…2003-cü ilin yayı. Sirli bir sükuta dalmış Bakıda hava nə qədər isti keçsə də, nisgildən şəhərin sanki «donu» açılmır. Prezident seçkisi kampaniyasını yaşayan məmləkətdə bu mühüm tədbirə münasibət heç də hansısa namizədin qalib gəlməsi ilə bağlı müzakirələrlə bildirilmirdi. İndi bütün vətəndaşları düşündürən məqam xaosdan tərəqqiyə, parçalanmaqdan qurtuluşa qədər keşməkeşli yol keçmiş Azərbaycanın müqəddəratı idi. Üstündən 10 il keçməsinə baxmayaraq, insanlar bu ərəfədə tez-tez XX əsrin 90-cı illərindəki acı, qan-qadalı günləri xatırlayır, öz aralarında bu barədə danışır və sonra hər iki tərəf «Allah eləməsin!» deyib, küfr etmişlər kimi əllərini göyə qaldırıb Tanrıdan mərhəmət diləyirlər.

Bütün diqqətlər uzaq Klivlənddən gözlənilən xəbərlərə hakim kəsilib…

 

Heydər Əliyev siyasəti daim yaşayacaq

 

…Bu sükut uzun çəkmədi. 2003-cü il oktyabrın 1-də, amansız xəstəliyin hələ sarsıda bilmədiyi böyük zəka sahibi Heydər Əliyev uzaq Klivlənddən böyük məhəbbətlə xalqına müraciət ünvanladı: «Üzümü sizə — həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəkdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm».

Bu, ölümlə çarpışan bənzərsiz bir insanın vətənə və xalqa vida sözü idimi? Əlbəttə yox. Bu, hər şeydən əvvəl böyük dahinin canı qədər sevdiyi Azərbaycana qənirsiz xidmətlərin son, möhtəşəm nümunəsi və xalqına göstərdiyi işıqlı yol idi. Məşhur Amerika şairi Henri Lonqfello Heydər Əliyev kimi dahi şəxsiyyətlərdən bəhs edərkən haqlı olaraq yazırdı ki, «dahi insan vəfat edəndə onun həyatda saxladığı nur uzun illər insanlığın yolunu işıqlandırmağa davam edir». Zaman bu fikrin isbatına elə böyük vaxt istəmədi. O dahinin saxladığı nur elə şölələndi ki, Azərbaycan adlı məmləkət ötən 9 ildə dünyanın əksər siyasi mərkəzlərindən bütün əlvanlığı ilə görünməyə və nüfuz qazanmağa başladı. Amma bu, hələ bir qədər sonra olacaqdı. Prezident seçkisinin uğurla başa çatmasından və cənab İlham Əliyevin PREZİDENT kimi sədaqət andı içməsindən sonra…

Xalq ümummilli liderin son tövsiyəsini də düzgün qiymətləndirməyi bacardı. Oktyabrın 16-da cənab İlham Əliyevin prezident seçkilərində qalib gəlməsi barədə verilən xəbərə Klivlənddə ilk sevinən də məhz Heydər Əliyev oldu. Çöhrəsindəki nigarançılığı xəfif bir təbəssüm əvəzlədi. Bir anlıq bütün vücudu nura boyandı. Missiya etibarlı əllərdə idi…

Cənab İlham Əliyev biliyi, erudisiyası və intellekti sayəsində yaxşı bilirdi ki, PREZİDENT seçilmiş şəxsin DÖVLƏTƏ və XALQA sədaqət andı ümumi qəbul edilmiş «konvensial prosedurda» həyata keçirilən danışıq aktı olsa da, mahiyyətcə çox mühüm bir mərasimdir. Köhnəlmiş dəbdəbəli mərasimlərdən azad olan yeni cəmiyyət onsuz da özündə xalqla milləti birləşdirən simvolik ənənələrsiz keçinmir. Qədim yunan islahatçısı Salon deyirdi ki, «dövləti mərasimlər və qanunverənlər yox, xalqı arxasınca aparmağa qadir olan şəxsiyyətlər irəli apara bilər. Əgər onlar kütləni düz yolla aparsalar, o zaman mərasimlər də, qanunlar da fayda gətirər».

Əslində böyük öndər Heydər Əliyevsiz bu mərasimin yeni Prezident İlham Əliyev üçün nə sevinci ola bilərdi ki? Sadəcə, xalqı qarşısında and içib bütün dünyaya müstəqil Azərbaycanda Heydər Əliyev oriyentirlərinin dəyişməyəcəyini bəyan etmək çox vacib idi! Ədalət və həqiqət naminə demək lazımdır ki, bu məqamlarda dünyanın gözü Azərbaycana və onun gənc Prezidentinə dikilmişdi. Deməli, mərasim yüksək səviyyədə bayram ovqatında keçirilməli, ancaq təmkin və ciddiyyət gözlənilməli idi və belə də oldu! Müstəqil Azərbaycanda çox mühüm bir hadisə — hakimiyyətin sivil qaydalarla ötürülməsi prosesi gözümüz önündə möhtəşəm tarixə çevrildi…

Mərasimdən öncə cənab İlham Əliyev Şəhidlər xiyabanını ziyarət etdi, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi, azadlığı uğrunda canlarından keçmiş vətən oğullarını yad edərək, əbədi məşəlin önünə əklil qoydu. O, buradan — bu hündür məkandan doğma paytaxtın mənzərəsinə, Xəzər körfəzinə göz gəzdirdi. Daim Heydər Əliyevlə bu uca zirvədə dayanıb şəhərə tamaşa etməyi çox sevirdilər…

…Andiçmə təntənəsi Orucluq bayramına təsadüf edirdi. Müqəddəs Quran və dövlət Konstitusiyası kitablarının arasında dayanmış cənab İlham Əliyevin deyəcəyi sözlər ikiqat məna kəsb edəcəkdi. Diplomatik təcrübə ona emosiyalarını cilovlamağa kömək edirdi. O, əlini ölkə Kostitusiyasına basıb əvvəlcə «Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!» — deyir.

Sonra Qurani-şərifə əl basır: «Əlimi Qurani-şərifə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli-mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağam, onları daim uca tutacağam».

Respublika sarayındakı nitqindən sonra elə həmin gün cənab İlham Əliyevin «Gülüstan» sarayında təntənəli qəbuldakı çıxışı daha emosional səslənirdi: «Bu gün mənim həyatımda çox əlamətdar bir gündür. Azərbaycan xalqının dəstəyi ilə mənə göstərilən böyük etimadın nəticəsində bu gün mən Prezident vəzifəsinin icrasına başlayıram…

Düşünürəm ki, bu gün ən çox sevinən və bu günü gözləyən cənab Prezident Heydər Əliyevdir. Onun əsəri olan müasir Azərbaycan özünün müəyyən etdiyi yolla gedəcəkdir. Onun siyasəti yaşayacaqdır və Azərbaycan xalqına yeni qələbələr gətirəcəkdir».

Beləcə, müstəqil Azərbaycan dövlətçiliyinin tarixində yeni, gənc və qətiyyətli bir PREZİDENTLƏ çox məsul bir dövr başladı!

 

Mən istənilən mübarizəyə hazıram

 

İnsan həyatının ən mühüm cəhətlərindən biri onun yaşı və yaşadığı zamandan necə istifadə etməsidir. Xalqın yeni lideri İlham Əliyev yaşadığı vaxtdan necə istifadə etməsini Azərbaycanın ictimai-siyasi həyatına kamil siyasətçi kimi daxil olması ilə çoxdan sübut etmiş bir şəxsiyyətdir. O, yarımbaşlığa çıxardığımız bu qətiyyətli bəyanatını nə dünən, nə beş il əvvəl, nə də ilk prezident seçkisi ərəfəsində vermişdir. Bu fikrin tarixçəsi 2000-ci ilə təsadüf edir. O zaman cənab İlham Əliyev fəal siyasi səhnədə deyildi və bu fikri «Moskovski komsomolets» qəzetinin müxbiri Aleksandr Budberqə müsahibəsində söyləyəndə «neft və qan iyi gələn» Bakıda məhz onun da gərgin diplomatik səyləri nəticəsində imzalanan «Əsrin müqaviləsi»nin ilk investisiyaları Azərbaycan iqtisadiyyatına yeni-yeni dividendlər verməyə başlamışdı.

Ötən 9 il də, ondan əvvəlki dövr də göstərdi ki, cənab İlham Əliyevin siyasətdə yüksək səviyyədə iştirak etməsi özünütəsdiqə çalışmaq üçün motivasiya deyildi. Heydər Əliyevin siyasi varisinin əslində buna elə bir ehtiyacı da yox idi…

İstənilən siyasətçi cəmiyyətin düşüncəsində müəyyən bir obraza — qəhrəmana, müdriyə, xilaskar döyüşçüyə, azadlıq uğrunda mücahidə, ədalətli şaha uyğun gəlir. Bu obrazların ictimai xarakteri onu göstərir ki, onlar zamanın tələbləri ilə bağlıdır. Möhtərəm İlham Əliyevin də xarizmatik lider kimi təsdiqi həm də yaşadığı zamanın və mühitin tələbləri ilə bağlıdır. Müasir siyasətçinin uğurlu obrazı isə onun xarizmasından çox asılıdır.

Xarizma nədir? Bu, günahları dəf etmək və qurtuluş əldə etmək üçün Tanrı tərəfindən göndərilmiş nemət, ilahi qüvvədir! Bir anlıq düşünək: 2003-cü ildə seçim doğru olmasaydı, nələr baş verə bilərdi? Əvvəldə qeyd etdik ki, xalq artıq Heydər Əliyev siyasətinin hakim olmayacağı təqdirdə 1990-1993-cü illərin fəlakətlərinin qayıda biləcəyi barədə qorxulu ehtimallarla yaşayırdı. Və haqlı idi də! Çünki müstəqillik hələ o qədər möhkəm deyildi. Ölkədə daxili bir gərginlik yaranacağı halda bundan maraqlı qüvvələr bəd niyyətlərini həyata keçirmək üçün istifadə edə bilərdilər.

Tanınmış alman sosioloqu və tarixçisi Maks Veber əbəs yerə demir ki, xarizmatik lider xüsusi istedada, peyğəmbəranə bacarıqlara, müstəsna iradəli keyfiyyətlərə malik olur. Seçkidən dərhal sonrakı hadisələri xatırlayın. Hər vəchlə hakimiyyətə gəlmək istəyən və xarici havadarlarına ümid edən bəzi qüvvələr dərhal «meydan hərəkatına» başlamağa cəhd göstərirlər. Lakin bu, artıq köhnə zaman deyildi! Qanunsuz hərəkətlər dövlət qurumları tərəfindən qətiyyətlə dəf olunurdu!

Təbii ki, ümummilli nüfuza iddia edən siyasi xadimin xarizması özündə zamanın böyük çağırışlarına cavabı da ehtiva etməlidir və bu baxımdan da Azərbaycan xalqının doğru seçim etdiyini son 9 ildə yazılan əzəmətli tarix tam təsdiq etdi.

Məşhur bir ifadədə deyilir ki, böyük epoxalar böyük insanları dünyaya gətirir. Hər dəfə hər hansı bir cəmiyyətin və ya dövlətin ciddi problemləri yarananda ön plana həmişə xüsusi qabiliyyəti olan insanlar çıxır. Onlar digərlərindən öz müstəsna bacarıqları və parlaq liderlik keyfiyyətləri ilə fərqlənirlər. Məhz onlar bu böhranlı dövrlərdə qərar qəbul etməyin və məsuliyyətin ağır yükünü çiyinlərinə götürürlər. Tariximizin müasir dövrünə ötəri nəzər salsaq görərik ki, müasir dünyada tarixin dönüş və məsul məqamlarına uyğun gələn adekvat siyasi liderlər o qədər də çox deyil. Bu baxımdan zamanın artıq çoxdan təsdiqlədiyi bir həqiqətə istinad edərək demək olar ki, bəli, 2003-cü ildə də, 2008-ci ildə də cənab İlham Əliyev Azərbaycan xalqının alternativsiz və doğru seçimi idi!

Cənab İlham Əliyevin ilk dəfə Prezident seçilməsinin sevincini bizimlə bölüşən dünya şöhrətli yazıçı Çingiz Aytmatov əsl müdriklər kimi gözünü uzaqlara zilləyib mənə demişdi: «Qırğızlarda və azərbaycanlılarda belə bir müştərək deyim var: ot kökü üstə bitər. Bu, öz təsdiqini Heydər Əliyevin layiqli varisinin yetişməsində tapdı. Azərbaycan xalqı İlham Əliyevi öz Prezidenti seçəndə mən buna öz xalqımın uğuru kimi sevindim. O, çox ağıllıdır, dünyanın nəbzini tuta bilir. Ümumiyyətlə, hakimiyyətə İlham Əliyev kimi siyasətçilərin, ən ali qanunları mənəviyyat olan siyasətçilərin gəlməsi çox yaxşıdır. Onlar öz əməlləri ilə cəmiyyətdə bunu təsdiqləyirlər».

Çox keçmədi ki, Çingiz Aytmatov Brüsseldən Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına belə bir təbrik teleqramı göndərdi: «Hörmətli İlham Heydəroviç! Azərbaycan Prezidenti seçilməyinizlə əlaqədar olaraq müasirlərimizin çoxsaylı təbrikləri ilə yanaşı mənim də ağsaqqal təbrikimi qəbul edin. Bu, artıq gerçəklikdir. Dünya ictimaiyyəti ümumxalq seçkilərini diqqətlə izləyirdi və demək lazımdır ki, bizim gözlədiklərimiz və ümidlərimiz doğruldu, həyata keçdi. Bunlar xalqın məhz Sizə necə dərin hörmət bəslədiyini göstərir. Seçilən adam xalqın gözündə mənəviyyatca aşkar və namuslu böyüyəndə, onun siyasi reytinqi, ictimai fəaliyyəti və şəxsi həyatı müşahidə prosesinin gedişində formalaşanda məhz belə olur. Siz millətin bu kimi yüksək etimad haqqını qazanmısınız. Şübhəsiz, bununla yanaşı, Siz müasirləriniz və ölkəniz qarşısında məsuliyyətinizi də dərk edirsiniz».

 

Hər bir Azərbaycan vətəndaşının Prezidenti

Prezident İlham Əliyev dərindən bilirdi ki, müəyyən ideoloji müstəvi olmadan liderliyi həyata keçirmək mümkün deyil. Lider mütləq uğrunda mübarizə apardığı ideologiyanı aydın müəyyənləşdirməlidir, bununla belə, nə olur-olsun ona sadiq qalmalıdır. Bu ideologiya Heydər Əliyevin müəllifi olduğu AZƏRBAYCANÇILIQ ideologiyasıdır ki, cənab İlham Əliyev öz müqəddəs andının davamı kimi ziyafət məclisində söylədiyi çıxışında bunu çox parlaq şəkildə ifadə etdi: «…Mən hər bir Azərbaycan vətəndaşı üçün yaxşı Prezident olacağam. Milliyyətindən, dinindən, siyasi əqidəsindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam…»

Olduqca şərəfli, ancaq çox məsuliyyətli bir vəzifədir. Bu, sadəcə vəd deyildi. Hakimiyyət Olimpinə yeni yüksəlmiş vətənpərvər bir siyasətçinin qəlbinin dərinliklərindən gələn müqəddəs istək, milli ideyanın ayrılmaz parçası idi.

Bu yerdə bir haşiyə çıxıb Prezident İlham Əliyevin tarix boyu heç bir dövlət başçısının ayağı dəyməyən ucqar dağ rayonuna — Lerikə səfərini xatırlatmaq istəyirəm. Şahid olanlar danışırlar ki, Prezidentin rayona günorta gəldiyini bilsələr də, ən ucqar kəndlərdən belə sübh tezdən rayon mərkəzinə axışan sakinlər 6 saatdan artıq yol boyu yorulmadan ayaq üstə durub dövlət başçısını gözlədilər. Onları buna heç kim məcbur etmirdi. İnsanların sevincinin həddi-hüdudu yox idi. Prezident özü də bu saf dağ adamlarının ilahi sevgisindən doğan aramsız alqışlardan təsirləndi. Bu tarixi səfər Lerikə yeni həyat bəxş etdi və bundan sonra Prezident daha iki dəfə rayona səfər etdi.

Digər tərəfdən, bir siyasətçi kimi cənab İlham Əliyevin gücü ondadır ki, o, daxili determinantlara, ona məxsus olan və onun şəxsiyyətinin ayrılmaz hissəsinə çevrilmiş mənəvi normalara və cəmiyyətdəki davranış qaydalarına dəqiqliklə əməl edir. Onun Qurani-şərifə əl basıb and içməyinin də mərasim naminə nümayiş olmadığı, ötən dövr ərzində islami dəyərlərə dövlət səviyyəsində göstərdiyi yüksək diqqət və qayğı ilə təsdiqləndi.

Cənab İlham Əliyevin təkcə bir Prezident, dövlət xadimi kimi deyil, həm də bir insan kimi daha mühüm keyfiyyətləri mənəvi zənginliyi, dözümlülüyü, humanizmi və ədalətli olması ilə bərabər, orijinallığı, hər hansı işə yaradıcı yanaşması, maraq dairəsinin müxtəlifliyi, qeyri-standart düşüncə tərzi və davranışı, hazırcavablığı və müstəqilliyi, iti ağla və yüksək mədəniyyətə sahib olmasıdır. Bir şəxsiyyət kimi bu ali keyfiyyətləri onu xalqının gözündə bir insan kimi də yüksəldir, ona etimadı və inamı artırır, sevgi və hörmət qazandırır. Onun 2008-ci ildə keçirilən prezident seçkilərində böyük səs çoxluğu ilə qalib gəlib yenidən ali posta seçilməsinin əsas səbəbi də, şübhəsiz, məhz xalq məhəbbətinin və ehtiramının təntənəsi idi.

Unutmaq olmaz ki, Heydər Əliyev kimi dahi şəxsiyyətdən və xalqının əbədi sevgisini qazanmış liderdən sonra hakimiyyət Olimpində onun uğurlarını təkrarlamaq və nəyəsə nail olmaq o qədər də asan məsələ deyildi. Bunun üçün ən azından sosial oriyentasiyalı, həssas, humanist, emosional cəhətdən sabit, qeyri-standart, güclü, zabitəli, hökmlü və ziyalı olmaq hələ çox az idi. Çünki Heydər Əliyev bir şəxsiyyət, siyasətçi, dövlət rəhbəri kimi xalqın düşüncəsində özünəməxsus və çox yüksək tələblərlə səciyyələnən, etalona çevrilmiş, real siyasi lider və dövlət rəhbəri obrazı formalaşdırmışdı.

Gənc Prezident bu tələbləri dərindən bildiyi kimi, varisi olduğu ümummilli liderdən gördüklərini də yüksək səviyyədə mənimsəməyi bacarmışdı. Əvvəla, cənab İlham Əliyev hakimiyyətinin ilk illərində həqiqi siyasi lider kimi öz fəaliyyətində geniş kütlələrin maraqlarını çox yüksək formada birləşdirə və ifadə edə bildi. Çünki o, sahib olduğu siyasi biliklərdən və aldığı ATA dərsindən intuitiv olaraq bilirdi ki, istənilən hakimiyyət üçün siyasəti canlı cəmiyyətdən, insanlardan süni şəkildə ayırmaq olmaz və belə olarsa, hakimiyyət institutları ilə cəmiyyət arasında uçurum yaranar. Həqiqi siyasət söz müstəvisində, ritorik nitqlərdə yox, «yerdə», cəmiyyətin həyat tərzindədir. Əgər insanlar öz həyatlarının yaxşılaşdığını hiss edirlərsə, demək, o, konkret fəaliyyətdədir.

 

Neft məqsəd yox, güclü iqtisadiyyat yaratmaq vasitəsidir

 

Cənab İlham Əliyevin siyasi karyerasını izləyənlər, yəqin, yaxşı xatırlayarlar ki, Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti kimi hələ 2000-ci ilin sonunda Rusiyanın mətbuat orqanlarından birinə verdiyi müsahibəsində bildirirdi: «Siyasət — əslində bu, nəsə bir iş görmək üçün vasitədir. Syasət təkcə o deyil ki, televiziyalarda çıxış edəsən, müsahibə verəsən, mitinqlər keçirəsən. Nəsə bir iş görmək lazımdır ki, insanlar sənə inansınlar, sənə hörmət etsinlər…»

Bu kontekstdən yanaşsaq, görərik ki, Prezident ilk gündən milli ideyaya söykənərək güclü iqtisadi dayaqları olan sosial dövlət quruculuğu istiqamətində uzun illərə hesablanmış strateji proqramlar işləyib hazırlayır və çox böyük təmkinlə, həm də qətiyyətlə həyata keçirir. Çevik icra mexanizmləri ilə seçilən bu proqramların reallaşmasının nəticəsidir ki, hətta Azərbaycan bu gün dünyanın ən sürətlə inkişaf edən dövlətləri sırasında qərarlaşmışdır.

Bu da təsadüfi deyil. Elə prezidentliyinin ilk günlərində cənab İlham Əliyev çox böyük uzaqgörənliklə deyirdi: «…Artıq bu gündən neftlə bağlı olmayan yeni iş yerləri, yeni infrastruktur yaratmaq lazımdır, çünki o, nə vaxtsa qurtaracaq. Əgər bu proqram bu gün işə düşəcəksə, sabah gələcək nəsil neft hasilatından və neftin dünya bazarlarındakı qiymətindən asılı olmayacaq. Ona görə də neft bizim üçün məqsəd yox, güclü iqtisadiyyat yaratmaq üçün vasitədir».

Bu bəyanat yeni dövrün siyasi liderinin qarşıya qoyduğu vəzifələri və iqtisadi inkişafın qısa zaman üçün proqramını aydın şəkildə göstərirdi. Onun tələbləri və qısa zaman üçün qarşıya qoyduğu vəzifələr bəlli idi: zaman-zaman artan neft gəlirlərini çevik şəkildə ölkədə istehsal sənayesinin yaradılmasına, respublikanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün qlobal enerji layihələrinin reallaşmasına, yol-nəqliyyat infrastrukturunun genişləndirilməsinə, regionların inkişaf proqramlarının maliyyələşməsinə, ərzaq təhlükəsizliyinin təmin olunması üçün kənd təsərrüfatının inkişafına, Azərbaycanda müdafiə sənayesinin yaradılmasına, informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə, səhiyyənin və təhsilin inkişafına və sair sahələrə yönəltmək.

Prezident İlham Əliyev müasir Azərbaycan cəmiyyətinin, həm də gənc, müstəqil bir ölkənin inkişaf perspektivlərinə innovasiyalı, praqmatik və konstruktiv düşüncədən yanaşaraq, Heydər Əliyev strateji xəttindən kənara çıxmadan özünün orijinal inkişaf proqramını yaratdı. Bu, artıq dünya iqtisadçılarının tez-tez işlətdikləri «sosial-iqtisadi inkişafın Azərbaycan modeli» ifadəsində təcəssümünü tapdı.

Artıq prezidentlik fəaliyyətinin ikinci ilində — 2005-ci ildə Beynəlxalq Valyuta Fondu gənc müstəqil respublikamız üçün verdiyi proqnozda göstərirdi ki, inkişaf tempinə görə Azərbaycan Respublikası ilə MDB-də müqayisəyə gələ biləcək ikinci bir ölkə yoxdur! Həmin dövrdə ölkədə ÜDM-in 11,4 faiz olacağı, ikinci yerdə qərarlaşan Qazaxıstanda isə bu rəqəmin 8,5 faiz təşkil edəcəyi göstərilirdi. 2004-cü ildə isə bu göstərici 9,1 faiz təşkil edirdi ki, bu da region dövlətləri arasında ən yüksək göstərici idi. Çünki qonşu Rusiyada bu göstərici 7,3 faiz, İranda 6,6 faiz, qardaş Türkiyədə isə 5 faiz təşkil edirdi.

9 il ardıcıl olaraq bütün layihələri şəxsi nəzarətində saxlayan dövlət başçısı gündən-günə ölkəsinin iqtisadi potensialını zənginləşdirdi, onu regionun iqtisadi, eyni zamanda siyasi liderinə, beynəlxalq arenada söz və nüfuz sahibinə çevirdi. Lakin bunlar heç də asan və maneəsiz başa gəlmirdi. Müharibə aparan, karbohidrogen ehtiyatları ilə zəngin olan ölkənin müstəqil siyasət yeritməsi özü bir möcüzə idi. Hələ prezidentliyinin ilk illərində cənab İlham Əliyev siyasi vəziyyəti təhlil edərək açıq bəyan edirdi ki, «böyük neftin müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləri də var…»

Bütün tanınmış siyasi liderlər kimi, Prezident İlham Əliyev də məhz yenilikçi və orijinal proqramları ilə XXI əsrdə Azərbaycanın siyasi-iqtisadi inkişaf modelini yaratmaqla artıq tarixə düşdü desək, zərrə qədər də yanılmarıq.

Ulu öndər Heydər Əliyevin şah əsərlərindən olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin 2006-cı ildə gerçəkləşməsinin özü bir qəhrəmanlıq salnaməsidir. Zəngin neft ehtiyatları olan Azərbaycanın ətrafında çoxkombinasiyalı oyunların getdiyi bir dövrdə Prezident İlham Əliyev milli mənafe naminə öz diplomatik ustalığı sayəsində bu nəhəng layihəni gerçəkləşdirdi. Vaxtilə bu layihəni nəinki bəzi daxili siyasi qüvvələr, hətta bir çox dövlətlər belə xülya sayır və onun reallaşa biləcəyinə heç cür inanmaq istəmirdilər. Lakin hələ bu layihə ətrafında kəskin diskussiyalar getdiyi bir dövrdə cənab İlham Əliyev çox tutarlı arqumentlərlə çıxış edirdi.

Ağıl, qətiyyət, dərin zəka, dünyanın iqtisadi siyasətinin incəliklərinə bələd olmaq, incə diplomatik gedişlər öz sözünü dedi. BTC bu gün həm də beynəlxalq enerji təhlükəsizliyi sisteminin əsas elementlərindən birinə çevrilməklə Azərbaycanı dünyanın diqqət mərkəzində saxlamaqdadır. Bu gün illik ötürücülük qabiliyyəti 60 milyon ton olan BTC vasitəsilə sutkada 1,2 milyon barel neft Səngəçal terminalından Aralıq dənizi sahillərinə yola salınır.

Bu illərin yadda qalan mühüm hadisələrindən biri də ümumi uzunluğu 997 kilometr, ötürmə qabiliyyəti 20 milyard kubmetr olan Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsidir ki, bu gün məhz o kəmər vasitəsilə qardaş Türkiyə və Gürcüstana təbii qaz ixrac olunur.

 

Dünyanın hesablaşdığı lider

 

Təbii ki, Azərbaycan Prezidentinin 9 illik tərəqqi və inkişaf strategiyasının əsas məramlarından biri xalqın, əhalinin sosial rifah halının durmadan yaxşılaşdırılması, qeyd etdiyimiz kimi, Azərbaycanda sosial rifah dövlətinin qurulmasıdır. Hələ 2010-cu ildə BMT-nin insan inkişafına dair hesabatında 169 ölkə arasında ölkəmiz 67-ci sıraya qalxaraq «orta insan inkişafı ölkələri» qrupunu tərk edərək «yüksək insan inkişafı ölkələri» qrupuna daxil edilmişdir. Təkcə 2010-cu ildə istehsal olunmuş sənaye məhsulu ötən dövrdə — XX əsrin 50-60-cı illərindəki 10 il ərzində istehsal olunmuş məhsula bərabər olmuşdur.

Cənab İlham Əliyevin mühüm liderlik keyfiyyətlərindən biri də onun geniş siyasi informasiyalılığıdır. Bu geniş və dəqiq siyasi informasiyalılıq hər şeydən əvvəl ona imkan verir ki, sosial qrupların, regionların, millətin və bütövlükdə dövlətin maraqlarını düzgün təmin edə bilsin. Dövlət başçısı mühüm diqqət yetirdiyi regionların sosial-iqtisadi inkişaf proqramlarının həyata keçirilməsi və nəzərdə tutulan işlərin yerinə yetirilməsinin gedişi ilə tanışlıq məqsədi çərçivəsində 9 ildə bölgələrə 200-dən çox səfər etmişdir.

Bəzi qüvvələr 2003-cü il prezident seçkilərində cənab İlham Əliyevin «Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi qalmayacaqdır» bəyanatını seçki marafonunda bir vəd kimi dəyərləndirsələr də, beş ilə nəzərdə tutulan bu plan dövlət başçısının qətiyyəti ilə 4 ilə başa çatdı və sonuncu çadır şəhərciyinin ləğv edilməsi kimi mühüm bir hadisə 2007-ci ildə tarixə qovuşdu.

Prezidentin bu illər ərzində bir an belə unutmadığı taleyüklü məsələlərdən biri də, təbii ki, ərazilərimizin işğal altında olmasıdır. Cənab İlham Əliyev elə bir tədbir, elə bir beynəlxalq məclis olmur ki, bu problemi bütün ciddiliyi ilə ortaya qoymasın. Mövqe isə dəyişməz olaraq qalır — «Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu ola bilməz». Prezident bu qətiyyətli mövqeyinə onu da əlavə edir ki, «biz məsələni danışıqlar yolu ilə həll etmək istəyirik, əgər danışıqlar yolu ilə problem həll olunmasa, onda biz hərbi yola əl atmalı olacağıq. Bu, bizim suveren hüququmuzdur. Heç kim bunu bizim əlimizdən ala bilməz». Dövlət başçısı bunu kiməsə xoş gəlmək üçün demir. Bunun ciddi arqumentləri var. Prezident bu arqumentləri belə ifadə edir: «Son illər bizim hərbi xərclərimiz 20 dəfədən çox artıb və hazırda 3,6 milyard dollar təşkil edir ki, bu da Ermənistanın bütün dövlət xərclərindən 50 faiz çoxdur». İqtisadiyyatı çökməkdə olan, varidatı satışa çıxarılan Ermənistan bundan nəticə çıxarmalıdır və zaman onu buna məcbur edəcək.

Cənab İlham Əliyevin diqqət çəkən keyfiyyətlərindən biri onun siyasi leksikonudur. Açıq etiraf etmək lazımdır ki, hazırda özlərini siyasi lider sayan əksər insanların siyasi leksikonu ya köhnəlib, ya da mənasını dərindən dərk etmədikləri müasir terminlərlə rənglənib. Amma dünyanın bir neçə dilində və dünya dövlətlərinin hər hansı lideri ilə fərqli mövzularda fundamental danışıqlar aparmaq, yığcam şəkildə fikrini ifadə etmək və müsahibini inandırmaq Azərbaycan Prezidentinin müstəsna keyfiyyətlərindən biridir. Bu faktı tanınmış dövlət başçıları və xarici siyasət adamları da heyranlıqla etiraf edirlər.

Təkcə Azərbaycanda deyil, regionda müasir liderlik nümunəsi sayılan Prezidentimizin mühüm keyfiyyətlərindən biri də siyasi zamanı həssaslıqla hiss etməsi, onu qabaqlaya bilməsi, yəni vaxtında qərar vermək, tədbir görmək bacarığıdır.

…Klassik fəlsəfi fikir sahiblərindən biri demişdir ki, «siyasətdə böyük insanlar onlardır ki, keçmişin hazırladığı və meydana gələcək ehtiyacları, hadisələri qabaqcadan görürlər və getmək lazım gələn yolu göstərirlər». Əminik ki, hələ uzun onilliklər cənab İlham Əliyev xalqımızın getməli olduğu ən düzgün yolun — Heydər Əliyevin nurlandırdığı yolun daim önündə irəliləyəcək! Prezidentin buna hamıdan çox haqqı çatır…

 

31.10.2012