15 iyun Azərbaycan xalqının və dövlətçiliyinin qurtuluş tarixidir

 

Həmsöhbətimiz YAP Xətai rayon təşkilatının sədri, texnika elmləri doktoru, professor Hüseynbala Mirələmovdur

- Hüseynbala müəllim, 15 iyun 1993-cü il Azərbaycan xalqının və dövlətinin tarixində hansı əhəmiyyətə malikdir və həmin gün baş verən hadisələr sizin yaddaşınızda necə qalıb?

- Məncə, bu suala cavab vermək üçün elə 1993-cü ilin təzadlı, qardaşın qardaşa silah çəkdiyi günləri xatırlamaq kifayətdir. Azərbaycan parçalanmaq, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Ölkənin hər yerində xaos hökm sürürdü. O vaxt insanların küçələrə, gəzintiyə çıxması mümkün deyildi. İnsanları küçələrdə soyurdular, qarət edirdilər. AXC-Müsavat hakimiyyətini təmsil edən məmurların televiziya ekranlarında tərbiyəsiz, azğın hərəkətləri, tamaşaçıları bezdirən çıxışları yada düşür. Eləcə də hər gün Bakıya və rayonlara cəbhə bölgəsindən gələn onlarla şəhid əsgərlərin tabutlarını, yas içində ağlar qalan anaların fəryadını xatırlayıram. Xalqımızı belə ağır vəziyyətdən isə ümummilli liderimiz Heydər Əliyev xilas etdi. Bəli, O, xalqın görən gözü, düşünən beyni, vuran ürəyi, xilas məşəli oldu. Ona görə də ulu öndər Heydər Əliyevin Azərbaycan parlamentinə sədr seçildiyi tarix- 15 iyun 1993-cü il tariximizə Milli Qurtuluş Günü kimi daxil olub. Bu tarix respublikamızın həyatında keyfiyyətcə yeni dövrün başlanğıcı oldu və sözün həqiqi mənasında, 15 iyun Azərbaycan millətinin və dövlətçiliyinin qurtuluş tarixidir. Mənə elə gəlir ki, bu tarix həm də ulu öndər Heydər Əliyevin taleyində ən vacib mərhələ - Onun Azərbaycanı ölümdən oluma aparması, uçurumdan zirvəyə qaldırması, milli kimliyimizi, müstəqil dövlətçiliyimizi xilas etməsi dövrü olub.

- Bir çox tarixçilər, publisistlər ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövləti rəhbərliyinə qayıdışından danışarkən 1993-cü ilin iyununda baş verən hadisələri, ölkənin vətəndaş müharibəsi həddinə, çıxılmaz vəziyyətə gəlməsini xüsusi qeyd edirlər...

- Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı hələ Azərbaycanın dövlət müstəqilliyinin bərpasından da xeyli əvvəl, 90-cı illərin ilk aylarından real və arzuedilən idi. Xalq hərəkatının, müxtəlif xarakterli münaqişələrin təşkili ilə önə çıxan qaragüruh qüvvələrin dövlət idarəçiliyi işini yarıtmayacaqları ilk baxışdan görünəndə və başlı-başına, taleyin ümidinə qalmış ölkəyə kiminsə yiyə çıxması zərurəti çoxları üçün aktuallaşanda qurmaq istədiyimiz Azərbaycanın məhz Heydər Əliyevin Azərbaycanı ola bilməsi bütün aydınlığı ilə ortaya çıxmışdı. Bir-birinin ardınca baş verən hadisələrin axını, get-gedə güclənən xaos ölkənin sahibini tələb edirdi. Hüdudsuz demokratiyanın, müxtəlif mərkəzlərdən idarə olunan hərc-mərcliyin, hakimiyyət uğrunda mübarizənin mahiyyəti, iç üzü ortaya çıxdıqca, ən mühümü isə Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyi dövründə qurub-yaratdıqları xalqın gözü önündə yağı malı kimi talan edildikcə nəzərlər böyük dövlət qurucusuna yönəlirdi. Ölkənin siyasi rəhbərliyi onun xalq arasında nüfuzundan qorxur, Bakıya yolunu hər vəchlə kəsməyə, cidd-cəhdlə peşəkar, fenomenal, özünü dövlət idarəçiliyinin ən yüksək postunda təsdiqləyən xarizmatik bir lideri - Heydər Əliyevi bütün vasitələrlə siyasi proseslərdən kənarlaşdırmağa çalışdılar. Onda da, indi də bir çoxları əminliklə deyir ki, əgər o vaxt Heydər Əliyev rəhbərlikdə olsaydı, nə Qarabağ, nə də 20 Yanvar hadisələri baş verməzdi. Əlbəttə, tarix - şəxsiyyətlərin cəmiyyətlərdəki çətinliklər və problemlər barədə izahını yox, çətinliklər və problemlər üzərində qələbəsini tanıyır və ona dəyər verir. Dövlətçiliyimizin, müstəqilliyimizin mürəkkəb anlarında, ən çətin məqamlarında Heydər Əliyev Azərbaycanı yaranmış vəziyyətdən çıxardı, bütün atributları ilə hüquqi, demokratik dövlət qurdu. Zaman göstərdi ki, xalq heç də yanılmayıb.

-Siz həm də yazıçı-dramaturqsunuz, odur ki, tarixi yaradan şəxsiyyətlər haqqında əsər yazmağın məsuliyyəti barədə fikrinizi bilmək maraqlıdır. Sizcə, belə əsərlər dahi şəxsiyyətin fəaliyyətini necə əks etdirir?

-Təbii ki, əgər haqqında yazmaq istədiyin şəxsiyyət xalqın milli dövlətçilik tarixinin son yarım əsrdəki çox əhəmiyyətli bir dövrünün müəllifidirsə, ilk cümləni yazmaq belə məsuliyyət tələb edir, istər-istəməz düşünməli olursan: görəsən, düşüncələri hansı yöndən qələmə almağa başlasan yaxşı olar. Bədii-publisistik yaradıcılığımda indiyə qədər Heydər Əliyev şəxsiyyəti mövzusuna çox müraciət etmişəm. Bu böyük Azərbaycanlının tarixi irsi haqqında yaddaşımda da, qeyd dəftərlərimdə də, arxiv qovluqlarımda da yetərli qədər material var. Üstəlik, həyatımın əsas hissəsi Heydər Əliyevin gözlərim önündə qurub-yaratdığı Azərbaycanda keçib. Ulu Öndərimizin müasirlərindən olmuşam. Xoşbəxtəm ki, bu gün də Onun ideyaları işığında inkişaf edən, tarixinin yeni dönəmlərinə qədəm qoyan ölkənin sakiniyəm. Təvazökarlıqdan uzaq olsa da, özümü bu yarıməsrlik dövrün əli qələmli canlı salnaməçilərindən biri saya bilərəm. Ona görə də Heydər Əliyev mövzusunda özümü, əslində çox rahat hiss etməliyəm. Bununla belə yenə də hər dəfə tərəddüdlərim olur. Çünki haqqında yazdığım şəxsiyyətə aid nə varsa, Azərbaycan xalqı və dövləti üçün tarixdir. Tarixsə şəxsiyyət yaradıcılığının nəticəsidir, filosofların təbirincə desək, şəxsiyyətdən kənarda heç bir tarix ola bilməz. Onun həyat və şəxsiyyətinin bütün məqamları milli dövlətçilik tariximizin ayrılmaz parçasıdır. Dolayısı ilə Azərbaycan tarixinin çox mühüm bir hissəsi məhz Heydər Əliyev şəxsiyyəti ətrafında mərkəzləşir. Özü də mən bura təkcə Ulu Öndərin ötən əsrin 60-cı illərinin sonlarında ölkəyə rəhbərliyindən, Azərbaycan üçün gördüyü işlərdən başlanan yarıməsrlik tarixi nəzərdə tutmuram...

- İstər ölkəmizdə, istərsə də xaricdə Heydər Əliyev haqqında nəşr olunan sənədli-publisistik kitabların müəllifisiniz. Bu mövzuda yazdığınız kitabların müasir oxucular üçün faydasını necə izah edərdiniz?

-Onu qeyd edim ki, “Görkəmli adamların həyatı” seriyasından olan “Heydər Əliyev” kitabım dünyanın 40-dan çox xalqının dilinə tərcümə edilərək ayrı-ayrı ölkələrdə nəşr edilib. Ən böyük azərbaycanlının, müasir Azərbaycan dövlətinin qurucusu və yaradıcısı Heydər Əliyevin ruhu qarşısında azca da olsa, öz vətəndaşlıq borcumu yerinə yetirməyə çalışıram. Əcnəbi dillərinə tərcümə olunan “Görkəmli adamların həyatı” seriyasından olan ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitabımda Azərbaycan haqqında çoxlu maraqlı məqamlar vardır. Heydər Əliyev isə bizim müasirimiz olmuşdur, onun dahiliyi, əlçatmazlığı hələ özünün sağlığında dünyanın böyük siyasətçiləri, dövlət xadimləri, müdrik insanları tərəfindən etiraf olunmuşdur. UNESKO-nun sabiq direktorlarından olan Federiko Mayor Ümummilli Liderimiz barədə demişdi: “Heydər Əliyev bütün dünyanın etiraf etdiyi görkəmli liderdir.” Zəmanəmizin tanınmış dövlət xadimlərindən olan Eduard Şevardnadze isə bu fikri bir qədər də qüvvətləndirmişdir: “XX əsr liderlər əsridir. Əsrin lideri isə Heydər Əliyevdir.” Dünyanın görkəmli yazıçıları da ulu öndər Heydər Əliyev haqqında dəyərli fikirlər söyləyiblər. Türk dünyasının görkəmli qələm sahiblərindən biri - qazax şairi, yazıçı və ictimai xadim Oljas Süleymenov böyük ehtiramla ustad dediyi Ümummilli Liderimizi “iki əsrin qəhrəmanı” adlandırır. Doğrudan da Oljas Süleymenovun dediyi kimi, eyni ölkədə iki dövlət - istər sovet dönəmində, istərsə də müstəqillik dövründə - Azərbaycana rəhbərlik etmək nəsib olmuş Heydər Əliyevin unikal təcrübəsi xüsusən çox dəyərlidir. Bunu yaşlı və orta nəslə izah etməyə ehtiyac yoxdur. Çünki bu insanlar Heydər Əliyev ideyaları işığında yetişib tərbiyələniblər. Böyük liderlərin bir özəlliyi də bundan ibarətdir ki, onlar öz cəmiyyətlərini formalaşdırırlar, toplumun ümumi baxışlarında, ictimai təfəkküründə Liderdən əxz edilmiş bir çox keyfiyyətlər, düşüncə tərzi, yanaşmalar nəzərə çarpır. Azərbaycanda da Heydər Əliyevdən görüb-götürən, onun Lider kimi böyüklüyünü, əzəmətini birmənalı şəkildə qəbul edən bütöv bir nəsil var.

- Amma orası da var ki, ölkədə yeni nəsil yetişir, cəmiyyət gəncləşir, Azərbaycan xalqı hazırda demoqrafik göstəricilərinə, gəncləşmə potensialına görə dünyanın öncül millətlərindəndir. Bəs gənc nəsil Heydər Əliyev irsini kifayət qədər əxz edə bilirmi?

- Yeni nəsli təmsil edənlərin böyük qismi Heydər Əliyevin cismani yoxluğu dövründə dünyaya gəlmiş gənc vətəndaşlarımızdır. Gənc nəslə milli dövlətçilik tariximizin böyük bir dəyəri kimi Heydər Əliyevi də tanıtmağa çox böyük ehtiyac var. Açığını deyim ki, mən bu ehtiyacın getdikcə necə artdığını görürəm və müəyyən narahatlıqlarım yaranır. Etiraf edim ki, gənc nəslin heç də hamısı Heydər Əliyevi lazımi qədər, bizim istədiyimiz səviyyədə tanımır, digər böyük şəxsiyyətlərimiz kimi Ulu Öndərin də Azərbaycan tarixindəki yeri və rolu haqqında tam aydın təsəvvürlərə malik deyil. Əlbəttə, gənclər Heydər Əliyevi digər tarixi şəxsiyyətlərimizlə müqayisədə, olsun ki, daha yaxşı tanıyırlar, Ümummilli Liderin tarixi irsini daha asanlıqla hiss edə bilirlər, çünki bu, o qədər də uzaq tarix deyil, soruşsan hər biri cavab verəcək ki, bəli, yeni tariximizdə belə böyük bir şəxsiyyət var. Əgər söhbət yeni nəsildən gedirsə, nəzərə almalıyıq ki, onların maraqları fərqli olduğu kimi, bu marağı cəlb etməyin üsulları da fərqlənməlidir. Heydər Əliyevi gənc nəslə tanıtmaq üçün onların maraqlarını cəlb edəcək yeni və effektiv üsullar düşünmək zamanıdır. Gözlərimiz önündə ən azı Türkiyə nümunəsi var, türk gəncliyinin zamanla daha da yüksələn Atatürk coşğusu, Atatürk sevgisi var... Bəli, Heydər Əliyevi gənc nəslə tanıtmalıyıq. Sevgimizlə, səmimiyyətimizlə, sədaqətimizlə, əməllərimizlə. Heydər Əliyev şəxsiyyətinin, onun qurub-yaratdığı müstəqil Azərbaycan dövlətinin hekayəsini birgə yaratmaqla... Hələ ki bu missiyanı yalnız Azərbaycan Prezidenti və Ulu Öndərin adını daşıyan Fond yerinə yetirir. Dövlət rəhbərimizin gördüyü işlər, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Ulu Öndərin ideyaları işığında reallaşdırdığı nəcib təşəbbüslər insanların həyatına böyük faydalar gətirməklə yanaşı, gənc nəslin diqqətini də Ümummilli Liderin şəxsiyyətinə, dövlətçilik amallarına, ali məqsədlərinə yönəldir, bu ideyaları tanıdır, sevdirir. Ulu öndər Heydər Əliyev kimi dahi şəxsiyyətin xidmətləri zamana, məkana, bir əsrə sığmır. Heydər Əliyev bəşəri ideyalara, insanlığa xidmət etdiyi üçün əbədiyaşardır, əsrlərə yol-yoldaşı olacaq, dünyanı zaman-zaman dolaşacaqdır.

- Hüseynbala müəllim, Heydər Əliyev siyasətinin bu gün ölkəmizdə uğurlu davamı haqqında da fikirlərinizi bilmək maraqlı olardı.

- Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın hər sahədə qazandığı uğur göz qabağındadır. Prezident İlham Əliyevin şəxsində siyasi liderlik üçün xarakterik olan zəngin dövlət idarəçiliyi təcrübəsi, möhkəm siyasi iradə, müdriklik və uzaqgörənlik, qətiyyət və cəsarət, natiqlik məharəti kimi keyfiyyətlərin hamısı ahəngdar şəkildə birləşib. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bölgələrə səfərlər ənənəsinin cənab İlham Əliyev tərəfindən müntəzəm davam etdirildiyinin şahidi oluruq. Bu gün Prezident İlham Əliyevin yerlərdə vəziyyəti fürsət bilib xalqın malını yeyən, kasıb-kusubun ruzisinə göz dikən, vəzifə kürsüsündə hər cür mənəviyyatsızlığa qol qoyan məmurcuqların başına dünyanı dar etməsi Heydər Əliyev ədalətindən qaynaqlanır. Ölkə Prezidenti cənab İlham Əliyev bu biabırçı hallara son qoymaq üçün güclü siyasi iradə və qətiyyət nümayiş etdirir. Eləcə də koronavirus pandemiyası şəraitində reallaşdırılan sosial müdafiə tədbirləri ölkə başçısının “Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır” fikrinin bariz təzahürüdür. Məhz ona görədir ki, Azərbaycan Prezidentinin əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində verdiyi hər bir qərar, atdığı hər bir addım cəmiyyətdə razılıqla qarşılanır, böyük rəğbət doğurur. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə qeyd edib ki, Azərbaycanın daha qüdrətli, güclü dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir. Bu gün böyük fəxr və inam hissi ilə deyirik ki, güclü, qüdrətli Azərbaycan hər birimizin qürur mənbəyidir.

-Müsahibəyə görə çox sağ olun!

N.Muğanlı,

“İki sahil”

https://ikisahil.az/post/15-iyun-azerbaycan-xalqinin-ve-dovletchiliyinin-qurtulush-tarixidir?fbclid=IwAR29PZd1YsStkyvTgWAmHLbhBwKjP374glHP8zVx84qbdBf3HX6Vt8MoV7c