Artıq Nardaranda işıq yanır...

 

...Dünyaya gözümü açandan evimizdə “Allahu-Əkbər” sədasını eşitmişəm.

İlk cümləmin Mirzə Cəlilin “Xatiratım”ın başlanğıcını yada saldığının fərqindəyəm, amma mənim bu bir yarpaq xatirəm körpəliyimi əhatə etmiş hər hansı xürafat mühitinin qaranlıqlarını təsvir etməkdən ötrü deyil.

Əksinə, mənim üçün dünya Ulu Tanrının böyüklüyünü, qadirliyini, həyatın ən gözəl sifətlərinin və ən gözəl əməllərinin onda təcəlla tapdığını təlqin edən bu müqəddəs kəlmənin nuru ilə işıqlanıb.

Özümü tanımazdan əvvəl Allahı tanımışam...

Dünyanı dərk etməzdən əvvəl insanın da, kainatın da yaradılışının ali başlanğıcı, ilkin səbəbi olan ilahi məbudu - Allahı dərk etmişəm...

“Sən dünyaya gələn vaxt atan qonşu otaqda namaz qılırdı. Ucadan avazla Quran oxuyurdu. Sənin ağlamaq səsin atanın oxuduğu Quranın səsinə qarışmışdı”, bunu çox sonralar anam söyləyəcəkdi.

Elə Hüseynbala adını da valideynlərim mənə həzrəti peyğəmbərimizin nəvəsinin şərəfinə yaraşdırıblar. Mirələmov soyadı ilə birgə bu adın da bütün həyatımı müşayiət etməsini istəyiblər. İndinin özündə də bəzən adımı yaddan çıxaranlar məni “Mirələm” deyə çağırırlar. Sonradan səhv etdiklərini etiraf edib üzr istəyir də...

- Çox sağ olun, bu daha yaxşıdır, məni babamın adı ilə çağırırsınız - deyirəm.

Deyilənə görə, ad və soyadla insanın taleyi arasında heç bir bağlılıq yoxdur. Amma ata-anamın ilk hədiyyəsi olan bu adı da, soyadı da həmişə öz taleyimin bir parçası kimi daşımışam.

Bəlkə də ona görə ki, bunlar hər zaman Allahı mənə xatırladıb. Bu müqəddəs həqiqəti bir an belə unutmağa, qəlbimdəki Allah sevgisinin üzərinə kölgə düşməyə qoymayıb. Ad və soyadımın cızdığı tale yolu ideoloji qadağaların təsiri ilə Allahdan iraq düşmüş ateist sovet cəmiyyətində belə məni hər zaman bu ilahi dəyərə yaxınlaşdırıb. Həyatım boyu qazandığım bütün uğurların da təməlində bu müqəddəs həqiqətin işığını görmüşəm.

***

İndi fikirləşirəm ki, mənim heç bir təhsil görməmiş və tipik sovet zəhmətkeşləri olan atam da, anam da Allaha sidq-ürəkdən bağlılıqları, dini dəyərlərə səmimi münasibətləri ilə öz dövrlərinin yetərincə kamil insanları idilər, əslində.

Onların İslamın dərinlikləri haqqında bilgiləri geniş deyildi, dinin dürlü mətləblərinə verilən təfsirlər haqqında da bildikləri səthi idi. Amma bu adamlar içdən gələn dualarını, şükürlərini bir an əsirgəməzdilər, ibadətlərinin vaxtını qaçırmazdılar. Oruc tutub namaz qılardılar, halal-haram nədir, bunu sözdə deyil, əməllərində nəzərə alardılar.

Və onlar üçün bir müqəddəs ibadət yeri də məktəb idi.

Atam-anam övladlarının müəllimə ehtiram bəsləmələrini, təhsil alıb vətənə layiqli övlad kimi yetişmələrini də ibadətdən sanardılar, savab əməllərdən hesab edərdilər.

Olsun ki, məsələni fərdiləşdirməyimi, təhkiyəni daha çox öz valideynlərimin obrazı üzərində qurmağımı dəyərli oxucum mənə irad tutacaq.

Amma burada təsviri yaradılan valideyn obrazları təkcə bu sətirlərin müəllifinin ata-anaları deyil. Onların timsalında bütün Azərbaycan ailələrini, küll halında isə ümumən Azərbaycan cəmiyyətini təsvir etməyə çalışıram. Çünki körpəlikdən bəri həyatımın 70 ili ərzində bir yazıçı fəhmi ilə müşahidə etdiyim cəmi Azərbaycan ailələrində, bütün Azərbaycan cəmiyyətində dinə münasibəti hər zaman belə görmüşəm.

İnsanlarımızın müqəddəs dəyərlərə münasibətini belə duymuşam.

Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin dövlət və din münasibətlərinə yanaşması da tarix boyu bu sahədə formalaşmış milli dünyagörüşə əsaslanırdı.

Heydər Əliyevin müəllifliyi ilə hazırlanaraq 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında insanların etiqad azadlıqlarını nəzərdə tutan demokratik müddəalar dövlət və dinə münasibətlərinin ən gözəl örnəyidir.

Dövlətin bir vəzifəsi də müqəddəs mənəvi dəyər kimi çirkablardan qorumaqdır. Müxtəlif ideologiyaların onu alətə çevirməsinə imkan verməməkdir. Dini siyasətdən, idarəetmədən kənarda saxlayıb, insanın mənəvi ruhunun ərazisi kimi hifz etməkdir.

Dininsə əsas missiyası insan və vətəndaş tərbiyəsidir. Bəzən bir para adamlara çox yanlış olaraq belə gəlir ki, Vətən, vətəndaşlıq, milli təəssübkeşlik məsələləri guya dinin gözardı etdiyi məqamlardır. Guya din ancaq ümmət birliyini nəzərdə tutur. Guya din üçün hansısa dövlətin vətəndaşı olmaq, hansı vətənə bağlılıq önəmli deyil, hansı dinə mənsubluq önəmlidir.

Kökündən yanlış düşüncədir, xüsusilə İslam bu düşüncələrin yanlışlığını öz prinsipləri ilə alt-üst edir. Çünki Vətənə bağlılıq, vətən sevgisi İslamın inanc konsepsiyasının əsas hissəsidir. Həzrəti peyğəmbərimizə aid hədislərdən birində Rəsulullah buyururdu: “Vətəni sevmək - imandandır”.

Əgər bir qəlbdə Vətən sevgisi varsa, deməli o qəlbdə iman da var. Vətən sevgisi olmayan bir qəlb isə imandan da xalidir.

“Ölkələr, vətən sevgisi ilə abad olar” bu da Həzrət Əlinin kəlamlarındandır.

Heydər Əliyev müdrikliyi insanlara bu həqiqətləri anlatdı, dövlət və din münasibətlərində dinin də, dövlətin də əsas missiyalarını bir araya gətirdi, bu missiyaları Vətən abadlığı yolunda səfərbər etdi.

Ulu öndər Azərbaycanda dini tolerantlıqla bərabər, həm də əsl İslam mühiti yaratdı.

Ona görə də Şərq və Qərb sivilizasiyaları arasında uçurumun getdikcə dərinləşdiyi, mübhəm qüvvələrin İslamı müxtəlif qorxulu rənglərə, zəhərli düşüncələrə, yaramaz davranışlara bürüyüb hər vəhclə gözdən salmağa çalışdıqları indiki günlərimizdə getdikcə daha ucadan və daha tez-tez səslənın “Əsl İslam nədir, haradadır” suallarına cavab tapmaq mənim üçün o qədər də çətin deyil.

Əsl İslam Azərbaycan insanının qəlbindəki Allah və Vətən sevgisidir. Yaxşı ilə pis, doğru ilə yanlış arasında mənəvi dəyərlərin müəyyən etdiyi düzgün yoldur. Bu müqəddəs dəyəri siyasətdən uzaq tutmaqdır. İnsanların bir-birinə sevgi, mərhəmət, şəfqət sərgiləməsidir. Pis əməllərdən iraq olmağa, sülhə, mənəvi ucalığa, səbrə, tolerantlığa xidmət edən dinin radikallıq qaynağına çevrilməməsidir.

Əsl İslam müqəddəs kitabımızın adındakı “Oxu” təlqinidir, məktəbin dəyərini məscidin dəyərindən aşağı tutmamaqdır, oxuyub elmlərə vaqif olmaqdır, maariflənməkdir, dünyanı, həyatı qara rəngli fəlakətlərə sürükləməyib, əksinə gün işığına çıxarmaqdır!

Bu mənada, əsl İslam tarix boyu elə Azərbaycanda olub, Azərbaycanda formalaşıb, özünün ən gözəl sifətlərini Azərbaycanda göstərib.

İndi hərdən bəzi dini ehkamların Azərbaycan həyatına uyğunlaşdırılması, ümumi desək, modernləşmə çərçivəsində dində də müəyyən islahatların aparılması xüsusunda müəyyən polemikalara şahid oluruq. Bu mövzuda polemikalar müasir həyatımız üçün faydalıdır, amma belə bir dəyişikliklərin aparılmasına, əslində lüzum görmürəm. Çünki Azərbaycan xalqı yüz illər ərzində öz dini baxışlarını cilalayıb, bu dəyərə özünəməxsus münasibət formalaşdırıb, islama mənəvi ucalıq məqamı kimi yanaşıb. Dinin müxtəlif siyasi məqsədlər üçün bir vasitəyə çevrilməsinə, müxtəlif dini baxışların insanlar arasında təfriqə salmasına heç zaman yol verməyib.

Azərbaycan insanı dini həmişə milli-mənəvi birlik, cəmiyyətin vəhdəti mühiti kimi qəbul edib. Xalqımızın yetirdiyi mütəfəkkirlərin dinlə bağlı tənqidi fikirləri də, sovet dövründə bizə səhv olaraq öyrədildiyi kimi, guya dinin, din xadiminin gözdən salınmasına deyil, dini dəyərlərə düzgün münasibətin formalaşması, əsl dini dəyərlərin yerini xürafat qaranlıqlarının tutmaması məqsədinə yönəlib.

***

Böyük düşüncə adamlarımızdan Nəriman Nərimanovun dini dəyərlərə münasibət baxımından insan toplumları arasında müəyyənləşdirdiyi ayrıntıları son illər çox tez-tez xatırlayıram.

Din mövzusunda çox şəxsiyyətlərimiz yazıb, əksər mütəfəkkirlərimiz öz yaradıcılığında bu sahənin müxtəlif məsələlərinə mükəmməlcə münasibət bildiriblər. Nəriman Nərimanovun yazdıqlarını mənim üçün xüsusi edən əlahiddə səbəblər isə əgər bir tərəfdən məsələyə özünəməxsus yanaşma tərzidirsə, başqa tərəfdən də bu münasibətin marksist əqidəli bir ədibin qələmindən çıxmasıdır.

Bu dinin bir mənəviyyat çeşməsi, irfan süfrəsi olaraq Azərbaycan insanları üçün nə demək olduğunu bir daha göstərir.

Azərbaycan xalqı hətta dinə qarşı ateist bir mövqe tutmuş ideologiyanın təmsilçisi olan böyük ziyalılarının qələmində belə bu dəyərləri inkar yolu tutmayıb. Əksinə, bu dəyərlərə münasibətdə insanın özünün öz yanaşmalarına, düşüncələrinə çəki-düzən verməsi, dindən çirkin məqsədlərlə istifadə etməyə çalışan ünsürlərin hiylələrinə aldanmaması, onların yığnağından mümkün qədər tez uzaqlaşması arzusunu sərgiləyib.

“Bir qism avam kor-koranə, hər nə deyərsən, inanar, yəni qulluq etdiyi məbudu öz ağlı ilə tanımayıb qeyrilərin sözlərilə tanıyar. Bu qism adamları haraya aparsanız gedərlər, nəyə müqəddəs deyərsən inanarlar, heç bir şeyə gərək olmayan şeylərə səcdə edərlər, quru daşları öpər. Bununla belə uşaq kimi ürəkləri saf, dəyanətli, nəhayət dərəcədə sadiq və mehriban olub, dürüst olanı tanımaz. Yəni, onun varlığını bütün vücudla hiss etməz”, yazır doktor Nərimanov.

İkinci qism adamlar isə onun fikrincə öz əməllərində bir şeyə inanmayıb, daha çox, birinci qismə aid adamlara yol göstərərlər: “Ürəkləri saf avamlara həmişə deyərlər: inan, özləri inanmazlar, filan şeyə səcdə et, özləri etməzlər. Zahirdə hər bir əməli yerinə yetirərlər, fəqət batində nəinki əksinə hərəkət edərlər, hətta biçarə avamlara gülərlər... Bu qism adamlar həmişə Allahdan, onun ehkamından dəm vurarlar, fəqət özləri öz dediklərinə inanmazlar... Çünki həqiqi məhəbbəti-rəbbaini bunlarda olmaz və ola da bilməz. Çünki həqiqi məhəbbət hər bir şeydən təmiz, müqəddəs bir hissdir. Bunlar isə həmin məhəbbəti hər saatda, hər dəqiqədə bazarda alma satan kimi satarlar, çünki bunu özlərinə sənət ediblər. Miz qayıran usta mizə gündə bir rəng verib satan kimi, bu qism adamlar Allahın ehkamını da dürlü-dürlü məna verib, avama satarlar. Allahın varlığını bunlardan soranda yüz min dəlillər ilə təsdiq edirlər. Fəqət gizlində vicdanlarını daima satarlar...”

Üçüncü qism adamları isə ədib nə avam, nə də alim kimi təsnif edir və onları bünövrəsiz yalançı pəhləvanlara bənzədir: “Onun-bunun ağzından yarımçıq məlumatları alıb, öyrənib, din məsələsinə həmişə girişərlər. Özlərini ariflər cərgəsində tutub zahirdə bir şeyə inanmazlar, batində isə hər bir müşkül işlərində tez Allahı köməyə çağırarlar. Fəqət Allah nə olduğunu da düşünməzlər”.

Dördüncü qism isə onun nəzərincə müəyyən bir əqidə sahibləridirlər. Bunlar tam ömürlərini elm yolunda sərf edib, elmdən başqa bir şeyə pənah aparmazlar və inanmazlar... Qeyriləri ancaq dəhşətli bir vaqiədə Allahı köməyə çağırırlarsa, bunlar belə bir halətdə də elmdən başqa heç kimə səcdə etməzlər.

Doktor Nərimanovun beşinci qrupda təqdim etdiyi insan toplumunun dinə münasibəti xüsusilə böyük maraq doğurur. Bu qism adamlar bir Allahdan başqa heç bir şeyə inanmazlar. Fəqət onların Allaha olan məhəbbəti əsla qorxudan deyil. Bu insanlar dəhşətli bir hadisə ilə üzləşdikdə də, böyük bir səadət yaşadıqda da Allahı unutmur, onu bütün ruhları ilə sevir, hər zamanda, hər məkanda görüb, hiss edir, düşünür. Bu insanlar üçün Allaha inam, Allah sevgisi böyük bir səadətdir...

***

Biz belə mütəfəkkirlərin zəkası işığında yetişmiş, onların düşüncə bulağından su içmiş xalqıq.

Bu xalq müsəlman Şərqinin ilk demokratik cümhuriyyətini qurub, yaradıb. Müsəlman Şərqinin ilk modern tipli dövlət təsisatını formalaşdırıb. Bu xalq dünyaya Həsən bəy Zərdabi, Üzeyir Hacıbəyov, Cəlil Məmmədquluzadə, Sabir, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Qara Qarayev, Yusif Məmmədəliyev və onlarla belə dühalar bəxş edib. Bu xalqın milli-mənəvi dünyası “Kitabi-Dədə Qorqud” dastanlarının ucalığında formalaşıb.

Bu xalq həmişə and içəndə “Kitaba and olsun” deyib, “İşıq haqqı” söyləyib, nəyisə özünə qadağan edəndə “O işığa kor baxım” əhdini dilə gətirib, indi belə bir xalqı necə işığa həsrət qoymaq olar, necə cəhalət zülmətinə yuvarlamaq olar?!

Ən pisi isə bu mənfur niyyəti Allahın adı ilə necə bağlamaq olar?!

Bunun özü Allah qarşısında ən böyük günah deyilmi?!

***

...Yazıçıyam, bu isə bir təxəyyül işidir.

Mən də təxəyyüllümlə çalışıram. Nəyisə qələmə almazdan əvvəl onu təxəyyülümün aynasında canlandırıram. Yazmaq istədiklərimin ümumi mənzərəsinə təxəyyül aləmində tamaşa edib, bu mənzərəni xəyalən yaşamağa cəhd göstərirəm.

Bu sətirləri qələmə alarkən təxəyyülümdə Taleh Bağırzadə adlı zatın və onun əsabələrinin qurmağa can atdıqları Azərbaycandır.

Və belə bir Azərbaycanın hətta xəyali təsəvvürü belə adamı ürpəndirir.

Bu təsvirdə hər şey qara rəngdədir, kəndlər də, şəhərlər də, insanların geyimləri də, düşüncələri də. Küçələrdən, evlərin alaqapılarından, gözə dəyən hər yerdən asılmış qara bayraqlar, torpağa gömülmüş insan hüquq və azadlıqlarının - söz azadlığının, düşüncə azadlığının, ifadə azadlığının, bir vətəndaşın öz həyatını istədiyi kimi, demokratik qanunların imkan verdiyi şəkildə qurub öz həyatını doya-doya yaşamaq azadlığının məzarı üzərinə çəkilmiş matəm örtüsüdür, sanki.

Bu sətirləri qələmə alarkən təxəyyülümdə canlanan Azərbaycanın küçələrində qara rəngli siluetlər dolaşır...

Onlar ötən əsrin əvvəllərində qara çadranın əsarətindən qurtulub yenidən ana kitabımız “Kitabi-Dədə Qorqud” dastanlarındakı özgürlüyünə qovuşan və bütün dünyada qadın fəallığı ənənələrinin tarixi örnəklərini yaradan, bu azadlığı elmdə, təhsildə, sosial-iqtisadi mühitdə, cəmiyyətin ictimai həyatında böyük-böyük uğurlara çevirən, hərbi təyyarələrdə faşizm kabusunun başına od ələyən, zavodlarda-fabriklərdə, tarlalarda kişilərlə çiyin-çiyinə mətanət göstərən, dövlət idarəçiliyində təmsil olunan, elimizin adını bütün dünyada layiqincə təmsil edən Azərbaycan qadınlarıdır.

Taleh Bağırzadə və onun kimilərin cızmaq istədikləri cəmiyyət mənzərəsi Azərbaycan qadınını yenidən qara çadranın əsarətinə buraxır. Sosial-iqtisadi azadlıqları, təhsil almaq, çalışmaq hüquqları əllərindən alınmış Azərbaycan qadınını yenidən, ən yaxşı halda hansısa qırmızısaqqal kişinin dilsiz-ağızsız dördüncü-beşinci zövcəsi olmaq taleyi ilə barışmağa məhkum edir.

***

...Təxəyyüllər içindən hərdən qonşular tərəfə də boylanıram.

Təsəvvür edirəm ki, 25-30 yaşlı bir gürcü qızı qələminin, elminin gücü ilə ədəbiyyat, ya da elm sahəsində Nobel mükafatı alır. Bütün dünya bir gürcü qızının nailiyyətindən danışır. Yer üzü onunla birgə bu qızı yetirmiş xalqı da tanıyır, onun tarixinə, bu gününə bələd olur və bu nailiyyət müəyyən mənada öz həmyaşıdlarının uğurundan ruhlanan gənclərin simasında o xalqın gələcəyini də yaradır.

Yaxud kosmonavtika sənətini seçmiş gənc bir rus qızı Marsa ayaq basan ilk insanlardan olur. Bütün dünya bu qızın hünərinə də, onu yetirmiş xalqa da əhsən deyir.

Və qonşularımız inkişafın belə səviyyələrinə sahibkən, mənim təxəyyülümdəki Azərbaycanda məktəbdən uzaq salınmış 12-13 yaşlı qızlarımız Mirzə Cəlilin “Ölülər” əsərindəki Nazlı misalı evdə oturub xalalarından, bibilərindən ərə getmək dərsi öyrənir. Haradansa peyda olmuş Şeyx Nəsrullah yosunlu bir dələduz da insanları müxtəlif nağıllarla yuxuya verib, hər cür hoqqalardan çıxır, cəmiyyətin başına ip salıb, dərin-dərin uçurumlara doğru aparır.

Ya da saqqallı sifətindən, rəngini itirmiş gözlərindən kəsafət yağan, beyni zəhərli ideologiyaların təsiri ilə dumanlanmış, şəhidliyin, şəhadətin mahiyyətini Vətən uğrunda deyil, cəhalət uğrunda ölmək kimi dərk edən, bu ali adı Mübariz İbrahimov kimi hünərvər şəhidlərimizin əbədiyyətə qovuşmuş ömründə deyil, hansısa terrorçunun qazandığı lənətdə axtaran bir Azərbaycan gənci belinə “şəhid” kəməri qurşayıb, partlayışlar törədir, neçə günahsız insanın komasını yıxır, ocağını söndürür.

Təxəyyülümdəki Azərbaycan mənzərəsi o qədər qorxunc və heybətlidir ki, bundan o tərəfini təsəvvür etməyə belə cismim ürpəşir.

***

“Bunlar Azərbaycanda daha mümkünsüzdür” - deyə bilərik.

Bunun üçün yetərincə əsaslarımız var, təbii ki.

Amma belə bir xəyali gələcəyin qara-qorxuları ilə birgə vətəndaş məsuliyyətini də özümüzdən uzaqlaşdırmayaq.

Ən azı yaxından, uzaqdan izlədiyimiz, şahidi olduğumuz tarix bizlərə öyrədir ki, cəmiyyət belə məsələlərdə sayıqlığını itirəndə, zəhərli düşüncələrin yayılmasına həddən artıq imkan tanıyanda, belə məsələlərdə tarix qarşısındakı məsuliyyətini yetərincə dərk etməyəndə bütün bunların cəmiyyət həyatında yaratdığı fəlakətin aradan qaldırılmasına heç əsrlər də yetmir.

Cəmiyyət öz yanlışlarını anlayanda isə artıq çox gec olur.

Ziyanlı ideologiyaları həmişə buğda zəmisində bitən alaq otlarına bənzətmişəm. Alaq otlarının kökünü gərək vaxtında kəsəsən ki, toxumlarını küləklə ətrafa yayıb bütün tarlanı başına götürməsin, çəkilən zəhməti badi-fənaya verməsin.

***

Mən Taleh Bağırzadənin və onun ətrafındakı kəslərin səpdiyi zəhərli toxumların əsərini Nardaranda baş vermiş olayların videogörüntülərində, o görüntülərdə jurnalist xanımın söhbətə çəkdiyi körpə oğlan uşaqlarının danışıqlarında gördüm.

Onları yəqin siz də xatırladınız. Yaşları heç 9-10 olmaz, namxuda, zəki balalardı. Yaşlarından xeyli irəli gediblər, gözəl natiqlik qabiliyyətləri var. Münbit bir mühitdə gələcəyin dünya şöhrətli şəxsiyyətləri kimi yetişməkdən, Azərbaycanın adını ucalara qaldırmaqdan ötrü İlahi öz lütfünü bu körpələrdən əsirgəməyib. Amma danışdıqlarına diqqət etdikcə görürsən ki, taleh bağırzadələrin formalaşdırdığı ziyanlı mühit indidən bu körpələrin beynini zəhərləyir. Zəkaları, qəlbləri ayna kimi saf və təmiz olan bu körpələri məktəbdən ayırıb, boylarından uzun dəmir dəyənəklərlə silahlandırıb öz dövlətinin, öz polisinin üstünə göndərir.

Axı körpələr şüur etibarilə hələ yumşaq gil kimidirlər. Təfəkkürləri ağ kağız misalıdır. Onlardan zəmanəsinin ən böyük şəxsiyyətlərini də yoğurmaq olar, insanlığa qənim kəsilmiş canilərini də. Bizim bütün həyat və fəaliyyətimizin nəticəsi onlardır. Kimliyimiz o körpələrin gələcəyidir. Gələcəkdə hansı dəyərlərə tapınmalarıdır. İnsanlığınmı, yoxsa insanlığa düşmənliyinmi səfində qərar tutmalarıdır.

Viktor Hüqo yazırdı ki, cəhalət uşaqların faciəsidir.

İndi istəyirsən, özünə alim adı qoyub sinəni xitabət kürsüsünə söykəyərək din pərdəsi altında min dona gir, min dürlü mətləblər xırdala, insanlara mənəviyyat dərsi keç.

Əgər əməlinin nəticəsi, cəhalət girdabına yuvarlamaq istədiyin bu körpələrdirsə, əgər yaratdığın mühitin körpələrə verdiyi qələm-kağız, kitab-dəftər, bilgisayar deyil, dəmir dəyənəklərdirsə, əgər onların təfəkküründə formalaşdırdığın düşmən obrazı xalqın da, o xalqın təmsilçiləri kimi həmin körpələrin də ən qiymətli sərvəti olan Azərbaycan dövlətidirsə, onda yazıqlar olsun...

***

Nardarandakı son hadisələrin baş verdiyi o narahat günlərdə bütün Qafqazın Şeyxi, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə ilə atüstü söhbətimiz oldu. Kənddə məskən salmış bir qrup dini ekstremistin zərərsizləşdirilməsi zamanı onların silahlı müqaviməti nəticəsində baş vermiş insan itkiləri, iki polisimizin şəhid olması, vəziyyətin belə xoşagəlməz məqama qədər gəlib çatması hamı kimi bizi də çox üzmüşdü.

Şeyx, din adı altında müxtəlif cildlərə girib sadəlövh insanları öz milli dövlətinə qarşı qaldırmaq istəyən, “hökumətlə hökumətlik etmək” iddiasında bulunan şəxslərin bu bəd əməllərindən acı təəssüfünü dilə gətirdi.

Mən isə həmin günlərdə bütün Azərbaycan cəmiyyətini düşündürən narahat sualı səsləndirdim: “Nardaranda nə baş verir, bütün bunların axırı necə olacaq?!”.

Bu sualımın qarşılığında Şeyx yaranmış gərginliyin tezliklə aradan qalxacağını, Azərbaycan dövlətinin, möhtərəm Prezidentimizin göstərdiyi qətiyyət sayəsində bu narahatlığın ötüb keçəcəyini dedi: “Azərbaycanda yalnız bir güc var, o da dövlətdir. Heç kim dövlətə barmaq silkələyə bilməz. Azərbaycana əsl islami dəyərləri xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyev gətirdi. Bu gün o dəyərlərə sahib çıxan, İslamın əsl prinsiplərini qoruyan, təbliğ edən, tək Azərbaycan vətəndaşlarına yox, bütün dünyaya əsl İslamın mahiyyətini real əməllərlə anladan isə Azərbaycan Prezidenti cənab İlham Əliyevdir”.

Bu xatircəmlik məlum hadisələrə münasibətdə Azərbaycan dövlətinin, dövlət rəhbərliyimizin nümayiş etdirdiyi yüksək qətiyyət qədər, Azərbaycan cəmiyyətinin dövlətin atdığı addımlara fəal dəstəyinə də söykənirdi.

Bir neçə il ərzində özlərini Azərbaycan dövlətindən, dövlətimizin qanunlarından təcrid etmək istəyən, dövlətin öz vətəndaşına humanist münasibətini yanlış anlayaraq ona qarşı itaətsizlik yolu tutmağa can atan və başqalarını da buna sövq edən, özlərini dövlətdən güclü, dövlətdən “ağıllı” bilən bir qrup şəxsə qarşı dövlətin atdığı qətiyyətli addımları insanlar alqışlayırlar, hüquq-mühafizə orqanlarının Nardaranda həyata keçirdiyi tədbirlərə imkanları çatan qədər öz vətəndaş mövqeləri ilə dəstək verirlər.

Və bu, belə də olmalıdır...

Qədim pritçaya görə, bir gün İsgəndər şəhərdə toplaşan bir qrup insana rast gəlir. Onlardan buraya yığılmalarının səbəbini soruşur. Ona deyirlər ki, burada bir düyün var, adına “Qordi düyünü” deyirlər. Hamımız onu açmağa toplaşmışıq. Kim onu açsa, dünyanın sahibi olacaq. İsgəndər düyünü açmağa cəhd etsə də, alınmır. O, bir anlıq fikrə gedir və düyünün bu şəkildə açılmasının mümkünsüzlüyünü dərk edərək, onu qılıncı ilə doğrayır.

Dövlət də, dövlətin taleyinə görə məsuliyyət daşıyan lider də zatən bu deməkdir.

Öz ərazisinə, atributlarına, vətəndaşına, bu gününə və gələcəyinə sahib çıxmaq istəyən dövlət bu dəyərlərə hər hansı təhlükə yarananda, o təhlükələri xoşluqla, mülayim dillə yoluna qoymaq mümkün olmayanda məsələləri qanunların imkan verdiyi ən sərt şəkildə həll etmək təpərinə də malik olmalıdır.

Dövlətlə xalq vəhdətdə bir əlin beş barmağı kimidir, bu əl barmaqların vəhdəti ilə çalışar, qurar, yaradar, təhlükə məqamında isə həm də yumruğa dönüb ona barmaq silkələyənləri bu cahilliklərinə peşiman edər.

***

Məlum hadisələrdən irəli gələrək son həftələr ölkə gündəmində Nardaran adı çox hallanır. Elə mən də yazı boyu bu toponimdən çox istifadə etdim, fərqindəyəm. Amma özümə də bəllidir ki, bu mövzuda bütün müzakirələrin Nardaran adı ətrafında mərkəzləşməsi həmin ərazidə baş verənləri sadəcə ümumi şəkildə adlandırmaqdan ötrüdür.

Kənddə məskən salmış bir qrup pozucu şəxsin bais olduğu məlum hadisələrin Nardaranda yaşayan, əlinin zəhməti ilə güzəranını təmin edən minlərlə insana, sadə vətəndaşımıza çox az aidiyyəti var.

Ona görə də Nardaran hadisələri ilə bağlı söhbət açarkən, bəzən lap 37-ci ildəki sayaq bütün Nardaran sakinlərini suçlu çıxarmağa meyillənən vətəndaşlarımızın bu hadisələrin səbəbkarları ilə heç bir günahı olmayan insanları bir-birindən ayrı tutmalarını çox istərdim. Əsl səbəbkarların sayı çox azdır, onlar törətdikləri əməllərə görə qanun qarşısında cavab verəcəklər. İllər ərzində bu insanların ziyanlı təsiri, mənəvi girovluğu mühitində müasir inkişaf proseslərindən kənarda qalmış Nardaran sakinlərinin sayı isə minlərlədir.

Dövlət həyata keçirdiyi son tədbirlərlə, əslində bu insanları da ekstremistlərdən xilas etdi. Onları abadanlığa çıxardı.

Artıq Prezident İlham Əliyevin sərəncamına əsasən Nardaran qəsəbəsinin abadlaşdırılması, qəsəbədəki sosial-mədəni infrastrukturun yenilənməsi, qəsəbənin sosial problemlərinin həlli məqsədilə 12 milyon manat məbləğində vəsait ayrılıb. Bu, ilkin vəsaitdir. Qəsəbədə abadlıq-quruculuq işlərinin ardıcıl davam etdirilməsi, mədəni həyatın inkişafı, vətəndaşların sosial rifahın daha da yaxşılaşdırılması istiqamətində bundan sonra da müvafiq addımlar atılacaq. Beləliklə, Nardaranda indiyədək dövlət qurumlarının fəaliyyətinə maneçilik yaradılması praktikasına birdəfəlik son qoyuldu.

Bəli, Nardaranda ictimai mühitin sahibi artıq cəhalət, zülmət, radikalizm yox, məhz abadlıq, inkişaf və yenilik olacaq!

Bu sətirləri qələmə alarkən radio Nardaran kəndində elektrik enerjisi təchizatının bərpa edildiyini, evlərdə işıq yandığını xəbər verir və bu xəbər mənə çox simvolik görünür.

Bəli, bu gün Nardaranda işıq yanır...

Amma bu, əvvəlkindən tamam fərqli bir işıqdır. Bu, təkcə elektrik işığı deyil, küçələrdən yığışdırılmış qara bayraqların yerində ucalan dövlət bayrağımızla, körpələri əllərində dəmir dəyənəklər öz dövlətləri ilə qarşıdurmaya deyil, çiyinlərində çanta təhsilə, Azərbaycanın nurlu gələcəyinə, o gələcəyin bir parçası olmağa səsləyən məktəb zəngləri ilə həm də cəhalət qaranlıqlarını, zülməti, xürafatı bu kənddən biryolluq qovmaq üçün dövlətin yandırdığı mənəviyyat işığıdır.

Bu, İslami dəyərlərə sidq-ürəkdən bağlı anamın, atamın dilindən qopan “Allahu-Əkbər” sədasının qəlbimə doldurduğu müqəddəs ruhun, bu dəyərlərin işığıdır.

Bəli, bu gün Nardaranda işıq yanır. Bəs sabah necə olacaq?!

Bu sualın da cavabını yenə dövlətimizdən gözləyək.

Çünki dövlət nə etməli olduğunu özü çox gözəl bilir...

Hüseynbala MİRƏLƏMOV,

Milli Məclisin deputatı, yazıçı -dramaturq

"Azərbaycan" qəzeti, 15 Dekabr 2015