlar qəbul olunmuş, özəlləşdirmə prosesi, vergi, torpaq islahatı başa çatmışdır. İnfrastrukturun yeniləşdirilməsi keyfiyyətcə yeni mərhələyə adlamış, güclü yanacaq-energetika, neft sənayesi formalaşmış, sahibkarlığın milli inkişafda rolu artmış, sosial problemlərin böyük qismi həllini tapmış, respublikamızın dünya iqtisadi-təsərrüfat sisteminə uğurlu inteqrasiyası təmin olunmuş, Azərbaycan nəinki özü, bölgə dövlətləri üçün də etibarlı enerji təhlükəsizliyi sistemi yaratmışdır.

Seçkilərin ilkin nəticələri ilə bağlı xalqa müraciətində cənab İlham Əliyev demişdir: «Azərbaycan xalqı bu seçkilərdə son on il ərzində görülən işlərə öz yüksək qiymətini vermişdir. On il ərzində dövlətçiliyimizin əsasları möhkəmləndi. Bu gün Azərbaycan dövləti güclü, müstəqil siyasət aparan bir dövlətdir. Bizim güclü ideoloji əsaslarımız vardır. Azərbaycançılıq məfkurəsi bizim ideoloji dayağımızdır».

Cənab İlham Əliyevin qazandığı möhtəşəm qələbənin bir mühüm səbəbi də var: dövlət başçısı insan və şəxsiyyət amilini ucaltmaqla hər bir vətəndaşın maraqlarının dövlət üçün üstün olduğunu nümayiş etdirmişdir. Dövlət başçısının hər iki prezidentlik dövrünün böyük uğurlarından biri də Azərbaycan kəndinə şəhər simasının gətirilməsi olmuş, cənubdan şimala, şərqdən qərbə çoxsaylı yaşayış məntəqələrində yeni sosial-mədəni obyektlər — ən müasir tələblərə cavab verən yeni məktəblər, səhiyyə ocaqları, körpülər, yollar tikilmişdir. Hətta sovet dövründə də «mavi yanacaq» üzü görməyən Yardımlıya, Lerikə təbii qaz çəkilmiş, Qubanın ucqar dağ kəndi Xınalığa yol çəkilmiş, daha bir fantastik layihənin — strateji əhəmiyyətli Quba-Şamaxı yolunun inşasına start verilmişdir. Bütün bunlar regionlarda mənəvi ab-havanın yaxşılaşmasına səbəb olmaqla, Azərbaycan insanının dövlətə, onun rəhbərinə etimadını, sevgisini və rəğbətini daha da artırır.

Prezident İlham Əliyevin lider kimi böyüklüyü və qüdrəti onun gələcək barədə kifayət qədər aydın, realist, nikbin baxışlara malik olmasıdır. «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasının təsdiqlənməsində məqsəd də respublika iqtisadiyyatındakı pozitiv meyilləri daha da sürətləndirmək və mövcud potensialı davamlı inkişaf naminə tam səfərbər etməkdir. Xalqa müraciətində möhtərəm İlham Əliyev Azərbaycanın gələcəyi ilə bağlı məsələlərə də toxunmuş, qarşıdakı 5 ildə yürüdüləcək siyasətin ümumi konturlarını açıqlamışdır: «Növbəti illərlə bağlı bizim siyasətimiz açıqdır, aydındır. Mən dəfələrlə müxtəlif tədbirlərdə Azərbaycanın gələcəyi ilə bağlı öz fikirlərimi xalqla bölüşmüşəm. Görülən işlər haqqında xalqa daim hesabat verirəm. Bu gün də bildirmək istəyirəm ki, Azərbaycan bundan sonra da inamlı inkişaf yolu ilə gedəcəkdir. Azərbaycan beynəlxalq müstəvidə öz yerini möhkəmləndirəcəkdir və bütün beynəlxalq təşəbbüslər Azərbaycan xalqının maraqlarını müdafiə edəcəkdir».

 

Diplomatiyada hücum taktikası

 

Prezident İlham Əliyevin seçkilərdəki qələbəsini təmin edən mühüm səbəblərdən biri də uğurlu xarici siyasətdir. Daxili və xarici siyasətdə varislik ənənələrinin qorunması, diplomatiyanın əsas istinad mənbəyi olan təməl prinsiplərinin dəyişməz qalması Azərbaycanın hazırkı çoxşaxəli uğurlarını təmin edən amillər sırasında xüsusi vurğulana bilər.

Ermənistanın dünya miqyasında təcavüzkar dövlət kimi tanınmasına nail olmaq, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, dünya siyasətini istiqamətləndirən iri dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, beynəlxalq ictimaiyyətdə respublikamızda həyata keçirilən mütərəqqi ruhlu iqtisadi və demokratik islahatlar barədə dolğun təsəvvür yaratmaq, xaricdə güclü diaspor və lobbi formalaşdırmaq dövlət başçısı İlham Əliyevin xarici siyasətinin prioritet məqsədləri sırasında xüsusi vurğulana bilər.

Azərbaycan Prezidenti bu və digər məqsədləri ən qısa zamanda reallaşdırmaq, xarici siyasətin ardıcıllığını və çevikliyini təmin etmək üçün ilk növbədə diplomatik korpusun fəaliyyətinin yeni dövrün tələblərinə uyğunlaşdırılmasını təmin etməyə çalışmışdır. Cənab İlham Əliyevin 2004, 2006, 2008 və 2012-ci illərdə Azərbaycanın diplomatik korpus rəhbərlərinin — səfirlərin iştirakı ilə keçirdiyi geniş müşavirələr də məhz xarici siyasət sahəsində vəzifələrin bir daha nəzərdən keçirilməsi, diplomatik fəaliyyətin dünyanın müasir reallıqları və tələblərə uyğun qurulması məqsədindən irəli gəlmişdir.

Rəsmi Bakı tarazlı xarici siyasətlə regionda siyasi-hərbi qütbləşmənin dərinləşməsinə deyil, sivil əməkdaşlıq, qarşılıqlı inam mühitinin yaranmasına, Rusiya, ABŞ, İran və Avropa dövlətlərinin regionda toqquşan maraqlarının optimal şəkildə uzlaşdırılmasına çalışmışdır. Nəticədə İran və Rusiya kimi iri qonşu dövlətlərlə ikitərəfli əlaqələrdə bir vaxtlar çeşidli problemlərə rəvac vermiş psixoloji gərginlik mərhələsi çoxdan geridə qalmış, çoxşaxəli əməkdaşlıq münasibətləri daha da möhkəmləndirilmişdir. İstənilən siyasi gərginliyin beynəlxalq hüquq prinsipləri əsasında, diplomatik danışıqlar və qarşılıqlı anlaşma şəraitində aradan qaldırılması zərurətini diqqətə çəkən rəsmi Bakı Azərbaycanın geosiyasi rəqabət meydanına çevrilməsinə, hansısa dövlətə hərbü güc tətbiqində platsdarm ərazi kimi istifadə edilməsinə heç zaman yol verməyəcəyini qətiyyətlə bəyan etmiş, bunu əməli fəaliyyəti ilə sübuta yetirmişdir.

Hələ 2008-ci ilin avqustunda Rusiya ilə Gürcüstan arasında müşahidə olunan hərbi toqquşma Azərbaycanın regionda yeritdiyi siyasətin düzgünlüyünü və milli maraqlara əsaslandığını bir daha təsdiqləmişdir. Respublikamız çevik siyasət yeritməklə 2008-ci ilin avqustunda regionda müşahidə olunan hərbi, iqtisadi və siyasi böhranı dəf etmiş, eyni zamanda sabitləşdirici mövqeyindən maksimum səmərəli şəkildə yararlanmışdır.

Uzun illər regionda siyasi arbitr rolunda çıxış etməyə iddialı olan bəzi  iddialı dövlətlərin respublikamıza bərabərhüquqlu tərəfdaş kimi yanaşmaq məcburiyyətində qalması, rəsmi Bakı ilə təzyiq və təhdid dilində danışmağın mənasızlığını dərk etməsi bu gün Azərbaycan diplomatiyasının ən mühüm uğurlarından biri kimi vurğulana bilər. Ölkə iqtidarının xalqın dəstəyinə arxalanması, hər bir məsələdə milli maraqları önə çəkməsi sayəsində Azərbaycanın xarici siyasəti dövlətin maraq və təhlükəsizliyinə qarşı yönələn istənilən təhdidə çevik müqaviməti təmin edir.

Son illərin bir sıra hadisələri deməyə əsas verir ki, cənab İlham Əliyev istər ABŞ və Qərb, istərsə də Rusiya və İranla münasibətlərdə Azərbaycanın mənafeyinə xələl gətirə biləcək bütün məqamları çevik və adekvat reaksiya ilə aradan qaldırmağa nail olmuşdur. Respublikamızın rəsmi Vaşinqtonun müəyyən müddət narazılıqla qarşıladığı Bakı-Tbilisi-Qars dəmir yolu xəttini daxili imkanları hesabına maliyyələşdirməsi, habelə ABŞ Dövlət Departamentinin 2007-ci ildə Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu şübhə altına alan hesabatına sərt reaksiya verməsi və həmin texniki yanlışlığı qısa zamanda aradan qaldırmağa nail olması bu sırada xüsusi vurğulana bilər.

Enerji  amilindən hansısa üçüncü ölkəyə qarşı siyasi təzyiq vasitəsi kimi istifadə olunması cəhdlərini yolverilməz sayan Azərbaycan regionun iri neft və qaz hasilatçısı olaraq iqtisadi və siyasi öhdəliklərə şərtsiz əməl olunmasını qarşılıqlı faydalı əməkdaşlıqda vacib amillərdən biri kimi dəyərləndirir.

Dövlət başçısı ölkəmizin maraqlarını uca tutmaqla yanaşı, hər bir Azərbaycan vətəndaşının da mənafeyinin qorunması naminə yüksək prinsipiallıq, qətiyyət nümayiş etdirir. Azərbaycan zabiti Ramil Səfərovun Macarıstandan beynəlxalq hüquq normalarına uyğun şəkildə ekstradisiya olunması və əfvi cənab İlham Əliyevin milli məsələlərə necə böyük həssaslıqla, qətiyyətlə yanaşdığını əminliklə söyləməyə ciddi əsaslar yaratmışdır.

Nəhayət, Rusiyanın Azərbaycandakı yeganə hərbi bazasının — Qəbələ RLS-in bu ildən fəaliyyətinin dayandırılması respublikamızın liderinin qətiyyəti və yürütdyü uğurlu diplomatik kurs sayəsində mümkün olmuş, bölgənin turizm potensialı möhkəmlənmişdir.

Dövlət xalq üçündür

Prezident İlham Əliyev son 10 illik fəaliyyəti ilə bu reallığı bir daha sübuta yetirmişdir ki, xalq dövlət üçün yox, dövlət xalq üçündür. Ölkə başçısı həllini gözləyən problemlərə obyektiv və real yanaşmaqla onların təkzib olunması və ya ört-basdır edilməsinə yox, əməli fəaliyyətlə aradan qaldırılmasına çalışmışdır. Dövlət başçısı hər zaman  qazanılmış nailiyyətlərlə yanaşı, bir sıra problemlərin mövcudluğunu da etiraf edir, hökumət üzvlərini problemləri gizlətməməyə, əksinə, nöqsanları hər cəhətdən öyrənməyə, təhlil etməyə, aradan qaldırmağa çağırır: «Hər şey yaxşı istiqamətdə, çox sürətlə inkişaf edir. Bəlkə gözlədiyimizdən də sürətlə inkişaf edir. Ancaq problemlər də həll olunmalıdır. Bizim vəzifəmiz bundan ibarətdir. Xalq bizdən bunu istəyir. Biz də bunu təmin etməliyik və edirik».

Cənab İlham Əliyevin idarəçilik üslubunda kadrın peşəkarlığı, vəzifə məsuliyyəti, xalqa qüsursuz xidməti mühüm amil kimi aktuallıq kəsb edir. Ümummilli lider uzun illər ərzində elə bir dövlətçilik təsisatı formalaşdırmışdır ki, müasir dövrdə hansısa kadr öz liderinə xəyanəti, pozucu fəaliyyəti ilə bu təsisatın fəaliyyətinə əngəl törədə, öz çirkin məqsədlərini həyata keçirə bilməz. Bu zaman sistem özü onu dərhal sıralarından kənarlaşdıracaq, onun səlahiyyətləri saf əqidəyə malik digər şəxsə həvalə ediləcəkdir. Cənab İlham Əliyevin həyata keçirdiyi siyasi kursa sadiqlik amili yenə də aktualdır. Bu sadiqlik anlayışı daha çox hər hansı kadrın müasir təfəkkürə malik olması, ona tapşırılmış sahədə vicdanla fəaliyyət göstərməsi, xalqın problemlərinə həssas münasibəti əsasında müəyyənləşir.

Demokratiyanın ən başlıca şərti xalq hakimiyyətinin formalaşdırılması yolu ilə vətəndaşların hüquq və azadlıqlarının etibarlı təminatına maksimum şərait yaratmaqdır. Demokratiya «Hakimiyyət xalqdan ötrü mövcuddur, xalq ona görə mövcud deyil ki, hakimiyyətə qulluq etsin» postulatına əsaslanır. Heydər Əliyevin strateji inkişaf kursunu böyük əzmlə həyata keçirən cənab

İlham Əliyevin yürütdüyü siyasətin uğurları demokratiyanın bu başlıca şərtini Azərbaycanda da xoş həyat reallığına çevirmiş, dövlət öz vətəndaşının hüquq və mənafelərinin keşiyində möhkəm dayanmışdır.

Nazirlər Kabinetinin 2013-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası bunu bir daha təsdiqləyir. Həmin iclasda cəmiyyətdəki bəzi neqativ hallarla bağlı fikirlərini açıqlayan dövlət başçısı korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin daha da gücləndirilməsi zəruriliyini də diqqətə çəkmişdir: «Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi olmalıdır. Bu sahədə, deyə bilərəm ki, yaxşı nəticələrimiz vardır. Bu yaxınlarda Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin yeni binasının açılışı zamanı dediyim fikirləri bir daha qeyd etmək istəyirəm. Korrupsiya Azərbaycanda olmamalıdır. Bu sosial bəlanı biz aradan götürməliyik. Korrupsiya sosial ədalət prinsiplərini pozur, cəmiyyətin uğurlu inkişafını əngəlləyir. Cəmiyyətin səyləri, dövlət siyasəti sayəsində biz korrupsiyaya qarşı daha da ciddi mübarizə aparırıq və aparacağıq. Əminəm ki, növbəti illərdə Azərbaycan bu göstəriciyə görə də dünya miqyasında qabaqcıl yerlərdə olacaqdır. Korrupsiyaya qarşı mübarizəni uğurla aparmaq üçün əsas şərt siyasi iradənin mövcudluğudur və siyasi iradə vardır».

Son illərdə elektron xidmətlərin geniş tətbiqi cəmiyyət həyatının bütün sahələrində şəffaflığı və hesbatlılığı təmin etmişdir. Nəticədə Azərbaycan şəffaf idarəçilik, vətəndaş məmnunluğunun təmini sahələrində bir sıra uğurlar əldə etmiş, «ASAN xidmət» mərkəzlərinin açlması vətəndaşları narazı salan neqativ halların qarşısının alınmasına imkan yaratmışdır. Bu xidmətin yaranması və qısa müddət ərzində cəmiyyətdə böyük rəğbət qazanması ölkə başçısının siyasi iradəsinin təzahürü olmaqla yanaşı, Azərbaycanın bu sahədə innovasiyalara nə qədər hazır olduğunu göstərmişdir.

* * *

Liderlik xüsusiyyətlərinin əksəriyyət tərəfindən qəbul edilmək, geniş siyasi spektrin inamını qazanmaq və elektoral dəstəyə malik olmaq kimi politoloji bir mənanı ehtiva etdiyini nəzərə alsaq, bu termini bütün kateqoriyalar üzrə cənab İlham Əliyevə şamil etmək olar. Dövlət başçısı həm də müasir dünyanın qloballaşma və yeni geosiyasi reallıqlardan irəli gələn siyasi mənzərəsinin əsas cizgilərinə cavab verən siyasi liderdir. Bu fakt özlüyündə ulu öndərin siyasət və dövlət idarəçiliyi məktəbinin alternativsizliyini bir daha aşkara çıxarır. Güclü dövləti müstəqil siyasətin, dövlətçiliyin əbədi təminatı hesab edən cənab İlham Əliyev xalqımızın ən böyük milli sərvəti olan müstəqilliyin möhkəmləndirilməsi üçün daim əzmkarlıqla çalışır.

Ümumilikdə ötən dövrün təhlili bu qənaətə gəlməyə əsas verir ki, ulu öndər Heydər Əliyevin siyasi kursunun davam etdirilməsi Azərbaycanda ictimai zərurətə çevrilmişdir. Bu kursu layiqincə davam etdirən dövlət başçısı cənab İlham Əliyev hər addımında milli maraq və mənafeləri uca tutur, ölkə vətəndaşlarının arzu və istəyini gerçəkləşdirmək üçün böyük əzmkarlıqla çalışır. Azərbaycan Prezidentinin ötən 10 ildəki fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli xidmət prinsipi üzərində qurulmuşdur. Əminliklə demək olar ki, Azərbaycan xalqını xoşbəxt gələcəyə aparan bu siyasət növbəti beş ildə də uğurla davam etdiriləcək, respublikamız cənab İlham Əliyevin rəhbərliyi altında inkişaf tempini sürətləndirəcək, qabaqcıl dövlətlər arasında layiqli yerini tutacaqdır.

 

Oktyabr 2013