11 İyul 2014

 

Tarix axar çay kimidir…

Bəzən adi bir gün də, başqa vaxt, ilin müxtəlif fəsillərində yüz yol təkrarlanan sadə təbiət hadisələri də onun axınına təsir göstərə bilir. Zamanın ahəngində öz təshihlərini edir…

Viktor Hüqonun «Səfillər»ində ilk dəfə bu cümlələri oxuyanda yazıçı qələminin qüdrətindən vəcdə gəlmişdim: «Əgər 1815-ci ilin iyun ayının 17-dən 18-nə keçən gecədə yağış yağmasaydı, Avropanın gələcəyi başqa cür olardı. Bir neçə damcı su Napoleonun məğlubiyyətinə səbəb oldu. Austerlis vuruşmasının Vaterloo ilə nəticələnməsi üçün qəzavü-qədərə yalnız yüngül bir yağış gərəkmiş…»

Hərdən tarixdə baş vermiş, ilk baxışdan adi, amma nəticə etibarilə son dərəcə mühüm hadisələrin əksini düşünmək, bu hadisələrlə taleyi müəyyənləşən bütöv xalqların, həmin olayların yaşanmadığı dünyadakı indiki halını bir anlıq təsəvvür etmək istəyirsən.

Məsələn, əgər serb terrorçusu Qavrilo Prinsipin 1914-cü ilin 28 iyununda Sarayevoda Avstriya-Macarıstan taxt-tacının vəliəhdi hersoq Frans Ferdinanda atdığı güllələr tapançanın xəzinəsində qalsaydı, Birinci dünya müharibəsinə başlamaqdan ötrü, görəsən, başqa hansı bəhanə lazım gələrdi?!

Və ya alimlərin atomu parçaladıqları gün cəmi bir neçə il əvvələ təsadüf etsəydi və bu qorxunc silahı ələ keçirmək imkanı sırf təsadüf üzündən Adolf Hitlerin əlindən çıxmasaydı, o zaman faşizmin qalib gəldiyi bir dünyada insanların halı, günü necə olardı?!

Yaxud da xalqların tarixini dəyişən liderlərin dünyaya gəlişi, əksəriyyəti sadə ailələrdən çıxmış bu insanların ömür yolundakı yüksəlişlər, onların taleyini izləyən təsadüflər…

Bunlar yalnız ilk baxışdan adama təsadüf kimi gəlir. Amma dərindən düşünəndə baş verən bütün bu təsadüflərin arxasında qəribə bir qanunauyğunluğun dayandığını görürsən.

İnsanların ömrü kimi xalqların tarixinin də hansısa gözəgörünməz bir qüvvə tərəfindən idarə edildiyinə özlüyündə əmin olursan.

***

1969-cu ilin 14 iyul günü Azərbaycanın milli dövlətçilik tarixində yeni bir dönəmin başlanğıcını qoymuş o hadisə də, həmin gözəgörünməz qüvvənin işi, Tanrının Azərbaycan xalqına xoş bir lütfü idi…

Əgər o hadisə baş verməsəydi, 14 iyul gününü təqvimin sıradan günlərindən biri kimi yaşayacaqdıq. Amma ömür salnaməsinə əlamətdar məqamlar yazdığı şəxsiyyətin adı ilə birgə bu gün də əbədiyyət qazandı.

Adi vaxtdan tarixə çevrildi.

O günün ardınca sıralanan günlərin, ayların, illərin üzərinə işıq saldı.

***

Açığını deyim ki, bu günün tarixi dəyəri mənim üçün Azərbaycanın İstiqlalı günü kimi daim əziz tutduğumuz 28 May gününün əhəmiyyətindən heç də az deyil!

28 May günü milli dövlətçilik tariximizin şərəf məqamıdır, bu öz yerində. Amma bu istiqlalın Azərbaycan xalqının apardığı milli azadlıq hərəkatı, xalqın milli birliyi zəminində əldə olunmadığı da bir faktdır. Azərbaycanın istiqlalını zamanın ən lətif meyvəsi kimi yetişdirən Birinci dünya müharibəsindən, 1917-ci il inqilabından sonra Yer üzündə yaranmış yeni siyasi vəziyyət idi.

Bu, tarixi şəraiti düzgün dəyərləndirməyi bacaran, bəsirət gözü, düşüncəsi açıq, vətənpərvər ziyalıların oyaq vicdanının, Azərbaycan sevgisinin, vətənpərvər əməllərinin bəhrəsi idi.

Şərqin ilk demokratik cümhuriyyətini qurub-yaratdıqdan sonra bu insanların qarşısında son dərəcə mühüm bir vəzifə dururdu. Onlar xanlıqlar dövründə param-parça olub hərəsi öz kiçik sərhədlərinin hüdudlarına, öz bayrağının kölgəsinə sığınaraq Şah İsmayıl Xətai zamanındakı vahid dövlətçilik düşüncəsindən iraq düşmüş insanların ümumi bir vətən, ortaq bir dövlət, yeganə bir bayraq altında bir araya gətirib milli dövlətçilik düşüncəsini formalaşdırmalı idilər.

Amma bu, o qədər də asan deyildi!

Ünsiyyət, kommunikasiya imkanlarının, radionun, televiziyanın, internetin olmadığı o zamanlarda, xüsusilə əyalətlərdə yaşayan insanların müəyyən bir qismi Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından bixəbər görünürdülər.

***

Yeniyetməliyi, gəncliyi o dövrə təsadüf edən ixtiyarlarla uşaqlıq illərində çox ünsiyyətdə olmuşam, uşaq marağı ilə onlara keçmişə dair çox suallar vermişəm. Əfsuslar olsun ki, onların vaxtilə 23 aylıq milli hökumət barədə söylədikləri xatirələrin içində indi Azərbaycan Xalq Cümhuriyyətinin tarixdəki əsl dəyərinə layiq, onun məzmununu bütövlüklə ifadə edən doğru-dürüst nəsə tapa bilmirəm.

Bu insanların milli hökumətə münasibəti indiki müstəqil Azərbaycan dövlətində yaşayan, ölkəmizin müstəqilliyindən barınan, istiqlalın xalq üçün ən böyük nemət olması həqiqətini başa düşən müasirlərimizin münasibətindən çox fərqlənirdi.

Azərbaycan Xalq Cümhuriyyəti dövrü bu insanların dumanlı, qırıq-qırıq xatirələrində «bəy-xan hökuməti», «hürriyyətlik», çar imperiyasının süqutundan sonra imperiyanın ucqarlarında müşahidə edilən qarışıqlıqlarla assosiasiya olunurdu.

Əlbəttə, xəyalən «Əli və Nino»nu vərəqləsək, o zəmanənin Azərbaycan Xalq Cümhuriyyətinin ayaqda durması, möhkəmlənməsi, gələcəyə doğru addımlaması üçün əlindən gələn hər şeyi etməyə çalışan və sonda Şərqin ilk demokratik cümhuriyyəti uğrunda şəhid olan Əli xan Şirvanşir kimi qəhrəmanları da vardı.

Amma hərdən düşünürəm ki, cəmi 23 ay ömür sürmüş Azərbaycan Xalq Cümhuriyyətinin XI Qızıl Orduya çox az istisnaları nəzərə almasaq, demək olar ki, müqavimətsiz təslim olması bütün siyasi, qeyri-siyasi amillərlə yanaşı, həm də xalqın Vətənin istiqlalını qorumaqdan ötrü toparlanmamasından, milli hisslərin, milli dövlətçilik təfəkkürünün zəifliyindən, insanların milli hökumətə münasibətinin qeyri-müəyyənliyindən irəli gəlirdi.

***

Milli mənəviyyatımıza vurduğu bütün ağır yaralara rəğmən sovet hakimiyyətinin insanlara verdiyi təhsil, aparılan savadlanma, maarifçilik, ideoloji-siyasi tərbiyə, kütlələrdə qüsurlu da olsa, müəyyən dövlətçilik təfəkkürü formalaşdıra bilmişdi. Və bu nöqteyi-nəzərdən yanaşanda ötən əsrin 30-cu illərində repressiya qurbanı kimi taleyinə ağır faciələr yazılmış fikir adamlarımızın əsas suçunu da anlamaq çətin olmur. Bu insanlar sovet hakimiyyətinin cızdığı ideoloji sınırlarda, dövlətçilik düşüncəsi içində Azərbaycan milli təfəkkürünün yerini təyin etməyə çalışırdılar. Öz əsərləri ilə milli kimliyimizi anlatmağa, aldığı savadla birgə, həm də düşünmək imkanı əldə etmiş xalq kütlələrində milli hisslər aşılamağa çalışırdılar.

Amma onların amalları da ömürləri kimi yarımçıq qaldı. İnsanlarda formalaşan milli duyğular Stalin xofu qarşısında qəlblərin məhbəsindən çıxa bilmədi…

***

Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəldiyi ötən əsrin 60-cı illərinin sonları digər İttifaq respublikaları kimi Azərbaycan üçün də yetərincə çətin və mürəkkəb bir dövrə təsadüf edirdi. Stalinin vəfatından təxminən 16 ilə yaxın vaxt keçmişdi. Onun varlığı ilə yaratdığı qorxu hissi yavaş-yavaş insanların canından çıxırdı.

SSRİ çevrəsində bir araya gəlmiş xalqlar yeni bir həyatın axtarışına başlamış kimi görünürdülər. İnsafən mərkəzin apardığı siyasətdə də, müəyyən mülayimlik müşahidə olunurdu.

Amma bu, davamına tarixin özünün də zəmanət verə bilmədiyi bir mülayimləşmə idi. Soyuq müharibənin şiddətləndiyi və «Praqa baharı» kimi gərgin hadisələr fonunda xalqların öz talelərini sosializmsiz bir gələcəkdə yenidən müəyyənləşdirmələrinə cəhdlərdən sonra Kreml vintləri tez-tez sıxaraq, cızığından çıxmışlara öz yerini göstərməli olurdu.

Bir anlıq o illərə qayıtsaq, Azərbaycanın o zamanlar iki yol ayrıcında qaldığını görərik. Dayanmadan aparılan beynəlmiləlçilik tərbiyəsi altında cəmiyyətin kütləvi şəkildə kosmopolitizmə doğru meyilləndirilməsi, milli dəyərlərin, xalqın tarixi keçmişinin unudulmasına cəhdlər, ümumən milli əsaslara söykənən xalq anlayışının aradan qaldırılması və bunun yerini «sovet xalqı», «SSRİ-də doğulmuşlar» kimi anlayışların tutması bu yollardan birincisi idi və bu yolun sonu başqa milli respublikalar kimi Azərbaycan üçün də qaranlıq görünürdü.

İkinci yol isə mərkəzin ədəbiyyatda, kinoda, musiqidə, təsviri sənətdə açdığı balaca bir nəfəslikdən içəri daxil olan bir udum azadlıq havasından istifadə edərək milli ruha yönəlik düşüncələrin kütləviləşməsindən, bizi biz edən dəyərlərin bu havanın təravətində mümkün qədər qorunmasından, gələcək nəsillərə ötürülməsindən ibarət idi.

Azərbaycanın bu yollardan hansını seçəcəyi növbəti illərdə ölkəyə rəhbərlik edən şəxsin kimliyindən çox asılı idi. Daha asan yol axtarışında olan rəhbər, yəqin ki, yolun birincisini seçərdi. Çünki sovet ideoloji təbliğat maşınının təlqin və təqdir etdiyi yol bu idi və əksər İttifaq respublikalarının rəhbərləri özlərinə artıq əziyyət vermədən məhz bu yolu seçmişdilər.

İkinci yolun davamında isə hərtərəfli təzyiqlərə sinə gərmək, çətinliklərə qatlaşmaq, mərkəzi nələrəsə inandırmaq üçün günlərlə zəhmət çəkməklə yanaşı, etimadı itirib bütün statusları əldən vermək qorxusu da vardı…

Və belə bir zamanda — 1969-cu ilin 14 iyul günü Azərbaycanda hakimiyyətə Heydər Əlirza oğlu Əliyev gəldi…

***

S.M.Kirovdan sonra Azərbaycana yerli kadrlar rəhbərlik etmişdi və Heydər Əliyev ölkənin azərbaycanlı rəhbərlərinin dördüncüsü idi. Ona qədər respublikanı 1933-1953-cü illər arasında Mir Cəfər Bağırov, 1953-1959-cu illər aralığında İmam Mustafayev, 1959-1969-cu illərdə isə Vəli Axundov idarə etmişdi.

Keçmişə sayğı Heydər Əliyev şəxsiyyətinin ən çox rəğbət doğuran cəhətlərindən biri kimi həmişə diqqəti çəkərdi. O, özünə qədər Azərbaycana rəhbərlik etmiş şəxslərin hər birinə eyni dərəcədə hörmətlə yanaşar, öz çıxışlarında İkinci dünya müharibəsindən sonra Azərbaycan həyatında özünü göstərən müsbət dəyişikliklərə tez-tez diqqət yönəldərdi.

Elə biz də müsbətlərdən danışmağa çalışacağıq.

Müharibədən sonra Azərbaycanın iqtisadi cəhətdən inkişafı, Xəzərdə dəniz yataqlarının mənimsənilməsi, yeni sənaye mərkəzlərinin — Sumqayıtın, Mingəçevirin, Daşkəsənin salınması, Bakının, Gəncənin sənaye potensialının sürətlə yüksəlməsi, qara və əlvan metallurgiya, maşınqayırma, kimya sənayesinin inkişafındakı qüdrətli sıçrayış — bütün bunlar ötən əsrin 50-ci illərinin sonlarına qədər ölkə həyatında əldə olunmuş mühüm uğurlar idi.

1959-cu ildən 1969-cu ilə qədər Azərbaycan KP MK-nın birinci katibi vəzifəsində çalışan Vəli Axundovun Azərbaycana rəhbərlik etdiyi 10 illik dövrü isə o illərdə Dövlət Təhlükəsizliyi Komitəsi kimi əhəmiyyətli dövlət qurumunda mühüm vəzifələrdə çalışmış Heydər Əliyev özü də ölkə tarixində mürəkkəb dövr kimi xarakterizə edirdi.

N.S.Xruşşovun vəzifədən kənarlaşdırılması və L.İ.Brejnev başda olmaqla hakimiyyətə başqa bir komandanın gəlməsi ilə xarakterik olan bu mərhələdə Azərbaycan kimi ölkəyə rəhbərlik etmək o qədər də asan deyildi.

Həmin dövrün  son illərində Azərbaycanın xalq təsərrüffatında güclü geriləmələr özünü göstərirdi. Respublika bir sıra göstəricilər üzrə başqa, İttifaq ölkələrinin ardınca sürünürdü.

***

Heydər Əliyev irsinin görkəmli araşdırıcılarından olan akademik Ramiz Mehdiyev özünün «Vətəndaş, Şəxsiyyət, Lider» kitabında ötən əsrin 60-cı illərinin sonlarına doğru Azərbaycan həyatında nəzərə çarpan tənəzzül meyillərini son dərəcə aydın şəkildə xarakterizə edir: «Respublika haqqında SSRİ-nin perspektivsiz bir əyaləti təsəvvürünün formalaşması nəticəsində, Azərbaycanda sosial-iqtisadi həyatın bütün sahələrində geriləmələr mövcud idi. Sovet rəsmiləri səviyyəsində belə bir fikir yaranmışdı ki, məşhur neft yataqları öz keçmiş əhəmiyyətini itirib və respublikanın neftə hesablanmış iqtisadiyyatı rəzilliklə sürünməyə məhkumdur. Bunun alternativi yox idi. Çıxış yollarını tapmaq əvəzinə vəziyyətlə barışırdılar, neqativ tendensiyalar tədricən güclənərək daha dərinlərə kök atırdı. Hakimiyyət uğrunda getdikcə daha eybəcər formalar alan gizli mübarizə gedirdi. İlk növbədə, respublika iqtisadiyyatının durmadan enməsini, tənəzzülünü aradan qaldırmaq, ictimai-siyasi həyatdakı neqativ halların qarşısını almaq lazım idi. Buna hər şeydən əvvəl, respublikanın siyasi hakimiyyətindəki çəkişmələr, əmək intizamının və tələbkarlığın olmaması, hökumət orqanlarındakı cəmiyyətə çox mənfi təsir göstərən, cəzasızlıq və özbaşınalıq şəraiti yaradan qohumbazlıq və rüşvətxorluq mane olurdu».

Dəyərli publisist və deputat həmkarım Elmira Axundovanın bu il Azərbaycan Respublikasının dövlət mükafatına layiq görülmüş «Heydər Əliyev — Şəxsiyyət və zaman» kitabında isə rus tarixçisi Roy Medvedyevin «Heydər Əliyev — Kreml səmasında yeni ulduz» adlı məqaləsindən o illərin Azərbaycanını dəqiqliklə canlandıran maraqlı bir epizoda yer verilir: «Qafqaz sakinləri haqqında təsəvvürlərin əksinə olaraq, azərbaycanlıların əksəriyyəti çox kasıb yaşayırdı. Baxmayaraq ki, burada korrupsiya və talama geniş yayılmışdı və demək olar ki, gizlədilmirdi. Moskvadan gəlmiş çoxsaylı komissiyalardan biri heyrətə gəlmişdi. Komissiya üzvləri Bakı dükanlarının birindən nümunə üçün 100 dəfə, 100 adda mal almış, hamısında da qiymətdə və çəkidə aldadılmışdılar».

***

Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəldiyi 14 iyul 1969-cu il tarixinə qədər «gizli iqtisadiyyat» dövlətin daxilində elə kök salmışdı ki, bəziləri sənaye və kənd təsərrüfatının ayrı-ayrı sahələrini xüsusi mülkiyyət sayağı, necə deyərlər, «ata-babalarının əmlakı» kimi idarə edirdilər.

Gürcüstan kimi Azərbaycanın da «sexovşiklər»i, valyuta alverçiləri, qeyri-leqal milyonçuları barədə keçmiş SSRİ-də maraqlı əfsanələr dolaşırdı. Onlar müxtəlif dövlət hakimiyyəti orqanlarında da özlərinə güclü himayədarlar, dayaqlar tapmağa nail olmuşdular.

Rüşvətxorluq, vəzifəli şəxslərin müxtəlif üsullarla ələ alınması el arasında yayılan siyasi lətifələr üçün maraqlı mövzular verirdi.

Bütün bunlar isə təbii ki, on minlərlə sadə vətəndaşın haqqının tapdanması, halal haqqının əlindən alınması demək idi…

Ötən əsrin 60-cı illərinin sonlarında Azərbaycan rəhbərliyinə cəmiyyətdə haqq-ədaləti bərqərar edəcək, hakimiyyət kuluarlarındakı dedi-qodulara, daxili çəkişmələrə, intriqalara son qoyacaq, can üstə olan respublika iqtisadiyyatını dirildib ayağa qaldıracaq, ölkə haqqındakı mənəvi depressiya kabusunu ümid ovqatı ilə əvəzləyəcək dəmir iradəli liderin gəlişi zamanın, tarixin diktə etdiyi bir zərurətə çevrilmişdi…

…Və 1969-cu ilin 14 iyul günü məhz bu baş verdi.

***

Heydər Əliyev hakimiyyətə «dəmir iradəli» çekist və tutduğu yola, inandığı siyasi təlimə sadiq, möhkəm əqidəli siyasi xadim kimi gəlmişdi.

O, sovet ideologiyasının digər fundamental prinsipləri kimi beynəlmiləlçiliyə də yüksək sayğı ilə yanaşırdı. Amma Heydər Əliyevin beynəlmiləlçiliyi onun milliliyini inkar etmirdi. Onun beynəlmiləlçiliyinin nüvəsində Azərbaycanın milli-mənəvi dəyərləri dayanırdı. Bu mənada ulu öndər illər sonra müstəqil dövlətimizin gələcəyə doğru aydın istiqamətinə çevriləcək azərbaycançılıq ideologiyasının təməl əsaslarını hələ ötən əsrin 60-70-ci illərində formalaşdırmağı bacarmışdı.

***

Heydər Əliyevin o illərdə kimsəyə sezdirmədən, kimsəni şübhəyə salmadan ustalıqla həyata keçirdiyi incə siyasətin mahiyyəti illərin hündürlüyündən indi daha aydın görünür.

Heydər Əliyev beynəlmiləlçilik şüarı ilə, əslində, o illərdə milli-mənəvi dəyərlərimizə qarşı yönələn kosmopolitizm meyillərinin üzərinə gedirdi.

Maraqlı bir məqamı xatırlatmasam olmaz. SSRİ dağılandan sonra keçmiş İttifaq respublikalarının bəzi rəhbərləri ölkənin əsas şəhərlərindəki yad ruhdan, yad təfəkkürdən az da olsa qurtulmaq üçün çox böyük əziyyət çəkəsi oldular.

Başqa bir dilin təsiri ilə öləziyən ana dilini qorumaqdan, gənc nəsli milli ruhda tərbiyələndirməkdən ötrü hətta ölkələrin paytaxtlarını belə dəyişmək lazım gəldi. Amma Heydər Əliyev bu işi hələ ötən əsrin 60-70-ci illərində bu qədər əziyyət çəkmədən, yeni paytaxtın yaradılması kimi məşəqqətli addımlar atılmadan özünəməxsus ustalıqla görə bilmişdi.

Bir şəhərin küçələrində, mağazalarında, bağında, parkında, ictimai nəqliyyatında səninlə hansı dildə danışırlarsa, o şəhər həmin dilin, həmin dilin formalaşdırdığı təfəkkürün, mədəniyyətin şəhəridir.

Heydər Əliyevə qədər Bakının milli siması çox kasad idi. Əyalətdən şəhərə ilk dəfə ayaq basan insan Bakının başqa bir dilin, yad bir təfəkkürün şəhəri olduğunu dərhal hiss edirdi. Bu şəhərdə özünü tapa bilmirdi.

Taleyini Bakıya bağlamaq istəyən gənclərin çoxu qeyri-azərbaycanlılara məxsus evlərdə illərlə kirayənişin kimi can çürütməli olurdular. Yad mədəniyyət onları da tədricən öz qəlibində əridirdi.

***

Azərbaycana Heydər Əliyevin gəlişi bu vəziyyəti kökündən dəyişdi. Onun gərgin zəhməti, Kreml qarşısındakı israrlı xahiş və tələbləri, birbaşa nəzarəti, yuxusuz gecələri hesabına Azərbaycanda, Bakıda tikilən zavodların, fabriklərin, salınan yaşayış massivlərinin sosial-iqtisadi əhəmiyyəti barədə çox söhbət aça bilərəm. İndiki məqamda isə mənimçün maraqlı olan bu sosial-iqtisadi layihələrin arxasında dayanan milli mətləblərdir.

Heydər Əliyevin Bakıda, Azərbaycanın başqa mərkəzi şəhərlərində qurub-yaratdığı müəssisələr əyalətlərdən arzularının ardınca gələn və özü ilə bir parça milli təfəkkür işığı da gətirən gənclərin iş yerinə, milli təfəkkür daşıyıcılarının cəmləşdiyi məkanlara çevrildi.

Heydər Əliyevin ucaltdığı yaşayış binaları yeni qurulan azərbaycanlı ailələrə isti yuva oldu. Bu yuvalarda ana dilimizdə danışan, ana dilimizdə düşünən körpə övladlar dünyaya gəldi. Mərkəzi şəhərlərimizdə, o cümlədən Bakıda milli təfəkkür işığının şöləsi gücləndi və uzun illər ruhumuzu mənəvi əsarətdə saxlamış yad təsirlər bu işığın kölgəsində qaldı.

Heydər Əliyevin açıq-gizli dəstəyi ilə milli şüurun oyanışına təkan məqsədilə qələmə alınmış ədəbi əsərlər, filmlər, musiqilər özünə geniş auditoriya tapdı.

Fikrimcə, Azərbaycanda milli dövlətçilik şüurunun formalaşması prosesi, milli ruhun oyanışı elə məhz bu idi və həmin proses 23 aylıq AXC dövründən fərqli olaraq vətənin istiqbalı məsələsinə seyrçi mövqe tutan yox, öz dövləti uğrunda canından belə keçməyə hazır olan bütöv nəsillər yetişdirirdi.

Yada salaq ki, ötən əsrin 80-ci illərinin sonlarında Azərbaycanın müstəqilliyi uğrunda meydanlara axışanların mütləq əksəriyyəti də Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə Bakıda, başqa şəhərlərimizdə işə başlayan, özünə ev-eşik quran, güzəran düzəldən və taleyinin hər bir məqamında milli dövlətinin dəstəyini görən vətəndaşlar, onların övladları idi.

***

Bu insanlar Azərbaycanın ərazi bütövlüyü naminə silaha sarıldılar.

20 Yanvar gecəsi qırmızı libasda üstümüzə yeriyən şərə qarşı dayanıb Bakı küçələrini al qanları ilə boyadılar.

Onlar uğrunda canlarını əsirgəmədikləri bu dövlətin mahiyyətcə milli bir dövlət olduğunun fərqində idilər.

Onlar bu dövlətdə Heydər Əliyevin yaratdığı haqqın-ədalətin bəhrəsini görmüşdülər. Onun gücündən, diqqət və qayğısından faydalanmışdılar. Ölkə sərhədlərindən kənarda bu dövlətin liderinin adı ilə, Heydər Əliyevin rəhbərliyi altında sıraları getdikcə genişlənən sosial-iqtisadi, mədəni nailiyyətlərlə qürur duymuşdular.

Bu dövlət onların təknəsinə çörək, süfrəsinə ruzi-bərəkət, evlərinə işıq, hərarət, yaşadıqları kəndlərə, qəsəbələrə, şəhərlərə abad yollar, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları gətirmişdi.

Bu dövlət nəinki Azərbaycanın, ümumən keçmiş SSRİ-nin ən nüfuzlu universitetlərinin qapılarını bu insanların, onların övladlarının üzünə açmışdı, bu insanları iş-güc, ev-eşik sahibi etmişdi.

Bu dövləti ötən əsrin 60-cı illərinin sonlarından etibarən xalqın dəstəyi ilə Heydər Əliyev qurub yaratmışdı. Bu dövlətin istiqbalı uğrunda hər cür fədakarlığa hazır olan vətəndaşları da Heydər Əliyevin milli dövlətçilik tərbiyəsi yetişdirmişdi.

…Və müstəqilliyin ilk illərindəki ağır təlatümlü günlərdə bu vətəndaşlarla birgə, onlarla vəhdətdə, çiyin-çiyinə, ürək-ürəyə Azərbaycanın taleyinə, onun müstəqilliyinə sahib çıxan da yenə məhz Heydər Əliyev oldu…

***

Tarix həm də bir xalqın, toplumun tarixindəki önəmli hadisələrin ardıcıllığıdır, məntiqi silsilə üzrə davamıdır.

1969-cu ilin tariximizə və taleyimizə yazdığı 14 iyul günü ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdığı 15 iyun Milli Qurtuluş Günü ilə, bu günün həyatımıza gətirdiyi mənəvi zəfərlərlə dövlətçilik tariximizdə qoşa dayandı.

Bu gün, Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəldiyi 14 iyul gününün davamı idi.

Heydər Əliyevin milli dövlətçilik irsinin varisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqın mütləq dəstəyi ilə Azərbaycan Prezidenti seçildiyi 2003-cü ilin 15 oktyabr gününü isə bu iki əlamətdar tarixin ardıcıllığı, Heydər Əliyevin mənəvi ömrünün və bu ömürlə birgə həm də Azərbaycanın xoşbəxt gələcəyinə ünvanlanmış arzuların, amalların davamı kimi yaşadıq.

O gündən başlanan dönəm bizi Azərbaycanın tamam yeni bir dövrünə, milli dövlətçilik tariximizin hər günü yeni bir başlanğıcla, hər günü yeni bir uğurla müşayiət olunan xoş günlərinə gətirdi.

Əgər bir anlıq zamana üz tutub, 2003-cü ilin 15 oktyabrında yaşadığımız əlamətdar günün tarix baxımından məntiqi davamının sonrakı illərdən, aylardan, günlərdən hansında konkretləşdiyini müəyyənləşdirməyə çalışsaydım, yəqin ki, yaddaşım cənab İlham Əliyevin 2013-cü ilin prezident seçkisindən sonra Azərbaycan Respublikası Milli Məclisinin binasında keçirilmiş andiçmə mərasimi zamanı bu möhtəşəm kəlmələri səsləndirdiyi 19 oktyabr 2013-cü il tarixini nişan verərdi: «Azərbaycan xalqı öz taleyinin sahibidir və Azərbaycan heç vaxt tarixdə bu qədər güclü olmamışdır. Heç vaxt müstəqilliyimiz bu qədər möhkəm olmamışdır. Biz hamımız bundan sonra da çalışmalıyıq və çalışacağıq ki, ölkəmizi inkişaf etdirək, müstəqilliyimizi əbədi, dönməz edək».

Zaman Heydər Əliyevin Azərbaycanın rəhbəri təyin olunduğu 1969-cu ilin 14 iyul günü ilə İlham Əliyevin bu cümlələri səsləndirdiyi an arasında körpü salır…

Və bu körpüdən Azərbaycanın gələcəyinə doğru möhtəşəm bir yol başlanır…

 

Hüseynbala MİRƏLƏMOV,

Milli Məclisin deputatı, yazıçı-publisist